Novruz – xalqımızın ulu bayramı

Bütün bayramlar içərisində millətimiz üçün, hər bir azərbaycanlı üçün ən əziz, ən sevimli bayram Novruzdur. Bu bayram Azərbaycan xalqının qəlbinin bayramıdır.

Heydər ƏLİYEV

ümummilli lider

Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini ehtiva edən mədəniyyət hadisəsidir. Müasir dövrümüz üçün bu, milli bir bayramdır. Tarixi inkişaf boyunca baxdıqda isə onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi bu gün də Azərbaycanda, İranda, Türkiyədə və Orta Asiya ölkələrində Novruz yazın gəlişini rəmzləşdirən Bahar bayramı kimi qeyd olunmaqdadır. BMT Novruza beynəlxalq bayram statusu vermiş, Novruz UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri sırasına daxil edilmişdir.

Novruz bayramı mərasim­lərinin əsasında türk xalqlarının əski mifoloji ritualları dayanır. Bu hal dünya xalqlarının bir çox müasir mərasimlərində müşahidə edilir. Onlardan bəzilərinə zamanla dini məzmun verilərək yeni mahiyyət qazandırılır, əski mərasim mədəniyyəti ilə dini adətlər birləşdirilmiş olur. Məsələn, xristian dini mənsublarının uzun müddət bir bütpərəstlik bayramı sayaraq mücadilə etdikləri Günəşin dönüş məqamı olan 20-25 dekabr tarixini – romalıların astronomik təqvimə əsaslanan əski “Saturnalia” bayramını milad təqviminin dördüncü əsrindən etibarən xaçpərəstlər İsa Məsihin mövludu günü kimi bayram etməyə başladılar. Novruz bayramının təşəkkül tarixində də oxşar vəziyyət müşahidə olunmaqdadır.Yəni zaman keçdikcə insanlar ibtidai dönəmin imtina edə bilmədikləri ənənələrinə yeni məzmun geyindirmiş, onları dini bayram olaraq qəbul etmişlər. Novruzun da rəsmi bayram kimi keçirildiyi orta əsrlərdə onu dini rəvayətlərlə əlaqələndirərək çox qədim zamanlardan qalmış bu təqvim hadisəsinə dini mahiyyət qazandırmağa çalışmışlar. İslam tarixinin müxtəlif mərhələlərində Novruzu – Həzrəti Əlinin doğulduğu gün, Həzrəti Əlinin taxta çıxdığı gün, Həzrəti Əlinin Fatimeyi Zəhra ilə evləndiyi gün, Nuh peyğəmbərin quruya ayaq basdığı gün, Yunus peyğəmbərin balığın qarnından çıxdığı gün və s. kimi mənalandırmaq cəhdləri olmuşdur. Lakin bütün bu cəhdlər Novruzun astronomik mahiyyətini dəyişə bilməmişdir.

Novruzun terminoloji əhatəsi. “Novruz” sözünün əski farscada hərfi mənası “yeni gün” deməkdir, amma ifadə etdiyi mərasim semantikasına görə, qışdan yaza keçidin bitdiyi və yeni astronomik nizamın başlandığı anı bildirir. “Novruz” sözü bəzi deyiliş fərqlərilə bir çox türk xalqlarının dillərində bu gün də işlənməkdədir. Novruzun fars sözü olması məlum mərasimin belə adlanmağa başlamasının türklərin farslarla dil təmasından sonra baş verdiyini göstərməkdədidr. Yeni gün, Yengi gün, Yeni yıl, Yılbaşı, Yazbaşı, Çağan Navrız, Ergenekon kimi 25-ə yaxın ad altında Şərqi Türküstandan Anadoluya, oradan da Balkana qədər uzanan geniş bir coğrafiyada, təbiətin canlanması ilə birlikdə yenidən dirilmənin, birlik və bərabərliyin simvolu olaraq qeyd olunan Novruz mərasimləri sovet dönəmində türk cümhuriyyətlərində rəsmən qeyd edilməsə də, xalqın yaddaşından silinməmiş, unudulmamışdır.

