Azərbaycanda aparılan siyasi islahatlar milli birliyi və vətəndaş
həmrəyliyini yeni mərhələyə
yüksəldir
2018-ci ilin prezident
seçkilərindən öncə ölkə
başçısı tərəfindən köklü
siyasi islahatların həyata keçiriləcəyinə
dair anonslar verilmişdi. Prezident İlham Əliyev sosial-iqtisadi
islahatlarla yanaşı, siyasi
islahatların da
canlandırılmasının vacibliyini qeyd etmiş və
seçkilərdən sonra dövlət quruculuğu sahəsində demokratik
proseslərin dərinləşəcəyini vəd etmişdi. Həmin seçkilərdən
sonra ölkəmizin həyatında baş verənlər dövlət
başçısı tərəfindən aparılan siyasətin
düşünülmüş və dəqiq
nəticəyə hesablanmış layihələrə əsaslandığını
və bu proseslərin hər bir vətəndaşın şəxsi həyatında
öz
müsbət təzahürünü tapdığını
göstərir. İqtisadi-sosial sahədə
daha öncədən
başladılmış geniş
miqyaslı islahatlar seçkilərdən
keçən 2 il ərzində bir sıra hökumət qurumlarının–nazirliklərin
və komitələrin fəaliyyətində əsaslı dönüş yaratdı. Yüz
minlərlə mövcud iş yerlərinin
leqallaşdırılması və eyni zamanda, yüz minlərlə
yeni iş yerlərlərinin
yaradılması dövlət büdcəsinə daxil olan vəsaitlərin
həcmini əhəmiyyətli dərəcədə
artırdı.
Nəticə isə gözlənildiyi
kimi xalqın mənafeyinə xidmət etdi: minimum əməkhaqqı,
pensiyaların və aztəminatlı ailələrə
göstərilən sosial yardımın məbləği
artırıldı, bütün ölkə
ərazisində icbari tibbi
sığortaya mərhələli keçid
baş tutdu. Kənd
təsərrüfatının, yol-nəqliyyat infrastrukturunun,
dövlət xidmətləri sektorunun
genişləndirilməsi və müasirləşdirilməsi
əhalinin rifah səviyyəsinin yüksəlməsinə
səbəb oldu.
Nəhayət, builki parlament seçkiləri siyasi islahatların yeni mərhələsinə təkan verdi. Ölkənin müxtəlif siyasi fikir cərəyanlarını təmsil edən çoxsaylı namizədlərin böyük həvəslə iştirak etdiyi parlament seçkiləri indiyədək görünməmiş siyasi fəallıq şəraitində keçdi. Seçkilərin nəticələrinin təsdiq olunması prosesi də yeni metodologiyaların tətbiqi ilə yadda qaldı. Səsvermə və səslərin sayılması proseslərində seçki qanunlarının pozulması hallarına yol verilən dairələrin nəticələri ləğv olundu və beləliklə, nəticəsi şübhə doğuran seçki dairələrində vətəndaşlara təkrar seçkilərdə iştirak edərək öz iradələrini tam azad və demokratik şəraitdə yenidən ifadə etmək üçün fürsət yaradıldı.
Parlamentin yeni tərkibi əvvəlki illərdən
fərqli bir reallığı ortaya çıxardı. Müstəqilliyimizin
ilk illərindən başlayaraq
formalaşmaqda və təkmilləşməkdə
olan plüralist cəmiyyətin
bütün siyasi
palitrası öz əksini yeni parlamentdə tapdı. Belə bir parlamentin köhnə qaydalarla fəaliyyət göstərməsi
artıq mümkün deyildi.
Milli Məclisdə təmsil olunan bütün siyasi qüvvələr arasında aparılan
dialoq parlament idarəçiliyində
yeni konfiqurasiyanın meydana
çıxması ilə nəticələndi. Hakim partiyanın təmsilçiləri ilə
yanaşı, müxalif və müstəqillər
bloklarını təmsil edən deputatlar
da parlament komitələrinin
idarə olunmasında və eləcə də Milli
Məclisin rəhbərliyində yer
aldılar.
6-cı çağırış
Milli Məclisin ölkəmizin siyasi həyatına gətirdiyi ən önəmli
yenilik isə müstəqilliyimizin bərpasından
sonra ilk dəfə
parlamentə xanım deputatın sədr seçilməsi oldu. Şərqdə ilk dəfə
qadınlara seçmək və seçilmək hüququnu tanıyan Azərbaycan öz tarixi dövlətçilik ənənələrinə
sadiqliyini bir daha nümayiş etdirdi. Ölkəmizdə çoxpartiyalı sistemin inkişafını və bütün siyasi
partiyaların dövlət quruculuğu
proseslərində eyni səviyyədə
fəal iştirakını təmin etmək baxımından bütün baş verənləri
inqilabi dəyişikliklər də
adlandırmaq olar.
