Milli
ali iqtisad təhsili mərkəzi
Azərbaycan
Dövlət İqtisad Universiteti – 90
Bugünlərdə respublika
ictimaiyyəti Azərbaycan Dövlət İqtisad Universitetinin
90 illik yubileyini təntənə ilə qeyd edir. Ölkəmizin
bu nüfuzlu ali məktəbinin əsası rəsmi şəkildə
1930-cu ildə qoyulmuşdur.Tarixə nəzər salsaq görərik
ki, indiki İqtisad Universiteti müxtəlif dövrlərdə
ayrı-ayrı adlar altında fəaliyyət
göstərmişdir.
Respublikamızda
sovet dövrünün ilk onilliyinin tamamında Xalq Komissarları
Sovetinin sədri Dadaş Bünyadzadənin əmri ilə Azərbaycan
Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin
bazasında Ticarət Kooperativ İnstitutu təsis olub. Ali məktəbin ilk tələbələrinin
sayı 240 nəfər, rektoru isə Mehdi İsmayılov olub.
1933-cü ildə ilk 7 məzuna diplom verilib. 1933-cü il
yanvarın 2-də Azərbaycan hökumətinin qərarı
ilə Ticarət Kooperativ İnstitutunun bazasında Karl Marks
adına Azərbaycan Sosial-İqtisad İnstitutu
yaradılıb. Yeni təşkil edilən ali məktəbin
tərkibinə Sosialist Uçotu, Sovet Quruculuğu və
Hüquq, Maliyyə və Plan-İqtisad institutları da daxil
edilib.
Birləşmiş
ali məktəb 1936-cı ilin sonunadək fəaliyyət
göstərib.
1936-cı
il dekabrın 30-da Azərbaycan SSR Xalq Komissarları Soveti
Sosial-İqtisad İnstitutunun əsasında Karl Marks adına
Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun
yaradılması haqqında qərar qəbul edib. Bu dəfə
ali məktəbin tərkibinə Azərbaycan Sovet Ticarət
İnstitutu da daxil edilib. Bu institut 1937-ci il
yanvarın 15-də fəaliyyətə başlayıb,
müstəqil ali təhsil müəssisəsi kimi 1941-ci ilin
iyul ayına kimi mövcud olub və 1944-cü ilin sonuna qədər
yalnız Azərbaycan Dövlət Universitetinin tərkibində
iqtisadiyyat fakültəsi kimi fəaliyyət göstərib.
1944-cü
ilin dekabrında K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı
İnstitutu bərpa edilib və 1959-cu ilin martında
bağlanaraq yenidən Azərbaycan Dövlət Universitetinə
birləşdirilib. ADU-da iqtisadiyyat sahəsində mütəxəssislərin
hazırlanması əvvəlcə ümumi iqtisadiyyat, 1962-ci
ildən isə iqtisadiyyat və əmtəəşünaslıq
fakültələrində aparılıb. Bu fakültələr
1966-cı ilədək Azərbaycan Dövlət Universitetinin
tərkibində qalıb. Yeri gəlmişkən, xatırladaq
ki, ümummilli lider Heydər Əliyev 1957-ci ildə o zaman
indiki İqtisad Universitetinin əsas binasında fəaliyyət
göstərən Azərbaycan Dövlət Universitetinin ( indiki BDU ) 305-ci auditoriyasında diplom
müdafiəsini edib. Hazırda burada Heydər Əliyev
İqtisadi İrsinin Öyrənilməsi Mərkəzi yerləşir.
1966-cı
ilin fevral ayında İqtisad Universiteti Dadaş Bünyadzadə
adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu
adı ilə bərpa olunub. Bu barədə qəbul
edilən qərarla 1966-ci il sentyabrın 1-də Azərbaycan
Dövlət Universitetinin tərkibindəki ümumi iqtisadiyyat
və əmtəəşünaslıq fakültələri,
eləcə də Azərbaycan Neft-Kimya İnstitutunun mühəndis-iqtisad
fakültəsinin bir neçə yeni ixtisası yeni təşkil
edilən Azərbaycan Xalq Təsərrüfatı
İnstitutunun tərkibinə verilib. Müstəqil işləyən
Azərbaycan Xalq Təsərrüfatı İnstitutu 1987-ci ilə
qədər mövcud olub.
