Uğurlar
çevik qərarlara və birgə fəaliyyətə əsaslanır
Müsahibimiz
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
müdiri Rəşad Tağıyevdir
–
Rəşad müəllim, daha bir dərs ili başa
çatdı. Bu tədris ilinin yekunlarını necə səciyyələndirərdiniz?
– Öncə 2019/2020-ci dərs
ilinin başa çatması münasibətilə məzunları,
onların müəllim və valideynlərini təbrik edirəm!
İnanıram ki, birgə zəhmətin nəticəsini məzunların
bundan sonrakı uğurlarında, onların gələcək
həyat yollarındakı nailiyyətlərində görə
biləcəyik.
Məlum olduğu kimi, mart
ayının əvvəlindən etibarən mövcud
sanitar-epidemioloji vəziyyətlə əlaqədar təhsil
müəssisələrinin fəaliyyətində müvəqqəti
fasilə yaransa da, həyata keçirilən operativ tədbirlər
nəticəsində tədrisin davamlılığı təmin
olundu. İstər Təhsil Nazirliyi tərəfindən
həyata keçirilən teledərslər, istərsə də
onlayn dərslər təşəbbüsünə müəllimlərin
fəal qoşulması şagirdlərin tədris mühitindən
ayrılmaması üçün əlverişli zəmin
yaratdı. Həmçinin Təhsil Nazirliyi tərəfindən
həyata keçirilən “Virtual məktəb” layihəsi
təhsilverənlər və təhsilalanlar arasında rəğbətlə
qarşılandı. Qısa müddətdə müəllim
və şagirdlərin mütləq əksəriyyəti
“Virtual məktəb” layihəsində qeydiyyatdan keçdilər.
Beləliklə,
arzuolunmaz sürprizlərə baxmayaraq, başa çatan
2019/2020-ci tədris ilini, ümumilikdə, uğurlu qiymətləndirə
bilərik. Təhsili idarəetmə qurumları, müəllim,
şagird və valideynlərin birgə əməkdaşlığı,
eləcə də cəmiyyətin, ictimaiyyətin dəstəyi
ilə bu dönəmi uğurla adlamağı bacardıq.
Baş verən prosesləri hərtərəfli təhlil edəndə
bir daha görürük ki, əldə olunmuş uğurlar
çevik qərarlara və birgə fəaliyyətə əsaslanır.
Koronavirus
infeksiyasının yayılmasının
qarşısının alınması istiqamətində
dövlətin apardığı mübarizədə Azərbaycan
xalqının həmrəylik nümayiş etdirməsi ən
yüksək ehtirama layiqdir. Prezident İlham
Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən tədbirlərə
hər bir vətəndaşın bacardığı qədər
töhfə verməsinin nəticəsidir ki, Azərbaycan
virusla mübarizədə ən üstün təcrübəyə
malik ölkələrdəndir. Pandemiyanın
respublikamızda geniş yayılmasının
qarşısı alınsa da, təhlükə tam
sovuşmayıb, hər gün koronavirus infeksiyasına yoluxma
faktları qeydə alınır. Respublikamızda
tətbiq olunan xüsusi karantin rejimindən irəli gələn
tələblərə əməl olunması
üçün təhsil işçiləri də cəmiyyətin
maarifləndirilməsi baxımından üzərlərinə
düşən missiyanı layiqincə dəyərləndirir,
valideyn və şagirdlərlə daimi əlaqə
yaradırlar.
–
Dərs ili başa çatdığı üçün,
ilk növbədə, ümumi göstəricilərə, nəticələrə
qısa nəzər salmaq maraqlı olardı...
– 2019/2020-ci tədris ilində
ümumi təhsil sahəsində Bakı Şəhəri
üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən
təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil
müəssisələrinin fəaliyyətinin müasir tələblər
səviyyəsinə çatdırılması və tədris
ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi
istiqamətində məqsədyönlü işlər
görülüb.
Təhsildə keyfiyyətin
davamlılığını təmin etmək, həmçinin
ümumi təhsil sahəsində müasir dövrün
çağırışlarına əsaslanmaqla
inkişafı şərtləndirən dəyişikliklərə
nail olmaq məqsədilə BŞTİ-nin və tabeliyindəki
ümumi təhsil məktəblərinin imkanları səfərbər edilib.
Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin tabeliyində 309 ümumi təhsil məktəbi,
3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi
axşam məktəbi olmaqla, cəmi 317 məktəb və 5
Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət
göstərir.
2019/2020-ci
tədris ilində
BŞTİ-nin
tabeliyindəki məktəblərdə 440 426 şagirdin təlim-tərbiyəsi
ilə
27
786 müəllim məşğul olub.
BŞTİ-nin
tabeliyindəki ümumi təhsil müəssisələrinin I
siniflərini 45 573, IX siniflərini 30 888, XI siniflərini 19
612, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb
və qiyabi sinifləri) 124 nəfər bitirib.
2019-cu
ildən etibarən ümumi təhsil müəssisələrində
şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə
həyata keçirilib. Təhsil Nazirliyi tərəfindən
şagirdlərin elektron yerdəyişməsi prosesi vətəndaşlar
üçün daha bir imkan deməkdir. 2019/2020-ci tədris
ili ərzində 23 589 şagird elektron sistem vasitəsilə
bir məktəbdən digərinə
köçürülüb.
Paytaxtdakı
ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam
millət” layihəsinin tətbiqi genişləndirilib. Təhsil
Nazirliyi tərəfindən həyata keçirilən layihə
çərçivəsində paytaxtdakı 39 ümumi təhsil
müəssisəsində 170 “Sağlam təhsil” sinfi fəaliyyət
göstərib.
Həmçinin
cari tədris ilində paytaxtdakı 20 məktəbdə 26
“Sağlam təhsil” məktəbəhazırlıq qrupu fəaliyyət
göstərib.
Ümumi
təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin
miqyası genişləndirilib.
