Azərbaycan II Dünya müharibəsi
illərində: faktlar və reallıqlar
Bakı nefti
olmasaydı, faşizm üzərində Qələbə də
mümkün olmazdı
Ziyad
SƏMƏDZADƏ,
AMEA-nın həqiqi
üzvü, iqtisad elmləri doktoru,
Milli Məclisin deputatı
(əvvəli
http://xalqqazeti.com/az/news/50208)
Biz tarixdə bu əlamətdar günə qayğı
ilə yanaşır, döyüş meydanında və arxa cəbhədə
qələbəyə töhfə verənlərin xatirəsini
ehtiramla yad edir, öz həyatları bahasına dünyanı
faşizmdən xilas etmiş zabit və əsgərlərin
igidliklərinə hörmətimizi bildiririk.
Biz öz veteranlarımızı qorumalıyıq. Ən
başlıcası, onların mənəvi ruhu, nikbinliyi və
həyatsevərliyi, əlbəttə, bizi heyrətləndirir,
təəccübləndirir və biz onlarla yalnız fəxr
edə bilərik.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Almanlar
Bakını alsaydı–neft mədənləri partladılacaqdı
...
Sovet qoşunlarının şiddətli müqavimətinə
baxmayaraq, müharibənin gedişində düşmən
müəyyən uğurlar qazana bilmiş, vacib iqtisadi
rayonları ələ keçirmişdi. Ona görə
Bakının başı üzərində daha ciddi təhlükə
yaranmışdı. Əsas məsələ
isə almanların Bakını alacağı təqdirdə
neft mədənlərinin partladılması idi.
1942-ci il iyul ayının 1-də Stalin məşhur həmyerlimiz
Nikolay Konstantinoviç Baybakovu yanına
çağırıb demişdi: “Siz Qafqaza gedirsiniz və
yerli neft mədənlərini minalayırsınız. Əgər Hitlerə bircə ton da olsa, neft
saxlasanız, sizi mən özüm güllələyəcəyəm.
Yox, əgər Hitler gedib Qafqaza çatmasa, siz
neft mədənlərini vaxtından əvvəl
partlatmış olsanız, onda biz yenə də sizi güllələyəcəyik”.
Cavan, 30 yaşını təzəcə adlamış nazir
müavini özündə güc, cəsarət tapıb
söyləmişdi: “Yoldaş Stalin, siz mənə heç
seçim yolu saxlamırsınız”. Sonra
N.Baybakovun qrupu təcili olaraq Bakıya yola düşdü.
Burada onun qarşısında duran vəzifə belə idi:
düşmənə bir damla da neft verməmək!
Dövlət
Müdafiə Komitəsinin 14 avqust 1942-ci il tarixli “Bakı neft
sənayesi üzrə xüsusi hazırlıq tədbirləri
haqqında”kı qərarında yaranmış hərbi vəziyyətlə
əlaqədar nəzərdə tutulmuşdu ki, SSRİ Daxili
İşlər Komissarlığı SSRİ Neft Sənayesi
Xalq Komissarlığı ilə birlikdə Bakı neft sənayesi
obyektlərinin (quyuların, sisternlərin, rezervuarların,
müəssisələrin və avadanlıqların)
sıradan çıxarılmasına hazırlıq üzrə
xüsusi tədbirlər həyata keçirsin. SSRİ Daxili
İşlər Xalq Komissarının müavini yoldaş
Merkulov və neft sənayesi xalq komissarının müavini
yoldaş Baybakov Bakıya ezam olunsunlar və
aşağıdakı tədbirləri həyata keçirsinlər:
–hazırlanmış tədbirlərin həyata
keçirilməsi üçün hər obyektə
üçlükdən– obyektin rəhbəri, partiya təşkilatı
rəhbəri və XDİK-nın oper-işçisindən
ibarət heyət ayrılsın;
–miqdarı
əvvəlcədən hesablanmış partlayıcı maddələr
lazım gələn vasitələr və alətlərlə
birlikdə obyektlərə gətirilsin;
–xüsusi
tədbirlərin həyata keçirilməsində iştirak
etmələri nəzərdə tutulan şəxslərdən
hər bir obyektə sutkaboyu növbətçilər qoyulsun;
–Merkulov və
Baybakov yoldaşlar bütün işləri Azərbaycan rəhbərliyi
ilə birlikdə aparsınlar.
