Vəzifəmiz müstəqilliyimizi
möhkəmləndirmək, dövlətimizin qüdrətini
artırmaqdır
Davos Ümumdünya
İqtisadi Forumunun
hesabatında elektrik enerjisinin
əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir.
Qazlaşdırma səviyyəsi Ağstafa
rayonunda 90 faizdir. Təmirli
yolların səviyyəsi 90 faizə yaxındır.
İçməli su layihəsi 2013-cü
ildə başa çatmışdır, istismara verilmişdir. Yəni,
investorlar üçün
bütün şərait yaradılıb.
Şadam ki, Ağstafa aqroparkının investorları bütün bu imkanlardan istifadə edib, böyük vəsait qoyublar.
Mənə verilən məlumata görə 80 milyon
manat ətrafında vəsait qoyulub və qoyulan vəsait
göz qabağındadır…”.
İlham ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Prezident İlham
Əliyev ayrı-ayrı çıxışlarında sosial-iqtisadi uğurlarımızı ölkədə
yaşanan sabitliklə əlaqələndirib.
Dövlətimizin başçısı bildirib
ki, sabitlik olmadan heç bir dövlət inkişaf
edə bilməz. Bu, aksiomadır. Bunu yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik
pozulan zaman inkişaf da zəifləyir,
ölkə iqtisadiyyatı tənəzzülə
uğrayır, sərmayə qoyuluşu
dayanır. Bir sözlə, sabitlik hər bir ölkənin
inkişafı üçün
başlıca şərtdir. Respublikada isə sabitliyin mənbəyi
xalqdır, onun iradəsidir və eyni zamanda, aparılan siyasətdir.
Çünki Azərbaycanda
reallaşdırılan siyasət milli maraqlara söykənir, milli
maraqlar hakimiyyət üçün
hər şeydən üstündür.
Ölkəmizin təhlükəsizliyi, sabitliyi,
iqtisadi və sosial
inkişafı, beynəlxalq arenadakı artan
rolu sabitliyin təminatçısıdır.
Hər bir ölkə vətəndaşının və dövlətimizin maraqları ötən 16 il ərzində daim dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində olub. Bu müddətdə respublikada hərtərəfli dinamik inkişaf, sabitlik və əmin-amanlıq təmin edilib, beynəlxalq mövqelərimiz daha da möhkəmləndirilib. Prezident İlham Əliyevin yeni iqtisadi modelə keçidlə, iqtisadi və sosial sahədə islahatların aparılacağı ilə bağlı vədləri ardıcıl olaraq yerinə yetirilib. Hər zaman fəaliyyətində xalqın dəstəyinə arxalanan ölkə rəhbəri xalq ilə təması diqqətdə saxlayıb, vətəndaşları narahat edən problemləri birbaşa onların dilindən dinləyib və bu məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verib.
Azərbaycan Prezidentinin respublikamızın Qərb bölgəsinə səfəri çərçivəsində keçirdiyi görüşlərin bəzi məqamlarına nəzər salsaq, bunu aydın görə bilərik. Belə ki, dövlət başçısı sosial və infrastruktur obyektlərinin açılışı mərasimlərində insanlarla görüşərək, onların ürək sözlərini dinləyib, qayğı və problemlərilə dərindən maraqlanıb, çətinliklərin aradan qaldırılması üçün uyğun qurumların rəhbərlərinə konkret tapşırıq və tövsiyələrini verib. Eyni zamanda, səfərdən sonra Goranboy, Şəmkir, Qazax, Tovuz, Ağstafa rayonlarının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə müvafiq sərəncamlar imzalayıb.
Əlbəttə, dövlət başçısının paytaxtda və bölgələrdə vətəndaşlarla keçirdiyi səmimi görüşlər, onların qayğıları ilə yaxından maraqlanması, insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində verilən qərarlar ölkəmizdə xalq-iqtidar birliyini daha da möhkəmləndirir, xalqın Prezidentinə olan inamını daha da artırır. Bütün bu amillər isə Prezident və xalq birliyi konsepsiyasının əsas qayəsini təşkil edir.
Yeri gəlmişkən, burada mühüm bir məqamı da xatırladaq. Prezident İlham Əliyev Qərb bölgəsinə səfər etməklə əvvəllər olduğu kimi, indi də bütün fövqəladə hallarda əhali ilə təmasa can atdığını, ünsiyyətə əhəmiyyət verdiyini əməli şəkildə bir daha göstərdi.
