Hər bir azərbaycanlının
PREZİDENTİ
Bunu ölkədə
aparılan genişmiqyaslı islahatlar da sübut edir
Kadr islahatları, struktur islahatları zamanında
aparılır. Ümumiyyətlə, işə
yanaşma tərzi dəyişir. Azərbaycan
yeniləşir, Azərbaycanın yeni siması ortalığa
çıxır, iqtidarın yeni siması ortalığa
çıxır – müasir dövrə uyğun, cəmiyyətimizin
gözləntilərinə uyğun və bizim inkişaf
strategiyamıza uyğun. Hər şey buna
bağlıdır. İlk növbədə,
bizim milli maraqlarımız, dövlətçiliyimiz, vətəndaşların
rahat yaşaması, sosial rifah və kadrlar bu məqsədlərə
qulluq etməlidirlər.
İlham
ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanın
tarixinin son 16 ilində əldə olunmuş nailiyyətlər,
ölkəmizin dünya birliyində reytinqinin yüksəlməsi,
mövqeyinin daha da möhkəmləndirilməsi, əhalinin həyat
təzinin yüksəldilməsi bir daha təsdiqləyir ki,
ölkəmiz postsovet məkanı, o cümlədən, uzun
müddət müstəqillik tarixi olan bir sıra dövlətlərlə
müqayisədə sürətli inkişaf yoluna qədəm
qoyub. Dövlət başçısının
müəyyənləşdirdiyi bu yol Azərbaycanı
dünya birliyində maraq dairəsinə çevirib və
respublikamızla əməkdaşlıq edən dövlətlərin
sayı ildən-ilə artır. Son illər
həyata keçirilən genişmiqyaslı islahatlar,
demokratik prinsiplərin inkişafına xüsusi önəm
verilməsi insan hüquq və azadlıqlarının
müdafiəsi yolunda atılan qətiyyətli addımlar
respublikamıza olan marağı daha da artırıb.
Peşəkarlardan
ibarət kadr bazası
Prezident
İlham Əliyevin bütün sferalarda keyfiyyət dəyişikliyinə
nail olmaq üçün gerçəkləşdirdiyi
islahatlar xalq tərəfindən böyük razılıqla
qarşılanır. Dövlət idarəçiliyinin
bütün sahələrini əhatə edən islahatlar nəticəsində
idarəetmədə yeni, çevik, operativ model yarandı.
İslahatların fəlsəfəsini, hədəflərini
dərk edən və bunu müasir tələblər səviyyəsində
həyata keçirməyi bacaran, intellektual səviyyəli,
milli dəyərlərə sadiq, müasir
dünyagörüşlü gənclərdən və
peşəkarlardan ibarət kadr bazasının
formalaşdırılması ölkəmizin dünya birliyinə
sürətli inteqrasiyası baxımından mühüm əhəmiyyət
kəsb edir. İslahatlar, həmçinin dövlətin
sosial və humanitar siyasətində, özəl sektorda,
bütövlükdə, ölkənin inkişafında, məhkəmə-hüquq
sisteminin müasir dövrün reallıqlarına, Azərbaycan
dövlətinin təməl prinsiplərinə
uyğunlaşdırılmasında da özünü
büruzə verdi.
Ekspertlərin vurğuladıqları kimi, dövlət
başçımızın rəhbərliyi ilə həyata
keçirilən, bu gün də davam etdirilən struktur
islahatlarının əsas məqsədi idarəetmədə
çevikliyi və səmərəliliyi artırmaqla
yanaşı, cəmiyyətdə formalaşan yeni
çağırışlara və iqtisadiyyatda baş verən
struktur dəyişikliklərinə adekvat
uyğunlaşmanı təmin etməkdir. Struktur
islahatları dövlət idarəetməsini iqtisadi inkişafın
yeni mərhələsinə uyğunlaşdırır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin rəhbərliyi
ilə aparılan kompleks islahatlar ölkəmizə
“dünyada ən islahatçı ölkə” imici
qazandırdı.
