Heydər Əliyev: Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir

“Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.

Heydər ƏLİYEV

Ümummilli lider

“Heydər Əliyevin siyasəti yaşayır, onun ideyaları, fəlsəfəsi, ideologiyası yaşayır, qurduğu, yaratdığı müasir Azərbayacan yaşayır və onun yolu ilə inkişaf edir”.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Xanlar VƏLİYEV,

Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı, Əməkdar hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru

Zəngin və mənalı həyat yolu

Tanrı verən ömrü hər kəs bir cür, kimi özü üçün, kimi doğmaları və əzizləri üçün, kimi isə milləti, xalqı, Vətəni və dövləti üçün yaşayır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz mənalı və zəngin ömrünü, bütövlükdə, millətinə, xalqına, Vətəninə və dövlətinə həsr etmişdir. Millətini canından artıq sevən ulu öndərə olan sonsuz xalq məhəbbətinin sirri də məhz elə budur. Viktor Hüqo demişdir: “Əsl insanın vəzifəsinin yarısı Vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir”. Tükənməz millət sevgisinin nəticəsidir ki, müstəsna xidmətləri ilə Azərbaycanın taleyində misilsiz rolu olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı, ölkəmizi sürətli inkişaf yoluna çıxarmaqla dünya birliyinə qovuşdurmuş dünya şöhrətli nəhəng siyasətçi – Heydər Əliyevin doğum günü hər il respublikamızda, eləcə də onun hüdudlarından çox-çox uzaqlarda böyük təntənə ilə qeyd olunur, əbədiyaşar liderimizin parlaq xatirəsi dərin ehtiramla yad edilir.

1923-cü il mayın 10-da dünyaya gələn Heydər Əliyev hələ uşaq vaxtlarından fitri istedadı, bacarığı, təhsilə olan marağı, davranışı, yeniyetmə dövründən isə nəzəri bilikləri, aydın nitqi, cəsarəti ilə həmyaşıdlarından seçilməklə bərabər, həyata baxışı, milli-mənəvi dəyərlərə bağlılığı, vətənpərvərliyi və digər qeyri-adi müsbət cəhətləri ilə diqqət cəlb edirdi. Eyni zamanda, o, istiqanlılığı, səmimiliyi, mehribanlığı, dürüstlüyü, dəqiqliyi və digər məziyyətləri ilə onu tanıyan hər bir kəsin rəğbətini qazanırdı. Bütün bu yüksək insani keyfiyyətlər Heydər Əliyevi elə gənc yaşlarından kamil insan, dəyərli vətəndaş, ziyalı, bir sözlə, əsl şəxsiyyət kimi formalaşdırır və onun cəmiyyətdəki rolu getdikcə daha da artırdı. Cavan olmasına rəğmən, həyatın gərdişini dərindən dərk edən Heydər Əliyev 1944-cü ildə bir çox insanın arzusunda olduğu, fəqət hər insanın müvəffəq ola bilmədiyi, yalnız hərtərəfli püxtələşmiş şəxslərin əldə edə biləcəyi uğura imza atmaqla dövlət təhlükəsizliyi orqanlarına qulluğa qəbul olunur və dəyərli ömrünün 25 ilini həmin orqanda ləyaqətlə xidmət keçir. Zəngin elmi, geniş dünyagörüşü, yüksək mənəvi-əxlaqi keyfiyyətləri, peşə biliklərini mükəmməl qavraması, təşəbbüskarlığı, mübarizliyi, fenomenal yaddaşı, işə vicdanlı münasibəti, nümunəvi xidməti, prinsipiallığı və mahir idarəçilik qabiliyyəti Heydər Əliyevin uğurlarının davamlılığını şərtləndirir, müxtəlif mükafatlarla təltif olunan, eləcə də ardıcıl olaraq vəzifədə irəli çəkilən ulu öndər 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə qədər yüksəlir və elə həmin ildə də ona general-mayor ali hərbi rütbəsi verilir. Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə ilk dəfə olaraq azərbaycanlının təyin edilməsi, bu orqanın tarixində yeni bir mərhələnin başlanğıcı idi. Heydər Əliyevin bu vəzifəyə gəlişi hər şeydən əvvəl Azərbaycan SSR DTK-nın uğuru idi, çünki artıq bu orqana səriştəli, təcrübəli və peşəkar əks-kəşfiyyatçı, təhlükəsizlik sisteminin daxili iş mexanizmini, əməliyyat heyətinin qarşısında duran vəzifələri dərindən bilən, ən başlıcası isə xalqının milli maraqlarının təminatçısı olan azərbaycanlı rəhbərlik etməyə başladı. Sirr deyil ki, XX əsrin 20-30-cu illərində qeyri millətlərin antiazərbaycan mövqeli nümayəndələrinin və ermənilərin kök saldığı, xalqımıza qarşı qanlı repressiyalar hazırlayıb həyata keçirmiş dövlət təhlükəsizlik orqanlarının millətimizin düşmənlərindən təmizlənməsi və milliləşdirilməsi kimi son dərəcə çətin və şərəfli missiyaya ilk dəfə hələ sovet rejiminin ən qüdrətli vaxtlarında məhz Heydər Əliyev başlamışdır. Milli kökə və yaddaşa bağlı olan ümummilli lider 50-ci ildən başladığı azərbaycanlılaşdırma prosesini yeni səlahiyyətləri çərçivəsində daha da inkişaf etdirdi. Məhz onun səyi nəticəsində təhlükəsizlik orqanlarında azərbaycanlı kadrların sayı xeyli artdı. Bununla da, Heydər Əliyev milli əhval-ruhiyyəli və vətənpərvər ziyalı kadrları Dövlət Təhlükəsizlik Komitəsinə qulluğa qəbul etdirməklə, həm onları layiq olduqları işlə təmin edir, həm orqanı milliləşdirir, həm də əsassız təqiblərə və repressiyalara məruz qalmış xalqımızın qeyrətli övladlarını onlara qarşı gözlənilən təhdidlərdən qorumaqla növbəti təhlükələrin qarşısını alırdı. Həmçinin gələcək müstəqil Azərbaycanın milli kadr potensialının formalaşmasına zəmin yaradırdı. Beləliklə, Heydər Əliyevin DTK-da rəhbər vəzifələrdə çalışdığı müddətdə milli şüurun oyanması istiqamətində əməli addımlar atılmaqla milliləşmə prosesinin əsası qoyuldu. Eyni zamanda, repressiyalara məruz qalan azərbaycanlıların reabilitasiyasına şərait yaradıldı, repressiya qurbanlarının ailə üzvlərinə olan ögey münasibət aradan qaldırıldı və onlar müvafiq işlərlə təmin olundu. Azərbaycanın milli ziyalıları və dissidentlər imperiyanın növbəti təzyiqlərindən yaxa qurtardı. Göründüyü kimi, təhlükəsizlik orqanlarında işlədiyi dövrdə də ulu öndərin Vətən və xalq qarşısındakı xidmətləri müstəsna əhəmiyyət kəsb etmişdir. Qeyd etmək lazımdır ki, təhlükəsizlik orqanlarında işlədiyi müddətdə tale onu bir neçə sınağa, o cümlədən şəxsi həyatı ilə bağlı da çətin sınağa çəkmişdir. Bütün sınaqlardan yüksək məharətlə “üzü ağ” çıxan müdrik insan bu sınaqdan da “alnı açıq” çıxmışdır. Ailənin milli-mənəvi dəyərlər sistemində xüsusi əhəmiyyət kəsb etdiyini və dövlətdəki mühüm rolunu hər zaman vurğulayan, həmçinin onu cəmiyyətin özəyi, ülvi və müqəddəs hisslərin təcəssümü, xalqın mənəvi kamillik səviyyəsinin, milli genefondun saflığının qorunmasının əsas vasitələrindən biri kimi qiymətləndirən, eyni zamanda, təhlükəsizlik orqanlarında ləyaqətlə qulluq keçməklə işinə çox bağlı olan Heydər Əliyev dilemma qarşısında qalmışdır. Məhəbbəti uğrunda əzmlə mübarizə aparmaqla sevgisinə qovuşmaq, qəlbinə yaxın bir insanla ailə həyatı qurmaq, ən əsası, əhdinə sadiq olmaq üçün çalışdığı Dövlət Təhlükəsizlik Orqanlarının rəhbərliyinin mövqeyinə qarşı çıxmaqdan, buna görə hətta tutduğu vəzifəni itirməklə gələcək karyerasını təhlükəyə atmaqdan belə çəkinməyən cəsarətli insan öz haqlı inadından dönmədi və onun Zərifə xanım ilə ailə qurmasına heç kim və heç nə mane ola bilmədi. Bununla da o, mənəviyyat tariximizdə gələcək nəsillərə örnək ola biləcək məhəbbət dastanı yarada bildi. Buna görə də, Heydər Əliyevin möhkəm mənəvi təməl və ülvi niyyətlər, saf hisslər üzərində yaratdığı ailə modelinə bu gün Azərbaycanda yeni qurulan ailələr böyük rəğbətlə istinad edir. Yeri gəlmişkən, mərhum akademik Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, zəngin mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı misilsiz xidmətləri xüsusi vurğulanmalıdır. Zərifə xanımın tibbi, elmi və pedaqoji fəaliyyəti, saf və təvazökar insan kimi yaşadığı mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir ziyalı, həkim və müəllim üçün mənəviyyat məktəbi, kamillik nümunəsidir.