Novruz yazılı qaynaqlarda. Novruz haqqında məlumatlara Əbu Reyhan Biruninin “Asarul Baqiye”, Mahmud Kaşğarinin “Divani-Lügat-it Türk”, Yusif Xas Hacib Balasaqunlunun “Qutadqu-bilig”, Ömər Xəyyamın “Novruznamə”, Nizamülmülkün “Siyasətnamə”, Nizami Gəncəvinin “İsgəndərnamə” əsərində və başqa mənbələrdə rast gəlirik. Onların əsərlərində təkcə bu bayramın təbiətlə və onun qanunauyğunluqları ilə əlaqəsindən deyil, həm də Novruzla bağlı mərasimlər, sınamalar və rituallardan da bəhs edilir. Məsələn, Biruni yazır ki, əgər Novruzun ilk günü gün doğan vaxt hələ heç bir söz demədən üç qaşıq bal yesən və üç parça mum yandırsan, bütün xəstəliklərdən xilas olarsan.

Novruz təqvim mərasimi kimi. Novruzun həm də təqvim bayramı olması, ilin başlanğıcı sayılması onun möhtəşəmliyini və təntənəsini artırır. Novruz mövcud olduğu tarix boyunca bir neçə təqvim mərasimindən keçmişdir. Bunların icərisində əski türk təqvimini, zərdüştliklə bağlı təqvimi, Səlcuqlu Məlik şahın Cəlali təqvimini, Elxanilərin Elxani təqvimini və s. göstərmək olar.

Bizim əski türk təqvimi kimi tanıdığımız təqvim M.Kaşğarinin “Divan”ında rəvayəti ilə birgə təsvir olunmuşdur. Kaşğarinin məlumatına görə, “türklər on iki çeşid heyvanın adını götürüb on iki ilə vermişlər. Uşaqların yaşlarını, savaş tarixlərini və başqa şeyləri bu illərin keçməsi ilə hesablayırlar. Bu on iki heyvandan birincisi siçandır. İlin başına da bu adla “siçan ili” deyilmişdir. Digər heyvanların sırası belədir: öküz, bars, dovşan, timsah, ilan, at, qoyun, meymun, toyuq, it, donuz. Türklər bu illərin hərəsində bir qismət olduğunu sanaraq fal açarlar, uğur sınayarlar. 1074-1075-ci illərdə Böyük Səlcuq sultanı Məlik şah “Cəlali təqvimi” deyilən yeni bir türk təqvimi hazırlatdırmışdı. Qısa bir müddət (Məlik şahın ölümünə qədər) işlənən bu təqvimə Sultanın adına görə “Cəlaliyyə”, “Tarixi-Cəlali”, və ya “Tarixi-Məliki” adları verilmişdi. Günəş ilini əsas götürən Cəlali təqvimində Günəşin Qoç bürcünə girdiyi gün (Novruz) ilbaşı olaraq qəbul edilmişdi. Səlcuqlardan sonra bölgədə hakim olan Elxanilərin zamanında bu təqvim üzərində düzəlişlər edilmiş və “Tarixi-Elxani“ adı verilən bir təqvim meydana gəlmişdi. Bu türk təqvimi 1925-ci ilin 31 martına qədər İranda işlənmişdir. Məlik şahın hazırlatdırdığı Cəlali təqvimindən isə Əfqanıstanda son zamanlara qədər istifadə olunmuşdur. Bu təqvimlərin hər birində Novruz yeni ilin başlanğıcı kimi götürülür. Bugünkü İran və Əfqanıstanda ilbaşını Novruz olaraq qəbul edən təqvim də Cəlali türk təqviminin dəyişilmiş bir şəklidir.

Novruzun qədim əkinçilik ənənələri ilə bağlı olması haqqında fikirlər də qədim zamanlardan məlumdur. Artıq qeyd etdiyimiz kimi, bu bayram Günəşin şimal yarımkürəsində 20-21 martda baş verən yaz bərabərləşməsi ilə bağlıdır. Təbiətin oyanması, canlanması, bitkilərin yenidən yaşıl rəngə bürünməsi min illər boyu müşahidə olunmuş və təcrübədə təsdiqlənmiş bir gerçəklikdir. Belə bir yeniləşmə gününün başlanğıcı şəmsi – Günəş təqviminin ilk ayının ilk gününə (21 mart) təsadüf edir. Buna görə də həmin günü Novruz (yeni gün) adlandırıblar.

Novruzun mənşəyi. Novruzun mənşəyi ilə bağlı müxtəlif mülahizələr mövcuddur. Bunlardan biri qədim türk inancına görə, Novruzun “Yaradılış bayramı” olmasıdır. Tanrının dünyanı və insanı yaratması təbiətin yazda dirilməsi ilə simvolizə olunaraq həmin vaxtda bayram kimi qeyd olunur. Dünyanın yaranmasında iştirak edən dörd ünsür (su, od, torpaq, hava) dörd çərşənbədə qeyd olunur və bu yaradılış prosesinin sonu bayram edilir.