Fikrimizi bir qədər də dəqiqləşdirib deyə bilərik ki, hazırda bütün dünyada koronavirusun yayıldığı bir vaxtda Prezident İlham Əliyevin regionlara səfər etməsi, xalqla yaxından ünsiyyətdə olması ondan xəbər verir ki, dövlət başçısının “Xalq-iqtidar birliyi” konsepsiyasının reallaşmasına heç bir çətinlik, fövqəladə hadisə əngəl törədə bilməz. Halbuki hamıya məlumdur ki, bu virus yayılandan sonra xarici ölkələrdə bütün tədbirlər təxirə salınıb, dövlət başçıları bölgələrə səfərlərini dayandırıb. Təkrar edirik, bu təhlükəli hadisə isə Prezident İlham Əliyevin fəaliyyətinə heç bir təsir etmir. Yenə də cənab Prezident bölgələrə səfər edir, insanlarla görüşür, onların, necə deyərlər, dərd-səri ilə maraqlanır. Hətta Azərbaycanda bu virusun qarşısının alınması üçün bütün zəruri tədbirlərin görüldüyünü, vəziyyətə ciddi nəzarət olunduğunu, insanların narahatçılığına əsas olmadığını diqqətə çatdırır. Təkcə elə bu məqam əminliklə deməyə əsas verir ki, cənab İlham Əliyev hər bir vətəndaşın Prezidentidir və hər bir Azərbaycan vətəndaşının problemi onun öz problemidir.
Yeri gəlmişkən, Prezident İlham Əliyev Goranboyda xəstəxananın açılışında çıxış edərkən, ölkə büdcəsindən koronavirusla mübarizə aparmaq üçün müəyyən məbləğdə vəsaitin ayrıldığını, yeni tip virusun Azərbaycanda yarada biləcəyi təhlükənin minimuma endirilməsi ilə bağlı bütün önləyici tədbirlər həyata keçirildiyini, özünün göstərişi ilə Nazirlər Kabineti yanında operativ qərargah yaradıldığını xüsusi vurğulayıb.
Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində hazırda respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. İlk növbədə, əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına yönələn bu tədbirlər bir daha təsdiqləyir ki, dövlətimizin başçısının həyata keçirdiyi siyasətin mərkəzində insan amili – Azərbaycan vətəndaşı dayanır. Son vaxtlar sosial-iqtisadi sahədə aparılan əsaslı islahatlar da Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlərin davamıdır.
Ölkə rəhbəri Ağstafa Aqrar Sənaye Kompleksinin açılışından sonra müəssisənin kollektivi ilə görüşündə də bu barədə ətraflı danışıb. Dövlət başçısı bildirib: “Əgər indiyədək dövlət tərəfindən bölgələrdə infrastruktur layihələri icra edilməsəydi, yəqin ki, investorlar da investisiyaları üçün başqa yerlər axtaracaqdılar. Ağstafa rayonunda bu sahədə çox böyük işlər görülüb. Bu gün yeni yarımstansiyanın açılışında mənə məlumat verildi ki, indi Ağstafa rayonunun enerji təchizatı 20 meqavat ətrafındadır, ancaq potensial iki dəfə bundan böyükdür. Yəni, iki dəfə bundan artıq sənaye müəssisələrinin, digər obyektlərin yaradılması artıq mövcud enerji gücləri ilə təmin ediləcək. Əlbəttə ki, enerji təminatının yaxşı səviyyədə olması biznes üçün vacib şərtlərdən biridir. Bildirməliyəm ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir. Qazlaşdırma səviyyəsi Ağstafa rayonunda 90 faizdir. Təmirli yolların səviyyəsi 90 faizə yaxındır. İçməli su layihəsi 2013-cü ildə başa çatmışdır, istismara verilmişdir. Yəni, investorlar üçün bütün şərait yaradılıb. Şadam ki, Ağstafa aqroparkının investorları bütün bu imkanlardan istifadə edib, böyük vəsait qoyublar. Mənə verilən məlumata görə 80 milyon manat ətrafında vəsait qoyulub və qoyulan vəsait göz qabağındadır…”.