Sarsılmaz istiqlal və istiqbalın başlanğıcı

Ötən əsrin 60-cı illərinin əvvəllərində Azərbaycanın əksər göstəriciləri aşağı, həmçinin sənaye potensialı zəif olduğu üçün ölkəmiz Sovet İttifaqında geridə qalmış kənd təsərrüfatı respublikası kimi tanınırdı. Azərbaycanı böhran vəziyyətindən çıxarmaq üçün xalqa əsl rəhbər ola biləcək şəxsiyyətə böyük ehtiyac duyulurdu. 14 iyul 1969-cu il tarixdə Azərbaycanda siyasi hakimiyyətə gələn Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi və digər maneələrə sinə gərərək, Azərbaycan xalqının milli özünüdərki üçün bütün mümkün tədbirləri həyata keçirməyə başladı. Xalqın şanlı keçmişini, soykökünü qaytarmaq, milli adət-ənənələrini yaşatmaq, habelə zəngin mədəniyyətini, incəsənətini, eləcə də ana dilini inkişaf etdirmək üçün ölçüyəsığmaz işlər görən böyük şəxsiyyət ictimai şüurdakı qorxunu, tərəddüdü aradan qaldırmağa, cəmiyyəti bütün sahələr üzrə inkişafa ruhlandırmağa, azərbaycançılıq məfkurəsinin rejimin ideoloji repressiya maşınında boğulmasının qarşısını qətiyyətlə almağa müvəffəq oldu. Bununla da, Heydər Əliyev xalqımızın milli mənlik şüurunun alovlanmasına təkan verməklə, məqsədyönlü tədbirlər, hərtərəfli islahatlar həyata keçirərək respublikamızı qısa müddətdə sürətlə inkişaf etdirdi və bütün bunların nəticəsində Azərbaycan geridə qalmış kənd təsərrüfatı respublikasından aqrar-sənaye respublikasına çevrilərək, bir çox cəhətdən özünü təmin edən və ümumittifaq büdcəsinə töhfələr verən iki respublikadan biri olmaqla Sovet İttifaqında ön sıraya keçərək öz layiqli yerini tutdu. Azərbaycan inkişaf edib yüksəldikcə, onun rəhbərinin nüfuzu da artırdı. Bu isə tarixi düşmənlərimiz olan erməniləri narahat edirdi. 1982-ci ildə ulu öndərimizin ittifaq rəhbərliyinin ən yüksək pillələrindən birinə–SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilməsi və Mərkəzi Komitənin Siyasi Bürosuna üzv seçilməsi isə ermənilərin daha ciddi narahatlığına səbəb oldu. Yeni vəzifənin də öhdəsindən xüsusi peşəkarlıqla gələn müdrik rəhbər Heydər Əliyevin uğurları ölkə rəhbərliyinin yüksək eşalonunda əyləşənlərin də ona qarşı qısqanclıq hisslərini gücləndirir və bu ermənipərəst Qorbaçovun hakimiyyətə gəlişindən sonra daha qabarıq nəzərə çarpırdı. Yaranmış fürsətdən istifadə edən ermənilər onun vəzifədən uzaqlaşdırılması planını işə salaraq, bu prosesə dünyada məşhur olan erməni lobbisini də cəlb edir. Vətəni Azərbaycanda da vaxtilə dəstək olduğu bəzi qüvvələrin ona qarşı çıxması isə Heydər Əliyevə mənən təsir edirdi. Sadalanan səbəblərdən o, 1987-ci ilin oktyabrında vəzifədən istefa verməyə məcbur oldu. Bundan sonra, Vətənin və xalqın məşəqqətli günləri başladı. Əvəlcə, Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Ermənistana birləşdirmək ideyası meydana atıldı ki, bu da xalqımızın soyqırımı və torpaqlarımızın işğal edilməsi ilə nəticələndi, bir müddət sonra isə “Qanlı Yanvar” qırğını baş verdi. Sözsüz ki, o zaman Heydər Əliyev hakimiyyətdə olsaydı, bu hadisələrin heç biri baş verməzdi. Məlumdur ki, o vaxta qədər Heydər Əliyevin yenidən fəal siyasətlə məşğul olmaq niyyəti yox idi. Buna baxmayaraq, ümummilli lider baş verənlərə biganə qala bilməzdi. Odur ki, “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir”-deyən ulu öndər şəxsi həyatı da daxil olmaqla, hər bir təhlükəni gözaltına alaraq, heç nədən və heç kəsdən çəkinmədən 1990-cı ilin sərt qış günlərinin birində oğlu İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, respublikada “20 Yanvar” faciəsini törətmiş Sovet İttifaqı rəhbərliyini kəskin şəkildə ittiham edən son dərəcə cəsarətli və qətiyyətli bəyanatla çıxış etməklə, hər zaman Azərbaycan xalqının yanında olduğunu bir daha sübut etdi. Bu, yeni tarixi epoxanın başlanğıcında Heydər Əliyevin müstəqillik uğrundakı mübarizəsinin rəmzi olmaqla çox böyük əhəmiyyət kəsb edirdi. Təbii olaraq bundan sonra ona qarşı təzyiqlər və təxribatlar kampaniyası geniş vüsət aldı və həmin kampaniya daxilində hətta onu həbs etmək belə istədilər. Bütün bunlara baxmayaraq, yenə doğma Vətəninə qayıdan Heydər Əliyevə Bakıda yaşamağa imkan verilmədiyi üçün doğulub boya-başa çatdığı Naxçıvana qayıtdı və orada xalq onu, o, isə xalqını qorudu. Qeyd olunmalıdır ki, həmin vaxt ermənilərin məkirli niyyəti, həmçinin Naxçıvanın da işğalına yönəlsə də, Heydər Əliyev buna imkan vermədi və eyni zamanda, müstəqilliyin əldə edilməsi üçün həlledici addımlar atmağa başladı. Məhz onun təşəbbüsü ilə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı elan edildi və Azərbaycanın Ali Sovetinə bu bayrağın dövlət bayrağı kimi qəbul edilməsi barədə vəsatət göndərildi. Bununla yanaşı, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı. Göründüyü kimi, Azərbaycanın dövlət müstəqilliyinə gedən yol müdrik liderin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvandan başlamışdır. Hadisələrin məntiqi davamı olaraq, 1992-ci ilin noyabrında bilavasitə onun liderliyi ilə siyasi platforması Azərbaycanın parlaq gələcəyindən xəbər verən Yeni Azərbaycan Partiyası yaradıldı. Müxalifət partiyası kimi yaradılmış partiyanın siyasi arenaya gəlməsi Azərbaycanda bütün məsələlərin demokratik və sivil qaydada həll edilməsi üçün xüsusi əhəmiyyətə malik olan çox mühüm bir hadisə idi. Hazırda nəinki Azərbaycanda, eləcə də cənubi Qafqazda ən böyük partiya olan Yeni Azərbaycan Partiyası öz düzgün fəaliyyəti, bilavasitə xalqa və milli maraqlara xidməti sayəsində qısa zaman kəsiyində, 1993-cü ildə iqtidar partiyasına çevrildi.

