Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq təlimində klassik bədii-fəlsəfi irsin yeri və önəmi

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev siyasi fəaliyyətinin və ölkəyə rəhbərliyinin bütün dövrlərində--istər sovet, istərsə də müstəqillik illərində klassik bədii-fəlsəfi irsi dərindən öyrənmiş və bu zəngin məfkurə qaynağını yüksək dəyərləndirmişdir. Ulu öndər Azərbaycanın ictimai-fəlsəfi fikrini zənginləşdirən mütəfəkkir, yazıçı və şairlərin ədəbi-bədii yaradıcılığına həmişə yüksək qiymət vermiş, onların milli məfkurə irsinin və bəşəri ideyalarının Azərbaycanın mənəvi sərvətinə çevrilməsinə hərtərəfli diqqət və qayğı göstərmişdir.

Hələ XX əsrin 70-80-ci illərində Azərbaycana rəhbərlik edən Heydər Əliyev “Xalqların dostlu­ğu ədəbiyyatların dostluğudur” adlı məruzəsində bildirmişdi: “Azərbaycan poeziyası, bədii ədəbiyyatı uzaq keçmişə dərin köklərlə bağlıdır. Onun tarixi xalqın bədii şüurunun yaranma­sı və inkişafı tarixidir. İstibdadın və əsarətin, qatı islamın və dini fanatizmin tam hökmran olduğu bir şəraitdə öz dahi yaradıcılarının şəxsində ədəbiyyat xalqın istək və arzularının ən mühüm ifadə forma­sı, azadlıq və istiqlaliyyət uğrunda, sosial ədalət və hüquq bərabərliyi uğrunda açıq və “üstüörtülü” mübarizənin başlıca vasitələrindən biri idi. Xalqın həyatının bədii salnaməsi olan, öz dövrünün mütərəqqi və humanist idealların­dan qidalanan Azərbaycan klassi­kası həmişə nəcib və pak mənəvi ideallar, ideya-fəlsəfi axtarışlar ədəbiyyatı olmuşdur”.

Sovet dövründə Azərbaycan rəhbəri “ideya-fəlsəfi axtarışlar ədəbiyyatı” kimi səciyyələndirdiyi bədii irsin intibah dövrünün hu­manist ideyalarından, maarifçilik fəlsəfəsindən bəhrələndiyini və gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyəsində misilsiz rol oynadığını xüsusi vurğulamış­dı. Heydər Əliyev Azərbaycan yazıçılarının X qurultayındakı nitqində qeyd etmişdi ki, bizim ədəbiyyatımız, mədəniyyətimiz intellektual potensialımızın əsasını təşkil edir. Bunu yaradan­lar var. Bunu yaradanlar bizim xalqın dahi insanlarıdır. Onlar bəşər mədəniyyətini əsrlərdən-əsrlərə zənginləşdirən əsərləri ilə ölkəmizin böyük intellektual potensialını, mülkiyyətini yaradıb­lar. Xaqani, Nizami, Tusi, Nəsimi, Füzuli, Vaqif, A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundzadə, H. Zərdabi, Natəvan, S.Ə.Şirvani, N.Vəzirov, C. Məmmədquluzadə, Sabir, Ü. Hacıbəyli kimi sənət və məfkurə dahiləri xalqın davamlı bədii-fəlsəfi düşüncəsini yaşat­mış və inkişaf etdirmişlər. XIX əsrin sonu– XXI əsrin əvvəli isə ideya-məfkurə irsinin istiqlal düşüncəsinə yönləndirilməsi baxı­mından xüsusi bir dövr olmuşdur. Ulu öndər bədii-məfkurəvi irsimizin milli oyanış və tarixi tərəqqiyə ver­diyi töhfələr baxımından bu dövrü çox yüksək qiymətləndirmişdir. Bütün bunları nəzərdə tutan böyük rəhbər deyirdi ki, biz öz tariximizlə, mədəniyyətimizlə, ədəbiyyatımızla fəxr edirik.

Azərbaycan xalqının milli özünüdərk yönündə tərbiyələndirilməsində, azərbaycançılıq məfkurəsinin ilkin-zəruri konturlarının cızılma­sında oynadığı müstəsna rola diqqət yetirən Heydər Əliyev XX əsrin əvvəllərindən fəaliyyətə başlayan “Molla Nəsrəddin” satirik jurnalı və onun ətrafında toplaşan “mollanəsrəddinçilər”in bədii-fəlsəfi irsinə də müasirlik baxı­mından yanaşır, bu zəngin irsin milli mədəniyyətimizdəki yerini və rolunu yüksək qiymətləndirirdi.