Bu gün iqtidar və ya müxalif yönümlü olmasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı öz fikirlərinin, düşüncə və istəklərinin təmsilçisini parlamentdə və onun idarəçiliyində görə bilir. Bu isə siyasi baxışlarından asılı olmayaraq hər bir vətəndaşın ölkənin siyasi həyatında fəal iştirak etmək imkanına malik olması deməkdir. Bu xalq – dövlət vəhdətinin ən mükəmməl ifadə forması olmaqla yanaşı, həm də modern siyasi mədəniyyətin göstəricisidir. Nəhayət, bu siyasi tandem xalq-dövlət münasibətlərinin və maraqlarının parlament müstəvisində birləşməsi deməkdir.
İslahatlar bu gün də
davam etdirilir. Parlament seçkilərindən
sonra ölkə rəhbərinin təşəbbüsü
ilə başlanan geniş siyasi dialoq mühiti cəmiyyət daxilində
qarşılıqlı etimadın
güclənməsinə xidmət
etməklə bərabər,
həm də müxalifət və iqtidar qüvvələri arasında münasibətlərin
qarşıdurma rejimindən
əməkdaşlıq platformasına
keçməsinə bir
çağırışdır.
Qərəzli qarşıdurmanın heç
bir halda və cəmiyyətin heç bir təbəqəsinə fayda
gətirməyəcəyini başa düşən siyasi qüvvələr bu çağırışa
cavab olaraq ölkəmizin milli maraqlarına xidmətə
köklənmiş əməkdaşlığa
qoşulurlar. Bu yaxınlarda
Azad Demokratlar və Yeni Zaman partiyalarının
dövlət qeydiyyatına
alınmasını da
siyasi plüralizmin genişlənməsinə və
siyasi sistemin inkişafına töhfə
kimi dəyərləndirmək
olar.
Ölkənin siyasi mühitində baş verən dəyişikliklər hakimiyyətin
bütün qollarının
fəaliyyətinə də
öz təsirini göstərməkdədir. Bu günlərdə
Azərbaycan Respublikası
Ali Məhkəməsi tərəfindən
REAL partiyasının sədri
İlqar Məmmədovun
və İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərovun məhkəmə
işlərinə yenidən
baxılaraq onlara bəraət verilməsi və zərərçəkmişlərə
maddi təzminat ödənilməsi haqqında
qətnamənin qəbul
olunması da diqqətəlayiq hadisələrdən
biridir. Milli maraqların dərki
və onların qorunması naminə qarşılıqlı addımların
atılması cəmiyyət
daxilində siyasi etimad mühitini dərinləşdirməklə yanaşı, Azərbaycana
qarşı qara piar kampaniyaları aparan xarici qüvvələrin
təsirini də neytrallaşdırır və
onları dövlətimizə
təzyiq etmək üçün istinad etdiyi arqumentlərdən məhrum etmiş olur.
Azərbaycanın siyasi həyatında fəal rol oynamağa
iddialı olan hər bir qurumla
dialoq bu gün də davam etdirilməkdə və öz faydasını verməkdədir. Verilən məlumatlara
görə, artıq
50-ə yaxın siyasi
partiya və təşkilatın rəhbərləri
iqtidar təmsilçiləri
ilə görüşüb
və ölkədə
ictimai-siyasi mühitin
sağlamlaşdırılması üçün atılmalı
addımları müzakirə
ediblər. Bu, hər şeydən əvvəl, ölkə rəhbərliyinin cəmiyyətdə
qarşılıqlı anlaşmanın
və ictimai-siyasi sabitliyin təmin olunması üçün
siyasi dialoq ideyasına sadiqliyinin göstəricisidir.
Bu həqiqəti Prezident İlham Əliyevin yeni Baş prokuroru
onlayn qəbul etdiyi zaman dediyi
sözlər də bir daha təsdiq
edir: “Bu gün siyasi sahədə çox genişmiqyaslı
islahatlar aparılır.
Hakimiyyət tərəfindən təklif edilmiş dialoq, demək olar ki, baş
tutur və biz artıq bu dialoqun
ilkin müsbət təzahürlərini görürük.
Demək
olar ki, ölkəmizin bütün
siyasi qüvvələri
bu dialoqa qoşularaq buna öz müsbət münasibətini bildirmişlər.
