Nailiyyətlər, islahatlar və
inkişaf yollarında
(AMEA-nın 75
illiyinə qısa baxış)
2020-ci ilin martında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaradılmasının 75 illiyi tamam olur. AZƏRTAC yubileylə bağlı AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin məqaləsini təqdim edir.
***
XXI əsr çoxsaylı ziddiyyətli meyillərlə səciyyəvidir. Texnoloji və informasiya inqilabı bu meyillər arasında mühüm, hətta həlledici yer tutur. Coşqun tərəqqi, yüksəliş, inkişaf etmiş dövlətlərin ölçülüb-biçilmiş iqtisadi siyasəti, zamana adekvat düzgün elmi strategiya, oriyentirlərin dəyişməsi və hakimiyyət təsisatlarının sabitliyi ilə bağlıdır. Elm həmişə güclü dövlətlərin imtiyazı olub. Üstəlik, həmin dövlətlərin gücü çox cəhətdən onların elmi uğurlara nə dərəcədə diqqətlə yanaşması, real praktikada elmi nailiyyətlərdən nə dərəcədə bacarıqla istifadə etmələri ilə bağlı olub. Tariximizin müxtəlif peripetiyaları ilə əlaqədar, Azərbaycan dərin elmi ənənələrə malik ölkələr sırasında olub. Bu, prinsip etibarilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dərin islahatlar keçirilməsində və ölkənin modernləşdirilməsində istifadə edilməsinə imkan yaradır.
Şübhəsiz, hər bir islahat, hər bir modernləşmə liderdən, onun işgüzar keyfiyyətlərindən, iradə və biliklərindən, gələcəyə istiqamətlənməsindən, sabitliyi və yaradıcılığı, təsisatların davamlılığını və vətəndaşların bacarığını, hüquqi dövləti və ənənələri birləşdirmək məharətindən asılıdır.
Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyasının 75 illiyi onun şanlı keçmişindən nələrin elmimizin tarixinə çevrilməsini və Prezidentimizin ölkədə davamlı inkişafa və dərin dəyişikliklərə yönəlmiş islahatçı kursu üçün elmi resurs təmin etməyə qabil olmasını dərk etmək və bu barədə düşünmək üçün gözəl fürsətdir. Milli Elmlər Akademiyasının yubileyi bizi bütün dövlət təsisatlarında və cəmiyyətdə islahatlara və modernləşməyə yönəlmiş bu kursu fəal dəstəkləməyə istiqamətləndirir. Ölkəmiz gələcəyə can atdıqca bu hadisə - milli elmi təfəkkürün dövlət ocağının yaradılmasına, Azərbaycan cəmiyyətinin intellektual qüvvələrinin cəmləşdiyi, müasir elmin idarə edilməsinin, əlaqələndirilməsinin və inkişafının vahid mərkəzinin qurulması bir o qədər sanballı hadisə olacaq. Ümumi şəkildə desək, sürətli modernləşmə yoluna qədəm qoymuş ölkəmiz özünün çoxəsrlik tarixində analoqu olmayan çox mühüm, güclü bir mexanizm əldə edib. Bunsuz milli inkişafın strategiyasını təsəvvür etmək olmaz.
“XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti ölkəmizdə elmin, təhsilin sürətli inkişafı olub”, - bu fikir ümummilli lider Heydər Əliyevin respublikamızın tarixində əlamətdar günlərə və hadisələrə həsr edilmiş çıxışlarının ana xəttidir. Daha sonra: “Bütün bunlar bizim milli sərvətimizdir... Biz yaradılmış elmi potensialı qoruyub saxlamalı, ondan bugünkü və gələcək müstəqil Azərbaycanın inkişafı naminə daha səmərəli istifadə etməliyik”.
Azərbaycan elminin bu yubileyində, ilk növbədə, mili elmin, mədəniyyətin və mənəviyyatın görkəmli təzahürlərindən birinin - Elmlər Akademiyasının təsis edilməsinin təməlini qoyanların, onun banilərinin, ilk azərbaycanlı akademiklərin xatirəsinə ehtiram bildirmək bizim vəzifə borcumuz və ənənələrin tələbidir: böyük bəstəkar, azərbaycançılığın ideoloqu və maarifçi Üzeyir Hacıbəyli; sovet kimya elminin hamılıqla qəbul edilmiş nüfuzlu nümayəndəsi Yusif Məmmədəliyev; Azərbaycan geologiya elminin baniləri Mirəli Qaşqay, Ələşrəf Əlizadə, Şamil Əzizbəyov, ədəbi irsləri bu gün də milli ədəbiyyatın zirvələrindən biri kimi qalan dahi Səməd Vurğun və dərin zəkalı söz ustası Mirzə İbrahimov, Azərbaycan fəlsəfə məktəbinin görkəmli nümayəndəsi Heydər Hüseynov, görkəmli həkimlər Mirəsədulla Mirqasımov və Mustafa Topçubaşov, Azərbaycan milli memarlığının simasını dəyişmiş görkəmli arxitektorlar Sadıq Dadaşov və Mikayıl Useynov.
Onların yaratdığı Azərbaycan Elmlər Akademiyası öz parlaq nailiyyətləri ilə sovet və dünya elminin ayrılmaz tərkib hissəsinə çevrilib. Onların çoxu dövlət təltiflərinə layiq görülüb. Artıq tarixə qovuşmuş o ölkə indi, əlbəttə, çoxları tərəfindən tənqid edilir, lakin bunu etiraf etməmək olmaz ki, həmin ölkənin fundamental elmi çox şeyə nail olub, Azərbaycan elmi isə onun zirvələrindən biri idi. Kimya, neft kimyası, geologiya, daha sonra fizika və riyaziyyat ona dünyada hörmət və ehtiram qazandırıb.
Gəlin xatırlayaq ki, Azərbaycan alimləri kumolun katalitik sintezini, yüksək oktanlı aviabenzin komponentini yaradıb və böyük miqyasda tətbiq ediblər. Bu, Böyük Vətən müharibəsi illərində cəbhəni ən yüksək oktanlı aviasiya benzini ilə təmin etməyə imkan verib (akademik Yusif Məmmədəliyev, 1946-cı ildə SSRİ dövlət mükafatı).
Kimya texnologiyasının və kinetikanın fundamental əsasları yaradılıb, onların əsasında işlənib hazırlanmış resirkulyasiya prosesləri nəzəriyyəsi kimya-texnologiya komplekslərinin optimallaşdırılmasına və kimyəvi proseslərin intensivləşdirilməsinə çox böyük təsir göstərib (akademik Murtuza Nağıyev, Sosialist Əməyi Qəhrəmanı).
Elmlər Akademiyasının alimləri sürtkü yağlarının keyfiyyətini və onların istismar xassələrini əhəmiyyətli dərəcədə yaxşılaşdıran aşqarlar alınması texnologiyasını sintez edib, onların sənaye miqyasında istehsalı təşkil olunub (akademik Əli Əliyev, 1948-ci və 1950-ci illər üçün SSRİ Dövlət mükafatları).