Novruz yazın, baharın gəlişinin bayram edilməsidir. Bu çox geniş yayılmış və ümumi bir fikirdir. Bu prizmadan baxaraq bir qədər də irəli gedən araşdırmaçılara görə, qədim insanlar qışla ölmüş təbiətin yazla yenidən dirilməsini bayram edirmişlər. Novruzda biz bu ritualın rudimentini “Kosa-Kosa” oyununda görürük. Bu oyunda Kosanın ölümü və yenidən dirilməsi simvollaşdırılmışdır. Onun “kəfənsiz ölməsi” belə heç kimi məyus etmir, əksinə güldürür. Kosanın ölümü ritual epizodunun oyunda ifadəsidir, yəni arxaik ritualın özü və ya onun bütöv şəkli deyildir. Amma bu oyunda arxaik ritualın bərpası üçün çox əhəmiyyətli detallar saxlanmışdır.

Novruz və Ergenekon. Novruzun qədim türklərin Ergenekon bayramının davamı olması haqqında fikirlər də çox geniş yayılmışdır. Bu mülahizəyə görə, türklərin əski zamanlarda keçirdikləri Ergenekon bayramı müəyyən bir dövrdən sonra “Novruz” adı ilə qeyd olunmağa başlamışdır. Novruz bayramının “Ergenekon” dastanı ilə bağlılığını əks etdirən bir fakt da maraqlıdır. Novruz günü bir sıra türk xalqlarında, xüsusilə, uyğur, Kazan, Ufa türklərində “Ergenekon” dastanından parçalar söylənir. Maraqlıdır ki, həmin xalqların adətinə görə, islami dini bayramlarda da “Qurani Kərim”in oxunması bitdikdən sonra “Ergenekon”dan parçalar oxunur.

“Ergenekon” dastanı ilə bizim qeyd etdiyimiz yaz bayramı, yəni Novruz arasında müəyyən bağlılıq və oxşarlıqlar vardır. Həmin dastana görə, türklər dağlar arasında, Ergenekon adlı vahiməli bir yerdə 400 il əsarətdə yaşadıqdan sonra yazın ilk günündə atəşin dağı əridərək açdığı yoldan boz qurdun ardınca çıxıb öz ata-baba yurdlarına qayıtmışlar. Deməli, od onlara azadlıq yolunu, ata-baba yurdunun yolunu açmışdır. Axır çərşənbə axşamı qaladığımız tonqallar Ergenekondakı dəmir dağı əritmək üçün yandırılan odun rəmzidir.

Türk tarixində Ergenekondan çıxış günü “Novruz” kimi xatırlanmış və bu adla qeyd olunmağa başlamışdır. Əlbəttə ki, bu, səbəbsiz deyildir. Ergenekon bayramı təkcə törəyiş deyil, eyni zamanda, əski türklərin boz qurdun yol göstərməsi ilə əsarətdən xilas olub gözəl ulu yurdlarına qayıtmalarının bayramıdır.

Novruz arxaik mərasim kimi. Baharın gəlişi, havaların istiləşməsi, qarların əriməsi, təbiətin canlanması bütün insanlara olduğu kimi qədim türklərə də dərin təsir göstərmiş və onların bu dəyişikliyi müxtəlif mərasimlərlə qeyd etmələrinə səbəb olmuşdur. Qədim türk sözü olan “bayram” kəlməsi M.Kaşğarinin “Divan“ında bir yerin işıqlarla və çiçəklərlə bəzədilməsi və orada sevinc içində əylənilməsi şəklində izah edilmişdir.

Novruzun tərkibində arxaik ritual elementlərinin (səməni cücərtmə, tonqal qalama, tonqal üstündən tullanma, qulaq falı və ya qapıpusma, yumurta boyama və yumurta döyüşdürmə, qurşaqatdı, kosa-kosa, kəndirbaz oyunu, deyimlər, nəğmələr və s.) bəzən bütövlükdə, bəzən də elementlər kimi müşahidə olunması onu mərasimşünaslıq aspektindən də araşdırmağın vacibliyini şərtləndirir.

