Qardaşlıqdan
strateji tərəfdaşlığa
Bilal
Dündar 1946-cı il oktyabrın 15-də Qars şəhərində
anadan olub. 1970-ci
ildə Ankara Ticarət və Turizm Yüksek Oğretmen Okulunu
bitirib. Müxtəlif illərdə məktəblərdə
müəllim işləyib, Ədliyyə Nazirliyində
ekspert, Anadolu Dərnəklər Birliyində sədr vəzifələrində
çalışıb. Uzun müddət
jurnalistika fəaliyyətilə məşğul olub, bir
sıra publisistik kitablar çap etdirib. 2004-cü ildə
Kocaeli Azərbaycan Evi Dərnəyinin sədri olub. 2006-cı
ildən Türkiyə–Azərbaycan Dostluq Dərnəkləri
Federasiyasının (TADEF) sədri, 2010-cu ildən isə
Avropa Azərbaycan Konqresinin vitse-prezidentidir. 2011-ci il iyulun
4-də Prezident İlham Əliyevin sərəncamı ilə
Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə
görə “Tərəqqi” medalı ilə təltif edilib.
–
Müasir dövrdə Azərbaycan və Türkiyə
münasibətlərinin daha da möhkəmlənməsi hər
iki dövlətin xarici siyasətinin mühüm tərkib hissəsidir.
Söhbətimizin əvvəlində oxucularımızla bu məsələ
ilə bağlı fikirlərinizi bölüşməyi istərdik.
– Bununla bağlı əvvəla
qeyd edim ki, hələ 2010-cu il avqustun 16-da Türkiyə ilə
Azərbaycan arasında strateji tərəfdaşlıq və
qarşılıqlı yardım haqqında müqavilənin,
eləcə də Azərbaycan Respublikası və Türkiyə
Respublikası arasında Yüksək Səviyyəli Strateji
Əməkdaşlıq Şurasının qurulması
haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə
arasında münasibətlərin getdikcə güclənməsində
önəmli rol oynayıb. Bu fikri bir qədər
də konkretləşdirib deyə bilərəm ki, ikitərəfli
əlaqələri möhkəmləndirmək məqsədilə
2010-cu ildə prezidentlər səviyyəsində Yüksək
Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının mexanizmi yaradılıb. Sonra
Türkiyə–Azərbaycan–Gürcüstan, Türkiyə–Azərbaycan–İran
və Türkiyə–Azərbaycan–Türkmənistan
üçtərəfli görüşləri keçirilib,
regional sabitlik, sülh və rifahı təmin edəcək əhəmiyyətli
prinsiplər işlənilib.
Prezident İlham Əliyev
çıxışlarının birində əminliklə
bildirib ki, Azərbaycan–Türkiyə dostluğu və
qardaşlığı, strateji tərəfdaşlığı
və müttəfiqliyi dərin tarixi kökləri, ortaq
milli-mənəvi dəyərləri ilə bir-birinə
sıx bağlı olan xalqlarımızın iradəsinə
uyğun olaraq bundan sonra da inkişaf edəcək və
möhkəmlənəcək.
Yeri gəlmişkən, Azərbaycan
və Türkiyə arasında Yüksək Səviyyəli
Strateji Əməkdaşlıq Şurasının
yaradılması iki ölkə arasında mövcud siyasi, hərbi,
iqtisadi, ticarət, energetika, nəqliyyat, mədəniyyət,
elm və humanitar sahələrdə həyata keçirilən
əlaqələrin
strategiyasını müəyyənləşdirib, bu
strategiya əsasında əməkdaşlıq layihələrinin
icra olunmasını şərtləndirib.
İki dövlət arasında
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının iclaslarının ardıcıl şəkildə
keçirilməsi əslində dünyaya, eyni zamanda,
Ankara–Bakı münasibətlərindən narahat olan qüvvələrə,
sözün əsl mənasında, bir ismarış xarakteri
daşıyıb. Ümumiyyətlə, Şuranın səmərəli
fəaliyyəti Ankara–Bakı münasibətlərinin iqtisadi
və siyasi müstəvidə ən yüksək səviyyədə
davamlı inkişafına mühüm təsir göstərib.
