Azərbaycan tarixinə doğan Günəş

28 MAY RESPUBLIKA GÜNÜDÜR

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı ola­raq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır. Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

1918-ci il aprelin 23-də fəaliyyətə başlayan Zaqafqaziya Seyminin sonuncu iclası mayın 26-da keçirildi. Həmin gün gürcü nümayəndələri Seymdən çıxıb, Gürcüstanın müstəqilliyini elan etdilər. Gürcü fraksiyası Zaqafqaziya Respublikasının dağılmasının bütün gü­nahını müsəlman fraksiyasının üzərinə yıxaraq, onları türkpərəst mövqe tutmaqda ittiham edirdi. Zaqafqaziya Seyminin üzvü Şəfi bəy Rüstəmbəyov gürcü fraksiyasının gətirdiyi bu arqumentləri qətiyyətlə rədd edərək dedi: “Hesab edirik ki, Zaqafqaziyanın birgə siyasi mövcudluğunun indiki mürəkkəb və məsuliyyətli anında ayrılmaq üçün tutarlı və obyektiv əsaslar yoxdur və burada gürcü nümayəndələri tərəfindən irəli sürülən amillər az inandırıcıdır”. Mayın 27-də isə Seymin müsəlman fraksiyası yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq fövqəladə iclas çağırdı. Uzun müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq qərara alındı. “Müsavat” Partiyasının təklifi ilə M.Ə. Rəsulzadə qiyabi olaraq (bu vaxt o, Batum konfransında iştirak edirdi–A.İ.) Milli Şuranın sədri, H.Ağayev və M.Seyidov isə sədrin müavinləri seçildilər. Müxtəlif sahələrdə işlərə rəhbərlik etmək üçün Milli Şuranın 9 nəfərdən ibarət icraiyyə orqanı yaradıldı. Fətəli xan Xoyski İcraiyyə Komitəsinin sədri seçildi.

1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası Azərbaycanın dövlət müstəqilliyi haq­qında “İstiqlal bəyannaməsi” qəbul etdi. Milli Şuranın 24 səslə (iki nəfər – Sultan Məcid Qənizadə və Cəfər bəy Axundov bitərəf qaldı) qəbul etdiyi qərar və altı bənddən ibarət “İstiqlal Bəyannaməsi”, yaxud “Mi­saği-milli” (əqdnamə) Azərbaycan millətinin varlığını bütün dünyaya bəyan etdi. Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk Konstitusi­ya aktı – “İstiqlal Bəyannaməsi”nin qəbulu ilə Azərbaycan dövlətçiliyi Xalq Cümhuriyyəti formasında elan olundu. Bu hüquqi və siya­si sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan edil­miş, onun hakimiyyətinin şamil olunduğu ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdır. “İstiqlal Bəyannaməsi”ndə demokratik dövlətə məxsus atributların – hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmsil edilməsi, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, hakimiyyətin bölünməsi kimi prinsiplərin dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi. “İstiqlal bəyannaməsi” Azərbaycan millətinin millət-mədəniyyət statu­sundan tamamilə başqa siyasi-hüquqi və mənəvi-psixoloji statusa – millət-dövlət statusuna qədəm qoyduğunu göstərdi. Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqrafla məlumat verildi.

“İstiqlal Bəyannaməsi”ni qəbul edən Milli Şura Azərbaycan hökumətini təşkil etməyi bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. İlk hökuməti “Müsavat”, Müsəlman sosialist bloku, “Hümmət”, “İttihad” partiyalarından və bitərəflərdən ibarət 9 nazir təmsil edirdi.

Cənubi Qafqazın özünü müstəqil elan etmiş üç dövləti – Azərbaycan, Gürcüstan və Ermənistanın nümayəndələri Batumda Osmanlı dövləti ilə danışıqlar apararaq iyunun 4-də ayrı-ayrılıqda müqavilə im­zaladılar. Müqaviləni Azərbaycan tərəfindən Milli Şuranın sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri M.H.Hacınski imzaladılar. Müqavilənin şərtləri Ermənistan və Gürcüstan üçün çox ağır idi, Azərbaycanla Osmanlı dövləti arasında isə “daimi sülh və dostluq münasibətləri”ni bərqərar edirdi. Yeni yaranmış Azərbaycan hökumətinin xahişinə cavab olaraq, Osmanlı hökumətinin hərbi naziri Ənvər paşa ilk yardım kimi Azərbaycana 2 mil­yon türk lirəsi həcmində kredit ayır­mışdı, Azərbaycanda olan türk ordu­sunun ehtiyaclarına hər ay 50 min lirə xərclənirdi. Bununla yanaşı, Ənvər paşa İstanbulda M.Ə.Rəsulzadə ilə görüşündə Azərbaycan Milli Ordu­sunun təşkil edilməsinin vacibliyini xüsusi qeyd etmişdi.

