Azərbaycan
tarixinə doğan Günəş
28 MAY RESPUBLIKA GÜNÜDÜR
Azərbaycanın dövlət
müstəqilliyi əbədidir, dönməzdir və bizim
qarşımızda duran vəzifə dövlət müstəqilliyimizi
qorumaqdan, əbədi etməkdən ibarətdir.
Heydər ƏLİYEV
Ümummilli lider
(əvvəli )
http://xalqqazeti.com/az/news/47950
Konfederasiya məsələsinə Azərbaycan və
qismən də Gürcüstan nümayəndə heyəti
müsbət yanaşırdı. Bu işin
reallaşmasına əngəl olan isə erməni nümayəndə
heyətinin pozuculuq fəaliyyəti idi. Ermənilər
Paris sülh konfransı rəhbərliyindən tələb
edirdilər ki, Birinci dünya müharibəsinin Antantanın
xeyrinə qələbə ilə başa çatmasında
onların böyük xidmətlərini nəzərə
alaraq, qalib dövlətlər “Böyük Ermənistan”ın
yaradılmasında ermənilərə yardımçı
olmalıdırlar. Guya, Qafqazda rus ordusunun tərkibində
180 min, Avropada isə 15 min erməni könüllüsü
müttəfiqlərin “müqəddəs işi” uğrunda
mübarizə aparmışdır. Ermənilər
Türkiyənin 7 şərq vilayəti, İrəvan
quberniyası, Tiflis və Yelizavetpol (Gəncə)
quberniyalarının cənubunu və Qars torpaqlarından ibarət
böyük bir ərazini tələb edirdilər. Bundan əlavə, ermənilər 19 milyard frank həcmində
müharibə təzminatı almaq istədiklərini də
gizlətmirdilər. Yeri gəlmişkən,
ermənilərin bu əsassız iddialarını Paris, London,
xüsusilə də Vaşinqton qızğın müdafiə
edirdi.
Erməni millətçilərinin “Dənizdən-dənizə
Böyük Ermənistan” planına Qərbi Azərbaycan və
Naxçıvan torpaqları da daxil idi. 1918-ci ilin yazında təkcə
Sisiyan mahalında 50 min müsəlman ev-eşiyindən
qovulmuş, 115 kənd dağıdılmış və
yandırılmış, 10038 nəfər
öldürülmüş və yaralanmışdı.
Onlardan 7729 nəfəri (3257 kişi, 2276 qadın və 2196
uşaq) məhv edilmiş, 2309 nəfəri isə (1060
kişi, 764 qadın və 485 uşaq) şikəst edilmiş,
qəzanın azərbaycanlı əhalisinə üst-üstə
bir milyard manat maddi ziyan dəymişdi.
1918-ci ilin yazında Andranik 800 nəfərlik quldur dəstəsi
ilə Naxçıvan bölgəsinə hücuma
keçdi.
Yerli əhaliyə kömək məqsədilə həmin il avqustun 7-də Kazım Qarabəkir
paşanın rəhbərlik etdiyi Osmanlı qüvvələri
Naxçıvana daxil oldu. Bununla da erməni-daşnak
qüvvələrinin Naxçıvan torpaqlarındakı
özbaşınalığına son qoyuldu. Mudros barışığından sonra Osmanlı
qüvvələri noyabrın 11-də Naxçıvanı tərk
etməyə məcbur oldu. Yerli əhali
erməni təcavüzündən qorunmaq üçün
1918-ci ilin noyabrında Araz-Türk Respublikasının
yaradıldığını elan etdi. 1919-cu ilin martına kimi fəaliyyət göstərən
Araz-Türk Respublikası Naxçıvan bölgəsinin ermənilərin
işğalı altına keçməsinə imkan vermədi.
Azərbaycan hökuməti də Naxçıvanın
müdafiəsi üçün ciddi tədbirlər
görürdü. 1919-cu il fevralın 28-də Azərbaycan
Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə
Naxçıvan general-qubernatorluğu yaradıldı. Bəhram xan Naxçıvanın general-qubernatoru təyin
edildi.
