Hər
birimizin məsuliyyəti
2019-cu ilin sonlarında Çində
qeydə alınan, sonralar koronavirus adlandırılan və
2020-ci ilin əvvəllərində bu qədim ölkənin sədlərini
aşaraq dünyaya yayılmağa başlayan xəstəlik
bu gün bəşəriyyətin ən mühüm probleminə
çevrilib.
Artıq müxtəlif qitələrdə qərarlaşmış,
yüz milyonlarla insanı təhdid edən epidemiyanın
qurbanları yüz minlərlə hesablanır. Bəşəriyyət
tarixində yaşanmış bütün faciələr kimi,
bu gün dünyanın, demək olar ki, hər yerində,
Ümumdünya Səhiyyə Təşkilatının elan
etdiyi pandemiyada gecikmiş qərarların oynadığı
rolu da görməmək olmur. Nə cür görünməsindən,
bəşəriyyət üçün hansı nəticələrə
gətirib çıxarmasından asılı olmayaraq
koronavirusun verdiyi dərslərdən artıq ibrət
götürmək üçün xeyli əsas var.
Yeri
gəlmişkən, bizim ziyalılarımızın bir az da
qeyzlə xatırlatdığı “Mənə dəyməyən
qurd min il yaşasın” – atalar sözünün, əslində,
elə dünya üçün köhnəlmədiyini
nümayiş etdirdi. Təsdiq olunansa o oldu ki, “mənə dəymədiyinə”
artıq arxayınlaşdığımız həmin “qurd”
istənilən vaxt ac mədəsini doyurmaq üçün
iti dişlərini işə salmaq əzmindədir.
Biz
isə dünyada irqindən, cinsindən və dini
inancından, ən başlıcası, sosial vəziyyətindən
asılı olmayaraq, hər bir insanın pusqusunda
dayanmış koronavirus canavarının yuvasından
çıxıb ətrafa ölüm saçması
anlarına qayıdaq. Quru və bəzən
cansıxıcı rəqəmlər artıq tarixə
dönmüş o vaxtlarda koronavirusun inkişaf
dinamikasını belə ifadə edir: əgər yanvarın
10-da Çində yoluxanların sayı 41 idisə, ay
yarımdan sonra bu rəqəm 80 minə çatdı və
Çinin sərhədlərindən on kilometrlərlə
uzaqda, Avropa Birliyinin üzvü olan İtaliyada 20 nəfərin
COVID-19-a yoluxma xəbəri yayıldı. Artıq dünya zəncirvari
strukturun tərkib hissəsi idi.
2020-ci ilin yanvar ayında COVID-19
Çində ilk qurbanlarının statistikasını
saydırmağa başlamışdı və əlbəttə,
dünyanın ən “mükəmməl kəşfiyyat sistemlərini”
yaradan, illik büdcəsi milyardlarla dollar həcmində
ölçülən elmi-tədqiqat institutlarında
dünyanın ən savadlı və kreativ alimlər nəslinin
çalışdığı nəhəng dövlətlərin
belə, ağlına gəlməmişdi ki, qabaqlayıcı
tədbirlər görsün. Yüz illər
sonra təbiətdə gedəcək proseslərin təhlilini
aparmaq iddiasında olan elmi potensialı ilə öyünən
dövlətlər və güc mərkəzləri bir ay, ay
yarım sonra Ümumdünya Səhiyyə Təşkilatının
elan edəcəyi pandemiyanın bütün kontinentlərə
yayılacağını təxmin edə bilməmişdilər...
Hesab
edirik ki, koronavirusun verdiyi ən mükəmməl dərslərdən
biri budur: qloballaşma şəraitində belə,
dünyanın fors-major situasiyaya hazır olmadığı məlum
oldu. Başımızın üstünü kəsdirmiş
bəla ilə üz-üzə qalan ən inkişaf etmiş
ölkələrində insanlarının qorxu və vahimə
içərisində “ərzaq təhlükəsizliklərinin”
qayğısına qalma cəhdləri, cəmiyyətlər
üçün talaş və qorxu sindromunun anındaca
işə düşməsi də yadda qalan kədərli
mənzərələrdən oldu. Müşahidə
edilən situasiyalardan biri və ən başlıcası isə
inkişaf səviyyəsinə proporsional olaraq bütün
insan toplumları üçün “qızıl qayda”nın
heç də həmişə ilkin olaraq
xatırlanmadığını ortaya çıxartdı. Həmin
“qızıl qayda”nın isə əsas prinsipi belədir:
şayiələrə uymadan təhlükənin
reallığını dərk etmək və mümkün
profilaktik tədbirləri görmək.