Bunlar ağlasığmaz sətirlərdir, lakin real həqiqətlərdir. Düşmən
isə irəliləyirdi. Bu vaxt DMK yeni,
tamamilə məxfi bir qərar qəbul etdi. Öz qərarında DMK elə hesab edirdi ki, sovet
qoşunlarının məcburən geri çəkildiyi halda
fəaliyyətdə olan neft quyuları fondu, neft mədən
təsərrüfatları, neft emalı zavodlarının
partladılmasına hazırlıq işləri
aparılmalı, sonra da məhv edilməlidir.
Sənədlərdən məlum olur ki, həmin günlərdə
feldmarşal Maynşteyn telefonla Hitlerə yalvarır ki,
Qafqazdakı alman qoşunlarını onun tabeliyinə
keçirsin.
O da həmin qoşunla Stalinqrad altında mühasirəyə
düşmüş orduya köməklik göstərsin.
Fürer cavab verir: “Bakını tutmaq hər şeydən
vacibdir. Əgər Qafqaz neftini almasaq, müharibəni
uduzmuşuq!”
Ancaq sonrakı hadisələr göstərdi ki, Hitler
çox tələsibmiş. Bakını tutmaq
almanlara nəsib olmadı, üstəlik, faşist
Almaniyası Bakı neftində boğuldu. Yanacaqsız
qalan almanların tank qoşun birləşmələri Qafqaz
dağlarının ətəyindəcə dayanmağa məcbur
oldu. Almaniya neft uğrunda gedən
böyük müharibənin ən həlledici mərhələsini
uduzdu. Bu strateji məğlubiyyət idi.
Bakının neft yataqları isə son anda
partladılmadı.
Azərbaycan neftçilərinin əməyi
dövrün tanınmış siyasətçiləri, hərbçiləri
tərəfindən də yüksək qiymətləndirilirdi. Məsələn, Sovet
İttifaqı marşalı Georgi Jukov xatirələrində
yazırdı: “Bakı neftçiləri Vətənimizin
müdafiəsinə, onun düşmən üzərində
Qələbəsinə nə qədər lazımdırsa, o
qədər də yanacaq verirdi”. “Qorxmaz
şahinlərin hər bir döyüş zərbəsində,
sovet tankçılarının hər bir reydində, alman
faşist qüvvələri üzərindəki hər bir qələbədə
heç də az olmayan uğur payı Bakı neftçilərinə
məxsusdur”. Bu fikirlər isə Sovet
İttifaqı marşalı Konstantin Rokosovskinin Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər
Bağırova yazdığı məktubda yer
almışdı.
Təəssüf ki, müharibədən sonra sovet rəhbərliyi
Bakının Qələbənin əldə edilməsində
tarixi rolunu qiymətləndirmədi. Bakıya “Qəhrəman
şəhər” fəxri adı verilmədi. Rusiya alimi və
politoloqu A.Sevastyanov bu barədə yazır: “Müharibədən
sonrakı illərdə bayramlarda, ildönümlərində
sovet rəhbərlərindən kiminsə Qələbədə
Bakı neftinin rolu haqqında durub
danışmağını heç xatırlamıram. Bakıya “Qəhrəman şəhər” fəxri
adı verilmədi. Yada düşmədi,
görmədilər, gözə dəymədi, sənəd
çatmadı və sair və ilaxır... SSRİ-nin taleyi
1941-ci və 1942-ci illərin payızında nazik simdən
asılı qaldı. Bakı neftçilərinin
sayəsində bu nazik sim qırılmadı”.
Bakı həm
də SSRİ-nin iri silah istehsalı mərkəzi idi
Böyük
Vətən müharibəsi ərəfəsində sovet
hökuməti ölkənin müdafiə qabiliyyətinin artırılması
və möhkəmləndirilməsi üçün geniş
plan işləyib həyata keçirməyə
başladı. Bu plana uyğun olaraq, müharibənin ilk
günlərindən Bakının bütün müəssisələri
12 saatlıq iş gününə keçdi. Respublikanın
maşınqayırma müəssisələrinin
gücünün 95 faizi hərbi texnika, silah-sursat
istehsalına yönəldi.
Arxiv materialları və həmin dövrün mətbuatında
dərc olunmuş məqalələrə əsasən, bəzi
faktlara diqqət yetirək. Bunlardan biri 1942-ci ilin
iyul ayında Bakıda çox qısa müddətdə Hərbi
Sursat Xalq Komissarlığının “Katyuşa”
üçün M-13 mərmiləri istehsal edən 610
saylı yeni zavodunun yaradılmasıdır. Zavod elə bu cür də adlanırdı – mərmi
hazırlayan zavod.
