Uğurlu siyasətiniz Azərbaycana başucalığı gətirir,
cənab Prezident!
“Əvvələn, Sizi
ötən böyük bayram
– Qələbə Günü münasibətilə
təbrik etmək istərdim. Həmçinin, pandemiyaya
qarşı mübarizədə bizə kömək göstərmək
barədə qəbul etdiyiniz qərara
görə təşəkkürümü bildirmək istərdim.
Bir neçə gün
bundan əvvəl, ötən həftə
biz xüsusi təyyarə
ilə Sizin göndərdiyiniz
yardımı qəbul etdik. Bütün xalqımız adından Sizə təşəkkürümü
bildirirəm ki, Bakıdan olan
qardaşlarımız bu ağır vəziyyətdə
bizə kömək etmək qərarına gəliblər.
Bilirəm ki, Sizin
ölkədə də pandemiya ilə
mübarizə aparılır. Onu da bilirik ki,
Siz bunun öhdəsindən
layiqincə gəlirsiniz...” Bu fikirləri Moldova Respublikasının Prezidenti
İqor Dodon Prezident İlham Əliyevlə
videokonfrans formatında mayın 18-də keçirilmiş görüş
zamanı azərbaycanlı həmkarına xitabən demişdir. Dövlətimizin
başçısı cavabında bildirmişdir
ki, Azərbaycanın bu
çətin gündə Moldovaya həmrəylik
göstərməsi təbiidir. Çünki
məhz çətin vaxtda bir-birinə dəstək
göstərilməlidir...
Bəli, cari ilin əvvəlindən bəri bəşəriyyətə
qənim kəsilmiş yeni növ koronavirus pandemiyası
böyüklüyündən-kiçikliyindən
asılı olmayaraq, dünyanın əksər
ölkələrini diz çökdürmüşdür.
İnsanlar arasında
COVİD-19-a yoluxma və
pandemiyadan ölüm
hallarının sayı durmadan artır. Qəribədir ki, koronavirusa
yoluxanların və ölüm faktlarının
sayına görə
dünyanın supergücü
– ABŞ və Avropanın
ən çox inkişaf etmiş dövlətləri öndə
gedirlər.
Şübhəsiz pandemiya Azərbaycandan da yan keçmir. Amma, Allaha şükürlər
olsun ki, ölkəmiz bu mücadilədən daha az itki ilə ötüşür.
Çox az
sayda ölənlər
var və ciddi məhdudlaşdırıcı
tədbirlər sayəsində
infeksiyaya yoluxmuş insanların sayı da nisbətən azdır.
Prezident
İlham Əliyevin də qeyd etdiyi
kimi, bu ilin dörd ayında bizdə ümumi daxili məhsulun artımı 0,2 faiz olub.
Sənaye sektorunda vəziyyət
daha yaxşıdır.
Ölkəmizin qeyri-enerji
sənayesində 13 faizdən
çox artım var. Əlbəttə, koronavirus
ÜDM-ə və iş
yerlərinə zərbə
vurur. Bunun qarşısını almaq üçün Azərbaycan 2 milyard avro həcmində çox ciddi iqtisadi və sosial paketi işə
salmışdır.
Qeyd etdiyimiz
kimi, ölkəmiz köməyə daha çox ehtiyacı olan dövlətlərdən
və beynəlxalq qurumlardan da yardımını əsirgəmir. Təkcə onu
deyək ki, Azərbaycan indiyədək
Ümumdünya Səhiyyə
Təşkilatına iki
dəfə – hərəsində
5 milyon dollar olmaqla ianə vermişdir. Bütün bunlar həm xaricdə, həm də ölkə daxilində böyük rəgbətlə və razılıq hissi ilə qarşılanır.
Azərbaycan Prezidentinə ünvanlanmış
çoxsaylı məktublar
da bundan xəbər verir.
İstanbuldan məktub: Sizinlə
qürur duyuram!
Hörmətli cənab Prezident!
Ulu öndər
Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı
kimi hakimiyyətə gəldiyiniz gündən bəri dəqiq hədəflərə hesablanmış
uğurlu daxili və xarici siyasətinizi dəstəkləyir
və alqışlayıram. COVID-19 infeksiyasının
qlobal miqyasda yayıldığı şəraitdə
Sizin rəhbərliyinizlə
həyata keçirilən
effektiv dövlət proqramları sayəsində
ölkəmiz bu virusdan daha az
zərər görən
dövlətlər sırasındadır.