Ermənilərin Naxçıvan torpaqlarına yiyələnmək
cəhdləri 1919-cu ilin yazında daha da gücləndi. Bölgədəki
ingilis komandanlığının razılığı ilə
1919-cu ilin mart-iyul aylarında Naxçıvan bölgəsində
erməni idarəçiliyi yaradıldı. Naxçıvan əhalisi bu qərara qəti
etirazını bildirdi. İyulun 25-də
Naxçıvan əhalisi erməni qoşunlarını əzərək
onları qaçmağa məcbur etdi. Beləliklə,
Naxçıvan bölgəsində “erməni idarəçiliyi”
ləğv edildi.
Paris Sülh Konfransında iştirak edən İran
nümayəndə heyəti isə təqdim etdiyi memorandumda
Bakı, Dərbənd, Şəki, Şamaxı, Gəncə,
Qarabağ, Naxçıvan və İrəvanın ona verilməsini
tələb edirdi. Müharibədə heç bir rolu olmayan İranın
bu qəribə iddialarına konfrans heç bir reaksiya vermədi,
üstəlik 1919-cu il 9 avqust tarixli
ingilis-İran müqaviləsindən sonra onun nümayəndələri
konfransdan uzaqlaşdırıldı. 1920-ci il
martın 21-də İran Azərbaycan dövlətini müstəqil
dövlət kimi tanıyaraq, onunla dostluq haqqında müqavilə
imzaladı.
Nəhayət,
1920-ci il yanvarın 11-də Parisdə
Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın
istiqlaliyyətinin de-fakto tanınması haqqında yekdilliklə
qərar qəbul etdi. Yanvarın 14-də bu xəbər
Azərbaycana çatdırıldı və parlament onu təntənəli
şəkildə qeyd etdi. Millət vəkilləri
və parlamentin iclasında iştirak edən xarici ölkələrin
diplomatik nümayəndələri istiqlal yolunda qurban
getmiş Vətən oğullarının və Osmanlı əsgərlərinin
xatirəsini yad etdilər. Bu hadisə
münasibətilə ümumi amnistiya elan edildi.
Yanvarın 19-da Azərbaycanın və
Gürcüstanın rəsmi nümayəndələri Paris
Sülh Konfransı Ali Şurasının iclasına dəvət
edildilər. Antanta Cənubi Qafqazın yeni dövlətlərini
tanımaqla onları xarici təcavüzdən qorumaq
üçün öz üzərinə öhdəliklər
götürdü. Azərbaycan tərəfi ABŞ və
Avropa dövlətlərindən alınması nəzərdə
tutulan 100 parovoz, 2 min ədəd çən, 500 bağlı
vaqon müqabilində 200 milyon pud ağ neft, eləcə də
pambıq, yun, ipək, gön-dəri məhsulları göndərməyi
öhdəsinə götürdü.
Azərbaycan
Xalq Cümhuriyyətinin de-fakto tanınmasına qədər
dövlət quruculuğu sahəsində təcrübəsi
olmayan xalq qısa bir müddət ərzində normal fəaliyyət
göstərən dövlət aparatı yaratmağa, 20-dən
çox dövlətlə, o cümlədən Türkiyə,
Gürcüstan, Ermənistan, İran, Belçika, Hollandiya,
Yunanıstan, Danimarka, İtaliya, Fransa, İsveçrə,
İngiltərə, ABŞ, Ukrayna, Litva, Polşa, Finlandiya və
başqaları ilə baş konsulluq, konsul agentlikləri səviyyəsində
əlaqələr qurmağa nail oldu.
Azərbaycan Xalq Cümhuriyyətinin dövlət
quruluşu parlamentli respublika idi. Yeni yaranmış
dövlət öz fəaliyyəti dövründə
“Türkləşmək, islamlaşmaq və müasirləşmək”
ideyası uğrunda mübarizə aparırdı.
Hökumət Gəncədəki fəaliyyəti dövründə
– 1918-ci il iyunun 27-də Azərbaycan dilinin
dövlət dili elan edilməsi haqqında fərman
imzaladı. Azərbaycan dilli savadlı
kadrların çatışmazlığı nəzərə
alınaraq, dövlət idarələrində müvəqqəti
olaraq rus dilindən də istifadə olunmasına icazə
verildi. İyunun 24-də üzərində ağ rəngli aypara və səkkizguşəli
ulduz təsviri olan qırmızı bayraq dövlət
bayrağı kimi qəbul edildi. Noyabrın 9-da
isə həmin bayraq üçrəngli – yaşıl,
qırmızı və mavi zolaqlardan ibarət olan bayraqla əvəz
olundu. Avqustun 11-də ümumi hərbi səfərbərlik
elan edildi və 1894-1899- cu il təvəllüdlü
bütün Azərbaycan vətəndaşları hərbi
xidmətə çağırıldılar. Sentyabrın
1-də Hərbiyyə Nazirliyinin yaradılması haqqında
qərar qəbul olundu. Dekabrın 25-də general Səmədağa
Mehmandarov hərbi nazir, general Əliağa Şıxlinski hərbi
nazirin müavini, general Süleyman
Sülkeviç Baş Qərargah rəisi təyin edildilər.