Ulu öndər Azərbaycan xalqının milli oyanışında, mədəni-siyasi dirçəlişində, özündərkinin forma­laşmasında misilsiz rol oynayan “Molla Nəsrəddin” jurnalı haqqında demişdir: “Mütərəqqi ideyaların carçısı olan “Molla Nəsrəddin” xalq və demokratiya cəbhəsində duraraq azadlıq düşmənlərini--çar mütləqiyyətini, müstəmləkəçilik siyasətini, geriliyi, mövhumatı, millətçiliyi amansız satira atəşinə tuturdu. “Molla Nəsrəddin”in haqq səsi Qafqazın hüdudlarını aşıb Rusiyada, bütün Yaxın və Orta Şərqdə eşidilmişdi. “Molla Nəsrəddin”in yalnız Azərbaycanın deyil, eləcə də Yaxın Şərq ölkələrinin ictimai və ədəbi-bədii fikir tarixində müstəsna rolu əbədidir”. Mollanəsrəddinçilərin fəaliyyəti haqqında danışan res­publika rəhbəri jurnalın ümumşərq hadisəsi olduğunu göstərməklə, onun təkcə milli şüura deyil, həmçinin bütün Şərq fəlsəfi fikrinə təsir göstərdiyini də vurğulamışdır.

Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə (1969--1982 və 1993-2003) Heydər Əliyevin Azərbaycan mədəniyyəti, ədəbiyyatı da daxil olmaqla, Vətəninin hərtərəfli tərəqqisinə göstərdiyi böyük qayğı, mil­li ideologiyanın əsaslarını müəyyən etməsi onu ümummilli lider səviyyəsinə yüksəltmişdir. Heydər Əliyevin çoxcəhətli liderlik fəaliyyəti ilə sıx bağlı olan həmin dövrün ictimai həyatda, dahi şəxsiyyətin mədəni irsə və milli ənənəyə münasibəti, bədii-fəlsəfi irsin müasirliklə əlaqələndirilməsi onun çıxışlarında, nitqlərində öz dolğun əksini tapmışdır.

Azərbaycan ədəbi-fəlsəfi irsinin, mənəvi sərvətinin zənginliyindən bəhs edən ulu öndər demişdir: “Azərbaycan ədəbiyyatının çox zəngin tarixi vardır. Nadir xalq tapıla bilər ki, onun bizim qədər nəhəng ədəbi irsi, bizim qədər görkəmli yazıçısı və şairi olsun. XX əsrdə yazıb-yaradan Mirzə Ələkbər Sabir, C.Məmmədquluzadə, Y.V.Çəmənzəmənli., H.Cavid, C.Cabbarlı, M.S.Ordubadi, M.İbrahimov, S.Rüstəm, M.Rahim, S.Vurğun, S.Rəhimov, R.Rza və digərləri kimi söz sənəti korifeylərimiz Azərbaycan xalqının iftixarıdır. Onlar xalqa öz sənətləri ilə borclarını veriblər”. Ulu öndər Azərbaycan xalqının parlaq və or­jinal mədəniyyətindən danışarkən bir sıra dahi şəxsiyyətlərlə yana­şı, Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin və bir çox başqalarının adlarını da çəkmiş və bildirilmişdir ki, “onlar bu mədəniyyətin çoxəsrlik tarixinin bəzəyidirlər”.

“Molla Nəsrəddin” jurnalı ilə ya­naşı, əksər mollanəsrəddinçilərin – M.C.Məmmədquluzadə, M.S.Ordubadi, M.Ə.Sabir, Ə.Haqverdiyev, Əli Nəzmi və Əliqulu Qəmküsarın yubileylərinin keçirilməsi də Azərbaycan rəhbəri kimi Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə baş tutmuş­dur. Milli mədəniyyət klassiklərinin, milli inqilabi-demokratik cəbhə təşkil etmiş mollanəsrəddinçilərin də o vaxtlar SSRİ miqyasında, müstəqillik illərində isə beynəlxalq aləmdə tanınmalarında Heydər Əliyevə görə, belə “şəxsiyyətlərin yubileylərinin keçirilməsi, bir tərəfdən, onların xalq qarşısında, millət qarşısında xidmətlərinə verilən qiymətdir, digər tərəfdən, xalqın, millətin zənginliyini nü­mayiş etdirir. Eyni zamanda bu yubileylər xalqın, millətin daha da yüksəlməsinə kömək edir”. Bu baxımdan Azərbaycan tarixinin yetirdiyi böyük ədəbi şəxsiyyətlərin abidəyə çevrilməsi xalqın milli var­lığına, milli-mənəvi duyğularının güclənməsinə son dərəcə müsbət təsir göstərmişdir.