Sizin humanizm prinsiplərinə əsaslanan sosial siyasətiniz nəticəsində
vətəndaşların pandemiya
dövründə sağlamlığının
və sosial rifahının qorunması
yüksək səviyyədə
təmin edilməkdədir.
Aztəminatli ailələrin müavinətlərinin
artırılması, işsizlər
üçün əlavə
müavinətlərin təyin
edilməsi, bu çətin dövrdə
ölkə iqtisadiyyatının
inkişafının qorunub
saxlanılması istiqamətində
qəbul etdiyiniz qərarlar, xaricdə olan soydaşlarımızın
respublikamıza gətirilməsinin
yüksək səviyyədə
təşkili xalqımız
tərəfindən rəğbətlə
qarşılanır.
Möhtərəm cənab Prezident, bu çətin günlərdə xalqa dəstək olduğunuza,
xalqımızın firavanlığı
yolunda yorulmadan çalışdığınıza görə Sizə və ən yaxın silahdaşınız
Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz adımdan və ailəmin adından təşəkkür edirəm.
Əziz
Prezidentim, mən Türkiyənin İstanbul
Universitetində hüquq
təhsili alan
gənc azərbaycanlı
olaraq Sizinlə qürur duyuram. Uca Tanrı Sizi və Azərbaycanımızı
qorusun! Biz Sizinlə güclüyük!
Hörmətlə,
Firuzə
Rəcəbova.
Türkiyə Cümhuriyyəti, İstanbul
şəhəri
Məcburi köçkünlər Sizə təşəkkür
edirlər
Möhtərəm Prezident!
Bütün dünyanın koronavirus
pandemiyasından əziyyət
çəkdiyi bir vaxtda Sizin
qabaqlayıcı tədbirləriniz
xalqımızı bu
xəstəlikdən qorudu.
Hamımız gördük ki,
Siz gecə və gündüz yorulmadan çalışdınız,
bütün gücləri
səfərbər etdiniz,
“Biz birlikdə güclüyük!”
çağırışı etdiniz. Bu tədbirlər
sayəsində ölkəmizdə
koronavirusdan itkilər
o qədər də çox olmadı.
Cənab
Prezident, Siz həmişə Azərbaycan
xalqının yanında
olmuşunuz, onun sosial və maddi vəziyyətinin yaxşılaşdırılması üçün hər cür şərait yaratmışınız. Bu dəfə
də Sizin
uzaqgörən siyasətiniz
sayəsində bu bəladan alnıaçıq
çıxacağıq.
Biz – məcburi köçkünlər
həmişə Sizin yanınızdayıq
və bizim üçün yaradılan
şəraitə görə
Sizə minnətdarıq.
Pandemiya vaxtında görülən
bütün işlərə
görə Sizə və Mehriban xanıma təşəkkürümüzü
bildiririk.
Hörmətlə,
Bəxtiyar İxtiyar oğlu
Həsənov,
Zəngilan rayonundan məcburi
köçkün,
Şirvan şəhəri.
Rusiya vətəndaşı: Siz
ideal lidersiniz
Hörmətli cənab Prezident!
Müqəddəs Ramazan bayramı münasibətilə Sizi və Mehriban xanımı səmimi qəlbdən təbrik edirəm. Qoy, bu müqəddəs
bayramın gəlişi
ilə bütün bəlalar, eləcə də koronavirus xəstəliyi yurdumuzdan uzaq olsun, ölkəmizə
ruzi-bərəkət, yeni
parlaq dövr ayaq açsın. Ramazan bayramı Sizin ailəniz başda olmaqla, bütün ailələrə sevinc və xoşbəxtlik gətirsin.
Cənab
Prezident, mən Rusiya vətəndaşıyam.
Bir müddətdir ki, Bakıdayam. Rusiyada yaşayan
bütün azərbaycanlılar
adından Sizə təşəkkür edirəm.
Sizin koronavirusla bağlı gördüyünüz tədbirlər
təqdirəlayiqdir. Biz bir daha gördük
ki, xalqımızın
sağlamlığı, firavan
yaşayışı Sizin üçün
hər şeydən qiymətlidir. Siz ideal lidersiniz, nə
yaxşı ki, varsınız.
Səmimi
hörmətlə,
Validə
Həmid qızı Xəlilova,
Rusiya Federasiyasının vətəndaşı
Yaşlı insanlara daha çox qayğı göstərilir
Cənab
Prezident!
