“Microsoft”
ilə əməkdaşlığın geniş perspektivləri
var
Hazırda
istənilən ölkənin inkişafı
informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişaf
səviyyəsindən çox asılıdır. Xüsusilə
də sosial-iqtisadi siyasətin həyata keçirilməsində
İKT-nin rolu sürətlə artır. Azərbaycanda da
İKT-nin inkişafı ilə bağlı ciddi addımlar
atılır, mühüm dövlət proqramları qəbul
olunur. Təsadüfi deyil ki, MDB ölkələri
arasında ilk dəfə Azərbaycanda sabit telefon şəbəkəsi
tam elektronlaşdırılmış, elektron hökumətin
yaradılması sahəsində uğurlar əldə
edilmiş, vətəndaş-məmur münasibətlərində
elektron xidmətlərin payı artmışdır. Bundan başqa, İKT-nin inkişafını strateji
vəzifə elan edən Azərbaycan hökuməti xüsusilə
də pandemiya şəraitində yüksək
texnologiyaların tədris prosesində, habelə
iqtisadiyyatın digər mühüm sahələrində tətbiqinə
böyük önəm verir və bu istiqamətdə bir
sıra vacib qərarlar qəbul edir. Prezident
İlham Əliyevin iyun ayının 16-da “Microsoft” şirkətinin
vitse-prezidenti və digər nümayəndələri
arasında keçirilən videokonfransda səsləndirilən
fikirlər və irəli sürülən təkliflər də
belə deməyə əsas verir ki, Azərbaycan bundan sonra da
İKT sahəsində innovativ yeniliklərdən istifadəni
sürətləndirməyi planlaşdırır və yeni
dövrün çağırışlarına adekvat reaksiya
göstərməyi düşünür.
Bu gün heç kimə sirr
deyil ki, son 25 il ərzində İKT-nin inkişafı istiqamətində
atılmış ardıcıl addımlar nəticəsində
hazırda Azərbaycan informasiya cəmiyyətinin quruculuğu
prosesini keyfiyyətcə yeni mərhələyə
çıxarmış və innovasiyalar sahəsində
ölkəmizin regional mərkəz statusunu gücləndirmişdir. Əlbəttə ki, dövlət siyasətinin
prioritetini təşkil edən İKT-nin hərtərəfli
inkişaf etməsində bugünkü sosial-iqtisadi inkişaf
modelinin həyata keçirilməsində zəruri əsaslar
yaratmış “Əsrin müqaviləsi”nin imzalanması
böyük rol oynamışdır. Belə
ki, 1994-cü ildə imzalanmış bu müqavilədən
sonra Azərbaycana gətirilmiş müasir texnologiyalar və
milli iqtisadiyyatımıza milyardlarla dollar həcmində
yatırılmış sərmayələr sürətli neft
bumunun başlanmasına təkan verməklə yanaşı,
ölkədə İKT-nin perspektivli sahə kimi
formalaşmasına və inkişafına münbit
zəmin yaratmışdı. Xüsusilə qeyd etmək
lazımdır ki, 2003-cü ildə ümummilli lider Heydər
Əliyevin imzaladığı “Azərbaycan
Respublikasının inkişafı naminə informasiya və
kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” da ölkəmizdə
informasiya cəmiyyətinə keçid prosesinin sürətlənməsinə
təkan vermişdi.
Ümumiyyətlə, informasiya
cəmiyyətinin hüquqi normativ bazasının
yaradılması, ali və orta ixtisas təhsili məktəblərinə
tələbə qəbulu prosesində yeni texnologiyaların
geniş şəkildə tətbiqi, dövlət
qulluqçularının seçilməsi və səsvermə
proseslərində, eyni zamanda, yeni reallıq şəraitində
virtual tədris
prosesində İKT-dən istifadə Azərbaycan dövlətinin
informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə
olan istək və marağını təsdiqləyir.
Dünyanın nəhəng korporasiyalarından biri olan
“Microsoft” ilə sıx əməkdaşlığı dediklərimizə
sübut kimi göstərmək olar. Xatırladaq ki, “Microsoft”
korporasiyasının təmsilçiliyi Azərbaycanda 2005-ci
ildən fəaliyyət göstərir. Hazırda korporasiya
dövlət, özəl sektor və təhsil sahələri
üzrə əməkdaşlıq edir. Bundan başqa,
Microsoft-Azərbaycanın əsas məramı Azərbaycanın
tam potensialını həyata keçirilməsinə dəstək
göstərməkdir. Təmsilçiliyin məqsədi “Microsoft”
korporasiyasının ən son məhsul və həllərinin
daha səmərəli tətbiqi vasitəsilə Azərbaycanın
strateji inkişaf məqsədlərinə çatmasına
xidmət etməkdir. Korporasiyanın Azərbaycan bazarında təklif
etdiyi çeşidli məhsul və həllər elektron idarəetmə,
biznes inkişafı və təhsil sahələrində
uğurla tətbiq olunur.