Azərbaycan uzun illər ərzində sabitlik yolu ilə gedir. Ölkəmizdə mövcud olan sabitlik Azərbaycan xalqının iradəsi ilə təmin edilir. Bizim apardığımız siyasət xalq tərəfindən dəstəklənir. Siyasət konkret işlərlə ölçülür. Bizim siyasətimizin təməlində konkret işlər, real inkişaf, söz yox, əməl dayanır və verilən hər bir söz həyatda öz əksini tapır. Ona görə də xalq tərəfindən bizə göstərilən etimad yüksək səviyyədədir və sabitliyin, əmin-amanlığın əsas şərtləri məhz budur.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Prezidenti çıxışında, həmçinin ölkədə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılmasının prioritet istiqamət olduğunu, bütün bunların dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini vurğulayıb. Bildirib ki, investorlar tərəfindən müəssisələrin yaradılması diqqətdə saxlanılmalı, bu məsələnin gerçəkləşməsi üçün sərmayə qoyuluşuna üstünlük verilməlidir. Bir sözlə, azərbaycanlı investorlar, ilk növbədə, Azərbaycana vəsait qoymalıdırlar ki, bu iş sürətlə öz həllini tapsın: “Çünki bizim əhalimiz artır. Biz hər il 100 min artan əhalini gələcəkdə iş yerləri ilə təmin etməliyik. Ona görə iqtisadi inkişaf, sərmayə qoyuluşu demoqrafik inkişafı üstələməlidir. Bu, əsas vəzifədir. Əlbəttə ki, işlə təmin edilən vətəndaşlar yaxşı maaşla təmin olunmalıdırlar, onların iş şəraiti yaxşı olmalıdır. Mən demişəm ki, 8 saatlıq iş günü vardır və heç bir işçini ondan artıq işlətmək olmaz. Eyni zamanda, bütün işçilər gərək rəsmi qaydada maaş alsınlar, kölgə iqtisadiyyatına yol vermək olmaz. Qeyri-rəsmi məşğulluğa yol vermək olmaz. Sizin kimi müəssisələrdə bu faktlar yoxdur və ümumiyyətlə ola da bilməz. Çünki sizin yanaşmanız beynəlxalq yanaşmadır və mən istəyirəm ki, bütün Azərbaycan müəssisələri bu prinsiplər əsasında işləsinlər”.
Prezident İlham Əliyevin sözügedən səfərindən diqqətçəkən bir məqamı da vurğulamaq yerinə düşərdi. Belə ki, son illər Azərbaycanda dövlət idarəetmə sistemində modernləşmənin, şəffaflığın təmin edilməsi və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması istiqamətində böyük uğurlara imza atılıb. Prezidentin 2012-ci il 13 iyul tarixli fərmanı ilə yaradılan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi –“ASAN xidmət” şəffaflığın artırılması, vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat və müasir innovasiyaların tətbiqi ilə göstərilməsini təmin etməklə yanaşı, bütün dünyada yeni və nadir bir idarəetmə modeli kimi qəbul olunub.
Azərbaycan Prezidentinin iştirakı ilə martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışı mərasimində bu barədə ətraflı danışılıb. Bildirilib ki, bu kompleks Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy və Samux rayonlarında qeydiyyatda olan 737 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək. “ASAN xidmət” mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, 320-dən çox xidmət həyata keçiriləcək. Kompleksdə çalışacaq əməkdaşların sayı 205, könüllülərin sayı isə 50 nəfərdir.
Dövlətimizin başçısı kompleksin açılışı mərasimindəki
çıxışında da
respublikamızda az bir
vaxt ərzində “ASAN xidmət”in dövlət
xidmətləri sahəsində yeni mədəniyyəti
təqdim edən milli brendə çevrildiyini diqqətə
çatdırıb: “Bu mərkəzlə
tanış olarkən çox sevinirəm.
Çünki bu mərkəzdə
bizim siyasətimizin bir
çox əlaməti öz
əksini tapır. “ASAN xidmət” bizim intellektual məhsulumuzdur. Artıq 18-ci mərkəz
işə düşür və mən bütün mərkəzlərin
açılışında şəxsən iştirak
etmişəm. Hər dəfə yeni planlar, yeni proqramlar,
yeni layihələr haqqında mənə
məruzə edilir, o
cümlədən bu gün.
“ASAN xidmət” öz fəaliyyətini
genişləndirir, həm coğrafi əhatə,
həm də xidmətlərin sayı artır. Biz birinci mərkəzi
açarkən o vaxt
xidmətlərin sayı demək olar ki, məhdud idi. Ancaq bu gün
burada, Tovuz “ASAN Həyat”
mərkəzində 320 xidmət göstərilir və
müraciətlərin sayı getdikcə artır. Mən fevral ayında Kürdəmirdə “ASAN Həyat”
mərkəzinin açılışında idim
və o vaxt 36 milyon müraciət olmuşdu.
Amma bu gün
martın əvvəlidir və müraciətlərin sayı
37 milyona çatıb. Yəni, bir ay da keçməyib,
amma müraciətlər
bir milyon artıb. Siz də yaxşı bilirsiniz ki, məmnunluq əmsalı 99,4 faizdir. Hesab edirəm ki,
bu, maksimum nəticədir və heç bir başqa xidmət bu qədər məmnunluq doğurmur.
