Məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması diqqət mərkəzindədir

Ədalət hər bir sağlam cəmiyyətdə aparıcı ideya, aparıcı tezis olmalıdır. Çünki ədalətsizlik insanları incidir, ədalətsizlik insanlarda inamı qırır. Ədalətsizlik nəticə etibarilə böyük problemlərə gətirib çıxarır. Ona görə hər bir sahədə ədalət prinsipi bərqərar olmalıdır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Son 17 il ərzində gənclər siyasətinin diqqət mərkəzində saxlanılması nəticəsində gənclik cəmiyyətin aparıcı qüvvəsi kimi tanınıb, sabitliyin, təhlükəsizliyin təmin olunmasında, möhkəmlənməsində xüsusi rol oynayıb, eyni zamanda, həyatın ayrı-ayrı sahələri ilə bağlı çağırışlara operativ yanaşmaqla beynəlxalq inteqrasiya prosesinin fəal iştirakçısına çevrilib.

Azərbaycan Prezidenti İlham Əliyev mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən, bu barədə ətraflı danışıb. Dövlətimizin başçısı A. Qocayevin 34 yaşı olmasına baxmayaraq, ona böyük etimad göstərildiyini, bunu isə respublikamızda gənclərə çox böyük imkanlar, şərait yaradılması ilə əlaqələndirib. Ölkə rəhbəri deyib: “Son vaxtlar, xüsusilə bu sahədə daha ciddi addımlar atılır. Gənc nəslin nümayəndələri mərkəzi və yerli icra orqanlarının rəhbərliyinə gətirilir. Hesab edirəm ki, bu, düzgün addımdır. Çünki gənclər cəmiyyətimizin fəal təbəqəsidir. Bizim gənclərimizin mütləq əksəriyyəti milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alıb və bu gün ölkəmizin hərtərəfli inkişafı üçün öz biliklərini ortaya qoymağa hazırdırlar”.

Prezident İlham Əliyev, həmçinin gənclərin son illər ərzində ictimai həyatda mühüm rol oynadıqlarını, bu sahədə könüllülərin daha çox fərqləndiklərini, eyni zamanda, müvafiq sərəncamla cari ilin “Könüllülər ilielan edildiyini diqqətə çatdırıb. “Mən çox şadam ki, qısa müddət ərzində Azərbaycanda çox böyük, çoxminli könüllülər ordusu yaradılıb və könüllülər öz işi, öz əməlləri ilə cəmiyyətdə çox böyük rəğbət qazana biliblər, bizim ümumi işimizə çox böyük töhfə verirlər. Könüllülər hərəkatı ASAN könüllülərdən başlamışdır. Bu gün ASAN könüllüləri, sözün əsl mənasında, Azərbaycan gəncliyinə xas olan ən gözəl xüsusiyyətləri özlərində birləşdirirlər, o xüsusiyyətləri təcəssüm etdirirlər. Hazırda digər sahələrdə də könüllülər kifayət qədər geniş fəaliyyət göstərirlər. Mən daim onların fəaliyyətini izləyirəm və onların fəaliyyətinə yüksək qiymət verirəm”.

Dövlətimizin başçısı yeni təyin olunan Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısına könüllülərin işə cəlb edilməsini daim diqqətdə saxlamağı tövsiyə edib. Azərbaycan Prezidenti belə bir təqdirdə həm ictimai nəzarət baxımından işlərin daha yaxşı gedəcəyinə, həm də ictimai fəallığın artacağına, nəticədə isə insanları narahat edən məsələlərin öz həllini tapacağına əminliyini ifadə edib.

Yeri gəlmişkən, son 17 il ərzində Azərbaycanda gənclərə göstərilən etimadın, diqqət və qayğının nəticəsidir ki, hazırda respublikamızda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Bu gün ölkədəki yüzlərlə qeyri-hökumət və gənclər təşkilatının səmərəli fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə xüsusi dəstək göstərməsi hər bir gəncdə özünə, öz gücünə, istedadına, potensialına inam hissini artırıb.

Onu da xatırladaq ki, dövlətimizin başçısının 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, həmçinin “Azərbaycan gəncliyi 2017-2021- ci illərdə” Dövlət Proqramı dövlət gənclər siyasətinin daha da inkişafına mühüm təsir göstərib.