Bu reaktiv mərminin korpusu, detalları, ayrı-ayrı
hissələri müharibənin ilk günündən istehsal
yönünü dəyişən yerli sənayenin müxtəlif
profilli zavodlarında istehsal olunurdu. Azərbaycan
K(b)P MK mərmi
korpuslarının fasiləsiz istehsalını “L.Şmidt”,
“Kirov”, “Zaqfederasiya”, “Oktyabr inqilabı”, “Paris kommunası”,
“Budyonnı”, “Bakinski raboçi”, “Montin”, “Beriya”, “Lenin”, Hüsü
Hacıyev, Volodarski adına zavodlara, 458 nömrəli və “1
May” zavodlarına, “Əzizbəyovneft”, “Molotovneft”
zavodlarının, Dmitrov adına zavodun emalatxanalarına və
“Azprosovet”ə tapşırmışdı.
1941-ci ilin sonunda hərbi məhsul istehsal edən zavod
sexləri planı 200 faiz yerinə yetirmişdilər. Artıq ilin
axırına yaxın Azərbaycanda 130 növdə silah,
döyüş sursatı, hərbi ləvazimat, mal-material
istehsal olunurdu. 1942-ci ildə Bakıda
“doğulmuş” “YAK-3” qırıcıları cəbhəyə
uçmağa başlamışdı. Qeyd edək ki,
Yerli Sənaye Xalq Komissarlığının, eləcə də
“Azərsənayeşurası”nın xətti
ilə Bakıda (Leninqraddan sonra) partladıcı maddə olan
“Molotov kokteyli” istehsalına başlanmışdı. 1941-ci ilin 8 noyabrında 35 min ədəd
yandırıcı butulka və 14 min ehtiyat patron istehsal
olunmuşdu. Müəssisənin istehsal
gücü isə sutka ərzində 10 min ədədə
çatdırılmışdı.
Aviabombaların
istehsalına başlayan gəmi təmiri zavodu planı
vaxtından əvvəl ödəyirdi. Avtomobil
təmiri zavodunun kollektivi “M-13” minomyotu hissələri,
“PPŞ” avtomatları, tank hissələri istehsal edirdi. Gəncə şəhərində isə 12 sənaye
müəssisəsi müharibənin tələbləri əsasında
yenidən qurulmuşdu və 26 adda hərbi məhsul istehsal
edirdi.
Azərbaycanın
mühəndis-texniki işçilərinin və alimlərinin
səyi nəticəsində Bakının neft emalı müəssisələri
cəbhə üçün yüksək oktanlı benzin
istehsalını uğurla həyata keçirirdilər. Bununla yanaşı, ordunun təminatı
üçün partladıcı, yandırıcı, zərərverici
maddələrin, əl qumbaralarının istehsalı da tələb
olunurdu. Bütün bu işlərdə
öz dərin elmi biliklərini ortaya qoyan Azərbaycan alimləri
tank əleyhinə yandırıcı butulkalar
üçün ampulanın tərkibini işləyib
hazırladılar və uğurla sınaqdan keçirdilər.
Bu döyüş
vasitələrinin hazırlanmasında neft, kerosin və benzin
kimi tezalışan məhsullardan istifadə olunurdu. Alimlərimiz yandırıcı maddə kimi
xlorlu-xromil adlı yeni kimyəvi birləşməni də kəşf
etmişdilər. Kimyaçılar hərbi
dövrün tələb etdiyi kimi, ən qısa vaxt ərzində
neft sənayesi tullantılarından tüstülü
döyüş briketlərinin, yerli xammaldan zəhərli maddəni
udan süzgəclərin, tank əleyhinə butulkalar
üçün fitillərin, oddan müdafiə rənglərinin
alınması və başqa bu kimi vacib məsələlərə
əncam çəkdilər.
Dənizçilərimiz və dəmiryolçular
arxadan ön cəbhəyə körpü
salmışdılar
Müharibə
başlayanda Xəzər gəmiçiliyi yük dövriyyəsinə
görə SSRİ-də birinci yeri tuturdu. SSRİ-nin bütün dənizləri ilə
daşınan yüklərin üçdəbiri Xəzər
dənizinin payına düşürdü. Xəzər
dənizinin rolunu və əhəmiyyətini müəyyənləşdirən
başlıca yüklər neft və neft məhsulları idi
ki, bu da əsasən Bakıdan Həştərxana, oradan da
Volqaboyunca yuxarıya, SSRİ-nin müxtəlif rayonlarına
daşınırdı. Artıq 1941-ci ilin
iyulundan Bakı limanı vasitəsilə ölkənin qərb
rayonlarından köçürülən insanların, zavod
və fabrik avadanlıqlarının, taxılın və
başqa yüklərin Orta Asiyaya, Qazaxıstana göndərilməsinə
başlanmışdı.