Kompleks
sosial islahatlar
Dünyanı maliyyə və iqtisadi böhran
bürüdüyü bir vaxtda da ölkəmiz inkişaf
yolundan dayanmayıb, nəzərdə tutulan layihələr
uğurla icra olunub, əhalinin rifahının
yaxşılaşdırılması istiqamətində həyata
keçirilən tədbirlər səngimir. Bu baxımdan, Prezident
İlham Əliyevin 25 fevral 2019-cu il tarixli “Əhalinin
sosial müdafiəsinin gücləndirilməsi sahəsində
əlavə tədbirlər haqqında” sərəncamı
diqqəti daha çox cəlb edir. Bu sərəncam,
demək olar ki, əhalinin bütün həssas təbəqəsini,
aztəminatlı ailələri, əlilləri, əmək
qabiliyyəti məhdud uşaqları, müharibə
veteranlarını, əmək əlillərini əhatə
edir. Həmin sərəncamla bu qəbildən
olan insanların sosial müdafiəsi daha da gücləndirildi.
Ümumiyyətlə,
Azərbaycan dövlətçiliyi tarixində
sosialyönümlü il kimi yadda qalan
2019-cu ildə dövlət başçısı tərəfindən
imzalanan sərəncam və fərmanlar, qəbul edilən
sosial paketlər, icra olunan layihələr ölkə vətəndaşlarının
rifahının yaxşılaşdırılmasında
mühüm rol oynadı. Xatırladaq ki, bu sənədlərin
icrası ilə bağlı 4 milyon 200 min nəfər Azərbaycan
vətəndaşının həyat şəraiti
yaxşılaşdırıldı. 2019-cu
ilin əvvəllərindən başlayaraq, Prezident İlham
Əliyev tərəfindən xalqımızın sosial təminatının
gücləndirilməsi, həyat şəraitinin daha da
yaxşılaşdırılması istiqamətində
imzalanan bir çox fərman və sərəncamlar əhalinin
hədsiz sevincinə səbəb olmuşdur.
Prezident tərəfindən həyata keçirilən
kompleks sosial islahatlar nəticəsində pensiyalar, əməkhaqları,
sosial müavinətlər, təqaüdlər
artırılıb, banklara on min dollara qədər kredit borcu
olanların problemi həll edilib. Bir il ərzində
minimum əməkhaqqının iki dəfə
artırılması dövlətin öz vətəndaşına
münasibətinin göstəricisidir. Qeyd etmək
lazımdır ki, maaş artımı təkcə
büdcə təşkilatlarında deyil, eyni zamanda, özəl
sektorda çalışanlara da şamil edilib. Prezidentə
inanan və güvənən hər bir Azərbaycan vətəndaşı
görür ki, ölkədə ardıcıl olaraq həyata
keçirilən sosial proqramlar, layihələr onların
rifahının yüksəldilməsi yolunda atılan
addımlardır. Bütün bunlar “siyasətimizin
mərkəzində Azərbaycan vətəndaşının
dayandığını” təsdiqləyən faktlardır.
Eyni zamanda, sosial rifah dövlətinin
qurulması ölkə Prezidentinin yeni islahatlar kursunun strateji xəttini
təşkil edir.
Kadr və struktur islahatları, əslində, bir-birini
tamamlayan ümumi islahatlar siyasətinin təzahürüdür. Prezident
İlham Əliyev bu məsələyə münasibət
bildirərkən deyib ki, islahatlar müxtəlif dövrlərdə,
müxtəlif templə və səmərə ilə həyata
keçirilib. Sonuncu prezident seçkilərindən
sonra ölkə başçısının andiçmə
mərasimindəki çıxışında islahatların
yeni mərhələsi elan edildi və bu islahatlar
ardıcıl şəkildə reallaşdırılmağa
başlandı. O cümlədən, kadr islahatları ilə
bağlı olan məsələlər də öz həllini
tapdı. Dövlət başçısı
vurğulayıb ki, yeni hökumətdə müasir
dünyagörüşünə malik olan gənclər, eyni
zamanda, təcrübəli kadrlar təmsil olundular və
onların rəhbərlik etdikləri sahələrdə
islahatların artıq yaxşı nəticələrini
görməyə başladıq. Prezident
Administrasiyasında çox ciddi struktur və kadr
islahatları aparıldı, Nazirlər Kabineti yenidən
formalaşdı. Nəticədə vəzifələrə
yeni simalar gətirildi, eyni zamanda, struktur dəyişikliyi
edildi.
