Bizi məharətli idarəçilik,
birlik və həmrəylik xilas edir
Elçin BABAYEV, Bakı Dövlət
Universitetinin rektoru
Hazırda inkişaf etmiş bir sıra dövlətlər
və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən
görülən tədbirlərə və birgə səylərə
baxmayaraq, yeni növ koronavirus (COVİD-19) infeksiyasının
dünyada yayılmasının qarşısını hələ
də almaq mümkün olmamışdır. Ümumdünya Səhiyyə
Təşkilatının məlumatına əsasən, indiyədək
dünyada 3,2 milyondan çox adam
COVİD-19 infeksiyasına yoluxmuş, 1 milyondan çox adam
sağalmış, 228 mindən çox adam isə bu infeksiya
səbəbindən vəfat etmişdir.
Pandemiyanın ilk günlərindən etibarən Azərbaycan
koronavirus infeksiyasının yayılmasının
qarşısının alınması üçün
çevik və təsirli qabaqlayıcı addımlar
atmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin
sərəncamı ilə cari ilin əvvəlində Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında operativ qərargah
yaradılmışdır. Nazirlər Kabinetinin 2020-ci il 30 yanvar tarixli 35s nömrəli sərəncamı
ilə “Azərbaycan Respublikasında yeni koronavirus infeksiyasının
yayılmasının qarşısının alınmasına
dair Fəaliyyət Planı” təsdiq edilmişdir.
Mart ayının 3-dən etibarən ölkə üzrə
bütün təhsil müəssisələrində tədris
prosesi mərhələli şəkildə mayın 4-dək
dayandırılmış, keçirilməli bütün
kütləvi tədbirlər təxirə salınmış
və ya ləğv edilmişdir. Martın 14-dən
etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə
edən xüsusi rejim, martın 24-dən isə xüsusi
karantin rejimi tətbiq edilmişdir. Ticarət və əyləncə
mərkəzlərinin, şəhərlərarası nəqliyyatın
və Bakı Metropoliteninin fəaliyyəti dayandırılmış,
park və ictimai istirahət yerlərinə insanların
girişi qadağan edilmişdir.
Beynəlxalq ticarət daşımaları istisna olmaqla,
qonşu dövlətlərlə yerüstü və hava nəqliyyatı
bağlantıları, digər ölkələrlə beynəlxalq
hava sərnişin daşımaları müvəqqəti
olaraq dayandırılmışdır. Aprelin 5-dən
etibarən bir sıra dövlət və özəl qurumların
fəaliyyətinə cəlb edilmiş şəxslər
istisna olmaqla, bütün digər vətəndaşların zəruri
hallarda müəyyən olunmuş vaxt çərçivəsində
yaşayış yerini tərk etməsi üçün SMS
icazə sistemi tətbiq edilmişdir.
Pandemiya
ilə mübarizə sahəsində ölkə Prezidentinin
hadisələrin axarını uzaqgörənliklə, dəqiq
və düzgün təhlil edərək vaxtında verdiyi qərarlar,
onun təşəbbüsü və rəhbərliyi ilə
operativ olaraq həyata keçirilən qabaqlayıcı və
effektiv tədbirlər koronavirus infeksiyasının geniş
yayılmasının qarşısının alınması və
vətəndaşlarımızın
sağlamlığının qorunub saxlanılması
üçün mühüm əhəmiyyətə malik
olmuşdur. Ciddi karantin tədbirlərinin tətbiqi,
infeksiyanın diaqnostikası məqsədilə testlərin
vaxtında alınması və davamlı yoxlamaların
aparılması, infeksiyaya yoluxmuş insanların müalicəsinin
operativ təşkili, qoruyucu vasitələrin idxalı və
yerli istehsalı, zəruri tibbi bazanın daha da gücləndirilməsi,
yeni xəstəxanaların tikilərək istifadəyə
verilməsi istiqamətində görülən işlər
xüsusi olaraq qeyd edilməlidir. İndiyə kimi ölkə
üzrə 137 mindən çox test keçirilmişdir. Bu testlərin aparılması üçün
hazırda 18 laboratoriya fəaliyyət göstərir ki,
onlardan da 5-i yeni yaradılmışdır. Aprel
ayının 30-dək dünya üzrə infeksiyaya
yoluxanların 31 faizinin sağalmasına və 7 faizinin vəfat
etməsinə baxmayaraq, ölkəmiz üzrə bu rəqəmlər
uyğun olaraq 72 faiz və 1,3 faiz təşkil edir.