BŞTİ-nin
tabeliyindəki 163 məktəbdə 358 təmayül sinif təşkil
olunub. Təmayülləşmə ümumi təhsildə
keyfiyyətin artırılmasına xidmət edir.
Bakı
şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində
60 şagird inklüziv təhsilə cəlb edilib. Həmçinin “2018-2024-cü illərdə Azərbaycan
Respublikasında sağlamlıq imkanları məhdud şəxslər
üçün inklüziv təhsilin inkişafı üzrə
Dövlət Proqramı”na əsasən, məqsədyönlü
işlər görülüb, bu sahədə müəllimlərin
üzərinə düşən vəzifələr müəyyənləşdirilib.
Təhsil
Nazirliyi və BP şirkətinin əməkdaşlığı
çərçivəsində “İnformatika fənninin tədrisinin
təkmilləşdirilməsi” layihəsi həyata
keçirilib. Layihə çərçivəsində
paytaxtın 26 ümumi təhsil məktəbində informatika
təmayüllü siniflər fəaliyyət göstərib.
BŞTİ-nin
tabeliyindəki 5 ümumi təhsil müəssisəsində
peşə təmayüllü siniflər yaradılıb.
Paytaxtdakı 117, 120, 234, 274, 293
nömrəli tam orta məktəblərdə fəaliyyət
göstərən peşə təmayüllü siniflərin
yaradılmasının əsas məqsədi ümumi təhsil
bazasında təhsilalanların müxtəlif peşələr
üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.
BŞTİ
və Britaniya Şurası Təşkilatının (British
Council) birgə əməkdaşlığı çərçivəsində
4 ümumi təhsil məktəbində İngilis dili resurs mərkəzləri
fəaliyyət göstərib.
Paytaxtın
75 ümumi təhsil məktəbi Təhsil Nazirliyi və
Alqoritmika MMC-nin birgə əməkdaşlığı
çərçivəsində həyata keçirilən “Rəqəmsal
bacarıqlar” layihəsinə qoşulub.
Paytaxt
üzrə 36 layihə Təhsildə inkişaf və
innovasiyalar üzrə III qrant müsabiqəsində qalib olub.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində
çalışan müəllimlər tərəfindən 23
layihə isə fərdi kateqoriya üzrə qalib gəlib.
Hazırda Təhsildə inkişaf və innovasiyalar üzrə
IV qrant müsabiqəsinə layihələrin qeydiyyatı
yekunlaşıb.
Ümumi
təhsil müəssisələrində “Kiçik
Akademiya”ların fəaliyyəti genişləndirilib.
BŞTİ-nin tabeliyindəki 285 ümumi təhsil məktəbində
“Kiçik Akademiya” fəaliyyət göstərir. 22 məktəbdə
isə yaradılması ilə bağlı hazırlıq
işləri görülür.
Azərbaycan
Respublikası Təhsil Nazirliyinin “Ümumtəhsil məktəblərində
STEAM layihəsinin tətbiq edilməsi” barədə əmrinə
əsasən, 32 ümumi təhsil məktəbində layihənin
tətbiqinə başlanılıb.
Təhsil
Nazirliyi, BMT-nin Uşaq Fondu (YUNİSEF) və “Regional
İnkişaf” İctimai Birliyinin birgə əməkdaşlığı
çərçivəsində paytaxt müəllimləri
üçün “İnklüziv sinifdə təlimin təşkili”
mövzusunda ixtisasartırma təlimləri keçirilib. Təlimlərdə
2500-dən çox ibtidai sinif müəllimi iştirak edib.
Məktəbəhazırlıq
qruplarında tədris aparacaq 1000-ə yaxın müəllim
üçün yekun qiymətləndirmə keçirilib.
2019/2020-ci
tədris ilində müxtəlif mövzular üzrə
keçirilən ixtisasartırma təlimlərində ibtidai
sinif və fənn müəllimlərindən ibarət 8000-dən
çox təhsil işçisi iştirak edib.
Həmçinin BŞTİ ilə
Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin
birgə təşkilatçılığı ilə
İdarənin tabeliyindəki təhsil müəssisələrində
çalışan psixoloqlar və təşkilati işlər
üzrə direktor müavinləri üçün təlimlər
təşkil edilib.
2019/2020-ci
tədris ilində Bakı məktəbliləri idman sahəsində
də ciddi nailiyyətlərə imza atıblar. Paytaxt məktəbliləri
idmanın müxtəlif növləri üzrə beynəlxalq
və respublika yarışlarında 365 qızıl, 308
gümüş, 320 bürünc olmaqla, ümumilikdə, 993
medal əldə ediblər.
Bakı şəhəri 306
nömrəli tam orta məktəbin idman müəllimi
Sübhan Hümbətov İtaliyada Hapkido döyüş
növü üzrə keçirilən dünya
çempionatında qızıl medala layiq görülüb və
dünya çempionu adını qazanıb.
Qazanılmış
uğurlardan danışarkən qeyd etməliyik ki, bunların
hamısı davamlı dövlət qayğısı sayəsində
mümkün olub.
2019/2020-ci
tədris ili ərəfəsində BŞTİ-nin tabeliyindəki
əsaslı təmir edilmiş təhsil müəssisələrinin
təntənəli açılış mərasimləri
keçirilib. Bakı şəhəri 3 təhsil müəssisəsinin–
101, 208, 300 nömrəli tam orta məktəblərin
açılış mərasimlərində ölkə
Prezidenti cənab İlham Əliyev iştirak edib.
“Bakı şəhərində
və onun qəsəbələrində təhsil müəssisələrinin
tikintisi və təmiri ilə bağlı tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına
əsasən, Bakı şəhərində və onun qəsəbələrində
13 təhsil müəssisəsinin tikintisi, əsaslı təmiri
və bərpası
işlərinin davam etdirilməsi məqsədilə 20,0
(iyirmi) milyon manat vəsait ayrılıb.