SSRİ-nin süqutu ilə əlaqədar yaranmış tarixi şəraiti düzgün qiymətləndirməklə, vəziyyətdən bəhrələnən xalqımız ötən əsrin sonlarında ikinci dəfə öz müstəqilliyinə qovuşsa da, AXC-Müsavat iqtidarı təmsilçilərinin ambisiyaları və səriştəsizlikləri çox qısa müddətdə müstəqilliyimizi uçurumun kənarına gətirib çıxartdı. Müstəqilliyimizin ilk illərində siyasi çəkişmələr ölkə həyatını iflic edir, müharibə aparan, işğala məruz qalan dövlətdə vahid komandanlığa tabe olan ordu olmadığından silahlı qüvvələr ayrı-ayrı şəxslərin əlində alətə çevrilir, iqtisadiyyat tənəzzülə uğrayır, respublikada vətəndaş həmrəyliyi pozulur, hətta ölkədə “qardaş qanı” axıdılır və vəziyyət ikinci dəfə qazanılan müstəqilliyin də tarixə qovuşması təhlükəsi həddinə çatır. Həmin dövrdə bir tərəfdən ölkədə yaranmış özbaşınalıq, anarxiya, xaos, hakimiyyət zəifliyi, xalq ilə iqtidar arasında yaranmış uçurum, digər tərəfdən isə Ermənistanın Azərbaycana qarşı əsassız iddialarının reallaşdırılması ölkəmiz üçün ciddi çətinliklər yaradırdı. Nicatın yalnız onda olduğuna əmin olan Azərbaycan xalqı növbəti dəfə doğru seçim edərək, öz sınanmış rəhbərinə üz tutaraq, Heydər Əliyevin hakimiyyətə gəlməsini israrla tələb etdi. Azərbaycanı və xalqını canından çox sevən ulu öndər bu anda başqa seçim edə bilməzdi. Ona görə də o, heç bir təhlükəyə məhəl qoymadan xalqın çağırışını qəbul edərək, 9 iyun 1993-cü il tarixdə Naxçıvandan Bakıya gəlir və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilir. Bu böyük qayıdışından sonra ölkəni dərin böhrandan, əslində, dövlətçiliyi süquta uğramaqdan və müstəqilliyimizi itirmək təhlükəsindən xilas etmək üçün qısa müddət ərzində respublika ərazisinə səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirilir, vətəndaş müharibəsinin qarşısı alınır, separatçı meyillərə son qoyulur, ictimai-siyasi sabitlik bərqərar edilir ki, bütün bunlar hərtərəfli islahatların başlanmasına zəmin yaradır. İndi sağlam düşüncəli hər bir Azərbaycan vətəndaşı çox yaxşı dərk edir ki, ölkəmizin müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən həmin zamanda ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, nəinki bugünki qüdrətli Azərbaycan olmazdı, ümumiyyətlə, onun mövcudluğu şübhə altına düşə bilərdi.

Güclü iqtisadiyyat qüdrətli dövləti şərtləndirir

Fəxrlə deyə bilərik ki, müasir şəraitdə dövlət müstəqilliyimiz üçün vacib olan iqtisadi potensialımızın əsası Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi ötən əsrin 70–80-ci illərində qoyulmuşdur. Dahi rəhbərin müəyyən etdiyi bütün sahələrdə islahatlar aparmaq yolu ilə ölkə iqtisadiyyatını inkişaf etdirmək və mövcud iqtisadi potensialdan istifadənin səmərəsini artırmaqla onu xalqın bütün təbəqələrinin həyat tərzinin yaxşılaşdırılmasına yönəltmək kimi bir-birini tamamlayan iki istiqamət ölkənin müasir inkişaf gerçəkliyinin obyektiv nəzəri-praktiki təməli olmaqla, Vətənimizin gələcək tərəqqisinə böyük təkan verdi. İslahatların yüksək peşəkarlıqla aparılması, sözsüz ki, Heydər Əliyev dühasının bəhrəsi idi. Heydər Əliyev yeni iqtisadi sistemə keçidin inkişaf üçün vacibliyi prinsipini irəli sürməklə yanaşı, eyni zamanda, keçid prosesində əhalinin sosial maraqlarının təminatını, xüsusən, aztəminatlı insanların sosial müdafiəsini, iqtisadi potensialın, ilk növbədə, xalqın rifahına yönəldilməsini dövlət qarşısında strateji vəzifələrdən biri kimi müəyyən edirdi. Heydər Əliyevin strategiyasında bazar iqtisadiyyatına keçid şəraitində aparılan islahatların əhalinin rifahına mənfi təsirinin son dərəcə azaldılması və köklü iqtisadi islahatlar şəraitində etibarlı sosial müdafiə sisteminin qurulması prioritet istiqamətlərdən idi. Müstəqil şəraitdə, heç kimə ümid bəsləmədən iqtisadiyyatımızı düzgün inkişaf etdirməyi, öz sərvətlərimizdən səmərəli istifadə etməklə dövlətçiliyimizi möhkəmləndirməyi, təkcə siyasi-mənəvi deyil, həm də maddi nəticələr əldə etməklə insanların həyat səviyyəsini yaxşılaşdırmağı əsas şərt hesab edən Heydər Əliyev deyirdi: “Müstəqillik ona görədir ki, biz öz taleyimizin sahibi olaq, öz sərvətlərimizə yiyələnək və bu sərvətlərdən istifadə edərək xalqımızın daha yaxşı yaşamasına nail olaq”. Azərbaycanın son inkişaf tarixi bariz şəkildə göstərir ki, Heydər Əliyevin məntiqi “müstəqillik-iqtisadiyyat” dialektikası öz dərinliyi, yeniliyi və konkretliyi ilə hər zaman aktualdır.

