Azərbaycan II Dünya müharibəsi illərində: faktlar və reallıqlar

 

Bakı nefti olmasaydı, faşizm üzərində Qələbə də mümkün olmazdı

 

 

Bu Qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi.

Heydər Əliyev

Ümummilli lider

 

Bu il II Dünya müharibəsində faşizm üzərində tarixi Qələbənin 75-ci ili tamam oldu. Böyük qanlar və itkilər hesabına qazanılan bu qələbə, təbii ki, adi qalibiyyət deyildi. Bu, dünyanın yüzlərlə xalqının, Yer kürəsinin milyonlarla insanının eyni arzularını və məqsədini birləşdirib onu bəşəri həmrəyliyə çevirən tarixi bir hünər idi. Bu qələbə irqindən, dinindən, rəngindən, asılı olmayaraq neçə-neçə millət övladının babalarının bugünkü nəvələrə, gələcək nəsillərə yadigar qoyduğu əsl səadət  idi.    

 

Azərbaycanlıların şücaəti faşizm üzərində Qələbəyə misilsiz töhfədir

 

Bu böyük Qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük töhfəsi və rolu var. Çünki xalqımız faşizm üzərində Qələbənin əldə olunması üçün özünün 600 mindən çox oğul və qızını cəbhəyə yola salmışdı. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş, xalqımızın əsl qəhrəmanlıq nümunələrini dünyaya nümayiş etdirmişdir. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 123 nəfərin Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfərin isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülməsi bunun sübutudur.

Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşmüşlər. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında, Berlin uğrunda döyüşlərdə yaxından iştirak etmişlər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. II Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının qəhrəmanlığı heç vaxt yaddaşlardan silinməyəcəkdir. Eyni zamanda, 75 ildən çoxdur ki, Qələbə günü Böyük Vətən müharibəsi cəbhələrində ölüm-dirim savaşından zəfərlə qalib çıxmış döyüşçülər nəslini qırılmaz tellərlə indiki nəslə bağlayır.

Bu cahanşümul qələbə Azərbaycan xalqına asan başa gəlmədi. Yüz minlərlə həmvətənimiz bu yolda canlarından-qanlarından keçdilər. İkinci Dünya müharibəsində həlak olan 57 milyon insandan 27 milyonu sovet vətəndaşları idi ki, onların 300 mindən çoxu Azərbaycandan cəbhəyə gedən soydaşımız idi. İgid soydaşlarımız el-obalarının hüdudlarından uzaqlarda mərdliklə, fədakarcasına vuruşaraq həm də doğma Azərbaycanı faşizmdən mərdliklə qorudular. Biz faşizm üzərində Qələbənin 75 illiyində Böyük Vətən müharibəsində, alman faşizminin qarşısını almaq uğrunda gedən döyüşlərdə həyatlarını qurban vermiş Azərbaycan vətəndaşlarının xatirəsini böyük minnətdarlıq hissi ilə yad edirik.

 

O zaman hamı bir arzu-diləklə yaşayırdı

 

Mən müharibənin dəhşətlərini yaşamış nəslə mənsubam. İndi bizi yaşlı nəsil adlandırırlar. Müharibə yer üzünün bütün uşaqlarına məxsus olan o gözəl, qayğısız, şirin məsum illərin dadını, xoşbəxtliyini bizim nəslin əlindən aldı. Bu itkinin acısı bütün uşaqlıq xatirələrinin tən ortasından gəlib keçir. Ağrısı, göynərtisi hələ də qalır. Bundan sonra da qalacaq. Həmin xatirələrdə ailəmizin, qonşularımızın, elə özümüzün də qeyri-ixtiyari qorxu, həyəcanla dolu həyatı var idi.

Müharibə uşaqları tez böyüyür. Uşaq olsam da, o vaxtları, Qafqaz dağlarının o üzündə qana susamış düşmənlə gedən şiddətli, amansız döyüşləri, böyüklər qədər aydın və dəqiq təsəvvür edirdim. Təpədən-dırnağa qədər silahlanmış düşmən qarşısında bizim qoşunlar necə dayanacaqlar, geri çəkilməyəcəklər ki?! Bu sualların həyəcanı, nigaranlığı ilə cəbhədən gələn xəbərləri gözləyirdik. Axı hər birimizin həyatı bundan asılı idi!