Məsələn,
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin nəzdində fəaliyyət göstərən
“AzİnTelecom” və “Microsoft” şirkəti arasında
dövlət strukturları üçün proqram təminatı
lisenziyalarının alınması haqqında 3 illik saziş
mövcuddur. Sazişin əsas məqsədi bu
sahədə xərclərə qənaət etmək, ölkənin
əqli mülkiyyət hüquqlarının qorunması ilə
bağlı reytinqlərdə mövqeyini
yaxşılaşdırmaq, innovasiya ekosistemini inkişaf etdirmək,
bu sahəyə xarici investisiyalar cəlb etmək, habelə
ölkədə elektron xidmətlərdən istifadə
sayını artırmaqdır. Tərəflər
arasında əldə olunan razılığa əsasən,
dövlət qulluqçularının kompüterləri
(20.000 lisenziya) “Microsoft” proqram təminatı lisenziyaları
(Windows Pro, Office 365 ProPlus, Core CAL) ilə təmin edilir, habelə
ali təhsil müəssisələri akademik güzəşt
ilə lisenziyalaşdırılır. Mütəxəssislərin
sözlərinə görə, bu layihənin davamlı
icrası dövlət qurumlarında mövcud lisenziya problemlərinin
aradan qaldırılması ilə kibertəhlükəsizlik, əqli
mülkiyyətin və fərdi məlumatların qorunması,
elektron mühitin inkişafına müsbət təsir
etmişdir ki, bu da öz növbəsində Azərbaycanın
İKT ilə yanaşı, ümumi iqtisadiyyatın bir
sıra istiqamətlərində, o cümlədən
investisiya mühiti üzrə beynəlxalq reytinqlərdə
irəliləməsinə müsbət təsir göstərmişdir.
Prezident İlham Əliyevin
iyunun 16-da “Microsoft” şirkətinin vitse-prezidenti və digər
nümayəndələri arasında keçirilən
videokonfransda iştirak edən Azərbaycanın Nəqliyyat,
rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə
çıxışında bildirmişdir ki, “Microsfot”la
bütün sahələrdə, xüsusilə açıq
açar
infrastrukturu ilə mübarizə, kibertəhlükəsizlik,
informasiya texnologiyalarının təhsildə tətbiqi və
internet əşyalar texnologiyası və kadrların təlimi
kimi sahələrdə sıx əməkdaşlıq edilir. Bundan başqa, R.Quluzadə
vurğulamışdır ki, Prezidentin göstərişinə
müvafiq olaraq, tərəflər hökumət agentlikləri
üçün lisenziyalı proqram təminatını almaq
məqsədilə 2018-ci ildə müqavilə
imzalamışdır və Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi “Microsoft” şirkətinin Azərbaycandakı
nümayəndəliyi ilə görüşlər
keçirmiş, yeni təklifi və yeni layihələrin
inkişafını müzakirə etmişdir.
Videokonfransda
çıxış edən Prezidentin köməkçisi
Şahmar Mövsümov “Microsoft” şirkəti ilə
çox yaxşı əməkdaşlıq qurulduğunu
vurğulamış və hazırda innovativ yanaşmalar əsasında
iqtisadi inkişafa nail olmaq üçün Azərbaycanın
innovasiya strategiyası üzərində iş
aparıldığını nəzərə
çatdırmışdır. Ş.Mövsümov əlavə
etmişdir ki, Azərbaycan “Microsoft” şirkətini daha da fəal
olmağa çağırır. Prezidentin
köməkçisi hökumətin hesab etdiyini də
açıqlamışdır ki, Azərbaycanın regionda
innovasiyaların mərkəzi olmaq üçün Silikon
vadisi kimi Abşeron vadisini yaratmaq məqsədilə
böyük potensialı var və bu məsələdə rəsmi
Bakı “Microsoft” şirkətinin fəal iştirakını
yüksək qiymətləndirir.
Bu
gün dünya 4-cü Sənaye İnqilabı dövrünə
daxil olur. Dünən fantastik hesab etdiyimiz layihələr
üzərində bu gün artıq innovasiya şirkətləri
çalışır və müəyyən nailiyyətlər
əldə edirlər. Artıq qədəm
qoyduğumuz 4-cü sənaye inqilabında dəyişikliklərin
xüsusiyyəti fundamental xarakter almışdır və bəşəriyyət
indiyədək böyük imkanlarla, eyni zamanda, potensial təhlükələrlə
zəngin dövrlə qarşılaşmamışdır.
Xüsusilə qeyd etmək lazımdır ki, bu sənaye
inqilabını fərqləndirən əsas cəhət onun
sürəti, əhatə dairəsi və sistematik effektidir.
Bundan başqa, 4-cü inqilabın əsas ümidverici
potensialı bəşəriyyət üçün həyatı
daha da asanlaşdırması və yaşayış şəraitinin
keyfiyyətinin yüksəlməsidir. Buna
görə də təəccüblü deyil ki, bu inqilab
miqyası, həcmi və mürəkkəbliyi
baxımından, bəşəriyyətin bütün əvvəlki
təcrübələrinin heç birinə bənzəmir.
