Fenomenal liderlik və mükəmməl idarəçilik örnəyi

 

Uzunmüddətli tarixi mücadilə nəticəsində istiqlalına qovuşaraq dünya miqyasında özünütəsdiq imkanı qazanmış hər bir xalqın təkamül və tərəqqi yolunun uğurları məhz lider amili ilə şərtlənmişdir. Konkret siyasi şəraitdə ta­leyüklü qərarlar qəbul etmək, kütləni arxasınca aparmaq məharəti ilə seçilən belə dahi şəxsiyyətlər uzaqgörənliklə cızdıqları yol xəritəsi ilə mənsub olduqları dövlətlərin gələcək mövcudluğuna etibar­lı təminat yaratmışlar. Elmi-texniki, humanitar və mədəni intibahda tamamilə yeni mərhələ açan, inno­vasiyalar əsri kimi səciyyələnən XX yüzillikdə belə liderlərin öz xalqlarının taleyində oynadıqları misil­siz xidmətlər daha qabarıq diqqət çəkmişdir. Belə siyasi liderlərin yüksək idarəetmə məharəti onların rəhbərlik etdiyi dövlətlərin və xalqların taleyində müstəsna rol oynamışdır.

Tarixdən liderlərin xilaskarlıq və quruculuq missiyası ilə bağlı çox misallar gətirmək mümkündür; Rusi­ya Böyük Pyotrun vəsiyyətlərini bu gün də unutmur, onun üç əsr öncəki siyasət üslubuna Rusiyanın daxili və xarici siyasət konsepsiyasında hər zaman istinad edilir. Hindistan Ma­hatma Qandinin müəyyənləşdirdiyi ideoloji prinsiplərə söykənərək davamlı inkişafdadır. ABŞ bu ölkənin böyük dövlət xadimlərinin və İstiqlaliyyət Bəyannaməsinin müəlliflərinin önə çəkdiyi prinsipləri əsas götürür. Mao Tszedunun və Den Syaopinin əsasını qoyduğu “iqtisadi inqilab” Çinin hazırkı uğurlarına, dünyanın ən böyük fövqəlgücünə çevrilmə məramına ciddi təminatdır. Qardaş Türkiyə məhz böyük Mustafa Kamal Atatürkün ideyaları əsasında əbədiyaşarlıq qazanır. Bu gün ingilislər Uinston Çörçili, fran­sızlar Şarl de Qolu, almanlar Otto fon Bismarkı, Konrad Adenaueri necə böyük ehtiramla xatırlayırlar­sa, azərbaycanlılar da ümummilli lider Heydər Əliyevi eyni böyük səmimiyyətlə, rəğbətlə anırlar.

Çağdaş tariximizin görkəmli siması, dahi siyasətçisi olan Heydər Əliyev bu gün milyonlarla azərbaycanlı üçün əsl şəxsiyyət idealına çevrilmiş, respublikamı­zın tərəqqisindəki yarım əsrlik bir mərhələ – 50 illik şanlı inkişaf dövrü onun fenomen liderliyi ilə yazılmışdır. Heydər Əliyev tarix salnaməsinin XX əsr üçün taleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı, aparıcısıdır. Ümummilli liderlik zirvəsinə yüksəlmiş dahi şəxsiyyət xalqımızın malik olduğu milli potensiyanın, ali şüurun, modern təfəkkürün, bir sözlə, tükənməz enerjinin istiqlal idealı naminə realizəsində misilsiz xidmətlər göstərmişdir.

Yarım əsr əvvəl – 1969-cu ilin 14 iyulunda Azərbaycanda siya­si rəhbərliyə irəli çəkilən Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək xalqın milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başla­mışdır. Milli özünüdərkin ifadəsinə xüsusi diqqət yetirən Heydər Əliyev xalqın tarixi yaddaşının özünə qayıtması, milli ruhun oyanması istiqamətində konkret işlər görməklə müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi üçün əsaslı zəmin hazırlamışdır.

