Pir Ömər Sultan ziyarətgahında tədqiqatlar başa çatmışdır
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya
və Etnoqrafiya İnstitutunun Avaxıl arxeoloji ekspedisiyası Şamaxı rayonunun Avaxıl kəndi ərazisindəki Ömər
Sultan ziyarətgahında
tədqiqatları başa
vurmuşdur. Arxeoloji tədqiqatlar Heydər Əliyev Fondunun dəstəyi və xüsusi layihəsi əsasında aparılmışdır.
Tədqiqatlar nəticəsində
Azərbaycan sufiliyinin
önəmli qolu olan xəlvətilik sufi məktəbinin banisi Pir Ömər
Avaxıli Şirvaninin
türbəsi aşkar
edilərək öyrənilmişdir.
5x5
metr ölçüdə
olan türbə yonulmuş çay və qaya daşları
ilə hörülmüşdür.
Türbənin şimal
divarlarının, nisbətən
yaxşı qalan hissəsində hündürlüyü
2,1 metr, qalınlığı
0,9 metr təşkil edir. Türbənin cənub tərəfi boyunca şərq-qərb istiqamətində uzanan qəbir kamerasının eni 0,9 metr, uzunluğu
isə 2,1 metrdir. Qəbir kamerasının üzəri iri ölçülü qaya
parçaları ilə
örtülmüşdür. Qəbirdən şimal tərəfdə olan döşəmənin eni
1,9 metr, uzunluğu isə 3,2 metrdir. Döşəmənin şimal
kənarı boyunca ziyarətçilərin oturub
zikr etməsi üçün xüsusi
kətil hörülmüşdür.
Türbənin cənub
divarının mərkəzində
eni 0,5 metr, salamat qalmış hissədə hündürlüyü
0,8 metr olan tağvari taxça qeydə alınmışdır.
Taxçanın çöl
tərəfində, cənub
divarı qarşısında
aşkar edilən, səlcuq zənciri ilə haşiyələnən
mehrab təsvirli xatirə daşı da, məhz, Pir Ömərin məzarına aiddir.
Türbənin qərb divarı qoz ağacının çürüməkdə olan
koğuşu ilə əhatələnir. Zaman-zaman
ağacın kökləri
türbənin qərb
və şimal divarlarını sıxaraq
xeyli dərəcədə
dağıtmışdır. Tədqiqat zamanı Pir Ömərin, məhz, belə bir ağacın koğuşunda zikr etməsi hadisəsi ilə bağlı geniş yayılmış
rəvayətlərin elmi
dəyərini nəzərə
alaraq ekspedisiya heyəti ağaca toxunmamışdır. Bu səbədən də türbənin qərb divarı tam olaraq açılmamışdır.
Oradan yalnız üzü üstə düşmüş vəziyyətdə
olan türbə kitabəsini götürmək
mümkün olmuşdur.
Kitabənin türbənin şimal-qərb
küncündə, türbədaxili
döşəmənin ora
ilə əlaqəli olduğunu, habelə türbənin qərb çöl tərəfində
daş döşənmiş
səkini xatırladan
döşəmənin mövcudluğu
qapı yerinin məhz orada olduğunu göstərir.
Tədqiqat zamanı türbə içərisi və ətrafından xəlvətilik
sufi məktəbinə,
onun banisi Pir Ömərə aid elmi cəhətdən
çöx mühüm
əhəmiyyət kəsb
edən artefaktlar üzə çıxmışdır.
Həmin tapıntılar
içərisində bilavasitə
Pir Ömərə aid qəbir və türbə kitabəsi, xüsusilə
maraqlıdır. Türbə
kitabəsindən bəlli
olur ki, Pir Ömər 1409-cu ilin iyul ayında
vəfat etmişdir. Kitabədə Pir Ömərin xəlvətilik
sufi məktəbinin banisi və təriqət sahiblərinin
əzizi olduğu qeyd olunmuşdur. Kitabədə, həmçinin
Pir Ömərə “şeyx”, “zahid”, “abid” kimi epitetlərlə
xitab olunmuşdur. Maraqlıdır ki, sadə süls xətti ilə yazılmış ərəbdilli
kitabədə Azərbaycan
türkcəsində olan
ifadələr də yer almışdır.
