“Mənim üçün insanların sağlamlığı əsas prioritetdir”

Əgər son illər ərzində mənim göstərişimlə ölkəmizin hər bir yerində, o cümlədən, Bakı şəhərində müasir xəstəxanalar tikilməsəydi, bu gün biz koronavirusla mübarizədə çox böyük problemlərlə üz-üzə qala bilərdik. Son illərdə ölkəmizin səhiyyə sisteminin möhkəmləndirilməsi işində ən vacib məsələlərdən biri yeni xəstəxanaların tikilməsi, köhnə xəstəxanaların isə əsaslı təmiri və bərpası olmuşdur.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Azərbaycanda pandemiya şəraitində təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını və aqrar sektor­da islahatları sürətləndirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, müasir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlər davam etdirilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Qərb bölgəsinə səfəri zamanı bunun bir daha şahidi olduq. Dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında iştirak edərək, yeni tibb müəssisəsində yaradılan şəraitlə tanış olublar.

Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, digər modul tipli infeksion xəstəliklər korpuslarında olduğu kimi, burada da orta simptomları olan infeksi­on koronavirus xəstələrin qəbulu və müalicəsi üçün şərait yaradılıb. Bildirilib ki, eyni zamanda, yeni tibb müəssisəsinin daha ağır simptom­ları olan xəstələrinin qəbulu üçün əlavə avadanlıqlarla təchiz edilməsi istiqamətində işlər görülür. Üç kor­pusdan ibarət olan, ümumilikdə, 100 palata və 200 çarpayılıq bu xəstəxana kompleksi mərkəzləşdirilmiş oksigen generator sistemi, həmçinin xüsu­si havalandırma sistemi ilə təchiz olunub. Bu sistem havanı ventilyasiya qurğusu ilə təmizlədikdən sonra pala­talara ötürəcək.

Dövlətimizin başçısı modul tipli xəstəxananın açılışından sonra bir qrup tibb işçisi ilə görüşündə artıq ictimaiyyətə dəfələrlə çatdı­rılan bir fikri yenidən xatırladaraq, sərtləşdirilmiş tədbirlərin yoluxmanın sürətini azaltmaq məqsədi daşıdığını qeyd edib. Prezident İlham Əliyev, həmçinin hər kəsin yaxşı başa düşdüyü bir məsələni– koronavirus yoxa çıxmayıb və yoxa çıxmaya­caq–həqiqətini də diqqətə çatdırıb. Ölkə rəhbəri daha sonra deyib: “Biz bu xəstəliklə yaşamağa məcburuq və artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir. Ona görə bütün ölkələrin əsas səyləri odur ki, yoluxmanın sürəti azalsın, az insan xəstələnsin və ölkələrin səhiyyə sis­temi imkan versin ki, bütün xəstələr lazımi müalicə alsınlar. Odur ki, biz bu addımı atdıq və hesab edirəm ki, düz etmişik, baxmayaraq ki, indi bəzi ölkələr daha da irəliyə gedərək, daha çox yumşaldıcı addımlar atır. Təbii ki, bunun əsas səbəbi iqtisadi sahədə olan problemlərdir”.

Azərbaycanda da belə problemlərin olduğunu bildirən Prezident İlham Əliyev vurğula­yıb ki, beş ayın nəticələrinə görə iqtisadiyyatımız tənəzzülə uğra­yıb. Lakin bu, o qədər də ciddi geriləmə deyil, cəmi 1,7 faiz təşkil edir. Ancaq ilin əvvəlində iqtisadi göstəricilər yüksək olub. Pande­miya özünü göstərməsəydi, uğurlu rəqəmlər əldə edilə bilərdi. Bütün aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən də 2020-ci il üçün nikbin proqnozlar verilirdi. Lakin infeksiya­ya qarşı mübarizənin ilk günlərindən etibarən məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsinə başlandı, təhsil müəssisələri, ictimai iaşə obyektləri, böyük ticarət mərkəzləri bağlandı.