Dizel və reaktiv yanacaqların, aşağı özlülüklü yağların parafinsizləşdirilməsinin elmi əsasları yaradılıb, bu zəmində aşağı temperaturda soyuyan dizel yanacaqlarının və transformator yağlarının sənaye miqyasında istehsalı prosesi işlənib hazırlanıb (akademik Vahab Əliyev, 1976-cı il üçün Azərbaycan SSR Dövlət mükafatı).
Yüksək məhsuldarlıqlı Q-43-107 katalitik krekinq kompleksi yaradılıb və akademik Musa Rüstəmov tərəfindən istehsalata geniş tətbiq edilib.
Elmlər Akademiyasının alimləri Azərbaycan neft sənayesinin inkişafına sanballı töhfələr veriblər. Onlar Azərbaycan neft sənayesi mütəxəssisləri ilə birlikdə kompleks geoloji-geofiziki tədqiqatlar və qazma işlərini elmi cəhətdən əsaslandırıb, proqnozlaşdırıb və həyata keçiriblər. Dünyamiqyaslı nəhəng neft və qaz yataqları - Neft Daşları, “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Bahar”, “Abşeron”, “Zəfər”, “Məşəl” və başqaları kəşf edilib (akademik X.Yusifzadə, Azərbaycan Dövlət mükafatı, Ə.Əlixanov, Lenin mükafatı (1961-ci il), Ə.Əlizadə, SSRİ Dövlət mükafatları (1943, 1946-cı illər)).
Palçıq vulkanizminin təbiətinin fenomeni ilə bağlı klassik tədqiqatlar nəticəsində dünyada ilk dəfə olaraq bu vulkanların püskürməsi kataloqları yaradılıb, ən iri paroksizmlər ətraflı təsvir edilib, onlardan ayrılan brekçiyanın, qazın, suyun və neftin həcmi qiymətləndirilib; onların morfologiyası təsvir edilib, morfogenetik təsnifat verilib, püskürmə məhsullarının ətraflı izotopik-geokimyəvi tədqiqatı aparılıb; palçıq vulkanizminin təbii, fiziki-kimyəvi, riyazi və kompüter modelləri yaradılıb; palçıq vulkanizminin neft və qaz yataqlarının formalaşması prosesləri ilə əlaqəsi aşkar edilib, dünyada ilk dəfə “Dünya palçıq vulkanları atlası” yaradılıb (A.Yaqubov, 1942 və 1951-ci illər üçün SSRİ Dövlət mükafatı, A.Əliyev, İ.Quliyev və b., 2011-ci il üçün Azərbaycanın Dövlət mükafatı).
Selenin və tellurun müxtəlif modifikasiyalarının strukturunun və energetik spektrlərinin, onların daşınması mexanizmləri və modellərinin təyin edilməsi üzrə orijinal tədqiqatlar aparılıb, bu araşdırmalar əsasında keçmiş Sovet İttifaqında selen cihazlarının kütləvi istehsalı üzrə iri ixtisaslaşdırılmış sənaye sahəsi yaradılıb (Q.M.Abdullayev və b., Azərbaycan Dövlət mükafatları).
Elektrik keçiriciliyi, termoelektrik effektləri, qalvanomaqnetizm və termomaqnetizm nəzəriyyəsi yaradılıb, mənfi maqnit müqavimətinin yaranmasının yeni mexanizmi müəyyən edilib (F.Həşimzadə və b.).
Skeptroskopik ellipsometriya vasitəsilə xam neftin ultranazik təbəqələrinin dielektrik funksiyası müəyyən edilib. Neftin müxtəlif tiplərinin və neft məhsulları ilə çirklənmə obyektlərinin eyniləşdirilməsinin prinsipcə yeni texnologiyasının əsasları yaradılıb (Məmmədov və b.).
Özü-özünə qoşma olmayan operatorlar nəzəriyyəsi və tam kəsilməz operatorların öyrənilməsi üçün Allahverdiyevin variasiya prinsipi adlanan metod yaradılıb (1950-1970-ci illər).
Qasımov potensialları adlanan ikitərtibli periodik potensiallı adi diferensial operatorların geniş sinfinin spektral təhlili metodu təklif edilib (1960-1980-ci illər).
Koşi nüvəli sinqulyar inteqral operatorlara nisbətdə Hüseynov fəzaları adlanan invariant Banax fəzaları qurulub (1945-1965-ci illər).
Normalaşdırılmış halqalarda təyin edilmiş mücərrəd sinqulyar operatorlar nəzəriyyəsi yaradılıb (akademik Zahid Xəlilov, 1945-1965-ci illər).
Faydalı qazıntıların yerləşməsi qanunauyğunluqları müəyyən edilib və elmi cəhətdən əsaslandırılıb, Geologiya İdarəsinin geoloqları ilə birlikdə Balakən-Zaqatala, Daşkəsən və digər rayonlarda filiz və qeyri-filiz faydalı qazıntıların iri yataqları kəşf edilib.
Qafqazın ali bitkilərinin sistematikası və coğrafiyası sahəsində fundamental araşdırmalar aparılıb, nəticədə bitki resursşünaslığının yeni elmi istiqaməti yaradılıb (Aleksandr Alfonsoviç Qrossgeym, 1930-1945-ci illər, 1948-ci il üçün Stalin mükafatı).
Azərbaycanın mikroflorası sahəsində genişmiqyaslı tədqiqatlar aparılıb, bu araşdırmalar pambıq vilitinə və homozuna, üzüm tənəyinin parazit göbələklərinə qarşı mübarizə metodları işləyib hazırlamağa imkan verib (Valeri İvanoviç Ulyanişşev, 1952-1962-ci illər, 1964-cü il üçün Lenin mükafatı), torpaqların ekologiyası sahəsində tədqiqatlar isə, “Torpaqyaranmanın energetikası” adlı yeni elmi istiqamətin yaranmasına gətirib çıxarıb (Vladimir Radionoviç Volobuyev, 1958-1980-ci illər, 1967-ci və 1980-ci illər üçün SSRİ Dövlət mükafatı).
Elmlər Akademiyasının yaradılması
və inkişafında idarəçilik qərarları
haqqında
1945-ci ildə SSRİ Xalq Komissarları Sovetinin qərarına müvafiq olaraq Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarına əsasən SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı və bir sıra başqa elmi-tədqiqat müəssisələri bazasında Azərbaycan SSR Elmlər Akademiyası yaradıldı.
Həmin dövrdə Azərbaycanda 66-dan çox elmi müəssisə vardı, bu müəssisələrdə 1200-ə yaxın elmi işçi, o cümlədən 150 elmlər doktoru və professor, 380 elmlər namizədi və dosent çalışırdı. Buna görə də, Elmlər Akademiyasının fəaliyyətinin ilk günlərindən başlayaraq alim və mütəxəssis kadrların hazırlanması ən mühüm vəzifələrdən biri oldu. Bu məqsədlə Akademiyanın gənc əməkdaşları, Azərbaycan ali məktəblərinin məzunları çox vaxt SSRİ-nin təhsil və elmi mərkəzlərində hazırlıq keçir, dissertasiyalar müdafiə edir, öz əvvəlki yerinə, Akademiyaya qayıdandan sonra isə, elmi məktəblər və yeni elmi istiqamətlər yaradırdılar.
