Milli-mədəni dəyərlərə işıq salan tarixi görüş

Azərbaycan Prezidenti İlham Əliyevin daim təkrarladığı kimi: “Biz həmişə, ilk növbədə, milli-mənəvi dəyərlərə sadiq olmuşuq, həmişə Azərbaycan dəyərlərini qorumuşuq”. Bir il əvvəl– ötən il martın ilk günündə dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkənin bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi ilə görüşü Azərbaycanın dövlət siyasətində milli-mənəvi dəyərlərə necə yüksək diqqət yetirildiyinin növbəti parlaq göstəricisi olmaqla yanaşı, ­tarixi önəmi ilə də ictimai-mədəni həyatımızın unudulmaz hadisələri sırasına yazıldı.

Həmin görüşdə Azərbaycan dövlətinin son illərdə həyatın bütün sahələrində qazandığı tarixi uğurlar barədə görkəmli ziyalılarımıza məlumat verən Prezident İlham Əliyev bildirdi: “O ki qaldı, mədəniyyət sahəsinə, mən elə bu gün istərdim ki, sizinlə bu məsələlərlə bağlı fikir mübadiləsi aparım və bundan sonra görüləcək işlər haqqında danışaq”. Ölkə rəhbəri qeyd etdi ki, hər bir ölkənin mənəvi, mədəni həyatı ölkənin səviyyəsini aydın göstərir. Bu sahəyə daha böyük diqqət göstərilməlidir.

Görüşdə Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Xalq rəssamı Tahir Salahov, Xalq artistləri– Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini Hacı İsmayılov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski, Əməkdar memar, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə, Xalq artistləri Arif Babayev, Zeynəb Xanlarova, Afaq Bəşirqızı, Xuraman Qasımova və Mehriban Zəki, Əməkdar artistlər Tahir İmanov və Bəhram Bağırzadə təmsil etdikləri sahələrdə dövlətin fəal dəstəyi ilə ərsəyə gəlmiş ürəkaçan işlərlə yanaşı, müəyyən səbəblərdən yaddan çıxmış, həllini gözləyən məsələlərə də toxundular, arzu-istəklərini səsləndirdilər.

Görüşə yekun vuran ölkə rəhbəri məmnunluqla bildirdi: “Burada qaldırılan məsələlər, doğrudan da, vacibdirhesab edirəm ki, bu məsələlərin həlli bir çox mətləblərə aydınlıq gətirə bilər. Mən artıq mədəniyyət nazirinə göstəriş vermişəm, eyni zamanda, Prezident Administrasiyasına da göstəriş verirəm ki, burada səslənən bütün təkliflər təhlil olunsun, bir proqram halına salınsın və biz bu məsələləri ardıcıl olaraq həll edə bilək”.

Görüşdə səslənən qiymətli mülahizə və təkliflər, qaldırılmış məsələlərin bəzisinin dərhal, bir çoxunun ötən müddətdə ardıcıl həll edilməsi və digərlərinin isə aktuallığını saxlaması ölkəmizdə milli-mənəvi dəyərlərə hörmət və diqqətin, ziyalı sözünə verilən önəmin dövlət siyasətində yüksək səviyyədə nəzərə alındığını bir daha sübut etdi.

Yaxın vaxtlarda xalqımızın unudulmaz övladları, böyük xeyriyyəçi-messenat Hacı ­Zeynalabdin Tağıyevə və dünya şöhrətli müğənni Müslüm Maqomayevə Bakıda heykəllər ucaldılması barədə verilən ­Prezident sərəncamları və dövlət başçısının göstərişi ilə qüdrətli hökmdarşair Şah İsmayıl Xətainin heykəlinin daha münasib yerə köçürülməsi də həmin görüşün aparıcı xəttinə çevrilmiş ziyalı-dövlət başçısı dialoqu və həmrəyliyi ruhunun davamlı olduğunu göstərdi.

Mən ziyalı ailəsində dünyaya göz açmışam. Babam Mirmahmud Kazımovski Azərbaycanda milli teatrın əsaslarının yaradılmasının və sovet dövrünün əvvəllərində mədəni quruculuğun fəal iştirakçısı olub. Atam Rauf və qardaşım Ələkbər Kazımovskilər də tanınmış televiziya rejissorları kimi mədəni tərəqqimizə qulluq ediblər. Ailəmiz uzun illər mədəni proseslərin ümumi inkişafımıza əlavə stimul yaratmasının canlı iştirakçısı olub. Ulu öndər Heydər Əliyevin, onun ən sadiq davamçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqımızın yüksək mədəni-milli dəyərlərini dünyaya layiqincə təqdim etməklə Azərbaycanı geniş tanıtmaq siyasəti son yarım əsrlik siyasi tariximizin ən önəmli yönlərindən birini təşkil edir.

Görüşdən sonrakı dövrdə də ötən illərdə mədəni aləmdə yaddan çıxmış, vaxtilə kommunist sisteminin qoyduğu qadağalar səbəbindən baş vermiş ədalətsizliklərin aradan qaldırılması yönündə həssaslıq və fəallıq yüksəlmişdir. Şahidi və iştirakçısı olduğum müxtəlif ictimai tədbirlərdə diqqətimi cəlb etmiş bəzi arzu və təklifləri “Xalq qəzeti” oxucularının diqqətinə çatdırmaq istəyirəm.

1948-ci ildə verilmiş hökumət qərarına uyğun olaraq görkəmli muğam ifaçısı Cabbar Qaryağdıoğlunun məzarının Fəxri xiyabana köçürülməsi, Milli Konservatoriyaya onun adının verilməsi ölkə musiqisevərlərinin ortaq arzusudur. Kommunist ideologiyasının sifarişlərini yerinə yetirmədiklərinə görə xalqımızın sevimili söz ustaları Mir Cəlal Paşayevə Xalq yazıçısı və Əliağa Vahidə Xalq şairi adlarının verilməməsindən doğan təəssüf, görkəmli dövlət xadimi Əziz Əliyevə paytaxtda heykəl qoyulması ilə bağlı arzu dövlət rəhbərlərinin ziyalılarla ötənilki görüşündən sonra aktuallaşan söhbətlərdəndir.

Bütün bu deyilənlərlə bağlı böyük şairimiz Səməd Vurğunun “Ölməz bu aləmə idrakla gələnlər” poetik kəlamı son vaxtlar tez-tez yada düşür. Xalqımız da, dövlətimiz də, milli-mənəvi dəyərlərimizin əsl hamisi olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da milli-mədəni tərəqqimizdə seçilən, xidmətləri olan idrakistedad sahiblərinə yüksək ehtiram göstərir. Görüşdən keçən bir il göstərdi ki, ictimaiyyətin arzu-istəklərindən yaranan ziyalı mülahizə və təklifləri milli-mənəvi dəyərlərimizi qoruyub zənginləşdirməkdə, keçmişdə baş vermiş diqqətsizlik və ədalətsizlikləri aradan qaldırmaqda olduqca gərəkli və təsirlidir.

 

Mir Mahmud Kazımovski,

əmək veteranı          

Xalq qəzeti  2020.- 18 mart.- S.5.