1987-ci ilin oktyabr ayında
institut müstəqil fəaliyyətini dayandıraraq
N.A.Voznosenski adına Leninqrad Maliyyə–İqtisad
İnstitutunun Bakı filialına çevrilib. 1990-cı ilin
iyulunda SSRİ Nazirilər Sovetinin qərarı ilə Azərbaycan
Dövlət İqtisad İnstitutu yenidən fəaliyyətə
başlayıb. “Azərbaycan
Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi
haqqında “ Azərbaycan Respublikası Prezidenti Heydər
Əliyevin 349 saylı 13 iyun 2000 ci il tarixli fərmanı ilə
Azərbaycan Dövlət İqtisad İnstitutunun, Bakı
Əmtəəşünaslıq və Kommersiya
İnstitutunun bazasında indiki Azərbaycan Dövlət
İqtisad Universiteti yenidən formalaşdırılıb.
Universitet
iqtisadiyyat və biznes profili üzrə Azərbaycanın ən
böyük, Şərqi Avropa və Mərkəzi Asiyanın
isə 4-cü ali məktəbidir. Azərbaycan Dövlət
İqtisad Universitetində (UNEC) tədris Azərbaycan, ingilis,
rus və türk dillərində həyata keçirilir.
Universitetdə 9 fakültə və 33 kafedra fəaliyyət
göstərir, 403 professor və dosent çalışır.
Bu ali məktəbdə 20 mindən çox tələbə,
magistr və doktorant təhsil alır.
Azərbaycanda
ilk dəfə olaraq universitetimizdə bütün tədris
prosesi tamamilə elektronlaşdırılıb. Bütün
auditoriyalarımız elektron tribuna və proyektorlarla təchiz
edilib. Tələbə və müəllimlər tədris
resurslarını elektron kabinetlərindən əldə edə
bilirlər. Universitetdə mövcud olan Beynəlxalq
İqtisadiyyat Məktəbində ingilis dilində, Rus
İqtisad Məktəbində rus dilində, Türk
dünyası işlətmə fakültəsində isə
türk dilində təhsil almaq mümkündür .
UNEC dünya reytinqlərindəki
mövqeyini hər keçən dövrdə daha da yüksəltməkdədir
. UniRank reytinq təşkilatı 2020-cu ilin fevral ayında
dünya universitetlərinin reytinqini açıqlayıb. 200-dən
artıq ölkədə rəsmi qeydiyyatdan keçmiş 13
mindən çox ali təhsil müəssisəsinin təhlili nəticəsində
müəyyən edilən reytinq sıralamasında UNEC ötən
illə müqayisədə 497 pillə irəliləyərək
dünyada 225-ci yerə yüksəlib. Həmin reytinq
agentliyinin regional reyting sıralaması olan "Asiyanın 200
ən yaxşı universiteti" sıralmasında UNEC 167 pillə
irəliləyərək Asiyanın 27-ci ən yaxşı
universiteti seçilib. Bu sıralamada UNEC Yaponiyanın (Osaka Universiteti, Waseda
Universiteti), Çinin (Shenzen Universiteti) universitetləri ilə
bir sıradadır.
Universitetdə islahatların aparılmasının nəticəsi
olaraq, son dövrdə təhsil və elmi sahədə
böyük uğurlar əldə edilib. Belə ki, Tələbə İşləri
Mərkəzi yaradılması, eləcə də UNEC
Könüllüləri Tələbə Təşkilatı,
Əcnəbi Tələbələrin Cross Culture Təşkilatı
və UNEC Mentorluq Xidmətinin yaradılması barədə qərar
qəbul edilib. UNEC-in müəllim, əməkdaş
və tələbələrinin rəqəmsal vərdişlərinin
daha da artırılması məqsədilə distant təhsil
verən dünya universitetlərinin təcrübəsinə əsaslanan
və tələbələrdən ibarət olan Rəqəmsal
Könüllülər Təşkilatı yaradılıb.
Ali məktəbdə Nobel
mükafatçılarının, eləcə də
nüfuzlu xarici mütəxəssislərin təmsil
olunacağı UNEC Beynəlxalq Ekspertlər Şurası və
distant təhsilə keçidlə bağlı ciddi
araşdırmaların aparılması məqsədilə
Distant Təhsil Tədqiqat İnstitutu yaradılıb. Universitetdə
müasir tələblərə cavab verən rəqəmsal
iqtisadiyyat və mühəndislik fakültələrinin
yaradılması barədə qərar qəbul edilib.
Bildiyimiz
kimi, bütün elmlərin bünövrəsi təhsillə
bağlıdır. Məhz, bu baxımdan, bu
gün bizim təhsil sistemimiz mükəmməl olub, gələcəkdə
elmin inkişafına öz təsirini göstərməlidir.