1918-ci il iyulun 16-da Azərbaycan Milli Şurasının və hökumətin Gəncəyə köçməsi ilə əlaqədar milli qüvvələr arasında mübarizə kəskinləşdi. Milli Şura­dan kənarda qalan burjua-mülkədar dairələrinin məhdud dünyagö­rüşlü mürtəce hissəsi Türkiyənin Azərbaycanda olan ordusunun başçısı Nuru paşanın vasitəsilə Milli Şuranı hakimiyyətdən uzaqlaşdırmağa cəhd etdilər. Azərbaycanın Türkiyəyə ilhaq edilməsinin tərəfdarı olan bu dairələr Milli Şuraya qarşı fəal kampaniya aparırdı. Gəncədə yerləşən Qafqaz-İslam Ordusu komandan­lağı ilə milli qüvvələr arasında münasibətlər gərgin bir şəkil aldı. Nuru paşanın müstəqilliyini elan etmiş dövlətin daxili işlərinə qarı­şaraq F.X.Xoyskinin başçılıq etdiyi hökumətə etimadsızlıq göstərməsi siyasi böhranla nəticələndi. Mövcud siyasi böhranı aradan qaldırmaq üçün Azərbaycandakı türk qoşun­ları rəhbərliyi ilə Azərbaycan Milli Şurası arasında güzəştli bir qərar qəbul olundu: Milli Şura buraxılır, ali qanunverici və icraedici hakimiyyət Fətəli Xan Xoyski kabinetinin əlində cəmləşir. İyun böhranı nəticəsində fəaliyyətini müvəqqəti olaraq dayan­dıran Milli Şura öz tarixi missiyasını – Azərbaycanın dövlət müstəqilliyini çox çətin və mürəkkəb bir mərhələdə qoruyub saxlamaq vəzifəsini yerinə yetirdi.

İyunun 17-də axşam Gəncədə F.X.Xoyskinin rəhbərlik etdiyi ikinci hökumət təşkil edildi. İyunun 19-da Azərbaycanda yaranmış gərgin vəziyyəti nəzərə alaraq, hökumət bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. İyunun 26-da Azərbaycan Milli Ordusunun yaradıl­ması haqqında fərman verdi. Alman­ların Bakı neftinə xüsusi maraqları olduğundan Bakının tutulmasına mane olmaq məqsədilə Osmanlıların beşinci diviziyasının Gürcüstan dəmir yolu ilə Gəncəyə gəlməsini qadağan etdilər. Ona görə də Qafqaz diviziyası Mürsəl paşanın rəhbərliyi ilə Güm­rü-Dilican-Ağstafa yolunu döyüşlə keçməyə məcbur oldu. Azərbaycan əhalisi Osmanlı qoşunlarını böyük sevinclə qarşılayır və onların gəlişini bayram edirdilər.

Osmanlıların beşinci piyada diviziyası və general Ə.Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu əsasında Qafqaz-İslam Ordusu təşkil edildi. Nuru paşanın rəhbərlik etdiyi bu orduya türklərdən və azərbaycanlılardan ibarət 15 min əsgər və zabit daxil idi.

Qafqaz-İslam Ordusu vasitəsilə Azərbaycan hökuməti öz hakimiyyətini tezliklə yerlərdə yaya bildi, ucqarlarda dövlət orqanları yaratmağa başladı. Bakı Xalq Komis­sarları Sovetinin liderləri Azərbaycan Xalq Cümhuriyyətini bələkdə ikən boğmaq üçün yollar arayırdılar. Hələ Gəncə üzərinə yürüşə başlamazdan əvvəl Leninin tapşırığı ilə Şaum­yan türk qoşunlarının Azərbaycana yolunu bağlamaq üçün Gürcüstan hökumətinin başçısı Jordaniyaya müraciət etdi. Şaumyan Jordaniyaya vəd edirdi ki, əgər Gürcüstan türk qo­şunlarını öz ərazisindən Azərbaycana buraxmasa, Sovet Rusiyası onun müstəqilliyini tanıyacaqdır.

