Avropa dəyərləri: söz və əməl birliyi

 

“Qoca qitə” adlandırılan Avropanın tarixi ibrətamiz hadisələrlə zəngindir. Ta qədimdən piratçılıq, əsrlər boyu davam etmiş sonsuz daxili müharibələr, dünyanın müxtəlif bölgələrinə dağıdıcı xaş yürüşləri, kolonializm və qul ticarəti, Amerikada, Afrikada, Asiyada amansız qəddarlıqla həyata keçirilən soyqırımları, 50 milyondan çox insan həyatını məhv etmiş iki dünya müharibəsi və s. bu zənginliyin tam olmayan siyahısıdır. Bütün bu qanlı hadisələr öz qəddarlığı ilə  Qoca Şərqi  sarsıtdığı bir zamanda yeni texnologiyalara yiyələnmiş və bu üstünlüyündən bəşəriyyətə qarşı acımadan istifadə edən avropalılar öz “uğurları” ilə fəxr edirdilər. O zamanlar heç bir avropalının ağlına insan haqları, demokratiya, söz və fikir azadlığı kimi ideallar gəlmirdi. Onların qənaətinə görə güclü olan haqlı idi və güclü olduqları üçün də özlərini hər şeydə haqlı hesab edirdilər.

Nəhayət 2-ci dünya müharibəsi Avropaya bəzi həqiqətləri anlatdı və on milyonlarla insanın həyatına son qoymuş İkinci Dünya Müharibəsinin törətdiyi qlobal dağıntılar avropalıları yenidən özünə baxmağa və gələcəyə baxışlarını və ideallarını təftiş etməyə məcbur etdi. Avropa cəmiyyətlərində insan həyatının dəyəri haqqında fikirlər səsləndirilməyə başlandı və yalnız sıx əməkdaşlıq və birgə səylər sayəsində dünyada sülhə, Avropada isə sabitliyə və tərəqqiyə nail olmağın mümkünlüyü dərk olundu.

9 may 1950-ci ildə o zamankı Fransa xarici işlər naziri Robert Şumanın təşəbbüsü ilə Fransa və Almaniya arasında iqtisadi əsasda başladılan əməkdaşlıq az sonra iqtisadiyyatın daha geniş spektrini və Avropanın daha çox dövlətini özünə cəlb edə bildi. Ardınca 1951-ci ildə Paris Sazişi və 1957-ci ildə Roma Sazişi ilə möhkəmləndirilən uğurlu iqtisadi  əməkdaşlıq nəhayət 1992-ci ildə Maastrixt Müqaviləsi ilə nəticələndi və beləliklə, Avropa İttifaqı yaradıldı. 1993-cü ilin noyabrında isə ilk dəfə “Avropa İttifaqı” adı meydana çıxdı. O zamandan etibarən Aİ-nın gündəliyində beynəlxalq siyasət sahəsində hökumətlərarası əməkdaşlıq və təhlükəsizlik, sosial-iqtisadi  və hüquq-mühafizə sahəsində üzv dövlətlərin əməkdaşlığı, eləcə də ümumi valyutanın yaradılması və siyasi inteqrasiyanın inkişafı ideyası yer aldı.  Avropa İttifaqı  regional siyasi birlik kimi sıxış etməyinə baxmayaraq, daha çox iqtisadi təşkilatdır. Bu Birlik öz-özlüyündə bir ideya və reallıq olaraq dünya tərəfindən qloballaşma dövrünün ən mütərəqqi və uğurlu bir layihəsi kimi başa düşülür və hesab edilir. Dünya birliyində Avropa İttifaqının beynəlxalq siyasətdə konstruktiv roluna, qlobal miqyaslı hadisələrə ədalətli yanaşmasına və obyektivlik meyarlarına ümidlər də böyük idi. Lakin qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün Avropa “güclünün haqlı olduğuna” və “məqsədə çatmaq üçün bütün vasitələrin məqbul sayıldığına” əsaslanan köhnə baxışlardan imtina etməli idi. Avropanın təzadlı, qanlı keçmişindən götürməli  dəyərlərin elə də çox olmadığı bu zamanda Avropa dünyanın ən mütərəqqi dəyərlərini bir araya toplayaraq  özünün dəyərləri elan etdi və o zamandan insan haqları, demokratiya, söz və fikir azadlığı, vicdan azadlığı, gender bərabərliyi və s. kimi bəşəri dəyərlər Avropa dəyərləri kimi təqdim olunmağa başlandı. Keçən əsrin 60-cı illərindən başlayaraq bu dəyərləri mənimsəməyə başlayan Avropa 90-cı illərdən etibarən öz İttifaqını genişləndirməyə başladı və bu dəyərləri Avropa ailəsinə daxil olmaq üçün əsas şərtlər toplusu kimi yeni üzvlərinə və qonşularına təqdim edir. Azərbaycan Avropa İttifaqının yeni Qonşuluq siyasətinə uyğun olaraq  Şərq Tərəfdaşlığı çərçivəsində Avropa Birliyi ilə uğurlu əməkdaşlıq edir və Cənubi Qafqaz bölgəsində bu İttifaqın ən böyük və etibarlı biznes tərəfdaşıdır.