Hazırda ölkəmizdə koronavirus xəstələri
22 dövlət xəstəxanasında müalicə olunur. Bu günlərdə
Bakıda 575 çarpayılıq “Yeni klinika” və ölkəmizin
3 şəhərində ümumi çarpayı sayı 500-dən
çox olan 3 yeni xəstəxana istifadəyə
verilmişdir. Cənab Prezidentin göstərişi
əsasında hər birində 200 çarpayı yeri olmaqla
müasir modul tipli 10 xəstəxananın inşasına
başlanılmışdır və onların yaxın
günlərdə istifadəyə verilməsi nəzərdə
tutulur.
Daxili tələbatı ödəmək
üçün aprel ayının əvvəlindən tibbi
maska istehsalı müəssisəsi fəaliyyətə
başlamışdır. Eyni zamanda, koronavirusa yoluxanlara xidmət
göstərən həkimlərin və aidiyyəti üzrə
pandemiya ilə mübarizə sahəsində
çalışan işçilərin əmək-haqqının
əhəmiyyətli dərəcədə
artırılması, bu çətin günlərdə aztəminatlı
insanlara və sosial cəhətdən həssas qrupa aid edilən
ailələrə dövlət qayğısının
göstərilməsi, bir sıra genişmiqyaslı sosial
layihələrin həyata keçirilməsi xalq-iqtidar
birliyinin bariz təzahürüdür və qədirbilən
xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Pandemiya
dövründə ölkədə iqtisadi sabitliyi təmin
etmək üçün bir neçə milyard manat vəsait
ayrılmış, pandemiyanın ölkə
iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə
və sahibkarlıq subyektlərinə mənfi təsirinin
azaldılması məqsədilə Nazirlər Kabineti tərəfindən
Tədbirlər Planı hazırlanmış və təsdiq
edilmişdir.
Koronavirus nəticəsində mənfi təsirə məruz
qalmış özəl sektorun müvafiq sahələrinə
dövlət dəstəyi paketi çərçivəsində
xidmət və digər sahələrdə
çalışan 600 min vətəndaşın və
mikrosahibkarlıq subyektlərinin əməkhaqlarının
böyük hissəsi dövlət tərəfindən
ödənilmişdir. 600 min aztəminatlı, işsiz və
qeyri-rəsmi çalışan vətəndaşa da minimal
meyara uyğun olaraq ödənişlər edilmişdir.
Vergi güzəştləri də nəzərə
alınmaqla bu rəqəm 3,5 milyard manatdan
artıq olmuşdur.
Cənab
Prezidentin təşəbbüsü ilə Azərbaycanda Koronavirusla
Mübarizəyə Dəstək Fondu təsis edilmiş, ilkin
olaraq fonda dövlət tərəfindən
20 milyon manat vəsait köçürülmüşdür.
Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva
tərəfindən bir illik əmək-haqqının fonda ianə edilməsi cəmiyyətdə həmrəylik
üçün stimul rolunu oynamışdur. Ayrı-ayrı
fiziki və hüquqi şəxslər tərəfindən fonda könüllü ianələr edilmişdir.
Hazırda fonda
köçürülmüş ianələrin həcmi 113
milyon manatdan çoxdur və bu vəsaitin aidiyyəti üzrə
sərf edilməsinə ictimai nəzarətin təşkil
edilməsi məqsədilə xüsusi komissiya
yaradılmışdır.
Ötən müddət ərzində böyük əksəriyyəti
dövlət hesabına olmaqla, 15 mindən artıq Azərbaycan
vətəndaşı müxtəlif xarici ölkələrdən
təxliyə edilmiş və karantin müddəti bitənədək
dövlət hesabına ən yüksək şəraitlə
təmin olunmuş xüsusi karantin zonalarında yerləşdirilmişdir.
Ölkə daxilində həyata keçirilən tədbirlərlə
yanaşı, beynəlxalq aləmdə fəallığını
davam etdirən Azərbaycan pandemiyaya qarşı mübarizədə
elə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı
ilə səmərəli əməkdaşlıq edir. Ölkəmiz
qlobal həmrəylik nümayiş etdirərək
Ümumdünya Səhiyyə Təşkilatının strateji
hazırlıq və cavab planı çərçivəsində
COVİD-19 müraciəti Fonduna könüllü maliyyə
yardımı ayırmışdır. Hələ mart
ayının əvvəllərində bu təşkilatın
aparıcı mütəxəssislərindən ibarət
nümayəndə heyəti ölkəmizdə səfərdə
olmuş, vəziyyətlə tanış
olaraq görülmüş işlərə müsbət qiymət
vermişlər. Ümumdünya Səhiyyə Təşkilatı
Azərbaycanı pandemiyaya qarşı görülmüş
tədbirlərə görə nümunəvi ölkə kimi
dəyərləndirmişdir.
