Ümummilli lider zirvəsini fəth
etmiş qüdrətli dövlət xadimi
Bu günlərdə xalqımız uzaq tarixlərdən gələn ümdə istək və arzularını ikinci minilliyin sonlarında gerçəkliyə çevirmiş dahi şəxsiyyəti, milli varlığının ən qüdrətli və müdrik dühası olmuş ümummilli lider Heydər Əliyevi ona bəxş etmiş əziz günü– ulu öndərin anadan olmasının 97-ci idönümünü sonsuz sevgilərlə mənalandırır, millət atasının ölməz xatirəsinə dərin ehtiramını ümumxalq qədirbilənliyi ilə ifadə edir.
Dövlət müstəqilliyinin 29-cu ilini
yaşayan Azərbaycan Respublikası hüquqi-demokratik ölkə
kimi gələcəyə doğru uğurla addımlayır,
xalqımız qarşısına qoyduğu məqsədlərə
inamla çatır. Qazanılan hər bir
uğur hər bir soydaşımızda hədsiz qürur
doğurmaqla bərabər, başqa bir həqiqəti–
ümummilli lider, müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu, dünya şöhrətli siyasət
və dövlət xadimi Heydər Əliyevin şəxsiyyətinin
ucalığını və
böyüklüyünü də dərindən dərk etmək
imkanı yaradır. İllər ötdükcə ulu öndərin
milli dövlətçiliyimiz qarşısındakı tarixi
xidmətlərinin, ümumi tərəqqi və indiki nəsillərin
arzularının gerçəkləşməsi
üçün yaratdığı tarixi əsasların bəhrəsini
daha çox görürük. Bir daha yəqin edirik ki, həqiqi
xalq lideri Heydər Əliyevin dühasının, mənalı
ömür yolunun hər anı, hər səhifəsi
bugünkü və gələcək nəsillər
üçün mükəmməl bir nümunədir.
Dövlətlərin və xalqların taleyində
böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin
müstəsna rolu onların tarixi missiyası kimi nəzərdən
keçirilir. Heydər Əliyev kimi dahilər isə öz fəaliyyətləri
ilə dövlətin və xalqın inkişaf salnaməsini və
qürur doğuran möhtəşəm tarixini yaradırlar. Bütün fəaliyyəti və fərdi keyfiyyətləri
ilə xalqına, ölkəsinə fayda və öyünc gətirmiş
Heydər Əliyev siyasət dünyasında
bacarığı, səriştəsi, uzaqgörənliyi,
hadisələri hiss etmə, duyma və düzgün qərarlar
vermə qabiliyyətinə görə nadir şəxsiyyət
idi. Ulu öndər bu bənzərsiz keyfiyyətləri
ilə Azərbaycanı siyasi, iqtisadi, ideoloji cəhətdən
inkişaf etdirərək özünün dediyi kimi–
Dünyaya Günəş kimi doğan bir ölkə” səviyyəsinə
çatdırmışdır. Onun bütöv bir tarix
olmuş xidmətləri sadalanmaqla bitib-tükənən
deyildir. Lakin reallıqları, dahi öndərin Vətəni,
xalqı üçün etdiklərini anlamaq və qiymətləndirmək
üçün onun keçdiyi həyat yoluna əhatəli və
dərindən nəzər salmaq mütləqdir.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi 2 tarixi epoxada–sovet zamanında və müstəqillik dövründə tarixi ənənə və yurd sevgisi təməlləri üzərində milli ideologiyanın formalaşması və ölkəsinin tərəqqisi naminə müstəsna xidmətlər göstərmişdir. Qüdrətli lider olaraq o, milli şüurun düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus adət-ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmışdır. Ulu öndər azərbaycançılığı milli ideologiyaya çevirməklə, vətəndaş həmrəyliyinə və ölkəsinin mənəvi bütövlüyünə nail olmuşdur. Bu isə Azərbaycan əhalisinin sivil bir xalq kimi formalaşması prosesində, təkamülündə və monolitliyində aparıcı amil olmuş, müdrik rəhbərin xalqı öz amal və məqsədləri ətrafında birləşdirməsinə, milli birliyin salsılmaz bir qüvvəyə çevrilməsinə zəmin yaratmışdır.