Mövcud imkanlardan, o cümlədən təbii sərvətlərdən və iqtisadi potensialdan səmərəli istifadə etmək üçün hər gün, hər ay, hər rüb və hər il yorulmadan çalışmağın zəruri olduğunu bildirən Heydər Əliyev, bunu iqtisadiyyatın inkişafı, nəticədə, ölkəmizin qüdrətlənməsinin və vətəndaşlarımızın rifahının yüksəldilməsinin əsası kimi qiymətləndirirdi. Dünya təcrübəsi də təsdiq edir ki, islahatların müvəffəqiyyəti düşünülmüş, əsaslandırılmış strategiya və taktikadan başqa, bir çox sosial-siyasi və ideoloji amillərdən də asılıdır. Ümummilli liderin hakimiyyətə qayıdışından sonra Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olunması iqtisadi inkişafın davamlılığına və yeni hədəflərə rəvac verməklə yanaşı, tərəfdaşlar qazanılmasına da zəmin yaratdı. Məlum olduğu kimi, ulu öndərin ikinci dəfə respublikamıza rəhbərliyinin ilk illərində ölkəmiz vətəndaş müharibəsindən yenicə qurtulduğu, atəşkəs rejimini təzəcə əldə etdiyi üçün, həmin dövrdə investorları Azərbaycana sərmayə qoymaq üçün həvəsləndirmək, onların etimadını qazanmaq həddindən artıq çətin, demək olar ki, mümkünsüz bir məsələ idi. Bununla belə, peşəkar siyasətçi 1994-cü ilin sentyabr ayında ölkəmizin qüdrətlənməsində mühüm əhəmiyyəti olan, Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarının istifadə edilməsi barədə “Əsrin müqaviləsi” kimi möhtəşəm bir müqavilənin bağlanılmasına nail oldu. Sözsüz ki, Azərbaycan neftinin dünya bazarlarına çıxmasında müstəsna rolu olan Bakı-Tibilisi-Ceyhan neft kəmərinin təməlinin qoyulması, Azərbaycanı dünyada böyük qaz potensialına malik olan bir dövlət kimi tanıdan “Şahdəniz” layihəsinin reallaşması da bu böyük şəxsiyyətin misilsiz xidmətlərinin nəticəsi idi. Xüsusi vurğulamaq lazımdır ki, türk dünyasının bir-biri ilə, o cümlədən bütün dünya ilə birləşdirilməsinə xidmət edən tarixi “İpək Yolu” layihəsinin də ərsəyə gəlməsində Heydər Əliyevin təşəbbüsü ilə görülən işlər müstəsna əhəmiyyət kəsb etmişdir. Əsas məqsədi Orta Asiya və Qafqaz ölkələrinin dünya iqtisadiyyatına fəal qoşulmasını təmin etməkdən ibarət olan bu böyük layihənin reallaşdırılmasında Bakı-Tbilisi-Ceyhan boru xəttinin müstəsna əhəmiyyətini dərk edən Heydər Əliyev bütün qüvvəsini əvvəlcə həmin xətt layihəsinin, sonra isə digər mühüm layihələrin reallaşdırılmasına yönəltmişdir. Tarix onun növbəti uzaqgörənliyini təsdiq etdi və göstərdi ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru xəttinin, Şərq-Qərb nəqliyyat dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası və qədim “İpək Yolu”nun bərpası Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının qüdrətlənməsinə yönələn müdrik siyasəti olmaqla bərabər, həm də türk dünyasının birləşdirilməsinə xidmət edirdi.

Ulu öndərin sürətli iqtisadi inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilmiş, həmçinin iqtisadiyyatımızın daha da güclənməsinə xidmət edən digər əhəmiyyətli işlər görülmüş, sürətli tərəqqinin davamlılığı təmin olunmuşdur. 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri istifadəyə verilmişdir. Bundan başqa, 20 sentyabr 2014-cü il tarixdə Avropanın enerji təhlükəsizliyinin, həmçinin Azərbaycanın perspektiv inkişafının və iqtisadi maraqlarının təmin edilməsində mühüm rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyulmuş, 2018-ci ilin may ayının 29-da Cənub Qaz Dəhlizinin, iyun ayının 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin Bakıda rəsmi açılış mərasimləri keçirilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycandan Avropa bazarlarına təbii qazı ixrac etmək üçün ən qısa və birbaşa yol kimi seçilmiş TAP layihəsinin icrası istiqamətində zəruri işlərin görülməsi isə sürətlə davam etdirilmişdir. Bundan əlavə, 20 sentyabr 1994-cü il tarixdə Bakıda imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in müddəti 2017-ci ilin sentyabr ayının 14-də ölkəmiz üçün daha əlverişli yeni şərtlərlə 2050-ci ilə qədər uzadılmış, bu isə Azərbaycanda bundan sonra da uzun illər neftin hasilat səviyyəsinin sabit qalmasına, neft sektoruna xarici investisiya qoyuluşunun təmin olunmasına rəvac vermişdir. Vurğulanmalıdır ki, liderimiz cənab İlham Əliyevin yürütdüyü son dərəcə təmkinli, səbirli, balanslaşdırılmış siyasət 12 avqust 2018-ci il tarixdə Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı dövlət başçılarının iştirakı ilə tarixi Aktau Konvensiyasının imzalanması ilə nəticələnmiş, bununla da 1996-cı ildən davam edən Xəzərin hüquqi statusu ilə bağlı 22 illik danışıqlar milli maraqlarımızı qane edən sonluqla bitmiş və Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi birdəfəlik həll edilmişdir. 2018-ci ilin oktyabr ayının 19-da Azərbaycan–Türkiyə qardaşlığının təzahürü olaraq birgə səylərlə reallaşdırılan, hər iki ölkənin iqtisadi inkişafına, bütövlükdə, regionun tərəqqisinə böyük töhfə olan “STAR” neft emalı zavodunun açılışı da neft strategiyasının uğurlarından olmuşdur. Prezident İlham Əliyevin təşəbbüsü ilə Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində də müstəsna əhəmiyyətli işlər görülmüşdür. Belə ki, təməli 2007-ci ildə qoyulmuş Bakı–Tbilisi–Qars dəmir yolunun 2017-ci il oktyabrın 30-da Bakıda rəsmi açılışı olmuş, 2018-ci il sentyabrın 18-də yeni Ələt-Astara-İran İslam Respublikası magistral avtomobil yolunun istifadəyə verilməsi ilə Azərbaycan ərazisində “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşması üçün işlər başa çatdırılmışdır. Sözsüz ki, bu uğurları iqtisadi islahatların siyasi islahatlarla paralel şəkildə və yüksək peşəkarlıqla aparılması şərtləndirmişdir.

Rəşadətli Silahlı Qüvvələr müstəqilliyin zəmanətidir

Ümummilli liderin zəngin və çoxşaxəli fəaliyyətinin prioritet istiqamətlərindən birini də Azərbaycanın təhlükəsiz gələcəyinə təminat, müstəqilliyinə zəmanət verən ordu quruculu­ğu təşkil edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan son­ra ölkəmizdə bu sahədə yaranmış tənəzzül, ulu öndərin birinci dəfə hakimiyyətə gəlişindən sonra aradan qaldırıldı. Azərbaycanda SSRİ müdafiə sənayesinin on bir böyük zavodunun tikilməsi, bu zavodlarda o dövrün ən müasir texnologiyalarının tətbiq olunması Azərbaycan Respublika­sının müdafiə sənayesi istehsalında keyfiyyətli məhsulların həcmini dəfələrlə artırırdı ki, bu da müstəqilliyə doğru gedən yolda vacib amillərdən idi. Bununla yanaşı, milli hərbi kadrla­rın hazırlanması prosesi də vüsət aldı. Müxtəlif sahələrdə, o cümlədən, hərbi sahədə ixtisaslı milli mütəxəssislərin hazırlanması istiqamətində Heydər Əliyevin gördüyü böyük işlər bu müdrik şəxsiyyətin uzaqgörənliyinin parlaq sübutu idi. Ordu qururculuğunda keyfiyyətli hərbi təhsilin formalaşdırıl­masının və ixtisaslı gənc hərbi kadrla­rın hazırlanmasının son dərəcə strateji əhəmiyyətli məsələ olduğunu hər zaman vurğulayan ulu öndər, bu sahəni də daim diqqət mərkəzində saxlayırdı. Qeyd olunan məsələnin vacibliyini nəzərə alan ümummilli lider Heydər Əliyev hələ sovetlər dönəmində, SSRİ-nin iflas təhlükəsi heç kimin ağılına gəlmədiyi bir vaxtda milli kadrların, xüsusilə peşəkar hərbçilərin hazırlanması istiqamətində misilsiz işlər görürdü. Belə ki, o, azərbaycanlı gənclərin hərtərəfli formalaşması üçün onların ali təhsil, o cümlədən, xaricdə təhsil almalarına xüsusi önəm verməklə yüzlərlə şəxsin müxtəlif dövlətlərin ali təhsil müəsissələrində, həmçinin ali hərbi məktəblərində təhsil almaları istiqamətində əməli tədbirlər həyata keçirirdi. Bununla da, ümummilli liderin şəxsi müdaxiləsi və qayğısı ilə ötən əsrin 70-ci illərindən başlayaraq ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artmağa başladı və bu sahədə də milliləşdirmə prosesi sürətləndi. Digər istiqamət isə ölkə daxilində milli təhsil müəsissələrinin təkmilləşdirilməsi və yeni təhsil ocaqlarının yaradılması idi. Bakıda hərbi məktəbin açılmasına mərkəzi hakimiyyətdən icazə almaq çox çətin olsa da, ulu öndər buna nail oldu və məhz onun əzmi sayəsində 19 iyul 1971-ci il tarixdə Silahlı Qüvvələrin peşəkar milli hərbçi heyəti ilə komplektləşdirilməsində müstəsna əhəmiyyəti olan Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Sözügedən hərbi məktəbin fəaliyyətə başlaması Azərbaycanda hərb sahəsinə marağın daha da güclənməsinə böyük təkan verdi.