Yerli icra orqanlarında mütəmadi olaraq aparılan
kadr dəyişikliyi xalq tərəfindən rəğbətlə
qarşılanır. Son vaxtlar bir sıra rayonların icra
hakimiyyəti başçıları və onların
yaxın ətrafının törətdiyi cinayət əməlləri
bir daha təsdiqləyir ki, kadr islahatlarının
aparılması labüddür. Təbii
ki, korrupsiya və rüşvətxorluq hallarına aludə
olmuş vəzifəli şəxslərə heç bir
güzəştin olunmaması və onaların qanun
qarşısında cavab vermələri də aparılan
islahatların uğurlarıdır. Göründüyü
kimi, ölkədə aparılan genişmiqyaslı
islahatların əsas məqsədini respublikamızda
mövcud ab-havanı daha da sağlamlaşdırmaq, xoşagəlməz
halların qarşısını almaq təşkil edir.
Həmrəyliyə
və birliyə çağırış
Həyata keçirilən düşünülmüş
islahatlar dövlət başçımızın andiçmə
mərasimindəki nitqində dediyi “Mən bütün Azərbaycan
xalqının, hər bir Azərbaycan vətəndaşının
Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər
bir vətəndaş inkişafa, yaxşılığa
doğru irəliləyişi görsün və onu hiss eləsin”
– fikrinin təsdiqidir. Bunu parlamentin yenidən
formalaşdırılması zamanı müxalifət
partiyaları və bitərəf təmsilçilərə
etimad göstərilməsi, onların mühüm vəzifələrə
təyin olunması da təsdiqləyir. Siyasi
mənsubiyyətindən asılı olmayaraq, hər birimiz
bundan qürur duymalıyıq. Hazırda
Milli Məclisin rəhbərliyində və komitələrdə
müxalifət partiyalarının nümayəndələrinin
təmsil olunması, mövqeyindən asılı olmayaraq,
siyasi partiyaların nümayəndələri arasında
ayrı- seçkilik qoyulmamasından xəbər verir. Düşünülmüş şəkildə həyata
keçirilən islahatlar ölkədə həmrəyliyin və
birliyin heç zaman olmadığı ən yüksək səviyyəyə
çatmasında mühüm rol oynayıb.
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə
Azərbaycan xalqına təbrikində də bu məsələ
öz əksini tapdı. Dövlət
başçısının tapşırığı ilə
Prezident Administrasiyasının bütün siyasi partiyalara
dialoq təklifi etməsi həmrəyliyə və birliyə
çağırış kimi qiymətləndirilməlidir.
Əksər müxalifət partiyalarının
sədrləri siyasi dialoq təklifini çox ciddi addım,
eyni zamanda, həmrəyliyə, birliyə
çağırış kimi dəyərləndirərək
bu təklifi məmnuniyyətlə qəbul ediblər. Hətta, görüşlərdə iştirak da
ediblər. Bu, bir faktdır ki, ölkəmizin
beynəlxalq aləmdəki mövqeyinin daha da möhkəmləndirilməsi
üçün həmrəylik və birlik, o cümlədən,
iqtidar-müxalifət dialoqu vacibdir. Ölkə
başçısının dediyi kimi, “Biz birlikdə
güclüyük!”. Siyasi
dialoqun zərurliyi dövlət başçısının
da diqqət mərkəzindədir. Onun “ Bu
gün Azərbaycan iqtidarı tarixdə olmadığı qədər
güclüdür!” fikri reallıqdır. Hər
bir siyasi partiya sədri bu reallığı qəbul etməlidir.
Prezident
İlham Əliyev siyasi dialoq təşəbbüsünün
bəyənilməsindən məmnunluğunu bildirib: “Biz hesab
edirik ki, güclü ilk addımı atmalıdır, ilk təklifi
verməlidir və belə demək mümkündürsə,
yolunu azmışlara da yol göstərməlidir. Yəni, biz bunu etdik və şadam ki, siyasi spektrin
mütləq əksəriyyəti bu təşəbbüsə
müsbət reaksiya verib, faktiki olaraq, siyasi dialoq artıq
başlayıb. Əminəm ki, bunun nəticələri
də xalqımız üçün və ölkəmizin gələcək
inkişafı üçün müsbət olacaqdır”.
Təəssüf ki, həmişə olduğu kimi, bu dəfə
də radikal müxalif qruplaşma xalqın
sağlamlığının və həyatının,
dövlətin təhlükəsizliyinin böyük sınaq
qarşısında olduğu bir vaxtda yenə də
dönük və xəbis xislətlərinə sadiq
qaldılar. Onlar heç bir əsası olmayan bəhanələrlə
milli həmrəylik və birlik
çağırışından yayınır, xarici
ağalarının sifarişlərini yerinə yetirməklə
satqın və xəyanətkar vərdişlərindən əl
çəkə bilmirlər. Bəhanələri
də budur ki, guya, iqtidar müxalfətə qarşı
aqressivdir, qanunsuz həbslər olur, demokratik prinsiplər
pozulur və s. Təbii ki, bütün bunlar bəhanədir.