Baş verənlərin fonunda Azərbaycanda
koronavirusa qarşı tədbirlər planı barədə
xatırlatmalar etməklə söhbətimizə beynəlxalq
təşkilatların ölkəmizlə bağlı qənaətlərini
yada salmaq istərdik. Ümumdünya Səhiyyə Təşkilatının
baş direktoru Tedros Qebreyesus Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə göndərdiyi məktubunda
COVID-19 pandemiyasının təsir və miqyasının məhdudlaşdırılması
istiqamətində ölkəmizdə görülən
işləri və atılan addımları təqdir edirdi.
Adıçəkilən məktubda maraq doğuran cəhətlərdən
biri ÜST-ün dünya dövlətləri
üçün tövsiyə etdiyi addımların artıq
Azərbaycanda praktikləşməsini etiraf etməsi idi. Həmin
məktubda dünya səhiyyəsi sahəsində ən
böyük qurum hesab edilən ÜST təkliflərinin
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən tədbirlərin tərkib hissəsi
olmasını ortaya qoyurdu. Azərbaycanın infeksiyanın
yayılmasına qarşı olduqca çevik reaksiya verməsi
də məktubda təqdir edilən məsələlərdən
idi. Bu isə ölkədə hazırlanaraq həyata
keçirilən kompleks tədbirlər planının tərkib
hissəsi idi. Nazirlər Kabineti yanında operativ qərargah
yaradılmış, dövlət qurumları arasında əlaqələndirmə
təmin edilmiş, quru sərhədləri
bağlanılmış, aviareyslərin sayı kəskin
azaldılıb, məktəblər, uşaq
bağçaları, ali məktəblərin
bağlanılmasından əlavə, məhdudlaşdırıcı
qaydalar qüvvəyə minmiş və karantin rejimi tətbiq
olunmuşdu.
Həmin məktubda qeyd edilən
və görülən bütün tədbirlərə
baxmayaraq, COVID-19 mart ayının ikinci ongünlüyündə
Azərbaycanda ilk qurbanını tapdı və artıq
ayın üçüncü ongünlüyündə bu məşum
epidemiyanın yaratdığı statistikada yeni səhifələr
yazdı və dövlət sərt karantin
addımlarını atmaq məcburiyyətində qaldı,
növbəti ayın, aprelin 2-dən “SMS-lə icazə”
sistemi işə salındı. Dövlətimiz bir daha vətəndaşının
sağlamlığının onun sosial siyasətində əsas
prioritetlərdən biri olduğunu əməli işlərlə
göstərdi. Bu, göstəricilər işsiz vətəndaşlara
ayda 190 manat birdəfəlik yardımların verilməsi,orta
sahibkarlara dəstək siyasəti ilə gerçəkləşdi.
Bütün
bunları, cəmiyyətimiz və dövlətimizdə koronavirusla
bağlı görülən işləri, cəmiyyətin əksər
nümayəndələri kimi, bir ziyalı olaraq diqqətlə
izlədiyimizi qeyd etməyi lazım bilirik. Cənab
Prezidentimiz İlham Əliyevin sərəncamı ilə
koronavirus pandemiyasından yarana biləcək problemlərə
qarşı qabaqlayıcı tədbir olaraq ölkədə
məşğulluq məsələlərinə və
sahibkarlıq subyektlərinə dəstək üçün
1 milyard manat ayrılmasını, koronavirus xəstəxanalarının
açılışında cənab Prezidentin və
xanım Mehriban Əliyevanın şəxsən iştirak etmələrini
də bütün ölkə əhalisi kimi izlədiyimizi qeyd
edək. Bunların adi jest olmadığını, hər bir
məqamda xalqının yanında dayanmağın nümunəsi
kimi qəbul edildiyini isə yada salaq. Cəmiyyətimizin
sosial fəal kəsimi olaraq dövlətin, onun xalqının
iradəsini ifadə edən rəhbərinin bu cür səksəkəli
məqamlarda öz vətəndaşlarının yanında
dayanmasının rahatlığını yaşamaq həm də
qürurvericidir.