Prezident İlham Əliyev görüşdəki çıxışında əvvəllər qeyd etdiyi bir fikri bir daha xatırladıb. Bildirib ki, bundan sonra da sosial sahədə heç bir ixtisara yol verilməyəcək. Korona­virus pandemiyasının miqyasından asılı olmayaraq, ilin sonuna qədər insanların yaşayış səviyyəsi dəyişməz olaraq qalacaq.

Ölkə rəhbəri nitqində keçən il çox böyük sosial paketin tətbiq olundu­ğunu xatırladaraq deyib: “Minimum əməkhaqqı orta hesabla iki dəfə, minimum pensiya 70 faiz artdı. Müavinətlər 50 faiz, 100 faiz artdı. Problemli kreditlər kompensasiya şəklində insanlara maddi hədiyyə olaraq verildi. Yəni, bu məqsədlər üçün milyardlarla manat xərcləndi. Pandemiyaya qarşı mübarizə üçün 3 milyard manatdan çox vəsait nəzərdə tutulur. Bu vəsaitin bir hissəsi xərcləndi və biz yeni avadanlıqlar alırıq. İndi 23 laboratoriyamız var. Amma, eyni zamanda, problem ondadır ki, artıq fevral, mart aylarında sifariş edilmiş avadanlığı, hansısa cihazı biz bəzən ala bilmirik. Çünki bunu istehsal edən ölkələr onu satmır, özləri üçün saxlayırlar. Problem bundadır”.

Prezident İlham Əliyev görüşdə qeyd edib ki, biz yaranmış vəziyyətdən şərəflə çıxmağa çalış­malıyıq. “Ancaq dövlət tərəfindən atılmış addımlar əgər kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq. Dəstək isə nədən ibarətdir? Sadəcə olaraq, üç adi qaydanı gözləmək, buna əməl etmək və məsuliyyət, nizam-intizam göstərmək. Biz birlik, həmrəylik nümayiş etdirmişik. Çətin vəziyyətdə olan insanların problemlərini həll edirik, o cümlədən, ictimai təşkilatlar, Heydər Əliyev Fondu. Əlbəttə ki, əsas yük dövlətin üzərindədir. Aztəminatlı təbəqəyə yardımlar edilir. Mənim təşəbbüsümlə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna sahibkarlar, ayrı-ayrı adam­lar tərəfindən 100 milyon manatdan çox vəsait daxil edilib. Bu, böyük vəsaitdir və həmrəyliyin təzahürüdür. Necə ki, həmrəylik, birlik göstəririk, məsuliyyət də göstərməliyik. Bunu inkişaf etmiş bir neçə ölkənin liderləri qeyd edir ki, bu, müharibədir və burada düşməni görmək mümkün deyil. Eyni zamanda, bilmək mümkün deyil, bu müharibə nə vaxt bitəcək. Bunu heç kim deyə bilməz. İndi əlbəttə ki, hər kəs peyvəndi gözləyir, o cümlədən, də biz. Amma bəzi həkimlərin fikrinə görə, peyvənd də bəlkə bu koronavirusu tam məhv edə bilməyəcək. Kim bilir? Bu peyvənd hələ icad edilməyib. Hələ bunun üzərində iş aparılır. Amma yoluxan­ların sayı artır, beləliklə, təhlükə də artır. Ona görə burada ancaq və ancaq vətəndaşların məsuliyyəti ön planda olmalıdır”, – deyə dövlətimizin başçı­sı vurğulayıb.

Ölkə rəhbəri Gəncə şəhərində modul tipli xəstəxananın açılışın­dan sonra bir qrup tibb işçisi ilə görüşündə koronavirusla mübarizədə dövlət tərəfindən bütün lazımi tədbirlərin gerçəkləşdirildiyini, bununla əlaqədar vəsait problemi­nin olmadığını da diqqətə çatdırıb. Dövlətimizin başçısı bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanın yaranmış vəziyyətdən çıxması üçün maliyyə ilə bağlı heç bir beynəlxalq quruma müraciət etmədiyini deyib: “Onu da bildirməliyəm ki, beynəlxalq maliyyə qurumlarının məlumatına görə, dün­yada 150 ölkə kredit üçün müraciət edib. Yəni, beynəlxalq birliyin əksər hissəsi. Azərbaycan etməyib. Çünki ehtiyac yoxdur. Özümüz edirik, vəsaitimiz də var və xərcləyirik. Amma gərək indi məsuliyyətsiz adamlar bunu dərk etsinlər. Bir də ki, bu adamlara qarşı ictimai qınaq olmalıdır. Qapalı yerlərdə maska taxmayana qarşı, əlbəttə ki, cərimə tətbiq edilməlidir. Amma, eyni zamanda, bunu görən başqa vətəndaş onu tənbeh etməlidir, onu başa salmalıdır. Gözləməməlidir ki, polis gələcək, onu cərimələyəcək. Polis də insanları qorumaq üçün gecə-gündüz küçələrdədir, gecə-gündüz fasiləsiz işləyir. Ona görə qapalı şəraitdə hər kəs maska taxmalıdır”.