Xalqımızı ümummilli liderinin anadan
olmasının 97-ci ildönümündə Heydər
Əliyevin əziz xatirəsini onun şəxsiyyət və
xidmətlərinin əzəmətinə layiq səviyyədə
bir daha yad edir. Bu tarixi günün yüksək siyasi
coşğusu hər birimizə onun şəxsiyyətinin nəhəngliyini,
qoyub getdiyi mənəvi və maddi irsin yüksək dəyərini
daha dərindən anladır. Bu nadir düha milli dəyərlər
zəminində çağdaş dövlətçilik
sistemimizin əsaslarını yaradaraq, müstəqilliyimizi
dönməz və əbədi etmişdir. Belə bir fövqəladə
missiyanı müvəffəqiyyətlə həyata keçirmiş
siyasət və dövlət xadimi kimi Heydər Əliyev
xalqının siyasi və dövlətçilik
şüurunda ümummilli lider zirvəsini fəth etmiş
qüdrətli dövlət xadimidir.
Düz yarım əsrdir ki, tarix salnaməmizdə silinməz iz qoyan Heydər Əliyevin adı, imzası Azərbaycanla qoşa çəkilir. Dövrümüzün ictimai-siyasi reallıqları, geopolitik məkanda baş verən dəyişikliklər bütün bu təlatümlərin fövqündə dayanan müasir milli dövlətçiliyimizin mükəmməl bir qaynaqdan– Heydər Əliyev zəkasından yoğrulduğunu bir daha sübut edir. Ötən hər il Heydər Əliyev dühasının böyüklüyünü, möhtəşəmliyini bir daha təsdiqləyir. Heydər Əliyevin Azərbaycanın siyasi səhnəsinin birinci şəxsi kimi fəaliyyətə başlaması və onun ölkə həyatına gətirdiyi əzəmətli inkişaf meyilləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını sübuta yetirmək üçün ən dəyərli nümunələrdəndir.
Dünya inkişafının
perspektivini aydın görən, qlobal hədəfə
doğru addımlayan və ölkəsini, xalqını bəşəri
tərəqqiyə istiqamətləndirən Heydər
Əliyevin uzaqgörən siyasəti isə müasir Azərbaycanın
dünya birliyinə hərtərəfli inteqrasiyasını təmin
edərək dövlət müstəqilliyini əbədi
və dönməz etmişdir. Bu siyasət, hər şeydən
əvvəl, uzunmüddətli sabitliyin bərqərar
olunmasına yönəlmişdir. Bu siyasət zaman çərçivəsi
ilə məhdudlaşmır– gələcəyə hədəflənmişdir.
Bu siyasət geopolitik mənafeləri toqquşdurmur, əksinə,
həmin maraqların Azərbaycanın ümummilli tələbatı
ilə uzlaşan ideal harmoniyasını yaradır. Məhz bu
siyasət hələ uzun illər Azərbaycanın daxili və
xarici siyasət doktrinasının özəyini, milli
inkişafımızın təməlini təşkil edəcəkdir.
Məhz bu dəyərlər Heydər Əliyevin milli
inkişaf strategiyasını qlobal siyasət səviyyəsinə
yüksəltmiş, onun özünü isə dünya
miqyaslı şəxsiyyətə çevirmişdir.
Ulu öndər Heydər
Əliyev respublikaya rəhbərlik etdiyi ötən əsrin
70-80-ci illərində, eləcə də 90-cı illərdə
və XXI əsrin əvvəllərində özünü
görkəmli dövlət xadimi, fenomenal qabiliyyətə və
yüksək intellektə malik bir insan, bənzərsiz şəxsiyyət,
bütün sahələrə dərindən bələd
olan rəhbər, uzaqgörən siyasi xadim kimi göstərmişdi.
Dünyanın az-az dövlət xadimlərinə müyəssər
olan bu keyfiyyətlər ulu öndərdə ahəngdar surətdə
cəmlənmişdi. Təsadüfi deyil ki, Heydər
Əliyev fenomeni hələ sağlığında dünya
ictimai-siyasi fikrinin diqqət mərkəzində idi.