Heydər Əliyevin, eyni za­manda, mollanəsrəddinçilərin ideya-fəlsəfi irsinə qayğısı mü­asir, müstəqillik dövrü fəlsəfi mədəniyyəti üçün onların gərəkli cəhətlərinin əxz olunmasında ciddi rol oynamışdır. Azərbaycan xalqının, həm də başqa xalq­ların mənəvi dəyərlərinə hörmətlə yanaşan Heydər Əliyev müxtəlif illərdə ədəbiyyat və mədəniyyətlə bağlı bir sıra dəyərli fikir və mülahizələr söyləmişdir. Azərbaycana rəhbərlik etdiyi illərdə Heydər Əliyev respublika yazıçılarının bütün qurultaylarının iştirakçısı olmuş, yüksək elmi-nəzəri səviyyəli çıxışları və ədəbi prosesə dair bir-birindən maraqlı təhlilləri ilə iştirakçıların ictimai şüurunda dərin izlər qoymuşdur.

Müstəqillik dövründə Azərbaycanın böyük şəxsiyyətlərinin, milli mədəniyyətin görkəmli nümayəndələrinin zəngin irsinin azərbaycançılıq fəlsəfəsi baxımından yenidən öyrənilməsi və təbliği ön plana çəkilmişdir. Heydər Əliyevin xalqımızın bir çox mütəfəkkirlərinin yubileylərinin qeyd olunması münasibətilə im­zaladığı sərəncamlar, o cümlədən Cəlil Məmmədquluzadənin 125 illik yubileyinin qeyd olunması bu sahədə aparılan siyasətin parlaq nümunəsidir.

Ümummilli lider deyirdi ki, Azərbaycan klassiklərinin fəlsəfi irsi bizim tarixi ənənəmiz, əcdadlarımızdan bizə gəlib çatmış gözəl bir mənəvi xəzinədir: “Bu da təsadüfi deyil... Biz tariximizin qədim dövrlərini xatırlayarkən, yaxud onları dünyaya geniş çatdırmaq istəyərkən, birinci növbədə və bəzən də yalnız mədəniyyətimizə, mədəniyyət, ədəbiyyat xadimlərinin yaratdığı əsərlərə, böyük şairlərimizin, mütəfəkkirlərimizin yazdığı əsərlərə istinad edirik. Eyni zamanda, dünya, bəşər qarşı­sında bunlarla fəxr edirik, öyü­nürük. Çünki bu böyük insanlar nəinki bizim xalqımızı, həm də bütün bəşəriyyəti, bəşər tarixini zənginləşdirən əsərlər yazmışlar”.

Ulu öndərin şəxsiyyətinə və yaradıcılığına böyük diqqətlə yanaşdığı klassik Azərbaycan yazıçılarından biri də mollanəsrəddinçilərin ideya rəhbəri Cəlil Məmmədquluzadədir. Hələ 1981-ci ildə respublika rəhbərinin təşəbbüsü ilə Bakıda böyük sənətkarın ev-muzeyinin yaradılması haqqında qərar qəbul edilmişdi. Əlamətdar haldır ki, həmin ev-muzeyini açmaq şərəfi də aradan 13 il keçəndən sonra müstəqil Azərbaycanın Prezidenti Heydər Əliyevə nəsib olmuş­dur. Böyük rəhbər Mirzə Cəlil şəxsiyyətinə və yaradıcılığına, ümumiyyətlə, klassik Azərbaycan ədəbiyyatının və mədəniyyətinin görkəmli nümayəndələri olmuş mollanəsrəddinçilərin fəlsəfi irsinə dair dəyərli mülahizələr söyləmişdir. Heydər Əliyevin “Molla Nəsrəddin”in fəlsəfi irsi haqqındakı mülahizələri ciddi elmi-mədəni səciyyə daşıyır.