Prezident
İlham Əliyevin təşəbbüsü ilə,
videokonfrans vasitəsilə Türk Şurasının
dövlət başçıları səviyyəsində
fövqəladə Zirvə görüşünün
keçirilməsi, həmçinin, bir sıra dövlət
başçıları ilə müxtəlif formatlarda
müzakirələrin aparılması koronavirus pandemiyası
ilə mübarizədə beynəlxalq əməkdaşlıq
üçün zəmin yaratmışdır. Şübhə
etmirik ki, cənab Prezidentin təşəbbüsü ilə
Qoşulmama Hərəkatının Təmas Qrupu formatında
keçiriləcək Zirvə görüşü də
dünya dövlətlərinin bu mübarizədə səfərbər
olması və beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsinə
öz töhfəsini verəcəkdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər
Əliyev Fondu koronavirus infeksiyası ilə mübarizə sahəsində
dövlət tərəfindən görülən işlərə
dəstək vermişdir. Fondun daimi himayəsində
olan uşaq, körpələr və qocalar evləri, internat məktəbləri
və sağlamlıq imkanları məhdud uşaqlar
üçün sosial xidmət müəssisələrində
tələb olunan profilaktik tədbirlər
görülmüş, onlar lazımi qoruyucu vasitələrlə
təmin olunmuşdur.
Heydər
Əliyev Fondu, hər zaman olduğu kimi, illər boyu
qazandığı təcrübə ilə bu gün də
koronavirusla mübarizədə səhiyyə müəssisələrinə,
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)
və Səhiyyə Nazirliyinə lazımi dəstəyi göstərir.
Ümumdünya Səhiyyə Təşkilatının
təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə
Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlardakı
xəstəxanalarında COVİD-19-a qarşı mübarizə
tədbirləri ilə əlaqədar əsas bacarıqları
gücləndirmək üçün REACT-C19 layihəsinə
start verilib. Türkiyə xəstəxanalarında
çalışan 19 azərbaycanlı həkim layihəyə
cəlb edilib. Layihənin məqsədi
koronavirusa yoluxmuş xəstələrin müalicəsi
üçün bölgələrdəki seçilmiş xəstəxanalarda
COVİD-19-la bağlı əsas bacarıqları sürətlə
inkişaf etdirməkdir.
Mehriban xanım Əliyevanın
tapşırığı ilə beynəlxalq təşkilatlarla
əməkdaşlıq çərçivəsində əhalinin
maarifləndirilməsi üçün birgə kommunikasiya
planı hazırlanmışdır. Plan əsasında mətbuat,
ictimaiyyət və dövlət qurumları ilə mütəşəkkil
əlaqələndirici iş aparılır. Heydər
Əliyev Fondu ölkədə uğurla həyata keçirilən
sosial siyasətə dəstək göstərir, sosial cəhətdən
həssas əhali qrupuna və ehtiyacı olan ailələrə
hərtərəfli yardım edir. Pandemiya ilə əlaqədar
ölkədə elan olunmuş xüsusi karantin rejimi
dövründə dövlət tərəfindən
görülən tədbirlərə dəstək olaraq, Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə
güclüyük!” şüarı ilə həyata
keçirdiyi layihə çərçivəsində Heydər
Əliyev Fondu və “Regional İnkişaf” İctimai
Birliyinin”www.bizbirlikdegucluyuk.az” portalı istifadəyə
verilib.
Bu möhtəşəm layihədə məqsəd
dövlət tərəfindən həyata keçirilən
sosial siyasətə dəstək göstərmək, köməyə
ehtiyacı olan insanlara yardım etmək istəyən şəxsləri
bir araya gətirmək, bu işdə vətəndaş həmrəyliyini
genişləndirməkdir. Aksiya çərçivəsində
100 mindən artıq sovqatın paylanılması nəzərdə
tutulur.
Tədris prosesinin dayandırılması ilə əlaqədar
təhsilin davamlılığının təmin edilməsi
və preventiv tədbirlərin həyata keçirilməsi məqsədilə
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən
də bir sıra vacib tədbirlər həyata
keçirilmişdir.