Həmin dövrdə milli müstəqillik üçün Azərbaycanın iqtisadi po­tensialının artırılmasının, onun SSRİ məkanında birincilər cərgəsinə çıxarılmasının vacibliyini əvvəlcədən görən ulu öndər Heydər Əliyev respublikada genişmiqyaslı dəyişikliklərə start vermiş, iqtisadi və sosial sahələrdə dərin struktur is­lahatları aparmış, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaratmışdır. Məhz Heydər Əliyevin səyləri ilə SSRİ hökuməti Azərbaycanla əlaqədar hərtərəfli yüksəlişi və intensiv inki­şafı nəzərdə tutan mühüm qərarlar qəbul etmişdi. O dövrdə Azərbaycan xalqı üçün, sözün əsl mənasında, tarixi əhəmiyyət daşıyan bu mü­hüm qərarlar 70-80-ci illər arasın­da və daha sonrakı perspektivdə ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə kompleks məsələləri müəyyənləşdirmişdir.

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biri də məhz ana dilinə həssas münasibət olmuşdur. Heydər Əliyev cəmiyyətə milliləşmə zəruriliyi mesajını ver­miş, milli dilə, dinə, dəyərlərə bağlı olmağı, tarixi irsi yaşatmağı icti­mai fikrə böyük müdrikliklə təlqin etmişdir. 1978-ci ildə qəbul edilmiş Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması ulu öndər Heydər Əliyevin müdrikliyi­nin və dahiyanə uzaqgörənliyinin daha bir parlaq nümunəsi, həm də Azərbaycanın gələcək müstəqilliyinə hesablanmış bir addım idi.

Respublikanın o zamankı gənc və enerjili rəhbəri dövlət idarəetmə strukturlarında, xüsusən də, yüksək vəzifələrdə çalışan məmurların azərbaycanlı olmasına diqqət yetirir, bununla əlaqədar konkret addım­lar atırdı. SSRİ-nin digər zorən müttəfiq dövlətlərində olduğu kimi, Azərbaycanda da kosmopolit əhval-ruhiyyə hökm sürdüyündən, milli kadrların hazırlanması arxa plana keçmişdi. Bu mənfi tendensiyaya da məhz Heydər Əliyev hakimiyyətinin ilk dövrlərindən etibarən son qoyul­muş, milli şüura malik olan, milli düşüncə ilə yaşayan, milli mentalite­tin daşıyıcısı sayılan gənc kadrların idarəçiliyə cəlb edilməsinə start verilmişdi.

Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə ulu öndər Azərbaycan xalqının tarixi keçmişinin so­vet ideologiyasının təsiri altında deformasiyaya məruz qalmasının qarşısını almaq məqsədilə konkret addımlar atmışdır. Belə addımlardan biri də şanlı Azərbaycan tarixində iz qoymuş böyük şəxsiyyətlərin abidələrinin ucaldılması, adlarının müxtəlif obyektlərə verilməsi ilə əbədiləşdirilməsi, tarixi-mədəni abidələrin bərpası idi. 70-ci illərdə respublikada görkəmli şəxslərin, elm, təhsil və mədəniyyət ocaq­larının yubileylərinin dövlət səviyyəsində keçirilməsi ənənəsi də formalaşırdı. Şəxsən ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Nəriman Nərimanovun anadan olmasının 100 illiyi, İmadəddin Nəsiminin 600 illiyi, Azərbaycan Akademik Milli Dram Teatrının 100 illiyi, Azərbaycan Dövlət Rus Dram Teatrının 50 illiyi, “Azərbaycan qadını” jurnalının 50 illiyi, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Səməd Vurğunun, Cəfər Cabbarlının, Məmməd Səid Ordubadinin, Aşıq Ələsgərin və bir çox mədəniyyət və incəsənət xadimlərinin yubileyləri keçirilmişdi.

1975-ci ildə böyük bəstəkar Üzeyir Hacıbəylinin yubileyi münasibətilə onun ev-muzeyi yaradılmışdı. 1976-cı ildə Səməd Vurğunun 70 illik yubileyinə hazırlıq ərəfəsində onun da ev-muzeyi təşkil edilmişdi. Cəfər Cabbarlının 80 illik yubileyi ərəfəsində onun həm ev-muzeyi yaradılmış, həm də Bakıda möhtəşəm abidəsi ucaldılmışdı. Bu illərdə, həmçinin, İmadəddin Nəsimiyə də abidə qoyulmuş, Bülbülün ev-muzeyi təşkil edil­miş, Cəlil Məmmədquluzadənin ev-muzeyinin yaradılması ilə bağlı qərar qəbul olunmuşdu. 1937-ci ildə repressiyaya məruz qalaraq Sibirə sürgün olunmuş görkəmli drama­turq Hüseyn Cavidin nəşini Uzaq Sibirdən Azərbaycana gətirmək üçün apardığı mübarizə də ulu öndərin milli irsə nə qədər sayğı və ehtiram­la yanaşan, heç bir siyasi riskdən çəkinməyən şəxsiyyət olduğunu bir daha təsdiqləyir.