Avropa dəyərlərinin qonşu və tərəfdaş ölkələrdə özünə dayaq qazanması və möhkəmlənməsi kimi fəaliyyətlərin əsas aparıcı qüvvəsi isə hələ 1949-cu ildə əsası qoyulmuş Avropa Şurasıdır. Avropa Şurası Avropada insan hüquqları, qanunun aliliyi, demokratiya prinsiplərini əsas tutan beynəlxalq təşkilat kimi yaranıb. Avropa Şurasının  47 üzvü var və Azərbaycan da 2001-ci ildən etibarən bu təşkilatın üzvüdür.

Avropa İttifaqından fərqli olaraq daha çox siyasi təşkilat rolunda çıxış edən Avropa Şurası dünyanın müxtəlif bölgələrində baş verən hadisələrə siyasi qiymət verir, Avropa İttifaqının müxtəlif ölkələrlə münasibətlərinin qurulması və inkişafı üçün yönləndirici qərarlar qəbul edir.  AŞ-na daxil ölkələrin parlament nümayəndə heyətlərindən ibarət AŞ Parlament Assambleyası 5 may 1949-cu ildə yaradılıb. Assambleya, Avropa əməkdaşlığı ideyasını Avropa boyu bütün demokratiyalara yaymaqda həlledici rol oynayır. AŞ PA-da müzakirəyə çıxarılan məsələlər və qəbul olunan qərarlar sülhpərvər və insanpərvər bir cəmiyyətin bəşəriyyətin xoşbəxt gələcəyi üçün atdığı çox mütərəqqi addımlar kimi görünür. Lakin bu ilk baxışdan görünən səhnədir. Bu səhnənin pərdələri arxasında Avropa Şurasının təzadlı gedişləri, Avropa dəyərləri ilə heç də həmişə səsləşməyən addımları aydın sezilməkdədir. Getdikcə daha çox aydın olur ki, Avropa Şurasının  əlində bayraq etdiyi “Avropa dəyərləri” heç də həmişə bu dəyərlər əsasında yaşamaq, fəaliyyət göstərmək və siyasət yürütmək üçün deyil, bəzən sadəcə siyasi spekulyasiya və təzyiq vasitəsidir. Bütün bunlar ədalətli vahid Avropa idealına olan inamı sarsıdır. Elə bütün post-sovet ölkələrinin hələ öz müstəqilliyini bərpa edərkən Avropaya bəslədiyi ümidlərin puça çıxdığı da artıq faktdır. SSRİ-nin süqutundan sonra öz müstəqilliyini bərpa etmiş respublikalar öz suverenliyini qorumaq üçün gözübağlı şəkildə birbaşa Avropaya inteqrasiya etməyə hazır idilər. Avropa İttifaqı da müstəqilliyini qazanmış hər bir yeni dövlətə öz sərhədlərini və təsir dairəsini genişləndirmək imkanı kimi baxırdı. Lakin keçmiş imperiya mərkəzinin bu qarşılıqlı cazibədən qıcıqlandığını hiss edincə Avropa həqiqətən gənc dövlətlərin müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləmək, yoxsa Rusiya ilə münasibətlərdə öz iqtisadi maraqlarını müdafiə etmək dilemması ilə üzləşdi. Avropa üçün zəngin xammal bazası olan və heç bir texnologiyaya malik olmayan metropoliya ilə - yeni Rusiya ilə  dil tapmaq, ticarət etmək və qazanc əldə etmək daha cəlbedici göründü. Bu dövlətlərin hər birini Avropa