1945-ci il martın 31-də Akademiyanın ümumi yığıncağında məşhur həkim alim, respublikanın Əməkdar elm xadimi akademik M.Ə.Mirqasımov Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti seçildi. Ş.Ə.Əzizbəyov və H.N.Hüseynov vitse-prezidentlər, M.Ə.Qaşqay və Y.H.Məmmədəliyev akademik-katiblər oldular. SSRİ Elmlər Akademiyasının prezidenti V.L.Komarov və akademik N.İ.Meşşaninov Azərbaycan Elmlər Akademiyasının fəxri üzvləri seçildilər.
İlk vaxtlarda Akademiyanın strukturunda aşağıdakı sektorlar yaradılmışdı: geologiya və kimya sektoru, fiziki-texniki elmlər və neft sektoru, biologiya və kənd təsərrüfatı elmləri sektoru, ictimai elmlər sektoru. Akademiyanın tərkibində 16 institut, 2 muzey və Mərkəzi Kitabxana birləşirdi, onun Gəncədə, Xankəndidə, Naxçıvanda və Qubada 4 bazası, habelə Təbii Tarix Muzeyi vardı.
1947-1950-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti vəzifəsini Y.Məmmədəliyev tutub. Y.Məmmədəliyevin təşəbbüsü və rəhbərliyi ilə Əlyazmalar İnstitutu, Sumqayıtda kimya üzrə elmi-tədqiqat institutları yaradılmışdı. Azərbaycan Elmlər Akademiyasının beynəlxalq əlaqələrinin qurulmasında və genişlənməsində Y.Məmmədəliyevin böyük xidmətləri olub.
1952-ci il aprelin 15-də Fiziki Üsullarla Müalicə və Kurortologiya Elmi-Tədqiqat İnstitutunun təminatının, respublikanın zəngin kurort və müalicəvi mineral ehtiyatlarının öyrənilməsi üzrə elmi-tədqiqat işlərinin təşkilinin yaxşılaşdırılması və dərinləşdirilməsi məqsədilə Fiziki Üsullarla Müalicə və Kurortologiya Elmi-Tədqiqat İnstitutu Azərbaycan SSR Səhiyyə Nazirliyi sistemindən Elmlər Akademiyasının verildi.
Akademiyaya Azərbaycan paleontologiyasının banisi Musa Əliyevin rəhbərlik etdiyi illərdə (1950-1957) Yer haqqında elmlər sahəsində tədqiqatların coşqun inkişafı başlandı. Akademiyada elmin inkişafına klaster yanaşmasını qeyd etmək istərdik: neftdən, neft kimyasından, geologiyadan coğrafiyaya, Yer haqqında elmlərə, biologiyaya keçid edildi. Bu, həm də Neft Daşlarının tarixinin başlanğıcı idi. Bu dövr Azərbaycan elminin inkişafı üçün mühüm stimul oldu. Həmin dövrdə Azərbaycan alimləri təkcə Qafqazda deyil, həmçinin Orta Asiyada, Sibirdə və Əlcəzairdə də axtarış və elmi-tədqiqat işləri aparırdılar. Həmin dövrdə Bakıda bu gün hamımızın adət etdiyimiz Akademiya şəhərciyi yaradıldı. Yeri gəlmişkən qeyd edək ki, o illərdə Azərbaycan SSR Elmlər Akademiyasının tərkibində elmin ən müxtəlif sahələrini təmsil edən 21 akademik və 13 müxbir üzv vardı.
Sonra Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, Genetika və Seleksiya İnstitutu, Neft-Kimya Prosesləri İnstitutu yaradıldı. 1960-cı ildə Azərbaycan EA Fizika İnstitutunun Astrofizika sektoru bazasında Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində yerləşən Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası yaradıldı.
1962-1967-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti akademik Zahid Xəlilov olub. Onun rəhbərlik etdiyi dövr əsasən fizika-riyaziyyat elmlərinin üstün inkişafı ilə əlamətdar olub, Rüstəm İsmayılovun prezidentlik illəri (1967-1970) isə, texniki elmlərin inkişafına, daha dəqiq desək elm ilə sənaye arasında sıx qarşılıqlı əlaqəyə gətirib çıxarıb, bu isə Bakıda və Sumqayıtda neft-kimya kompleksinin yaradılmasında öz əksini tapıb.
1970-ci ildən 1983-cü ilə qədər Həsən Abdullayevin prezidentliyi illərində Akademiya çox nailiyyətlər qazanıb. Əlbəttə, fizika, selen, yarımkeçiricilər öz yerində, lakin Azərbaycanın ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilirdi, bu da aqrar və biologiya elmləri sahəsində tədqiqatların fəallaşmasına stimul yaradırdı. Həmin illərdə qazanılmış uğurlarda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin böyük rolu olub. O əmin idi ki, Azərbaycanın inkişafı biliklərə, elmə, idarəçilik, mədəni və təhsil resurslarına əsaslanmalıdır. Həmin illərdə Elmlər Akademiyası şübhəsiz belə bir resurs olmuşdu. Elmlər Akademiyasının fəaliyyətinin hər cür dəstəklənməsi, dövlət sifarişlərinin uğurla yerinə yetirilməsi nəticəsində 1975-ci ildə Azərbaycan Elmlər Akademiyası Xalqlar Dostluğu ordeni ilə təltif edildi.
Ümummilli lider Heydər Əliyev
və Elmlər Akademiyası
(Elmlər
Akademiyasından Milli Elmlər Akademiyasına)
1980-ci illərin sonundakı ziddiyyətli dövrdə və
respublikamız müstəqilliyini bərpa edəndən
sonrakı ilk illərdə bütün ölkə ilə bərabər
Azərbaycan Elmlər Akademiyası da ciddi çətinliklərlə
üzləşmişdi. Bu, çox cəhətdən onunla
bağlı idi ki, ölkəyə təsadüfi adamlar rəhbərlik
etməyə başlamışdılar, milli müstəqillik
uğrunda mübarizə və ərazi
bütövlüyü uğrunda müharibə gedirdi.
Heydər Əliyevin hakimiyyətə qayıtması Akademiyaya
yeni nəfəs, yeni impuls verdi, onun
qarşısında yeni hədəflər və üfüqlər
açıldı. 1993-cü il
sentyabrın 21-də Elmlər Akademiyasında Heydər
Əliyevin ölkə ziyalıları ilə əlamətdar
görüşü Azərbaycan alimlərini yeni nailiyyətlərə
ruhlandırdı. Ümummilli Lider ölkənin
inkişafının əsas prioritetlərini müəyyən
etdi: iqtisadiyyatın inkişafı, hüquqi dövlət
qurulması, Konstitusiyanın qəbul edilməsi,
çoxvektorlu xarici siyasət yürüdülməsi və
s. Bu prioritetlər sırasında Elmlər Akademiyasında
islahatlar, onun müstəqil dövlətin elmi mərkəzinə
çevrilməsi məsələləri mühüm yer
tuturdu. Əlbəttə, hər şey çətinləşmişdi,
Milli Elmlər Akademiyası beynəlxalq elmi əmək
bölgüsündə birbaşa iştirak etməyə
başlamışdı. Bu, həm elmi əməyin
təşkilində yeni səmərəli üsullar
axtarışını, mütərəqqi texnologiyalar və
yeni fənlərarası biliklər tələb edirdi. Bu da məlum oldu ki, Elmlər Akademiyası elmin
inkişafı ilə yanaşı, həm də təhsil
sisteminin, gənclərin tərbiyəsinin elmi, maarifçilik
və ideoloji təminatı ilə məşğul
olmalıdır. Bütövlükdə
yeni olan bu funksiyalara baxmayaraq, əsas məsələ yeni
biliklərə və müasir texnologiyalara yiyələnməkdən,
onlardan tətbiqi tədqiqatlarda, praktikada istifadə etməkdən
ibarət olmalı idi.