Dövlət Müdafiə
Komitəsinin sənaye avadanlıqları, qoşun birləşmələri,
sərnişin və yüklərin təxliyəsi ilə
bağlı qərarının yerinə yetirilməsi Xəzər
hövzəsinin bütün dəniz nəqliyyatı
işçilərindən qüvvələrini daha da cəmləşdirməyi,
səyləri artırmağı, mövcud imkanların səfərbər
olunmasını tələb edirdi. Bəzən
planda nəzərdə tutulmayan on minlərlə sərnişinin,
yüz min tonlarla müxtəlif yüklərin ən qısa
müddət ərzində daşınması vacib idi. DMK-nın tapşırığına əməl
olunaraq gəmilərin müəyyən hissəsi Hərbi Dəniz
Donanmasının sərəncamına verilmişdi. Gəmi heyəti ən xırda imkanlarından belə
istifadə edib, dəridən-qabıqdan
çıxırdılar ki, göyərtəyə, anbarlara
daha çox insan yerləşdirə bilsinlər, sahildə
insanları ümidsiz buraxmasınlar. Bütün
cəhdlərə baxmayaraq, gəmilər
çatışmırdı. İnsanların
təxliyəsi üçün bütün motorsuz gəmilərdən,
hətta geniş, göyərtəsi 2000 nəfər tutan yedəkçi
taxta-şalbanlardan belə istifadə olunurdu. İnsanları neft tankerlərində belə
daşıyırdılar. Tankerlər
qarışıq yüklər aparırdı. Anbarlar neft və neft məhsulları ilə
ağzınacan dolurdu, göyərtədə isə insan əlindən
tərpənmək olmurdu.
Eyni zamanda, Xəzərlə
hərbi ləvazimatlar, texnika da daşınırdı. Xüsusən yanacaqla doldurulmuş tankerlərdə
hərbi yüklərin neft məhsulları ilə
qonşuluğu, üstəlik, gəmilərə yüklənmiş
tanklara da yanacağın doldurulması açıqca təhlükə
mənbəyi, odla oynamaq idi. Xəzər dənizçiləri,
məhz, belə böyük bir riski, məsuliyyəti gözə
alaraq verilən tapşırıqları yerinə yetirirdilər.
Hərbi hissə və birləşmələrin
Xəzər dənizi vasitəsilə təcili
daşınması 1941-ci ilin iyul ayından həyata
keçirilməyə başladı.
Hərbi donanmanın gəmiləri
neft və başqa yükləri daşıyan tankerləri
müşayiət edir, öz zonasında hava hücumundan
müdafiə tapşırıqlarını yerinə yetirir,
sualtı minaları zərərsizləşdirmə əməliyyatlarını
həyata keçirir və lazım gələndə desant
çıxarmağa belə köməklik göstərirdi.
Donanma Zaqafqaziya Cəbhəsi qoşunları
Şimal qrupunun əks hücumlarında mühüm rol
oynamış 2 atıcı və savaşçı korpusunu
Xəzərin qərb sahillərinə
çıxarmışdı. Bundan başqa, Qafqazın
müdafiəsi dövründə donanma 11 atıcı briqada,
5 atıcı alayı, 1000-dən çox tank və zirehli
maşın, 18,5 min at, 8 mindən çox top, 4 min avtomobil və
200 təyyarə daşımışdı.
Cəbhəyə daha
çox neft və neft məhsulları çatdırmağa
çalışan “Xəzərtanker”in dənizçiləri
müxtəlif vasitələrlə gəmilərin
yükgötürmə qabiliyyətini artırmağa
çalışırdılar. Bir
çox tanker heyətləri özü getməyən gəmilərin
ikiqat, üçqat yedəyə alınmasını
gerçəkləşdirdi. Dənizlə
daşınan neftin ümumi miqdarının 90 faizindən
çoxu Bakı limanından yola salınırdı. Bakı–Həştərxan marşrutu SSRİ baş
neft konveyerinin birinci sahəsi idi. Həştərxan
reysi, Mahaçqala, Krasnovodsk, Quryev limanları neft məhsullarının
boşaltma məntəqələri idi. Müharibə
illəri ərzində Xəzər dənizçiləri cəbhəyə
50 milyon ton neft və neft məhsulları, o cümlədən
B-74, B-76, B-70 aviabenzinləri, liqroin, solyar, kerosin, dizel
yanacağı, avtol, motor nefti, mazut daşıdılar.