ailəsinə qoşulmağa təşviq edən Avropa Şurası isə yeni, müstəqil dövlətlərin ən ümdə maraqlarını - suverenliyini və ərazi bütövlüyünü de-yure dəstəkləsə də de-fakto müdafiə etmədi. Beləliklə, Moldova, Gürcüstan və Ukrayna kimi post-sovet ölkələrində Avropaya  bəslənən ümidlər özünü doğrultmadı. Azərbaycanda isə bu ümidlər və Avropa ədalətinə inam daha öncə sarsılmışdı. Hələ sovet dövründə Azərbaycana qarşı başlanmış erməni təcavüzü bir sıra Avropa ölkələrindəki erməni diasporu tərəfindən açıq və onların “əlinə baxan” Avropa siyasiləri tərəfindən gizli şəkildə dəstəklənirdi. Həmin tarixi şəraitdə Avropa siyasətinin yönəticilərini Azərbaycanın taleyi yox, SSRİ daxilində parçalanma və onun nəticələri maraqlandırırdı. Ona görə də azərbaycanlıların öz doğma torpaqlarından qovulub çıxarılması, kütləvi şəkildə qətlə yetirilməsi, Azərbaycan ərazilərinin etnik təmizlənməyə məruz qoyulması, Xocalı soyqırımı və ümumiyyətlə, bu ərazidə ermənilərin törətdiyi çoxsaylı hərbi cinayətlər narahat etmirdi. Avropa susurdu. Çox keçmədi ki, erməni neofaşizmi Avropanın özünə də yoluxdu. Keçmiş Yuqoslaviya ərazisində  kimsəsiz xalqın – boşnakların ərazisini ermənisayağı etnik təmizləməyə məruz qoymaq məqsədi ilə Srebrennitsada 10 mindən çox dinc sakinin kütləvi şəkildə qətlə yetirilməsilə soyqırımı törədildi. Yalnız ABŞ-nın məsələyə müdaxiləsindən və qəti mövqeyini ortaya qoymasından sonra Avropa boşnakların qətliamını dayandırdı və onların gözləri qarşısında  və hərəkətsizliyi nəticəsində baş vermiş Srebrennitsa qətliamını soyqırımı kimi tanıdı. Srebrennitsadan 3 il öncə Xocalıda törədilmiş soyqırımını isə Avropa bu gün də görməməzliyə və eşitməzliyə vurmaqda davam edir. AŞPA-da təmsil olunan Azərbaycan nümayəndə heyətinin bütün səylərinə baxmayaraq Avropa Şurası torpaqlarımızın işğal olunduğunu dolayısı ilə etiraf etsə də, açıq şəkildə erməni təcavüzünə və bu işğala rəsmi etirazını bildirmir. AŞ beynəlxalq hüququ, insan haqlarını müdafiə etməli olduğu halda özünün təşviq etdiyi Avropa dəyərlərinə məhəl qoymayaraq münaqişə tərəflərinə münasibətdə “balanslı siyasət” aparmağa üstünlük verir.  Srebrennitsa soyqırımının təşkilatçıları Miloşeviç, Ratkoviç və başqaları beynəlxalq tribunal qarşısında mühakimə olunduğu halda işğalçı Ermənistanın siyasi rəhbərləri - Xocalı soyqırımının hazırlanmasında və həyata keçirilməsində bilavasitə iştirak etmiş  Koçaryan və Sarqsyan kimi cinayətkarlar  AŞPA iclaslarına dəvət edilir, AŞPA deputatları tərəfindən  alqışlarla qarşılanıb, alqışlarla yola salınırlar.

