Heydər Əliyev – dahi şəxsiyyət, görkəmli dövlət xadimi

Bu gün biz Heydər Əliyev siyasətinə sadiq qalaraq, bu siyasəti davam etdiririk. Bu illərdə biz Heydər Əliyev siyasətinin təntənəsini görürük, onun fiziki yoxluğu şəraitində bu siyasət yaşayır və yaşayacaqdır.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Dahi şəxsiyyət, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişafı və tərəqqisi yolunda, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qüruriftixar mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcumuzdur.

Heydər Əliyev respublikamızda hakimiyyətdə olduğu dövrdə (1969- 1982; 1993-2003) Azərbaycanın milli maraqlarını hər zaman uca tutmuşdur. Hələ 1969-cu ildən, yəni ulu öndər hakimiyyətə gəlməmişdən əvvəl Ermənistan Azərbaycanla sərhəd olan bəzi əraziləri ələ keçirmək istəyirdi. Erməni rəsmi dairələri və alimləri, hətta XX əsrin 20-ci illərinin saxtalaşdırılmış xəritələrini ortaya çıxarmışdılar. Ərazi məsələsinə dair danışıqlar artıq müzakirə obyektinə çevrilmişdi. Ümummilli lider hələ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) sədri olarkən erməni millətçilərinin əsassız ərazi iddialarının qarşısı dəfələrlə alınmış, onların fitnəkar niyyətlərinə qarşı mübarizə daha da gücləndirilmiş və bu istiqamətdə həyata keçirilən tədbirlərə şəxsən nəzarət etmişdir. 1967-ci ildə Ermənistan SSR-in millətçi dairələri Azərbaycan SSR-in daxili işlərinə qarışaraq DQMV-nin azərbaycanlı əhalinin yaşadığı məntəqələrin inkişafı üçün ayrılan vəsaitin bölünüb təsdiq olunmasına hər vəchlə mane olmağa çalışırdılar. SSRİ hökumətinin təzyiqi ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də ölkəmizin sərhəd rayonlarının ərazilərindən 2 min hektardan çox torpağın Ermənistan SSR-ə verilməsi haqqında hələ 1938-ci il mayın 5-də qəbul etdiyi qərarı təsdiq etdi.

Ulu öndər Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan SSR-in rəhbəri seçilən kimi, bu məsələni ön plana çəkdi və həmin qərarın icrasını dayandırdı. Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutan Heydər Əliyev nə qədər təhlükəli olsa da, təzyiqləri rədd edərək prinsipial mövqe göstərdi, erməni millətçilərinin qarşısını qətiyyətlə aldı. Moskvadakı bəzi qüvvələrin və Ermənistan rəhbərlərinin cəhdlərinə baxmayaraq, Heydər Əliyev həmin qərarın həyata keçirilməsinə imkan vermədi.

Sovet dövründə erməni millətçiləri imkan düşdükcə Azərbaycan torpaqlarına əsassız iddialar irəli sürürdülər. Ancaq Heydər Əliyev Dağlıq Qarabağın tarixini, coğrafiyasını, iqtisadiyyatını, orada yaşayanların düşüncələrini gözəl bilirdi. 1967-ci il iyun ayının 26-da Azərbaycan KP MK-nın birinci katibi V. Axundova məktubunda yazırdı ki, iyun ayının 23-dən 24-nə keçən gecə Xankəndidə bəzi küçələrdə erməni dilində 300 vərəqə yayılmışdır. Həmin vərəqələrdə Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi tələb edilir və millətçi fikirlər irəli sürülürdü. Məktubda qeyd edilirdi ki, vərəqənin müəlliflərini axtarıb tapmaq, eləcə də digər lazımi tədbirləri görmək üçün Xankəndiyə əməliyyat qrupu göndərilmiş və təqsirkarlar ciddi cəzalandırılmışdır. Həmin ildə təkcə Dağlıq Qarabağda 1200-dən artıq belə vərəqə hazırlanıb yayılmışdı. Qısa müddət ərzində belə vərəqələri hazırlayanlardan 13 nəfər, yayanlardan isə 17 nəfər saxlanılmışdı.