Qarşılıqlı
etibar və həmrəylik əsasında formalaşan Azərbaycan–Türkiyə
əlaqələri beynəlxalq platformalarda da uğurla
gerçəkləşdirilib. Hər iki
dövlət tərəfindən Birləşmiş Millətlər
Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatı, Avropa Şurası, Qaradəniz İqtisadi
Əməkdaşlıq Təşkilatı, Türk
Şurası və İslam Əməkdaşlıq Təşkilatında
birgə səmərəli əməkdaşlıq
nümayiş etdirilib.
Bu
gün Türkiyə – Azərbaycan əlaqələri strateji
ortaqlıq anlayışını tam mənası ilə
daşıyır. Müstəqillik illərində iki ölkə
arasında əldə edilən uğurlar hazırda
sarsılmaz birlik, dostluq və qardaşlıq
bağının bir göstəricisi kimi diqqət çəkir.
Bu əlaqələr həm də bölgədə sabitlik və
sülhün qorunmasına xidmət edir, heç bir ölkəyə
təhdid yaratmır.
Ankara–Bakı
münasibətlərinin tarixinə nəzər salsaq, görərik
ki, Azərbaycanın müstəqilliyinin tanınmasından
indiyədək əməkdaşlıq yalnız yüksələn
xətt üzrə inkişaf edib. Rəsmi Ankara
bütün məsələlərdə, eyni zamanda,
Dağlıq Qarabağ münaqişəsinin həllində
Azərbaycanı daim dəstəklədiyi kimi, rəsmi
Bakı da hər zaman bütün məsələlərdə
Ankaraya eyni münasibət bəsləyib.
Azərbaycanla
Türkiyə arasında strateji tərəfdaşlıq və
qarşılıqlı yardım haqqında yuxarıda qeyd
etdiyim sənədin imzalanması çox düzgün və
gələcəyə hesablanan bir addım kimi dəyərləndirilməlidir.
Belə ki, 2011-ci il oktyabrın 25-də İzmir
şəhərində keçirilən Türkiyə–Azərbaycan
Yüksək Səviyyəli Əməkdaşlıq
Şurasının ilk toplantısı çərçivəsində
iki dövlət tətəfindən danışıqlar aparılıb
və Türkiyə ilə Azərbaycan arasında qaz tranziti,
qaz təchizatı və qaz
alqı-satqısına dair sazişlər imzalanıb. 2012-ci
il sentyabrın 11-də Qəbələdə Yüksək Səviyyəli
Strateji Əməkdaşlıq Şurasının ikinci
iclasının keçirilməsi ilə Azərbaycan–Türkiyə
münasibətləri yeni inkişaf mərhələsinə
daxil olub. Bundan bir il sonra, noyabrın 13-də
Ankarada reallaşan üçüncü, 2015-ci il yanvarın
15-də isə gerçəkləşən
dördüncü iclasda Azərbaycanla Türkiyə
arasında iqtisadiyyat, enerji, energetika, nəqliyyat, müdafiə,
humanitar sahələrdə əməkdaşlığın
perspektivləri, Bakı–Tbilisi–Qars, TANAP layihələri ilə
bağlı işlərin uğurlu gedişi,
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi
müzakirə olunub, ikitərəfli, beynəlxalq və
qarşılıqlı maraq doğuran digər layihələr
barədə geniş fikir mübadiləsi aparılıb.
–
Enerji sahəsində səmərəli birgəfəaliyyət
barədə də bir qədər ətraflı məlumat verərdiniz...
– 1994-cü ildə Xəzər
dənizinin Azərbaycan bölməsindəki karbohidrogen
ehtiyatlarının işlənməsi üçün
Bakıda imzalanan “Əsrin müqaviləsi” layihəsi Azərbaycan
və Türkiyənin iqtisadi dirçəlişi və siyasi
gücünün artması üçün yeni bir stimul
yaratdı. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi isə Azərbaycan–Türkiyə
qardaşlıq münasibətləri çərçivəsində
birgə inkişaf platformasına həyat vəsiqəsi
qazandırdı. Eyni zamanda, Avrasiya məkanında nəinki Azərbaycanın,
o cümlədən digər qonşu ölkələrin
iqtisadi maraqlarını da şərtləndirdi.