“Azərbaycan
Respublikasının təhsil işçilərinin “Tərəqqi”
medalı ilə təltif edilməsi haqqında” və “Azərbaycan
Respublikasının təhsil işçilərinə “Əməkdar
müəllim” fəxri adının verilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin sərəncamlarına əsasən,
ümumi təhsil müəssisələrində
çalışan müəllimlər təhsilin
inkişafında xüsusi xidmətlərinə görə təltif
olunublar.
Eyni zamanda, “2019/2020-ci tədris
ilində Azərbaycan Respublikasının ali məktəblərinə
daxil olmuş tələbələrə Prezident təqaüdünün
verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına
əsasən, tədris ilində yüksək nəticə
göstərərək ali məktəblərə
daxil olan tələbələrə təqaüd verilib.
Azərbaycan Respublikası Nazirlər
Kabineti tərəfindən “Dövlət ümumi təhsil
müəssisələrində (ümumi təhsil üzrə
təhsilverənlərə münasibətdə digər
dövlət təhsil müəssisələrində) işləyən
təhsilverənlərin sertifikatlaşdırma Qaydası”,
“Pedaqoji fəaliyyətlə məşğul olma
Qaydası” və “Təhsil müəssisələrində
psixoloji xidmətin təşkili Qaydaları” təsdiqlənib.
Birinci
vitse-prezident Mehriban xanım Əliyeva Kürdəxanı qəsəbəsində
Hüseynbala Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbdə
həyata keçirilən əsaslı təmir və yenidənqurma
işlərindən sonra yaradılan şəraitlə
tanış olub.
2019/2020-ci
tədris ilində ölkə Prezidentinin sərəncamlarına
əsasən, paytaxtdakı ümumi təhsil müəssisələrində
çalışan 288 nəfər təhsil işçisi təhsilin
inkişafında xüsusi xidmətlərinə görə təltif
olunublar. Belə ki, 8 müəllim “Tərəqqi” medalına,
14 müəllim “Əməkdar müəllim” fəxri
adına layiq görülüb. Həmçinin
gənc nəslin təlim-tərbiyəsi sahəsində
yüksək nailiyyətlər əldə etdiklərinə
görə Bakı məktəblərində fəaliyyət
göstərən 16 müəllim “Azərbaycan
Respublikasının qabaqcıl təhsil işçisi”
döş nişanı, 20 müəllim “Azərbaycan
Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı”
ilə təltif olunub.
Eləcə
də səmərəli fəaliyyəti ilə fərqlənən
230 təhsil işçisi BŞTİ Həmkarlar
İttifaqı Komitəsinin Fəxri fərmanı ilə təltif
edilib.
–
Rəşad müəllim, pandemiya səbəbindən təhsil
müəssisələrinin fəaliyyətində fasilə
yarandığı dövrdə işlərinizi necə təşkil
etdiniz?
–
BŞTİ mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə
alaraq, ilk günlərdən fəaliyyətini məsafədən
təşkil edir. Müzakirə və məsləhətləşmələr
onlayn qaydada aparılır, zərurət olduqda videokonfranslar
təşkil olunur.
BŞTİ-də
və paytaxtın ümumi təhsil müəssisələrində
dezinfeksiya işləri və müvafiq qabaqlayıcı tədbirlər
həyata keçirilib.
Xüsusi
qeyd olunmalıdır ki, koronavirus pandemiyası dövründə
Azərbaycan məktəbi, Azərbaycan müəllimi yüksək
hazırlıq səviyyəsini göstərə bildi.
Mövcud sanitar-epidemioloji vəziyyətlə
əlaqədar Təhsil Nazirliyi tərəfindən “Teledərs”
layihəsi həyata keçirilib. Ümumi təhsil müəssisələrində
tədris prosesinin dayandırılması səbəbindən
təşkil edilən teledərslər martın 11-dən
başlayaraq telekanallarda həftənin 5 günü
şagirdlərə təqdim olunub. Teledərslər
bütün sinifləri əhatə edib, dərs
mövzularına dair qısa izah və təlimatlar təqdim
olunub. “Teledərs”lərdə paytaxt müəllimləri də
fəal iştirak ediblər.
Bu
dövr ərzində müəllimlərimizin fədakarlığı,
peşəkar yanaşması, onlayn dərslərin keçirilməsi
təşəbbüsünə qoşulmaları da xüsusilə
qeyd olunmalıdır.
Mövcud
vəziyyətlə bağlı məktəblərdə fasilə
yaransa da, müəllim-şagird ünsiyyəti davam edib və
müəllimlər tərəfindən onlayn dərslər
keçirilib.
Ölkədə təhsilin əlçatanlığının
təmin edilməsi məqsədilə həyata keçirilən
digər layihə – “Virtual məktəb” layihəsi fəaliyyətə
başladı. Teledərslərin interaktivliyini təmin etmək
və ümumilikdə, məsafədən tədris
imkanlarını genişləndirmək məqsədilə həyata
keçirilən “Virtual məktəb” layihəsinə
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəbləri
üzrə 340 000-dən çox istifadəçi qeydiyyatdan
keçib.
Təhsil Nazirliyi tərəfindən
şagird, valideyn və ümumilikdə, bütün vətəndaşlara
psixoloji xidmət üçün yaradılmış 146-3
“Qaynar xətt” xidməti fəaliyyət göstərib.
Ölkəmizdə yeni koronavirus (COVİD-19) infeksiyası ilə
əlaqədar karantin rejimi dövründə evdə qalan
şagirdlər, eləcə də bütün vətəndaşlar
mənəvi-psixoloji dəstəyə zərurət
duyduğu hallarda sözügedən “Qaynar xətt” xidməti
ilə əlaqə yaradıblar.
146-3
“Qaynar xətt” xidmətində BŞTİ-nin nəzdindəki
Təlimə Dəstək Mərkəzinin və ümumi təhsil
məktəblərinin psixoloqları da səmərəli fəaliyyət
göstəriblər.
