Cümhuriyyətin yadigarı
- AZƏRTAC-ın 100 yaşına
Bu il
martın 1-də AZƏRTAC-ın (Azərbaycan Dövlət İnformasiya Agentliyi) 100
yaşı tamam olacaq.
Düz bir əsr əvvəl – 1920-ci ilin
bu tarixində Azərbaycan Xalq
Cümhuriyyəti tərəfindən yaradılmış quruma tarixçi-alim, Azərbaycanın
mədəniyyət xadimi Qubad
Qasımov (1921–1928), sonrakı illərdə Mixail
Sinitsin (1928–1930), Vasili
Xaldeyev (1937–1938), Yefim
Qurviç (1942–1958 və 1962–1986), Xasay Vəzirov (1958–1962), Rafiq
Zeynalov (1986–1988), Azad
Şərifov (1988–1992), Fikrət
Sadıqov (1992), Vaqif Rüstəmov
(1992–1994), Şamil Şahməmmədov
(1996–2002) kimi tanınmış
ziyalılar, görkəmli elm və qələm
adamları rəhbərlik etdilər. 2002-ci ildən
AZƏRTAC-ın rəhbəri tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Aslan Aslanovdur.
İctimai-siyasi
dəyişikliklər, taleyüklü tarixi hadisələr
dolu 100 il ərzində neçə-neçə jurnalist nəsli
yetişdirmiş AZƏRTAC Azərbaycanda səlis mətbuat
dilinin, jurnalistika məktəbinin təməlini qoydu, son 18 ildə
isə yüksək peşəkarlığa, operativliyə
dayaqlanan məhsuldar fəaliyyəti ilə daha böyük və
fərqli uğurlara imza atdı, müasir dövrün tələblərinə
uyğun yenilənmək bacarığı ilə ölkə
sərhədlərini aşaraq beynəlxalq informasiya məkanının
aparıcı üzvünə, nüfuzlu xəbər
agentliyinə çevrildi.
Yaşadığımız əsri çoxları “informasiya əsri” adlandırır. Həqiqətən də çağdaş dünya bu gün siyasi-ictimai, sosial-mədəni inkişafdan tutmuş ən xırda məişət problemlərinə qədər, sanki informasiya təzyiqi altında hərəkət etməyə məhkum olunub. Bu təzyiqin ictimai şüura təsirini şərtləndirən müsbət və mənfi tərəfləri var ki, bu da birbaşa informasiya məhsulunu istehsal edən xəbər agentliklərinin, teleradio şirkətlərinin, mətbuat orqanlarının peşəkarlığı, hadisələrə, məsələlərə yanaşma tərzi və təqdimat mədəniyyəti ilə bağlıdır. “İnformasiya müharibəsi” həddinə çatdırılmış bütün bu xəbər qarşıdurmasında doğrunu saxtadan seçib-ayırmaq, nəyin həqiqət, nəyin yalan, yaxud təhrif olduğunu müəyyən etmək müasir insan üçün müşkül məsələyə çevrilib. Yeganə çıxış yolu illərin axarıyla sınanmış etibarlı mənbələrə üz tutmaq, həqiqi olanı onlarda arayıb-axtarmaqdır. Dürüstlüyü və dəqiqliyi ilə tarixin sınaqlarından keçmiş AZƏRTAC sağlam mövqeyi, operativliyi və qərəzsizliyi ilə milyonların etimadını qazanmış həmin etibarlı mənbələrdən biri və ən sınanmışıdır.
AZƏRTAC-a olan bu inam sözsüz
ki, onun
yaradıcısı Azərbaycan Xalq
Cümhuriyyətinə inamdan və etibardan qaynaqlanır. Bu
etibarın digər səbəbi qurumun
yarandığı gündən ənənələşmiş
sağlam iş prinsipini, cəmiyyətin ayarlanması və
saflaşdırılmasına yönələn müqəddəs
amalını qoruyub saxlamasıdır.
AZƏRTAC ictimai-siyasi, tarixi hadisələr dolu bir əsrlik keşməkeşli yol keçib. Bu yolun çox ağır,
mürəkkəb, ziddiyyətli dövrləri də olub, işıqlı dönəmləri də.
Lakin bütün məhdudiyyətlərə
və məhrumiyyətlərə baxmayaraq,
o, zamanın sınaqlarından şərəflə,
üzüağ çıxıb, sovet ideologiyasının ən sərt təzyiqi
altında da, müdhiş
repressiya illərində də xalqına,
Vətəninə bağlılığını, sevgisini itirməyib, milli mənəvi
dəyərləri hər zaman ucada tutub və qorumağa çalışıb. Bu dönəmlərdə nələr
olmayıb? Cümhuriyyətin qısa sürən
hakimiyyətinin süqutu, sovet
sosialist üsul-idarəsinin ideoloji basqıları, qadağalar,
repressiyalar, Böyük
Vətən müharibəsi, daha sonra iqtisadi inkişaf, milli mədəniyyətimizin
intibahı… Bütün bu
hadisələrin dolğun mənzərəsini
tarixin yaddaşına köçürüb, gələcək nəsillərə
ötürmək missiyası AZƏRTAC-ın üzərinə
düşüb.
Bu gün
isə AZƏRTAC-ı sürətli inkişaf
yolu ilə irəliləyən və
dünyanın ən qabaqcıl ölkələri
sırasında layiqli yerini
tutan müstəqil Azərbaycanımızın
salnaməçisi adlandırmaq olar. Yüz əllidən çox
informasiya agentliyi ilə
sıx əməkdaşlıq əsasında fəaliyyət
göstərən qurumu “Azərbaycandan dünyaya açılan körpü”
də adlandıra bilərik.