1919-cu ildə 25 min nəfərlik Milli Ordu
yaratmaq məqsədilə 400 milyon manat vəsait
ayrılmışdı. Ordunun
yaradılması prosesi 1920-ci ilin yanvarında əsasən
başa çatdırıldı. 40 min nəfərlik
nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən
ibarət idi.
1919-cu ilin yayında Bakını tərk edən ingilislər
şəhər limanının idarəçiliyini və hərbi
gəmilərin bir hissəsini Azərbaycan hökumətinə
təhvil verdilər. İngilislərdən alınan gəmilər
hesabına Xəzər donanması yaradıldı.
1919-cu il iyulun 21-də parlament “Azərbaycan
Respublikasının Müəssislər Məclisinə
seçkilər haqqında” Əsasnaməni təsdiq etdi. Həmin
il avqustun 11-də parlament tərəfindən
qəbul olunmuş “Azərbaycan vətəndaşlığı
haqqında” Qanuna görə, özü və ya valideynləri
Azərbaycan ərazisində anadan olmuş keçmiş
Rusiya imperiyasının bütün təbəələri
milli və dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycan
vətəndaşı hesab olunurdu.
Xalq maarifi sahəsində ciddi nailiyyətlər
qazanıldı. Orta məktəblərin təxminən
yarısı milliləşdirildi, məktəblərdə rus
tarixi əvəzinə ümumtürk tarixi tədris
olunmağa başladış. Bütün
məktəblərdə Azərbaycan dilinin tədrisi məcburi
hesab olundu. 1919-cu il sentyabrın 1-də
Bakı Universitetinin təsis olunması haqqında qərar qəbul
olundu. Dərslər noyabrın 15-də
başlandı. Kənd Təsərrüfatı
İnstitutunun yaradılması haqqında qanun qəbul olundu.
1919-cu ilin oktyabrında mətbuat sahəsində
senzura ləğv edildi. Azərbaycanın müxtəlif
regionlarında kişi və qadın
seminariyaları açıldı, dövlətin hesabına
yüzə yaxın azərbaycanlı gənc ali təhsil almaq
məqsədilə Avropanın universitetlərinə göndərildi.
Ticarəti və daxili bazarı dirçəltmək məqsədilə
1918-ci il avqustun 27-də azad ticarət
haqqında fərman verildi, oktyabrın 30-da ticarət qurumunun
fəaliyyəti bərpa olundu. 1919-cu ilin
yayında Azərbaycan Xəzər donanması
yaradıldı.
Azərbaycan
Xalq Cümhuriyyətinin mübahisəsiz ərazisi 97,3 min kvadrat kilometr idi. Gürcüstanla 8,7 min
kvadrat kilometr, Ermənistanla isə 7,9 min kvadrat kilometr həmsərhəd
ərazi Azərbaycan hökuməti tərəfindən
mübahisəli torpaq sayılırdı. Azərbaycanın
əhalisi 2 milyon 862 min nəfər idi ki, onun 70 faizini müsəlmanlar
təşkil edirdi.
Azərbaycanın beynəlxalq aləmdə
tanınmasına baxmayaraq, ölkənin şimal sərhədlərindəki
vəziyyət gərgin olaraq qalırdı. Sovet Rusiyasının xarici
işlər komissarı G.Çiçerin 1920-ci il yanvarın əvvəllərində Azərbaycan
hökumətinə göndərdiyi notada Denikin əleyhinə
hərbi ittifaq bağlamağı təklif edirdi. Azərbaycan rəhbərliyi başa
düşürdü ki, Sovet hökumətinin əsas məqsədi
bu gənc respublikanı Denikinlə qeyri-bərabər hərbi
münaqişəyə cəlb edib zəiflətmək, sonra
isə onun istiqlaliyyətinə son qoymaqdır. AXC-nin xarici işlər naziri F.Xoyski cavab notasında
yazırdı ki, Denikinlə Sovet hökuməti
arasındakı mübarizə rus xalqının daxili
işidir və Azərbaycan hökuməti Rusiyanın daxili
işinə qarışmaq niyyətində deyil. Çiçerin yanvarın 23-də ikinci
notasında Azərbaycanın müstəqilliyinə
münasibətini bildirməkdən yan keçir və Azərbaycan
hökumətini Denikinə qarşı mübarizə
aparmaqdan imtina etməkdə günahlandırırdı.