BŞTİ
tərəfindən “Böyük zəfərin
başlanğıcı!” mövzusunda onlayn rəsm müsabiqəsi
keçirilib. “Aprel döyüşləri”ndə şəhid
olmuş qəhrəman əsgərlərin xatirəsinə həsr
edilmiş rəsm müsabiqəsinə 2000-ə qədər
rəsm işi təqdim olunub. Müsabiqənin nəticələrinə
əsasən, 9 iştirakçı qalib seçilib, 15
iştirakçı isə həvəsləndirici yerə
layiq görülüb.
BŞTİ
tərəfindən 28 May – Respublika Gününə həsr
edilmiş onlayn videotəqdimat müsabiqəsi keçirilib.
VII-XI sinif şagirdləri arasında baş tutan müsabiqənin
nəticələrinə əsasən 6 iştirakçı
qalib seçilib.
BŞTİ
tərəfindən keçirilən “Sevimli nəğmələr”
uşaq mahnı və “Oxu və əylən!” müsabiqələri
mövcud sanitar-epidemioloji vəziyyət nəzərə
alınaraq, onlayn şəkildə davam etdirilib.
Ümummilli
lider Heydər Əliyevin anadan olmasının 97-ci
ildönümünə həsr olunmuş Bakı şəhər
məktəblilərinin əl işlərindən ibarət
virtual sərgi keçirilib.
1
İyun – Uşaqların Beynəlxalq Müdafiəsi
Gününə həsr olunmuş “Uşaqlar gələcəyimizdir”adlı
onlayn tədbir keçirilib. Onlayn tədbirdə Təhsil
naziri Ceyhun Bayramov uşaqları təbrik edib.
BŞTİ
tərəfindən sosial-maarifləndirmə layihəsi həyata
keçirilib. Layihə çərçivəsində
BŞTİ-nin tabeliyindəki məktəblərdə
çalışan psixoloqların müvafiq mövzular üzrə
hazırlanmış yığcam videomüraciətləri
ictimaiyyətə təqdim olunub.
15
İyun – Milli Qurtuluş Gününə həsr olunmuş
onlayn bayram tədbiri təşkil olunub.
Xüsusi
karantin rejimi dövründə paytaxtdakı ümumi təhsil
müəssisələrinin kollektivləri də sosial
yardımlaşma təşəbbüslərinə
qoşularaq çoxsaylı xeyriyyə aksiyaları
keçiriblər.
Paytaxt
məktəbliləri koronavirus infeksiyasının
yayılmasının qarşısının alınması
ilə əlaqədar #evdəqal aksiyasında fəallıq
göstərib, fərqli təşəbbüslərlə
çıxış ediblər.
Belə
ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin
şagirdləri evdə çəkib sosial şəbəkələr
vasitəsilə ictimailəşdirdikləri videoçarx və
fotogörüntülərdə “Evdə qal, bu, bir tətil
deyil!”, “Evdə qal, kitab oxu!”, “Evdə qal, təhsildən
qalma!”, “Evdə qal, virusa son qoy!”, “Evdə qal, nümunə
ol!” və digər bu kimi fikirləri ifadə ediblər. Həmçinin
videogörüntülərdə məktəblilər evdə
qalıb vaxtdan daha səmərəli istifadə etməyin
yolları barədə də məlumat veriblər.
COVİD-19
pandemiyası ilə mübarizədə ictimaiyyətin maarifləndirilməsi
məqsədilə UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin
valideyn və uşaqlar üçün nəzərdə
tutulmuş müvafiq məlumatları BŞTİ-nin sosial
şəbəkə səhifələrində
yayımlanıb. Həmçinin daha çox valideynə və
şagirdə çatdırılması üçün məlumatların
məktəblərin və təhsil işçilərinin
sosial şəbəkə səhifələrində
yayımlanması istiqamətində müvafiq tədbirlər
görülüb.
Paytaxtın
ümumi təhsil müəssisələri
direktorlarının iştirakı ilə müşavirə
keçirilib. BŞTİ-nin təşkilatçılığı
ilə keçirilən müşavirədə ümumi təhsil
müəssisələrində əlverişli təlim və
inkişaf mühitinin təmin edilməsi, məktəblərin
fəaliyyətində səmərəliliyin
artırılması üçün sistemli işin
aparılması və təhsil müəssisələrinin
idarəetmə məsələlərindən bəhs olunub.
Dünyanı
bürümüş koronavirus pandemiyasının ölkəmizdə
geniş yayılmasının qarşısının
alınması istiqamətində atılan addımlar,
görülən təsirli tədbirlərin böyük
ictimai dəstək qazanması Azərbaycan cəmiyyətində
təşəkkül tapmış qarşılıqlı
etimad mühitinin təzahürüdür. Xalqın
öz dövlətinə və ölkə rəhbərinə
olan inamı hər bir problemi həll edəcəyimizə, bu
sınaq mərhələsini də uğurla
adlayacağımıza əminlik hissi yaradır. Ancaq bunun üçün dövlətin həyata
keçirdiyi tədbirlərə hər bir vətəndaş
dəstəyini daha da artırmalı, birlikdə güclü
olduğumuzu sona qədər sübuta yetirməliyik. İnsan
sağlamlığına hər hansı təhlükə
varsa, onu heç nəyə qurban vermək olmaz. Dövlətimizin
bütün çağırışlarına əməl
etmək, problemin tezliklə aradan qaldırılmasına
layiqli töhfə vermək indiki məqamda ən böyük
vətənpərvərlik nümunəsidir. Vətəndaşlar
bütün proseslərə məsuliyyətlə
yanaşmalı və karantin rejiminə əməl etməlidir
ki, xəstəliyə yoluxma sayının daha da artması ilə
üz-üzə qalmayaq. Çünki ölkə Prezidenti cənab
İlham Əliyevin dediyi kimi, biz birlikdə
güclüyük!