Azərbaycanın gələcək müstəqilliyi üçün ulu öndər milli hərbi potensialın gücləndirilməsinin də vacib olduğunu yaxşı görür, respublika üçün hərbi kadrların hazırlanmasının zəruriliyini əsas götürərək hərbi təhsilin inkişafına böyük önəm verirdi. Bu səbəbdən, Moskvanın milli hərbi kadrla­ra inamsızlıq siyasətinin əksinə olaraq, azərbaycanlıların hərbi peşələrə kütləvi şəkildə getməsi, zabit kimi yetişməsi üçün müxtəlif tədbirlər həyata keçirildi. Bunun da nəticəsində Bakı Ali Ümum­qoşun Komandirləri Məktəbinə azərbaycanlı gənclərin qəbulu bir neçə dəfə artırıldı, Cəmşid Naxçıvanski adına Hərbi Məktəb fəaliyyətə başladı. Həmin məktəbi bitirən gənclər ölkənin hərbi ali təhsil ocaqlarına qəbul olunurdu­lar. Heydər Əliyev azərbaycanlı gənclər üçün bu məktəblərdə hər il müəyyən sayda müsabiqəsiz yerlər alırdı. 1981-ci ildə isə Heydər Əliyev C.Naxçıvanski adına Hərbi Məktəbin 10 illik yubileyinin keçirilməsi barədə xüsusi sərəncam imzalamışdı.

Bütün bunların fonunda bir daha əminliklə demək olar ki, 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyası­na görə Azərbaycanın quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Azərbaycan məhz bu illərdə de-fakto müstəqilliyi üçün etibarlı zəmin formalaşdırdı. Lakin Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə irəli çəkildikdən sonra respublikaya rəhbərlik edən naşı rəhbərlər, təəssüf ki, Azərbaycanı yenidən iqtisadi və mənəvi tənəzzül məngənəsinə sürüklədilər. 80-ci illərin sonuna yaxın bədnam qon­şularımız imperiya rəhbərliyinin himayəsi altında Azərbaycana qarşı aşkar ərazi iddiaları ilə çıxış etməyə başladılar. Bütün bunlara göz yuma bilmədiyi üçün SSRİ rəhbərliyindən istefaya gedən Heydər Əliyev hətta təqaüddə olarkən də millətinin haqq səsini ucaltmaqdan çəkinmirdi. 1990-cı ilin qanlı yanvarından dərhal sonra oğlu İlham Əliyevlə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedən bu feno­men şəxsiyyət imperiya rəhbərliyini Kremlin bir addımlığında ən sərt ittihamlara məruz qoymuş, xalqının faciəsinə vətənpərvərliklə reaksiya vermiş, dərdinə şərik çıxmışdır.

Dövlət müstəqilliyinin ilk illərindəki acınacaqlı ictimai-siyasi, iqtisadi durum lider fenomeninin milli inkişafdakı müstəsna rolu­nu bir daha təsdiqləyir. Təəssüflə qeyd etmək lazımdır ki, 1991-ci ilin oktyabr ayından 1993-cü ilin iyun ayınadək ölkədə cərəyan edən xaotik proseslər fonunda Azərbaycan dövlətinin mövcudluğunun qoru­nub saxlanılması özü milli ideyaya çevrilmişdi. Bu mərhələdə respub­likada cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, eyni za­manda, ölkənin müstəqilliyi üçün real təhdidlərin baş qaldırması, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, hüquqi nihilizmin, xaos və anarxiya mühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış acı­nacaqlı vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər.

Ulu öndər Heydər Əliyev bu mərhələdə ictimai-siyasi sabitliyi təmin etmiş, respublikanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sür­müş, eyni zamanda, mütərəqqi dəyişikliklərin ictimai şüurda tədricən qəbul olunması zərurətini önə çəkmişdir. Böyük öndərin irəli sürdüyü milli ideya Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf strategiyasının təməli olmuş­dur. İctimai-siyasi sabitlik amili bu strategiyanın əsas dayaqlarından və istinad nöqtələrindən biri kimi çıxış etmişdir.