F.X.Xoyski isə notasında Azərbaycanın
istiqlaliyyətinin Sovet Rusiyası tərəfindən
qeyd-şərtsiz tanınmasını təkid edirdi. Çiçerinin martın 7-də göndərdiyi
növbəti nota baş aldatmaqdan və vaxt uzatmaqdan başqa
bir şey deyildi. Getdikcə aydın olurdu
ki, Rusiyanın bu hərəkətləri Azərbaycana
qarşı hazırlanan hərbi müdaxiləni pərdələmək
və Azərbaycan hökumətinin
sayıqlığını azaltmaq məqsədi
güdür. Sovet Rusiyasının Azərbaycana əsl
münasibətini V.Leninin 1920-ci il
martın 17-də Qafqaz cəbhəsinin Hərbi-İnqilab
Şurasının üzvləri Smilqa və Orconikidzeyə
göndərdiyi teleqram dolğun əks etdirir: “Bakını zəbt
etmək bizə olduqca və olduqca zəruridir, bütün səylərinizi
buna verin”.
Hələ 1918-ci ilin dekabrında bolşeviklər
Bakıda ümumi siyasi tətil keçirməyə nail
oldular. Tətildə 25-dən çox müəssisənin
12 minə qədər fəhləsi iştirak edirdi. 1919-cu ilin mayında bolşeviklər Bakıda ikinci
dəfə tətil keçirməyə cəhd göstərdilər.
Azərbaycan bolşeviklərinin sosial
bazasını əsasən qeyri-müsəlman əhalisi təşkil
edirdi. 1919-cu il aprelin 25-də Azərbaycanın
cənub bölgəsində bolşeviklər tərəfindən
qızışdırılan rus əhalisinin milli hökumətə
qarşı qiyamı başlandı. Qiyamçılar
bölgəni “Muğan Sovet Respublikası” elan etdilər.
Avqustun əvvəlində qiyam hökumət
qüvvələri tərəfindən yatırıldı.
Hökumətin torpaq islahatını yubatmasından
bolşeviklər məharətlə istifadə etdilər. 1919-cu ilin əvvəllərində
bir sıra qəzalarda bolşeviklərin rəhbərliyi ilə
kəndli çıxışları başlandı.
Bunlardan ən güclüsü Gəncədə baş verdi. Bu çıxış
1919-cu ilin sentyabrında yatırıldı.
Bolşeviklər Azərbaycanın daxilində də təxribatçılıq
fəaliyyətlərini gündən-günə genişləndirirdilər. 1920-ci ilin
fevralında təsis edilmiş Azərbaycan Kommunist
(bolşeviklər) Partiyasının əsas məqsədi
ölkədə vəziyyəti gərginləşdirmək,
təxribat yolu ilə bolşevikləri hakimiyyətə gətirmək
idi. Bu təxribatçı quruma qatı
millətçi A.Mikoyan başçılıq edirdi.
Böhranı kəskinləşdirən amillərdən
biri də Azərbaycanda, xüsusən, Bakıda olan Türkiyə
kommunistləri və ittihadçılarının xalq
arasında geniş nüfuzlarından istifadə edərək,
rus ordusunun gələcək yürüşü xeyrinə təbliğat
aparmaları idi. Onlar iddia edirdilər ki, güya
qırmızı ordunun Türkiyədə Kamal hərəkatına
köməyə tələsməsinə baxmayaraq, Azərbaycan
hökuməti rus ordusunu öz ərazisindən buraxmaq istəmir.
Buna görə də türk kommunistləri
yerli və xarici bolşeviklərlə birlikdə milli
hökumətə qarşı mübarizə aparmağa məcburdurlar.
1920-ci ildə fevralın 11-12-də Bakıda Azərbaycan
Kommunist (bolşeviklər) Partiyası təsis edildi. Bolşeviklər partiyasının faktiki rəhbəri
Azərbaycan xalqının qatı düşməni A.Mikoyan
idi. Partiya milli hökuməti yıxmaq,
Sovet Azərbaycanı qurmaq üçün silahlı
üsyan xəttini irəli sürdü.