Ulu öndər Heydər Əliyev “Mol­la Nəsrəddin” jurnalının yubiley gecəsindəki çıxışında jurnalın cəmiyyətin sosial-mədəni həyatına təsirindən bəhs edərək demişdir: “Molla Nəsrəddin” jurnalı dünyada məşhurdur. O vaxtlar rabitənin çox zəif olduğuna baxmayaraq, “Molla Nəsrəddin” jurnalı dünya­nın bir çox ölkələrində yayılırdı, hörmətlə qarşılanırdı, oxunurdu və hər yerdə öz təsirini göstərirdi. Azərbaycanın həyatında “Molla Nəsrəddin” jurnalının xüsusi yeri var. O vaxtın şəraitinə uyğun olaraq Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalını xalqın əksər təbəqələri üçün oxuna bilən, anlaşıqlı səviyyədə nəşr edirdi. Jurnal Azərbaycan dilində nəşr olunduğundan o vaxt onu oxu­yanların vasitəsilə xalq arasında geniş yayılırdı və çox güclü təsir göstərirdi”.

Azərbaycan xalqının milli şüurunun formalaşdırılması və qorunmasında ədəbiyyat və mədəniyyət nümayəndələrinin bir çox mərhələlərdə həm də siyasi xadimlərin vəzifələrini öz üzərlərinə götürmələri baxım­dan istisna təşkil etməyən Cəlil Məmmədquluzadə və digər mollanəsrəddinçilər Azərbaycan Xalq Cümhuriyyətinin rəhbər xadimləri sırasında yer almasa­lar da, müstəqillik ideyalarının formalaşmasında, bu ideyaların beyinlərdə və şüurlarda özünə yer tapmasında müstəsna xidmətlər göstərmişlər. Heydər Əliyev haqlı olaraq qeyd edirdi ki, “Biz Cəlil Məmmədquluzadəyə, sadəcə, bir ədəbiyyatçı kimi, yazıçı kimi, publisist kimi yox, böyük siyasətçi kimi yanaşmalıyıq. Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə Azərbaycanın ictimai-siyasi həyatının inkişafında, milli ru­hun yüksəlməsində böyük rol oynamışdır. Bu, təkcə ədəbiyyat deyil, təkcə mədəniyyət deyil, bu, siyasətdə böyük xidmətdir, ictimai həyatımızda böyük xidmətdir”.

Ulu öndər mollanəsrəddinçilərin fədakar fəaliyyətləri arasın­da onların ana dilinin saflığı, azərbaycançılıq uğrunda apar­dıqları mübarizəni xüsusi qeyd edirdi. Azərbaycan dili məsələsinə həmişə xüsusi həssaslıqla yanaşan, müstəqillik dövründə isə onun dövlət dili kimi inkişaf etdirilməsini və tətbiq dairəsinin genişləndirilməsini milli ideologi­ya səviyyəsinə qaldıran Heydər Əliyev ana dilinin inkişafında mollanəsrəddinçilərin fəaliyyətini, ən dəyərli cəhətlərdən biri kimi diqqətə çatdırırdı: “Azərbaycan xalqının dilinin inkişafı üçün göstərdikləri xidmətləri, onların ana dilinə-Azərbaycan dilinə böyük diqqəti, ana dilini təbliğ etməsi və ana dilinin, Azərbaycan dilinin hər yerdə hökm sürməsinə dair fikirləri, yazıları o vaxt üçün çox vacib idi, bu gün üçün də çox aktualdır”. Təsadüfi deyil ki, digər klassik yazıçı və şairlərimizlə bir sırada Cəlil Məmmədquluzadə irsi də Azərbaycan dili anlayışı­na yenidən vətəndaşlıq hüququ qazandırmaq prosesində Heydər Əliyevin arxalandığı mənbələrdən biri olmuşdur.

Ulu öndər özünün müxtəlif məruzə və nitqlərində, müsahibə və söhbətlərində gənc, müstəqil Azərbaycan Respublikasının milli ideologiyasını yaratmağın zəruriliyi barəsində danışmışdır. Heydər Əliyevin fikrincə, bu ideologiya, ilk növbədə, Azərbaycan xalqı­nın əsrlər boyu yaratdığı mənəvi sərvətlərə əsaslanmalı, xalqın mədəniyyət və mənəviyyatını, dini, etik və estetik dəyərlərini, keçdiyi tarixi inkişaf yolunu özündə əks etdirməlidir.