Azərbaycan xalqının mil­li ideologiyasının vahid sistem halına gətirilməsi də məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə Azərbaycana sədaqətlə xidmət edən umummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideo­logiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji-nəzəri əsaslarını irəli sürmüşdür. Böyük strateq azərbaycançılığın tarixən for­malaşmış ayrı-ayrı komponentlərini vahid konsepsiyada birləşdirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri ba­zasına çevirmiş və praktikada uğurla tətbiq etmişdir.

Ulu öndər 1993-2003-cü illərdə dövlət qulluğu üçün milli kadrla­rın hazırlanması işini daha geniş miqyasda, sistemli şəkildə davam etdirmişdir. Ulu öndərin rəhbərliyi ilə dövlət idarəetmə orqanlarının işinin dövrün tələblərinə uyğun yenidən qurulması, keyfiyyətli kadr korpusunun yaradılması, nazirlik və komitələrin müvafiq istiqamətlər üzrə vahid dövlət siyasətini həyata keçirən hakimiyyət orqanlarına çevrilməsi istiqamətində zəruri tədbirlər görülmüşdür.

Ümumilikdə, müdrik rəhbərin idarəçilik metodu, dövlət qulluğunda üstünlük verdiyi meyarlar koman­dadakı müsbət əhval-ruhiyyəni daha da gücləndirirdi. Ulu öndərin yüksək vətənpərvərliyi, ekstremal situasi­yalarda düzgün və ədalətli qərarlar qəbul etmək bacarığı, tükənməz enerjisi, işgüzarlığı, intuisiyası onun rəhbərlik etdiyi komandanın çevikliyinə və işləkliyinə təkan verir, məmurlarda məsuliyyəti, dövlət strukturlarında şəffaflıq və hesa­batlılığı gücləndirirdi. Qeyri-adi, strateji düşüncə sahibi olan böyük öndər Heydər Əliyev həmişə ölkənin gələcəyi haqqında düşünərdi.

U.Çörçilin bir sözü var: “Dövlət xadimlərini siyasətçilərdən fərqləndirən odur ki, birincilər ölkənin gələcəyi haqqında, ikincilər isə qarşıdakı seçki barədə düşünürlər”. Tarix sübut edir ki, ölkənin gələcəyini düşünənlər yaşadıqları dövrün nəbzini tutmağa, hansı işləri görməyin zəruri oldu­ğunu dəqiq müəyyənləşdirməyə çalışırlar. Azərbaycanın müasir xarici siyasətində də bu prinsiplərin birmənalı şahidi olmaq mümkün­dür. Məhz ulu öndərin diplomatik səyləri nəticəsində regionda əsas söz sahibi kimi çıxış etməyə iddialı bəzi dövlətlərin respublikamıza bərabərhüquqlu tərəfdaş kimi ya­naşmaq məcburiyyətində qalması, Bakı ilə təzyiq və təhdid dilində danışmağın mənasızlığını dərk etməsi Azərbaycanın diplomatiya­sının mühüm uğurlarından biri kimi vurğulana bilər. Ümummilli liderin rəhbərliyi dövründə Azərbaycan xarici siyasətdə öhdəliklərə sadiqlik, şəffaflıq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq kimi aparıcı istiqamətlərə nail olmuş, region dövlətləri ilə hərtərəfli əlaqələrinin genişləndirilməsində mehriban qon­şuluq prinsiplərini təşviq etmişdir.

Ümummilli lider Heydər Əliyev yüksək liderlik keyfiyyətlərinə malik xarizmatik şəxsiyyət kimi usta diplomatik gedişlərlə ən güclü dövlətlərlə belə bərabərhüquqlu tərəfdaş kimi münasibətlər qurur, ölkəmizin maraqlarını müdafiə edir­di. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apa­rılan müzakirələrdə bu cür faktların dəfələrlə şahidi olmuşuq. Ulu öndər Heydər Əliyev həmin danışıqlarda iştirak edən ABŞ, Rusiya və Fran­sanın dövlət rəhbərlərini, təcrübəli diplomatları inandırmaq, onların düşüncəsinə təsir etmək bacarığı ilə Azərbaycan dövlətinin maraqlarını təmin edə bilirdi. Ümummilli liderin ABŞ-ın o dövrdəki vitse-prezidenti Albert Qora verdiyi məntiqli cavab onun yüksək diplomatik bacarığı­nı, milli mənafeləri müdafiə etmək əzmini nümayiş etdirirdi. Heydər Əliyev “Dünya ilə savaşmamağa və Dağlıq Qarabağdan vaz keçməyə” eyham edən A.Qora “Siz Prezident Administrasiyasını təmsil edirsiniz, mən isə Azərbaycan xalqını, mən xalqımın mənafeyinə uyğun olmayan sənədə imza ata bilmərəm” cavabını vermiş, yalnız bu cavabdan sonra masa üzərindəki sənəddə düzəliş edilmişdi.

