Azərbaycanın pandemiyaya qarşı mübarizə təcrübəsi
örnəkdir
Koronavirusla bağlı işlər ölkəmizdə pandemiya başlayandan düzgün istiqamətdə aparıldı və
dövlət başçısı tərəfindən
qabaqlayıcı tədbirlərin görülməsi bizi böyük bəladan
xilas etdi. Əhalisinin
sayı bizimlə eyni olan
inkişaf etmiş
ölkələrlə müqayisədə respublikamızda vəziyyətin daha
yaxşı olduğunu nəinki başqa dövlətlər, beynəlxalq təşkilatlar
təqdir etdi, hətta respublikamız Ümumdünya Səhiyyə Təşkilatı
tərəfindən koronavirusla mübarizədə
nümunəvi ölkə kimi dəyərləndirildi.
Çünki həmin ölkələrin
bəzilərində bu günə qədər
10 minə yaxın insan vəfat edib. Azərbaycanda isə vəfat edənlərin
sayı yoluxma sayına görə kifayət
qədər az – 41 nəfərdir.
Mayın 20-dək ölkəmizdə 3 min
631 nəfərin koronavirus infeksiyasına
yoluxması faktı müəyyən edilib,
onlardan 2 min 253 nəfər
müalicə olunaraq sağalıb, 1335 nəfərin
xüsusi rejimli xəstəxanalarda
müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 46 nəfərin
vəziyyəti ağır, 59 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin
səhhəti stabildir. İndiyədək
yoluxma hallarının müəyyənləşdirilməsi
ilə əlaqədar 245 min 609 test aparılıb.
Qeyd etməliyik ki, dövlət
başçısı tərəfindən aparılan
qabaqlayıcı, Nazirlər Kabineti
yanında operativ qərargahın tətbiq
etdiyi məhdudlaşdırıcı tədbirlər
imkan verdi ki, ölkəmizdə pandemiyanın geniş vüsət almasının
qarşısı alınsın. Təsadüfi deyil ki, ÜST bizim bu sahədə gördüyümüz işləri yüksək
qiymətləndirir və Azərbaycanı nümunəvi
ölkə adlandırır. Bu, Azərbaycan
Prezidentinin gördüyü
işlərə verilən böyük
qiymətdir, görülmüş işlərin
məntiqi nəticəsidir. Çünki
əvvəldən əsas məqsəd xalqı, vətəndaşları
bu xəstəlikdən qorumaq
olub. Pandemiya başlayandan birinci məsələ
insanların sağlamlığı, ikinci
məsələ insanların sosial təminatı
idi ki, bizdə ölkə
Prezidentinin təşkilatçılığı
ilə hər ikisi nümunəvi təşkil
edildi.
Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda tibbi sənayenin inkişafı daha aktual mövzuya çevrildi və bununla bağlı mühüm addımlar atıldı. Pandemiya hər bir ölkə üçün gözlənilməz bir bəla oldu və bütün ölkələr, ilk növbədə, öz daxili resurslarını səfərbər etməyə çalışdı. Azərbaycan qabaqlayıcı addımlar atan ilk ölkələrdəndir. Tibbi sənayenin inkişafı böyük əhəmiyyət daşıdığından son müddət ərzində bu istiqamətdə müəyyən işlər həyata keçirildi. Pirallahı adasında iki – dərman preparatları və tibbi şprislərin istehsalı müəssisələri fəaliyyətə başladı. Bundan başqa pandemiyaya qarşı mübarizənin ilk vaxtlarında tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələr, o cümlədən, maska çatışmazlığı nəzərə çarpırdı. İstehsalçı ölkələr tərəfindən isə tibbi maska ilə bərabər, istehsal avadanlığı və xammalın da ixracı dayandırılmışdı. Lakin Azərbaycanda koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğundan, məhz onun tapşırığına əsasən aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail oldular. “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska və tikiş fabriklərinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin yaradılması da bunun bariz ifadəsidir. Bu, o deməkdir ki, artıq Azərbaycan təkcə tibbi ləvazimatların idxalçısı deyil, həm də onların istehsalı ilə məşğul olan və gələcəkdə ixrac edəcək ölkəyə çevrilir. O da qeyd olunmalıdır ki, tibbi maska istehsalının Azərbaycanda nəzərdə tutulmadığı, lakin özəl sektorun böyük sosial təşəbbüs göstərərək, dövlətin çağırışına cavab verdiyini, qısa müddət ərzində həm həkimlər, həm də adi vətəndaşlar üçün bu vasitələri istehsal etməyə başladığı təqdir olunmalıdır.