Prioritet istiqamət olaraq müəyyənləşdirilən gənclər siyasəti, öz növbəsində, ölkədə könüllülük hərəkatının geniş vüsət almasına da şərait yaradıb, könüllülüyü gənclərin yeni inkişaf modeli kimi təqdim edib.

Prezident İlham Əliyevin 2019- cu il dekabrın 30-da “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ilielan edilməsi haqqında” sərəncam imzalaması ilə ölkəmizdə gənclər siyasətinin keyfiyyətcə yeni mərhələyə daxil olması da bunun bariz ifadəsi, sözügedən sahəyə göstərilən diqqət və qayğının məntiqi nəticəsidir.

Ölkə rəhbəri qəbulda Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin dünəni və bugünü haqqında da ətraflı bəhs edib: “Kəlbəcər Azərbaycanın ən gözəl diyarlarından biridir. Kəlbəcərin füsunkar təbiəti, gözəl meşələri, dağları, çayları, tarixi abidələri Azərbaycan xalqının milli sərvətidir. Əfsuslar olsun, erməni vandalları tərəfindən Kəlbəcərdə və işğal edilmiş digər torpaqlarda yerləşən tarixi abidələrimizin mütləq əksəriyyəti, demək olar ki, hamısı dağıdılıb, yaxud da yarıdağılmış vəziyyətdədir. O cümlədən, Kəlbəcər rayonunun ərazisində Azərbaycan xalqına məxsus qədim tarixi abidələr dağıdılıbdır. Amma gün gələcək biz işğal edilmiş bütün torpaqlarda hazırda dağılmış vəziyyətdə olan bütün abidələri, bütün infrastrukturu bərpa edəcəyik”.

Dövlətimizin başçısı nitqində Azərbaycanın öz suverenliyini bərpa edəcəyinə əminliyini bildirərkən, bunu ölkəmizin beynəlxalq mövqelərinin getdikcə möhkəmlənməsi və son illər ərzində bütün aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrində respublikamızın ərazi bütövlüyünə birmənalı şəkildə dəstək ifadə olunması ilə əlaqələndirib. Eyni zamanda, bu yaxınlarda separatçılar tərəfindən keçirilən qondarma seçkilərin dünya birliyi tərəfindən tanınmamasını və aparıcı beynəlxalq təşkilatlar tərəfindən bu məsələ ilə bağlı ədalətli yekdil fikir bildirilməsini, bunun isə separatçılara, onların havadarlarına, işğalçı Ermənistana vurulan növbəti zərbə olmasını xatırladıb. Dövlətimizin başçısı daha sonra deyib: “Bununla bərabər, əminəm ki, bizim artan iqtisadi potensialımız, hərbi gücümüz və bölgədə artan nüfuzumuz - bütün bu amillər Azərbaycan dövlətinin suverenliyinin tam bərpa olunmasına gətirib çıxaracaqdır. Hər bir Azərbaycan vətəndaşı öz işi ilə bu günü yaxınlaşdırmalıdır və bu istiqamətdə çox fəal aparılır”.

Azərbaycan Prezidenti nitqində haqlı olaraq Kəlbəcərin işğalının əsas səbəbkarının xəyanətkar AXC-Müsavat hakimiyyəti olduğunu diqqətə çatdırıb. Məhz onların yarıtmaz fəaliyyəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcərin işğal altına düşdüyünü, vətəndaşların həlak olduğunu, habelə bu rayondan olan soydaşlarımızın məcburi köçkün həyatı yaşadıqlarını vurğulayıb.

Dövlətimizin başçısı Kəlbəcərin işğalının AXC-Müsavat hakimiyyətinin ilk cinayəti olmadığını, bundan əvvəl isə Şuşanın və Laçının işğal altına düşməsində də xəyanətkar mövqe tutduğunu və hazırda da həmin marginal qruplaşmanın nəyin bahasına olursa-olsun, respublikamızda sabitliyi pozmağa, Azərbaycanı ləkələməyə, ölkəmizin imicinə zərbə vurmağa, pandemiya dövründə aparılan uğurlu siyasətə kölgə salmağa çalışdığını diqqətə çatdırıb.