Görünür elə bu səbəbdən, “Biotex”
Elmi-Tədqiqat Birliyi əsasında Molekulyar Biologiya və
Biotexnologiya İnstitutu yaradıldı. Atom energetikasının və
radiasiya texnologiyasının inkişafı ilə əlaqədar,
radioekoloji nəzarətin təşkil edilməsinin, habelə
bu sahədə elmi tədqiqatları genişləndirməyin
vacibliyini əsas tutaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət
Heyətinin təklifini nəzərə alaraq Respublika
Radioekologiya Mərkəzinin yaradılması barədə sərəncam
verdi. Həmin illərdə Mikrobiologiya
İnstitutu da yaradıldı. Azərbaycanın
Beynəlxalq Astronomiya İttifaqı (BAİ) ilə əməkdaşlığı
üzrə işlər davam etdirildi, o cümlədən
Fizika-Riyaziyyat və Texniki Elmlər Bölməsində
Astronomiya Şurası yaradıldı.
Akademik elm üçün ənənəvi olan neft
haqqında elmlər sahəsində tədqiqatlar təbii ki,
davam edirdi.
“Əsrin müqaviləsi” və Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti ilə
Milli Elmlər Akademiyası arasında bağlanan əməkdaşlıq
və neft emalı sənayesinin inkişaf konsepsiyasının
işlənib hazırlanması, xarici şirkətlər tərəfindən
təqdim olunan layihələrin ekspertizasının
keçirilməsi haqqında razılaşma onlara
böyük təkan verdi. Elmlər
Akademiyası ekoloji işlərin aparılmasında, neft və
qaz kəmərləri marşrutlarının ekspertizasında
fəal iştirak edirdi.
Ümummilli lider Heydər Əliyev hesab edirdi ki, Azərbaycanın
inkişafında ictimai və humanitar elmlər - tarix, fəlsəfə,
ədəbiyyat böyük yer tutur və gələcəkdə
də bu, belə olmalıdır. Bu elmlər Azərbaycançılıq
ideologiyası, mədəniyyət, gənclərin tərbiyəsi,
ölkə vətəndaşlarında vətənpərvərlik
hisslərinin gücləndirilməsi ilə
bağlıdır. Xüsusən, Dağlıq
Qarabağ münaqişəsi təkcə döyüş
meydanlarında, daxili siyasətdə və beynəlxalq
münasibətlərdə deyil, həm də elmdə, Ermənistan
tərəfindən törədilən “yaddaş müharibələri”
adlandırılan, lakin Azərbaycan Elmlər Akademiyası
alimlərinin iştirakı vacib olan tarixi, ideoloji çəkişmələrdə
davam edirdi. Buna görə də bu illərdə
tarix, arxeologiya və etnoqrafiya, fəlsəfə və
hüquq institutlarında islahatlar başladı, İnsan
Haqları İnstitutu yaradıldı, daha sonra isə indiki
günlərdə Hüquq və İnsan Haqları
İnstitutu adlandırıldı. Məsələn,
Arxeologiya və Etnoqrafiya İnstitutunda həmin illərdə
tarix elmləri sahəsində kompüter və riyazi modellərin
tətbiqi üzrə elmi mərkəz təşkil olundu, Azərbaycan
tarixinin siyasi, sosial-iqtisadi və mədəni problemləri ilə
bağlı sənədlərin toplanması, sistemləşdirilməsi
və nəşri məqsədilə akademik Z.Bünyadovun sədrliyi
ilə arxeoqrafiya komissiyası yaradıldı. Məhz həmin
dövrdə Elmlər Akademiyasının tərkibində dahi
Azərbaycan şairi Hüseyn Cavidin muzeyi yeni nəfəs,
Füzuli adına Əlyazmalar İnstitutu
isə geniş və çoxşaxəli fəaliyyət
qazandı. Bu kontekstdə Gəncə Elm Mərkəzi, Şəki
zonasının elmi bazası və Naxçıvan Elm Mərkəzinin
bazalarında Gəncə, Şəki və Naxçıvan
regional elm mərkəzlərinin əhəmiyyəti və
yaranması bu kontekstdə aşkardır. Bu elm
mərkəzləri müstəqil elmi müəssisələr
kimi bilavasitə Elmlər Akademiyası Rəyasət Heyətinin
səlahiyyətinə verilmişdi.
1996-cı ildə Azərbaycan Respublikasının ətraf
mühitinin mühafizəsi üzrə Milli Komitə və Azərbaycanın
ekoloji problemləri üzrə Birgə Şura
yaradılıb. Şuranın əsas vəzifəsi elm
müəssisələrində ekoloji tədqiqatların
koordinasiyası və Azərbaycan Respublikasının ekoloji problemlərin
həlli üzrə strategiyalarının elmi əsaslarının
işlənib hazırlanması idi.
1998-ci ildə Mərkəzi Elmi Kitabxananın fəaliyyətinə
əhəmiyyətli dəyişikliklər edilməsi,
oxuculara göstərilən xidmətin səviyyəsinin
artırılması, biblioqrafik informasiya xidmətinin səmərəliliyinin
təmin edilməsi məqsədilə akademik Ç.Quliyevin sədrliyi
ilə Elmlər Akademiyasının Rəyasət Heyəti
yanında Kitabxana Şurası yaradıldı. Sonralar, 2011-ci
ildə Prezident İlham Əliyevin təşəbbüsü
ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi
Kitabxanasının yeni binasının tikintisinə
başlanıldı və 2014-cü ilin mayında başa
çatdı. Prezident İlham Əliyevin
tapşırığı ilə kitabxananın yeni binası ən
müasir avadanlıqla təchiz olundu.
2001-2013-cü illərdə Milli Elmlər Akademiyasına
akademik Mahmud Kərimov rəhbərlik edirdi. Məhz həmin
illərdə Akademiyanın inkişafında yeni mərhələ
başladı. Dövlətimizin başçısı
Heydər Əliyevin 2001-ci il 15 may tarixli Fərmanı
ilə Akademiyanın adı dəyişdirilərək Azərbaycan
Milli Elmlər Akademiyası adlandırıldı. 2001-ci ildə Akademiyada genişmiqyaslı struktur dəyişiklikləri
aparıldı. Xüsusilə, İctimai Elmlər
Bölməsi Ədəbiyyat, Dil və İncəsənət
Bölməsi ilə birləşdirildi, nəticədə
Humanitar və İctimai Elmlər Bölməsi yarandı ki,
bu da şübhəsiz, dünyada bu elmlərin qarşılaşdıqları
bütün çətinliklərə baxmayaraq, onların
inkişafına xidmət etdi.
