İnsanların məsuliyyətsizliyi sərt karantin rejimini zəruri etdi

 

Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir – ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında ­keçi­rilən sammitində Azərbaycan Prezidenti İlham Əliyev koronavirus pandemiyasına qarşı görülmüş tədbirlərin vəziyyəti nəzarətdə, itkiləri isə ­minimum səviyyədə saxlamağa imkan verdiyini diqqətə çatdırdı və Ümumdünya Səhiyyə Təşkilatının koronavirusla mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırdığını xüsusi vurğuladı. COVID-19-a qarşı mübarizədə ÜST-ün bir çox səhiyyəsi inkişaf etmiş Avropa ölkələrini deyil, məhz Azərbaycanı nümunə olaraq göstərməsi qürurverici faktdır. Həqiqətən də, pandemiya başlayanda Azərbaycan koronavirusun yayılmasının qarşısını almaq üçün dərhal təxirəsalınmaz və zəruri tədbirlər gördü.

 

Dövlət başçısı tərəfindən pandemiyanın mənfi nəticələrinin azaldılması üçün bir sıra tədbirlər haqqında fərman imzalandı. Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Qısa müddət ərzində 20-dən çox xəstəxana koronavirus xəstələrinin müalicəsi üçün ayrıldı. Laboratoriya müayinələri, virusun diaqnozu və müalicəsi üçün lazım olan bəzi tibbi avadanlıq və ləvazimatlar Azərbaycana gətirildi. Maska və kombinezon istehsal edən müəssisələr işə salındı. Bundan əlavə, bu dövrdə “Yeni klinika” tibb müəssisəsi və modul tipli 4 xəstəxana kompleksləri istifadəyə verildi.

Qeyd edək ki, pandemiyanın ilk günlərindən ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasda olub. Azərbaycan koronavirusla mübarizə üçün ÜST-ə 5 milyon ABŞ dolları və Qoşulmama Hərəkatının üzv ölkələrindən ən çox yardıma ehtiyacı olan ölkələrə dəstək vermək üçün əlavə 5 milyon ABŞ dolları verib.

Dünyada koronavirus yayıldığı vaxtdan etibarən ölkəmizdə qabaqlayıcı təbirlər görüldüyündən virusa yoluxanların sayı ilk vaxtlar az idi və ölkə ərazisində epidemioloji cəhətdən sabitlik vardı. Cənab Prezident təxirə salmadan pandemiya ilə mübarizə aparmaqda səlahiyyətli olan bütün dövlət qurumlarına xüsusi göstəriş və tapşırıqlarını verdi. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ölkənin hər yerində koronavirusa qarşı əks-epidemik tədbirlərin görülməsinə başladı. Məhz bunun nəticəsində ölkə ərazisində yoluxmaların sayı az oldu və vəziyyət epidemioloji həddi keçmədi. Yoluxanlar isə xəstxanalarda müalicə olunaraq sağaldılar. Bu mübarizədə ölkəmizdə fəaliyyət göstərən müvafiq dövlət qurumlarının xidmətlərinin böyük rolu oldu. Ən böyük məsuliyyət həkimlərin üzərinə düşdü. Ölkə rəhbərliyinin birbaşa nəzarəti və Azərbaycan səhiyyəsinin geniş imkanları ilə həkimlər pandemiya ilə mübarizədən alnıaçıq, üzüağ çıxdılar. Sevindirici haldır ki, həkimlər bu məsələdə hərtərəfli bilik və bacarıqlarını şərəflə nümayiş etdirdilər və yenə də etdirməkdə davam edirlər.

Yoluxmaların sayına nisbətən sağalanların çox olduğunu görən hökumət məhdudiyyətlərin mərhələ ilə aradan qaldırılmasına başladı. Karantin şərtləri iyunun 1-də yumşaldıqdan sonra əhalidə pandemiyanın aradan qalması ilə bağlı yaranan arxayınçılıq, diqqətsizlik, gigiyenik qaydalara əməl etməməyin nəticəsində virus yenidən yayılmağa bağladı. Buna görə izolyasiya tədbirləri sırasında qardaş Türkiyənin təcrübəsindən ölkəmizdə istifadə olundu. Qeyd etməliyik ki, pandemiya başlayan gündən vətəndaşlara virusdan qorunma yolları ilə bağlı yetərincə izahat və tövsiyələr verilib, qorunma yolları anladılıb, tələblərə əməl etməyin zəruriliyi açıqlanıb. Buna baxmayaraq, bəzi vətəndaşlarımız yenə də qoyulan qaydalara, karantin tələblərinə laqeydlik, biganəlik göstərdilər. Xüsusilə, həftəsonu tətbiq edilən sərt rejimlə bağlı həftənin beşinci günündən rayonlara, istirahət bölgələrinə başlanan yolçuluq, həm yollarda sıxlıq, tıxac yaratdı, həm də üz tutduqları rayonların, bölgələrinin insanları, vətəndaşları üçün də böyük narahatlığa səbəb oldu. Səfərə çıxanlar öz yersiz yolçuluqları ilə həm özlərinin, həm yaxınlarının, həm də o bölgələrdəki insanların həyatını böyük risk və təhlükə altında qoymuş oldular. Qəbul edilən qayda-qanun hamı üçün və eynidir. Kimsə özünü bu qanun-qayda-tələblər çərçivəsində imtiyazlı, yaxud üstün hesab edə bilməz. Statistikaya nəzər salsaq, virusa yoluxanların sayının və ölüm hallarının artdığını görürük.