Ümummilli lider Heydər
Əliyevin xarici siyasət kursunu novatorcasına, dinamik şəkildə,
çox uğurla davam etdirən Azərbaycan Prezidenti İlham
Əliyev qardaş Türkiyə dövləti ilə
münasibətlərin daha da inkişaf etdirilərək
strateji müttəfiqlik səviyyəsinə qalxması
üçün əhəmiyyətli addımlar atıb.
2006-cı il
iyulun 13-də Türkiyənin Ceyhan limanında Şərq-Qərb
enerji dəhlizinin mühüm qolunu təşkil edən və
ulu öndər Heydər Əliyevin adını daşıyan
Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin təntənəli
açılış mərasimi keçirilib. Bu hadisə
ümummilli liderin uzaqgörən və
düşünülmüş siyasətinin, eləcə də
uğurlu neft strategiyasının nəticəsi və vaxtilə
bəzi mütəxəssislərin inanmadığı
“Üç dəniz əfsanəsi”nin reallığa
çevrildiyi gün kimi tarixə düşüb.
Xəzər dənizi enerji
qaynaqlarının dünya bazarına
çıxarılmasını nəzərdə tutan
Bakı–Tbilisi–Ceyhan Boru Kəməri və Bakı–Tbilisi–Ərzurum
Qaz Boru Kəməri layihələrinin
reallaşdırılması da Azərbaycan və Türkiyə
arasında strateji ortaqlığa gedən yolda mühüm addım kimi
diqqət çəkib.
Ümumiyyətlə,
enerji mövzusu iki ölkə arasında böyük əhəmiyyət
daşıyan məsələlərdən biridir. Qlobal bir layihə olan TANAP, yəni Trans Anadolu Təbii
Qaz Boru Xətti layihəsinin reallaşması gerçəkləşib.
Şübhəsiz ki, TANAP-ın icrası ilə
Bakı–Tbilisi–Qars dəmir yolu və bu kimi layihələrlə
Azərbaycan və Türkiyənin mövqeyi, həmçinin
bölgədəki strateji əhəmiyyəti daha da
artıb. Bu istiqamətdə hər iki ölkə tərəfindən
əzm, qətiyyət və siyasi iradə nümayiş
etdirilib. Yeri gəlmişkən,
tanınmış siyasətçilər tərəfindən
Bakı–Tbilisi–Qars dəmir yolu, eləcə də Azərbaycanın
liderliyi ilə həyata keçirilən “Şahdəniz-2” və
“Cənub qaz dəhlizi” layihələri üçüncü
minillikdə Avrasiya qitəsinin enerji təhlükəsizliyinin
təminində həlledici amil kimi qiymətləndirilib.
–
Ölkəmizin təşəbbüsü ilə
reallaşdırılan beynəlxalq Şərq-Qərb nəqliyyat-kommunikasiya
dəhlizləri də Azərbaycan–Türkiyə münasibətlərinə
güclü təkan verib...
–
Qeyd etdiyiniz nəqliyyat-kommunikasiya dəhlizləri bölgə
və dünya ölkələrinə bu sahədə əlavə
üstünlüklər qazandırmaqla yanaşı, Azərbaycanın
regiondakı geosiyasi çəkisini də xüsusi
artırıb. Bu layihələr həm də beynəlxalq
yük daşımalarındakı səmərəliliyin təmin
edilməsində mühüm rol oynayıb. Bundan başqa,
Avrasiya Böyük İnformasiya Yolu layihəsinə BMT
Baş Assambleyasının qəbul etdiyi 3 qətnamədə
dəstək verilməsi Azərbaycan–Türkiyə iqtisadi
iş birliyinin daha bir real nəticəsi kimi ortaya
çıxıb. Bu layihəni birgə həyata keçirmək
Azərbaycan Respublikası ilə Beynəlxalq Telekommunikasiya
İttifaqına həvalə olunub.
Qeyd
etdiyim Avrasiya Böyük İnformasiya Yolu layihəsi Azərbaycanın
siyasi iradəsi və digər imkanları sayəsində qədim
İpək yolu üzərində qurulacaq beynəlxalq əhəmiyyətli
dəhlizdir. Bu yolun bir hissəsi TANAP layihəsi ilə
üst-üstə düşür. TANAP-ın tikintisində
onunla paralel olaraq yüksək informasiya
ötürücülüyü olan kabellərin, o cümlədən
informasiya daşıyıcısı olan digər mühəndis
qurğularının inşası gerçəkləşdirilib.