Koronavirus infeksiyasının qarşısının
alınması məqsədilə bütün təhsil müəssisələrində
dezinfeksiya işləri aparılmış, ölkə
üzrə bütün təhsil müəssisələrində
tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilmiş,
dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin
həyata keçirilməsi intensivləşdirilmişdir.
Təhsil Nazirliyinin təşkilatçılığı
ilə martın 11-dən “Mədəniyyət” və “ARB
Günəş” kanallarında ölkənin ümumtəhsil
müəssisələrinin şagirdləri üçün
teledərslərin yayımına
başlanılmışdır. Teledərslər
bütün sinifləri və əksər fənləri əhatə
etməklə, həm Azərbaycan, həm də rus bölmələri
üçün əvvəlcədən elan edilmiş cədvələ
uyğun olaraq təqdim edilir. Bununla
yanaşı, şagirdlər teledərsləri və hər
bir fənn üzrə əlavə videomaterialları Təhsil
Nazirliyinin www.video.edu.az elektron portalında onlara uyğun olan
vaxtda da izləmək imkanına malikdirlər.
Nazirlik, həmçinin, “Virtual məktəb” layihəsinə
start verib. Layihənin məqsədi nazirlik tərəfindən
yayımlanan teledərslərin interaktivliyini təmin etmək
və ümumilikdə məsafədən tədris imkanlarını
genişləndirməkdir. “Virtual məktəb”
layihəsi Təhsil Nazirliyi və “Microsoft” korporasiyası
arasında əməkdaşlıq çərçivəsində
həyata keçirilir. Hər bir şagird “Virtual məktəb”
portalında qeydiyyatdan keçərək öz yaşına
əsasən sinfə təyin olunur və müəllimlər
tərəfindən həftəiçi teledərslərdə
tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə
yetirir.
Aprel
ayının 1-dən Təhsil Nazirliyi sistemində fəaliyyət
göstərən məktəbdənkənar təhsil müəssisələrinin
qrup və dərnəklərinə cəlb edilən məktəblilər
üçün onlayn formatda dərslərə start verilib. Dərslər
müəssisələr tərəfindən müəyyən
olunmuş qrafikə uyğun olaraq ev şəraitində
keçirilməsi mümkün olan istiqamətlər üzrə
təşkil edilir. Məşqçi-müəllim və dərnək
rəhbərləri müxtəlif proqram təminatlarından
yararlanaraq məktəbliləri interaktiv tədris prosesinə
cəlb edir, onların fiziki sağlamlıqlarının təmin
edilməsi üçün idmanın ayrı-ayrı növləri
üzrə məşq prosesi, yaradıcılıq qabiliyyətlərinin
inkişafı üçün rəqs, rəsm,
bacarıqlı əllər, bədii qiraət, ifa, biçmə-tikmə,
erudit və digər sahələr üzrə dərslər təşkil
edir, mövzuya uyğun sual-cavab, fikir mübadiləsi aparmaq
imkanı yaradır.
Aprelin 6-dan Təhsil Nazirliyinin yeni 146-3 “Qaynar xətt”
xidməti fəaliyyətə başlayıb. Ölkəmizdə
karantin rejimi ilə əlaqədar evdə qalan şagirdlər,
eləcə də, bütün vətəndaşlar mənəvi-psixoloji
dəstəyə zərurət duyduğu hallarda bu xidmət
ilə əlaqə yarada bilərlər. Əlaqə
yaradan hər bir vətəndaşa məktəb
psixoloqları tərəfindən telefon vasitəsilə məsləhət
verilərək lazımi dəstəklə təmin olunurlar.
Koronavirus
pandemiyası ilə mübarizə ümumtəhsil məktəbləri
ilə yanaşı, ali təhsil müəssisələri
qarşısında da bir sıra təxirəsalınmaz vəzifələr
qoydu. Tədris prosesinin davamlılığını təmin
etmək məqsədilə 2020-ci il 18 mart
tarixində Təhsil Nazirliyi tərəfindən bütün
ali təhsil müəssisələrinə tədris prosesinin
məsafədən təşkil edilməsi ilə
bağlı “Microsoft teams” platformasından istifadə
tövsiyə edildi. Nazirlik təlim-tədris prosesinin məsafədən
təşkili məqsədilə ali və
orta ixtisas təhsil pillələri üzrə bu platformadan
ödənişsiz istifadə imkanı yaratdı. Platformadan istifadə üzrə müəllim və
tələbələr üçün video-təlimatlar
hazırlanaraq video-dərslər (video.edu.az) portalında yerləşdirildi.