2002-ci il, həmçinin bir sıra mühüm
struktur dəyişiklikləri və yeniliklərlə yadda
qaldı. Məsələn, AMEA-nın Rəyasət Heyətinin
iclaslarında EA-nın Rəyasət Heyətinin nəzdində
akademik M.Kərimovun sədrliyi ilə Redaksiya-Nəşriyyat
Şurasının yaradılması haqqında, habelə
Geologiya İnstitutunun nəzdində “Nüvə
silahlarının hərtərəfli qadağan edilməsi
haqqında Müqavilə”yə əsasən Milli
İnformasiya Mərkəzi yaradılması barədə qərarlar
qəbul olundu. Bu mərkəzin funksiyası
qlobal seysmik məlumatların toplanması, təhlil edilməsi
və mübadiləsidir.
2002-ci
ilin may ayında Azərbaycan Respublikası Nazirlər
Kabinetinin “Azərbaycan Milli Elmlər Akademiyasında struktur dəyişiklikləri
haqqında” Qərarı qəbul edildi. Həmin qərara əsasən
Fizika İnstitutu, Kimya Problemləri İnstitutu, habelə Fəlsəfə
və Hüquq, Milli Münasibətlər, İctimai-Siyasi Tədqiqatlar
və İnformasiya İnstitutları əsasında Fəlsəfə
və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu yaradıldı
(2008-ci ildə bu institutun adı dəyişdirilərək Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutu adlandırıldı). Elə həmin dövrdə radiasiya tədqiqatları
sektoru əsasında Radiasiya Problemləri İnstitutu və
İnformasiya-Telekommunikasiya Elmi Mərkəzinin bazasında
İnformasiya Texnologiyaları İnstitutu yaradıldı.
2002-ci
ilin avqustunda Prezident Heydər Əliyev Azərbaycan Milli Elmlər
Akademiyasının Naxçıvan Bölməsinin
yaradılması haqqında Fərman verdi.
Bu bölməyə Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət,
Dil və Ədəbiyyat, Təbii Ehtiyatlar, Bioloji Ehtiyatlar
İnstitutları, Əlyazmalar Fondu və Batabat Astrofizika Rəsədxanası
daxil oldu. Həmin Fərman əsasında
AMEA-nın Rəyasət Heyəti Naxçıvan Bölməsinin
Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda
hüquqi şəxs statuslu qurum kimi təsdiq olunması barədə
qərar qəbul etdi.
2003-cü ilin yanvarında Prezident Heydər Əliyev Azərbaycan
Milli Elmlər Akademiyasının statusu, nizamnaməsi və
prezidenti haqqında fərmanlar imzaladı. Bu, AMEA tarixində
çox mühüm hadisə oldu.
Azərbaycan
Milli Elmlər Akademiyasının statusu haqqında Fərmanın
mahiyyəti Akademiyaya müstəqil Azərbaycan
Respublikasının elmi və elmi-texniki siyasətinə
görə tam məsuliyyət daşıyan, ölkənin
bütün elmi müəssisələrinin və universitetlərinin
elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və
istiqamətləndirən, habelə elmi fəaliyyət sahəsində
Azərbaycanı xaricdə təmsil edən ali dövlət
statusu verilməsindən ibarət idi. Beləliklə,
həmin Fərman elmi-texniki siyasətin həyata keçirilməsində
Akademiyanın rolunu və səlahiyyətlərini əhəmiyyətli
dərəcədə genişləndirdi.
Azərbaycan
EA Rəyasət Heyətinin AMEA Mərkəzi Elmi Arxivi
bazasında “Azərbaycanın elmi irsinin toplanması və
sistemləşdirilməsi şöbəsinin, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı
ilə təsis edilmiş Azərbaycan Milli Elmlər
Akademiyası yanında “Azərbaycan Milli Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya
Birliyi bazasında “Azərbaycan Milli Ensiklopediyası” elmi mərkəzinin
yaradılması haqqında qərarları da Azərbaycan
Milli Elmlər Akademiyasının inkişafı yolunda
mühüm mərhələlər oldu. AMEA Rəyasət Heyəti
yanında Elm Muzeyinin yaradılması haqqında AMEA Rəyasət
Heyətinin 2011-ci il 14 fevral tarixli qərarı
Azərbaycan elminin nailiyyətlərinin akkumulyasiyası sahəsində
inkişafın davamı oldu.
Prezident
İlham Əliyevin
islahatlar
kursu və AMEA-nın inkişafı
Azərbaycan Prezidenti İlham Əliyev fəaliyyətində
bu prinsipi əsas götürür ki, müasir dövr
islahatlara istiqamətlənməyi tələb edir. Bu islahat
iqtisadiyyatın, habelə dövlətin və cəmiyyətin
həyat fəaliyyətinin bütün sahələrinə
nüfuz etməlidir. Aydındır ki, bu
cür islahatçılıq elmdən, oraya mütərəqqi
texnologiyaların, koqnitiv və idarəçilik
texnologiyalarının tətbiq edilməsini, elmi kadrların
işinin səmərəliliyinin artırılmasını,
sonra isə bu mütərəqqi texnologiyalardan iqtisadiyyatın,
təhsilin, hərbi işin digər sahələrində də
istifadə edilməsini gözləyir.
Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdən
bu günə qədər Milli Elmlər Akademiyası çərçivəsində
institutların, şöbələrin və
laboratoriyaların strukturunun dəyişdirilməsi, həmçinin
elmi-tədqiqat vahidlərinin formalaşması üzrə
vaxtaşırı tədbirlər görülür.
Məsələn,
2010-cu ilin aprelində AMEA Rəyasət Heyətinin qərarına
əsasən, baş redaktor, akademik M.Kərimovun rəhbərliyi
ilə “Azərbaycan Mühacirət Ədəbiyyatı
Kitabxanası” adlı beynəlxalq redaksiya yaradıldı. 2011-ci ilin aprelində AMEA-nın strukturunda “Aqrar elmlər”
və “Tibb elmləri” bölmələri yaradıldı.
Bununla əlaqədar Kənd Təsərrüfatı
Nazirliyinin tabeliyində olan 17 elmi-tədqiqat müəssisəsinin
və təşkilatının elmi fəaliyyətinə
elmi-metodik rəhbərlik AMEA Aqrar Elmlər Bölməsinə,
Səhiyyə Nazirliyinin tabeliyində olan 14 elmi-tədqiqat
müəssisəsinin və təşkilatının elmi fəaliyyətinə
elmi-metodik rəhbərlik isə AMEA Tibb Elmləri Bölməsinə
həvalə edildi.
2013-cü ilin aprelində AMEA-nın prezidenti vəzifəsinə
Azərbaycan Geologiya İnstitutunun direktoru, AMEA-nın
vitse-prezidenti Akif Əlizadə seçildi.