Ona görə də mütəxəssislər tərəfindən
TANAP Böyük İnformasiya Yolu layihəsinin “yol
açarı” kimi qiymətləndirilib.
Azərbaycanın
geostrateji mövqeyi bizə Avropanı Asiya ilə birləşdirən
körpü olmağa nadir imkan yaradır. Bu baxımdan,
Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan üçün həm
siyasi, həm iqtisadi, həm də strateji baõımdan
böyük əhəmiyyət daşıyır. Bu dəmir
yolu vasitəsilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə
və Türkiyəyə birbaşa gediş əldə edir.
–
Türkiyə və Azərbaycan, eyni zamanda, regional əməkdaşlıq
prosesinin fəal və əsas söz sahibi olan
iştirakçılarıdır...
– Söylədiyiniz fikirlə
bağlı onu vurğulaya bilərəm ki, Azərbaycan
Prezidenti cənab İlham Əliyev 2018-ci il aprelin 24-də
keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının VII iclasında Azərbaycanda Türkiyəni
sevən insanların qardaş ölkədə inkişaf
proseslərini
çox böyük sevinclə
qarşıladığını diqqətə
çatdıraraq Prezident Rəcəb Tayyib
Ərdoğanın dövründə Türkiyənin iqtisadi,
siyasi, sosial inkişafının azərbaycanlıları
ürəkdən sevindirdiyini bildirib: “...Türkiyə
bu gün dünya çapında bir gücdür və getdikcə
bu güc daha da böyüyür, dostlar sevinir, istəməyənlərin
isə kefi pozulur. Əminəm ki, Türkiyə bundan sonra da
yalnız və yalnız uğurlar, qələbələr
yolu ilə gedəcəkdir... Biz bütün məsələlərdə
bir yerdəyik. Mən qeyd etdiyim kimi, bu gün dünya
çapında ikinci belə ölkələr tapılmaz ki,
bir-birinə bu qədər yaxın olsun. Həm etnik köklər,
mədəniyyət, tarix və həm də ortaq maraqlar
baxımından da biz daim bir yerdəyik”.
Prezident
İlham Əliyev çıxışlarının birində
bildirib ki, biz qardaş ölkəyə
qarşılıqlı sərmayə qoyuluşunu getdikcə
artırırıq. Bu günə qədər Azərbaycan
Türkiyə iqtisadiyyatına 14 milyard dollardan çox,
Türkiyə isə Azərbaycan iqtisadiyyatına 13 milyard
dollara yaxın sərmayə qoyub: “Ancaq qardaş ölkələrə
bu qədər yatırım qoyula bilər. TANAP-ın, “Star”
neft emalı zavodunun açılışı, əlbəttə
ki, imkanları daha da artırıb. Azərbaycan sərmayəsi
hesabına Ege bölgəsinin ən böyük limanı olan
“Petlim” limanı inşa edilib. Bu, Türkiyənin
üçüncü böyük limanıdır”.
–
Bəs Azərbaycan –Türkiyə diasporunun beynəlxalq aləmdə
fəaliyyəti barədə nə deyə bilərsiniz?
–
Yaşadığımız qloballaşma əsri olduqca
mürəkkəb xüsusiyyətlərlə səciyyələnir.
Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək,
“qloballaşma prosesi çox vaxt heç də nikbinlik
doğurmur. Bu mürəkkəb və birmənalı qiymətləndirilməyən
prosesin perspektivləri hamımızı
düşündürür”.
Qloballaşma
zamanı insanlar milli mənsubiyyətindən və vətəndaşlığından
asılı olmayaraq ümumbəşəri dəyərləri
paylaşmalı olurlar. Belə bir dövrdə, biz milli-mənəvi
dəyərləri aşınmalardan qorumalıyıq.
Bu
isə diaspor təşkilatlarının üzərinə
çox ciddi missiyanın düşdüyünü ifadə
edir. Təbii ki, belə bir dövrdə dövlətlərarası
dostluqların diaspor təşkilatları arasında da
formalaşdırılması bir zərurətdir. Bu zərurəti Azərbaycan Prezidenti cənab
İlham Əliyev hələ 2013-cü ildə Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının Qəbələdə keçirilən III
Zirvə toplantısındakı çıxışı
zamanı aydın şəkildə səsləndirib və
strateji bir vəzifə kimi qarşıya qoyub.