Təhsil müəssisələri sözügedən platforma
vasitəsilə videobağlantı imkanı əldə edərək
məsafədən təhsil vermək, müəllim-tələbə
müzakirəsinin təşkili üçün interaktiv alətlərdən
istifadə, sillabus, mühazirə mətnləri kimi müxtəlif
dərs materialları və daha böyük həcmli
materiallar ötürmək, təqvim aləti vasitəsilə
onlayn dərsləri planlaşdırmaq, qrup işinin təşkili
və qiymətləndirmə alətlərindən istifadə
etmək kimi geniş imkanlardan faydalana bilirlər.
Aprelin
24-də Azərbaycan Respublikasının Təhsil nazirinin ali təhsil müəssisələrinin
rektorları ilə keçirilmiş videokonfransında
koronavirus pandemiyasının təsirlərinin
minimallaşdırılması istiqamətində ölkə
rəhbərliyi tərəfindən verilmiş
tapşırıqların icrası vəziyyəti barədə
geniş müzakirələr aparılmışdır. Tələbələrin tədris ilinin ikinci
yarımilliyinin nəticələrinə əsasən qiymətləndirilməsi
prosesinin, buraxılış kurs tələbələrinin
pedaqoji və istehsalat təcrübələrinin və yekun
dövlət attestasiyasının keçirilməsinin təşkili
məsələləri ətrafında fikir mübadiləsi
aparılmış, nazirlik tərəfindən bu istiqamətlərdə
ümumi tövsiyələr verilmişdir. Ali təhsil müəssisələri tərəfindən
bu istiqamətdə görüləcək konkret tədbirlər
barədə təkliflərin hazırlanması və Təhsil
Nazirliyinə təqdim edilməsi
tapşırılmışdır.
Pandemiya
ilə mübarizə sahəsində, bütövlükdə,
ölkəmizdə, o cümlədən, ali
təhsil sahəsində aparılan işlər çərçivəsində
Bakı Dövlət Universitetində (BDU) də bir sıra tədbirlər
həyata keçirilir. Mart ayının 5-dən
başlayaraq BDU-da infeksiyalara yoluxma hallarına yol verilməməsi
və onun qarşısının alınması, bu sahədə
profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi
məqsədilə sanitar-epidemioloji vəziyyətə nəzarət
gücləndirilib, dezinfeksiya işləri və
qabaqlayıcı tədbirlər həyata keçirilib. Bakı Şəhər Dezinfeksiya Stansiyasının
bölmələri tərəfindən universitetin auditoriyaları,
kitabxanası, dəhlizləri və digər ərazilərində
mütəmadi olaraq dezinfeksiya işləri aparılıb.
Cari ilin mart ayında BDU Elmi Şurasının virtual
iclası keçirilib. İclasda Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın
qərarlarından irəli gələn vəzifələr,
universitetdə tədrisin onlayn və oflayn rejimlərdə,
elektron vasitələrlə təşkili imkanları, tələbə
və əməkdaşların sağlamlığının
qorunması istiqamətində görülmüş işlər
və nəzərdə tutlmuş tədbirlər müzakirə
olunub. Elmi Şura Azərbaycan Respublikası Prezidentinin
yeni növ virusla mübarizədə atdığı qətiyyətli
və effektiv addımları dəstəkləmiş, ölkə
başçısının müvafiq sərəncamı ilə
Koronavirusla Mübarizəyə Dəstək Fondunun
yaradılmasını əhalinin
sağlamlığının qorunması və koronavirus
infeksiyasına qarşı mübarizənin gücləndirilməsi
istiqamətində vacib və əhəmiyyətli tədbir
kimi qiymətləndirmişdir. Elmi Şurada bu ümummilli məsələdə
dövlətin qətiyyətli addımlarının, həyata
keçirdiyi yüksək təhlükəsizlik tədbirlərinin
Azərbaycan xalqının gələcəyinə, əhalinin
sağlamlığının qorunmasına xidmət etdiyi
vurğulanmış, hər bir insan öz sosial məsuliyyətini
dərk etməyə, birliyə və həmrəyliyə,
Nazirlər Kabineti yanında operativ qərargahın tələb
və tövsiyələrinə əməl etməyə
çağrılmışdır.