Ulu öndər Heydər Əliyev növbəti dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da köklü islahatlar həyata keçiril­di. Silahlı Qüvvələrin beynəlxalq əlaqələrinin genişləndirilməsini də hər zaman diqqətində saxlayan Ali Baş Komandan Heydər Əliyev, onu müasirləşdirmək üçün sovet hərb sistemini dəyişib, NATO standartlarını tətbiq etməyin zəruriliyini, Şimali Atlantika Alyansının isə beynəlxalq münasibətlər sistemində yeri və rolunu nəzərə alaraq, ölkəmizin NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı­na qoşulması barədə qətiyyətli qərar verdi və 4 may 1994-cü ildə Brüsseldə təşkilatın çərçivə sazişini imzala­dı. Bundan sonra, digər ölkələrin qanunvericiliyindən və təcrübəsindən bəhrələnilməklə, eləcə də hərb tariximizə əsaslanılmaqla mükəmməl hərbi qanunvericilik bazası yaradıl­ması prosesi başladı, həyata keçirilən mühüm tədbirlər sayəsində çağırış və səfərbərlik işi də xeyli təkmilləşdirildi, həmçinin hərbi hissələrdə intizam möhkəmləndi və qanunun aliliyi prin­sipi bərqərar oldu. Bununla da, görülən işlər qısa zamanda öz bəhrəsini verdi və Azərbaycanın qüdrətli ordusu for­malaşmağa başladı.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu sahəsində həyata keçirilən köklü islahatların və kompleks tədbirlərin nəticəsi olaraq Silahlı Qüvvələrimizin maddi-texniki bazası möhkəmləndirilmiş, arsenalı ən müasir silah-sursat və hərbi texnika ilə zənginləşdirilmiş, hərbi qulluqçu­ların nəzəri və peşə bilikləri, mənəvi-psixoloji hazırlığı artırılmış, bir sözlə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan Azərbaycan Silahlı Qüvvələri formalaşmışdır. Təsadüfi deyildir ki, “Global Firepo­wer” təşkilatının dünya ölkələri ordu­larının gücü ilə bağlı hazırladığı son hesabatda Gürcüstan 85-ci, Ermənistan 96-cı sırada qərarlaşdığı halda, ordumuz 52-ci yeri tutmuşdur. Bu isə Azərbaycan Ordusunun Cənubi Qafqa­zın ən güclü ordusu olduğunu bir daha təsdiq etmişdir. Hərbi qulluqçuların xidmət şəraitinin müasirləşdirilməsi, əsgərlərin məişət işlərindən azad edilməsi, yüksək tələblərə cavab verən əsgər yataqxanalarının istifadəyə verilməsi, hər cür infrastrukturu olan hərbi şəhərciklərin tikilməsi, hərbi qul­luqçuların sosial məsələlərinin həlli, əməkhaqlarının davamlı olaraq artı­rılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, həmçinin onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli bir daha sübut edir ki, həyatını Vətəni müdafiə etmək kimi şərəfli peşəyə həsr edən hərbi qulluqçular eyni zaman­da hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Bütün bunların nəticəsində, Silahlı Qüvvələrdə nizam-intizam daha da möhkəmlənmiş və son dövrlər hərbi qulluqçular tərəfindən törədilən cinayətlərin, o cümlədən, hərbi xidmət əleyhinə olan cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalmış, fərarilik, həmçinin hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özba­şına tərk etmə cinayətlərinin kökü isə demək olar ki, kəsilmişdir.

Böyük iftixar hissi ilə vurğu­lamalıyıq ki, ordumuz öz gücünü və qüdrətini 2016-cı ilin “aprel” və 2018-ci ilin “may” döyüşlərində bir daha sübut etdi. Hər iki dö­yüş əməliyyatlarında Azərbaycan hərbçilərinin göstərdiyi peşəkarlıq və qəhrəmanlıq ordumuzun yüksək döyüş ruhunu və qabiliyyətini, tor­paqlarımızı azad etməyə hər an qadir olduğunu və qələbə əzmini əyani nümayiş etdirdi. Bütün bu uğurlar Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasətinin və qətiyyətinin, dövlətimizin qüdrətinin, ordumuzun gücünün, hərbi qulluqçularımızın qəhrəmanlığının və xalqımızın müba­rizliyinin sıx vəhdətinin nəticəsidir. Ulu öndər deyirdi: “Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir.”

Xüsusi vurğulanmalıdır ki, Azərbaycan Respublikasının Prezi­denti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri, müharibə əlilləri və veteranları ilə mütəmadi olaraq görüşmələri, onların qayğıları ilə maraqlanmaları, problemlərini həll etmələri vətən uğrunda, xalq yolunda öz qanını və canını əsirgəməyən, bu yolda xidmətləri olan insanlara qarşı yüksək diqqətin təcəssümü olmaqla bərabər, həmçinin hərbi qulluq­çularımızda böyük ruh yüksəkliyi yaradaraq qələbə əzmini artırır. Aprel döyüşlərində yaralanan və yüksək texnologiyalı protezlərlə təmin edilmiş hərbi qulluqçularla 2019-cu il aprelin 3-də keçirilən görüşdə Mehriban xanım Əliyeva onlara “qardaşlarım” deyə müraciət edərək bildirmişdir: “...Belə xalqla, belə əsgərlərlə biz Qarabağı mütləq qaytaracağıq...” Qeyd olunanlar qəti əminliklə onu deməyə əsas verir ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğal altında olan torpaqlarımız düşmənlərdən təmizlənəcək və doğma Azərbaycanımızın ərazi bütövlüyü bərpa olunacaqdır.