Rusiya Federasiyasının keç­miş Prezidenti Boris Yeltsin ilə də bir neçə dəfə analoji dialoqlar olmuşdu. Bütün bu situasiyalarda ulu öndər Heydər Əliyevə yüksək sayğı nümayiş etdirilməsi dünya liderlərinin onun şəxsiyyətinə, li­derlik keyfiyyətinə yüksək hörmətlə yanaşmalarının nəticəsi idi. Sözün həqiqi mənasında, Heydər Əliyevin şəxsiyyət kimi ali keyfiyyətləri mükəmməl şəkildə onun liderlik qabiliyyətində öz ifadəsini tapmışdı.

Hər bir liderin böyüklüyü təkcə onun ideyalarının gücü ilə deyil, həm də özündən sonra layiqli davamçı, lider yetişdirmək, hakimiyyət süka­nını etibarlı əllərə ötürmək əzmi ilə ölçülür. Ulu öndər Heydər Əliyevin şəxsiyyət və lider kimi böyüklüyü həm də əsasını qoyduğu siyasəti yeni dövrün tələblərinə uyğun davam etdirə biləcək qüdrətli lider və etibar­lı davamçı yetişdirməsindədir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəllifliyi ilə son 17 ildə Azərbaycanın möhtəşəm inkişaf salnaməsinin yeni parlaq səhifələri yazılır. Heydər Əliyevin strateji inki­şaf kursunu müasir mərhələyə uyğun zənginləşdirən dövlət rəhbərinin yürütdüyü məqsədyönlü siyasətin uğurları çağdaş Azərbaycanın şanlı tarixinə çevrilir. Bəli, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin hələ 50 il əvvəl müəyyənləşdirdiyi və həyata keçirdi­yi siyasət bu gün uğurla davam etdi­rilir. Cəmiyyət dinamik inkişaf edir, müasir dünyada gedən proseslərə uyğun olaraq Azərbaycanın sosial-iqtisadi həyatında, qanunlarında, in­sanların həyat tərzində, idarəçilikdə müvafiq dəyişikliklər həyata keçiri­lir. İnsanların təfəkkür, düşüncə tərzi hazırkı dövrün çağırışlarına uyğun olaraq yeniləşir, müasirləşir. Eyni zamanda, milli özünəməxsusluq və adət-ənənələr də qorunub saxlanılır.

Fransız sərkərdəsi və dövlət xadi­mi Napoleon demişdir ki, “Siyasətdə dahilik mümkün olanla müm­kün olmayanı fərqləndirə bilmək qabiliyyətidir”. Bu prizmadan yanaş­dıqda, Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünyanın yeni iqtisa­di və siyasi münasibətlər sisteminə dərindən bələd olan praqmatik lider­lik keyfiyyətləri, reallığa əsaslanan siyasət yürütməsi qabarıq görünür. Ölkə başçısının son 17 ildə reallaş­dırdığı iqtisadi islahatlar nəticəsində Azərbaycan müasir keyfiyyət və iqtisadi yüksəliş mərhələsini yaşayır. Möhtərəm Prezidentimiz İlham Əliyevin iqtisadi modernləşməni davamlı və sonu görünməyən proses kimi dəyərləndirməsi isə yeni elmi yanaşma kimi böyük maraq do­ğurur: “Biz gələcəyə baxmalıyıq. Bizi gələcəkdə nələrin gözlədiyi bizdən asılıdır. Azərbaycan xalqın­dan asılıdır. Biz seçimimizi etmişik. Azərbaycan artıq müasir ölkədir. Ancaq müasirləşmənin limiti, hüdud­ları yoxdur. Bu, əbədi bir prosesdir, sonsuz bir prosesdir”.