Elmi Şuranın qərarına əsasən BDU büdcəsindən
COVİD-19 Koronavirusla Mübarizəyə Dəstək Fonduna
100 min manat vəsait köçürülmüşdür. Bununla yanaşı,
universitetin bir qrup əməkdaşı da aylıq əməkhaqlarının
müəyyən hissəsini fonda ianə
etmişlər.
Elmi
Şuranın digər qərarı əsasında BDU-da yeni
COVİD-19 infeksiyası ilə mübarizə və onun
yayılmasının qarşısının alınması,
universitetin ərazisində təhlükəsizlik tədbirlərinin
həyata keçirilməsi, bu sahədə aparılan
müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi,
həmçinin, tədrisin dayandırılması ilə əlaqədar
olaraq video-dərslərin təşkili və elektron
mühazirələrin təhsilalanlara paylanması işini təşkil
etmək məqsədilə qərargah
yaradılmışdır. Yaradılmış qərargahın
fəaliyyəti çərçivəsində universitetin
bütün giriş qapılarında dezinfeksiyaedici məhlullar
qoyulmuş, Ümumdünya Səhiyyə Təşkilatının
və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında
operativ qərargahın yeni COVİD-19 infeksiyası ilə
mübarizə üzrə məsləhət və tövsiyələrini
əks etdirən maarifləndirici posterlər vurulmuşdur. Qərargah mütəmadi olaraq əməkdaşların
və təhsilalanların suallarını operativ şəkildə
cavablandırır, zərurət yarandıqda atılacaq
addımlar və mövcud məhdudiyyətlər barədə
onlara telefon, SMS və ya elektron-poçt vasitəsi ilə məlumatlar
verir.
Artıq
qeyd edildiyi kimi, tədris prosesinin
davamlılığını təmin etmək məqsədilə
2020-ci il 18 mart tarixində Təhsil Nazirliyi
bütün ali təhsil müəssisələrinə tədris
prosesinin məsafədən təşkil edilməsi ilə
bağlı “Microsoft Teams” platformasından istifadəni
tövsiyə etmişdir. Bununla əlaqədar olaraq BDU-da
2020-ci il 18 mart tarixindən başlayaraq onlayn tədris
prosesinin təşkili, müəllim və tələbə
heyətinin “Microsoft Teams” platformasına inteqrasiyası
müvəffəqiyyətlə təmin edilib. Tədrisin
məsafədən təşkilinin məqsədi
yaranmış fasilə zamanı tələbələrə
tədris və metodiki dəstəyin göstərilməsi, təhsil
proqramının mənimsənilməsinə şəraitin
yaradılması, bu müddət ərzində onların
vaxtlarının səmərəli təşkil olunmasıdır.
Universitetin bu platformaya daxil edilən 20 mindən
artıq istifadəçi hesabı, 1500-dən artıq qrup və
qrup birləşməsi yaradılıb. Dərslər
2020-ci il 31 mart tarixinədək “Zoom”
platforması və video-dərslər vasitəsi ilə tənzimlənib.
29-31 mart tarixlərindən “Microsoft Teams” platformasında
sınaq dərslər keçiriləndən sonra, 1 aprel
tarixindən başlayaraq tədris aktiv dərslərlə
davam etdirilir.
Hazırda BDU-da dərs prosesi sillabus, mühazirə mətnləri
və digər dərs materiallarının ötürülməsinə,
böyük həcmli materialların yerləşdirilməsinə
imkan verən “Microsoft Teams” platforması vasitəsilə
uğurla həyata keçirilməkdədir. BDU-nun 15 mindən artıq
aktiv istifadəçisinin yararlandığı platformada bu
günə qədər 30 mindən çox dərs
keçirilib, gündəlik dərslərin sayı orta hesabla
1500, istifadəçilərin sayı isə 10 mindən
çoxdur. Platforma BDU tələbələrinin
80%-ni əhatə edir.
Tədris prosesinin təşkili, dərslərin
keçirilməsinə nəzarət, texniki çətinliklərin
aradan qaldırılması, müəllim və tələbələrin
bu platformadan düzgün istifadə etməsinə kömək
məqsədilə universitetin məsafədən fəaliyyət
göstərən, 20 əməkdaşdan ibarət
işçi qrupu formalaşdırılıb. Distant formada dərslərin
əksəriyyətinin videoqeydiyyatı aparılır. Bu da internet imkanları məhdud tələbələrin
həmin mühazirəni yenidən izləməsinə şərait
yaradır.