Azərbaycanın şərqində kommu­nist diktaturası yaradan Şaumyan Bakı Sovetinin ixtiyarında olan 18 min döyüşçü ilə Cənubi Qafqazda­kı milli hərəkatı boğmaq üçün qəti hücuma başladı. Tamamilə erməni daşnak qüvvələrindən təşkil olunmuş ordu müsəlman əhalisinə qarşı hər cür amansızlığa yol verirdi.

İyunun 10-da Bakı Sovetinin Gəncə istiqamətində yürüşləri başlan­dı. İyunun 12-də Kürdəmiri işğal edən Bakı Soveti qüvvələri Göyçaya yaxın­laşdılar. İki həftədən çox davam edən qanlı döyüşlər Türkiyədən göndərilən əlavə qüvvələrin və Azərbaycan könüllüləri hesabına Qafqaz-İslam Ordusunun qələbəsi ilə nəticələndi. Qafqaz-İslam Ordusunun Göyçay ətrafındakı qələbəsi Azərbaycanın şərq hissəsini, o cümlədən Bakını bolşevik-daşnak işğalından azad etmək uğrunda apardığı şərəfli mücadilədə dönüş nöqtəsi oldu. Bu döyüşlərdə Bakı Soveti qoşunlarına elə ağır zərbələr vuruldu ki, onlar bir daha özlərinə gələ bilmədilər. Qafqaz-İslam Ordusu bolşevik-daşnak birləşmələrini darmadağın edərək, Bakı istiqamətində azadlıq yürüşünə başladı. İyulun 20-də bu istiqamətdə mühüm strateji məntəqə olan Şamaxı şəhəri azad edildi. İyulun sonunda S.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti istefa verməyə məcbur oldu. 1918-ci il avqustun 1-də Bakıda eser, menşevik və daşnaklar­dan ibarət “Sentrokaspi” diktaturası adlanan mürtəce bir qurum yaradıldı. İngilislərin Bakıya çağırılması da “Sentrokaspi” diktaturasını xilas edə bilmədi. Qafqaz-İslam Ordu­su sentyabrın 15-də Bakı üzərinə həlledici hücuma başladı. Şəhər böyük müqavimət hesabına alındı və Azərbaycan hökuməti sentyabrın 17-də Bakı şəhərinə köçdü. 1918- ci il mayın 28-dən sonrakı dövrdə Azərbaycanın həyatında ikinci mühüm hadisə baş verdi: Bakı azad edildi və Azərbaycan hökuməti tam heyətdə əsl paytaxtda qərarlaşdı. Azərbaycan torpaqlarının azad olun­masında Qafqaz-İslam Ordusu 4 min əsgər və zabitini şəhid verdi.

Azərbaycanda siyasi hadisələrin inkişafı daxili proseslərdən daha çox dünyanı lərzəyə gətirən Birinci dünya müharibəsinin gedişindən və nəticələrindən asılı idi. İki hərbi qruplaşma arasında gedən impe­rialist müharibəsində Azərbaycan öz mənafeyi baxımından Osmanlı dövlətinin qalib gəlməsini arzulayırdı. Lakin hadisələr başqa cür cərəyan edirdi. Türkiyə ilə Antanta dövlətləri arasında 1918-ci il 30 oktyabr tarixli Mudros müqaviləsinə görə məğlub sayılan Osmanlı qüvvələri Bakını tərk etməli, Antanta qüvvələri tərəfindən Bakının tutulmasına mane olmamalı, Zaqafqaziya dəmir yolu üzərindəki nəzarət hüququnu Antantaya güzəştə getməli idi. İranın Ənzəli limanın­da yerləşən ingilis hərbi hissələri müttəfiqlər adından Bakını tutmalı idi.

