Prezident İlham Əliyev Paşinyanı yerində oturtdu
Qərb Ermənistandakı repressiyalar və totalitar diktatura barədə şübhəli
susqunluq nümayiş
etdirir
Prezident İlham Əliyev bir gündə Ermənistanın baş naziri Nikol Paşinyanı
iki dəfə yerində oturtdu: Birində açıq mətnlə “sakit otur” dedi; ikincidə
isə əməli olaraq, imzaladığı
sərəncamla yerində
oturtdu. Prezident İlham Əliyev iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans
formatında keçirilən
sammitində Nikol Paşinyanı yerində oturtduqdan dərhal sonra Göygöl rayonunun Gəncə–Kəlbəcər–Laçın
(14 km)–Aşıqlı–Keşkü–Üçbulaq–Üçtəpə–Firuzabad
avtomobil yolunun tikintisinə vəsait ayrılması haqqında
sərəncam imzaladı. Söhbət hansısa yol tikintisindən getmir. Bu yol məhz
Gəncədən Kəlbəcər-Laçına
uzanır. Dövlət
başçısı İlham
Əliyev dünənki
sammitdə erməni baş nazirinə dediklərindən sonra bir daha göstərdi
ki, Azərbaycan suverenlik, ərazi bütövlüyü prinsiplərindən
bir addım belə geri duran deyil.
Prezident
İlham Əliyev Şərq Tərəfdaşlığı
ölkələrinin sammitində
vurğuladı ki, Azərbaycan və Avropa İttifaqı arasında paraflanan “Tərəfdaşlıq prioritetləri”
sənədində hər
iki tərəfin müstəqillik, suverenlik,
ərazi bütövlüyü
və beynəlxalq səviyyədə tanınmış
sərhədlərin toxunulmazlığı prinsiplərinə
sadiqdir. Həmçinin Ermənistanla Azərbaycan arasında olan münaqişə də eyni prinsiplər
əsasında həll
edilməlidir. Avropa İttifaqına
üzv dövlətlərin
və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət
və hökumət başçılarının qatıldığı
sammitdə Azərbaycan
Prezidenti Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həlli
barədə ölkəmizin
qəti və ədalətli mövqeyini
bir daha beynəlxalq ictimaiyyətə çatdırdı
və növbəti dəfə vurğuladı
ki, “Dağlıq Qarabağ Azərbaycandır
və bütün dünya bunu belə tanıyır”.
Videokonfrans
zamanı Nikol Paşinyanın sərsəm
replikası, təbii ki, cavabsız qalmadı. Azərbaycan Prezidentinin səsləndirdiyi
təkzibedilməz faktlar
və dəlillər Ermənistanın baş nazirini növbəti dəfə beynəlxalq ictimaiyyət qarşısında
aciz vəziyyətə
saldı. Prezident İlham Əliyevin şillə kimi cavabı sərt, qəti və arqumentlərlə erməni
baş naziri yerində oturtdu: “Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı
məsləhət görməzdim,
çünki erməni
terrorçuları dünyaca
məşhurdurlar. Parisin
Orli Hava Limanında terror hadisəsi törədən
Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv
olunub. Məhz buna görə belə məsələlər
ətrafında müzakirə
gedəndə ona sakit oturmağı tövsiyə edərdim.”
Beynəlxalq
toplantılarda pafoslu çıxışlar etməklə,
əslində, öz ölkəsində itirmiş
olduğu nüfuzunu gücləndirməyə çalışan
Nikol Paşinyanın düşdüyü bu acız durum Ermənistan müxalifətinin
də diqqətindən
yayınmadı. Sosial
şəbəkələrdə Ermənistan baş nazirinin sammitdəki çıxışına rəy bildirən erməni müxalifəti
onu sərt tənqid atəşinə
tutdu. “Məxməri
“inqilabçının” ucuz
şouları davam edir” deyən kəsim Paşinyanın respublikanı idarə edə bilmədiyini, ölkəni bərbad vəziyyətə saldığını
və iqtisadi böhranda boğulduqlarını,
məhkəmələrdə ədalət prinsipinin korrupsiya bataqlığında
basdırıldığını bildirirlər. Hakimiyyətə küçədən gəlmiş,
küçə təfəkkürlü,
yalnız dağıtmağı
və məhv etməyi bacaran, hər şeyi sıfıra bərabərləşdirən,
konfliktsiz mövcud ola bilməyən “inqilabçı” baş nazir Paşinyan isə özünün və hakimiyyətinin tənqid olunmasını həzm edə bilmir. Daha bir inqilab ərəfəsində
olan Ermənistan Paşinyan əleyhdarlarının
etirazları ilə qaynayır. Hazırda Ermənistanın siyasi gündəmində səriştəsiz
Nikol Paşinyan hökumətinin istefası
tələbinin əsas
yer tutduğunu bütün dünya bilir.
Erməni
mətbuatı Nikol Paşinyanın aqoniya vəziyyətində olduğunu
bildirir və bunun əsas səbəbi kimi parlament müxalifətinin,
xüsusilə də Çiçəklənən Ermənistan
partiyasının və
partiyanın sədri Qaqik Sarukyanın açıq şəkildə
hökumətin tam tərkibdə istefaya getməli olduğu barədə
bəyanatı göstərilir.