–
Hazırda valideynləri düşündürən əsas məsələlərdən
biri də uşaqların I sinfə qeydiyyatı və tədris
digər dildə aparılan bölmələr üzrə
şifahi nitq bacarıqlarının qiymətləndirilməsi
prosesidir. Bu istiqamətdə yenilik və nəticələr nədən
ibarətdir?
–
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
tabeliyindəki ümumi təhsil müəssisələrinə
və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və
gimnaziyaların I siniflərinə qəbul olmaq
üçün elektron sistem vasitəsilə 44 000-ə
yaxın müraciət edilib. Bu isə nəzərdə
tutulan proqnozun 90 faizindən çoxdur.
İlk
dəfə olaraq 2020/2021-ci tədris ili üçün
ümumi təhsil məktəblərinin I siniflərinə
şagird qəbulu zamanı əvvəlcə elektron sistemdə
qeydiyyat prosesi, daha sonra isə məktəb seçimi prosesi
aktivləşdirilib. Bu yolla müəyyən səbəblərdən
elektron sistemdən istifadə etməkdə çətinlik
çəkən valideynlərin qeydiyyat prosesini bitirmək
üçün əlavə vaxt qazanması və digər
valideynlərlə eyni anda məktəb seçimi mərhələsində
iştirak edə bilməsi təmin olunub.
Cari tədris ilindən etibarən
ilk dəfə olaraq, ümumi təhsil məktəblərinin
tədrisi digər dildə aparılan bölmələri
üzrə məktəbəhazırlıq qruplarına cəlb
edilmiş uşaqlar da I sinfə qəbul zamanı şifahi
nitq bacarıqlarının qiymətləndirilməsi müsahibələrində
iştirak edib. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar
valideynlərə müsahibənin formasını seçmək
imkanı yaradılıb. Valideynlərin seçiminə
uyğun olaraq müsahibələr onlayn və ənənəvi
(canlı) formada təşkil olunub. Müsahibə nəticəsi
məqbul hesab edilən uşaqlar üçün növbəti
tədris ili üzrə I sinfə elektron sistemdə avtomatik
sorğu yerləşdirilib. Müsahibə nəticəsi məqbul
hesab edilməyən uşaqlar üçün isə Azərbaycan
bölməsi üzrə məktəb seçimi imkanı
yaradılıb.
Ümumi təhsil məktəblərinin
tədris digər dildə aparılan bölmələri
üzrə I sinfə müraciət etmiş və məktəbəhazırlıq
qruplarına cəlb edilməmiş uşaqların da I sinfə
qəbulu məqsədilə şifahi nitq
bacarıqlarını qiymətləndirən müsahibələr təşkil
edilib. Valideynlərə ənənəvi (canlı) və ya
onlayn müsahibə formalarını seçmək imkanı
verilib. Ancaq mövcud sanitar-epidemioloji vəziyyətlə
əlaqədar valideynlərə daha çox onlayn müsahibələrə
üstünlük verilməsi tövsiyə edilir. Ənənəvi
(canlı) müsahibəyə yazılmış valideynlər
şəxsi kabinetlərindəki “Əlaqə” bölməsinə
yazaraq və ya elektron sistemdə seçimlərini dəyişərək
onlayn müsahibə formasını seçə bilərlər.
Onlayn müsahibə prosesi “Microsoft Teams” platforması vasitəsilə
valideynlə videobağlantı yaratmaqla, Komissiya üzvlərinin
uşaqla ünsiyyəti şəklində həyata
keçirilir.
Müşahidələr
göstərir ki, onlayn müsahibələrə maraq
artıb. Onlayn müsahibələrin
keçirilməsi valideynlərin və uşaqların
rahatlığının təmin olunmasına, əlavə vaxt
itkisinin qarşısının alınmasına xidmət edir.
İlkin müşahidələr deməyə əsas verir ki,
uşaqlar ailə üzvlərinin yanında, ev mühitində
özlərini daha sərbəst ifadə etməyi
bacarır. Odur ki, onlayn müsahibələrdə uğur
qazanmış uşaqların nisbət göstəricisi daha
yüksəkdir. Onlayn müsahibələrdə
iştirak etməklə hər bir valideyn koronavirus
infeksiyasının yayılmasının
qarşısının alınması istiqamətində
aparılan qabaqlayıcı tədbirlərə dəstək
verir, həm özlərinin, həm də
övladlarının həyat və
sağlamlığının daha etibarlı qorunmasını
təmin etmiş olur.
Onlayn müsahibələr
valideyn və uşaqlara psixoloji cəhətdən də
müsbət təsir göstərir, uşaqların şifahi
nitq bacarıqlarının qiymətləndirilməsi ilə
bağlı mərhələni daha rahat adlamağa zəmin
yaradır.
Həmçinin onlayn müsahibə hamı üçün əlçatandır,
hər kəs istifadə etdiyi kompüter, mobil telefon və ya
digər İKT vasitələri ilə onlayn müsahibəyə
qoşula bilir. Bununla bağlı valideynlərin şəxsi
kabinetlərində müvafiq təlimati məlumatlar da yerləşdirilib.
Onu
da qeyd edək ki, son illər təhsil sahəsində göstərilən
elektron xidmətlərin sırası kifayət qədər
genişləndirilib və bu proses səmərəli şəkildə
davam etdirilir. Onlayn müsahibələr də valideynləri
elektron xidmətlərin fəal istifadəçisinə
çevirir və elektron xidmətlərlə bağlı
yaradılmış imkanlar mövcud şəraitdə ən
optimal çıxış yollarından biri kimi
özünü göstərir.