Çünki qarşıda bəşəriyyəti süni
intellekt, robot-avtomobillər, nanotexnologiya, biotexnologiya və digər
heyrətamiz texnoloji sıçrayışlar gözləyir.
Əlbəttə, yüksək texnoloji yeniliklərin tətbiqi
böyük kapital yatırımı və iqtisadiyyatın
şaxələndirilməsini də tələb edir.
Cənubi
Qafqaz regionunun iqtisadi lokomotivi hesab edilən Azərbaycanda da bu
məsələyə böyük diqqət yetirilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev
“Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrasının
birinci ilinin yekunlarına həsr olunan konfransda birmənalı
şəkildə vurğulamışdı ki, Azərbaycan
4-cü Sənaye İnqilabında lider olmalıdır. Bununla yanaşı, ölkə
başçısı Davos Ümumdünya İqtisadi Forumu
çərçivəsində də forum ilə Azərbaycan
arasında 4-cü Sənaye İnqilabı üzrə
Bakıda regional mərkəzin yaradılması hadisəsinin əhəmiyyətindən
danışaraq bildirmişdi ki, elmi tərəqqini,
inkişafı təmin etməli, ölkəmizi gələcəyə
aparmalı, müasirləşdirməliyik. Videokonfransda
Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan
artıq sənaye inqilabı üzrə regional mərkəzə
çevrilir. “Bu dəfə Davos İqtisadi Forumu zamanı cənab
Borge Brende və mən Davosun 4-cü Sənaye İnqilabı
üzrə Regional Mərkəzinin Bakıda yaradılması
ilə bağlı sənədi imzaladıq. Beləliklə,
bu mərkəz nəinki təkcə Azərbaycanı, region
ölkələrini də əhatə edəcək. Buna görə düşünürəm ki, bizim
üçün daha da irəliləmək və sizinlə
innovasiya mərkəzi üzərində çalışmaq
təbii olardı. Bizim əsas strategiyamız sizin də
bildiyiniz kimi, karbohidrogen ehtiyatlarından
asılılığı azaltmaq və innovasiyalar, yeni
texnologiyalar və müasir idarəçilik əsasında
dayanıqlı inkişafa nail olmaqdır”,- deyən
ölkə başçısı düşünür ki, bu
məsələ üzərində Azərbaycanın “Microsft”
ilə birgə çalışması əməkdaşlığı
gücləndirə bilər.
Azərbaycan hökuməti
süni intellektin inkişafı məsələsini də diqqət
mərkəzində saxlayır. Ötən il Bakıda səfərdə
olan “Microsoft” korporasiyanın qlobal texno-strateqi Frenk Kolevart yerli
mətbuata açıqlamasında bildirmişdi ki, “Microsoft”
şirkəti Azərbaycan hökuməti ilə əməkdaşlığa və
qarşıya qoyulmuş məqsədlərə nail olmaq
üçün müştərək işləməyə
hazırdır. Bundan başqa, cənab Kolevart
vurğulamışdı ki, Azərbaycan hökumətinin əsas
məqsədlərindən biri regionda iqtisadiyyat və logistika
perspektivi üzrə mərkəz, yəni “hub” olmaqdır.
Ölkə başçısı videokonfransda diqqətə
çatdırmışdır ki, süni intellekt üzrə
strategiyanın ətraflı işlənib hazırlanması
ilə bağlı məsələlər də bizim
gündəliyimizdədir. Bundan başqa, Prezident İlham
Əliyev kibertəhlükəsizliyin hər zaman gündəlikdə
olduğunu da bildirmiş, pandemiya ilə əlaqədar təhsil,
distant təhsil məsələlərinə də yeni bucaqdan
baxılmasına zərurətin yarandığını
vurğulamışdır. Bundan başqa, ölkə
başçısı pandemiya ilə bağlı vəziyyətin
necə olacağı bilinmədiyindən Azərbaycanın ən
pis ssenariyə də hazırlıqlı olmasının
vacibliyini diqqətə çatdırmışdır.
Bir sözlə, Azərbaycanda
müşahidə edilən transformasiyanın əsasında
güclü intellektual baza və müasir biliklərə əsaslanan
yeni tipli iqtisadi, sosial və təhsil sisteminin
formalaşdırılması, eyni zamanda, milli iqtisadiyyatın
neft amilindən asılılığının
azaldılması, həmçinin pandemiya şəraitində
əhalinin sağlamlığının qorunması
və rifah halının daha da
yaxşılaşdırılması məqsədi dayanır.
Buna görə də, Azərbaycanın “Microsoft” kimi dünya
nəhəngləri ilə əməkdaşlığı
ölkəmizin hərtərəfli inkişafı
baxımından böyük əhəmiyyət
daşıyır.
Səbuhi
MƏMMƏDOV,
Xalq qəzeti. - 2020.- 21 iyun.- S.4.