Ümummilli liderin müdrik rəhbərliyi, həyata keçirdiyi məqsədyönlü tədbirləri hesabına 1969-1982-ci illər Azərbaycanın intibah dövrü kimi tarixə düşüb. XX əsrin 70-80-ci illərinin Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında özünəməxsus və spesifik xüsusiyyətləri ilə səciyyələnən mühüm bir tarix kimi daha dərindən öyrənilməsi olduqca zəruridir. Bu dövrdə həyata keçirilən tədbirlər məhz ümummilli liderin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndər çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və müdrik siyasi xadim kimi bir sıra çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlmək bacarığı nümayiş etdirib. Həmin dövrdə Azərbaycanda bütün sahələrdə ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş bir sıra mühüm addımlar atılıb və bu nailiyyətlər o vaxt hakimiyyətdə olan ümummilli liderin rəhbərliyi və prinsipiallığı nəticəsində mümkün olub.

Həmin dövrdə xalqımızın mənəvi-əxlaqi dəyərlərinə söykənən genişmiqyaslı tədbirlərin həyata keçirilməsi insanlarda milli ruhun oyanışını şərtləndirdi. Bununla yanaşı, erməni millətçiləri Dağlıq Qarabağın Azərbaycanın digər rayonları ilə guya iqtisadi və təsərrüfat əlaqələrinin olmadığını, əhalinin ümumi sayında ermənilərin çoxluğunu əsas gətirərək vilayətin Ermənistana birləşdirilməsini tələb edirdilər. Onların bu niyyətlərinin qarşısını almaqda, Yuxarı Qarabağın Aran Qarabağla və digər rayonlarla əlaqəsini daha da sıxlaşdırmaq, strateji əhəmiyyətli kommunikasiyaların sayını artırmaq böyük rol oynaya bilərdi. Bu məqsədlə Ağdam–Xankəndi dəmir yolu çəkildi. 1979-cu il yanvarın 12-də həmin yol ulu öndərin iştirakı ilə istifadəyə verildi. Həmin dəmir yolu xətti ilə muxtar vilayətin respublikanın digər rayonları ilə daha sıx iqtisadi əlaqəsi yaradıldı. Bu, Heydər Əliyevin Qarabağın dağlıq və aran hissələrinin, Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi sahəsində strateji addımı və böyük tarixi xidməti idi. Həmin dövrdə bütün çətinliklərə baxmayaraq Heydər Əliyev Azərbaycan dilinin respublikanın dövlət dili olması ilə bağlı müddəanın 1978-ci il Konstitusiyasına daxil edilməsinə nail olub.

Heydər Əliyevin Dağlıq Qarabağa göstərdiyi diqqət və qayğı daha da artmış və geniş quruculuq işləri vüsət almışdı. 1980-1981-ci illərdə görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məzarı üstündə abidə-məqbərə tikildi. Şuşaya səfəri zamanı Heydər Əliyev Poeziya evini açdı, Vaqif poeziya günlərində iştirak etdi, Üzeyir bəy Hacıbəylinin və Bülbülün Şuşadakı ev-muzeylərindəki eksponatlarla tanış oldu və onların qorunmasına dair tövsiyələrini verdi. 1982-ci il avqustun 2-də Şuşada şair Xurşidbanu Natəvana abidə qoyuldu.

Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illərdə Şuşa şəhərinin və Dağlıq Qarabağın azərbaycanlılar yaşayan digər məntəqələrinin siması xeyli dəyişdi. Heydər Əliyevin göstərişi ilə Xankəndidə Pedaqoji İnstitut açıldı və orada Azərbaycan bölməsi yaradıldı. Bu, azərbaycanlı ziyalıların daimi yeri ilə təmin olunmasına, Qarabağda yeni elmi-mədəni mühitin formalaşmasına, yerli əhalinin ali təhsil almasına və doğma yerlərə daha sıx bağlanmasına əlverişli şərait yaratmışdı.

XX əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ məkanında, ilk növbədə, Ermənistan SSR ərazisində antiazərbaycan, antitürk təbliğatı daha da güclənməyə başladı. Bu proses M. Qorbaçovun SSRİ rəhbəri seçilməsindən sonra daha geniş miqyas aldı. 1985-ci ilin əvvəlində Ermənistan KP MK-nın birinci katibi K. Dəmirçiyan Sov. İKP MK-nın Siyasi Bürosuna qondarma “erməni soyqırımı”nın 60 illiyi ilə bağlı 24 aprel tarixinin hər il SSRİ-də anım günü kimi qeyd olunması təklifi ilə müraciət etmiş, Siyasi Büronun iclasını aparan M. S. Qorbaçov buna razılıq versə də, Heydər Əliyevin, N.Tixonovun və A. Qromıkonun sərt və prinsipial mövqeyi ilə qarşılaşmışdır. Lakin ermənilər öz çirkin niyyətlərindən əl çəkmirdilər.