Koronavirusa qarşı
mübarizədə hökumətin qarşısında duran vəzifələr
kifayət qədərdir və həmin vəzifələrin
necə yerinə yetirildiyi Nazirlər Kabineti yanındakı
operativ qərargahdan verilən gündəlik hesabat xarakterli məlumatlarla
ölkə vətəndaşlarına
çatdırılır. Bununla birlikdə,
onu xüsusi olaraq qabartmağı lazım bilirik ki,
dünyanın bütün kontinentlərində meydan oxuyan
pandemiyaya qarşı tədbirlərdə hökumətlə
bərabər, ölkə vətəndaşlarının
üzərinə düşən məsuliyyət yükü
də qeyd edilməlidir. O yükün nədən ibarət
olduğunu ölkəmizin rəhbəri Novruz bayramı
münasibətilə Azərbaycan xalqına
ünvanladığı təbrikdə yada saldı və bunu
hamımız xatırlayırıq. Onu da xatırlayırıq
ki, bu barədə söhbətə başlamazdan əvvəl
Prezidentimiz pandemiyaya qarşı tədbirlərdə ilk olaraq
hökumətin görməli olduğu işlərdən
danışdı: “Bu xəstəliyin geniş yayılması
onu göstərir ki, hətta, inkişaf etmiş ölkələr
onun qarşısını ala bilmirlər. Bu xəstəliyə
qarşı heç bir dərman, vaksin yoxdur və nə vaxt
olacaq, heç kim bilmir. Ona görə bu xəstəliyin məhdudlaşdırılması
və yayılmaması üçün biz bəri başdan, ən
ilk günlərdən praktik addımlar atmağa
başlamışıq”.
Bu sözlər iki ay əvvəl,
pandemiyanın Azərbaycandakı birinci mərhələsində
deyilmişdi. Ədalət naminə deməliyik ki, ölkə
vətəndaşlarımızın əksəriyyəti
sonrakı davranışları ilə hökumətin
koronavirusa qarşı tədbirlərinə qoşularaq əsl
həmrəylik nümayiş etdirsələr də, bu,
ölkə əhalisinin hamısını əhatə etmədi.
Nəticə olaraq pandemiya ilə bağlı
statistikada xoşagəlməz inkişaf tendensiyası
müşahidə olundu və hökumət karantin şərtlərini
sərtləşdirmək məcburiyyətində qaldı. Təəssüf
ki, bir çox kütləvi informasiya vasitələri – istər
çap, istərsə də elektron, üstəlik, sosial
şəbəkə resursları görməli
olduqları işi sanki unudur, əvəzində isə həyati
vacib qaydalara yüngül münasibət aşılamağa
daha çox meyil edirdilər.
Halbuki,
söhbət həyati əhəmiyyətli, milli təhlükəsizlik
məsələsinin təhdid altında olmasından gedirdi. Belə bir məqamda, ölkəmizdə mübahisəsiz
olaraq informasiya sahəsində dominantlıq edən
televiziyaların bəzilərində gedən kütləvi
verilişlərə respondent kimi dəvət edilən mədəniyyət
və incəsənət adamları, hətta, elm xadimləri
tapılırdı ki, COVID-19-u az qala soyuqdəymə və
yaxud qrip kimi adiləşdirməyə
çalışsınlar. Təəssüf ki, hadisələrin
sonrakı inkişafı onların buna, az da olsa, nail
olduğunu göstərdi.
Əminliklə demək olar ki,
bu şəkildə çıxış edənlərdən
niyə belə etdiyini soruşan tapılsa, o kəslər əhalidə
vahimə yaratmamaq üçün öz
çıxışlarına bəraət qazandırarlar.