Xarici aləmin tanınmış siyasətçilərindən,
dövlət xadimlərindən Heydər Əliyevin fərqi
onda idi ki, o, bütün istiqamətlərdə
düşünmək qabiliyyətinə və peşəkarcasına
fikir söyləmək imkanlarına malik idi. Dünya siyasətçiləri
arasında bu cür dünyəvi düşüncə tərzinə
malik olan siyasətçilər çox azdır. Elə bu səbəbdəndir
ki, ən böyük siyasət korifeyləri bu dahi şəxsiyyətə
böyük hörmət hissi ilə yanaşmış, ilk
söhbətlərindən və tanışlıqlarından
onu özlərinə dost hesab etmişlər.
Tarixdə nadir hadisələrdəndir ki, Heydər Əliyev iki ictimai-siyasi quruluşda Azərbaycana rəhbərlik etmişdir. Ulu öndər hər iki sistemdə xalqımızın mənafeyini hər şeydən üstün tutmuşdur. Heydər Əliyev xalqı və dövləti qorumağın, uca tutmağın, onun milli kimlik və mənlik qürurunun ehtiva olunduğu məqamların nələrdə, hansı dəyərlərdə təzahür etdiyini müstəsna bir duyum və zəka ilə bilirdi.
Ulu öndər Heydər Əliyevin ən
böyük arzusu Vətənini gözəl, abad və firavan
görmək idi. Ona görə keçdiyi
şərəfli ömür yolunu dövlətə və
xalqa həsr edən Heydər Əliyevin ölkəmizə rəhbərlik
etdiyi bütün dövrlər birmənalı olaraq
böyük quruculuq illəri, Azərbaycanın hərtərəfli
və sürətli tərəqqi mərhələsi
kimi səciyyələndirilir. Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi iki, lakin bir-birindən tamamilə fərqli
ictimai-siyasi mühitdə ölkəmiz yüksək zirvələrə
qalxa bilmişdir.
Zəngin dövlətçilik təcrübəsi
və geniş milli dünyagörüşə malik dövlət
xadimi olması, cəsarətli ideyaları, böyük təşkilatçılıq
qabiliyyəti, uzaqgörənliyi hələ Azərbaycan
Respublikasına rəhbərliyinin birinci dövründə
Heydər Əliyevi siyasi liderlik istedadını Azərbaycan
cəmiyyətinə və dünyaya təqdim etmişdir. Qüdrətli siyasət və dövlət adamı
olan ulu öndər Heydər Əliyev Azərbaycanımızın
ən çətin anlarında da xilaskarlıq
missiyasını öz üzərinə
götürmüş və dövlətçiliyimizi məhv
olmaqdan xilas etmişdir. Ötən əsrin 90-cı illərində
də belə olmuşdur.
Belə bir mürəkkəb vəziyyətdə
ölkəmizdə xalqın azadlığını və
dövlətin müstəqilliyini qoruyub saxlamaq missiyası
Heydər Əliyevə nəsib olmuşdur. Bu
dövrün mürəkkəbliyi ondan ibarət idi ki,
dünyanın təşkil olunduğu ikiqütblü qlobal
siyasi sistem özü dağılmışdı. Bu
dağıntılar içərisində xalqların öz
azadlığına qovuşmaq və dövlət müstəqilliyini
əldə etmək arzularıyla o zamanadək dünya siyasətində
aparıcı rol oynayan güc sahiblərinin məqsədləri
bir-birinə tərs mütənasib idi.
Belə bir təhlükə qarşısında bütün xalq və eləcə də bir-birinə kəskin müxalifətdə dayanan siyasi qüvvələr nəzərlərini xalqın ən müdrik şəxsiyyətinə– Heydər Əliyevə yönəltdilər. Xaosun miqyasından dəhşətə gələn və xalqın yekdil tələbi qarşısında başqa çıxış yolu qalmayan o zamankı rəhbərlik israrla Heydər Əliyevi hakimiyyətə dəvət etdi.
Beləliklə, möhtəşəm
Qayıdış baş verdi. Heydər Əliyev zəkası
Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş
xarici və daxili təzyiqlərin, hərbi müdaxilənin
qarşısını ala bildi. Xalq da məhz bunu gözləyirdi
və buna inanırdı. Bu inamı yaradan Heydər
Əliyevin Azərbaycan xalqının gözləri
qarşısında keçən həyatı və fəaliyyəti
idi.