Azərbaycan
Respublikası Prezidentinin AMEA Göytəpə Arxeologiya
Parkının layihələşdirilməsi və tikintisi barədə
2012-ci il 18 aprel tarixli Sərəncamına əsasən,
2013-cü ildə Humanitar və İctimai Elmlər Bölməsinə
Göytəpə Arxeoloji Kompleksində aşkar edilmiş qədim
tikililərin elmi əhəmiyyətinin müəyyənləşdirilməsi
üçün müstəqil xarici ekspertlər cəlb
olunmaqla komissiya yaradılması barədə
tapşırıq verildi.
Yenə həmin ildə AMEA Rəyasət Heyətinin
elmin idarə edilməsi sisteminin təkmilləşdirilməsi
barədə qərarları həyata keçirildi. Məsələn, AMEA Rəyasət
Heyətinin strukturunda əvvəlki bir neçə təşkilati
vahidin əvəzinə: Elmi-Təşkilati Şöbə,
Elmi Tədqiqatlar Şöbəsi, Elmi Analitik Şöbə,
Beynəlxalq Münasibətlər Departamenti, Xarici Akademik
Müəssisələrlə Əlaqələr Şöbəsi,
Təhsil və Kadrlar Departamenti, Hüquq Şöbəsi,
İnnovasiyalar Şöbəsi, İctimaiyyətlə
Əlaqələr Departamenti və Ümumi Şöbə
yaradıldı. Müasir dünya
standartlarına uyğun olaraq, AMEA elmi institutlarının əsas
elmi istiqamətlərini, təşkilati strukturunu, maliyyələşdirmə
mənbələrini, elm və innovasiya sahələrində
nailiyyətlərini qiymətləndirməyə imkan verən
meyarların müəyyən edilməsi üzrə komissiya
yaradıldı. 2013-cü ilin noyabrında
AMEA Rəyasət Heyəti yanında İnnovasiyalı Layihələrin
Ekspertizası və Koordinasiyası üzrə Şura
yaradıldı.
AMEA-nın bəzi institutlarında yeni şöbələr
yaradılması ilə yanaşı, 2013-cü ilin
payızında Gəncə Regional Elmi Mərkəzi
bazasında Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə
Bölməsi təsis olundu.
Yenə
2013-cü ildə AMEA Rəyasət Heyəti yanında H.Zərdabi
adına Mətbuat Muzeyi, AMEA-nın gənc
alim və mütəxəssislər şurası
yaradıldı.
2014-cü ildə AMEA-nın strukturunda bir sıra təşkilati
tədbirlər həyata keçirildi. Məsələn,
aşağıdakı institutlar yaradıldı:
Molekulyar-Biologiya və Biotexnologiya İnstitutu (AMEA-nın
Biologiya və Tibb Elmləri Bölməsi), Dünya Siyasəti
İnstitutu, Elm Tarixi İnstitutu və Qafqazşünaslıq
İnstitutu (AMEA-nın Humanitar və İctimai Elmlər
Bölməsi), Neft və Qaz İnstitutu (AMEA-nın Yer
haqqında Elmlər Bölməsi). AMEA-nın Fizika
İnstitutu çərçivəsində Biofizika və
Smart Materiallar Mərkəzi yaradıldı, 2014-cü ilin
oktyabr ayında isə Azərbaycan Respublikası Prezidentinin Fərmanına
əsasən, Azərbaycan Milli Elmlər Akademiyası
yanında Təbii Tarix Muzeyi yaradıldı.
2014-cü ilin iyununda Azərbaycan Respublikası
Prezidentinin “Birgə beynəlxalq elmi laboratoriyaların
yaradılması haqqında” Fərmanı dərc edildi. Bu Fərmanın
icrası məqsədilə AMEA-nın Geologiya və Geofizika
İnstitutu ilə İtaliyanın Milli Tədqiqat
Şurasının Ekoloji Analizin Metodologiyası İnstitutu
arasında 2014-cü ildə imzalanmış müqavilə
çərçivəsində “Zəlzələlərin
vaxtının, təhlükə dərəcəsinin məkanda
təhlili laboratoriyası” yaradıldı. AMEA-nın Geologiya və Geofizika İnstitutu ilə Massaçusets
Texnologiya İnstitutu arasında imzalanmış sazişə
müvafiq olaraq, “Yer qatının müasir hərəkətləri
və geodinamik təhlükələr laboratoriyası” təsis
edildi. Beynəlxalq sazişlər çərçivəsində,
həmçinin aşağıda sadalanan birgə elmi təşkilatlar
yaradıldı: Respublika Seysmoloji Xidmət Mərkəzində
Missuri-Kolumbiya Universitetinin Geologiya Elmləri Departamenti ilə
müştərək “Yer qatının seysmikliyi” beynəlxalq
laboratoriyası, Botanika İnstitutunda Frankfurtdakı İohann
Volfqanq Höte Universitetinin Almaniya Ekologiya, Təkamül və
Müxtəliflik İnstitutu ilə birlikdə “Biomüxtəliflik
və iqlim dəyişmələri” beynəlxalq
laboratoriyası, həmçinin Ayova Dövlət Universiteti və
Amerika Dövlət Elm və Texnika Universiteti ilə saziş əsasında
Botanika İnstitutunda “Meşə mikologiyası və
patologiyası” laboratoriyası.
2014-cü ildə İctimaiyyətlə əlaqələr
şöbəsi əsasında AMEA Rəyasət Heyətinin
İctimaiyyətlə əlaqələr və elmin
populyarlaşdırılması idarəsi təşkil edildi. Bu idarənin
tərkibinə “Elm” qəzetinin, “Elm və həyat”
jurnalının redaksiyaları, science.az veb-portalı və
ictimaiyyətlə əlaqələr şöbəsi daxil
edildi.
2015-ci ildə
Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin
təsdiq edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il 11 dekabr tarixli Fərmanına
uyğun olaraq, müvafiq tədbirlər keçirilib. Məsələn, AMEA-nın təsdiq edilmiş yeni
Nizamnaməsinə əsasən, Humanitar və İctimai Elmlər
Bölməsinin strukturu dəyişdirilib.
Nəticədə humanitar elmlər və ictimai elmlər
bölmələri yaradılıb. Humanitar Elmlər Bölməsinə
aşağıda qeyd olunan institutlar daxil edilib: Nizami adına
Ədəbiyyat, Nəsimi adına Dilçilik, Memarlıq və
İncəsənət, M.Füzuli adına Əlyazmalar,
Folklor institutları, N.Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyi, Hüseyn Cavidin ev-muzeyi. İctimai
Elmlər Bölməsinə A.Bakıxanov adına Tarix
İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Z.Bünyadov
adına Şərqşünaslıq İnstitutu, Fəlsəfə
və Hüquq İnstitutu, İqtisadiyyat İnstitutu, İnsan
Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu,
Dünya Siyasəti İnstitutu, Elm Tarixi İnstitutu,
Qafqazşünaslıq İnstitutu və Milli Azərbaycan
Tarixi Muzeyi daxil edilib.
2016-cı ildə AMEA-nın Kənd Təsərrüfatı
Elmləri Bölməsinin və onun müəssisələrinin
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi ilə
birləşməsi nəticəsində AMEA-nın Biologiya və
Tibb Elmləri Bölməsi yaradılıb.
Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli Fərmanının
2.5-ci bəndinə və “Elm haqqında” Qanunun 11-ci maddəsinə
əsasən Azərbaycan Milli Elmlər Akademiyasına dövlət
elmi təşkilatı statusu verilib. Bu statusa görə, AMEA
Azərbaycan Respublikasında elmin inkişafını təşkil
və təmin edən, dövlətin elmi və elmi-texniki
siyasətini həyata keçirən, ölkə üzrə
elmi müəssisələrin və təşkilatların,
ali təhsil müəssisələrinin elmi tədqiqat fəaliyyətini
əlaqələndirən və dəstəkləyən,
elmi-texniki fəaliyyət sahəsində Azərbaycan
Respublikasını xarici ölkələrdə təmsil edən
dövlət elmi təşkilatıdır.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2016-cı il
20 iyul tarixli qərarına əsasən AMEA-nın strukturunda
Biofizika İnstitutu yaradılıb.
Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 8
noyabr tarixli Sərəncamına əsasən AMEA-nın
Yüksək Texnologiyalar Parkı və “Yüksək
Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti
yaradılıb.
AMEA Rəyasət
Heyətinin 2016-cı il 7 sentyabr tarixli qərarına əsasən
“Elm və Təhsil” İdarəsinin strukturunda magistr bölməsi
yaradılıb, AMEA Rəyasət Heyətinin “Təhsil”
İdarəsinə isə Doktorantura şöbəsi adı
verilib.
2016-cı
ildə AMEA Rəyasət Heyətinin yanında Müəllif
hüquqları və patentlər şöbəsi, Fənlərarası
analitik mərkəz və Alimlər evi kimi mühüm
bölmələr yaradılıb ki, onların fəaliyyəti
AMEA-nın elmi-innovativ nailiyyətlərinin irəlilədilməsinə,
habelə Akademiyanın elmi əməkdaşlarının
yaradıcılıq fəallığının
artırılmasına yönəlib.
2017-ci ildə AMEA-nın müxtəlif
strukturlarının fəaliyyəti başlıca olaraq
dövlətimizin həyatında müdafiə, energetika,
ekologiya və respublikanın ərzaq təhlükəsizliyi
kimi strateji istiqamətlərin elmi bazasının təmini və
gücləndirilməsi üzərində cəmlənib. İnnovativ fəaliyyətin
genişləndirilməsinə, qloballaşma şəraitində
Azərbaycan dilinin qorunmasına və inkişafına,
respublikanın sosial-iqtisadi inkişaf perspektivləri
baxımından ölkədə demoqrafik vəziyyətin
kompleks öyrənilməsinə xüsusi diqqət
ayrılıb. Həmçinin sənayenin
və kənd təsərrüfatının inkişafında
elmin rolunun yüksəldilməsinə yönəldilmiş
layihələr davam etdirilib.
“Elm
haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə
əlaqədar olaraq Elmlər Akademiyasının müxtəlif
strukturlarında ölkədə elmi-təşkilati strukturun
və hüquqi bazanın təkmilləşdirilməsinə,
elmi fəaliyyətin əlaqələndirilməsinə,
innovativ fəaliyyətin genişləndirilməsinə, elm və
təhsil arasında inteqrasiyanın gücləndirilməsinə
və s. diqqət artırılıb.
Müxtəlif
qrant proqramları və mərkəzlərinin (Erasmus+,
Horizon-2020, Avropa Meşə İnstitutu, Botanika Bağları
Beynəlxalq Şurası, Folksvagen Fondu, Rumıniya Milli Təhsil
Mərkəzi, Norveç Təhsil Sahəsində Beynəlxalq
Kooperasiya Mərkəzi və s.) dəstəyi ilə beynəlxalq
əməkdaşlıq çərçivəsində
AMEA-nın elmi müəssisələrinin əməkdaşları
Avropa, Amerika, Asiya, Afrika və MDB-nin müxtəlif ölkələrində
keçirilən beynəlxalq treninqlərdə və elmi
forumlarda iştirak ediblər, həmçinin elmi
laboratoriyalarda birgə tədqiqatlar aparıblar.
AMEA-nın Yüksək Texnologiyalar Parkı xarici təşkilatlarla
sıx əməkdaşlıqda innovativ ekosistemin qurulması
istiqamətində işlər həyata keçirib. “YT Park”ın və “Erciyes”
(Türkiyə) Texnoparkının birgə innovativ layihələrinin
reallaşdırılması üzrə işçi qrupu
yaradılıb, Çin-Rusiya innovasiya texnoparkı ilə
elmin kommersiyalaşdırılmasına yönəldilmiş
memorandum imzalanıb, AMEA-nın “YT Park” biznes-inkubasiya mərkəzində
Azərbaycan-Çin Texnologiyaların Transferi Mərkəzi
yaradılıb.
2017-ci ildə
təşəkkülün fəlsəfi aspektləri,
informasiya cəmiyyətinin inkişafı və aktual problemləri,
informasiya cəmiyyətində həyat tərzi və miqrasiya
prosesləri (sosial-fəlsəfi təhlil), milli-mənəvi
dəyərlərə fəlsəfi yanaşma, Azərbaycanda
biliklər cəmiyyətinin yaradılmasında İKT-nin
rolu, NBİC texnologiyaları nəticəsində sosial-mədəni
mühitdə baş verə biləcək dəyişikliklər
və digər bu kimi vacib mövzuları əhatə edən
multidissiplinar xarakterli geniş elmi-tədqiqat işləri
aparılıb.
Həmçinin 2017-ci ildə “AzScienceNet” şəbəkəsi
infrastrukturunun genişləndirilməsi, onun resurslarından səmərəli
istifadə üzrə tədbirlər həyata keçirilib. Avropanın onlayn-elmi və
təhsil mühitinə inteqrasiya üçün “AzScienceNet”
şəbəkəsinin 1,5 Gbit/san sürətlə
pan-Avropa elmi-təhsil şəbəkəsinə (GEANT)
qoşulması təmin edilib. “AzScienceNet” şəbəkəsinin
Data mərkəzində AMEA-nın elmi müəssisələrinin
və təşkilatlarının veb-resurslarının
saxlanılması və hostinq xidmətlərinə dəstək
göstərilməsi üzrə işlər aparılıb.
2017-ci ildə The SCİmago İnstitutions Rankings (SİR)
təşkilatının reytinq sırasında müsbət
dinamika müşahidə edilib. AMEA-nın elmi müəssisələrinin
və əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsində
eb of Science və SCOPUS kimi nüfuzlu elmi platformaların məlumatlarından
istifadə edilir.
2018-ci ildə AMEA-nın Biofizika İnstitutunda Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi
ilə birlikdə “Molekulyar və hüceyrə onkologiyası”
laboratoriyası yaradılıb. Elə həmin ildə
AMEA-nın Rəyasət Heyəti tərəfindən Botanika
İnstitutunun elmi nəşri olan “Plant Fungal Research”
jurnalının redaksiya heyəti təsdiq edilib.