AZƏRTAC-ın tərəf müqabilləri sırasında TASS (Rusiya), Sinxua (Çin), Anadolu (Türkiyə), İRNA (İran), ANSA (İtaliya), KYODO (Yaponiya), Yonhap (Koreya Respublikası), TELAM (Argentina), SPA (Səudiyyə Ərəbistanı), Ukrinform (Ukrayna), BELTA (Belarus), Kazinform (Qazaxıstan), həmçinin Dünya Xəbər Agentlikləri Konqresi Şurası və Avropa Xəbər Agentlikləri Alyansı (EANA) çərçivəsində Associated Press, Reuters, Press Association, DPA kimi nüfuzlu xəbər agentliklərinin yer alması onun fəaliyyət dairəsinin miqyasından, informasiya dövriyyəsi arealının əhatəliliyindən xəbər verir. Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA), Avropa Xəbər Agentlikləri Alyansı (EANA), Müstəqil Dövlətlər Birliyi Milli Xəbər Agentlikləri Rəhbərləri Şurası (İnformşura) kimi beynəlxalq informasiya təşkilatlarının üzvü, Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Milli Xəbər Agentlikləri Assosiasiyasının (BSANNA) və Çinin Sinxua agentliyinin təşəbbüsü ilə yaradılan “Bir kəmər, bir yol” İqtisadi İnformasiya Tərəfdaşlığı platformasının həmtəsisçisi olması, 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına rəhbərlik etməsi isə AZƏRTAC-ın beynəlxalq informasiya məkanında tutduğu mövqeyi və qazandığı nüfuzu sərgiləyir.
İlk baxışda quru rəqəmlərə və faktlara əsaslanan bu statistikanın arxasında hansı titanik əməyin, gərgin kollektiv fəaliyyətin dayandığı, 21 ölkədə fəaliyyət göstərən müxbir məntəqələrinin operativ xəbər ötürücülüyü mexanizmi barədə düşünəndə, söhbətin hansı miqyasdan getdiyini anlamış oluruq.
Bu
gün əqidəsizliyi və yararsızlığı ilə
həyatın dibinə sürüklənmiş antimilli
qüvvələrin xarici mətbuata, sözün əsl mənasında,
ixrac etdiyi nifrət dolu təhqir və yalanların
AZƏRTAC-ın beynəlxalq internet məkanına
yayımladığı real faktlar bolluğunda yoxa
çıxarılmasını, gur Günəş
işığında ovulub-tökülən
çürüntütək əriyib itməsini də 100
yaşlı agentliyin dediyim həmin
ayarlayıcı-saflaşdırıcı amalının bariz
nəticəsi hesab etsək, düşünürəm
yanılmarıq.
Mənim isə
yazıçı olaraq bütün
bu sadalananlar
sırasında daha böyük
önəm verdiyim – bu
gün bir əsrlik yubiley tarixini yaşayan AZƏRTAC-ın Azərbaycan dilinə,
ondan istifadə mədəniyyətinə,
milli ədəbiyyatımızın, dil və tərcümə sahəsinin
inkişafına ayırdığı diqqəti və
qayğısı, dərin təəssübkeşliyidir ki, bu yerdə agentliyin rəhbəri, parlaq
ziyalımız, əziz qardaşım Aslan
Aslanovun rolunu və əməyini
xüsusi qeyd etməyi
özümə borc bilirəm.
Vətəninə, xalqına,
dövlətçiliyə sonsuz sevgi və sədaqətlə ərsəyə
gətirilən bütün bu uğurlar – hər biri ayrı-ayrılıqda fərqli intellekt və imza sahibi olan böyük
kollektivin mütəşəkkil əməyinin
nəticəsi olmaqla yanaşı, təbii
ki, əməkdaşlarını yumruq kimi bir
ovucda cəmləyən və belə bir səviyyəyə çatdıran məharətli
rəhbərin parlaq təşkilatçılıq
qabiliyyətinin bəhrəsidir. Bu gün gözlərimiz
qarşısında yaşanan bəzi məmur
özbaşınalıqlarının insanlığa yaraşmayan acı mənzərələrini
müşahidə etdikcə, hər sahədə idarəçiliyin
vicdan və vətəndaşlıq
heysiyyətinə dayaqlanmasının başlıca amili, həyatımızı, milli
varlığımızı, taleyimizi bu, yaxud digər mənada
şərtləndirən dövləti və milli
məsələ olduğunu anlayır,
yaxşılarımızı qoruyub dəyərləndirməyə
borclu olduğumuzu dərk
edirik.
Seçdiyi peşəyə sevgi və fədakarlığı
ilə milli jurnalistikamızın təməlini
qoymuş böyük
Həsən bəy Zərdabinin yolunu
şərəflə davam etdirən Aslan Aslanovun, onun böyük,
işıqlı kollektivinin öz fəaliyyəti ilə ölkəmiz və
xalqımız üçün hansı
üfüqlər açdığı bu
gün tarixin
yaddaşına həkk olunmaqdadır. Bizə isə bu bahar qoxulu
bayram ərəfəsi öz
ikinci baharına qədəm qoyan nurlu kollektivə öz təbriklərimizi çatdırmaq,
arzularımızı yetirmək qalır.
Yolunuz niyyətiniz kimi işıqlı olsun! Doğma Qarabağımızın düşmən tapdağından azad edilməsi xəbərinin ilk müjdəçisi məhz AZƏRTAC olsun!
Xalq yazıçısı Afaq Məsud
Xalq qəzeti 2020.- 20 mart.- S.13.