Dövlətimizin başçısı ölkədə vətəndaş-məmur münasibətlərinin sağlamlaşdırılması, idarəetmədə şəffaflığın təmin edilməsi, hüquq qaydaları ilə bir araya sığmayan neqativ amillərin aradan qaldırılma­sı ilə bağlı kifayət qədər prinsipial mövqedə olduğunu dəfələrlə ifadə etmişdir. Cənab İlham Əliyevin mü­vafiq fərmanı ilə hələ 2012-ci il iyul ayının 13-də yaradılan Prezident ya­nında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və bu qurumun “ASAN xidmət” mərkəzləri ölkəmizdə vətəndaş-dövlət qulluqçusu münasibətlərini yeni səviyyədə qurmağa imkan ve­rib. Azərbaycan brendi olan “ASAN xidmət” xüsusilə şəffaflığın təmin olunmasında, bürokratik əngəllərin, korrupsiya və bu qəbildən olan digər mənfi halların aradan qaldırılmasın­da mükəmməl mexanizmdir.

Digər tərəfdən, Prezident İlham Əliyev məhkəmə-hüquq islahatla­rının davam etdirilməsində güclü siyasi iradə nümayiş etdirir. Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlarla respub­likamızda məhkəmə sisteminin müasirləşdirilməsi, bəzi məhkəmə instansiyalarının fəaliyyəti ilə bağlı vətəndaşlarda narahatlıq doğuran məqamların aradan qaldırılması istiqamətində dönüş yaranmışdır.

Bəli, son 17 ildə ölkəyə inam­la rəhbərlik edən Azərbaycan Prezidenti cənab İlham Əliyevin praqmatik və rasional təfəkkürlü lider olaraq qarşıya qoyduğu ən mühüm vəzifə müasir dövlət, müasir iqtisadiyyat və müasir cəmiyyətin yaradılmasıdır. Cəmiyyətdə mütləq çoxluğun mənafeyini dolğun şəkildə əks etdirən bu məqsədlər qlobal səciyyə daşıması, mütərəqqi və nəcib mahiyyəti ilə ictimai şüurda möhkəmlənir, tədricən inkişaf edərək milli ideya səviyyəsinə yüksəlir.

2018-ci ilin 11 aprel seçkilərindən sonra ölkədə sistem xarakterli islahatların keyfiyyətcə yeni mərhələsi başlanmış, insan amilinin yüksəlişinə, hakimiyyətlə xalq arasında mənəvi bağların daha da güclənməsinə xidmət edən qərarlar qəbul edilmişdir. Müasirliyi, novatorluğu ilə fərqlənən, innovasi­yaları mənimsəyən kadrların dövlət idarəetməsində irəli çəkilməsi qarşı­ya qoyulmuş strateji hədəflərin real­laşdırılmasına xidmət edir. Vətəndaş məmnunluğunun bütün səviyyələrdə təmin edilməsi, səmərəli idarəçilik sisteminin formalaşdırılması məramı xüsusi önə çəkilir.

Şübhəsiz, ölkənin məmur və idarəçi elitasını gəncləşdirmədən, həmin elitanı bu və ya digər fəaliyyət sahəsində uğur rəmzinə çevrilmiş, müvafiq praktik iş təcrübəsinə malik insanlar hesabına genişləndirmədən qarşıya qoyulmuş strateji hədəflərə yetişmək mümkün deyildir. Bu ba­xımdan, 2016-cı ilin 26 sentyabrında keçirilmiş ümumxalq referendumu­nun nəticəsi olaraq Azərbaycanın Birinci vitse-prezidenti postunun təsis edilməsi, Mehriban xanım Əliyevanın bu posta təyinatı islahat­ların uğurla reallaşdırılmasına əsaslı təkan olmuşdur.