Sovet Rusiyası Ermənistanın Azərbaycana
qarşı düşmənçiliyindən istifadə etdi. 1920-ci ilin əvvəllərində
erməni nümayəndələri Moskvada ərazi güzəştləri
müqabilində Azərbaycan hökumətini devirmək
planlarını Sovet Rusiyasına təklif etdilər. Qarabağda və Gəncəbasarda erməni əhalisinin
qiyamı və Azərbaycana qarşı Ermənistanın
müharibəsi bu planın tərkib hissəsi idi. Azərbaycan Ordusunun, demək olar ki, hamısı
1920-ci ilin Novruz bayramı günlərində Qarabağ
istiqamətində erməni qiyamçılarına
qarşı vuruşurdu, ölkənin şimal sərhədləri
isə müdafiəsiz qalmışdı. Digər tərəfdən, Azərbaycan hökumətinin
Qərbdən gözlədiyi yardım gəlib
çıxmırdı.
Sovet
Rusiyasına münasibət məsələsində də Azərbaycan
hökumətində birlik yox idi: xarici işlər naziri Fətəli
xan Xoyski Rusiyaya münasibətdə sərt xəttin, daxili
işlər naziri Məmməd Həsən Hacınski isə
Azərbaycan bolşevikləri ilə danışığa
girib, onlara güzəştə getməyin tərəfdarı
idi. M.H.Hacınskiyə görə, Sovet
Rusiyasına geniş güzəştlər verməklə Azərbaycanın
istiqlalını qorumaq mümkün idi.
1920-ci
ilin martında hökumətin keçirdiyi konfransda
M.H.Hacınskinin tərəfdarları qalib gəldilər,
N.Yusifbəyli baş nazir vəzifəsindən istefa verdi. Yeni hökumətin təşkili
M.H. Hacınskiyə tapşırıldı. Lakin
M.H.Hacınski bu hökumətin təşkilinə tələsmirdi,
az sonra M.H.Hacınskinin özü
bolşeviklər partiyasına daxil oldu. Yeni
hökumətin təşkilinin yubadılması onsuz da gərgin
olan vəziyyəti bir qədər də çətinləşdirdi.
Parlamentdə müxtəlif partiyalar arasında
gedən mübarizə son həddə çatdı. Mövcud hakimiyyətə qarşı daim müxalifətdə
olan və hökuməti devirməyə çalışan
ittihadçılar Rusiya ilə hərbi ittifaqa girməyi tələb
edirdilər, Azərbaycan bolşevikləri isə guya ölkədə
qayda-qanun yaratmaq naminə hərbi yardım üçün
Rusiyaya müraciət etməyə və XI rus ordusunu Azərbaycana
dəvət etməyə çağırırdılar.
1920-ci ilin aprelində Denikinin qoşunlarını məğlub
edən XI rus ordusu Azərbaycan sərhədlərinə
yaxınlaşdı. Aprelin 15-də F.X.Xoyski Çiçerinə
göndərdiyi notada rus ordusunun Azərbaycan sərhəddində
toplanmasının səbəbləri və məqsədi barədə
məlumat verilməsini tələb etdi. Lakin
Çiçerin bu notaya heç bir əhəmiyyət vermədi.
Həmin günlərdə A.Mikoyan başda
olmaqla Bakı bolşevikləri Azərbaycan xalqı
adından XI rus ordusunu Azərbaycana dəvət etdilər.
Qabaqcadan razılaşdırılmış
plana görə rus ordusu Bakıda bolşevik qiyamının
başlanmasından 1-2 gün sonra Azərbaycana soxulmalı
idi. Bununla da dünya ictimaiyyətində
belə bir rəy yaradılacaqdı ki, Azərbaycan hökuməti
xarici hərbi müdaxilənin deyil, daxili qiyamın qurbanı
olmuşdur. Lakin Bakıda qiyam
başlanmamış – aprelin 26-dan 27-nə keçən gecə
XI ordu hissələri Azərbaycan ərazisinə daxil olub
Bakıya doğru irəliləməyə başladılar.
Sərhəd qüvvələrindən ibarət
azsaylı Azərbaycan Ordusunun hissələri düşmənə
müqavimət göstərə bilmədi. Hərbi gəmilərin topları dənizdən
parlament binasına tuşlandı.
