Albaniya tarixinə dair sanballı əsər
«Elm və Təhsil» nəşriyyatı
bu yaxınlarda görkəmli arxeoloq, professor Qafar Cəbiyevin «Girdiman. Tarixi və tarixi
coğrafiyası» adlı fundamental tədqiqat
əsərini rus dilində nəşr edib. Redaktoru akademik Yaqub Mahmudov, rəyçiləri akademiyanın müxbir üzvləri Vəli Əliyev və
Cəfər Qiyasi olan
kitabın nəfis şəkildə nəşrinin təşəbbüskarı
və sponsoru tanınmış azərbaycanlı
iş adamı Fərhad Əhmədovdur.
Giriş,
doqquz fəsil, nəticə, 3 sxematik xəritə, 4 cədvəl-diaqram,
Girdiman abidələri və onlarda aparılmış arxeoloji
tədqiqatları özündə əks etdirən 54 şəkil,
habelə yüzlərlə nadir arxeoloji tapıntının
foto və rəsmlərinin cəm olduğu 43 tablodan ibarət
kitab son onilliklər ərzində Albaniya tarixinə həsr
olunmuş sanballı tədqiqat əsəri kimi dəyərləndirilir.
Məlum olduğu
kimi, uzun illər ərzində
qədim Azərbaycan dövləti olan
Albaniyanın iqtisadi, siyasi,
hərbi, dini və mədəni həyatında
aparıcı mövqe tutan
Girdiman vilayətinin siyasi
tarixi və ərazilərinin lokalizəsi
ilə bağlı tədqiqatçılar arasında çox ciddi fikir ayrılıqları mövcud
olub. Belə ki, əksər
tədqiqatçılar heç bir ciddi elmi
mənbə və arqumentə əsaslanmadan Girdiman
vilayəti ərazilərini Albaniyanın qərbində və
ya şimali-qərbində lokalizə etməyə
üstünlük veriblər. Xatırladaq ki, Girdiman
vilayəti ərazilərinin lokalizəsi ilə bağlı olan bu yanlış
versiyanı ilk dəfə elmi
dövriyyəyə gətirən uzun illər
SSRİ Şərqşünaslıq İnstitutunun
Qafqazşünaslıq şöbəsinə rəhbərlik
etmiş akademik S.T.Yeremyan olub. Yeremyan ermənilər
tərəfindən məqsədli şəkildə Albaniya tarixinin təhrif olunaraq saxtalaşdırılması işinin ilk “pionerlərindən”
olub. Əfsuslar olsun ki, sonralar Albaniya
tarixi ilə məşğul olan bir sıra Azərbaycan
tarixçilərinin Girdimanın lokalizəsi ilə
bağlı erməni aliminin elmə gətirmiş
olduğu bu yanlış versiyanı təkzib
etmək cəhdləri də nəticəsiz
qalmışdır. İlk dəfə məhz
professor Qafar Cəbiyev
Girdiman vilayətinin Şirvan
bölgəsində, daha konkret
desək Ağsuçay-Girdimançay- Göyçay çayları hövzəsində
lokalizəsinə dair mülahizələri
bir sıra çox
ciddi elmi dəlillər
əsasında sübuta yetirməyə
çalışmış və buna
müvəffəq olmuşdur. Qədim və Orta əsr mənbələrində
tarixi Girdiman ərazilərinin
məhz Şirvan bölgəsində
lokalizəsini təsdiqləyən bir
sıra prinsipial əhəmiyyətli məqamlar
üzərində dayanan Q.Cəbiyev öz mülahizələrini həmçinin
Albaniyanın qərbində Girdimanla
bağlı heç bir
arxeoloji və memarlıq abidəsinin,
habelə qədim toponimlərin olmaması, Şirvan
ərazisində isə çoxsaylı bu
cür abidə və toponimlərin mövcudluğu ilə əsaslandırıb.
Akademik Yaqub Mahmudovun
kitaba yazdığı ön
sözdə deyildiyi kimi,
professor Q.Cəbiyev ilk
mənbələrin məlumatlarını və arxeoloji araşdırmaların nəticələrini
təhlil etməklə, üzləşdirməklə,
müqayisələr aparmaqla, mövcud elmi ədəbiyyatda
yer alan qeyri-elmi mülahizələrə tənqidi münasibət
bildirməklə, bir sözlə, inkarolunmaz elmi əsaslara
söykənərək S.Yeremyanın və digər üzdəniraq
erməni tarixçilərinin cəfəngiyyat dolu fikirlərini təkzib etməklə tarixi həqiqəti ortaya qoymuşdur. Beləliklə, professor
Q.Cəbiyev bu əsəri ilə
Girdimanın real tarixini
– Şirvan ərazisində
yaranmış, təşəkkül tapmış və öz inkişafının zirvəsinə
yüksəlmiş tarixini təqdim edib. Bir sözlə, “Girdiman. Tarixi və tarixi coğrafiyası” əsəri real tarixdir, olmuş tarixdir, bizim tarixdir. Bu təkcə müəllifin deyil,
ümumiyyətlə tarix elminin
böyük uğurudur”.
Xalq qəzeti.-2020.-1 may.-S.6.