Çünki müxalifətin
istefaya çağırış
tələbindən hiddətlənən
Paşinyan narazıları
susdurmaq, digərlərinin
də gözünü
qorxutmaq üçün
Milli Təhlükəsizlik
Xidmətinə Çiçəklənən
Ermənistan partiyasının
sədri Qaqik Sarukyana və tərəfdarlarına
qarşı bir gündə üç cinayət işi açılmasına dair göstəriş verdi. Və çox qısa vaxtda Qaqik Sarukyanın
deputat toxunulmazlığı
ləğv olundu, üstəlik də Paşinyanın
“Mənim addımım”
fraksiyası 87 səslə
cəmi 2 il öncə onları dəstəkləmiş olan
Q.Sarukyanın azadlıqdan
məhrum edilməsinə
razılıq verdi.
Hadisənin
sürəti insanı
məəttəl qoyur:
iyunun 5-də ÇEP-in
Siyasi Şurasının
iclasında hökumətin
100 faiz tərkibdə
istefaya getməli olduğunu bəyan edən oliqarx, ölkədəki və parlamentdəki ən böyük müxalifətçi
fraksiyanın rəhbəri,
milyonçu Qaqik Sarukyan iyunun 16-da deputatlığa və azadlığa əlvida deməli oldu. Bu cür hadisələr
Azərbaycanda yaşansaydı,
indi bütün beynəlxalq təşkilatlar
ayağa qalxıb insan hüquqlarının,
söz və sərbəst toplaşma azadlığının pozulmasından
danışar, saysız-hesabsız
bəyanatlar verərdilər.
Lakin Ermənistandakı
siyasi gündəmə
Avropa Xalq Partiyasının (EPP) sədri,
Avropa Şurasının
sabiq rəhbəri Donald Tuskdan başqa hansısa siyasi xadimin reaksiyasına hələ ki, rast gəlmirik. Paşinyan hökuməti Sarukyana qarşı hüquq çərçivəsində hərəkət etdiklərini
bildirsə də, elə öz ölkəsindəki siyasi
partiyalar və siyasətçilər bunun
“siyasi təzyiq” vasitəsi, “repressiya”, “tiranlıq” olduğunu dönə-dönə bəyan
edirlər. Paşinyanın
əleyhdarlarını zərərsizləşdirmək
üçün əlində
olan bütün inzibati mexanizmlərdən
istifadə etdiyi bildirilir.
Populist
çıxışları ilə tanınan Paşinyanın hakimiyyətə
gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı
yönəlmiş repressiv
vasitələrdən geniş
şəkildə istifadə
etməsi və onları bir-bir sıradan çıxararaq
zərərsizləşdirməsi heç kimə sirr deyil. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atdırır, onları “asfalta uzatmaqla” hədələyir və gerçəkdə də
asfalta uzadır. Paşinyan tərəfindən
indiyədək Ermənistanın
keçmiş rəhbərliyinə
qarşı silsilə
cinayət işləri
açılıb və
hazırda istintaqlar davam edir.
Ermənistanda
baş verənlərin
fonunda maraqlı olan və heyrət
doğuran bilirsinizmi nədir? İstər Sarukyanla bağlı son hadisələr olsun, istər onun tərəfdarlarının
parlament önündəki
etiraz aksiyalarının qarşısının
zorakılıqla alınması,
ölkənin polis və təhlükəsizlik qüvvələri tərəfindən jurnalistlərə, dinc aksiya iştirakçılarına
qarşı güc tətbiq edilməsi olsun, bütün bunlar nədənsə “azadlıq carçısı”
olan bəzi beynəlxalq təşkilatların,
beynəlxalq QHT-lərin,
ümumən bir sıra Qərb təşkilatlarının səssizliyi
fonunda müşahidə
olunur. Halbuki, hadisələr zamanı
insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları
tərəfindən lüzumsuz
yerə güc tətbiq olunmaması,
KİV-in sərbəst
fəaliyyətinə imkan
yaradılması və
s. kimi Qərbin “önəm verdiyi” bütün dəyərlər
ayaq altına salınıb. Sual yaranır: Qərb niyə susur? ABŞ Dövlət
Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi,
ABŞ-ın Ermənistandakı
səfiri, Qərb ölkələrinin Ermənistandakı
səfirlikləri özlərini
elə aparırlar ki, sanki heç
nə baş vermir. Əslində bu, ilk hadisə
deyil ki, Qərb özünü görməməzliyə vurur.
Ermənistanda müxalif
siyasətçi və
jurnalist Mher Yeqizaryan həbsxanada aclıq aksiyası nəticəsində vəfat
etdikdə də Qərb reaksiya vermədi.
Hazırda Ermənistanda təkcə
pandemiya böhranı
deyil, həm də siyasi, iqtisadi böhran yaşanır. Ölkədə
siyasi repressiyalar həyata keçirilir. Ermənistanda totalitar diktatura quran Paşinyanın yeganə məqsədi öz hakimiyyətinin ömrünü
uzatmaq və rəqiblərinin bəyan
etdiyi kimi ailəsinə sərvət
toplamaqdır.
Amma
nədənsə Azərbaycanofobiyadan
ilhamlanan bəzi təşkilatlar, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi
ölkəmizdə ən
xırda məsələyə
reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı
bir dəfə də olsun hansısa
ittiham səsləndirmirlər.
Jalə TOFİQQIZI,
M.Ə.Rəsulzadə bələdiyyəsi
yerli sosial məsələlər daimi
komissiyasının sədri
Xalq qəzeti. - 2020.- 21 iyun.- S.2.