Vətənpərvərlik anlayışının yüksək mənasını, məhz o vaxtlarda qonşularımıza, qohumlarımıza, dostlarıma baxaraq, tam aydınlığı ilə başa düşdüm. Onlardan heç biri məğlubiyyət sözünü ağlına belə gətirməzdi. Düşməndən azacıq aman gözləyən də yox idi. Müharibənin dəhşətlərini tam təsəvvürə gətirə bilməyən biz uşaqlar onu bütün çətinlikləri, xüsusən gətirdiyi aclığa görə lənətləyirdik.

Atam Bakı yod-brom zavodunda işləyirdi. O, heç vaxt evdə öz işindən danışmazdı. Ancaq görürdüm ki, o, səhər-səhər işə səliqə ilə ütülənmiş köynəyin altından ağappaq toxunma mayka geyinib gedir, axşam evə qayıdanda isə maykası qonur rəngdə olurdu. Sonralar bildim ki, yodun buxarlanması səbəbindən mayka həmin rəngi alırmış. İndi başa düşürəm ki, həmin şəraitdə işləmək elə özü əsl qəhrəmanlıq imiş. Hər bir azərbaycanlı, təkcə cəbhədə deyil, arxada, öz iş yerində qəhrəman imiş.

Balalarının əziyyət çəkdiyini görən anam bizə toxtaqlıq verər, deyərdi: “Bax dava qurtarsın, hər şey qaydasına düşəcək, çətin günün ömrü az olar”. Onda hamı bir arzuyla, bir diləklə yaşayırdı. Dava tezliklə, özü də mütləq bizim qələbəmizlə bitsin. Nəhayət, müharibə qurtardı. Çoxdan gözlədiyimiz o Qələbə Günü gəlib çatdı!

75 ildir ki, döyüş meydanlarında həlak olan həmvətənlərimizin xatirələrini əziz tutaraq, bu gün yaşı 90-ı ötmüş, 100-ü haqlamış veteranlarımıza cansağlığı arzulayaraq Qələbəni bayram edirik.

 

Qələbə öyüncünü bizə Heydər Əliyev  qaytardı

 

Müstəqilliyimizin ilkin vaxtlarında hakimiyyətdə olan AXC--Müsavat qaragüruhu Azərbaycan xalqının Böyük Vətən müharibəsində yazdığı bu qəhrəmanlıq salnaməsini silməyə, üzərinə kölgə salmağa cəhd göstərmişdi. Müharibə veteranlarını gözdən salan həmin qaragüruhçu dairələr, onların ölkənin ictimai həyatında iştirakına əngəllər yaradır, Qələbə gününə və veteranların sinəsini bəzəyən medallara ironiya ilə baxırdılar. Baxmayaraq ki, o illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü daha geniş miqyas alırdı və qanlı döyüşlərdə müharibə veteranlarının döyüş təcrübəsindən və xüsusən mənəvi yardımından istifadə etmək mümkün idi.

Hakimiyyətin öz vətəndaşlarına belə etinasızlığı ahıl yaşlarında olan veteranların mənəvi sarsıntısına gətirib çıxarmışdı. Müharibənin çətin sınaqlarına mərdliklə sinə gərən, od-alovdan çıxan fədakar insanlar dövlətin nəinki diqqət və qayğısından məhrum olmuş, hətta əsassız qınaqlarla, ittihamlarla üzləşmişdilər. 9 May Qələbə Gününün Azərbaycan xalqının bayramı olmaması ilə bağlı aparılan əsassız söz-söhbət, Böyük qəhrəmanlığın üstündən ədalətsizcəsinə xətt çəkmək niyyəti bütün cəmiyyətdə narazılıqla qarşılanırdı.