Çünki təhsil hər bir dövlətin, ölkənin,
cəmiyyətin həyatının, fəaliyyətinin
mühüm bir sahəsidir va bu səbəbdən də
dəyişə bilən ən böyük amil elm və təhsildir.
Dünya ölkələrinin inkişaf dinamikasına nəzər
salsaq görərik ki, onlar dünya arenasında tutduqları
mövqeyə elm və təhsildəki uğurların sayəsində
gəlmişlər.
Azərbaycan
xalqının ümummilli lideri, görkəmli ictimai-siyasi
xadim Heydər Əliyev deyirdi: “Hər bir
dövlət əgər istəyirsə ki, öz ölkəsinin
inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini
dünya standartlarına çatdırsın, o, mütləq,
hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin
inkişafına səy göstərməlidir, təhsil
üçün bütün imkanları yaratmalıdır”.
“Təhsil millətin gələcəyidir”--
deyən Heydər Əliyev Azərbaycanda təhsil sisteminin
müasir tələblər səviyyəsinə qalxmasına
həmişə diqqət yetirmiş, təhsilin cəmiyyətdə
bütün sahələrin inkişafının intellektual
bazisi olduğunu bildirmişdir: “Təhsil sahəsi nə
sənayedir, nə kənd təsərrüfatıdır, nə
ticarətdir. Bu, cəmiyyətin xüsusi intellektual cəhətini
əks etdirən sahədir. Belə halda təhsil sisteminə
çox diqqətli yanaşmaq lazımdır və bu sistemə
münasibət çox həssas olmalıdır”.
Ümummilli liderin ikinci dəfə
hakimiyyətə gəlişindən sonra yeni məktəblərin
inşası, müasir dərs metodlarının tətbiq
olunması ilə bağlı ciddi işlər görülməyə
başlandı. Müstəqilliyin ilk illərində təhsil
sistemində əmələ gəlmiş
özbaşınalığa, hərc-mərcliyə
son qoyuldu. Təhsil sistemində aparılan köklü
islahatlar tədrisi yeni mərhələyə qaldırdı,
beynəlxalq səviyyəyə çatdırdı.
Bu
gün ulu öndərin təhsil siyasəti Prezident İlham
Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Birinci
vitse-prezident, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri, birinci xanım
Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.
Dövlət başçısı həmişə
vurğulayır ki, dövlətin, xalqın gələcəyi
intellektual inkişafla bağlıdır və elmə qoyulan sərmayə
millətin sabahına xidmət edir. Prezident İlham
Əliyevin imzaladığı “2019--2023-cü illər
üçün Azərbaycan Respublikasında ali təhsil
sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə Dövlət
Proqramı”nın müstəsna rolu qeyd olunmalıdır.
Burada
yapon atalar sözü yerinə düşür: “Elm yolunda xərclənən
pul gələcək üçün qoyulan ən
böyük sərmayədir”. Belə bir deyim də var:
“İqtisadiyyatın açarı texnikada, texnikanın
açarı texnologiyada, texnologiyanın açarı elmdə,
elmin açarı isə təhsildədir”. Bu baxımdan Azərbaycan
Dövlət İqtisad Universitetində son illərdə elmə
ayrılan xərclər ildən-ilə artır. Belə ki,
buna əyani sübut olaraq son dövrdə yüksək
reytinqli jurnallarda məqalələrin çap edilməsini
göstərə bilərik.
Bu
gün təhsil sahəsində davamlı olaraq islahatlar həyata
keçirilməkdədir. Bütün bunlar bir
daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili
özünün zəngin, mütərəqqi ənənələrinə,
milli-mənəvi və ümumbəşəri dəyərlərə,
beynəlxalq təcrübəyə əsaslanaraq daha da
inkişaf edəcəkdir. Çünki qazanılan bütün
nailiyyətlər, məhz ulu öndər Heydər Əliyev
ideyalarından güc alır.
Fikrimi
yunan filosofu Platonun maraqlı yanaşması ilə tamamlamaq
istərdim: “Elmlər insan ruhunun gözünü təmizləyir
və yenidən açır. Ruhun gözü min dənə
adi gözdən önəmlidir, çünki ancaq onun köməyi
ilə həqiqəti görmək mümkündür”. Həyatda
həqiqətləri görmək üçün isə təhsilimizi
davamlı, elmimizi işıqlı etməliyik.
Arif
ŞƏKƏRƏLİYEV,
Azərbaycan
Dövlət İqtisad Universitetinin kafedra müdiri, professor,
Əməkdar elm xadimi
Xalq qəzeti. - 2020.- 21 iyun.- S.7.