Beləliklə hesab edirəm
ki, növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi,
müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam
zəmində qurulması
işində önəmli
addımlar atılacaqdır.
Bir daha bildirməliyəm ki, Azərbaycanda heç kim öz
siyasi baxışlarına,
siyasi mənsubiyyətinə,
siyasi fəaliyyətinə
görə təqib edilməməlidir.”
“Radikal” və
ya “mülayim”
adlandırılmasından asılı olmayaraq
bütün siyasi
qüvvələrin bu fürsətdən
yararlanaraq yeni siyasi konfiqurasiyanı təmin etmək naminə
barış mövqeyinə gəlməsi, sözün
əsl mənasında, milli maraqlara xidmət nümunəsi olardı. Bütün siyasi qüvvələrin
qarşılıqlı, faydalı əməkdaşlığa
doğru addımlar atması ən ümdə
problemimiz olan
Dağlıq Qarabağ münaqişəsinin
həlli istiqamətində də dövlətimızin mövqeyini kifayət qədər möhkəmləndimiş
olardı.
Bu gün
bütün dünya pandemiyaya qarşı gərgin mübarizə
şəraitində yaşayaraq post-pandemiya dövrünün
çağırışlarına hazırlaşmaqdadır. Bütün
ölkələr üçün
gözlənilməz olan qlobal
pandemiyanın ilk günlərindən başlayaraq Prezident İlham Əliyevin sərəncamları ilə
atılan ardıcıl addımlar cəmiyyətimizin bu sınaqdan da az itkilərlə çıxmasına zəmin
yaradır. Fors-major şəraiti həm də hökumətin bütün qurumlarının fövqəladə
rejim vəziyyətində səmərəli
fəaliyyət göstərə bildiyini
və qarşımıza çıxa biləcək bütün maneələri birlikdə uğurla dəf etməyə qadir
olduğumuzu göstərdi.
Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban
xanım Əliyevanın çağırışı ilə
cəmiyyətimizdə indiyədək görünməmiş
səfərbərlik ruhu yarandı və on minlərlə insan sosial cəhətdən zəif əhalinin
müdafiəsi üçün könüllü fəaliyyətə keçdi. Ölkənin hər yerində
insanlar arasında qarşılıqlı
yardımlaşma, mərhəmət və maddi-mənəvi
dəstək abı-havası hökm sürdü, yüz minlərlə
vətəndaşa, on minlərlə sahibkara dövlət yardımı göstərildi.
Vətəndaşlar bir daha
dövlətimiz tərəfindən insan
həyatına yüksək dəyər verilməsinin şahidi oldu.
Bu gün
dünyanın bütün bölgələrində
pandemiyadan sonra bəşəriyyətin
həyatında yeni bir
dönəmin başalanacağı haqda
fikirlər səsləndirilir. Müasir cəmiyyətlərdə insan amilinin yüksək dəyərləndirilməsi,
bütün siyasi, iqtisadi və sosial nəzəriyyələrin
məhz insanların mənafeyinə xidmət etməsi zərurətinin
dərk olunması cəmiyyətdaxili münasibətlərin
də gərginlikdən sabitliyə və qarşıdurmadan əməkdaşlığa
keçməsini şərtləndirir.
Prezident İlham
Əliyevin siyasi dialoq
çağırışı da siyasi rəqabəti istisna
etməyən qarşılıqlı əməkdaşlıq
platformasına keçidi özündə
ehtiva edir. Belə bir keçidin
baş tutacağı halda
dövlət sovet dövründən miras qalmış bütün
problemlərin qısa bir zamanda
aradan qaldırılmasına nail ola bilər və nəticədə
ölkəmizin ahəngdar dinamika üzrə
sürətli inkişaf yoluna
qədəm qoyması üçün daha əlverişli şərait yarana bilər. Vətəndaşların
mütləq əksəriyyəti ölkə
başçısının siyasi dialoq təşəbbüsünü dəstəkləyir
və bütün siyasi
qüvvələrdən milli maraqlar naminə müvafiq
addımların atılmasına ümid edir.
Bugünkü siyasi qüvvələr nisbətinin real mənzərəsindən də görünən odur ki, yalnız bu zərurəti dərk edən siyasi qüvvələr vətəndaşların etimadını qazana və ölkənin siyasi həyatında öz fəaliyyətini faydalı və uğurlu şəkildə davam etdirə biləcəklər. Daimi gərginlik və qarşıdurma mövqeyini seçənlər isə siyasi intihar yolunu seçmiş olacaqlar.
Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı, fəlsəfə
doktoru
Xalq qəzeti 2020.- 5 may.- S.7.