Prezident İlham Əliyev nitqində xəstəliklə mübarizə kimi mühüm bir cəhətə məsuliyyətlə yanaş­manın zəruriliyini xüsusi qeyd edib. Bu məsələni gənc nəslin nümayəndələrinin anlayışla qar­şılamalarının zərurətinə toxuna­raq, nəzərə çarpan laqeydliyin, biganəliyin hesabına yaşlı insanla­rın yoluxdurulması təhlükəsindən narahatlığını vurğulayıb: “Sən onun həyatını təhlükə altına atırsan. Biz bu məsuliyyətsizliyə dözməliyikmi? Çünki bu, cinayətdir. Ona görə icti­mai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır”.

Dövlətimizin başçısı daha sonra xatırladıb: “Mən bu məsələ ilə bağlı Operativ Qərargaha göstəriş verdim ki, çox ciddi dövlət nəzarəti olmalıdır. Belə olan halda biz bütün tədbirləri daha operativ şəkildə görə bilərik və bu vəziyyətdən az itkilərlə çıxa bilərik. Mən demişəm və həkimlər yaxşı bilir. Bir xəstənin müalicəsi üçün nə qədər həkim çalışır, nə qədər həkim gecə-gündüz o ağır vəziyyətdə, o kombinezonda, eynəkdə, mas­kada əziyyət çəkir. Biz həkimlərin fəaliyyətini yüksək qiymətləndiririk. Ancaq hər bir insan bunu bilməlidir. Həkimlər də yoluxur, həkimlər də ölür. Bir daha demək istəyirəm ki, bizim indi nə qədər həkimimiz var, hamısını bu işlərə cəlb edirik. Bizim bundan iki dəfə çox həkimimiz yoxdur. Sabah bu pandemiya daha geniş vüsət alsa, əgər bu gün, misal üçün 300-400 adam yoluxursa, sabah daha çox adam yoluxarsa, bunları biz harada yerləşdirəcəyik. Tutaq ki, yerləşdirdik, indi xəstəxanalar tikilir və bizim boş çarpayılarımız var, ancaq həkimlərin sayını necə artıra bilərik?! Gərək hər kəs bu haqda fikirləşsin, hər kəs düşünsün”.

Regionlarda pandemiya şəraitində əsas diqqət yetirilən məsələlərdən biri də aqrar sektorun inkişafıdır. Prezi­dent İlham Əliyevin aprelin 14-də imzaladığı “Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaş­dırılması üçün vəsait ayrılması haq­qında” sərəncamına əsasən Preziden­tin ehtiyat fondundan Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manat məbləğində vəsait ayrılması da bunun bariz ifadəsidir. Bu, fermerlərə əlavə bir dəstək, əkin dövründə fermerlərin mikrokreditlərə tələbatının ödənilməsi deməkdir.

Adı çəkilən sərəncamın mühüm əhəmiyyəti həm də onunla bağlıdır ki, indiyədək fermerlər kredit üçün banklara müraciət edəndə banklar tərəfindən əksər hallarda onlardan kredit müqabilində Bakıda mənzil girovu tələb olunurdu. Prezidentin imzaladığı sərəncam isə fermerlərin kredit almaq imkanlarını asanlaşdıra­caq. Yəni yeni sərəncamla fermerlərə girov tələb etmədən mikrokreditlər veriləcək.