Düşmən
aviasiyasının hücumları və bədbəxt hadisələr
nəticəsində 1942--1944-cü illər ərzində Xəzər
ticarət donanması 32 nəqliyyat gəmisini itirdi. 100 nəfərə yaxın dənizçi isə
döyüş meydanında həlak oldu. SSRİ Hərbi
Dəniz Donanması Xalq Komissarının 1942-ci il 8 avqust tarixli qərarı ilə Xəzər
Donanması “Döyüşən donanma” elan edildi. O vaxt
Zaqafqaziyanı bütün ölkə ilə birləşdirən
quru kommunikasiya xətləri artıq kəsilmişdi.
Stalinqrad uğrunda qızğın
döyüşlərin getdiyi bir vaxtda Xəzərin
kommunikasiya xətləri ilə 434 min 472 nəfər hərbi
və mülki şəxs, 96 təyyarə, 791 tank, 346 zirehli
maşın, 222 traktor, 173 min 730 baş at, 213 min 257 ton
döyüş sursatı və müxtəlif yüklər
daşındı. Bu da alman faşist
qoşunlarının qabağına sədd çəkməklə
yanaşı, Zaqafqaziya cəbhəsi Şimal qrupunun hücumunda
çox həlledici rol oynadı.
Təbii ki, bu yerdə
Azərbaycan dəmiryolçularının fədakarlığını
qeyd etməyə bilmərik. 1941–1945-ci illərdə
Zaqafqaziya dəmir yolunun Bakı şöbəsi dəmiryolçuların
şücaəti nəticəsində cəbhəyə və
xalq təsərrüfatının ehtiyacları üçün
1 milyon 600 min vaqon, o cümlədən, 480 min vaqona qədər
quru yük və 500 min sistern neft məhsulları göndərmişdi.
Azərbaycan dəmiryolçuları
azad olunmuş rayonların dəmiryolçularına da köməklik
göstərirdilər. Depo və yol
emalatxanalarının kollektivləri bu rayonların
stansiyalarına avadanlıq və alətlər göndərmişdilər.
Bakı və Biləcəri depolarından Stalinqrad, Tixoretski,
Minvod, Qafqaz və başqa stansiyalar üçün 36 adda
1000-dən çox alət, iki kompleks “Bekker”
qaldırıcı kranı, şpalları qaldırmaq
üçün avadanlıq, üç elektrik mühərriki,
dörd çilingər dəzgahı, Gəncə deposundan
Şimali Qafqaz dəmiryolçularına beş
dəst çilingər aləti, 100-dən çox parovoz
borusu, on dəst ressor və digər materiallar yola
salınmışdı.
Azərbaycan və Xəzər
SSRİ-nin cənubdan “həyat yolu” idi
Faşist Almaniyasına qarşı
mübarizədə SSRİ ilə birgə əməkdaşlığa
dair 1941-ci il oktyabrın 1-də bağlanmış
üçtərəfli sazişlə, habelə ABŞ-ın
“lend-liz” kredit və icarə haqqında qanununun həmin ilin
noyabrında SSRİ-yə də şamil edilməsi ilə
bağlı Böyük Britaniya və ABŞ İran körfəzi,
habelə İran ərazisindəki dəmir yolları, sonra isə
quru və dəniz yolları vasitəsilə müxtəlif təyinatlı
yüklər göndərməyə
başlamışdılar.
ə illərində
ABŞ və İngiltərədən, sonralar isə Kanadadan
SSRİ-yə 400 min avtomobil, 2,6 mln, ton neft və neft məhsulları,
9,6 min top, 10,8 min tank və 18,7 min təyyarə göndərmişdilər
ki, bunlar da Azərbaycan dəmir yolu nəqliyyatı vasitəsilə
təyinat yerlərinə çatdırılmışdı.
Hərbi yüklərin daşınması
üzrə işlərə rəhbərlik edənlərdən
biri də azərbaycanlı general-mayor Ə.Əzizbəyov
idi.
Beləliklə, Azərbaycan
“lend-liz” yükləri üçün əsl “həyat yolu”na çevrilmişdi. Yüklər
Azərbaycana İran ərazisindən daxil olurdu. Sonra isə bu yüklər dəmir yolu vasitəsilə
SSRİ-nin mərkəzi hissələrinə çatdırılırdı.
