Regionların sosial-iqtisadi inkişafı uğurlu göstəricilərlə müşahidə olunur

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən məqsədyönlü iqtisadi siyasət, xüsusilə sahibkarlığa göstərilən hərtərəfli diqqət və qayğı bütövlükdə respublikamızın sosial-iqtisadi həyatına, eləcə də regionların iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının daha sürətli inkişafına möhkəm zəmin yaradıb və son illərdə bu sahədə yüksək uğurlar əldə olunub. Burada ölkə rəhbərinin aqrar sektora xüsusi diqqət yetirməsi, bununla bağlı reallaşdırılan dövlət siyasəti xüsusi rol oynayıb.

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına vergi güzəştlərinin tətbiqi, aqrar sektorun inkişafı üçün ayrılan güzəştli kreditlər, dövlət büdcəsinin vəsaiti hesabına kəndlilərə verilən subsidiyalar, aqrolizinq xidmətlərinin əlyetərliliyi, geniş miqyaslı meliorasiya tədbirləri, nəhəng su anbarlarının inşası, bölgələrdə yol-nəqliyyat və digər infrastruktur layihələrin həyata keçirilməsi üçün yönəldilən irihəcmli investisiyalar aqrar sahənin inkişafını şərtləndirib, aqroparkların yaradılmasını sürətləndirib. 

Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın Qərb bölgəsinə səfəri çərçivəsində Ağstafa Aqrar Sənaye Kompleksinin açılışı mərasimində yuxarıda qeyd edilənlərlə bağlı ətraflı danışıb. Dövlətimizin başçısı çıxışında respublikamızda aqroparkların yaradılması ilə bağlı tədbirlərin davam etdirilməsinin zəruriliyini bildirib. Ölkə rəhbəri bunu belə qurumlarda yüksək texnologiyaların tətbiqi, innovasiyalara geniş meydan verilməsi sayəsində uğurlu göstəricilərin əldə edilməsi ilə əsaslandırıb. Prezident İlham Əliyev daha sonra deyib: “Bu aqroparkın kənd təsərrüfatının inkişafına da çox böyük dəstəyi olacaq. Mən maraqlandım, məhsuldarlıq orta məhsuldarlıqdan çoxdur. Ölkə üzrə taxılçılıqda orta məhsuldarlıq 32 sentnerdir, sizdə isə 40-50 sentner məhsul əldə edilir. Bu da çox vacibdir. Çünki bizim əkin sahələrimiz bir qədər məhdud olduğu üçün məhsuldarlığın artırılmasına xüsusi diqqət göstərilməlidir…”.

Qeyd edim ki, son illərdə dövlətimizin başçısının rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılması və ümumilikdə, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox mühüm layihələr icra olunub. Bu baxımdan həyata keçirilən işlər arasında aqrar sənaye komplekslərinin yaradılması müstəsna əhəmiyyət kəsb edir. Aqrar sektorun inkişafında, regionlarda iqtisadi potensialın artırılmasında, ərzaq təhlükəsizliyinin təmin olunmasında yeni metod və üsulların tətbiqi, qabaqcıl texnologiyalara əsaslanan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması bir neçə mühüm amili özündə birləşdirir. Ağstafa Aqrar Sənaye Kompleksi də ölkədə bu cür layihələrin icrası ilə bağlı görülən işlərin ardıcıl xarakter aldığını göstərir.

Belə komplekslər aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək, sosial-iqtisadi inkişafın sürətləndirilməsində, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, ixrac potensialının və məşğulluğun artırılmasında böyük əhəmiyyətə malikdir. Aqroparkların, bu cür komplekslərin yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin formalaşmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni yerlərinin açılmasında mühüm rol oynayacaq.

Bütün bu deyilənlər isə transmilli enerjikommunikasiya layihələrinin lokomotivinə çevrilən, ölkə həyatının bütün sahələrində gerçəkləşdirilən islahatların uğurlu nətcələri özünü büruzə verən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın dinamik inkişaf yolu ilə irəlilədiyini bir daha təsdiqləyir.

 

Əli NURİYEV,

AMEA-nın müxbir üzvü, professor

Xalq qəzeti.-2020.-7 mart.-S.3.