Xatırladaq ki, hazırda bölgələrdə mineral gübrə, pestisid, toxum təchizatı və satışı həyata keçiri­lir, kənd təsərrüfatı texnikalarının məhdudiyyətsiz hərəkəti təmin edilir. Kənd təsərrüfatı məhsullarının orta və iri həcmli maşınlarla daşınması məhdudiyyət olmadan reallaşdırılır. Bütün bunlar isə indiki arpa və buğda tədarükü zamanı yüksək göstəricilərin əldə edilməsinə müsbət təsir göstərir.

Xatırladaq ki, respublika üzrə 2020-ci il üçün 1 milyon hektardan çox sahədə taxıl əkini aparılıb. Əkin sahələrinin 641 min hektarını buğda, 369 min hektarını arpa əkinləri təşkil edib. Əkin sahələrində intensiv aqrotexniki tədbirlərin aparılması, vegetasiya suvarmalarının həyata keçirilməsi diqqətdə saxlanılıb.

Prezident İlham Əliyev iyunun 24-də Samuxdakı “Aqro Dairy” MMC-nin aqroparkının fəaliyyəti ilə tanış olub. Dövlətimizin başçısına MMC ilə bağlı məlumat verilərək, bildirilib ki, sahəsi 5 min hektardan və ümumi dəyəri 65 milyon manatdan çox olan layihə çərçivəsində Qarasaq­qal su kanalında nasos quraşdırılıb, 5,4 min kubmetrlik iki su anbarı, su hovuzları və saxlama anbarları tikilib. Aqroparkda istifadə olunması üçün 20 adda 91 ədəd texnika və aqreqat alınıb. 2019-cu ilin payızında 2 423 hektar sahədə buğda və 222 hektar sahədə arpa əkilib. Bu ilin yazında 74 hektar sahədə şəkər çuğunduru əkilib və taxıl biçini aparılan ərazilərdə qarğıdalı əkini nəzərdə tutulub.

Qeyd edilib ki, “Aqro Dairy” MMC-nin təsərrüfatında əvvəllər heç bir əkin aparılmayıb. Burada torpaq yararsız vəziyyətdə olub, eroziyaya uğrayıb. Lakin MMC tərəfindən ərazi ildən-ilə yaxşılaşdırılıb, çökəkliklər qaydaya salınıb, təkrar əkin sayəsində torpaq münbitləşdirilib. Şübhəsiz ki, vəsait ayrılması da işin gedişini sürətləndirib. Bir sözlə, düzgün ya­naşma, dövlət və özəl sektorun yanaşı fəaliyyəti təsərrüfatda məhsuldarlığın inkişafına müsbət təsir göstərib.

Həyata keçirilən aqrotexniki tədbirlərin nəticəsidir ki, Samux rayo­nunda arpa biçini aparılan sahələrdən 47-48 sentner məhsul götürülüb. Tovuzda isə bu göstərici hektardan 62-67 sentner təşkil edib.

Hazırda buğda biçini gedir. Samuxda artıq 1500 hektar buğda zəmisi biçilib, hektardan məhsuldarlıq orta hesabla 58 sentnerdir. Bəzi torpaqlarda məhsuldarlıq, hətta 65-67 sentnerə çatıb.

Qeyd edək ki, buğda, arpa, şəkər çuğunduru və qarğıdalı məhsullarının istehsal olunduğu aqroparkda xaricdən alınan müasir avadanlıq qu­raşdırılıb, 60 min tonluq taxıl anbarı kompleksi yaradılıb. Satış bazarı üçün ölkə daxili müəyyən edilib və burada 89 nəfər işlə təmin olunub.

Əlbəttə, bu göstəricilərin əldə olunması, ilk növbədə, Prezident İlham Əliyevin sözügedən sahəyə diqqəti və dövlət tərəfindən göstərilən dəstəklə bağlıdır. Belə ki, kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad olunması, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, lizinq xidmətlərinin təşkili, investisi­yaların və ixracın təşviqi, lisenziya­laşdırmanın təkmilləşdirilməsi, yox­lamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dək uzadılması bunun bariz ifadəsidir.

 

V.BAYRAMOV

Xalq qəzeti  2020.- 26 iyun.- S.7.