Şübhəsiz ki, gündəlik həyat tərzinin
pozulması, infeksiya ilə bağlı yaranan qorxu və həyəcan
kimi mənfi hallarla əlaqədar insanların həyat fəaliyyətində
kəskin dəyişikliklər, bəzən psixoloji problemlər,
narahatlıqlar özünü göstərir. Bu səbəbdən, Azərbaycan
ali məktəbləri arasında ilk dəfə olaraq BDU-da hələ
2019-cu ilin dekabr ayında yaradılan Psixoloji Yardım Sektoru
evdə qalan tələbələrin, eləcə də, əməkdaşların
mənəvi-psixoloji vəziyyətini nəzərə alaraq rəsmi
sosial media səhifələri vasitəsilə onlara dəstək
göstərir.
Bakı Dövlət Universiteti ölkədə həyata
keçirilən sosial aksiyalarda fəal iştirak edir. Azərbaycan Respublikası
Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən
ölkəmizdə elan edilən xüsusi karantin rejimi müddətində
evdən çıxması qadağan olunan, 65 yaşdan
yuxarı tənha yaşayan şəxslərə sosial
qayğı göstərilməsi kampaniyası ilə əlaqədar
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai
Birliyi və Bakı Dövlət Universitetinin birgə
keçirdiyi sosial aksiya çərçivəsində
Bakı şəhərinin müxtəlif ərazilərində
xüsusi risk qrupuna aid 100 şəxsə müxtəlif ərzaq
məhsullarından ibarət sovqat paylanılmışdır.
Aksiya zamanı yardım olunanlara COVİD-19
infeksiyasının ölkədə yayılmasının
qarşısının alınması məqsədilə
Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən
elan edilən xüsusi karantin rejiminin qaydaları bir daha
xatırladılmış, xüsusi bukletlər təqdim olunmuşdur.
Tələbə-gənclərin estetik və mənəvi
tərbiyəsində, dünyagörüşünün zənginləşməsində,
vətəndaş kimi formalaşmasında mütaliənin
rolunu nəzərə alaraq, tələbələr
arasında kitab və mütaliəni təbliğ edən
müxtəlif onlayn sosial aksiyalar keçirilir. BDU Radiosunun təqdimatında
BDU-nun jurnalistika fakültəsinin tələbələri tərəfindən
hazırlanmış “Ədəbi incilər” radioverilişləri
universitetin rəsmi saytı və sosial media səhifələrindən
tələbələrə təqdim edilir.
Onlayn tədrislə yanaşı BDU-da elmi-tədqiqat
institutları və laboratoriyalarının əməkdaşları,
tədqiqatçılar öz axtarışlarını davam
etdirir, xüsusi karantin rejiminin tələblərinə
uyğun olaraq onlayn formada məsləhətləşmələr
və müzakirələr aparır, elmi fəaliyyətlərini
məsafədən koordinasiya edirlər. BDU-nun yeni
yaradılmış və gənc tədqiqatçıların
fəaliyyət göstərdiyi Sənaye Kimyası
Laboratoriyasında da tədqiqat işləri məsafədən
idarə olunmaqla həyata keçirilir. Laboratoriya
əməkdaşları tərəfindən mühüm elmi
nəticələr “Microsoft Teams” platforması üzərindən
müzakirəyə çıxarılır, yeni innovativ ideyalar
haqqında mülahizələr irəli sürülür.
Eyni zamanda, Fransanın Lorraine, Tunisin Carthage, Amerika Birləşmiş
Ştatlarının (ABŞ) İllinois universitetlərinin
professorları ilə yeni elmi məqalələr üzərində
məsləhətləşmələr aparılır. Həmçinin, laboratoriya əməkdaşlarının
üzərində çalışdıqları bir sıra
layihələr üzrə araşdırmalar onlayn formada davam
etdirilir, alqoritmlər hazırlanır, modelləşdirmə
və kodlaşdırma işləri görülür.
Universitetin müasir tələblərlə səsləşən
yeni yaradılmış digər bir tədqiqat qurumu –
“Mikrobiologiya və virusologiya” Elmi-tədqiqat
laboratoriyasının tədqiqat istiqamətləri müəyyənləşdirilmişdir. Hazırda
laboratoriyada aparılacaq elmi-tədqiqat işlərinin
effektivliyinin təmin edilməsi üçün lazımi
şəraitin yaradılması istiqamətində zəruri
işlər görülür.