Prokurorluq hüquqi dövlətin əsas təminatçılarındandır

Ulu öndər Heydər Əliyevin xalqın israrlı tələbi ilə növbəti dəfə hakimiyyətə qayıdışından sonra respublikamız­da bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də köklü islahatlar həyata keçirilməyə başlanıldı. Müstəqil Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesi, o cümlədən, ölkəmizin ali qanunu olan Kons­titusiyanın qəbul edilməsi, orada hakimiyyətlərin bölünməsi prinsipinin təsbit olunması, qanunvericilik baza­sının müasir tələblərə və beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, yeni idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət orqanlarının, o cümlədən, prokurorluğun dövrün tələbatına uyğun formalaşdırılması ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı nəhəng işlərin sayəsində mümkün olmuşdur.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etməyə başlamasından sonra onun təşəbbüsü əsasında 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş və prokuror­luq orqanlarında aparılan hərtərəfli islahatların hüquqi bazasının təməlini təşkil edən müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq məhkəmə hakimiyyəti sistemində prokurorluğa layiqli yer verildi, eləcə də onun statusu, təşkili, fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında müəyyən olundu. “Pro­kurorluq haqqında” Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli Qanunu isə qarşıda duran bu və ya digər vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmaqla, prokurorluq orqanlarının daha da demokratikləşdirilməsini, onun qanun­çuluğun və insan hüquqlarının alili­yinin real təminatçısına çevrilməsini təmin etdi. Bundan sonra, beynəlxalq hüquq normalarına və demokratik prinsiplərə uyğun hazırlanmış “Pro­kurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Proku­rorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında” Azərbaycan Respubli­kası Qanunlarının və digər hüquqi aktların qəbul edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüqu­qi tənzimlənməsi prosesi zamanın tələbləri və beynəlxalq standartlarla uzlaşdı. Xüsusi vurğulanmalıdır ki, ulu öndər Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin qəbul edilməsi və onun uğurla icraya yönəldilməsi Azərbaycan Prokurorluğunda aparılan islahatların ən böyük nailiyyətlərindən olmaq­la, prokurorluğun kadr tərkibinin yenidən formalaşdırılması kimi əhəmiyyətli məsələnin hüquqi əsasını təşkil etmişdir. Prokurorluq orqanlarına işə qəbulun demokratik prinsiplər rəhbər tutularaq, şəffaf prosedurlarla müsabiqə yolu ilə həyata keçirilməsinin nəticəsində prokuror­luğun kadr tərkibinin yüksək mənəvi keyfiyyətlərə və dərin biliyə malik, geniş dünyagörüşü olan, vətənpərvər, dövlətçilik prinsiplərinə sadiq, bir sözlə, püxtələşmiş gənc hüquqşü­naslardan formalaşdırılmasına və mütəmadi olaraq yenilənməsinə nail olunmuşdur. 19 sentyabr 2002-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında” referendum aktı ilə prokurorluğa qanunvericilik təşəbbüsü hüququnun verilməsi isə dövlətdə və cəmiyyətdə prokurorluğun rolunu daha da artırmış­dır. Ümummilli liderin prokurorluq işçilərinin rifahına xidmət edən “Azərbaycan Respublikası Proku­rorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 8 oktyabr 2002-ci il tarixli Sərəncamı isə sonsuz sevinc hissləri ilə qarşılanmaqla, pro­kurorluq işçilərində özünəgüvən his­sini bir qədər də möhkəmləndirmişdir. Göründüyü kimi, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatlar çərçivəsində görülən nəhəng işlər sayəsində və təməl prinsiplərin mövcud tələblərlə uzlaşdırılması ilə hazırlanmış hüquqi baza əsasında Azərbaycan Prokuror­luğu struktur və mahiyyət baxımından tamamilə yenidən qurularaq, yüksək nəzəri bilikli və peşəkar kadrlarla komplektləşdirilməklə, səlahiyyətləri, vəzifələri və fəaliyyəti beynəlxalq standartlara uyğun formalaşdırılmış müasir dövlət təsisatına çevrilmişdir.

Dərin minnətdarlıq hissi ilə xü­susi vurğulanmalıdır ki, əsası müasir Azərbaycanın qurucusu Heydər Əliyev tərəfindən qoyulan bütün hüquq mühafizə orqanlarına, o cümlədən, prokurorluğa hərtərəfli diqqət və dövlət qayğısı göstərilməsi ənənəsi bu gün də, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proq­ramı” da bu qayğının bariz nümunəsi olmuşdur. Azərbaycan Prokurorluğu­nun tarixində inkişafın, təkmilləşmənin və hərtərəfli müasirləşdirmənin təməlini qoyan bu proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılmasına, fəaliyyətinin daha səmərəli təşkilinə, digər hüquq mühafizə orqanları ilə əlaqələrin genişləndirilməsinə, eləcə də, prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və pro­kurorluğun maddi-texniki təminatının yaxşılaşdırılmasına hərtərəfli rəvac verdi ki, bu da əməkdaşlarda böyük ruh yüksəkliyinə səbəb olmaqla, prokuror­luğun növbəti uğurlarına zəmin yaratdı.

Hərbi Prokurorluq orqanlarının işinin daha səmərəli təşkil olunması, cinayətkarlığa və hüquq pozuntuları­na qarşı mübarizənin effektivliyinin artırılması məqsədilə Azərbaycan Res­publikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr ediməsi haqqında” 30 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Hərbi Prokurorluğa Silahlı Qüvvələrdə törədilən və hazırlanan cinayətlərin qarşısının alınmasın­da mühüm əhəmiyyətə malik əlavə səlahiyyətlərin verilməsi və buna uy­ğun olaraq mövcud strukturda müvafiq dəyişikliklər edilməklə yeni qurumla­rın yaradılması Hərbi Prokurorluğun fəaliyyətinə verilən növbəti yüksək dəyərin təcəssümü idi.

Hərbi Prokurorluğun kollektivi də ulu öndər Heydər Əliyevin millətimizin və dövlətimizin maraqlarına xidmət edən müdrik siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsində, onun rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edərək, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunması, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qay­dasının daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinin effektiv­liyini daim artırmaqla, cinayətkarlığa və digər qanun pozuntularına, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək hallara qarşı mübarizədə barışmaz mövqe tutaraq üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirir.

Mükəmməl siyasətin uğurlu davamı

Qürurumuzu artıran bir haldır ki, bu gün də Azərbaycana ümummilli liderimi­zin zəngin dövlətçilik təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqı­na xidməti həyat amalına çevirmiş və Heydər Əliyev siyasətinə sadiqli­yini öz müstəsna xidmətləri ilə əyani şəkildə sübuta yetirmiş İlham Əliyev kimi müdrik lider, qətiyyətli şəxsiyyət və mahir siyasətçi rəhbərlik edir. Mü­asir Azərbaycanın xilaskarı ulu öndər Heydər Əliyevin Azərbaycanın sürətli inkişaf strategiyasını zamanın tələbləri ilə uzlaşdıraraq yüksək məharətlə davam etdirən cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çoxşaxəli is­lahatlar aparılmış, nəhəng layihələr re­allaşdırılmış, qeyri-neft məhsullarının istehsalının və ixracının artırılması üzrə kompleks stimullaşdırıcı tədbirlər görülmüş, regionların tarazlı inkişa­fı təmin olunmuş, dövlət-sahibkar münasibətlərinin və biznes-investisiya mühitinin daha da sağlamlaşdırılması özəl sektorda təşviq alətlərinin tətbiqi, aqrar sektora, kiçik və orta sahib­karlığa dövlət dəstəyi daim diqqət mərkəzində saxlanılmışdır. Milli iqti­sadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritələri, konsepsiyalar və digər dövlət proqramları çərçivəsində müəyyən olunmuş tədbirlərin icrası uğurla həyata keçirilmişdir. Əhalinin maddi və sosial rifah halının daha da yaxşılaşdırılması, həyatımızın bütün sferalarında demokratik dəyərlərin tam bərqərar olması və hərtərəfli təkmilləşdirilməsi istiqamətində inki­şafın davamlılığı təmin olunmuşdur.

