Azərbaycan – Türkmənistan
mədəni əlaqələri yeni mərhələdə
M. Mükərrəmoğlu
Türkmənistan
Respublikasının Prezidenti Qurbanqulu Berdiməhəmmədovun
Azərbaycana rəsmi səfəri xalqlarımız
arasında mədəni əlaqələrin də
inkişafına yeni stimul verəcək. İki dövlət
arasında imzalanan sənədlər
arasında mədəniyyətlərin
qarşılıqlı əlaqəsinin inkişafı ilə
bağlı sazişlər də var. "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar
Cəmiyyəti ilə Türkmənistanın Dövlət Televiziya, Radio Verilişləri
və Kinematoqrafiya Komitəsi arasında əməkdaşlıq
haqqında Saziş", "Azərbaycan
Milli Kitabxanası ilə Türkmənistan
Mədəniyyət Nazirliyinin Dövlət
Mədəniyyət Mərkəzinin
Dövlət Kitabxanası arasında kitabxana
işi sahəsində Anlaşma
Memorandumu", "Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Türkmənistan Elmlər
Akademiyasının Məhtimqulu adına Dillər, Ədəbiyyat
və Milli Əlyazmalar İnstitutu
arasında əməkdaşlıq haqqında Saziş" bu qəbildən
olan sənədlərdir. Mətbuata verdiyi açıqlamada Türkmənistan Prezidenti deyib: “Əlbəttə,
biz mədəni-humanitar sahəyə də
toxunduq. Bu sahədə
elm, təhsil, idman və
turizm məsələləri prioritetdir. Lakin ən
başlıcası, biz vurğuladıq ki, artıq qeyd edildiyi kimi, bizim köklərimiz ortaq,
dilimiz birdir, bizim milli xüsusiyyətlərimiz
var. Buna görə də
biz milli sərvətimiz,
yəni Türkmənistan və Azərbaycan xalçaları kimi incilərimizə böyük
əhəmiyyət veririk. Buna
görə biz Türkmənistan və Azərbaycan
xalçalarına həsr edilmiş sərgilər,
konfranslar keçirilməsi barədə
razılığa gəldik”. Qeyd edək ki, Azərbaycanın Türkmənistanla mədəni
əlaqələri son illər daha da genişlənmişdir.
Azərbaycanda türkmən ədəbiyyatına həmişə
xüsusi maraq olub. Məşhur ədəbiyyatşünas alim Salman Mümtaz
“Maarif və mədəniyyət”
jurnalında dərc olunmuş “Türkmən
şairləri” məqaləsində böyük
türkmən şairi Əhməd Yəsəvinin
adını xüsusi qeyd
edib. Filologiya üzrə
elmlər doktoru, professor
Ramiz Əskər böyük
türkmən şairi Məhtimqulu Fəraqinin
“Seçilmiş əsərləri”ni Azərbaycan
dilinə tərcümə edərək nəşrinə nail olmuşdur. Bu yaxınlarda isə AMEA Folklor
İnstitutunun əməkdaşları Molla Nəpəsin “Seçilmiş
əsərləri”ni Azərbaycan dilində çap
etdiriblər. Kitab Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova
təqdim edilib. Türkmənistan
Prezidenti bu kitabı
Türkmənistan--Azərbaycan ələqələrinin
yaxşılaşmasına doğru
atılan uğurlu addım kimi qiymətləndirib. 2009-cu ildə Türkmənistan
Prezidenti Qurbanqulu
Berdiməhəmmədov Azərbaycanın Türkmənistandakı
səfirliyinin müşaviri Vəhdət
Sultanzadəyə qardaşlıq əlaqələrinin
inkişafındakı töhfəsinə görə Dövlət
mükafatı təqdim edib. 2010-cu il mayın 21-də Bakı Dövlət
Universitetində görkəmli türkmən şairi
Məhtimqulu Fəraqinin həyat və
yaradıcılığına həsr olunmuş
konfrans keçirilib.