Hələ 1969-cu ildə Heydər Əliyev
hakimiyyətə gələnə qədər Azərbaycan
Sovet İttifaqının geridə qalmış
respublikalarından biri idi. Həmin ildən başlayaraq Azərbaycana
rəhbərlik edən Heydər Əliyevin fəaliyyəti nəticəsində
ölkə iqtisadi, mədəni, sosial inkişafına görə
ittifaq daxilində ən yüksək pilləyə qalxa bildi.
Məhz o dövrdə İttifaq çərçivəsində
Azərbaycanın milli dövlətçilik
strukturlarının təşəkkül tapması, onun vətəndaşının
sovetlər birliyi çərçivəsində yüksək
mədəni, intellektual potensiala yiyələnməsi baş
tutdu.
Heydər Əliyevin rəhbərliyi
ilə görülmüş səmərəli və mütərəqqi
işlər nəticəsində Azərbaycan geridə
qalmış kənd təsərrüfatı
respublikasından müasir aqrar-sənaye respublikasına
çevrilməklə, Sovet İttifaqında ön sıraya
keçərək, özünü tam təmin edən,
ümumittifaq büdcəsinə töhfələr verən
iki ölkədən birinə çevrildi. Həmin
dövrdə ən böyük sənaye obyektlərinin tikilib
istifadəyə verilməsi, sosial infrastrukturun
formalaşdırılması, yüksək səviyyədə
elmi tədqiqatların aparılması, milli kadrların
hazırlanması, azərbaycanlı gənclərin elmi-texniki
və mədəni potensialını yüksəltmək,
ölkəmiz üçün son dərəcə
vacib olan ixtisaslara yiyələnmək üçün
keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində
təhsil almağa göndərilməsi və digər sahələrdə
əldə olunan nailiyyətlər Heydər Əliyevin əzmkar
fəaliyyətinin nəticəsidir.
Tükənməz enerjisi, təşəbbüskarlığı və dərin zəkası Heydər Əliyevin ittifaqın məlum ideoloji hüdudları çərçivəsində formaca mövcud quruluşa, siyasətə uyğun, məzmunca milli, xalqımızın etnik-mədəni sisteminin, sosial-iqtisadi həyatının təminatına, gələcəyinə hesablanan siyasəti, əslində, müstəqil Azərbaycanın rəhbərliyinə qayıtdıqdan sonra gördüyü işlərin təməlini təşkil edirdi. Uzun və kifayət qədər mürəkkəb olan bu dövr dahi siyasətçinin doğma xalqı ilə qırılmaz tellərlə bağlılığını göstərir. O dövrdə yaradılmış potensial Azərbaycan üçün böyük imkanlar açmış və bu gün də müstəqil dövlətimizə xidmət göstərir. 1969-82-ci illər sovet imperiyası daxilində həm də milli varlığın idrak məqamıdır.
Yeni tipli lider kimi Heydər
Əliyev bu qayğı və diqqətini elə sovet
imperiyasının daxilində – ən yüksək postda əyləşərək,
ən əzəmətli kürsüləri bölüşərək,
ən mötəbər tribunalardan səslənərək
gerçəkləşdirirdi. Bu ideologiyasının
müdaxilə etdiyi, incə bir siyasətlə həyata
keçirdiyi məsələlərin – xalqın öz
soy-kökündən, milli müəyyənliyindən,
inancından qoparılması kimi gerçəklərin mahiyyətinə
enirdi.
1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini təyin edilən Heydər Əliyev 5 il bu nəhəng
ölkənin rəhbərlərindən biri kimi dünyada gedən
qlobal proseslərin fəal iştirakçısına
çevrilmişdir. Bu vəzifəsində də
mövcud imkan və səlahiyyətlərindən maksimum
istifadə etməklə Azərbaycanın hərtərəfli
tərəqqisinə çalışan böyük dövlət
xadimi mərkəzi büdcənin geniş investisiya
imkanlarını respublikamıza yönəltməklə
elmin, təhsilin, mədəniyyətin, iqtisadiyyatın
əsaslı şəkildə inkişafına tarixi töhfələr
vermişdir. İttifaq miqyasında açıq nəzərə
çarpan tənəzzül və durğunluq fonunda Azərbaycan
Heydər Əliyevin sayəsində tərəqqi və intibah
mərhələsini yaşamaqda davam edirdi. Milli ruh, böyük dövlətçilik məfkurəsi,
vətənə və xalqa bağlılıq Heydər
Əliyevi total siyasi və ideoloji məhdudiyyətlər
çərşivəsində belə müstəqil Azərbaycan
dövlətçiliyinin zəruri əsaslarının
yaradılmasına ruhlandırırdı.