Sirr deyil ki, cənab İlham Əliyevin prezidentlik dövrü, o cümlədən, ötən il bütün sahələrdə köklü islahatla­rın aparılması, ölkə üçün mühüm strateji əhəmiyyət kəsb edən müxtəlif inkişaf proqramlarının hazırlana­raq müvəffəqiyyətlə icra edilməsi, dövlət idarəçilik strukturlarının təkmilləşdirilməsi, eləcə də yeni kadr təyinatlarının həyata keçirilməsi, bir sözlə, hərtərəfli tərəqqi prosesinin vüsət alması ilə səciyyələnmişdir. Ölkənin ali icra orqanı olan Prezident Administrasiyası da daxil olmaqla bir neçə dövlət qurumlarında cəmiyyətdə yüksək qiymətləndirilən mütərəqqi struktur və kadr islahatları aparılmış, o cümlədən, ilboyu müxtəlif dövlət orqanlarının strukturlarının müasir tələblərə uyğunlaşdırılması, müvafiq qurumların yaradılması, bəzilərinin birləşdirilməsi və ya ləğvi ilə nəticələnən əhəmiyyətli işlər görülmüş və yeni təyinatlar olmuşdur. Bu isla­hatların məntiqi davamı parlamentin buraxılması və bu ilin fevral ayında keçirilən seçkilər olmuşdur. Xalqın iradəsini ifadə edən növbəti parlament seçkilərində də, Yeni Azərbaycan Partiyasının inamlı qələbə qazanma­sı, parlamentdə üzvlərinin çoxluq təşkil etməsi ölkədə aparılan siyasətin xalq tərəfindən bəyənilməsinin və dəstəklənməsinin aydın təcəssümüdür. Azərbaycan tarixində ilk dəfə olaraq müxalifət nümayəndəsinin Milli Məclis Sədrinin müavini vəzifəsinə seçilməsi, komitələrə müxalifət nümayəndələrinin sədr və ya mü­avin qismində olmaqla rəhbərlik etməsi siyasi sistemin bir qədər də təkmilləşdirilməsi və siyasi münasibətlərin daha sağlam zəmində qurulması istiqamətində atılmış önəmli addımların təzahürüdür.

Hər kəsə məlumdur ki, ölkəmizin hərtərəfli inkişafında və qaza­nılan ardıcıl uğurlarda, eləcə də dövlətimizin beynəlxalq əlaqələrinin genişləndirilməsində, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin bütün dünyaya tanıdılmasında hərtərəfli biliklərə, dərin düşüncəyə və yüksək idarəçilik qabiliyyətinə malik olan nəcib insanın – Azərbaycan Respublikasının Birinci vitse-prezi­denti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir. Mehriban xanımın vətəninə və millətinə bağlılığı, sadəliyi, səmimiliyi, cəmiyyətdə mənəvi aşınma yaradan, eləcə də saf və ali dəyərləri cılızlaşdıran mənfi meyllərə qarşı barışmaz mövqe tutması, insanlığın təntənəsinə xidmət edən təşəbbüsləri və saysız-hesabsız xeyirxah əməlləri ona sonsuz xalq məhəbbətini qazan­dırmışdır. Mehriban xanımın bəşər mədəniyyətinin inkişafı istiqamətində gördüyü böyük işlər, sivilizasiyalararası dialoq prosesinə verdiyi töhfələr və dünyanın müxtəlif yerlərində həyata keçirdiyi humanitar tədbirlər isə ona Azərbaycan xalqının sevgisi ilə bərabər, bir sıra xarici ölkə vətəndaşlarının da rəğbətini qazandırmışdır.

Respublikamızda hökm sürən ictimai-siyasi sabitlik, beynəlxalq arenadakı nüfuzumuz və etibar­lı tərəfdaşlığımız xarici dövlətləri bizimlə əməkdaşlığa sövq edir ki, bu da iqtisadiyyatımıza böyük məbləğlərdə sərmayələrin qoyulma­sı, bir çox beynəlxalq tədbirlərin, o cümlədən, mötəbər yığıncaqların və idman yarışlarının ölkəmizdə keçirilməsi, eləcə də turizmin inkişafı ilə nəticələnir. Təkcə ötən il vətənimiz 7-ci Bakı Qlobal Forumu, Cənub Qaz dəhlizinin məşvərət şurası, OPEC ölkələrinin görüşü, Türkdilli Dövlətlərin əməkdaşlıq şurasının VII Zirvə görüşü, Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşü, Formula 1 Azərbaycan Qran Prisi və UEFA kubokunun final oyunu kimi mötəbər tədbirlərə evsahibliyi etmişdir. Qürurverici və sevindirici haldır ki, Azərbaycan BMT-dən sonra ikinci böyük beynəlxalq təsisata 120 ölkənin yekdil qərarı ilə 3 il ərzində sədrlik edəcəkdir.

Xüsusi vurğulanmalıdır ki, 15 fevral 2020-ci il tarixdə Münxen Təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan Respublikasının Pre­zidenti cənab İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə keçiril­miş Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə möhtərəm Preziden­timiz cənab İlham Əliyevin zəngin elmi biliklərinin, mükəmməl və məzmunlu nitqinin qarşısında Nikol Paşinyanın aciz qalması və dövlət başçımızın polemikadakı inamlı qələbəsi Azərbaycan diplomatiyasının növbəti uğuru olmaqla, sözügedən məsələnin həllində ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etmişdir. Pre­zident İlham Əliyev səlis cümlələrlə və tarixi faktlara əsaslanan məntiqli fikirlərlə zəngin çıxışı ilə əsl həqiqətin nədən ibarət olmasına, bu münaqişədə Azərbaycanın haqlı tərəf olduğuna və torpaqlarımızın işğal edildiyinə dünya ictimaiyyətini inandırmağa müvəffəq oldu və bununla da, Paşinyanın savad­sızlığını və yalanlarını növbəti dəfə ifşa etməklə, onu “mat” vəziyyətinə saldı.

Göründüyü kimi, möhtərəm Prezi­dentimiz İlham Əliyevin yüksək eru­disiyası, uzaqgörən siyasəti, möhkəm iradəsi, sarsılmaz qətiyyəti, mükəmməl rəhbərliyi, yorulmaz fəaliyyəti ilə xal­qın əzmkarlığının vəhdəti nəticəsində durmadan qüdrətlənən Azərbaycan bu gün dünyada böyük nüfuz qaza­naraq ən qüdrətli dövlətlər sırasında özünəməxsus yerini müəyyən etməklə əsl söz sahibinə çevrilmişdir. Təsadüfi deyil ki, Azərbaycan Davos Ümum­dünya İqtisadi Forumuna əsasən isla­hatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə dünyada birinci onluqda qərarlaşmış, Dünya Bankı tərəfindən yayılan “Doing Business 2020” hesabatında isə 20 ən islahatçı dövlət siyahısına daxil edilməklə, dünyanın bir çox ölkələrini geridə qoymuşdur.

Dövlətimizin qüdrətindən və əldə olunan nailiyyətlərdən bəhs edərkən, bütün dünyanı lərzəyə salan Koronavi­rus (COVİD-19) pandemiyasına qarşı ölkəmizdə aparılan uğurlu mübarizəni xüsusi vurğulamaq lazımdır.

Hər kəsə məlumdur ki, Ko­ronavirus infeksiyasının qlobal təhlükəyə çevrilməyə başladığı ilk vaxtdan etibarən onun yayılmasının və fəsadlarının qarşısının alınması, ölkəmizin bu bəladan daha az zərər və minimal itki ilə çıxması üçün dövlət başçısı çox tədbirli davranmaqla zama­nında müdrik qərarlar verdi, həmçinin qətiyyətli addımlar atmaqla aidiyyatı dövlət orqanlarını və digər qurumları səfərbər edərək onlara göstərişlər, eyni zamanda dəyərli tövsiyələr verməklə bütün preventiv tədbirlərin görülməsini təmin etdi. Cənab Prezi­dent liderinə güvənən və ona arxala­nan xalqın ümidlərini həmişəki kimi doğrultdu. Hər kəs bir daha bu qənaətə gəldi ki, cənab Prezidentin liderlik nümunəsi digər dövlət başçılarına örnəkdir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə martın 28-də ən müasir standartlara cavab verən “Yeni klinika”nın, aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı və istifadəyə verilməsi, dezin­feksiya vasitələrinin istehsalının təşkili və s. qısa zaman ərzində görülən böyük işlərin tərkib hissəsi idi.