Ənzəliyə danışıqlar aparmaq üçün gələn Azərbaycan nümayəndə heyəti ingilis hərbi hissələrinin koman­danı general Tomsona Azərbaycan ərazisinə daxil olmazdan əvvəl AXC-ni tanımaq haqqında bəyanat verilməsini təklif etdi. Lakin general Tomson bu təklifi rədd etdi və bildirdi ki, Azərbaycan Respublikası türklərin intriqası nəticəsində yaranmışdır və xalq arasında heç bir dayağa malik deyildir. Bir halda ki, siz bunun əksini iddia edirsiniz, o halda hər şeyi yerində yoxlayıb, buna münasib də qərar verərik. Müttəfiqlər dağıtmaq üçün yox, qurmaq üçün gəliblər. V.Tomson bəyanat verərək elan etdi ki, noyabrın 17-si səhər saat 10-a qədər Bakı şəhəri Azərbaycan və türk ordularından təmizlənməlidir: Bakı və onun neft mədənləri ingilislərin nəzarəti altına keçəcəkdir, ölkənin qalan hissəsi isə Azərbaycan hökumətinin və ordusunun nəzarəti altında olacaqdır. Azərbaycan rəsmi şəkildə tanınmır, lakin İngiltərə, Fransa və ABŞ nümayəndələri onun hökuməti ilə defakto əlaqə yarada­caqlar, bütün idarə və təşkilatlar bəzi dəyişikliklərlə fəaliyyət göstərəcəklər. General Tomson Bakının general-qubernatoru olacaq, ingilislər şəhər polisinə rəhbərlik edəcək, şəhər duması yenidən azad fəaliyyətə başlayacaq, Azərbaycan Paris sülh konfransında milli müqəddaratını təyinetmə prinsipi əsasında iştirak edəcək, L.Biçeraxov və onun dəstələri Britaniya ordusu ilə birlikdə Bakı­ya daxil olacaq və nəhayət, silahlı erməni dəstələri şəhərə buraxılmaya­caq.

Azərbaycan nümayəndə heyətinin Ənzəli danışıqları əhəmiyyətsiz olmadı. Ən əsası ona görə ki, Azərbaycanın Paris Sülh Konfran­sında iştirak edəcəyi, Bakıya erməni hissələrinin daxil olmayacağı barədə general Tomson öz üzərinə təəhhüdlər götürdü.

Noyabrın 17-də Tomsonun hərbi dəstələrinin Bakıya gəlişini şəhər əhalisi eyni cür qarşılama­dı. Rus və erməni milli şuralarının tərəfdarları sevinc içərisində idilər. Biçeraxov təyyarələrdən “Rusiya vətəndaşlarına” adlı intibahnamələr səpir, xristian əhalisini Bakının “Ana vətənə qovuşması” münasibəti ilə təbrik edirdi. General Tomsonun da iki gün sonra yaydığı bəyannamə eyni ruhda idi. General Biçeraxov daha irəli gedərək qurama “Qafqaz-Xəzər” hökuməti yaratdı, Bakıda çevriliş təşkil etmək üçün geniş fəaliyyətə başladı. Bakıdakı erməni və rus milli şuraları A.Biçeraxovun gəlişi ilə bağlı belə bir şayiə yayırdılar ki, guya Azərbaycan deyilən dövlət yoxdur, yalnız Rusiya vardır. Azərbaycan hakimiyyəti devrilməli və o, Biçe­raxovun başçılıq etdiyi Xəzəryanı hökumətlə əvəz edilməlidir. Milli Şura hazırkı fövqəladə şəraitdə Müəssislər Məclisinin çağırılmasının qeyri-mümkünlüyü ilə əlaqədar özünü parlamentə çevirməyi qərara aldı. Qanunların hazırlanması üzərində işləyən müvafiq komissiyanın Azərbaycan parlamentinin yaradılma­sı haqqında qanun layihəsi Milli Şura tərəfindən 1918-ci il noyabrın 20-də qəbul edildi.

Noyabrın 16-da Milli Şura beş ay­lıq fasilədən sonra yenidən fəaliyyətə başladı. Azərbaycan hökuməti təhrikçi hücumlara baxmayaraq, dövlət quruculuğu işini davam etdirir, parlamentin açılışına hazırlaşırdı. Par­lament açılanadək onun funksiyasını Milli Şura yerinə yetirirdi. Parlamen­tin əsas özəyini keçmiş Milli Şuranın 44 üzvü təşkil edirdi. Daha 36 deputat isə keçmiş milli komitələrin xətti ilə şəhər və qəzalarda seçilmişdi. Azərbaycan parlamenti 120 depu­tatdan ibarət olmalı, milli tərkibə uyğun olaraq 80 yer azərbaycanlılara, 21 yer ermənilərə, 10 yer ruslara verilməli idi. Yəhudi, alman, gürcü və polyak icmasının hərəsi üçün 1 yer, Həmkarlar İttifaqı Şurası və Neft Sənayeçiləri İttifaqı üçün 3 yer nəzərdə tutulmuşdu. Respublika ərazisində yaşayan bütün xalqların və hər iki cinsdən olan vətəndaşların seç­ki hüququ təsbit edildi. Azərbaycan bütün Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət oldu.