Bütün bunları zamanında həyata keçirən Heydər Əliyevin siyasi təcrübəsi yeni və çox mürəkkəb bir şəraitdə Azərbaycanı sonrakı inkişaf yoluna düzgün istiqamətləndirmək üçün kifayət qədər zəngin potensial yaratmışdı. Hadisələrin sonrakı inkişafı da göstərdi ki, sovet liderləri arasında postsovet məkanında müstəqilləşmə epoxasının zərurətlərini duyan və siyasətdə yeni yolun trayektoriyasını dəqiqliklə cıza bilən, yeni dövrün qüsursuz siyasi-ideoloji kursunu ərsəyə gətirən yeganə siyasətçi məhz Heydər Əliyev oldu. Bu baxımdan, öz dövrünün ən xarizmatik dövlət xadimi və ən praqmatik siyasətçisi kimi tanınan Heydər Əliyev ümumbəşəri dəyərlərin daşıyıcısı missiyasına yüksələn universal şəxsiyyət kimi regionun coğrafi sərhədlərinə sığmayaraq ümumdünya kontekstinə çıxmışdır.
Xalqının taleyində
mühüm rol oynamış, doğma Vətəninin
çiçəklənməsi naminə böyük töhfələr
vermiş belə dahi şəxsiyyətin taleyüklü anda
hakimiyyətə qayıdışı cərəyan edən
ictimai-siyasi və tarixi proseslərin labüd nəticəsi
idi. 1993-cü ildə Heydər Əliyevin xalqın təkidli
tələbi ilə hakimiyyətə qayıdışı
bir əsrdə ikinci dəfə milli dövlətçiliyi
dağılmaq təhlükəsinə məruz qalan Azərbaycan
xalqını siyasi uçurumdan və sosial-iqtisadi təlatümlərdən
xilas etdi.
Həmin dövrdə Azərbaycan xalqının və dövlətinin mövqeyini doğru-düzgün müəyyənləşdirib ortaya qoymaq, bunu lazımi şəkildə dünya birliyinin diqqətinə təqdim etmək və böyük dövlətlərin yaranmaqda olan Azərbaycan dövlətçiliyinə dəstəyini təmin etmək başlıca vəzifə idi. Belə bir vəzifənin öhdəsindən ancaq Heydər Əliyev gələ bilərdi. 1993-cü ildə ulu öndərin hakimiyyətə qayıdışı Azərbaycan xalqına bu nadir fürsəti verdi. Bu imkandan məharətlə, zərgər dəqiqliyi ilə istifadə edən Heydər Əliyev bu vəzifənin öhdəsindən layiqincə gəldi. O, qısa bir müddət ərzində atəşkəsin əldə olunmasına, qüvvələrin səfərbər edilməsi üçün zəruri olan təşkilatlanma fəaliyyətinin həyata keçirilməsinə, iqtisadi tənəzzülün dayandırılmasına və ölkənin davamlı inkişafına yol açan sabitliyin təmin edilməsinə nail oldu.
Ümummilli lider Heydər Əliyevin ölkə
rəhbərliyinə qayıdışı dünyanın
diqqətini Azərbaycana cəlb edə bildi və bu mənada
qısa zamanda ölkəmiz beynəlxalq iqtisadi sistemə daxil
oldu. Bu inteqrasiyanın 1994-cü ildə Qərbin iri neft
şirkətləri ilə imzalanmış məşhur
“Əsrin müqaviləsi” kimi böyük bir
başlanğıcı var. Xəzər hövzəsinin Azərbaycan
sektorunda zəngin enerji ehtiyatlarının işlənilməsi
ideyası dünya miqyaslı kompleks iqtisadi layihələrin
birbaşa respublikamızla bağlanmasını real müstəviyə
çıxardı.
Beləliklə, Azərbaycanın Avropa dəyərlərinə
inteqrasiyası prosesinin ilk təcrübələrinin
görünməsinə və dünyanın qabaqcıl
strukturları ilə əlaqələrin qurulmasına start
verildi. Bütün bu proseslər sonrakı illərdə
davamlı surətdə bir-birini əvəzləyən
uğurların təminatçısı və müjdəçisi
oldu.