Həmçinin Xəzər dənizi yolu ilə
də yüklər Həştərxana
daşınırdı.
Stalinlə ABŞ
prezidenti Ruzvelt arasındakı razılaşmaya əsasən,
amerikalılar İran ərazisindən keçib SSRİ sərhədinə
çatan dəmir və şose yolları çəkmişdilər.
Bu iş ən qısa müddətdə, 1942-ci ilin iyununa qədər
başa çatdırılmışdı. Dəmir
yolu lokomotivlərlə vaqon və stansiyalarla təchiz
olunmuşdu. Bu yol İran körfəzindən,
bu ölkənin sərhədindən SSRİ-nin cənubuna,
Bakıya qədər uzanırdı. O zaman okeanın o
tayından 2 min 972 ton yük göndərilmişdi.
1942-ci ilin mayında
yüklərin göndərilməsi, orta hesabla, ayda 80-90 min
ton, 1943-cü ilin ikinci yarısında isə ayda 200 min ton təşkil
edirdi. Yüklərin sonrakı
daşınması Xəzər Hərbi Donanmasının gəmiləri
vasitəsilə həyata keçirilirdi. Bu
gəmilər 1942-ci ilin sonuna qədər alman faşist
aviasiyasının fasiləsiz hücumlarına məruz
qalırdı. Təkcə 1942-ci ilin
oktyabr və noyabr aylarında yuxarıda qeyd edildiyi kimi, 32-dən
çox yüklə dolu gəmi batırılmış, bəziləri
də ciddi zədə almışdı.
Müharibə ərzində
İrandan SSRİ-yə avtomobillər Tehran–Aşqabad,
Tehran–Astara–Bakı, Culfa–Orconikidze marşrutları üzrə
daşınırdı. Zirehli texnika ilə
yüklənmiş gəmilər isə 1943-cü ilin
martından Bakı limanına gəlməyə
başladı. Avtomobillər, bir qayda
olaraq, təyinat məntəqəsinə sürülüb
çatdırılırdı. Üstəlik,
həmin avtomobillərə ağzınacan “lend-liz” yükləri
də yüklənirdi. Tanklar isə dəmir
yolu platformalarına yüklənib Bakıya aparılır,
Bakıdan da lazımi istiqamətlərə paylanırdı.
Almanlar Volqaya
çıxanda (1942-ci ilin yayı və payızı)
Bakının Şimal rayonları ilə əlaqəsi kəsilmişdi.
Beləliklə, tanklar birbaşa Şimali Qafqaz
Cəbhəsinə yollanırdı. İran
marşrutu ilə daxil olan tankların sürülüb
aparılması məqsədilə 191-ci tank briqadası təşkil
edilmişdi. ABŞ-dan SSRİ-yə
“Aerokobra” adlanan qırıcı təyyarələr də gətirilirdi.
Azərbaycanın şəhər və
kəndləri ən qaynar arxa cəbhə idi
Xalqımızın qələbəyə
töhfəsinin təkcə ön cəbhə ilə məhdudlaşmamasından
söz açarkən, əsasən, Bakıda yerləşən
yüngül sənaye müəssisələrinin işini də
xüsusi qeyd etməliyik. Bütün
müəssisələr, rayon və sənaye kombinatları
Böyük Vətən müharibəsi başlanan ilk günlərdən
istehsal yolunu dəyişərək, əsasən müdafiə
tipli məhsulların buraxılmasına keçdi. Ordu üçün döyüş sursatı
detalları, qoşqu-araba hissələri, hospitallar
üçün mebel, yataq dəstləri, hava hücumundan
müdafiə sığınacaqlarında
quraşdırılan avadanlıq və bir sıra xüsusi ləvazimatlar
həmin məhsullara aid idi.
Ordu üçün
paltarların tikilməsi və təmiri məqsədilə
yerli sənaye müəssisələrinə sistemli şəkildə
sifarişlər, tapşırıqlar verilirdi. Belə işlərdə evdə çalışan
qadınlar, qızlar, gəlinlər də fəal iştirak edirdilər.
Onlar verilən tapşırıqları
xüsusi ruh yüksəkliyi ilə, canla-başla, yüksək
keyfiyyətlə, vaxtlı-vaxtında yerinə yetirirdilər.
Metal məmulatları zavodu müdafiə tipli məhsulların
hazırlanmasını və buraxılmasını tez bir
zamanda mənimsədi. Əsgər ayaqqabıları,
çəkmələr üçün mallar, ordu dəbilqələri,
araba detalları, qoşqu ləvazimatı, yəhərlər,
kənd təsərrüfatı inventarı və başqa məhsullar,
əsasən, yüksək dəyəri olmayan metalların,
digər növ qalıqların bazasında
hazırlanırdı.