1918-ci il dekabrın 7-də Azərbaycan parlamenti təntənəli iclasla açıldı. F.X.Xoyski hakimiyyəti parlamentə təhvil verdi. Ciddi müzakirələrdən sonra Türkiyədə danışıqlar aparan Ə.M.Topçubaşov parlamentin sədri, H.Ağayev sədrin birinci müavini, R.Vəkilov isə katib seçildilər. Parlamentin qarşısında duran mühüm vəzifələrdən biri yeni hökuməti təşkil etmək idi. Hökumətin təşkili yenidən F.X.Xoyskiyə tapşırıl­dı. Dekabrın 26-da hökumətin tərkibi elan edildi. Koalisyon hökumətin tərkibində 3 nəfər rus var idi, ermənilər isə onlara təklif olunan 2 nazir kürsüsündən imtina etdilər.

Yeni hökumətin təşkilindən iki gün sonra dekabrın 28-də müttəfiqlərin Bakıdakı nümayəndəsi general V.Tomson elan etdi ki, F.X.Xoyskinin başçılığı ilə yaradıl­mış Azərbaycan hökumətini yeganə qanuni hakimiyyət orqanı hesab edir. General V.Tomsonun rus Milli Şura­sına Azərbaycan hökumətini tanımaq təklifi bu qurum tərəfindən qəbul edilmədi.

Biçeraxovun dəstəsinin dövlət çevrilişi cəhdinin üstü açıldıqdan sonra Azərbaycan hökumətinin tələbi ilə general V.Tomson “Qafqaz-Xəzər” hökumətini qanundan kənar elan edib, 48 saat müddətində Bakıdan uzaq­laşdırdı, daha sonra isə erməni hərbi hissələri tərksilah edilib buraxıldı.

Beləliklə, 1918-ci ilin dekabrın­dan etibarən ingilis komandanlığı Bakıda qoyulan məhdudiyyətləri tədricən azaltmağa başladı: Azərbaycan polisi, su nəqliyyatı və neft sənayesi, maliyyə idarələri, mətbuat üzərində nəzarət ləğv olundu. 1919-cu ilin aprelində Bakıda ingilis general-qubernatorluğunun ləğvi ilə əlaqədar Gəncədə təşkil olunmuş ilk Azərbaycan alayı paytaxta daxil oldu və xalq onu təntənə ilə qarşıladı.

1919-cu ilin aprelindən başlaya­raq ingilislər Paris Sülh Konfransının şərtlərinə uyğun olaraq, Qafqazı tərk etməyə başladılar və bu proses avqus­tun ortalarında başa çatdı. Azərbaycan hökuməti ingilis müdaxiləsi qarşısın­da nəinki öz varlığını qoruya bildi, həm də ingilis komandanlığını şəhərin idarəçiliyindən uzaqlaşdırmağa nail oldu. Lakin ingilislərin Bakını tərk etməsi, bir tərəfdən, Azərbaycanın müstəqilliyini möhkəmləndirirdisə, digər tərəfdən, Sovet Rusiyasının keçmiş imperiyanı əvvəlki sərhədlər çərçivəsində bərpa etmək istəyini sürətləndirdi. Qafqazda yaranmış müstəqil dövlətlər arasında mövcud olan ziddiyyətlər, ilk növbədə ərazi-sərhəd məsələlərindəki ziddiyyətlər xarici təhlükəni reallaşdırırdı.

1919-cu il aprelin 25-də Tiflisdə Azərbaycan, Dağıstan, Gürcüstan və Ermənistan nümayəndələrinin iştirakı ilə Qafqaz konfransı işə başladı. Konfransda siyasi, iqtisadi və maliyyə məsələləri, eləcə də sərhəd problemləri müzakirə olundu. Konf­ransın gedişində bu ölkələr arasında ərazi-sərhəd məsələləri ilə bağlı kəskin ziddiyyətlərin mövcudluğu məlum oldu. Keçmiş çar generalı De­nikinin könüllü ordusunun Dağıstana hücumu ilə konfrans öz işini dayan­dırmağa məcbur oldu.

“Vahid və bölünməz Rusiya” sərhədlərini bərpa etmək iddiasında olan Denikin 1919-cu ilin yazında Dağıstan Dağlılar Respublikasına soxularaq Dərbəndi işğal etdi. Çar generalının Azərbaycana təcavüzkar niyyətdə olduğu aşkara çıxdı. Par­lamentin fövqəladə iclasında qəbul olunmuş qərara əsasən sərhədlərin təhlükəsizliyini təmin etmək məqsədilə Dövlət Müdafiə Komitəsi yaradıldı və bütün hakimiyyət onun ixtiyarına keçdi.