Arxaik ritualın qalıq forması öz aydın ifadəsini əcdadların kosmik dünyaya yolasalma vasitəsi kimi qəbul etdikləri tonqal üstündən tullanmada tapır. Heç şübhəsiz ki, bu elementlər içində tonqal öncə günəşi və bundan sonra da (yaxud, elə bu yolla da) Tanrını simvolizə edir. Məsələnin gerçək mərasim mahiyyəti də bu münasibətlər kontekstində izah oluna bilər. İnsanların tonqal ətrafına toplaşması, onun üzərindən tullanması, öncə hər hansı bir şəkildə onunla təmas yaratmağa cəhd etməsi diqqəti çəkməkdədir.

Novruz hazırlıqları. Novruz bayramı ərəfəsində bayram hazırlıqları başlanır. Buraya ev-eşiyin, həyət-bacanın təmizlənməsi, yeni paltarların alınması, bayram bazarlığı, bayram yeməklərinin, şirniyyatın bişirilməsi və s. daxildir. Bayramda müqəddəs yerlər ziyarət edilir, qohumlara baş çəkilir, bayramlaşılır, küsülülər barışır, kasıblara yardım edilir, bayram payı paylanır və s. Təmizlənməmiş həyət-baca, köhnə paltar yoxsulluq və aclığı simvolizə edir. Küsülülük, kommunikativ böhran sosial xaosun ifadəsidir. Təmizlik, təzə paltar, yeməklər, xaosun çirklilik, köhnəlik, aclıq kimi əlamətlərini aradan qaldırır və onları yeni nizamla əvəz edir. Küsülülük barışla əvəzlənəndə sosial harmoniya bərpa olunur. Döyüşdürülən yumurtalar da iki dünyanın – qışla yazın, soyuqla istinin, xaosla-kosmosun (nizamın) mübarizəsini nümayiş etdirməkdir. Toxum cücərtmək və ya səməni qoymaq da təbiəti canlandırmaq, ona təsir etmək vasitəsi kimi anlaşılır. Qulaq falı və ya qapı pusmaq da yeniləşmənin məlumat səviyyəsini əks etdirir.

Novruz bayramının tarixi əsaslarının təhlilindən gəldiyimiz qənaətlərə görə, o nə zərdüşt, nə də İslam dini ilə birbaşa əlaqəli mərasimdir. Çünki burada müşahidə olunan arxaik ritual elementləri yalnız müsəlman deyil, eyni zamanda, şamançı, buddist, xristian türklərin də mövsümlə – yazın gəlişi ilə bağlı icra etdikləri ortaq rituallardır. Bir çox ölkələrdə Novruz həm də rəsmi bayram olduğu üçün onda mədəniyyət rəngarəngliyi cəmlənərək müəyyən mənada multikultural səciyyə qazanmış olur. Belə bir mədəni səfərbərlik həmişə mərkəzi bayram mərasiminin üzərinə düşür. Amma bütün bu rəngarəng proseslər Novruzun məhz türklərə aid olan arxaik ritual əsaslarını sarsıda bilməmişdir.

Buna görə də Vətənimiz siyasi müstəqillik qazanandan sonra Novruz xalqımızın qədim adət-ənənəsini, milli-mənəvi dəyərlərimizi yaşadan və bütün dünyaya nümayiş etdirən dövlət bayramı kimi çox yüksək səviyyədə qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə desək, Novruz bayramı bizim milli sərvətimizdir. Müasir Azərbaycan dövləti də milli-mənəvi dəyərlər üzərində qurulmuşdur. Dövlət başçımızın fikrinə görə, Novruz sadəcə bir bayram mərasimi deyil, milli varlığımızın, milli əxlaq və mənəviyyat normalarımızın əsasında duran fenomenal bir hadisədir. Qədim dövrlərdən bəri mənəvi həyatımızın ən dərin qatlarına nüfuz etmiş və milli mədəni dəyərlərimizin təşəkkülündə müstəsna yer tutmuş Novruz bayramı əcdadlarımızın indiki nəsillərə misilsiz yadigarıdır. Təbiətlə insanın vəhdətinə dair təsəvvürləri yaşadan Novruz mərasimlərində xalqımızın dolğun həyat fəlsəfəsi və zəngin düşüncə dünyası parlaq təcəssümünü tapmışdır.

 

Ağaverdi XƏLİL,

filologiya üzrə elmlər doktoru, AMEA Folklor İnstitutunun mərasim folkloru şöbəsinin müdiri

Xalq qəzeti 2020.- 20 mart.- S.6.