İctimai qayda-qanun mühitinin,
qanunçuluğun aliliyinin bərpası ona imkan yaratdı
ki, müstəqil dövləti beynəlxalq aləmin
hüquqi subyekti kimi tanıdan, ictimai quruluşu müəyyən
edən əsas amil olan yeni Konstitusiya qəbul edildi. Ulu öndər Heydər Əliyevin bir epoxadan digərinə
ahəngdar keçidi təmin edən çevik təfəkkürlü,
modern rəhbər obrazı xarici arenada cəmiyyətimizin həyatındakı
həqiqi azadlıq arzusunun, dünyaya inteqrasiya seçiminin
görünməsinə, iqtisadi, elmi, mədəni, mənəvi
potensialın açılmasına, hüquqi baxımdan
köklü dəyişikliklərin yalnız inkişaf səciyyəsi
daşımasına böyük bir impuls verdi.
Müstəqil dövlətin lideri olaraq Heydər Əliyevin güclü qətiyyəti, ölkəmizin maraqlarına xələl gətirə biləcək məsələlərdə tutduğu prinsipial mövqeyi Azərbaycana beynəlxalq miqyasda yanaşmanı dəyişdi. Məhz onun yorulmaz səyləri nəticəsində Azərbaycan konservativ, tipik postsovet ölkəsi kimi deyil, beynəlxalq və regional müstəvidə sabit və davamlı inkişaf vəd edən bərabərhüquqlu tərəfdaş kimi tanınmağa başladı. Ümummilli lider Heydər Əliyevin gərgin işi, zəhməti nəticəsində Azərbaycan müxtəlif beynəlxalq təşkilatlara üzv oldu, dünyanın aparıcı dövlətləri, eləcə də qonşu ölkələrlə diplomatik əlaqələri genişləndirdi, onlarla əməkdaşlıq etməyə başladı.
Dünyada Azərbaycanın rolu və nüfuzu
artdı, ölkəmiz beynəlxalq münasibətlərdə
söz sahibinə çevrildi. Ölkədə ictimai-siyasi
sabitlik bərqərar edildi, sosial-iqtisadi inkişaf
üçün əsaslı islahatlara başlandı,
qanunçuluq möhkəmləndirildi. Dövlət
quruculuğu tədbirləri genişləndirildi. Ulu öndərin
qətiyyətli fəaliyyəti, uzaqgörən siyasəti nəticəsində
Azərbaycanın müstəqilliyi möhkəmləndirildi və
rəvan inkişaf yoluna çıxarıldı.
Beləliklə, 1969-cu ildə Azərbaycanı
tənəzzüldən xilas edən Heydər Əliyev bu dəfə
ölkəmizə müstəqillik, xalqımıza azadlıq
bəxş etdi, müasir, müstəqil Azərbaycan dövlətinin
banisinə çevrildi. Həmin dövrdə
Heydər Əliyevin uzaqgörən dövlət quruculuğu
konsepsiyası milli-mədəni dirçəliş, suverenlik
ruhunun yüksəlişi istiqamətində həyata
keçirilən siyasətlə tamamlanırdı ki, bu da Azərbaycan
xalqının müstəqil dövlətçilik
ideyalarının reallaşmasında və xalqın
milli-azadlıq mübarizəsinin uğurla nəticələnməsində
həlledici rol oynadı.
Ulu öndər Heydər
Əliyev mənəvi keyfiyyətlərinə, biliyinə,
möhkəm iradəsinə, idarəçilik və liderlik
qabiliyyətinə görə fenomenal şəxsiyyət,
xarizmatik lider kimi səciyyələndirilir. İşgüzar
və mənəvi keyfiyyətlərlə fitri istedadın vəhdətini
özündə ehtiva edən fövqəladə cəhətləri – müdrikliyi, aydın zəkası,
möhkəm yaddaşı, dözüm və təmkini,
diplomatiya məharəti, hədəfləri dəqiq müəyyənləşdirmək
və insanlara özünə inam hissini aşılamaq qabiliyyəti
Heydər Əliyevin lider portretini dolğunlaşdıran cizgilərdir.