Əslində, elə deyil, ölkə vətəndaşlarının
hər biri bilməlidir ki, onun özü, əzizləri,
doğmaları, təmasda olduğu və ola biləcəyi
hər kəs marıqda dayanmış düşmənin hədəfindədir.
Cəmiyyətdə az-çox nüfuzu olan sənət
və elm adamları, ziyalılar, özünü cəmiyyətdə
baş verənlərə məsul hesab edən hər kəs
bunu, nəinki birmənalı olaraq qəbul etməli, ətrafında
olan insanlara da aşılamalıdır. Ən yaxşı tərbiyə
nümunəsi əyanilikdir.
Bəs milli mentalitetimizdəki ən
müsbət cəhətlərdən biri kimi, istənilən
azərbaycanlı onu göstərir ki, biz azərbaycanlılar
ailəcanlı, qohumcanlı, doğmalarımızı, hətta,
tanışlarımızı yüksək qiymətləndirir,
onları çox istəyirik? Elə isə, hər
birimiz, fərqi yoxdur, müəllim və ya həkim, aktyor və
ya yazıçı, vəzifəli-vəzifəsiz, istənilən
sosial şəxs – lap olsun taksi sürücüsü və
yaxud MİS-in hansısa əməkdaşı, niyə şəxsi
nümunə olmayaq? Niyə koronavirus
canavarının nə demək olduğunu, ondan necə
qorunmağın ən adi, imkanımız çatacaq dərəcədə
yüngül yolları barədə bir-iki kəlmə deməklə
onların təhtəlşüurunda yuva salınmasında
iştirak etməyə can atmırıq..?
Hesab edirik ki, bu hər birimizin borcudur.
Yeri gəlmişkən,
təmsil olunduğum Azərbaycan Dövlət Pedaqoji
Universitetində də ölkənin digər ali
təhsil müəssisələri kimi, distant təhsil
forması tətbiq edilib və həmin virtual dərslər
zamanı müəllimlərimizin hökmən toxunduğu məsələlərdən
birincisi tələbələrlə söhbətlərdə
mövzulara keçidin sosial məsafənin qorunmasının
vacibliyi və maskalardan istifadənin nə qədər zəruri
olması barədə söhbətlər olur. Müəllimlərimiz
bunu vacib sayırlar.
Sosial məsafəni gözləmək və tibb
maskaları taxmağın özü də labüd
görünəcək qədər yaxın olduğumuz
virusdan tam sığortalanmaq deyil.Bu, adi həqiqəti gündəlik
həyatımızda gördüklərimiz, müxtəlif
auditoriyalarda təmasda olduğumuz insanlara çatdırmaq
özünü ziyalı sayan hər kəsin məsuliyyət
borcu olmalıdır. Onu da insanlarımıza təlqin etməliyik ki, bu məsələdə
şəxsi gigiyenamıza əməl etməyimizin özü
belə, sosial mahiyyət daşıyır.
Hər birimiz bilirik ki, kütləviliyi ilə fərqlənən
yas mərasimlərində olmaq insanlıq borcudur. Lakin onu da
unutmamalıyıq ki, hər belə məclis potensial təhlükə
mənbəyidir. Siz, əslində,bu
cür mərasimlərdə olmaqla, cəmiyyət
üçün riskli addım atdığınızın fərqində
olmalı və bu həqiqəti ətrafınızdakılara
təlqin etməlisiniz.
Hesab edirik və ona çağırırıq ki, ətrafımızda
koronavirusa ötəri hal kimi baxan və hərəkətləri,
davranışları ilə bunu nümayiş etdirənlərin
yanından da laqeydcəsinə ötüb keçməli
deyilik.
Hər birimiz ancaq şəxsi həyatımız
üçün deyil, ətrafımızdakı insanlar
üçün də yox, millətimizin gələcəyinə
görə məsuliyyət
daşıdığımızı nəinki hiss etməli, o
məsuliyyəti gündəlik həyat normasına
çevirməyi bacarmalıyıq.
Mahirə Hüseynova,
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru,
professor
Xalq qəzeti. - 2020.- 20 iyun.- S.4.