2018-ci ildə
Rəyasət Heyətinin qərarları ilə
nanotexnologiyalar və nanostrukturlar, intellektual texnologiyalar və
sistemlər, tətbiqi riyaziyyat və riyazi modelləşdirmə,
kataliz və yeni materiallar kimyası, neft-kimya, üzvi sintez, molekulyar
biologiya, gen mühəndisliyi, bioloji təbabət, Azərbaycanda
sosial və etnik proseslərin tədqiqi, qlobal iqtisadi, siyasi və
hüquq amillərinin respublikamıza potensial təsirinin
proqnozlaşdırılması kimi mühüm istiqamətləri
əhatə edən elmi-tədqiqat proqramları təsdiq
edilib.
Beləliklə, ölkəmizdə elmin inkişafı
Azərbaycan Prezidentinin islahatlar kursu ilə sıx birləşib. Buna görə
də elmi-innovativ inkişaf prioritet vəzifəyə
çevrilib, çünki islahatlar və innovasiyalar,
yaradıcı təfəkkürün zənginləşdirilməsi
öz aralarında qırılmaz surətdə
bağlıdır. Bu səbəbdən də
AMEA ölkədə aparılan irimiqyaslı islahatların
elmi bazasının möhkəmləndirilməsi, mövcud
elmi-texniki potensialın qorunub saxlanması üçün
müvafiq tədbirlər görüb, ölkənin
sosial-iqtisadi problemlərinin həlli və milli dövlətçiliyin
möhkəmləndirilməsi üzrə təxirəsalınmaz
istiqamətləri müəyyənləşdirib. AMEA-nın alimləri fənlərarası və sahələrarası
elmi tədqiqatlarda fəal iştirak edirlər ki, bu da elmi sahələrin
inteqrasiyasına və yeni müasir baxışlar sisteminin
formalaşmasına kömək edir.
Elmin,
ideologiyanın və yenilənmənin istiqamətləri
haqqında
2019-cu ilin oktyabrında Azərbaycan Milli Elmlər
Akademiyasının yeni prezidenti seçildi. Bu fakt
AMEA-nın inkişafında yeni mərhələnin
başlanmasına dəlalət edir.
Bu gün sivilizasiya informasiya epoxasına daxil olub, onu
üçüncü sənaye inqilabı da adlandırırlar. İstehsal, həyat
fəaliyyəti, biliklər kimi anlayışların
özü dəyişir. Texnoloji kəşflər
dünya və yerli bazarlarda strukturu və tələbatı
köklü surətdə dəyişir. Biz
artıq əvvəlkindən tamamilə fərqli texnoloji,
sosial və mədəni reallıqda yaşayırıq.
Rəqəmsal və nanotexnologiyalar, süni intellekt və
robototexnika, regenerativ təbabət və elmin digər nailiyyətləri
gündəlik reallığa çevrilir, nəinki ətraf
mühiti, həm də insanın özünü, onun
şüurunu və davranışını dəyişir.
Əlbəttə, dünya səviyyəsində zəngin
neft və qaz ehtiyatlarına malik olan ölkəmiz
özünün etibarlı strateji tərəfdaşlıq və
enerji sahəsində qarşılıqlı səmərəli
beynəlxalq əməkdaşlıq siyasətindən bir
addım da geri çəkilməyəcək. Bununla
yanaşı, görünür ki, karbohidrogen
iqtisadiyyatının dominantlığı epoxası sona
çatır. Yeni era başlanır.
Bu erada insanın həyat fəaliyyəti neftə
və qaza deyil, digər mənbələrə, o cümlədən
bərpaolunan enerji mənbələrinə, biliklərə və
sosial kapitala yeni münasibətə, innovativ inkişafın əsas
mənbələrinə daha çox əsaslanacaq.
Bu gün öz təbii zənginliyimizə də, insana da münasibətimizi yenidən dərk etməyimiz prinsip etibarilə çox vacibdir. Biz onları düzgün idarə etməliyik, ən başlıcası isə ölkəmizin təbii zənginliklərini dayanıqlı iqtisadi yüksəlişə, insan inkişafına və resursları qoruyan texnologiyalara maksimum səmərəli dərəcədə çevirməliyik.
Biz ekoloji cəhətdən təmiz əraziyə malikik və ekoloji cəhətdən təmiz ərzaq məhsulları istehsal edə bilərik. Bizim kənd təsərrüfatı istehsalında keyfiyyətli sıçrayış etməyə gücümüz tamamilə çatır.
Dünya kəskin dünyagörüşü və dəyərlər böhranını yaşayır. Buna görə də bizə dəyərlərimizin və ənənələrimizin müasir kreativ təfəkkürlə mövcudluğunun modusunu tapmaq, Azərbaycançılıq ideologiyasını yeni biliklərlə zənginləşdirmək prinsip etibarilə vacibdir. Biz bilirik ki, qloballaşma hətta milli ideyanın və təfəkkürün sürətli inkişafına, onun çoxmədəniyyətlilik ideyaları ilə sintezinə, müxtəliflik və birlik arasında həmrəyliyə tez-tez səbəb olur.
AMEA-nın ideoloji fəaliyyətində Azərbaycan Prezidenti İlham Əliyevin kursuna fəal kömək etmək, ölkənin etnik özünəməxsusluğunu və polikonfessionallığını özünün üstünlüklərindən birinə çevirmək lazımdır.
Əslində, dünyada çoxsaylı münaqişələr dövlətin gücünün mədəniyyətlərin və dinlərin yanaşı yaşaması ilə əlaqədə olması reallığını dəyişmir. Ölkəmiz yalnız digər mədəniyyətlərlə dialoq çərçivəsində gələcəkdə uğur və təsirə nail ola bilər. Hətta bu dialoq elmi mərkəzlərin əməkdaşlığı kontekstində elmin də inkişafına kömək edəcək. XXİ əsrdə bizim elmimiz Azərbaycanın öz inkişaf kursunu davam etdirməsi, regional lider mövqeyini möhkəmləndirməsi və Şərqlə Qərbin, Şimalla Cənubun qarşılıqlı təsirinin fəal iştirakçısına çevrilməsi məqsədinə var qüvvəsilə uyğun olmalıdır.
Buna görə də Azərbaycanda elmin inkişafı haqqında qəbul etdiyimiz proqram onun yaxın on ildə başlıca istiqamətlərini müəyyənləşdirir. Bu sıraya aşağıdakılar daxildir:
-elmi tədqiqatların prioritetlərinin müəyyənləşdirilməsi;
-struktur islahatlarının həyata keçirilməsi və idarəçiliyin təkmilləşdirilməsi;
-elmi infrastrukturun modernləşdirilməsi;
-elmi işçilərin attestasiyasının keçirilməsi, elmi kadrların hazırlıq keyfiyyətinin və elmi fəaliyyətin qiymətləndirilməsi sisteminin daha da yaxşılaşdırılması;
-elmin maliyyələşdirilməsinin optimallaşdırılması və elmi əməyin ödənilməsi;
-elm, təhsil və iqtisadiyyatın inteqrasiyasının dərinləşdirilməsi;
-AMEA-nın xarici əlaqələrinin inkişafı.
Ramiz Mehdiyev,
Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti
Xalq qəzeti 2020.- 20
mart.- S.7-8.