Məhz bu keyfiyyətlər ona ən çətin
anlarda siyasi iradə nümayiş etdirərək qısa
müddət ərzində milli mənafelərin, dövlətçiliyin
ifadəçisi kimi Azərbaycan xalqının və dövlətinin
əleyhinə olan qüvvələrin qarşısında
keçilməz sədd çəkməklə ölkədə
ictimai-siyasi sabitliyin əsaslarını
formalaşdırmağa və xarici siyasətlə
bağlı taleyüklü məsələlərin həllində
əhəmiyyətli irəliləyişlərə nail
olmağa imkan vermişdir.
Son 27 il ərzində Azərbaycanın həm beynəlxalq siyasətdə, həm də ölkənin iqtisadi, mədəni, sosial və humanitar inkişafında əldə etdiyi nailiyyətlər həmin dövrdə Heydər Əliyev tərəfindən atılan addımların yeganə düzgün çıxış yolu və bu xəttin ən uğurlu yol olduğunu göstərir. Bu gün Azərbaycan qlobal aləmdə öz müstəqil siyasətini yeridən, bütün istiqamətlərdə öz xalqının milli maraqlarını təmin edə bilən müasir tipli mükəmməl bir dövlətdir. Bu dövlətin izlədiyi siyasət məhz 1993- cü ildə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş kursun – dövlət müstəqilliyimizin əbədiliyi və dönməzliyi yolunun davamıdır.
Bu gün də Azərbaycanda
demokratiyanin inkişafı və insan hüquqlarının
qorunması, milli qanunvericiliyimizin təkmilləşdirilməsi,
hüquqi və sosial-iqtisadi islahatların
reallaşdırılması, nəhəng transmilli layihələrin
gerçəkləşdirilməsi, bir sözlə, xalqın
rifahının yüksəldilməsini hədəfləyən
fəaliyyət sahəsindəki bütün uğurların
kökü məhz Heydər Əliyevin ideyalarından
qaynaqlanır.
Hadisələrin gedişini, ən
azı, bir neçə il qabaqlamaq, onları böyük məharətlə
idarə etmək və milli maraqlar çərçivəsində
inkişafa uyğunlaşdırmaq, dövrün
çağrışlarına adekvat reaksiya vermək və
digər fenomenal qabiliyyətləri sayəsində ulu öndər
həm də müasir Azərbaycanın dünya siyasətində
layiqli yer tutması üçün fundamental əsaslar
yaratmışdır.
Son illərdə imzalanmış inkişaf konsepsiyaları, strateji yol xətirələri və onlara əlavələr paytaxt və regionların tarazlı, davamlı inkişafını, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasını, qeyri-neft sektorunun daha da möhkəmlənməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini təmin etmişdir.
Azərbaycanın Respublikasının Prezidenti
İlham Əliyev ulu öndərin layiqli
davamçısıdır. İlham Əliyev ümummilli
liderin balanslaşdırılmış siyasətini davam etdirərək,
dəqiq strategiya yürüdür. Bu gün Azərbaycan
xalqı öz nailiyyətləri ilə fəxr edərək,
dünya iqtisadiyyatı və mədəniyyətinə öz
töhfələrini verir.
Arzuları gerçəkliyə
çevirməyi bacaran cənab İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizin sosial-iqtisadi və mədəni həyatını
əhatə edən bütün sahələrdə
görülən işlər, insanların sabaha olan
inamını daha da artıran uğurlu nəticələr həm
də dahi Heydər Əliyevin ruhu qarşısında
bir hesabatdır. Ulu öndərin müstəqil,
dinamik inkişafının əsasını qoyduğu Azərbaycanı
Prezident İlham Əliyev ləyaqətlə, inamla, qətiyyətlə
irəliyə aparır və özünün gərgin, məhsuldar
fəaliyyəti ilə dövlətçiliyimizə, müstəqilliyimizə,
ölkəmizin sosial-iqtisadi tərəqqisinə şərəflə
xidmət edir.