Ümummilli lider klassik ya­zıçılarımızın yaradıcılığını milli ideologiyanın bünövrəsi hesab etmiş və yeni dövlət quruculuğun­da, xüsusən mədəni quruculuqda onların irsindən yaradıcı şəkildə istifadəni zəruri saymışdır. Bu ba­xımdan Heydər Əliyev xatırladırdı ki, azərbaycançılıq təbliğatında bu ideologiyanın yaradıcıları ola­raq, ilk növbədə, dahi sənətkar Cəlil Məmmədquluzadənin və onun rəhbərlik etdiyi məfkurə cərəyanının ədəbi-ictimai irsinə müraciət edilməlidir.

Bununla bağlı Heydər Əliyev demişdir: “Cəlil Məmmədquluzadənin yaradı­cılığında Azərbaycanın bütün milli xüsusiyyətləri, eyni zamanda, ümumbəşəri dəyərləri əks etdirən fikirlər bizim milli ideologiyanın əsasıdır və həmin ideologiya­nın yaranması üçün böyük bir vasitədir, böyük bir sərvətdir. O dövrə həm milliliyə bağlı olmaq, həm də dünyəvi, ümumbəşəri dəyərləri qiymətləndirmək, onları öz yaradıcılığında əks etdirmək və xalqımızın ümumi səviyyəsini qaldırmaq cəhdləri böyük vətəndaşlıq cəsarəti idi, böyük xidmətdir və bunu biz daim qiymətləndirməliyik. Ona görə də, Cəlil Məmmədquluzadənin yara­dıcılığı, əsərləri bu gün bizim milli ideologiyanın formalaşmasında, yaranmasında və onun konsepsi­yasının elmi şəkildə hazırlanma­sında çox kömək edə bilər və çox kömək edəcəkdir”.

Ümummilli liderin baş­qa bir diqqətəlayiq fikri də mollanəsrəddinçilərin uzun illər ədəbiyyatşünaslıqda və ictimai fəlsəfədə yalnız din əleyhinə təbliğat apardıqları barədə yanlış fikrə qarşı çıxmasıdır. Bununla bağlı Heydər Əliyev qeyd edirdi ki, biz indi öz dinimizə qayıtmışıq. Din mənəvi mənbələrimizdən biridir. İslam dininin, Qurani- Kərimin Azərbaycan xalqı üçün açdığı yol davam edəcək və biz get-gedə dinimizin hər yerdə özünə layiq yer tutumasına imkan yaradacağıq. Çünki bu gün də dini təhrif edənlər, dindən öz məqsədləri üçün istifadə edənlər, dindən istifadə edərək xalqımızı cəhalətə uğratmağa çalışanlar az deyil. Məhz mollanəsrəddinçilər də “dini təhrif edənlərə, dindən öz məqsədləri üçün istifadə edənlərə qarşı amansız mübarizə edirdilər.

Mollanəsrəddinçilərə onların ideya rəhbəri Mirzə Cəlillə birlikdə müasirlərimiz kimi yanaşan, onları müstəqillik dövrünün mənəviyyat mənbəyi, mənəvi dayağı olaraq dəyərləndirən Heydər Əliyev bu insanları xalqı çətinliklərdən çıxarmağa kömək edən fəlsəfi irs sahibləri hesab edirdi. Mil­li mədəni irsin misilsiz hamisi mollanəsrəddinçilərin fəlsəfi irsinin yeni şəraitdə öyrənilməsi zərurətini irəli sürərək demişdir: “Doğrudan da, Azərbaycan ədəbiyyatının digər klassikləri ilə müqayisədə ölməz Molla Nəsrəddinin irsi daha çox müstəqillik əqidəsi və təfəkkürü ilə öyrənilməyə möhtac­dır. Çünki sovet rejimi şəraitində onun bir çox əsərləri öz həqiqi qiymətini almamış, yaxud to­xunduğu bir sıra vacib mətləblər məhz hakim ideologiyanın şərtlərinə uyğun gəlmədiyindən diqqət mərkəzindən kənarda qalmışdır”. Bu mənada soydaş­larımızın, böyüməkdə olan gənc nəslin indiki və gələcək dövrlər üçün mollanəsrəddinçilərin fəlsəfi irsindən bəhrələnməsi zərurəti daha da aktuallaşır.