Mənim 78 yaşım var, pensiyaçıyam. İki oğlum zabitdir,
digər bir oğlum isə Aprel döyüşlərinin
iştirakçısıdır.
Siz vətəndaşlara
həmişə diqqət
və qayğı ilə yanaşmısınız. Hazırda
bütün dünyada
COVID-19 virusu can almaqda
davam edir. Siz virusun Azərbaycanda yayılmasının qarşısını
almaq üçün
ciddi qabaqlayıcı
tədbirlər gördünüz.
Buna görə Sizə minnətdarlığımı
bildirirəm. Siz bu çətin günlərdə
əhalinin bütün
təbəqələrindən olan insanların sosial vəziyyətini nəzərə alıb onlara qayğı göstərdiniz. Yaşlı insanlara
daha çox qayğı göstərilir.
Onların tibbi və ərzaq ehtiyacları təmin olunur. Hətta işsiz insanlarda diqqətdən kənarda qalmadı. Onlar üçün birdəfəlik vəsait ayrıldı.
Sizin müdrikliyiniz,
humanistliyiniz qarşısında
baş əyirik. Siz hər
bir vətəndaşın
yanındasınız. Biz Sizinlə fəxr
edirik. Allah Sizə
uzun ömür versin!
Hörmətlə,
Sərdar
Xəlil oğlu Fərəcov,
Lənkəran rayonu, Havzava kəndi.
Birlikdə güclüyük
Hörmətli Prezidentimiz!
Bu məktubumla Sizə
dərin minnətdarlığımı
bildirmək istəyirəm. Bu gün dünyanın ən güclü dövlətlərinin belə
COVID-19 pandemiyası qarşısında
aciz qaldığı
bir vaxtda Sizin qətiyyətli addımlarınız sayəsində
ölkəmizdə bu
infeksiyanın yayılması
minimum səviyyəyə endirilmiş,
pandemiyanın yayılmasının
məhdudlaşdırılması istiqamətində mühüm
addımlar atılmışdır.
Əlbəttə ki, pandemiyadan
zərərsiz ötüşmək
mümkün deyil.
Lakin mən inanıram ki, Sizin məqsədyönlü
fəaliyyətiniz və
apardığınız sosial-iqtisadi
tədbirlərdən sonra
Azərbaycan bu pandemiyadan ən az zərərlə çıxan ölkələr
sırasında olacaqdır.
Möhtərəm cənab Prezident, bu gün xalqımızın
sağlamlığını düşünərək qəbul
etdiyiniz qərarları
dəstəkləyir, Sizə
dərin təşəkkürümü
bildirir və məqsədyönlü fəaliyyətinizdə
Sizə yeni uğurlar arzulayıram. İnanıram
ki, Sizin
sayənizdə bu çətin günləri
də geridə qoyacağıq. Biz birlikdə güclüyük.
Hörmətlə,
Nurlan Yalçın oğlu Əsgərli,
Azərbaycan Dövlət Neft
və Sənaye Universitetinin magistrantı,
Masallı rayonu, Ərkivan
qəsəbəsi
Sizə
güvənirik
Əziz
Prezidentimiz!
COVID-19 pandemiyasının yayıldığı bir
dövrdə Azərbaycanda
qayğıya ehtiyacı
olan təbəqələrin
sosial müdafiəsini
təmin etdiyinizə,
xalqın təhlükəsizliyi
üçün həyata
keçirdiyiniz tədbirlərə
görə bir gənc olaraq Sizə minnətdarlığımı
bildirirəm. Ölkəmizə rəhbərlik etdiyiniz
dövrdə xalqımızın
rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin
yüksəldilməsi, əhalinin
işlə təmin edilməsi, insanların təhlükəsiz yaşayışı
üçün göstərdiyiniz
hərtərəfli diqqət
və qayğı danılmazdır.
Cənab Prezident, Sizin pandemiya dövründə aztəminatlı ailələrə göstərdiyiniz qayğı xüsusilə təqdirəlayiqdir. Mən də aprel və may aylarında işsizliyə görə 190 manat məbləğində birdəfəlik ödəniş aldım. Çox sağ olun ki, bu qayğını bizdən əsirgəmədiniz. Öz adımdan və anamın adından Sizə təşəkkürümü bildirirəm. Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin. Sizi sevirik və Sizə güvənirik. Allah Sizi və ailənizi qorusun!
Hörmətlə,
Mətanət Zabil qızı Qədimova,
Bakı şəhəri.
Xalq qəzeti 2020.- 20 may.- S.3.