Mövcud
sanitar-epidemioloji vəziyyətlə əlaqədar
bütün imkanlar valideynlərin rahatlığının təmin
olunmasına və uşaqların təhlükəsizliyinin
daha etibarlı şəkildə qorunmasına xidmət edir. Bu
səbəbdən, ümumi təhsil müəssisələrinin
I siniflərinə elektron qeydiyyat prosesində valideynlərə
kömək məqsədilə fəaliyyət göstərən
Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirilib.
Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən
və ya internet resurslarına çıxış imkanı
olmayan valideynlərin (qanuni nümayəndələrin)
Alternativ qeydiyyat mərkəzlərinə gəlməsinə
ehtiyac yoxdur.
Elektron qeydiyyatdan keçə
bilməyən valideynlər “Whatsapp” nömrələr (+994 55
892-27-51, +994 55 892-95-89, +994 55 892-63-90) vasitəsilə
müvafiq məlumatları iş günləri ərzində
saat 10:00-dan 16:00-dək işçi qrupa təqdim edə bilərlər.
İşçi qrup tərəfindən müvafiq məlumatlar
əsasında
özü elektron qeydiyyatdan keçə bilməyən
valideynlərə zəruri köməklik göstərilir. Bu
yenilik valideynlərin əlavə vaxt itkisinin
qarşısının alınması, növbəliliyin
aradan qaldırılması və mövcud vəziyyətlə
əlaqədar müvafiq normaların qorunması məqsədlərinə
xidmət edir.
Məktəbəhazırlıq
qruplarına uşaqların qeydiyyatı elektron formada
aparıldığı üçün I sinfə qəbul
prosesi zamanı həmin uşaqların təkrar
qeydiyyatına ehtiyac qalmır. Ötən dərs ilində
BŞTİ-nin tabeliyindəki 268 ümumi təhsil müəssisəsində
983 məktəbəhazırlıq qrupu fəaliyyət
göstərib. Məktəbəhazırlıq qruplarında
25 832 uşaq məşğələlərə cəlb
olunub. Məktəbəhazırlıq qruplarına Bakı
şəhərində tətbiq olunan elektron qeydiyyat təcrübəsi
genişləndirilərək, 2019/2020-ci dərs ilindən
bütün ölkəni əhatə edib.
–
Rəşad müəllim, təbii ki, fəaliyyətinizin əsasını
təhsilin keyfiyyətinin artırılması istiqamətində
görülən işlər təşkil edir. Nəticələr
qənaətbəxşdirmi?
–
Təhsil sahəsi daim inkişafda olan, dəyişən, yeniləşən,
islahatlara açıq sahədir. Odur ki, təhsilin keyfiyyətinin
daha da yüksəldilməsi istiqamətində həyata
keçirilən tədbirlər davam edir.
İbtidai
sinif müəllimlərinin işinin qiymətləndirilməsi,
eləcə də zəif göstəricilərə malik
şagirdlərin təlim nailiyyətlərinin
yaxşılaşdırılması üçün
davamlı tədbirlərin görülməsi məqsədilə
monitorinq keçirilib. Monitorinqə Bakı şəhəri
üzrə 218 məktəbdən 28 830 şagird cəlb
edilib. Monitorinqlərin nəticələri ümumi təhsil
müəssisələrinin rəhbərləri ilə birlikdə
müzakirə olunub.
BŞTİ-nin tabeliyindəki
ümumi təhsil məktəblərinin 2019-2020-ci tədris
ili üzrə IX sinif şagirdlərinin buraxılış
imtahanı (I mərhələ) və I Böyük Summativ
Qiymətləndirmənin nəticələri təhlil edilib.
Şagirdlərin göstərdikləri nəticələr əsasında
hesabatlar hazırlanaraq ümumi təhsil məktəblərinə
göndərilib.
İbtidai siniflərdə tədrisin
keyfiyyətinin yaxşılaşdırılması və
davamlı inkişafın təmin edilməsi məqsədilə
paytaxt məktəblərinin IV siniflərində təhsil alan
şagirdlərin 2019/2020-ci tədris ili üçün I
Böyük Summativ Qiymətləndirmə nəticələri
təhlil edilib, müvafiq hesabat hazırlanıb. Bu nəticələr
baza qiymətləri kimi götürülərək, növbəti
illərdə şagirdlərin fərdi inkişaf
dinamikasını izləməyə imkan verəcək.
Təhsil
Nazirliyi tərəfindən paytaxt məktəblərində təhsil
alan 58 674 nəfər V və IX sinif şagirdi
üçün Diaqnostik Qiymətləndirmə
keçirilib. Diaqnostik Qiymətləndirmə V siniflər
üzrə 28 830, IX siniflər üzrə 29 844 məktəblini
əhatə edib. Hər imtahan fənni üzrə şagirdlərin
göstərdikləri nəticələr təhlil edilib,
hesabatlar hazırlanaraq ümumi təhsil məktəblərinə
göndərilib. Təhsildəki nailiyyətlər, eyni zamanda
istedadlı şagirdlərin nəticələrində,
ölkə və dünya miqyasında qazandığı
uğurlarda özünü göstərir.
IX,
X və XI sinif şagirdlərinin iştirakı ilə
Respublika Fənn Olimpiadaları keçirilib. Bakı üzrə
məktəblilərin Respublika fənn olimpiadalarının
şəhər mərhələsində 7000-ə yaxın,
yarımfinal turunda isə 1 810 şagird iştirak edib.
Respublika Fənn Olimpiadalarının final mərhələsinin
nəticələrinin ən qısa zamanda elan edilməsi nəzərdə
tutulur. Məktəblilər virtual şəkildə təşkil
olunan IX Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadasında
(EGMO) 3 medal qazanıblar.
Sözügedən elm
yarışında ölkəmizi təmsil edən Təhsil
Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü
liseyin XI sinif şagirdi Zəhra Bayramlı, Humanitar fənlər
təmayüllü məktəb-liseyin X sinif şagirdi Aysun
Bayramlı və Bakı şəhəri 257 nömrəli tam
orta məktəbin VIII sinif şagirdi Fidan Qarayeva uğurla
çıxış edərək bürünc medal əldə
ediblər.