Prezident İlham Əliyevə və Meh­riban xanıma sonsuz inam bəsləyən xalq həmişəki kimi yenə də onların çağırışına yekdilliklə dəstək olaraq xüsusi karantin rejimi qaydalarına şərtsiz əməl etdi. Mehriban xanımın “evdə qal” çağırışını böyükdən kiçiyə hamı rəğbətlə qarşıladı, çünki, sağlam düşüncəli hər kəs yaxşı dərk edirdi ki, onların hər bir çağırışı həmişə olduğu kimi, bu dəfə də xalqın hərtərəfli təhlükəsizliyinə və firavan həyatının davamlılığına hesablanmışdır. Cənab Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı dillərdə əzbər olmaqla xalqı öz rəhbərinin ətrafında daha da sıx birləşdirərək vətəndaşlarda pandemiyaya qarşı mübarizə əzmi və böyük ruh yüksəkliyi yaratdı.

Təcrübə göstərdi ki, dünyanı bürüyən koronavirus infeksiyası xüsusilə yaşlı insanları daha tez yolux­durur və onların sağlamlıqlarını ciddi təhlükə altına qoyur. Bunu nəzərə alan müdrik rəhbər ilk olaraq yaşı 65-dən yuxarı olan insanlara xüsusi həsasslıqla yanaşaraq aidiyyatı dövlət qurumları tərəfindən onların sağlam­lığının qorunması, zəruri istehlak məhsulları ilə təchiz olunması, onlara evlərində sosial xidmətlər və digər köməklik göstərilməsi üçün lazımi tədbirlərin görülməsini təmin etdi. Azərbaycan Prezidentinin dünyanı bürüyərək insanların həyatını təhdid edən koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri sırasında yaşı 65-dən yuxarı olan vətəndaşlarımızın sağlamlığının təminatını prioritet məsələ kimi öndə saxlaması həm də böyüklərimizə olan diqqət və hörmətin bariz nümunəsidir

Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu insanpərvərlik ənənələrini davam etdirərək ölkəyə rəhbərlik etdiyi ilk günlərdən insanlara qarşı mərhəmətli və humanist mövqe tutan Prezident İlham Əliyev yaşı 65-dən yuxarı olan məhkumları da diqqətdən kənarda qoymadı. Dövlət başçısının dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ona ünvan­lanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə almaqla və humanizm prinsiplərinə əsaslanaraq 06 aprel 2020-ci il tarixdə imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam humanist siyasətin növbəti bariz nümunəsidir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 17 ildə 34-cü əvf aktı olan sözügedən sərəncamla çətin günlərdə çoxsaylı ailələri sevindirməsi, yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yəni yaşı 65-dən yuxarı olan 176 məhkumu əfv etməklə 165 kişi və 11 qadını cəzanın çəkilməmiş hissəsindən azad etməsi insan amilinə verilən yüksək dəyərin göstəricisidir. Xalq bir daha əmin oldu ki, onun hər bir nümayəndəsi kimliyindən və hansı zümrəyə aid ol­masından asılı olmayaraq dövlət qay­ğısı ilə əhatə olunur. Dövlət başçısının məhkumluq həyatı yaşayan bəzi yaşlı insanları əfv etməsi həm də koronavi­rusla mübarizəyə töhfə oldu.

Xeyirxah məqsədlərə köklənmiş nəcib xarakteri ilə ürəkləri fəth etmiş Mehriban xanım Əliyevanın koro­navirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışı, onun hər zaman xüsusi qayğıya ehtiyacı olan insanların yanın­da olduğunun növbəti təzahürü idi.

Aztəminatlı təbəqənin nümayəndələrinə, xüsusi qayğıya ehti­yacı olanlara, eyni zamanda, koronavi­rusla bağlı işini itirən və qeyri-formal məşğul olan insanlara diqqət və dəstək göstərilərək, 600 min nəfərə dövlət tərəfindən iki ay ərzində hər ay 190 manat yardım verilməsi Azərbaycanın sosial dövlət olduğunu və dövlət siyasətinin mərkəzində vətəndaşın da­yandığının növbəti bariz nümunəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın növbəti örnək addımların­dan, bir illik əməkhaqlarını Korona­virusla Mübarizəyə Dəstək Fonduna köçürmələrindən ibrət götürən ölkə ictimaiyyəti, o cümlədən, dövlət orqanları və qurumları, özəl təşkilatlar, sahibkarlar, sadə insanlar, bir sözlə, maddi imkanı yol verən hər kəs, eləcə də prokurorluq işçiləri nəcib təşəbbüsə qoşularaq adıçəkilən Fonda könüllü ianələr etməklə bu məsələdə də həmrəylik nümayiş etdirdilər. Bu xalq-hakimiyyət birliyinin daha bir əyani sübutudur.

Beləliklə də, vaxtında qəbul edilən doğru qərarlar və görülən ciddi tədbirlər nəticəsində ümumbəşəri bəla olan koronavirus pandemiya­sının ölkəmizdə geniş yayılmasının qarşısı qətiyyətlə alınır və dövlətimiz bu sınaqdan uğurla çıxır. Bununla da, bəşəriyyətin qəfil yaxalandığı pandemiya ilə effektiv mübarizədə Azərbaycan özünün hamının təqdir etdiyi standartını yaratmağa müvəffəq oldu. Dövlətimizin bütün dünyaya örnək olan koronavirusla mübarizə təcrübəsi həm vətəndaşlar, həm də beynəlxalq aləm tərəfindən yüksək qiymətləndirilir. Pandemiya ilə uğurlu mübarizə ilə əlaqədar vətəndaşların cənab Prezidentə ünvanladıqları çoxsaylı minnətdarlıq müraciətləri, digər dövlət başçılarının söylədikləri müsbət fikirlər, Birləşmiş Millətlər Təşkilatının mövqeyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direk­toru Tedros Adhanom Qebreyesusun Cenevrədə keçirilmiş növbəti mətbuat konfransında dövlət başçımıza təşəkkürünü bildirməsi bunu bir daha təsdiq edir.

Xüsusi vurğulanmalıdır ki, dün­yanın Çin, ABŞ, İtaliya, İspaniya və digər qüdrətli dövlətləri xeyli itkilər verdiyi və ciddi zərərə məruz qaldı­ğı halda, ölkəmizin pandemiyadan az zərər və minimal itki ilə çıxması aqil rəhbərin mükəmməl siyasətinin, müdrik tövsiyələrinin, onun rəhbərliyi ilə aidiyyatı dövlət orqanları tərəfindən görülən əhəmiyyətli tədbirlərin, həyata keçirilən səmərəli fəaliyyətin və xalq-hakimiyyət vəhdətinin nəticəsidir.

Bu gün ölkədə görülən nəhəng işlərə görə cənab Prezidentə ünvan­lanan minnətdarlıq məktublarının ardı-arasının kəsilməməsi, Meh­riban xanımın saysız-hesabsız xeyirxah təşəbbüslərinə görə in­sanların məmnunluq hissləri ilə dolu təşşəkkürlərini ifadə edən müraciətləri ölkədə həyata keçirilən uğurlu siyasətin qədirbilən xalq tərəfindən dəyərləndirilməsinin və dəstəklənməsinin təcəssümüdür.

Göründüyü kimi, hələ sağlığında canlı əfsanəyə çevrilmiş nəhəng dövlət xadimi və dünya şöhrətli siyasətçi Heydər Əliyevin qurduğu müasir, müstəqil Azərbaycan əmin əllərdədir və ulu öndərin ideyalarını hər zaman rəhbər tutan Prezident İlham Əliyevin həyata keçirdiyi mükəmməl siyasət sayəsində dayanıqlı inkişaf edərək daha da qüdrətlənir.

Bütün bunlar qəti əminlik yaradır ki, nə qədər Azərbaycan xalqı və dövləti var dünya miqyaslı böyük tarixi şəxsiyyət Heydər Əliyev həmişə xatırlanacaq, onun parlaq siması qədirbilən insanların qəlbində yaşa­yacaq, əziz və unudulmaz xatirəsi hər zaman xüsusi ehtiramla anılacaqdır.

Xalq qəzeti  2020.- 7 may.- S.3-4.