Karantin tədbirlərinin yumşaldılması ilə dövlət öz vətəndaşlarının şəxsi məsuliyyətinə etibar etdi. Lakin bəzi insanlar bunu doğru-dürüst anlaya bilmədilər. Sərt rejimin yumşaldılması məsuliyyətsiz davranmağımıza əsas vermir. Qaydaların yenidən sərtləşdirilməsi və cəza sanksiyalarının tətbiq olunmasına ehtiyac zərurətdən yarandı. İnsanlardan tələb olunan budur ki, qarşınızdan gələn hər bir kəsi, ən doğması olsa belə, potensial xəstə kimi qəbul edərək qorunsun. Fədakar həkimlərimiz aylardır ailəsinə həsrət qalırlar, gecə - gündüz işləyirlər, saatlarla xüsusi geyimdə olurlar. Yay fəslində xüsusi geyimdə onlara çətin olsa da, yorulmadan çalışır, COVID – 19- la mübarizə aparırlar. Bəs biz, 2 gün evdə qalmaq istəməyən vətəndaşlar dövlətimizə və həkimlərimizə necə kömək edirik? Soyuq reanimasiyada süni tənəffüs aparatına qoşulan xəstələr necə əziyyət çəkirlər, bilirsinizmi? Həkimlər, tibb bacıları onları həyata qaytarmaq üçün necə əzmlə çalışırlar, nə qədər stress keçirirlər, bilirsinizmi? Hər xəstə üçün dövlət büdcədən nə qədər vəsait xərcləyir, bilirsinizmi? Məsuliyyətsiz vətəndaşlar isə xəstəliyin yayılmasını sürətləndirirlər! Dövlətimizə və həkimlərimizə dəstək lazımdır! Dəstəyimiz o olsun ki, qanun - qaydalara birgə ciddi əməl edək! Maska-- məsafə -- gigiyenik təmizlik! Yəqin ki, çətin məsələ deyil!

Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində iyunun 21-dən iyulun 5-nə kimi ciddi karantin rejiminin tətbiq olunduğu bəyan edildi. Qərargahın bu işə məsul şəxsləri tərəfindən karantin rejiminin qaydaları açıqlandı, ictimaiyyəti maraqlandıran suallara cavab və vətəndaşlara tövsiyələr verildi. Məsuliyyətsiz vətəndaşlara görə 2 həftəlik ciddi karantin rejiminə keçiləcək. Bu, biz insanların məsuliyyətsiz davranışlarımızın nəticəsində qəbul edilməsi zəruri olan qərardır. Çünki, bəzi insanlar nə xəstəliyi, nə qorunmanı, nə də kimdənsə yoluxa bilmə və ya, kiməsə yoluxdurma ehtimalını düşünmürlər. Bizə məhz sərt qadağa lazımdır. Əks halda yoluxmalar həndəsi silsilə ilə artacaq. Çünki hələ də bu xəstəliyin ciddiliyini başa düşməyən, evdə özünü kortəbii müalicə edən, xəstəliyi gizlədən, belə xəstəlik yoxdur deyən vətəndaşlarımız var. Bunun özü məsuliyyətsizlik, laqeydlik, biganəlik göstərən bəzi vətəndaşlarımıza nəsə demirmi? Tibbi maskalardan və digər qoruyucu vasitələrdən istifadə etmək, sosial məsafəni gözləmək, karantin şərtlərinə və tələblərinə əməl etmək bu qədərmi çətindir?

Hamının yadındadır ki, pandemiya başlayanda təbii olaraq heç bir ölkə buna hazır olmadığından maska qıtlığı yaranmışdı. Bəziləri “maska yoxdur, nə taxaq? Dövlət hara baxır?” kimi absurd fikirlərlə sosial şəbəkələrdə “çıxış edirdilər”. Cənab Prezidentin tapşırığı ilə ölkədə maska istehsal edən müəssisə işə salındı və bu problem aradan qalxdı. Sonra yoluxmaların artdığını görüb, Avropa ölkələrində nə zamandan bəri tətbiq olunan maskasız gəzənlərin cərimələnməsi cəzası tətbiq edildi. İndi bu maskasız gəzən, “virus boş şeydir” – deyib insanlar arasında “təbliğat” aparanlardan soruşmaq lazımdır? – Maska arzulayırdınız, niyə taxmırsınız? Cənab Prezident, Birinci vitse-prezident maska taxa bilir, siz yox? 30 qəpik verib maska almaq, canını xəstəlikdən qorumaq yaxşıdır, yoxsa, həm 50 manat cərimə ödəyib, həm də reanimasiyada tənəffüs aparatına qoşulmaq?