2008-ci ildə Ermənistanda keçirilmiş prezident seçkiləri kütləvi saxtakarlıqla müşaiyət olundu. Hələ seçkiqabağı  təşviqat kampaniyası zamanı prezidentliyə namizədlərdən birinə güllə atılaraq terror təhdidi ilə  seçkilərdən uzaqlaşdırıldı. Prezident seçkilərindən bir gün sonra kütləvi seçki saxtakarlığına qarşı nümayişə çıxmış dinc etirazşılar gülləbaran edildi. Bu hadisələr zamanı 10 nümayişçinin öldürülməsi faktı da Avropa Şurasına Ermənistanın keçirdiyi saxta seçkiləri “demokratik seçkilər” kimi dəyərləndirməsinə mane ola bilmədi. 2019-cu ildə Ermənistanda o zamanadək görünməmiş dərəcədə saxtalaşdırılmış prezident seçkiləri AŞ tərəfindən yenə demokratik seçkilər kimi qiymətləndirildi. Amma 3 ay sonra ölkədə baş verən məxməri inqilabın nəticələri Avropa Şurasını öz fikrini dəyişməyə məcbur etdi. Ermənistana münasibətdə Avropa dəyərlərinə bu qədər sayğısızlıq göstərən Avropa Şurasının on illərlə davam edən bu himayədarlığının arxasında nəyin dayandığını başa düşmək mümkün deyil. Azərbaycana qarşı Avropa erməni lobbistlərinin təqdim etdiyi uydurma səbəbləri əsas gətirərək dövlətimizə daimi ədalətsiz təzyiq göstərməkdən çəkinməyən Avropa Şurasını Emənistana qarşı bu qədər güzəştli davranmağa vadar edən səbəblər xüsusi araşdırma tələb edən maraqlı bir tədqiqat mövzusudur. Bir sıra avropalı tədqiqatçılar bunu Avropa syasətçilərinin korrupsiyaya uğraması, erməni mafioz qruplaşmalarının müntəzəm şəkildə onlara ödədiyi aylıq “ianələrlə” izah edirlər. Amma burada da maraqlı bir durumla rastlaşırıq. Erməni lobbiçilərindən rüşvət alaraq Azərbaycana qarşı qarayaxma kampaniyası aparan bəzi avropalı siyasətçilər və jurnalistlər heç bir əsas-sübut gətirmədən bu əməllərdə məhz Azərbaycanı günahlandırmağa çalışırlar. Burada “adımı sənə qoyum, səni yana-yana qoyum” deyimi lap yerinə düşür. Avropa Şurasının əlində siyasi təzyiq vasitəsinə çevrilmiş “Avropa dəyərləri” bu gün belə bir möcüzəvi xassəyə də malikdir. Həmişə olduğu kimi, Avropalı siyasətçilərin rüşvət alaraq erməni təbliğatını dəstəkləməsi Avropa dəyərlərinə uyğun hesab olunur, amma Avropada heç bir lobbiçilik təşkilatı və fəaliyyəti olmayan Azərbaycan hansısa lobbiçilik fəaliyyətində günahlandırılır. Avropa paytaxtlarında vətəndaş etiraz aksiyalarının polis zorakılığı ilə yatırılması zamanı nümayişçilərin  yaralanması və öldürülməsi Avropa Şurasını qətiyyən narahat etmir və heç bir reaksiya doğurmur. Azərbaycanda isə icazə verilməmiş mitinqə toplaşanların dinc vasitələrlə ərazidən kənarlaşdırılması Avropa Şurasının hiddətlənməsinə, növbəti təcili dinləmələrin keçirilməsinə və təhdid xarakterli qətnamələrin qəbul olunmasına səbəb olur. İstənilən şəxsin əldə etdiyi faktı, ağlına gələn fərziyyəni, uydurduğu böhtanı, hətta söyüşləri və təhqirləri sərbəst şəkildə mediada ifadə etdiyi Azərbaycan Avropa Şurası tərəfindən söz və fikir azadlığının boğulduğu ölkə kimi təqdim olunur. Hakimiyyətin korrupsioner siyasətinə qarşı səsini çıxaran jurnalistlərin  həbs olunduğu və işgəncələrə məruz qalaraq həbsxanada öldüyü Ermənistan haqqında isə Avropa Şurası tərəfindən söz azadlığının fontan vurduğu demokratik ölkə imici yaradılır. Bu cür ikili standartların Avropa dəyərlərinə əsaslandığını iddia etmək isə gülünc olmaqla yanaşı həm də təəccüb, sual və Avropa Şurasının obyektivliyinə şübhə doğurmaya bilməz.