1993-cü ildə Azərbaycan xalqının istək və tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması bütün sahələrdə yüksəlişə doğru dönüşün əsasını qoyduğu kimi, 9 May Qələbə Gününə və Böyük Vətən müharibəsi veteranlarına qarşı ögey münasibəti də birdəfəlik aradan qaldırdı. Ulu öndər faşizm üzərindəki Qələbənin və müharibə veteranlarının gözdən salınmasına yönəlik siyasətin cinayət olduğunu bildirərək bildirdi: “1992-ci ildə eşitdik ki, bu qələbə bayramını Azərbaycanda heç yerdə qeyd etmirlər. Mən təəccübləndim. Naxçıvanda biz veteranlarla görüşdük, danışdıq, hazırlıq gördük və bayramı qeyd etdik. Sonra mən araşdırmağa başladım ki, bəs bunu niyə qeyd etmirlər? Bildirdilər ki, o vaxt hakimiyyətdə olan adamlar deyirdilər ki, bu, Vətən müharibəsi, qələbə deyil. O vaxt mən də oradan-buradan eşidirdim, bəziləri deyirdilər ki, faşistlər gəlib Azərbaycanı tutsaydı, yaxşı olardı. Belə sözlər də danışanlar var idi. Yəni, belə ideoloqlar meydana çıxmışdılar və tarixi təhrif edirdilər. Axı bundan da böyük cinayət ola bilməz”.

Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra, 1994-cü ildən başlayaraq 9 May Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsi, müharibə veteranlarına diqqət və qayğının artırılması, imtiyazların verilməsi, cəmiyyət həyatında aktiv iştirak etmələrinə imkanların yaradılması onların həyat, qurub-yaramaq enerjisini daha da gücləndirdi. Heydər Əliyev hər il müharibə veteranları ilə görüşür, onların qayğıları ilə maraqlanır, problemlərinin yoluna qoyulması üçün tapşırıq və göstərişlərini verirdi. Məhz ulu öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizin inkişaf yoluna qədəm qoyması nəticəsində müharibə veteranlarına mənzillərin, avtomobillərin verilməsi sosial siyasətin əsas istiqamətlərindən birinə çevrildi. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev müharibə veteranlarını “Xalqımızın qızıl fondu” adlandırırdı.

Böyük rəhbər qələbədə Bakı neftinin müstəsna rolundan həmişə böyük iftixarla söz açırdı: Ümummilli lider Heydər Əliyev Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi münasibətilə keçirilən təntənəli gecədəki nitqində bu barədə deyirdi: “Bu Qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi”.

 

İlham Əliyev: Biz veteranlarımızla yalnız fəxr edə bilərik

 

Ulu öndərin bu sahədəki siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev Böyük Vətən müharibəsinin xalqımızın tarixindəki rolunu daim yüksək qiymətləndirir. May ayında Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" jurnalına müsahibə verən Prezident İlham Əliyev bu barədə deyib: “Biz tarixdə bu əlamətdar günə qayğı ilə yanaşır, döyüş meydanında və arxa cəbhədə qələbəyə töhfə verənlərin xatirəsini ehtiramla yad edir, öz həyatları bahasına dünyanı faşizmdən xilas etmiş zabit və əsgərlərin igidliklərinə hörmətimizi bildiririk”.     

Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur. Prezident İlham Əliyev hər il Qələbə Günündə Böyük Vətən müharibəsinin görkəmli sərkərdəsi, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, xalqımızın digər igid övladlarının əziz xatirəsini dərin ehtiramla anır, müharibə veteranları ilə görüşür, onları bayram münasibətilə təbrik edir.

Hər il Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halını alıb. Azərbaycan Prezidentinin 2020-ci il 24 aprel tarixli sərəncamı ilə 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, eləcə də Qələbənin qazanılmasında xidmətləri olmuş, müharibənin acılarını yaşamış digər şəxslərə 750 manat məbləğində birdəfəlik maddi yardım verilib.