Əgər insanlarımız onlara verilən məlumatlara biganə qalır, tələblərə məhəl qoymur, qadağalara riayət etmir, gigiyenik vasitələrdən istifadəni eyninə almır, maska taxmırsa, onda sərt tədbirlərin tətbiqi qaçılmazdır. Pandemiya başlayanda tətbiq edilən sərt karantin rejimində insanlar qaydalara daha yaxşı əməl edirdilər və zaman keçdikcə, operativ qərargah sağalanların sayının, yoluxanların sayından artıq olduğunu görüb mərhələ ilə məhdudiyyətləri aradan qaldırdı. İnsanlarımız karantinin ləğv edildiyini düşünüb küçələrə axışdılar və nəticə əvvəlkindən də pis oldu. Bunu nəzərə alan hökumət qaydaya əməl etməyənlərə qarşı cərimələrin tətbiqini təsdiq etdi. Karantin rejiminin qaydalarına riayət olunmadıqda 50,100 və 200 manat məbləğində cərimə nəzərdə tutuldu. Cərimənin yüksək olduğu ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər səsləndirilsə də, reallıq ondan ibarətdir ki, qanunlara uyğun davranışlarını tənzimləyən, müəyyən olunmuş yerlərdə tibbi maska geyən, sosial məsafəni qoruyan heç bir vətəndaş cərimələnmədi. Türkiyədə maskasız gəzənlər 3150 TL cərimələnirlər. Buna görə də orada maskasız gəzən az insan görmək olar.

Pandemiya dövründə görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanmışdır. Qabaqlayıcı tədbirlər nəticəsində bu gün vəziyyət nəzarət altındadır. Doğrudur, məhdudlaşdırıcı tədbirlərin yumşaldılması nəticəsində son günlərdə yoluxanların və reanimasiyaya yerləşdirilənlərin sayı artıb. Bəzi vətəndaşların məsuliyyətsizliyi – maskasız gəzmələri, tələblərə əməl etməmələri bu nəticəni yaratsa da, vəziyyət tam nəzarət altındadır. Biz sevinməliyik ki, xəstələrimizə dövlət sahib çıxır, onların müayinə və müalicəsini öz öhdəsinə götürür. Cənab Prezident xüsusi olaraq ölkəmizdə koronavirus xəstələrinin tam dövlət hesabına müalicə aldıqları barədə demişdir: “Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Dünya praktikası tam başqadır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir”.

Ölkəmizdə COVID – 19-a qarşı mübarizə məqsədilə qabaqlayıcı məqsədli bütün tədbirlər elə görülüb ki, ən çətin vəziyyətə belə hazır olaq. Bu məqsədlə hazırda 23 sınaq laboratoriyası fəaliyyətdədir. Koronavirus xəstələrini müalicə etmək üçün qabaqcıl xəstəxanalar ayrılıb. Pandemiya başlayanda açılan “Yeni klinika” və bunun kimi 20-dən çox xəstəxanada koronaviruslu xəstələrin müalicəsi aparılır. Həmçinin karantin şəraitində qalan vətəndaşlar üçün də dünya miqyasında Azərbaycanda xüsusi şərait yaradılıb: “...Onlar 4–5 ulduzlu otellərdə, eyni zamanda, Atletlər kəndində yerləşdirilir və karantin rejimində olan ən çox insan Atletlər kəndində yerləşdirilibdir. Minlərlə insan xaricdən təxliyə edilib və bu proses davam etdirilir, təbii ki, qrafik üzrə. Orada da bütün işlər mütəşəkkil qaydada görülməlidir. Bildiyiniz kimi, xüsusi portal yaradılıb və Azərbaycana qayıtmaq istəyən vətəndaşlar o portalda qeydiyyatdan keçirlər, növbəlilik prinsipi əsasında dövlət hesabına ölkəmizə gətirilirlər. Yəni, bütün şərait yaradılıb ki, Azərbaycan vətəndaşları dövlət tərəfindən qayğı ilə, diqqətlə əhatə olunsun”.

Məhz vətəndaşlara göstərilən bu diqqətin, xəstələrə yaradılan şəraitin nəticəsidir ki, beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır. Ölkəmizdə yoluxanların, vəfat edənlərin sayından nə qədər narahatlıq keçirsək də, etiraf etməliyik ki, bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə müsbət nəticə də olur.

 

 

 

Zərifə BƏŞİRQIZI,

 

Xalq qəzeti. - 2020.- 21 iyun.- S.3.