Heydər Əliyev deyirdi ki, Cəlil Məmmədquluzadə tariximizə böyük bir demokrat kimi daxil olubdur: “Biz bu gün bu prinsiplər əsasında demokratik hüquqi dövlət yaratmaq istəyirik, demok­ratik hüquqi cəmiyyət yaratmaq istəyirik. Cəlil Məmmədquluzadə böyük demokrat olubdur, Azərbaycanın dövlətçiliyi üçün səylər göstəribdir. Bizə bö­yük miras, irs qoyub gedibdir. Bunların hamısını biz yüksək qiymətləndirməliyik. Bax, bunlara görə də Cəlil Məmmədquluzadə daim bizimlədir. Cəlil Məmmədquluzadədən, onun yaradıcılığından biz daha faydalı istifadə etməliyik”.

Ulu öndər Heydər Əliyevin mollanəsrəddinçilərin fəlsəfi irsi ilə bağlı dəyərli fikirlərini aşağıdakı kimi ümumiləşdirmək olar:

-mollanəsrəddinçilik fəlsəfi təlim kimi ümumşərq hadisəsi ol­maqla təkcə milli deyil, bütün Şərq fəlsəfi fikrinə təsir etmişdir;

- bu təlim Azərbaycan xalqının milli oyanışı və milli dirçəlişində, milli özündərkinin formalaşmasın­da misilsiz rol oynamışdır;

- müstəqilliyin mədəni-fəlsəfi, ideoloji və milli-psixoloji konsep­siyasının yaranmasında da bu fəlsəfi irsi baza və mənbə rolu oynamışdır.

Müdrik rəhbər mollanəsrəddinçilərin fəaliyyətindən bəhs edərək de­mişdir: “Cəlil Məmmədquluzadə dühası “Molla Nəsrəddin” jur­nalında öz əksini tapdı. “Molla Nəsrəddin”, onun vasitəsilə Cəlil Məmmədquluzadə və jurnalın işinə cəlb olunmuş Azərbaycanın başqa mütəfəkkir adamları xalqımızın milli şüurunun for­malaşmasında, milli ruhunun yüksəldilməsində, milli oyanışında böyük rol oynamışdır”.

Prezident İlham Əliyevin “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyi haqqında sərəncamında isə göstərilir: “Görkəmli yazı­çı Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə fəaliyyətə başla­yan “Molla Nəsrəddin” xüsusi ədəbi məktəb yaratmış, milli mətbuatımızın inkişafının qı­zıl səhifələrini yazmışdır. Xalq yumorundan, klassik Azərbaycan ədəbi və dünya bədii-publisist irsinin ənənələrindən məharətlə bəhrələnərək publisistikamızı janr, üslub baxımından zənginləşdirən jurnal yalnız Azərbaycanın deyil, eləcə də Yaxın Şərq ölkələrinin ədəbiyyatlarında demokratik meyillərin güclənməsinə misilsiz təsir göstərmişdir”.

Azərbaycanın intellektual potensialının bünövrəsində milli ədəbiyyatı və mədəniyyəti görən Heydər Əliyevin cəmiyyətə ideya-nəzəri baxışında bu milli-mənəvi sərvət, eyni zamanda, müstəqil dövlətimizin ideoloji əsasını təşkil edən azərbaycançılığın möhtəşəm özüllərindən biri olaraq dəyərləndirilmişdir. Çıxışlarının birində ulu öndər qeyd etmişdir ki, “İnsanlara ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanla­rın mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin forma­laşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur. Bizim ədəbiyyatımız, doğrudan da, xalqımızda, millətimizdə milli ruhu oyadıbdır, milli əhval-ruhiyyəni canlandırıbdır, milli dirçəliş prose­sini gücləndiribdir. Məhz bunların nəticəsində bizdə milli psixologiya, milli ideologiya formalaşmağa başlayıbdır”.

Ümummilli lider Heydər Əliyev müstəqilliyin mədəni-fəlsəfi ideo­logiyası və milli-psixoloji sərvətinin yaranmasında klassik fəlsəfi-bədii irsin baza rolu oynadığını dönə-dönə vurğulamış, bu zəngin xəzinədən yaradıcı istifadə üçün zəruri tədbirləri ardıcıl olaraq gerçəkləşdirmişdir. Bu baxım­dan ulu öndərin klassik mədəni irsə, milli fəlsəfi düşüncəyə, inqilabi-demokratik dəyərlərə və sivil ənənələrə həssas, qayğıkeş münasibəti mükəmməl bir sistem təşkil edir.

 

Sakit HÜSEYNOV, AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, professor

 

Yusif HÜSEYNOV, Naxçıvan Dövlət Universitetinin dosenti

Xalq qəzeti.-2020.-2 may.-S.7.