Bu il koronavirus pandemiyası səbəbindən Qələbə Günündə Prezident İlham Əliyevin veteranlarla görüşü keçirilməsə də, onların hər biri daim dövlət başçısının diqqətindədir. Mayın əvvəllərində Rusiyanın TASS informasiya agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində Prezident İlham Əliyevin bildirdi: “Biz öz veteranlarımızı qorumalıyıq. Hər dəfə onlarla ünsiyyətdə olanda, sanki, enerji alırsan. Ən başlıcası, onların mənəvi ruhu, nikbinliyi və həyatsevərliyi, əlbəttə, bizi heyrətləndirir, təəccübləndirir və biz onlarla yalnız fəxr edə bilərik”.

Dövlət başçısının müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, yubiley medallarının təsis edilməsi cəmiyyətdə böyük razılıqla qarşılanır.

 

Azərbaycanın bütün qüvvə və imkanları Qələbəyə yönəldilmişdi

 

Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. Müharibənin başlandığı ilk gündən Bakı neftçiləri əzmkarlıq göstərərək gecə-gündüz çalışaraq, cəbhənin və iqtisadiyyatın bütün sahələrini yanacaqla təmin edirdilər. Təkcə bir faktı xüsusi olaraq qeyd etmək yerinə düşər ki, dənizdə, quruda və havada sovet ordusunun üstünlük qazanması və tarixi əhəmiyyətli strateji əməliyyatları məhz Bakı neftçilərinin əvəzsiz xidmətləri sayəsində mümkün olub.

1941--1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Müharibə illərində Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağının kəşf olunması amili də xalqımızın qələbəyə verdiyi əvəzsiz töhfələrdən biridir. Sovet aviasiyası məhz bu yanacağın hazırlanmasından sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə müvəffəq oldu.

O çətin və ağır günlərdə özlərinin rəşadətli əməyi ilə qəhrəmanlıq nümunələri göstərən Bakı neftçilərinin, azərbaycanlı alimlərin xatirəsini fundamental tədqiqatlarla, sanballı kitablarla əbədiləşdirmək olduqca vacibdir. Çünki onlar bu haqqı canları, qanları bahasına qazanıblar. Ona görə bir müddət əvvəl son on beş ili əhatə edən bir dövr ərzində çoxlu sayda arxiv materialları topladım. Müharibə illərində çap olunmuş bütün qəzetləri gözdən keçirdim. Qəzetlərdəki materiallarla tanış olduqca bizim neftçilərə, alimlərə onların fədakarlıqlarla dolu əməyinə görə qəlbim qürur hissi ilə döyünürdü. Fəxr edirəm ki, mənim Vətənim - mənim Azərbaycanım o böyük qələbəni qazananların birinci cərgəsində dayanır.

Pandemiyadan sonra təqdimatını keçirəcəyimiz “Azərbaycan nefti 1941--1945-ci illərdə” adlı kitabdakı materiallar bir daha sübut edir ki, xalqımız tarixin o çətin, olduqca da sərt sınağı qarşısında mətanətlə durdu, geri çəkilmədi. Əksinə, qorxu bilmədən düşmənin üstünə şığıdı. Sivilizasiyamızı bu vəbadan xilas etməkdə planetimizin bütün tərəqqipərvər qüvvələri ilə bir sırada dayandı.

Azərbaycanın Böyük Vətən müharibəsində Qələbənin əldə edilməsinə verdiyi töhfələrə dair alimlərimiz Qaraş Mədətov, Əhəd Bağırzadə, İsrafil İsrafilov, Azərbaycan Tarix İnstitutu kifayət qədər ciddi araşdırmalar aparıblar. Bu məqalədə isə əsasən xalqımızın qələbənin qazanılmasına verdiyi iqtisadi töhfələrdən bəhs etmək istəyirəm.

Bakıda müharibənin ilk günündən cəbhəni vaxtlı-vaxtında neft və neft məhsulları ilə təmin etmək üzrə aparılan işlər daha da genişlənirdi. Neftçilər, sözün əsl mənasında, möcüzələr yaradırdı. Nikolay Baybakov Bakı neftçilərinin qəhrəmanlığını belə xarakterizə edirdi: “Onlar dəbli ayaqqabılarını çıxarıb, kirz çəkmələr geydilər. Bəzəkli şlyapalarını bir qırağa atıb başlarına qulaqlı, ağır papaq keçirdilər. Qadınlar heç bir işdən qorxmurdu. Hətta buruq qazma işlərində də çalışırdılar!”