Ümumiyyətlə, son 20 ildə Avropa ölkələrində keçirilən seçkilərin əsas sloqanları və hakimiyyətə gələn siyasilərin davranışları göstərir ki, onlar dünyanın bu birliyə olan inamını və ümidlərini dəyərləndirmək və doğrultmaq marağında və iqtidarında deyillər. Son onillikdə dünyada baş verən hadisələrdə bəzi Avropa siyasi dairələrinin müəmmalı və qeyri-müəyyən rolu onu göstərir ki, çağdaş Avropa siyasətçiləri 50-ci illərdə əsasları yaradılmış ümumavropa prinsiplərini –  beynəlxalq hüquq normaları, qanunun aliliyi, beynəlxalq  ədalət kimi meyarları bir kənara qoyaraq beynəlxalq siyasətin əski “parçala və hökm sür” taktikasına meyllənməkdədirlər. Bu gün aclıq və səfalətin hökm sürdüyü Afrikada və 10 ildən çoxdur ki, qan gölündə boğulan Yaxın Şərq ölkələrində hökm sürən acınacaqlı vəziyyətin meydana çıxmasında Avropanın apardığı ikili standartlar siyasətinin də rolu heç kimə sirr deyil. ABŞ və Avropa İttifaqının “Avropa dəyərləri”nə əsaslanan fəaliyyətləri ilə yaxın Şərq ölkələrində alovlandırılan “ərəb baharları”, milyonlarla insan taleyinin bir anda fəlakətə uğradılması və nəticədə, sadəcə sağ qalmaq və yaşamaq ümidilə Avropaya pənah gətirən milyonlarla  qaçqının üzləşdiyi haqsızlıqlar, bütün beynəlxalq qanunlara zidd olaraq  Azərbaycan torpaqlarının artıq 30  il ərzində işğal altında saxlanması, öz doğma torpaqlarından silah gücü ilə qovularaq qaçqına və məcburi köçkünə çevrilmiş 1 milyon soydaşımızın ən sadə insan haqları haqqında susqunluq, Türkiyəyə qarşı aparılan   təzyiq və təcrid siyasəti, tanınmış jurnalist Kaşıqçının ölümünə iqtisadi maraqların təmin olunması müqabilində ABŞ və Avropa tərəfindən bəraət verilməsi və s. bu kimi dünya ictimaiyyətini sarsıdan hadisələrin getdikcə adi hala çevrilməsi Avropa dəyərlərinin dəyərsizliyini göstərən əyani faktlardır.

Azərbaycanda baş verən kiçik bir yol hərəkəti qaydasının pozulmasını da az qala lupa altında təhlil edərək orada “demokratiyanın və insan haqlarının pozulması faktını” axtaran Avropa Şurasının Azərbaycana qərəzli münasibəti “öz gözündə tiri görməyib özgə gözündə tük axtarmağı” xatırladır.

Bütün bunlardan belə qənaət yaranır ki, qərəzli siyasətin mətbəxinə çevrilmiş AŞ özünün təşviq etdiyi Avropa dəyərlərindən o qədər uzaqlaşıb ki, dünyada baş verən hadisələrə öz siyasi baxışlarını artıq ayrı-ayrı dövlətlərin, lobbiçi qrupların təsiri və təzyiqi altında formalaşdıran bir kluba çevrilməkdədir. Lakin unudulmamalıdır ki, Avropa dəyərləri məhz “Avropanın dəyərləri” demək deyil, onlar bütün bəşəriyyətin tarix boyunca cilalayaraq yetişdirdiyi ümumbəşəri dəyərlərdir və bu dəyərləri qoruyub saxlayan  əsas amillərdən biri də söz və əməl birliyidir. Sözdə Avropa dəyərləri, əməldə isə bu dəyərlərə etinasızlıq tərəflər arasında əməkdaşlıq və etimad mühiti yarada bilməz.

 

Cavanşir Feyziyev,

Millət vəkili, Fəlsəfə doktoru

 

Xalq qəzeti. - 2020.- 21 iyun.- S.1-2.