Həmin il noyabrın 3-dən 6-dək Türkmənistanda
Azərbaycan mədəniyyəti günləri keçirilib. Tədbirin yüksək səviyyədə
təşkili ilə əlaqədar Türkmənistan Prezidenti sərəncam imzalayıb. Türkmənistanda
keçirilən Azərbaycan mədəniyyəti günlərində
ölkəmizi Naxçıvan Muxtar
Respublikasının mədəniyyət və incəsənət
ustaları təmsil ediblər. Aşqabadda məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili
komediyası Məhtimqulu adına Türkmənistan Musiqili Dram Teatrının
səhnəsində tamaşaya qoyulub. 2010-cu il mayın
10-da ümummilli lider
Heydər Əliyevin anadan olmasının
87-ci ildönümü ilə
bağlı Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Görkəmli
adamların həyatı” seriyasından olan
“Heydər Əliyev” kitabının türkmən dilində nəşrinin
təqdimatı keçirilib. Türkmənistanın Azərbaycandakı səfirliyi
Türkmənistan Prezidenti Qurbanqulu
Berdiməhəmmədovun “Türkmənistanın iqtisadi strategiyası: xalqa
söykənərək xalq naminə”
adlı məqaləsinin yer
aldığı kitabı Azərbaycan dilində nəşr etdirib. Ölkələrimiz arasında
münasibətlərin genişlənməsi təsadüfi
deyil. Prezident İlham Əliyevin sözləri ilə desək,
tarix, mədəniyyət, etnik
köklər birdir və biz
fəaliyyətimizi bu möhkəm təməl
üzərində qururuq. Ortaq
mədəniyyətə malik
xalqlarımız arasında mədəniyyət, incəsənət
və turizm sahəsində uğurlu nailiyyətlər əldə olunub. Beynəlxalq münasibətlərin
inkişafına böyük önəm
verən Prezident İlham
Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla
görüşündə demişdir:
“Apardığımız danışıqlar və
imzalanmış sənədlər bir daha onu göstərir ki, Türkmənistan-Azərbaycan əlaqələri
ən yüksək səviyyədədir. Bu
əlaqələrin təməlində xalqlarımızın
birliyi, dostluğu,
qardaşlığı dayanır. Əsrlər boyu türkmən və Azərbaycan
xalqları bir yerdə yaşamış, əməkdaşlıq,
dostluq etmişlər”. Son
illər mədəni əlaqələrin inkişafına xidmət
edən konfranslar, mədəniyyət
günləri, festivallar bu
əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Onlardan biri Bakıda Türkmənistanın Dirçəliş,
Birlik və Məhtimqulu Fəraqi
poeziyası günü münasibətilə
keçirilən konfransdır. Türkmən
müəlliflərinin əsərlərinin, o
cümlədən Məhtimqulu Fəraqinin “Seçilmiş
əsərləri”nin, Molla Nəpəsin
“Mən bu diyara gəldim”
kitabının, Nurməhəmməd Əndəlibin “Şeirlər,
poemalar və dastanlar”ının, həmçinin
Türkmənistan Prezidenti Qurbanqulu
Berdiməhəmmədovun “Ahaltəkinli fəxrimiz və
şöhrətimizdir” kitabının Azərbaycan dilinə tərcüməsi
və keçirilən mədəni-kütləvi tədbirlər
böyük maraq doğurmuşdur. Türkmənistanda da Azərbaycanın elm, təhsil,
səhiyyə, turizm, idman,
mədəniyyət və incəsənət sahəsindəki
nailiyyətləri maraqla
qarşılanır. Azərbaycan Respublikasının
Türkmənistandakı səfirliyinin və Türkmənistan
Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı
ilə Məhtimqulu adına Türkmənistan Musiqili
Dram Teatrında Hüseyn
Ərəblinski adına Sumqayıt Musiqili
Dram Teatrı kollektivinin
tamaşaya qoyduğu
“Ziyarətçi” tamaşası zövqləri oxşamışdır.
Aşqabadda keçirilən Azərbaycan kinosu günlərində göstərilən
filmlər, ölkəmizin musiqi kollektivlərinin
konsert proqramları rəngarəngliyi və
zənginliyi ilə yaddaqalan olmuşdur. Bütün bunlar onu deməyə əsas
verir ki, köklərimizin
ümumiliyi, mədəniyyətlərimizin
oxşarlığı qardaş
xalqları bir-birinə daha da yaxınlaşdırır və dövlətlərimizin
sıx əməkdaşlığı üçün
möhkəm təməl yaradır. Prezident
İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla
görüşü zamanı demişdir: “Azərbaycan və
Türkmənistan xalqlarının tarixi,
mədəni bağlılığını nəzərə
alaraq, mədəniyyət, incəsənət,
elm, təhsil, gənclər və idman sahələrində əməkdaşlığın
möhkəmləndirilməsi mühüm
aktuallıq kəsb edir”. Bu
yaxınlarda Mədəniyyət naziri
Əbülfəs Qarayev Türkmənistanın
Azərbaycan Respublikasındakı səfiri Mekan
İşanquliyev ilə
görüşüb.Görüşdə iki
ölkə arasında mədəniyyət sahəsində əlaqələr
və əməkdaşlığın gələcək
perspektivləri, həmçinin həyata keçirilə
biləcək layihələr barədə fikir
mübadiləsi aparılıb. Azərbaycan
Respublikası Prezidentinin Türkmənistana
rəsmi səfəri çərçivəsində ötən
il noyabrın 22-də imzalanmış “Azərbaycan
Respublikası hökuməti ilə Türkmənistan hökuməti
arasında 2019--2021-ci illər üçün
elm, təhsil, mədəniyyət və
incəsənət sahəsində Əməkdaşlıq
Proqramı”nın əhəmiyyəti qeyd
edilərək, bunun iki
ölkə arasında əlaqələri daha
da möhkəmləndirəcəyi bildirilib. Heç
şübhəsiz ki, Türkmənistan Prezidentinin Azərbaycana bu
rəsmi səfəri mədəni əlaqələrimizin də
inkişafında yeni mərhələ olacaq.
Xalq qəzeti 2020.- 18 mart.- S.5.