Nəyə görə? Çünki yenə də
deyirəm, “ASAN xidmət”də
bizim siyasətimiz öz əksini tapır. Vaxtilə mənim tərəfimdən
verilmiş göstərişlər
dəqiqliklə icra edilir”.
Bu gün qarşıya qoyulan bütün planların həyata keçirilməsi üçün
iqtisadiyyatını uğurla
inkişaf etdirən, iqtisadi cəhətdən tamamilə asılılıqdan
qurtulan, regionda irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin
təşəbbüskarı və fəal iştirakçısı olan,
dünya kosmos ailəsinin üzvünə
çevrilən Azərbaycan
tarixinin ən qüdrətli dövrünü
yaşayır.
Dövlət başçısının innovasiyayönümlü
istehsala əsaslanan sosial-iqtisadi siyasəti, apardığı islahatlar
Azərbaycan iqtisadiyyatını
keyfiyyətcə yeni,
daha yüksək mərhələyə çıxarıb
və respublikamız dünyanın iqtisadi cəhətdən dinamik inkişaf edən ölkəsi imicini qazanıb.
Hazırda respublikamızda qeyri-neft sektorunun inkişafı iqtisadi artımın başlıca mənbəyi
kimi diqqət mərkəzində saxlanılır. Milli iqtisadiyyatın
tərəqqisinə və
ixracın şaxələndirilməsinə
yönələn tədbirlər
qeyri-neft sektorunda iqtisadi artıma müsbət təsir edir. Həmin tədbirlər sırasında
son illər investisiya siyasətinin diqqət mərkəzində saxlanılması
mühüm önəm
daşıyır.
Bütün bunlar barədə Prezident İlham Əliyev martın 3-də
Qazaxda əhəng zavodunun açılışından
sonra rayon ictimaiyyətinin
bir qrupu və zavodun kollektivi ilə görüşərkən çıxışında
ətraflı bəhs
edib. Dövlət başçısı bilidirib ki, hazırda
ölkəmizdə sərmayə
iqlimi çox müsbətdir. Təsadüfi
deyil ki, keçən il respublika iqtisadiyyatına
13,5 milyard dollar investisiya qoyulub. Cari ildə də bu proses
davam etdirilir və sərmayənin böyük hissəsini yerli ivestisiya təşkil edir. Bu, onu göstərir ki, yerli şirkətlər
artıq güclənib:
“Dövlətin dəstəyi
ilə bu işlər davam etdiriləcək. Təkcə
Sahibkarlığın İnkişafı
Fondunun xətti ilə sahibkarlara 2 milyard manat məbləğində
güzəştli kreditlər
verilib və bu kreditlərin hesabına on minlərlə
yeni iş yeri yaradılmışdır.
Bizim investisiya
iqlimimizin müsbət
olmasını Dünya
Bankı da qeyd edir və
biz bu reytinqlərdə
20 ən islahatçı
ölkə sırasındayıq. Əlbəttə ki, buna nail olmaq
üçün çox
düşünülmüş siyasət aparılmalıdır.
Əminəm ki, təkcə
Dünya Bankı yox, eyni zamanda,
yerli sahibkarlar da aparılan islahatları görürlər
və bəyənirlər.
Çünki sahibkarlar üçün
əsas məsələ
düzgün qaydaların
tətbiq edilməsidir.
Bu istiqamətdə dövlət siyasəti birmənalıdır, bütün
sahələrdə, o cümlədən
maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin
edilməlidir. Bu şəffaflıq hesabına
təkcə keçən
il vergi və gömrük orqanları proqnozdan əlavə büdcəyə
1 milyard manat daxil ediblər”.
Göründüyü kimi, hökumət ölkədə investisiya
fəaliyyətinin genişləndirilməsinə,
biznes mühitinin yaxşılaşdırılmasına, sənaye istehsalının
artırılmasına, qeyri-neft
sektorunun inkişaf etdirilməsinə ciddi önəm verir. Bu istiqamətdə qarşıya
qoyulan əsas hədəflər sərmayə
qoyuluşlarının artırılması,
sahibkarların ixrac potensialının gücləndirilməsi,
investisiya imkanlarının
genişləndirilməsi, potensial
tərəfdaşların tapılması
və birgə əməkdaşlıq layihələrinin
həyata keçirilməsidir.
Bütün bu uğurlar, əlbəttə ki, Prezident İlham Əliyevin uzaqgörən
siyasəti, prinsipiallığı
və beynəlxalq aləmdə qazandığı
yüksək etimad sayəsində reallaşıb. Dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə
gücləndirən Azərbaycanın
adı artıq inkişaf etməkdə olan ölkələr sırasında çəkilir.
Vaqif BAYRAMOV,
Xalq qəzeti.-2020.-7
mart.-S.1;3.