Həmin günlərdə Azərbaycan neftçilərinin qarşısında duran ən vacib vəzifələrdən biri də neft hasilatının səviyyəsini qoruyub saxlamaq idi. 1941-ci ildə kəşfiyyat– qazma işlərinin həcmi Azərbaycan neft sənayesi tarixində özünün ən yüksək göstəricisinə çatdırıldı. Neftçilərimizin 1941-ci ilə aid illik planın vaxtından əvvəl yerinə yetirilməsi barədə Azərbaycan K(b)P MK və Xalq Komissarları Sovetinin verdiyi 1941-ci il 21 dekabr tarixli raportda deyilirdi: “Öz işini hərbi dövrün tələblərinə uyğun yenidən quran Sovet Azərbaycanının neftçiləri dekabr ayının 19-da neft və qaz hasilatı üzrə illik planı vaxtından qabaq yerinə yetirmişlər”. Müharibənin birinci ilində mümkünsüz görünən bir nəticə əldə olundu. 1941-ci ilin yekunlarına görə, Sovet İttifaqı 33 milyon ton neft hasil etdi. Artım 6 faiz oldu. Ölkənin baş neft rayonu – Bakı şəhəri rekord göstərici ilə istehsalı 23,5 milyon tona çatdırdı.

Azərbaycanın paytaxtı SSRİ-nin Şərq rayonlarında “İkinci Bakı”nın yaradılmasında olduqca vacib, müstəsna rol oynadı. Azərbaycan neft sənayesinin bütün istehsal-texniki və intellektual potensialı həmin bölgələrdəki yeni yataqların mənimsənilməsinə səfərbər edildi. Ən qısa müddətdə, cəmisi bir neçə həftə ərzində, respublikanın neftçıxarma kadr və texniki-istehsal potensialının həlledici hissəsi, 12 min nəfərdən çox ixtisaslı neftçi kadrı, on min tonlarla neft sənayesi avadanlıqları Bakıdan ölkənin Şərqinə yola salındı. Bu, sözün əsl mənasında, Azərbaycanın neft sənayesinə güclü zərbə idi və uzun müddət respublikamızda neft sənayesinin inkişafına təsir etdi.

Böyük Qələbəyə neft Bakısının töhfəsi misilsizdir. Ümumilikdə, 1941–1945-ci illərdə SSRİ-nin neft sənayesi 110 milyon ton neft hasil etmişdi ki, onun da 75 milyon tonu Azərbaycanın payına düşmüşdü.

 

Bakı neftini ələ keçirmək almanların əsas hədəflərindən idi

 

“Neft haqqındakı məsələ həyat məsələsidir. Ona görə ki, neft kimdə çoxdursa, gələcək müharibədə kimin əmr verəcəyi ondan asılıdır. Kimdə neft çoxdursa, dünya sənayesinə və ticarətinə əmr verilməsi də ondan asılıdır. Neft qabaqcıl ölkələrin donanmalarının motorlu mühərriklərə keçməsindən sonra dünya dövlətlərinin istər müharibə zamanı, istərsə də sülh, əmin-amanlıq zamanı üstünlük, hegemonluq uğrunda gedən mübarizəsində həyati məsələyə çevrilir”. Bu fikirləri isə Stalin ÜİK (b)P XV qurultayında demişdi.

Buna görə də almanların Bakı neftini hədəfə almaları başadüşülən idi. Almaniya Silahlı Qüvvələri Ali Komandanlığı yanında Kəşfiyyat və Əks–Kəşfiyyat İdarəsinin– “Abver”in rəisi, admiral Fridrix Vilhelm Kanaris bilirmişdi ki, SSRİ-nin xammal ehtiyatlarını, ilk növbədə, Bakı neftini tez bir zaman ərzində tutmadan, ələ keçirmədən Qələbə mümkün deyil. Artıq 1941-ci ilin yazında Bakının neft mədənlərinin istismarının təşkili məqsədi ilə almanlar xüsusi idarə - Vestfalen qərargahını yaratmışdılar. 1941-ci il iyul ayının 16-da Hitlerin qərargahında keçirilən müşavirədə qeyd olunmuşdu ki, “Bakı vilayəti... alman konsessiyası olmalıdır”.

