Dövlətimizin
sükanı etibarlı əllərdədir
Bəşər
tarixində indiki kimi fəlakətli dövrlər barmaqla
sayılacaq qədər az olmuşdur. Dünyanın
yeganə supergücü hesab olunan Amerika Birləşmiş
Ştatlarının siyasətçiləri bu günlərdə
böyük narahatlıq hissi ilə həyəcan təbili
çalmışlar ki, COVID-19 pandemiyası nəticəsində
ABŞ-da həlak olanların sayı İkinci dünya
müharibəsi dövründəki itkini üstələmişdir.
Həm də koronavirusdan ölənlərin sayı hər
gün durmadan artaraq qarşısıalınmaz bəlaya
çevrilib. Bu, nə qədər çəkəcək – heç
kəs bilmir. Digər ölkələrdə də vəziyyət
ürəkaçan deyil.
Azərbaycanda
isə pandemiyanın ilk üç ayında vəziyyət
demək olar ki, stabil idi. Pandemiya tam nəzarət
altında idi, virusun törədə biləcəyi
ağır fəsadların qarşısının
alınması istiqamətində Azərbaycan Prezidentinin təşəbbüsü
ilə qabaqlayıcı tədbirlər həyata
keçirildi. Şübhəsiz, nəticə də göz
qabağında oldu. Xəstəlikdən
sağalanların sayı infeksiyaya yoluxanların
sayını üstələdi. İnsan itkisinin sayı isə
minimuma endi. Dövlət bu müsbət tendensiyanı nəzərə
alaraq, karantin rejminin şərtlərini yumşaltdı. Lakin,
çox təəssüf ki, bəzi vətəndaşlarımız
bundan sui-istifadə etdilər. Və nəticədə
koronavirusa yoluxanların və həlak olanların sayı
günbəgün artmağa başladı. Əlbəttə,
bu, belə davam edə bilməzdi. Odur ki,
dövlət karantin rejimini yenidən sərtləşdirməyi
qərara aldı. Nazirlər Kabineti koronavirus
infeksiyasının yayılmasının, onun tərədə
biləcəyi fəsadların qarşısının
alınması məqsədilə Azərbaycan Respublikası ərazisində
xüsusi karantin rejiminin müddətini 2020-ci il avqustun 1-dək uzatdı. Həmçinin Bakı,
Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad
şəhərlərinin və Abşeron rayonun ərazisində
iyunun 21-dən iyulin 5-dək xüsusi karantin rejiminin sərtləşdirilməsi
qərara alındı. İndi hər şey vətəndaşlarımızın
Nazirlər Kabineti yanında operativ qərargahın
müəyyənləşdirdiyi qaydalara əməl etməsindən
asılıdır. Azərbaycan Prezidentinə zəhmətkeşlər
tərəfindən göndərilən məktublarda isə
görülən və görülməsi nəzərdə
tutulan bütün tədbirlər razılıq və minnətdarlıq
hissi ilə qarşılanır.
Rəhbər
kimi qədirbilənliyinizi yüksək dəyərləndiririk
Hörmətli
cənab Prezident!
Bütün
Azərbaycan vətəndaşları kimi, biz də Sizin kimi qədirbilən
rəhbərimizin fəaliyyətini müşahidə edir və
səylərinizi yüksək qiymətləndiririk. COVID-19
pandemiyasının ölkəmizə ayaq
açdığı andan koronavirusun qarşısını
almaq üçün gördüyünüz bütün
qabaqlayıcı tədbirlərə və bu gün də
apardığınız mübarizədə
qazandığınız uğurlara görə fəxr edirik.
Cənab
Prezident, Allahdan Sizə və ailənizə möhkəm cansağlığı
diləyir, xalqımızın və ölkəmizin
qayğısına hər zaman qaldığınız
üçün Zati-alinizə təşəkkürümü
bildirirəm.
Hörmətlə,
Sevinc
Alıyeva,
Bakı şəhəri,
Suraxanı rayonu,
Qaraçuxur
qəsəbəsi
Sizin
müdrik rəhbərliyinizlə həm də erməni
faşizminə qalib gələcəyik
Möhtərəm
Prezident!