Axı, dövlətimizin
başçısı siyasi mövqeyindən asılı
omayaraq, ölkə vətəndaşları arasında
heç bir fərq qoymur, hər kəsə bərabər səviyyədə
münasibət bəsləyir və bütün vətəndaşların
Prezidenti olduğunu siyasi fəaliyyəti ilə bir daha
nümayiş etdirir. Bir neçə faktla
dedikərimi əsaslandırmaq istərdim.
Faktlar təsdiqləyir
ki...
Ədliyyə Nazirliyi tərəfindən yayılan məlumatda
bildirlir ki, bu yaxınlarda ölkəmizdə daha iki siyasi
partiya qeydiyyata alınıb. Azad Demokratlar
Partiyasının və Yeni Zaman Partiyasının qeydiyyatla
bağlı müraciətlərinə əsasən təqdim
olunmuş təsis sənədlərinin qanunvericiliyə
uyğunluğu məsələsi öyrənilib və
onların dövlət qeydiyyatına alınması barədə
qərar qəbul edilib.
Bununla bağlı, hətta bu yaxınlarda Ədliyyə
Nazirliyinin rəhbərliyi ilə qeydiyyata alınmış
partiyaların sədrləri Sülhəddin Əkbər və
Musa Ağayev arasında görüş də keçirilib və
onlara dövlət qeydiyyatı haqqında şəhadətnamələr
təqdim edilib. Bundan başqa, daim müxalif mövqeyi ilə
seçilən, həmişə iqtidarı kəskin tənqid
edən Azadlıq Partiyasının sədri Əhməd Orucun
səhhətində ciddi problem yarananda onun ailə üzləri
kömək üçün ölkə
başçısına müraciət etmişdi. Prezident humanist addımını müxalifət
partiyasının sədrindən də əsirgəmədi.
Bu, bir daha təsdiqlədi ki, dövlət
başçısı insanlara siyasi əqidəsinə
görə münasibət, kin-küdurət bəsləmir,
insan amilinə görə dəyər verir. Ağır əməliyyat müddətində
Prezidentin şəxsi nümayəndəsinin partiya sədrinin
ailə üzvləri ilə bir yerdə olub prosesi sona qədər
nəzarətdə saxlaması insan amilinə verilən dəyərin
bariz nümunəsidir. Xatırladaq ki,
müxalifət partiyası sədrinin oğlu atasının həyatının
ciddi təhlükə altında olduğu məqamda ölkə
Prezidentinin verdiyi dəstəyi heç vaxt
unutmayacağını söyləyib.
Daha bir fakt. Bu günlərdə Ali Məhkəmənin Plenumunda
REAL Partiyasının sədri İlqar Məmmədovun və
hüquq müdafiəçisi Rəsul Cəfərovun barəsində
olan hökmlə bağlı işə baxılması və
cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi,
hər ikisinə mənəvi ziyanla bağlı kompensasiya
ödənilməsi barədə qərar qəbul edilməsi
iqtidarın siyasi mövqeyindən asılı olmayaraq, hər
kəsə bərabərhüquqlu münasibətinin daha bir təsdiqidir.
Müxalif
mövqeləri ilə seçilən hər iki şəxslə
bağlı bəraətverici əsaslarla xitam, eləcə də
onlara kompensasiya ödənilməsinə dair qərarın
verilməsi, ilk növbədə, Azərbaycan dövlətinin
ali dəyərlərə, insan
haqlarına, qanunun aliliyinə münasibətinin, ikincisi, məhkəmə,
hüquq-mühafizə sisteminə təzyiqin
olmamasının əyani sübutudur. Ən əsası
isə dövlət başçısının insan amilinə
verdiyi dəyərin bariz nümunəsidir.
Faktlar da təsdiqləyir ki, genişmiqyaslı islahatlar
öz bəhrəsini bütün sahələrdə göstərir. Vətənini, millətini
sevən hər bir kəs dövlət
başçısının “Biz birlikdə
güclüyük!” çağırışna
qoşulmalı, həmrəylik və birlik nümayiş etdrərək
Azərbaycanın dünya birliyindəki mövqeyinin daha da
möhkəmləndirliməsi yolunda öz köməyini əsirgəməməlidir.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti 2020.- 5 may.- S.7.