Hazırda
istər Azərbaycan Respublikası, istərsə də
ayrı-ayrı dövlət və qeyri-dövlət
qurumları tərəfindən türksoylu xalqların birliyi
istiqamətində çoxsaylı layihələr həyata
keçirilir. Xüsusilə, Heydər Əliyev Fondu tərəfindən
ortaq layihələr reallaşdırılır, ortaq mədəni
dəyərlərin paylaşılmasına xidmət edən tədbirlər
təşkil edilir. Bütün bunlar türk
dünyasının birliyinə xidmət edir. Türk
Dünyası Yazarlar və Sənətçilər Vəqfi
tərəfindən 15-ci “Türk dünyasına xidmət”
mükafatının Heydər Əliyev Fondunun prezidenti,
UNESCO-nun və ISESKO-nun xoşməramlı səfiri, Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevaya təqdim edilməsi də bunu bir daha təsdiq
edir.
Azərbaycanın
20 faiz torpağı işğal altındadır, bir milyondan
çox insan öz doğma yurd-yuvasından didərgin
salınıb, məcburi köçkünlük həyatı
yaşayır. Minlərlə azərbaycanlı vəhşiliklə
qətlə yetilib və təəssüf ki, Ermənistan hələ
də öz işğalçılıq siyasətini davam
etdirir. Və nəinki davam etdirir, daha böyük
xülyalarla sərsəm bəyanatlar verir, məkrli planlar
qurur.
Burada
bir məsələni də qeyd etmək istərdim. Azərbaycan
və Türkiyə Avropa Şurasının üzvü
olsalar da, ancaq hər iki qardaş ölkə daim ədalətsizliklə
üzləşib. Azərbaycan Prezidenti İlham Əliyevin də
dediyi kimi, Azərbaycan və Türkiyə Avropa
Şurasına üzv olduqları dövrdə daim hədəf
seçiliblər. Bu, həmin təşkilatda mövcud olan
ayrı-seçkilik, riyakarlıq və ikili standartların
bariz nümunəsidir.
Avropa
Şurası dünyanın bir sıra ölkələrindəki
antidemokratik addımlara göz yumur. Türkiyə və Azərbaycana
münasibətdə tənqid islamofobiyanın təzahüründən
başqa bir şey deyil. Avropa Şurası vahid standartlar tətbiq
etmək əvəzinə, bəzi ölkələrdə
müxtəlif pozuntular uydurur, digər ölkələrdə
isə bu pozuntuları görməzdən gəlir. Avropa
Şurasının bu cür ədalətsiz hərəkətlərinə
qarşı Azərbaycan Prezidenti dəfələrlə yerində
cavab verib. Azərbaycan və Türkiyə daim siyasi sifariş
əsasında hədəf seçilib, ölkələrimiz
haqqında olmayan yalanlar uydurulub və yayılıb. Ona
görə də Prezident İlham Əliyevin də dediyi kimi,
bu təşkilata olan ümidlər çoxdandır ki, itib.
Türkiyə
hər zaman qardaş Azərbaycanın yanındadır.
Türkiyə Dağlıq Qarabağ münaqişəsini
öz problemi hesab edir. Bu münaqişə ilə
bağlı həqiqətlər Türkiyə dövləti tərəfindən
beynəlxalq tribunalardan dünya ictimaiyyətinin diqqətinə
daim çatdırılır.
Türkiyədə
Xocalı faciəsini gənc nəslin yaddaşına həkk
etmək üçün onlarla abidə və park istifadəyə
verilib. Türkiyənin böyük şəhərlərindən
biri hesab olunan Kocaelidə 31 mart və Xocalı
soyqırımları ilə bağlı muzey fəaliyyət
göstərir. Burada dünyanın 100-dən çox
televiziya kanalı xüsusi reportajlar və sənədli filmlər
hazırlayıb. Bundan başqa, Türkiyə Azərbaycan Dərnəkləri
Federasiyası ilə birgə fəaliyyət göstərən
Heydər Əliyev Mədəniyyət Evində Azərbaycanın
tarixini və ədəbiyyatını əks etdirən
kitabxana var.
Müsahibəni
hazırladı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
Xalq qəzeti. - 2020.- 21 iyun.- S.6.