1987-ci il oktyabrın 21-də Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyev Sov. İKP plenumunda vəzifəsindən istefa verdikdən bir neçə gün sonra Sov. İKP MK-nın Baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə “İnterkontinental” hotelində müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha səmərəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını irəli sürdü.

Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Bakıya hərbi müdaxiləsi zamanı yalnız ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmiş, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğın əməliyyatını pisləmişdi.

1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının üzləşdiyi sosial-iqtisadisiyasi problemlərin müvəffəqiyyətlə həll olunması ölkəmizin beynəlxalq aləmdəki mövqeyi və ayrı-ayrı ölkələrlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələri, eləcə də, dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlı idi. Bu mənada Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edirdi.

Yalnız 1993-cü ilin ikinci yarısında Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Bu dövrdən başlayaraq həyata keçirilən siyasət məhz ulu öndərin adı və fəaliyyəti ilə bağlıdır.

Dünya birliyinə bərabərhüquqlu üzv kimi daxil olmağa çalışan və müstəqilliyinin ilk addımlarını atan, eləcə də Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycan Respublikasının xarici siyasətində dünya birliyinə inteqrasiya, ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən, beynəlxalq və regional təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindən birini təşkil edirdi.

Ümummilli lider çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə və böyük ustalıqla gəlmək bacarığı nümayiş etdirdi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. “Əsrin müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdi. 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi Böyük İpək Yolunun bərpası üzrə keçirilmiş Bakı beynəlxalq konfransı və onun nəticələri Azərbaycanın xarici siyasətinin qazandığı ən mühüm nailiyyətlərindəndir.

Heydər Əliyev xarici siyasət xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə çox böyük diqqət yetirirdi. Azərbaycanın beynəlxalq təşkilatlara üzv olması ilə yanaşı, onların işlərində fəal surətdə iştirak etməsi və səmərəli əməkdaşlıq ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb edirdi. Bu baxımdan, 1994-cü il mayın 4-də Prezident Heydər Əliyevin “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədini imzalaması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardan biri oldu.

1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiyaqeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” imzalandı. Bu müqavilənin imzalanması Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilir.

Azərbaycanın Avropa institutlarına inteqrasiyası istiqamətində Avropa Şurasının bərabərhüquqlu üzvü olması respublikamızın mühüm problemlərinin dünya ictimaiyyətinin diqqətinə obyektiv çatdırılması üçün yeniçox mötəbər tribuna vermiş oldu. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin 2001-ci il yanvarın 17-də nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasına dair qərar qəbul edildi. Bu qərar ümummilli liderin uzaqgörən, daxilixarici siyasətinin və bu istiqamətdə məqsədyönlü fəaliyyətinin nəticəsi idi. Yanvarın 25-də Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı ilə Strasburqda ölkəmizin bu təşkilata üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirildi və dövlətimizin üçrəngli bayrağı ucaldıldı.

Bütövlükdə, ulu öndərin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər respublikamız üçün həlledici illər olmuşdur. Məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulmuşdur. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilmiş, Azərbaycan dünya birliyinə qovuşmuşdur. Azərbaycanın beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, onların işlərində müntəzəm, eləcə də fəal surətdə iştirak etməsi səmərəli əməkdaşlığımız, ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb etmişdir. Həmin illərdə çox ciddi islahatlar aparılmış, bazar iqtisadiyyatı prinsipləri üstünlük təşkil etmiş, Azərbaycana böyük həcmdə investisiyaların cəlb olunması geniş vüsət almışdır. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmiş, siyasi sistem möhkəmləndirilmiş və ölkəmizin uğurlu inkişafı üçün möhkəm zəmin yaradılmışdır. Bu illər ərzində görülmüş işlər hazırda ölkəmizin uğurlu inkişafını şərtləndirmişdir. Həmin dövrdə başlanmış layihələr bu gün çox uğurla davam etdirilir.