Bakı
Dövlət Universitetinin görkəmli alimləri, peşəkar
mütəxəssisləri, tanınmış ziyalılar
mütəmadi olaraq kütləvi informasiya vasitələrində
çıxışlar edir, yeni növ koronavirus
infeksiyasının Azərbaycanda yayılmasının
qarşısının alınması istiqamətində
dövlət səviyyəsində görülən tədbirlərin
əhəmiyyəti, xüsusi karantin rejiminə ciddi riayət
olunmasının vacibliyi, sosial izolyasiya dövründə təhsilin
davamlılığı, insanların öz psixoloji
sağlamlıqlarını qoruması yolları və s.
haqqında məlumat verir, ölkədə elmi maarifləndirmə
işində yaxından iştirak edirlər.
Azərbaycan
Respublikası Prezidentinin xüsusi nəzarəti ilə
dövlət orqanlarının Ümumdünya Səhiyyə
Təşkilatının tövsiyələrini nəzərə
alaraq koronovirusla mübarizə məqsədilə həyata
keçirdikləri qabaqlayıcı tədbirlər bu virusun
yayılmasının qarşısının
alınmasında və nəzarətdə
saxlanılmasında böyük əhəmiyyət kəsb
edir. Hazırda ölkədə pandemiyaya qarşı vəziyyət
stabildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18
aprel tarixli qərarı ilə xüsusi karantin rejiminin 04 may
2020-ci il tarixədək uzadılması da, hər şeydən
əvvəl, Azərbaycan xalqının sağlamlığının
qorunması, profilaktik və mübarizə xarakterli təxirəsalınmaz
tədbirlərin davam etdirilməsi, pandemiyanın Azərbaycan
ərazisində yarada biləcəyi təhlükənin
tamamilə qarşısının alınması məqsədi
daşıyır. Ölkə başçısının rəhbərliyi
altında infeksiya ilə mübarizədə geniş
miqyaslı tədbirlər davam etdirilir. Uğurlu səhiyyə
siyasəti ilə bərabər, fəal şəkildə
sosial dəstək və sosial cəhətdən həssas əhali
qrupunun, o cümlədən, pandemiyadan zərər çəkmiş
sahələrdə işləyən sakinlərin məşğulluğunun
təmin olunması siyasəti həyata keçirilir. Məşğulluğun
və sosial rifahın dəstəklənməsi məqsədilə
ölkə başçısının tapşırığı
ilə genişmiqyaslı sosial, iqtisadi tədbirlər
görülür. Xalqımızın bu çətin
sınaqdan şərəflə çıxması
üçün ən vacib addımlar atılır.
Bütün bunların nəticəsidir ki, son günlər
infeksiyaya yoluxanların müalicəsində davamlı olaraq
müsbət dinamika müşahidə olunur. Şübhəsiz
ki, ölkə rəhbərinin səmərəli, məqsədyönlü
fəaliyyəti vətəndaşlar tərəfindən də
böyük razılıqla qarşılanır.
Azərbaycan
dünyanı vahiməyə salmış pandemiyaya
qarşı mübarizədə yeni bir nümunə
yaratmışdır. Ümumdünya Səhiyyə Təşkilatı
COVİD-19-la mübarizədə Azərbaycan dövlətinin
siyasətini yüksək dəyərləndirmiş,
görülən tədbirləri ən effektiv mübarizələrdən
biri kimi qiymətləndirmişdir. Bugün dünya ölkələri
üçün Azərbaycan nümunəsi bir örnəyə
çevrilmişdir. Dövlətimiz tərəfindən həyata
keçirilən genişmiqyaslı mübarizə tədbirləri
xalqımızın bu sınaqdan daha az itki ilə
çıxacağına qəti əminlik yaradır. Cənab
Prezidentin infeksiya ilə mübarizədə “Biz birlikdə
güclüyük!” çağırışına hər kəs
qoşulur. Pandemiyaya qarşı mübarizədə Azərbaycanın
əldə etdiyi uğurun başlıca səbəbi də məhz
bu milli birlik, xalqımızın öz Prezidentinə
sarsılmaz inamıdır.
İnanırıq ki, görülən işlər və xalq-iqtidar birliyi hesabına müdrik Azərbaycan xalqı bütün dünyanı cənginə almış bu ağır vəziyyətdən, bu böyük sınaqdan şərəflə çıxacaq və biz tezliklə digər sahələrlə birlikdə normal təhsil prosesini də yenidən bərpa edəcəyik. Bunun üçün vətəndaş məsuliyyəti, birlik və həmrəylik əsas şərtdir.
Biz birlikdə güclüyük və həmişə
güclü olaraq qalacağıq!
Xalq qəzeti.-2020.-1 may.-S.5.