Demokratik inkişaf və modernləşmə yalnız yüksək mad­di rifah şəraitində özünə möhkəm ictimai dayaqlar tapa bilir. Təsadüfi deyildir ki, Prezident cənab İlham Əliyevin fəaliyyətində iqtisadiyyat həyata keçirilən islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. Təkcə son bir ildə həyata keçirilmiş inqilabi sosial islahat­lar paketi Azərbaycanda xalqın mənafeyinin ön planda olduğunu bir daha təsdiqləyir. Son bir ildə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olmuş insanların ailələrinə birdəfəlik ödəniş edilmiş, minimum əməkhaqqı, sosial müavinət, pensiya və tələbə təqaüdləri artırılmış, zəlzələdən ciddi zərər çəkmiş vətəndaşlar üçün evlərin inşasına başlanılmış, devalvasiya nəticəsində bankla­ra borcu yaranmış vətəndaşların borcları müəyyən şərtlərlə kom­pensasiya edilmişdir. 2019-cu il aprelin 1-də imzalanmış “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam əsasında 14 kateqoriya üzrə sosial müavinətlər, 7 kate­qoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılmışdır. Dövlətimizin başçısının imzaladığı sərəncamlar sosialyönümlü islahat­ların davamlı səciyyə daşıdığını bir daha təsdiqləmişdir.

Son aylarda koronavirus infeksi­yasının geniş yayılması ilə bağlı bü­tün dünya ölkələrində yaranmış ağır maliyyə-iqtisadi, mənəvi-psixoloji çətinliklər obyektiv proses kimi Azərbaycandan da yan keçməmişdir. Bununla belə, əminliklə deyə bilərik ki, dövlət başçısı cənab İlham Əliyevin ilk günlərdən pandemi­yanın yayılma arealını və sürətini, mümkün riskləri düzgün analiz etməklə təsirli qabaqlayıcı tədbirlərə başlaması respublikamızın qlobal təhlükədən maksimum az itki ilə çıxmasını təmin etmişdir. Dövlət başçısının göstərişinə əsasən, pandemiyadan zərər çəkmiş, iş yerini itirmiş və yaxud da işləməyən 600 min nəfərədək vətəndaşa 2 ay müddətində 190 manat məbləğində sosial ödəmənin verilməsi təmin olunur. Aztəminatlı ailələrə maliyyə yardımının göstərilməsi və sosial baxımdan həssas əhali qrupu­na aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək də bu proqra­mın tərkib hissəsidir. Ünvanlı sosial yardım alanların sayının artırılması, özünüməşğulluq proqramlarına cəlb edilən ailələrin əhatəsinin genişləndirilməsi, ictimai əsaslı iş yerlərinin yaradılması və digər sosial tədbirlər yüzminlərlə insanın sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Eyni zamanda, əhalinin elektrik enerjisinin kommunal limi­tinin artırılması proqramı da birbaşa sosial xarakterlidir.

Bu gün qürurla deyə bilərik ki, ulu öndər Heydər Əliyevin xaos və hərc-mərclikdən, parça­lanmaq təhlükəsindən, vətəndaş müharibəsindən xilas edib dina­mik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda regionun sürətlə inkişaf edən, yeniləşən, müasirləşən dövlətinə çevrilmişdir. Respublika­mız pandemiya dövründə iqtisadi müvazinətini qoruyub saxlayıb, sosi­al və infrastruktur yönümlü layihələr həyata keçirir, mümkün risklərə qarşı qabaqlayıcı tədbirlər görür.

Vaxtilə Mark Avreli demişdi: “Əgər hökmdarlar filosof, filosof­larsa hökmdar olsaydı, bəşəriyyət necə də xoşbəxt olardı”. Bu mənada, Heydər Əliyev hər iki ucalığı öz şəxsində bir araya gətirən unikal şəxsiyyət idi. Əgər o, öz adını tarixə Azərbaycanı xoşbəxtliyə doğru aparan qüdrətli dövlət xadimi kimi yazmasaydı, tarix onu dünyanın ən müdrik filosoflarından biri kimi xatırlayacaqdı.

Bu gün yalnız onunla təsəlli tapırıq ki, ulu öndərin ideyaları xalqımız tərəfindən qəbul olunur, yaşadılır, birmənalı dəstəklənir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf yolu, mükəmməl idarəçilik ənənələri xalqın və dövlətin tərəqqisi naminə aparılan islahatlara daimi mayakdır. Cəmiyyətdəki həlledici çoxluq inanır ki, cənab İlham Əliyevin çoxşaxəli fəaliyyəti Azərbaycanı iqtisadi cəhətdən daha da qüdrətli, firavan və inkişaf etmiş dövlətə çevrilməsini təmin edəcək, respublikamız insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində daha böyük uğurlara imza atacaqdır.

 

Kamal ADIGÖZƏLOV

Xalq qəzeti  2020.- 20 may.- S.4.