Türbənin ətrafından daha bir neçə kitabə aşkar edilmişdir. Həmin kitabələrdən biri Sultan Bayəzidin nəslindən olan Şeyx Cəlilə, digəri Şeyx Cəlilin oğlu Allahvermişə aiddir. Tarixi mənbələrdən
məlum olduğu kimi, Sultan Bayəzid
Pir Ömərin xəlifələrindən biri
olan Bayəzid Piranidir. Onun nəslindən olan Şeyx Cəlil isə XVIII əsrin sonu – XIX əsrin əvvəllərində yaşamış
xəlvətilik sufi məktəbinin davamçılarındandır.
Bu isə XIV əsrin ortalarında təşəkkül tapan
Avaxıl xəlvətilik
sufi xanəgahının
XIX əsrin əvvəlinədək
davamlı fəaliyyət
göstərdiyini sübut
edir.
Qazıntı prosesində ərazidə
bir-birinin yaxınlığında
olan çoxsaylı müsəlman qəbirləri
də aşkar edilmişdir. Qəbirlərdən
birinin kitabəsində
Qurani-Kərimin “Ğafir”
surəsinin 16-cı ayəsi
həkk olunmuşdur:
“Bu gün hakimiyyət kimindir? Vahid və Qəhhar
olan Allahın”.
Arxeoloji tədqiqatlar zamanı türbənin içərisindən
və ətrafından
xəlvətilik sufi təliminin icrası ilə bağlı rituallara aid olduğu düşünülən
digər artefaktlar da aşkar edilmişdir.
Daş qablar, keramika və sikkə nümunələri
buna misal ola bilər.
Məlum olduğu kimi, ilkin olaraq Avaxılda
təşəkkül tapan,
Şirvanda və bütün Azərbaycanda
formalaşma mərhələsi
keçən xəlvətilik
sufi təlimi daha sonra Avropa,
Asiya və Afrikanın hüdudları
daxilində də geniş yayılmışdır.
Orta əsr Azərbaycan multikultural dəyərlərinin
bariz nümunəsi olaraq təşəkkül
və formalaşma dönəmində Şirvanşahlar
dövləti tərəfindən
dəstək alan xəlvətilik sufi məktəbini daha sonra Teymuri, Qaraqoyunlu, Ağqoyunlu, Osmanlı, Misir Məmlükləri kimi dövrün böyük dövlətləri
də himayə etmişlər. Göründüyü
kimi, xəlvətilik sufi təlimi müasir dünyamızın
geniş bir coğrafi arealını əhatə edir və onun çoxminli
tərəfdarları bu
gün də qalmaqdadır.
Minnətdarlıq hissi ilə bildiririk ki, may ayının 25-də ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Şamaxı rayonuna səfərləri
çərçivəsində Pir Ömər Sultan ziyarətgahında olmuş, orada aparılan arxeoloji tədqiqatlarla maraqlanmışlar.
Cənab
Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan
tədqiqatların davam
etdirilməsi və abidənin konservasiya olunması ilə bağlı aidiyyəti qurumlara tapşırıq
və tövsiyyələrini
vermişdir. İnanırıq
ki, Pir Ömər
türbəsinin aşkar
olunması, konservasiya
edilməsi, mövcud arxeoloji qalıqlar üzərində xatirə
abidəsinin ucaldılması
və ətrafının
abadlaşdırılması Türk və İslam dünyasının
Azərbaycana olan marağını daha da artıracaqdır.
Qafar Cəbiyev,
tarix elmləri doktoru, professor
Xalq qəzeti. - 2020.- 20 iyun.- S.6.