Paytaxt
məktəblisi Aydın Süleymanlı beynəlxalq
şahmat festivalının qalibi olub. Bakı şəhəri
249 nömrəli tam orta məktəbin şagirdi olan gənc
şahmatçımız Moskvada keçirilən “Aeroflot
open” şahmat festivalının güclü A turnirində 9
turdan 6,5 xal toplayaraq növbəti parlaq qələbəyə
imza atıb.
177 nömrəli tam orta məktəbin
şagirdi Leyla Məmmədzadə və 16 nömrəli
Texniki-Humanitar Liseyin şagirdi Əli Bağırov
Sankt-Peterburq şəhərində keçirilən
“Özündə alimi kəşf et” VI Ümumrusiya
elmi-innovasiya konfransında uğurla iştirak edərək III
dərəcəli diploma layiq görülüblər.
Uğurların
artırılmasında beynəlxalq təcrübə
mübadiləsi mühüm rol oynayır. Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin nümayəndələrinin
(İdarə müdiri Rəşad Tağıyevin rəhbərliyi
ilə) İrlandiyanın Dublin şəhərinə təhsil
səfəri təşkil edilib. Səfər “Məktəb
İnspeksiyalarında innovasiyaların tətbiqi” mövzusuna həsr
edilib. Səfər çərçivəsində təcrübə
mübadiləsi aparılıb, görüş və
müzakirələr keçirilib.
–
Bütün uğurlar kadr potensialından, yüksək səviyyəli
pedaqoji və idarəçi heyətdən
asılıdır. Bu sahədə vəziyyət necədir?
–
Təbii ki, son illərdə təhsil sahəsində istər
müəllimlərin, istərsə də təhsil idarəçilərinin
seçiminə peşəkar yanaşma, ciddi və şəffaf
meyarlar tətbiq olunur.
Təhsil
Nazirliyi tərəfindən keçirilən müəllimlərin
işə qəbulu və yerdəyişməsi müsabiqəsinə
BŞTİ tərəfindən 2019/2020-ci dərs ili
üçün 1442 vakansiya təqdim olunub. Keçirilən
müsabiqə və müsahibələr nəticəsində
993 nəfər daimi əsaslarla işə qəbul edilib.
Onlardan:
414
nəfər müəllimlərin işə qəbulu
müsabiqəsinin müddətsiz müqavilə ilə işə
qəbul mərhələsi nəticəsində;
319
nəfər vakant yer üzrə müddətli müqavilə
əsasında çalışan müəllimlərin daimiləşmə
prosesi nəticəsində;
260
nəfər müddətsiz müqavilə ilə işləyən
müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində
işə qəbul olunub.
2019/2020-ci tədris ilində
müəllimlərin işə qəbulu müsabiqəsinin
müddətli müqavilə ilə işə qəbul
üzrə elektron yerləşdirmə prosesi nəticəsində
1273 nəfər namizəd müddətli müqavilə ilə
müxtəlif fənlər üzrə müəllim vəzifəsində
işlə təmin olunub.
BŞTİ-nin
tabeliyindəki təhsil müəssisələrində
çalışmanın yaş həddinə
çatmış 1004 nəfər ilə dərs ilinin sonunadək
müddətli müqavilə bağlanılıb.
2019/2020-ci tədris ilində təşkil
edilən müsabiqələr vasitəsilə BŞTİ-nin
tabeliyindəki ümumi təhsil müəssisələrində
54 nəfər təlim-tərbiyə işləri üzrə
direktor müavini, 29 nəfər tərbiyə işləri
üzrə direktor müavini (təşkilatçı), 19 nəfər təsərrüfat işləri üzrə direktor
müavini, 27 nəfər psixoloq, 29 nəfər
kitabxanaçı, 12 nəfər gənclərin
çağırışaqədərki hərbi
hazırlığı üzrə rəhbər, 19 nəfər
uşaq birliyi təşkilatı rəhbəri, 175 nəfər
laborant vəzifələrinə işə qəbul
olunub. Qeyd edilən vəzifələr üzrə ümumilikdə,
364 nəfərin işə qəbulu həyata keçirilib.
2019/2020-ci tədris ili ərzində
BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə
18 nəfər direktor vəzifəsinə işə qəbul
edilib. 12 direktorun iş yeri dəyişdirilib. 111 məktəb
direktorunun müddətli əmək müqaviləsinin
müddəti uzadılıb. Çalışmanın yaş
həddinə
çatmış 42 direktorla müqavilənin müddəti
cari tədris ili çərçivəsində
uzadılıb. 4 direktorla bağlanmış əmək
müqaviləsi ləğv edilib. 2 xüsusi təhsil məktəbinin
fəaliyyəti dayandırılıb.
BŞTİ-nin
tabeliyindəki ümumi təhsil müəssisələrində
çalışan müəllimlərin orta aylıq əməkhaqqı
2019/2020-ci tədris ili üçün 688 manat təşkil
edir.
-
Rəşad müəllim, bir az da məktəbdənkənar
tədbirlər haqqında danışaq. Şagirdlərin
layiqli vətəndaş kimi formalaşması istiqamətində
hansı addımlar atılır?
–
Tədris uğurları ilə yanaşı şagirdlərin
layiqli vətəndaş kimi formalaşması məsələsi
də paralel diqqət mərkəzində saxlanılır.
Paytaxtın
ümumi təhsil müəssisələrində ölkə
Prezidentinin sərəncamlarına əsasən, yubileyləri
qeyd edilən ziyalıların və tarixi şəxsiyyətlərin
həyat və fəaliyyətinə həsr olunmuş tədbirlər
keçirilib.
BŞTİ-nin
təşkilatçılığı ilə paytaxtdakı
ümumi təhsil məktəblərində “Heydər
Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər
keçirilib.
Həmçinin
BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində
“Nəsimi ili” çərçivəsində silsilə tədbirlər
təşkil edilib.