İnsanların
sağlamlığı, virusun
yayılmasının qarşısının alınması
baxımından mühüm rol oynayan bu
məhsulların istehsal olunduğu
müəssisələrin fəaliyyətə başlaması,
ilk növbədə, Azərbaycanda
dövlət səviyyəsində əhalinin
sağlamlığının qorunması məsələsinə
yüksək dərəcədə həssaslıqla
yanaşıldığını göstərir. Ona görə
bu kompleks tədbirlər,
əlbəttə ki, bizi
böyük bəladan qoruya
bildi. İndiki şəraitdə,
artıq yumşalma prosesinin
getdiyi zamanda, bir çox məhdudiyyətlərin
aradan qaldırılması ilə əlaqədar,
əsas amil vətəndaşların məsuliyyəti
olacaq. Dövlət
başçımız çıxışlarında dəfələrlə
vurğulayıb ki, vətəndaşlar bu məsuliyyəti dərk etsinlər. Pandemiya başa çatmayıb,
virus qeyb olmayıb, bu virus dolaşacaq.
Ona görə hər kəs özünü, öz
yaxınlarını qorumalıdır, öz
məsuliyyətini hiss etməlidir və nizam-intizama da əməl
etməlidir.
Prezident İlham Əliyev mayın 19-da
3 saylı DOST mərkəzinin açılışında Azərbaycan
Televiziyasına müsahibəsində ölkəmizdə koronavirusun qarşısının
alınması ilə bağlı görülən işlər
və həyata keçiriləcək tədbirlər barədə
danışarkən bildirib ki, səhiyyə sistemimizi
qısa müddət ərzində yenidən qura
bildik. İcbari Tibbi Sığorta Agentliyinin
və TƏBİB-in fəaliyyətini yüksək qiymətləndirən
ölkə rəhbəri bildirib: “Belə
bir çətin şəraitdə heç bir ölkənin
səhiyyə sistemi buna
hazır deyildi. Belə bir
çətin şəraitdə bütün
təşkilati işləri görmək, doğrudan
da, böyük nailiyyətdir.
Xəstəxanaları müəyyən etmək,
logistika işlərini təmin etmək, xəstələri
regionlar üzrə bölmək, karantin rejimində saxlanılanların təminatını
təşkil etmək, onlar üçün bütün
bu təşkilati-logistik məsələləri
həll etmək, xaricdən vətəndaşları təxliyə
etmək – biz bütün
bunları operativ qərargah çərçivəsində,
o cümlədən, həkimlərin və
TƏBİB-in fəal iştirakı ilə təmin edə bilmişik”.
Dövlət başçısı artıq aprelin sonunda üç həftə ərzində dinamikanın müsbət olduğu səbəbindən – yoluxanların sayının sağalanların sayından az olduğuna görə yumşalma tədbirlərinə keçildiyini bildirdi. Eyni zamanda, vəziyyətin tam nəzarətdə saxlandığını qeyd etdi: “Hazırda 20-dən çox xəstəxana sırf koronavirusla bağlı fəaliyyət göstərir, orada ancaq koronavirus xəstələri müalicə olunur – hazırda 19 xəstəxanada. Çünki indi bəzi xəstəxanalarda artıq xəstə qalmır. Ancaq 20-dən çox xəstəxana hazırdır, modul tipli 10 xəstəxananın inşası başlamışdır, birinin açılışında mən iştirak etmişəm. Bu da bizə əlavə 2000 yataq verəcəkdir. Bütün tibbi avadanlıq təmin edilib, süni tənəffüs aparatları gətizdirilib, reanimasiyada kifayət qədər boş yerlərimiz var, yataqlar kifayət qədərdir, karantində saxlanılanların sayı xaricdən gələnlərin sayı ilə birbaşa əlaqəlidir”. Qeyd etməliyik ki, xaricdən təxliyə edilən vətəndaşlar iki həftə karantində saxlanırlar. İndiyədək 20 mindən çox Azərbaycan vətəndaşı nizamlı qaydada xaricdən təxliyə edilib. Mütəşəkkil qaydada, qrafik üzrə, ölkələr üzrə bölgü aparılıbdır: hansı ölkədən nə vaxt, nə qədər Azərbaycan vətəndaşı gələcək? Qeyd etməliyik ki, bu günə qədər Rusiyadan 6500 soydaşımız gəlib və bu proses davam etdirilir.
Onu da qeyd etməliyik ki, karantində
çalışan həkimlərin sosial
şəbəkə paylaşımları karantinə
alınmış insanlar üçün
yaradılan şəraitin çox
yaxşı olmasını təsdiqləyir. Karantinə alınanların
da sosial şəbəkələrə
ünvanladıqları məktublar bunu sübut edir. Orada qalanlar həm də
dövlət başçısına çoxsaylı məktublar
göndərir, 4 və ya 5 ulduzlu otellərdə saxlandıqlarına,
yaradılan şəraitə görə dövlət
başçısına təşəkkür edirlər.