German Gerinqin isə hələ müharibə başlamazdan əvvəl SSRİ ərazilərinin nəzərdə tutulan işğalı zamanı iqtisadi talan haqqındakı direktivlərində yazılır: “İşğal edilməli ərazilərdən istifadə olunması işləri, ilk növbədə, ərzaq və neft sahələrindəki təsərrüfatlarda aparılmalıdır. Nə qədər mümkünsə, Almaniya üçün daha çox ərzaq və neft əldə etmək - şirkətin əsas iqtisadi məqsədi belədir. Bunlarla yanaşı, alman sənayesinə işğal olunmuş vilayətlərdən digər məhsullar da çatdırılmalıdır”.

Hələ 1942-ci ildə Hitlerin direktivində deyilirdi ki, cənub cəbhəsindəki əməliyyatların əsas hədəfi Qafqaz sıra dağlarını adlayıb səxavətlə sovet ordusunu neftlə qidalandıran Bakını ələ keçirməkdir. Bununla da onlar sovet ordusunu, necə deyərlər, “oksigensiz qoymaq”, iflasa uğratmaq ümidində idilər. Lakin qeyd edildiyi kimi, Bakıya hücum planlarının iflasa uğraması ilə almanlar davamlı hücum imkanlarını da tükəndirmiş oldular.

Faşist Almaniyasının SSRİ-yə hücum planında Bakının tutulması əsas hədəflərdən biri idi. Ölkənin Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Rozenberqin başçılığı ilə təşkil edilən Şərq İşləri üzrə Nazirliyin nəzdində olan strukturlardan biri Qafqaz Komissarlığı idi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın, ələlxüsus Bakının işğalı mərkəzi yer tuturdu. Çünki Hitler və ətrafındakılar yaxşı başa düşürdülər ki, Bakı nefti olmadan müharibədə uğur qazanmağa ümid yoxdur. Bütün dünyaya ağalıq etmək iddiasında olan alman strateqləri və onların müttəfiqləri bircə prinsipə güvənirdilər: “Kim dünyanı idarə etmək istəyirsə, neftə nəzarəti ələ keçirməlidir. Bütün neftə – harada olursa-olsun, harada çıxırsa-çıxsın!”

Qafqazın işğalı üçün tərtib edilmiş planın (Edelveys planının) həyata keçirilməsi faşistlərin “A” qrupu ordusuna həvalə edilmişdi. Həmin planda Qafqaz beş işğal rayonuna bölünməli idi və onlardan biri Azərbaycan əlahiddə rayonu idi. “Ost” planına görə, Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib, onun neftini alman şirkətlərinin sərəncamına verməli idilər. Onlar, eyni zamanda, Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər.

Ona görə də alman ordusu müharibənin gedişində cənuba doğru hücum planlarını genişləndirərək artıq Şimali Qafqaza qədər gəlib çıxmışdı. Faşistlər neftə can atırdılar. Oradan isə əl uzatsan, Bakıya çatardı. Bakı isə Sovet İttifaqının neftlə döyünən qəlbi idi. Ətrafındakılar isə Hitleri Bakının işğalına inandırmışdı. Buna görə də Hitler üzərində Xəzərin, Bakının konturları olan tortu böyük həvəslə kəsmişdi. Almanlar Qafqazın neft rayonlarını ələ keçirmək uğrunda ən sərt, ən qəti qərarlar verir, qələbə naminə bütün güc və ehtiyatlarını səfərbər edirdilər. Hətta “Edelveys” əməliyyatının ilk mərhələsində bir neçə uğur qazandılar.

 

 

(ardı var)

 

 

Ziyad SƏMƏDZADƏ,

AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru,

Milli Məclisin deputatı

 

 

Xalq qəzeti. - 2020.- 21 iyun.- S.5.