Denikin təhlükəsi Gürcüstanı da ciddi narahat etdiyindən iyunun 16-da Gürcüstanla Azərbaycan arasında hərbi müdafiə paktı imza­landı. Bu pakta görə Azərbaycan və Gürcüstanın istiqlaliyyətinə və ərazi bütövlüyünə hər hansı dövlət tərəfindən təcavüz olunduğu təqdirdə onlar bir-birinə hərbi yardım göstərməli idilər. Üç il müddətinə bağlanan hərbi pakta Ermənistan iki həftə ərzində qoşula bilərdi. Lakin Ermənistan Denikinlə gizli müqavilə imzalamağı daha üstün tutdu. Hərbi pakta görə Azərbaycan Gürcüstandan 12 kiçik top, 12 dağ topu, 24 pu­lemyot, 3 min beşaçılan tüfəng, 211 qılınc, 795 nizə və s. hərbi ləvazimat aldı.

Birinci dünya müharibəsi 1918-ci ilin noyabrında başa çatsa da, onun nəticələrini reallaşdırmaq uzun bir vaxt tələb edirdi. Qalib dövlətlər müharibədən sonrakı dünyanın vacib məsələlərini həll etmək üçün Parisdə beynəlxalq sülh konfransının çağırıl­masına qərar verdilər.

Azərbaycan parlamenti Paris Sülh Konfransında iştirak etmək üçün tam səlahiyyətli və geniş hüquqlara malik nümayəndə heyəti göndərmək haqqında qərar qəbul etdi. Nümayəndə heyətinə rəhbərlik parlamentin sədri Ə.M.Topçubaşova tapşırıldı. Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirak etməkdə əsas məqsədi dünya dövlətləri tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasına nail olmaq idi. Konfransda iştirak etmək üçün 1919-cu ilin yanvarından icazə gözləyən Azərbaycan nümayəndə heyəti üç aylıq gərgin diplomatik-siyasi mübarizədən sonra ingilislərin köməyi ilə mayın əvvəllərində Parisə gedib çıxa bildi.

Mayın 28-də Azərbaycan nümayəndə heyətini ABŞ Prezi­denti V.Vilson qəbul etdi. Vilsona təqdim edilmiş memorandumda Azərbaycan respublikasının yaranma tarixi, onun bir ildə azadlıq yolunda verdiyi qurbanlardan bəhs olunurdu. Memorandumda göstərilirdi ki, bu mübarizədə Azərbaycanın iki şəhəri və 500 kəndi dağıdılmış, 150 min nəfərə qədər sakini qurban getmişdir. Təkcə İrəvan quberniyasında qısa bir müddət ərzində 200 müsəlman kəndi yandırılmış və 200 min nəfər müsəlman evsiz-eşiksiz qalmışdır. ABŞ Prezidentindən Azərbaycan istiqlaliyyətinin tanınması, Vilson prinsiplərinin (1. Hər bir millət xarakterindəki intellektual və mənəvi-dini xüsusiyyətlərinə görə seçilməlidir; 2. Hər bir millət öz tale­yini müəyyən etməyə qadir olduğunu göstərməlidir; 3. O, öz xərclərini ödəmək üçün iqtisadi, təbii və maliyyə vasitələrinə malik olmalıdır; 4. O, özünü xarici təcavüzdən qoruya bilməlidir; 5. O, tabe olduğu ölkənin hökumətinin zülmündən əziyyət çəkmiş olmalıdır) Azərbaycana aid edilməsi, Azərbaycanın Millətlər Cəmiyyətinə qəbul edilməsi, ABŞ-ın Azərbaycana hərbi sahədə yardım göstərməsi, ABŞ-la Azərbaycan ara­sında diplomatik və iqtisadi əlaqələrin bərqərar edilməsi məsələlərində Azərbaycan nümayəndə heyətinə kömək göstərilməsi xahiş olunur­du. Lakin ermənipərəst V.Vilson Azərbaycan nümayəndə heyətini soyuq qarşıladı, nümayəndə heyətinə konfederasiya ideyasını müdafiə etməyi, Millətlər Cəmiyyətinin mandatı ilə böyük dövlətlərdən birinin bu konfederasiya üzərində qəyyumluğunu qəbul etməyi məsləhət gördü.

 

(ardı var)

 

Anar İSGƏNDƏROV,

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, tarix elmləri doktoru, professor

Xalq qəzeti  2020.-20 may.- S.6.