Azərbaycan Prezidenti İlham Əliyev nitqində məcburi köçkünlərə göstərilən böyük diqqət və qayğıdan da bəhs edib: “Dövlət xətti ilə məcburi köçkünlərə çox böyük diqqət göstərilir. Fəaliyyətimizin bu istiqaməti 2003-cü ildə mənim Prezident kimi fəaliyyətə başladığım dövrdən əsas xətt kimi davam edir. Mən o vaxt demişdim ki, beş il ərzində Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Ancaq biz buna dörd il ərzində nail ola bildik. 2007-ci ildə artıq Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmamışdı. Onu da bildirməliyəm ki, çadır şəhərciyi, o acı mənzərə də AXC-Müsavat hakimiyyətinin məhsulu idi. Ondan sonra biz köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi istiqamətində daha fəal işlər apardıq. Bu gün 300 mindən çox məcburi köçkün evlərlə, mənzillərlə təmin edilib. Təkcə keçən il 5 min köçkün ailəsi üçün mənzillər tikilibdir. Bu il isə həmin rəqəm 7 minə və ola bilər 8 minə çatacaq. Ona görə dövlət öz üzərinə düşən bütün vəzifələri icra edir. Keçən il mənim sərəncamımla məcburi köçkünlərin maddi təminatı da yaxşılaşdırılmışdır. Onlara verilən müavinətin həcmi 50 faiz artmışdır”.

Dövlətimizin başçısının bu sözlərindən aydın olur ki, Azərbaycan Prezidentinin xüsusi diqqət və qayğısının nəticəsidir ki, məcburi köçkün həyatı yaşamağa məcbur olan insanların həyat səviyyəsi, mənzil-məişət şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Ölkəmiz MDB, eləcə də Avropa məkanında qaçqın və məcburi köçkünlərin sayına görə ilk yerlərdə qərarlaşır. Buna baxmayaraq, Azərbaycan bu kateqoriyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması baxımından ən fəal siyasət yürüdən və yüksək nəticələr əldə edən ölkədir. Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil edir və göstərilən sahədə uğurlu nəticələrin əldə olunduğunu çoxsaylı faktlar təsdiqləyir.

Qeyd edək ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzəri daim məcburi köçkünlərin üzərində olub. Mehriban xanım Əliyeva yurd-yuvalarından erməni işğalçıları tərəfindən didərgin salınan məcburi köçkünlərlə mütəmadi görüşlər keçirib, müraciətlərini dinləyib, hər birinə qayğıkeşliklə yanaşıb, qaldırdıqları məsələlərin həlli ilə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib və icrasına nəzarət edib. Bir sözlə, həm cənab İlham Əliyevin, həm də Birinci vitse-prezidentin himayəsi ilə ölkəmizdə məcburi köçkünlər dövlət qayğısı ilə əhatə olunublar.

Prezident İlham Əliyev qəbul zamanı Kəlbəcər Rayon İcra Hakimiyyətinin yeni başçısına tövsiyələrini də verib: Siz daim xalq içində olmalısınız, vətəndaşlarla bir yerdə olmalısınız, onların problemlərini təhlil etməlisiniz. İlk növbədə, əlbəttə ki, vəziyyəti tam təhlil etməlisiniz və xalqın, məcburi köçkünlərin problemlərinin həlli işində fəal olmalısınız. Elə məsələlər ola bilər ki, yerli icra orqanlarının buna gücü çatmasın, onda siz mütləq mərkəzi icra orqanlarına müraciət etməlisiniz. O məsələlər ki, sizin səlahiyyətinizdə olacaq, təbii ki, bütün bu məsələlər imkan daxilində öz həllini tapmalıdır”.

Ölkə rəhbəri Kəlbəcər Rayon İcra Hakimiyyətinin yeni başçısına fəaliyyətində sosial ədalət prinsiplərinin üstünlük təşkil etməsinin, məcburi köçkünlərə mənzillərin verilməsi zamanı şəffaflığın diqqət mərkəzində saxlanılmasının zəruriliyini xatırladıb. Eyni zamanda, respublikada rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizənin bundan sonra da qətiyyətlə aparılacağını, dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalət prinsiplərinə əməl etməyənlərin ciddi cəzalandırılacağını bildirib.

 

V.BAYRAMOV

Xalq qəzeti  2020.- 16 may.- S.3.