Müharibəyə qədər əsasən
kənardan gətirilən, az tapılan
xammalla işləyən kimya zavodu son dərəcə
böyük işlərin öhdəsindən gəldi. 1942-ci ildən isə məhsul istehsalında yerli
xammal və sənaye tullantılarından istifadəyə
başlandı. Müharibə illərində
xüsusi məhsullar buraxan yeni sex quruldu. Ətriyyat
sexi işə düşdü. Başqa sexlər də
iş yönünü dəyişdi.
Hərb illəri ərzində
rezin məmulatları fabriki əhəmiyyətli
döyüş sursatları, neft sənayesinə gərəkli
məhsullar, eləcə də traktor hissələrinin
istehsalını mənimsəmiş oldu. Kimya
zavodunun rəng, ayaqqabı mazları üçün
xırda qablar düzəldən basma sexi cəbhə
üçün silahlarda sellüloid detalların
hazırlanmasına keçdi. Kimya zavodu cəbhəni,
həmçinin kifayət qədər təkər və
çəkmə mazları ilə təchiz etməkdə idi.
Kimya zavodunun istehsalı olan
çoxişlənən yeni malların sırasına duru
sabun, yuyucu məhlul və buna bənzər məhsullar:
diş tozu, üz kremi, vazelin, üz qırxmaq
üçün köpüklü şampun, səpməyə
qarşı toz və s. məhsullar daxil idi. Ümumilikdə,
Bakının yerli sənayesi müharibənin gedişində
ölkənin sənaye məhsullarına olan tələbatının
ödənilməsində tarixi xidmətlər göstərdi.
Digər faktlar da Azərbaycanda xalq təsərrüfatının
müharibə illərindəki fədakar əməyindən
xəbər verir. Belə ki, müharibə illərində respublikanın
müəssisələri 1419 min ədəd şinel, 4227 min dəst
yay geyimi, 3097 min alt paltarı, 1977 min cüt çəkmə,
1417 min patron çantası, 1468 min dəst trikotaj istehsal
etmişdi. 1941-1945-ci illərdə Azərbaycan xalq təsərrüfatından
orduya 5457 yük, 371 minik maşını və 301 digər
avtomobil səfərbər edilmişdi.
Azərbaycanın
yeyinti sənayesi müəssisələri də hərbi
dövrün çətinliklərini dəf edərək
verilən planları artıqlaması ilə yerinə
yetirirdilər. Bakı tütün fabriki əməkçilərinin
fədakar əməyi Azərbaycan hökuməti tərəfindən
dəfələrlə qeyd olunmuşdu. Respublika
yeyinti sənayesi işçiləri əhalini xüsusən
müharibə şəraitində çox vacib olan “C” vitamini
ilə təmin edə bilmişdilər. Ət–süd
Sənayesi Komissarlığı müəssisələrində
insulin istehsalı altı dəfə artmışdı.
Kənd əməkçiləri
də cəbhəyə bacardıqları qədər yardım
edirdilər. Onlar təkcə müharibənin əvvəllərində
ordunun fonduna öz şəxsi istifadələrində olan 18
min baş mal-qara, 52 min pud taxıl, 170 min pud müxtəlif
növ məhsul göndərmişdilər. Şəxsi
vəsaitlərdən müdafiə fonduna 15 kiloqram
qızıl, 952 kiloqram gümüş, 320 milyon rubl məbləğində
vəsait vermişdilər. Cəbhəyə 1,6 milyondan çox zəruri mal və 125 vaqon
isti geyim yola salınmışdı. Yalnız Leninqrad
üçün 1942-ci ilin yayına qədər Bakı
müəssisələri 2 vaqon qara kürü, 40 ton meyvə
qurusu, 12 vaqon tomat-püre və digər məhsullar, eləcə
də dərman və sarğı materialı
yollamışdılar.
Azərbaycan elmi də Qələbəyə
misilsiz töhfə vermişdi
Azərbaycan xalqı
öz nefti ilə yanaşı, öz elmi potensialı ilə
də Böyük Vətən müharibəsində Qələbənin
əldə edilməsinə sanballı töhfələr
verib. Azərbaycan alimləri Böyük Vətən
müharibəsi illərində “Hər şey cəbhə
üçün! Hər şey
düşmən üzərində Qələbə naminə!”