XI ordunun
Azərbaycana hücumu ilə eyni vaxtda aprelin 27-də
gündüz saat 12-də AK(b)P MK və RK(b)P Qafqaz Diyar Komitəsinin
Bakı bürosu adından hakimiyyəti təhvil vermək
haqqında Azərbaycan parlamentinə ultimatum verildi. Azərbaycan parlamentinin fəaliyyəti həmin
gün saat 20.45-də başa çatdı. Parlament
aşağıdakı şərtlərlə hakimiyyətin
Azərbaycan kommunistlərinə verliməsi barədə qərar
çıxartdı:
1. Rus
ordusu Bakıya daxil olmadan dəmir yolu ilə birbaşa
Anadolunun köməyinə gedəcək;
2. Azərbaycan
istiqlalı və ərazi bütövlüyü hər
cür təcavüz və ilhaqdan qorunacaq;
3. Azərbaycan
Ordusu olduğu kimi saxlanacaq;
4. Azərbaycanın
siyasi partiyaları üçün fəaliyyət
azadlığı təmin olunacaq;
5. Keçmiş dövlət
xadimləri, hökumət üzvləri və millət vəkilləri
təqib olunmayacaq, dövlət idarələri
qulluqçularının iş yerləri saxlanacaq, yalnız
rəhbər vəzifəli şəxslər dəyişdiriləcək;
6. Azad şəraitdə toplaşacaq Azərbaycan Şuraları hakimiyyətin idarəçilik formalarını təyin edəcək.
Aprelin 29-da Azərbaycan İnqilab Komitəsi hərbi
yardım göstərmək xahişi ilə Sovet Rusiyasına
müraciət etdi. Halbuki, rus ordusu aprelin 27-də Azərbaycanın
hüdudları daxilində idi. Beləliklə, Azərbaycan
Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyətdən sonra
süqut etdi.
1920-ci il aprelin 28-də Azərbaycan Sovet Sosialist
Respublikası elan olundu.
Aprel işğalı nəticəsində Azərbaycanda
qurulan bolşevik rejiminin ömrü 70 ildən də çox
çəkdi.
Bu rejim özünün bütün
varlığı ərzində Şərqdə ilk demokratik
respublikanın bayrağını ucaldan qeyrətli
soydaşlarımızla, onların haqq işinin
davamçıları ilə mübarizə apardı. Lakin xalqın qəlbində yaşayan azadlıq atəşini
söndürməyə müvəffəq olmadı. Xalq özünün istiqlal arzularını nəsildən-nəslə
ötürdü. Nəhayət, 1991-ci ildə Azərbaycan
yenidən öz dövlət müstəqilliyini bərpa etdi,
indiki Azərbaycan Respublikasının 1918-ci il
mayın 28-dən 1920-ci il aprelin 28- dək mövcud olmuş
Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu
ümumxalq iradəsi ilə təsdiqlədi.
1991-ci il
oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin
sessiyasında qəbul edilmiş “Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında
Konstitusiya aktı”nda bu tarixi amansızlığa verilən
siyasi qiymət belə oldu: “1920-ci il aprelin 27–28-də RSFSR-in
XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini
zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan
Xalq Cümhuriyyətini devirməsi Rusiyanın müstəqil
Azərbaycanı işğal etməsi hesab edilsin”.
Azərbaycanın dövlət müstəqilliyi bizim
tarixi nailiyyətimizdir, ən əziz, ən qiymətli sərvətimizdir,
eyni zamanda, bu, XX əsrin əvvəlindən sonunadək
xalqımızın qəlbində yaşayan azadlıq
idealları uğrunda mübarizənin məntiqi nəticəsidir. Ümummilli
lider Heydər Əliyevin sözləri ilə desək, “Azərbaycanın
dövlət müstəqilliyi əbədidir, dönməzdir
və bizim qarşımızda duran vəzifə dövlət
müstəqilliyimizi qorumaqdan, əbədi etməkdən ibarətdir”.
Çünki müstəqilliyin əldə olunması nə
qədər çətindirsə, onu qoruyub saxlamaq, dönməz
və əbədi etmək bundan da çətindir...
Anar
İSGƏNDƏROV,
Azərbaycan
Respublikası Milli Məclisinin deputatı, tarix elmləri
doktoru, professor
Xalq qəzeti 2020.-21 may.-
S.6.