Əgər müstəqillik
tariximizin Heydər Əliyev dövrü müasir dövlətimizin
yaradılması, qorunması, iqtisadi, siyasi və sosial
inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi
dövrü idisə, İlham Əliyevin rəhbərliyi
dövrü həmin kursun daha da genişlənməsi, sürətlənməsi
və innovasiyalı inkişaf mərhələsinə qədəm
qoyması dövrü kimi xarakterizə edilir. Düşünülmüş
siyasət, operativ dəqiq mexanizmlərlə icra olunan
regionların sosial-iqtisadi inkişafı dövlət
proqramlarının icrası, davamlı surətdə
yaradılan müasir infrastrukturlar ölkənin daha yüksək
mərhələyə çatmasına güclü və
möhkəm zəmin yaradır.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ulu öndərin müəyyən etdiyi inkişaf strategiyasını yeni əlavələrlə zənginləşdirərək daha modern hala gətirməsi respublikamızın intibahında yeni mərhələ açmışdır. Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən və ilk növbədə, sosial problemlərin kompleks həllinə geniş imkanlar açan səmərəli islahatlar, imzalanan fərman və sərəncamlar iqtisadi inkişafın sürətləndirilməsinə xidmət etməklə yanaşı, dünya miqyasında Azərbaycanın mövqelərini daha da möhkəmləndirmişdir.
Bu islahatların genişləndirilməsində
və səmərəli nəticələr verməsində
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
xanım Əliyevanın da xidmətləri böyük əhəmiyyət
daşıyır. Cəmiyyəti narahat edən
məsələlərin həlli naminə əzmkarlıqla
çalışan, səmərəli təşəbbüslərin
müəllifi kimi çıxış edən Azərbaycanın
birinci xanımı dövlət idarəçiliyində də
cəmiyyətin sosial-mənəvi, intellektual tərəqqisinə
və sağlamlığına xidmət edən
islahatlara yeni nəfəs vermişdir. Onun daxili
və xarici siyasətdə bütün dünyada təqdir
olunan fəaliyyəti, ölkəmizdə təhsilin, səhiyyənin,
elmin, mədəniyyətin, idmanın və digər sahələrin
inkişafında xidmətləri, milli-mənəvi dəyərlərin
qorunması və dünyada geniş təbliği istiqamətində
gördüyü böyük işlər, sadalamaqla bitməyən
mütərəqqi və xeyirxah əməlləri dövlətimizin
qüdrətlənməsinə və millətimizin
rifahına töhfələr verməkdə davam edir.
Qürurumuzu artıran haldır ki, möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə həyata keçirilmiş nəhəng işlər sayəsində bu gün Azərbaycanın adı artıq dünyanın demokratik və sürətlə inkişaf edən dövlətlərinin sırasında çəkilir. Bütün bunlar Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.
Öyrənildikcə öyrənilən,
heç zaman tükənməyən Heydər Əliyev irsi,
onu müasiri olduğu digər dünya siyasətçilərindən
fərqləndirən siyasi dühası, yaradıcı zəkası
hələ uzun illər çoxtərəfli
araşdırmaların mövzusu olacaqdır. Bu şəxsiyyətin
tarixdə oynadığı əhəmiyyətli rol həmişə
daha dərin və geniş məzmunda, konseptual şəkildə
açılacaqdır. Amma bir həqiqət heç zaman dəyişməyəcək:
Fenomen insan Heydər Əliyev müasir Azərbaycanın
qurucusu olmaqla yanaşı, tərəqqi və ədalət,
sülhpərvərlik və humanizm ideyalarına, bəşəri
dəyərlərə əsaslanan genişspektrli fəaliyyəti
ilə bəşər tarixinin yetişdirdiyi nadir şəxsiyyətlərdəndir.
Zaman keçir, hər şey durulur və Heydər
Əliyevin yarım əsrlik siyasi
yaradıcılığı bu gün müstəqillik təntənəsini
yaşayan Azərbaycanımızın əsasını təşkil
edir. Azərbaycanda inkişaf etmiş, böyümüş,
artmış, tikilmiş, yenidən qurulmuş hər nə
varsa onun adıyla bağlıdır! Bu tarixdir! Yaddaşlara əbədi
həkk olunmuş tarix!
Şərəfli ömrünü Azərbaycana həsr etmiş ümummilli lider Heydər Əliyevin adı dünyanın hər yerində daim dərin hörmətlə çəkiləcək, onun əziz və unudulmaz xatirəsi millətimiz tərəfindən əbədi olaraq xüsusi ehtiramla yad ediləcəkdir.
Asif
ƏSGƏROV,
Nəsimi Rayon
İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan
Partiyası Siyasi Şurasının üzvü
Xalq qəzeti 2020.- 7 may.- S.5.