Siz
bu gün xalqımızı çox böyük bəlalardan
qoruyur, hər bir vətəndaşın
sağlamlığının qayğısına
qalırsınız. Bəşəriyyəti
bürüyən pandemiya dövründə dünyanın
inkişaf etmiş əksər ölkələrində belə
müxtəlif səbəblər ucbatından ucbatından xəstələrin
hətta xəstəxanalara götürülmədiyi bir halda,
bizdə hamısı xəstəxanalara yerləşdirilir və
həkimlər onlara gecə-gündüz xidmət
göstərirlər. Sizin uzaqgörən siyasətiniz nəticəsində
modul tipli xəstəxanaların sayı artırılır.
Biz şirvanlılar xalqımızın
sağlamlığını düşünərək qəbul
etdiyiniz bu qərarlara görə Sizə təşəkkür
edirik. Tam əminik ki, Sizin müdrikliyiniz sayəsində Azərbaycan
xalqı tezliklə həm bu bəlaya, həm də erməni
faşizminə qalib gələcəkdir. Allah bu mücadilədə
Sizin yardımçınız olsun!
Hörmətlə,
Durdanə
Əzizli,
Şirvan
şəhəri
Pandemiyadan
qalib çıxacağıq
Çox
hörmətli cənab Prezident!
Bu
məktubu yazmaqla gündən-günə inkişaf edən
müstəqil Azərbaycanımızın Prezidentinə təşəkkürümü
bildirirəm. Bunu özümə vətəndaşlıq
borcu hesab edirəm. Sizin sayənizdə həm ölkəmiz
inkişaf edir, həm də insanları narahat edən məsələlər
öz həllini tapır. Həmçinin Sizin
COVID-19 pandemiyası dövründə etdiyiniz “Biz birlikdə
güclüyük!” çağırışınız bir
vətəndaş kimi, məndə də qürur hissi
yaşatdı. Əminik ki, Sizin və Birinci vitse-prezidentimiz
xanım Mehriban Əliyevanın köməyi sayəsində
biz bu pandemiyadan qalib çıxacağıq. Vaxtında
atılmış addımlar, gördüyünüz operativ
işlər, qəbul etdiyiniz düzgün qərarlar
xalqımızın bu epidemiyadan az itkilərlə
çıxmasına zəmin yaradır. Siz öz əməli
fəaliyyətinizlə hər bir Azərbaycan vətəndaşının
Prezidenti olduğunuzu sübut edirsiniz. Bütün bunlar onu
göstərir ki, dövlətimizin sükanı etibarlı əllərdədir.
Əziz
Prezidentimiz, xalqa göstərdiyiniz diqqət və
qayğıya görə bir daha minnətdarlıq edir, Sizə
uzun ömür, cansağlığı arzulayıram. Uca
Tanrının nəzəri üzərinizdən əskik
olmasın!
Hörmətlə,
Sevinc
Kazımova,
Gəncə
şəhəri
Ümumxalq məhəbbəti
qazanmış lidersiniz
Cənab
Prezident!
Paytaxt Bakı, ətraf qəsəbə
və kəndləri, eyni zamanda, respublikamızın
bütün rayon və kəndləri Sizin böyük diqqət
və qayğınız nəticəsində gündən-günə
abadlaşır və inkişaf edir. Əhalinin maddi rifahı
getdikcə yaxşılaşır. Bütün bunlar, eləcə də
gördüyünüz digər mühüm işlər, beynəlxalq
aləmdə böyük siyasi xadim kimi misilsiz şöhrət
qazanmağınız milyonlarla azərbaycanlıdan biri kimi, mənim
də qəlbimi sonsuz iftixar və qürur hissi ilə doldurur.
İşlərinizin çox olduğu bir vaxtda imkan
taparaq ölkəmizin müxtəlif bölgələrinə
etdiyiniz səfərlər, sadə insanlarla görüşləriniz
Sizə ümumxalq məhəbbəti qazandırıb.
Cənab
Prezident, belə bir unudulmaz sevinc yaşadığım rayonun
əhalisinə də nəsib oldu. İyunun 4-də verdiyiniz sərəncam
Ağcabədi sakinlərinin hədsiz sevincinə səbəb
olmaqla hər birimizin qəlbində silinməz izlər
buraxıb. Bütün bunlara görə Sizə dərin minnətdarlığımı,
təşəkkürümü bildirirəm. Sizə möhkəm
cansağlığı, uzun ömür arzulayır, Ulu
Tanrı bütün arzu və ideyalarınızın həyata
keçməsində Sizə yardımçı olsun!
Hörmətlə,
Ədalət
Hüseynov,
Ağcabədi
rayonu, Avşar kəndi
Azərbaycan
nümunə göstərilir
Hörmətli
cənab Prezident!