çağırışına cavab olaraq gecəli-gündüzlü
çalışırdılar. Vətənin
başının üstünü qara buludlar alanda onlar
bacarıq və biliklərini alman işğalçılarının
darmadağın edilməsinə yönəldərək, elmi
fəaliyyətlərinin xarakterini kökündən dəyişiblər.
Böyük Vətən müharibəsinin səkkizinci
ayında biz artıq yeni şəraitdə
çalışan alimlərimizin fəaliyyətinin bəzi
uğurlu yekunlarından söz aça bilərdik. Fiziklər, kimyaçılar, energetiklər, botaniklər
məsuliyyətli, ölkə üçün çox vacib
tapşırıqların yerinə yetirilməsi məqsədilə
lazım gələn vaxt möhlətini xeyli azaldaraq, xalq təsərrüfatının
müxtəlif sahələrinə, respublikanın neft sənayesinə
böyük köməklik göstərirdilər.
Onların kəşfləri ordumuz tərəfindən əməli
işdə, döyüş meydanlarında öz tətbiqini
tapırdı.
Həmin ərəfədə
görkəmli kimyaçı alim Yusif Məmmədəliyevin
başçılığı altında bir qrup alim neft-kimya
elmində böyük hadisə olan yüksək oktanlı
aviasiya yanacağı əldə etdi. Alimlərin
və istehsalçıların birgə işi nəticəsində
Bakıda yeni neft-kimya və kimya müəssisələri Y.Məmmədəliyevin
ideyası əsasında yüksək oktanlı alkilbenzol və
onun tərkib hissəsini istehsal edən yeni zavod fəaliyyətə
başladı.
Akademik Əli
Quliyevin də rolunu xüsusi qeyd etmək istərdim. O, Y.Məmmədəliyevlə birlikdə yüksək
keyfiyyətli aviasiya yanacağı sayılan alkilbenzin
alınması prosesinin tədqiqində, konkret olaraq sulfat
turşusunun iştirakı ilə təbii qaz benzinin baş
fraksiyasının alkilləşməsi prosesinin işlənib
hazırlanması ilə məşğul olub.
Ümumilikdə, alimlərimiz Rüstəm
İsmayılovun, Murtuza Nağıyevin, İzzət
Orucovanın, Şıxbala Əliyevin həmin dövrdə
xidmətləri böyük idi. Onlar 100 növ
neft-kimya məhsullarının, o cümlədən, 38 növ
sürtkü yağının, 9 adda təyyarə benzininin, 8
növ dizel yağının istehsalını təşkil edə
bildilər. Əliəşrəf Əlizadə, Sabit Orucov,
Süleyman Vəzirov, Musa Əliyev, Əhəd Yaqubov, Baba
Babazadə kimi alimləri sayəsində isə Azərbaycan
neft sənayesi hasilatın artırılmasında böyük
uğurlar əldə etdi.
Göründüyü
kimi, II Dünya müharibəsinin ən böyük savaş
meydanı olan Böyük Vətən müharibəsində
keçmiş sovet xalqlarınının böyük Qələbəsinin
əldə olunmasında Azərbaycan xalqının
böyük töhfəsi və rolu olmuşdur.
Xalqımız faşizm üzərində Qələbənin
əldə olunması üçün özünün 600
mindən çox oğul və qızını cəbhəyə
yola salmış, onların yarısı döyüş
meydanlarında qəhrəmanlıqla həlak olmuşdur. Azərbaycan
milli diviziyaları Qafqazdan Berlinədək şanlı
döyüş yolu keçmiş, xalqımızın əsl
qəhrəmanlıq nümunələrini dünyaya
nümayiş etdirmişdir.
II Dünya
müharibəsində şərəfli döyüş yolu
keçən Azərbaycan övladlarının qəhrəmanlığı
heç vaxt yaddaşlardan silinməyəcək. Müstəqil Azərbaycanın indiki nəsilləri
faşizm üzərində Qələbənin 75 illiyində
Böyük Vətən müharibəsində, alman
faşizminin qarşısını almaq uğrunda gedən
döyüşlərdə həyatlarını qurban
vermiş Azərbaycan vətəndaşlarının xatirəsini
böyük minnətdarlıq hissi ilə yad edirlər.
Qaliblər nəslinin hünəri, xalqımızın o
zamankı Qələbədə kifayət qədər
samballı rolu tarixi öyünc mənbələrimiz
sırasında layiqli yer tutur.
Xalq qəzeti 2020.- 25 iyun.- S.9.