Müsahibədə Türk Şurası və Qoşulmama
Hərəkatının Zirvə görüşlərinin
yüksək səviyyədə keçirildiyini
xatırladan dövlət başçımız, Qoşulmama Hərəkatının və Türk Şurasının yekun
bəyannaməsində Azərbaycanın xüsusi
rolunun qeyd olunduğunu diqqətə
çatdırdı. Belə vaxtda imkanı
olan dövlətin ehtiyacı olana kömək etməli olduğunu
vurğuladı: “Ona görə çətin
gündə kimin imkanı varsa,
kömək etməlidir, həyatda da,
siyasətdə də. Bu, bizim,
necə deyərlər, adət-ənənələrimizə
də uyğundur. Ona
görə bu gün bu yardımın göstərilməsi hesab edirəm ki, düzgün addımdır. Bu
günə qədər biz 13 ölkəyə
yardım göstərmişik və bu haqda ancaq son
vaxtlar danışmağa
başlamışıq. Biz təyyarələrlə
yardımlar göndərmişik, yüzlərlə ton yardım göndərmişik. Azərbaycanda
istehsal olunan dezinfeksiya vasitələri, qoruyucu
vasitələr və digər əşyalar göndərmişik,
amma bunu reklam etməmişik. Bunu
mənəvi borc bilərək etmişik, o ölkələrə
ki, onlar bizə
müraciət edib. Biz
bilirik, o ölkələrin
maliyyə vəziyyəti imkan vermir ki, onlar
lazımi tədbirləri görsün.
Əminəm ki, bu
yardım bir çox
insanın həyatını xilas etdi. Əsas məsələ budur.
Beləliklə, 13 ölkəyə artıq yardım göstərilib,
o cümlədən, üç
beynəlxalq təşkilata yardım göstərilibdir. Bu, bir daha
bizim məsuliyyətimizi göstərir”.
Təsadüfi deyil
ki, ölkəmiz dünya
miqyasında çox böyük
hörmətə, yüksək imicə və nüfuza
malikdir. Əks təqdirdə, Azərbaycan
səkkiz il bundan əvvəl
155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik
Şurasına seçilməzdi. Eyni
zamanda, Qoşulmama Hərəkatının
yekdil qərarı ilə, 120 ölkənin
razılığı ilə sədr seçilməzdi. Amma onların hər biri
Azərbaycanı məhz məsuliyyətli, öz
ləyaqətini qoruyan, eyni
zamanda, tərəfdaşlara da hörmət edən ölkə kimi tanıyır. Cənab Prezident
bu barədə dedi: “
Pandemiya dövründə həm insanlar, həm də ölkələr özünün əsl simasını üzə
çıxardı. Elə insanlar var ki, pandemiya
dövründə onlara əl vermək böyük günah olar. Elə ölkələr var
ki, pandemiya
dövründə özlərinə qapanıblar və
xüsusilə, ilkin mərhələdə
bəzi addımlar atıblar və indi yəqin
utanırlar. Azərbaycan o ölkələrdəndir
ki, həmişə üzüağ,
alnıaçıq olub və pandemiya bunu bir daha təsdiqləyib”.
Sonda onu deməyi lazım bilirik ki, məhdudiyyətlərin aradan götürülməsi ilə vətəndaşların artan məsuliyyətinə özləri nəzarət etməlidirlər. Əfsuslar olsun ki, yumşalma tədbirləri yoluxanların sayına mənfi təsir göstərmişdir. Yoluxmaların sayı pandemiya başlayan günlərdəki rəqəmləri üstələyib. Bu, məhz vətəndaş məsuliyyətsizliyinin nəticəsidir. Tədbirlərə qatılmamalı, tanışlarla görüşləri minimum səviyyəyə endirməli, maskadan, gigiyenik vasitələrdən istifadəni davam etdirməliyik. Bir sözlə, məhdudiyyətlər vaxtı necə yaşayırdıqsa, o cür də qorunmalı və cəmiyyəti qorumalıyıq. Görürük ki, bu gün vəziyyət tam nəzarətdədir və bütün ölkələr artıq karantin rejimindən çıxır. Bizdə də yavaş-yavaş, mərhələ ilə məhdudiyyətlər aradan qaldırılır. Gəlin, hər birimiz cəmiyyətə dəstək olaq, yanında olaq ki, bu qadağalara tamamilə və tezliklə son qoyulsun.
Zərifə
BƏŞİRQIZI
Xalq qəzeti 2020.- 21 may.- S.4.