2003-cü ildən bəri isə Azərbaycan xalqı və dövləti, sözün əsl mənasında, sürətli inkişaf dövrünü yaşayıb, problemlərin böyük hissəsi öz həllini tapıb, istənilən istiqamət üzrə konkret proqramlar icra edilib. Bu müddətdə Prezident İlham Əliyevin məqsədyönlü, sistemli, düşünülmüşmüdrik siyasəti sayəsində Azərbaycan sabitlik və təhlükəsizlik adasına çevrilib. Dövlət başçısının qazandığı bütün uğurların kökündə Heydər Əliyev siyasi kursuna sadiqlikonun uğurla davam etdirilməsi siyasəti dayanır. Prezident İlham Əliyev prezidentliyi dövründə, ilk növbədə, daxili ictimai-siyasi sabitliyi daha da möhkəmlədib, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin edib, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olub.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artıb, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələr genişlənib. Bununla yanaşı, son iki ildə ölkəmizin evsahibliyi etdiyi, eləcə də dövlət başçısının təşəbbüsü ilə keçirilən bir sıra mühüm əhəmiyyət kəsb edən tədbirlər – 2018-ci ildə VI Bakı Beynəlxalq Humanitar Forumu, VI Qlobal Bakı Forumu, Qoşulmama Hərəkatının Xarici İşlər Nazirləri Konfransı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər toplantısı, Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi, 2019-cu ildə VII Qlobal Bakı Forumu, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü, Qoşulmama Hərəkatının Zirvə toplantısı, Dünya dini liderlərinin II Sammiti və digər möhtəşəm beynəlxalq tədbirlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəldib.

Bu illər ərzində ölkəmizin təhlükəsizlik strategiyası uğurla həyata keçirilib, ilk növbədə, Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunub, xarici enerji mənbələrindən asılılıq aradan qaldırılıb. Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır. 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri–Çıraq–Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin müddəti 2017-ci il sentyabrın 14-dən 2050-ci ilə qədər uzadılıb. 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20-ci ildönümünü qeyd edildi və məhz həmin gün Cənub Qaz Dəhlizinin təməli qoyulub. Bununla yanaşı, hazırda Azərbaycan, Gürcüstan və Türkiyə Bakı–Tbilisi–Ceyhan, Bakı– Tbilisi– Ərzurum və digər önəmli layihələri, o cümlədən, nəqliyyat sahəsində Bakı– TbilisiQars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaradılıb. Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələlərinin həllinə də kömək göstərəcək. Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi dayanır və ölkələrin milli təhlükəsizliyi, o cümlədən, enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır. Bundan əlavə, Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı–Tbilisi– Ceyhan, Bakı–Tbilisi–Ərzurum, Bakı–Tbilisi–Qars, TANAP, TAP və digər layihələr Azərbaycanı qlobal iqtisadiyyatda özünəməxsus iqtisadi modelə malik ölkə kimi səciyyələndirir.

Həmçinin, son 16 il ərzində Azərbaycanın bir sıra yaddaqalan diplomatik uğurlara imza atması ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlət olmaqla yanaşı, yürütdüyü müstəqil xarici siyasətinin milli maraqlara söykəndiyinin bariz nümunəsidir. Xüsusilə, Ermənistan– Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, dövlət başçısı ölkəmizin öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirib. Qeyd etmək vacibdir ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında, eləcə də oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışları zamanı tutarlı faktlarla sübut etdi. 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı Ermənistan baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi. Eyni zamanda, dövlətimizin başçısı Ermənistanın işğalçılıq siyasəti və faşist ideologiyası yürütdüyünü dünyaya bir daha bəyan edərək, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığını diqqətə çatdırdı, ölkəmizin milli maraqlarının hər şeydən üstün tutulduğunu bildirdi.

Bununla yanaşı, oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü keçirildi və ölkəmiz bu təşkilatda sədrliyə başladı. Bunun davamı olaraq, özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünün Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi və 2019- 2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizin böyük diplomatik uğurudur.

Eləcə də, son illərdə Azərbaycan yalnız beynəlxalq regionda gedən proseslərdə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb. Bu baxımdan, Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da keçirilən Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü zamanı çıxışında bildirib ki, koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir və pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq, eləcə də pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır.

Ümumiyyətlə, bütün bunlar onu deməyə əsas verir ki, son vaxtlar həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilməsi, eləcə də dinamik, çoxşaxəli və milli maraqlara əsaslanaraq, həyata keçirilən siyasət nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin edib.

 

Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru

Xalq qəzeti  2020.- 5 may.- S.8.