Sizə
dərin minnətdarlığımı bildirirəm. Çox
sağ olun ki, bu çətin dövrdə
xalqımızı bəşəriyyəti
bürümüş koronavirus bəlasından qoruyursunuz. Pandemiya
müxtəlif ölkələrdə kütləvi insan
ölümünə səbəb olur. Azərbaycanda
isə Sizin verdiyiniz müdrik qərarlar sayəsində bu dəhşətli
bəlanın zamanında qarşısının
alınması üçün lazımi tədbirlər
görülür. Ümumdünya Səhiyyə Təşkilatı
da ölkəmizdə koronavirus pandemiyasına qarşı
aparılan tədbirləri yüksək qiymətləndirir
və bu addımlar başqa dövlətlərə nümunə
göstərilir. Biz nümunəvi ölkənin vətəndaşları
olduğumuz üçün fəxr edirik.
Möhtərəm
cənab Prezident, Ulu Tanrı Sizi və ailənizi hifz eləsin!
Hörmət
və ehtiramla,
Rövşən
Mirzəyev,
Neftçala
şəhəri
Ölkəmizdə
pandemiya nəzarət altındadır
Çox
hörmətli cənab Prezident!
Biz Qarabağ müharibəsi əlilləri
və məcburi köçkünlər daim Sizin və
Mehriban xanım Əliyevanın diqqət və
qayğısını görmüşük. 1993-cü ildə
erməni təcavüzü nəticəsində
torpaqlarımız işğal olunduqdan sonra müvəqqəti
olaraq Ceyranbatan qəsəbəsi ərazisində məskunlaşdıq,
şəraitimiz çox acınacaqlı və ağır
idi. 2012-ci ildə Sizin tapşırığınıza əsasən
Qaradağ rayonu Müşfiqabad qəsəbəsində 1680
ailə üçün nəzərdə tutulan binalar
inşa edildi və 2013-cü ildə biz məcburi
köçkünlərə verildi. Hazırda həmin mənzillərdə
çox gözəl şəraitdə yaşayırıq.
Cənab
Prezident, koronavirus pandemiyasının bütün dünyaya
sürətlə yayıldığı zamanda Sizin
vaxtında müdrik və çevik addımlarınız sayəsində
ölkəmizdə bu təhlükəli virusun fəsadlarının
qarşısı alınmaqdadır. Pandemiyanın
bütün dünyaya vurduğu iqtisadi zərərə
baxmayaraq, bizim ölkədə abadlıq-quruculuq işləri
dayanmadı və məcburi köçkünlərin
yaşayış şəraitini yaxşılaşdırmaq
üçün binaların inşası başa
çatdırıldı. Ötən ay “Qobu Park 3”
yaşayış kompleksinin açılışı buna əyani
sübutdur.
Bütün
bu görülən işlər Sizin apardığınız
uğurlu xarici və daxili siyasətin nəticəsidir. Biz məcburi
köçkünlər hər zaman ətrafınızda
sıx birləşərək Sizin “Biz birlikdə
güclüyük!” şüarınızı dəstəkləyirik.
Hörmətlə,
Murad
Ağayarov,
Cəbrayıl
rayonundan məcburi köçkün, II qrup Qarabağ
müharibəsi əlili,
Bakı şəhəri
Dar
günün dayağısınız
Hörmətli
Prezident!
Mənim
övladım Azərbaycan Kooperasiya Universitetinin 2-ci kurs tələbəsidir,
ödənişli əsaslarla təhsil alır. COVID-19
pandemiyası dövründə verdiyiniz humanist
tapşırıqlardan biri də ödənişli təhsil
alan tələbələrin bu il üçün təhsil
haqqının dövlətimiz tərəfindən ödənilməsi
oldu. Sözsüz ki, bu addım yüzlərlə aztəminatlı
ailə kimi bizim də sevincimizə səbəb oldu.
Cənab
Prezident, Siz ölkə vətəndaşlarının hər
zaman dar gündə yanında olmusunuz. Buna görə də
Sizə ailəmin adından dərin minnətdarlığımı
bildirirəm. İşləriniz avand olsun!
Hörmətlə,
İnqilab
Nuriyev, Lənkəran
rayonu, Liman şəhəri
Təqdim
etdi:
Qüdrət
PİRİYEV,
Xalq qəzeti. - 2020.- 21 iyun.- S.3.