Ölkəmizin müstəqilliyi
uğrunda mübarizədə canlarını qurban vermiş vətən
övladlarının xatirəsini yad etmək, böyüməkdə
olan nəslə Azərbaycan tarixi haqqında həqiqətləri
çatdırmaq məqsədilə təhsil müəssisələrində
müvafiq tarixi günlərə həsr olunmuş
silsilə tədbirlər keçirilib. Hərbi vətənpərvərlik
oyunları, yarışlar da ənənəvi xarakter
daşıyır.
–
Məktəb infrastrukturunun yenilənməsi işləri necə
gedir?
–
2019/2020-ci tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət
göstərən 5 məktəbdə əsaslı təmir
işləri aparılıb. Bundan əlavə, 3 məktəb
sökülərək yenidən tikilib. Zəruri olan ərazidə
isə 1 yeni məktəb istifadəyə verilib.
2
məktəbin, bütövlükdə, sökülərək
yenidən tikintisi, 2 məktəbin isə köhnə
korpuslarının sökülərək yenidən tikintisi
davam edir. 1 məktəb üçün əlavə korpusun
tikintisi aparılır. Həmçinin ehtiyac olan ərazilərdə
7 yeni məktəbin tikintisinə başlanılıb. Eləcə
də 109 təhsil müəssisəsində cari təmir və
mühəndis-kommunikasiya işləri aparılıb.
– Vətəndaş qəbulu və
müraciətlərin cavablandırılması barədə
nə demək olar?
–
Ölkəmizdə vətəndaş müraciətlərinə
olan həssas münasibət hər bir qurumun
qarşısında mühüm vəzifələr qoyur. Bu
baxımdan, qanunvericiliyin tələbləri və dövlət
başçısının çıxışlarında
vurğuladığı məsələlər hər birimiz
üçün müvafiq fəaliyyət istiqamətinin əsasını
təşkil edir.
2019/2020-ci
tədris ili ərzində BŞTİ-yə 55 066 müraciət
daxil olub. Müraciətlərin əksəriyyəti dərhal
cavablandırılıb və operativ həll olunub.
Statistikaya
əsasən, Telefon Məlumat Mərkəzində 8 320 zəng
qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə
isə bu dövrdə 28 264 müraciət daxil olub. Xüsusi
karantin rejimi dövründən öncə 1 289 vətəndaş
sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin
müvafiq məsul şəxslərinin qəbuluna
yazılıb.
12
651 sənəd (vətəndaşlar tərəfindən 2 874
ərizə, Təhsil Nazirliyindən 1 611, digər qurumlardan 1
712, məktəblərdən 4 370 məktub, 594 strukturdaxili
yazışma və 1 490 kadr ərizəsi) qəbul olunub. Həmçinin
4 542 elektron müraciətə baxılıb.
Xüsusi
karantin rejimi dövründən öncə Bakının 12
inzibati rayonu üzrə səyyar qəbullar keçirilib. Səyyar
qəbullarda müəllim və valideynlərin müraciətləri
dinlənilib, qaldırılan müraciətlər operativ
şəkildə cavablandırılıb, digər məsələlərin
həlli ilə bağlı müvafiq tədbirlər
görülüb.
–
Artıq məktəblilərin yay tətili başlayıb. Bu
dövrdə şagird, müəllim və valideynlərə
nə kimi tövsiyələr vermək istərdiniz?
–
İlk olaraq hər kəsə koronavirus infeksiyasından
qorunmaq və onun yayılmasının qarşısını
almaq üçün bütün gigiyenik normalara və
karantin qaydalarının tələblərinə əməl
etmələrini, daha diqqətli olmalarını tövsiyə
edirəm. Bütün uğurların təməlində
sağlamlığın dayandığını,
özümüzü, doğmalarımızı, yaxın ətrafımızı
və cəmiyyətimizi qorumaq işində hər birimizin
üzərinə eyni məsuliyyət payının
düşdüyünü unutmamalıyıq.
Şagirdlər
koronavirus infeksiyası təhlükəsinə görə
uzun müddətdir ki, məktəbdən, aktiv tədris mühitindən
kənarda qaldılar. Məktəblilər
üçün teledərslər və onlayn tədris
imkanları yaradılsa da, övladlarının asudə
vaxtlarını daha yaxşı dəyərləndirmək
üçün valideynlərin də kifayət qədər təcrübə
topladığını düşünürük.
Şagirdlərin bu müddətdə olduğu kimi, bundan
sonrakı mərhələdə də asudə
vaxtlarını daha yaxşı dəyərləndirmələri
üçün valideynlərin üzərinə, xüsusilə,
böyük məsuliyyət düşür. Onlar
uşaqların asudə vaxtının səmərəli təşkilini
təmin etməklə yanaşı, övladlarını
yorulmadan öyrənməyə və araşdırma ruhuna
kökləməyə həvəsləndirməlidirlər.
Sözsüz ki, yay tətili vaxtı kitab oxumaq şagirdlərin
ən sevimli məşğuliyyətlərindən biri olacaq.
Valideynlər də unutmamalıdırlar ki, uşaqlarda
mütaliə vərdişlərinin təkmilləşdirilməsi
və onlarda mütaliə mədəniyyətinin
formalaşdırılması vacib amillərdəndir. Valideynlər
yay tətilində diqqətlərini bu məsələlərə
yönəltməli və müəllimlər də bu işdə
öz dəstəklərini göstərməlidirlər. Həmçinin
müəllimlər onlayn təmaslar vasitəsilə
vaxtaşırı uşaqlarla ünsiyyət yarada, onlara yay tətilinin
daha yaxşı təşkili baxımından tövsiyələrini
verə bilərlər. Unutmamalıyıq ki,
gücümüz də, uğurlarımız da birlikdədir.
Xalq qəzeti. - 2020.- 20 iyun.- S.5-6.