Azərbaycan Prezidentinə
yazırlar...
Siz intellektual
düşüncəyə, böyük qətiyyətə
və siyasi iradəyə malik
lidersiniz!
Vətəndaşın öz
dövlət başçısına məktubla müraciət
etməsi təbiidir. Amma, inanmırıq ki, dünyanın hansısa ölkəsində
Azərbaycandakı qədər Prezidentə məktub göndərilsin.
Həm də, bunun mütləq əksəriyyəti
minətdarlıq məktublarıdır. Yəni,
Azərbaycandakı sosial-iqtisadi islahatlardan, kadr dəyişikliyindən,
rüşvətxorluğa və korrupsiyaya
qarşı sərt mübarizədən, əməkhaqqı,
pensiya və təqaüdlərin
vaxtaşırı artırılmasından, əhalinin həssas
qruplarının sosial problemlərinin həllindən,
onların mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində kompleks şəkildə görülən
işlərdən və nəhayət, son
dörd ayda
COVİD-19 pandemiyası bəlasından maksimum
az itki ilə sovuşmaqla bağlı dövlət
başçısının böyük
uğurla müşayiət olunan tədbirlərindən qaynaqlanan
bu məktublarda çox
mətləblər öz ifadəsini
tapır.
Prezident İlham
Əliyev mayın 19-da Azərbaycan Televiziyasına verdiyi müsahibədə bu
barədə danışarkən demişdir:
“Koronavirusla bağlı işlər əvvəldən
Azərbaycanda çox düzgün
istiqamətdə aparıldı və bunu
həm Azərbaycan xalqı görür və
təqdir edir, həm də beynəlxalq təşkilatlar.
Bu günə qədər mən vətəndaşlardan
gündə yüzlərlə məktub alıram”.
Həmin məktublardan bir
neçəsini oxucularımıza təqdim edirik.
Çox
sağ olun, xalqımızı bəladan qorudunuz
Hörmətli cənab Prezident!
Azərbaycan ulu öndərimiz
Heydər Əliyevin uğurlu siyasəti
sayəsində dünya dövlətləri
arasında tanındı. Biz fəxr edirik ki, bu
gün həmin siyasəti Siz
layiqincə davam etdirirsiniz.
Cənab Prezident,
dünyamız gözəgörünməz bəla ilə
mübarizə aparır. Digər ölkələr bu bəladan ağır itkilər verdiyi halda, Siz Azərbaycan xalqını, millətini qorudunuz. Xalqımız seçimində
yanılmadığı üçün
qürur hissi keçirir. Siz öz əməlinizlə, zəhmət və
uzaqgörənliyinizlə xalqımızı bu
bəladan xilas edirsiniz.
Özünü güclü sayan dövlətlərin
koronavirus epidemiyasının
qarşısında aciz qaldığı
bir vaxtda, Sizin gördüyünüz
tədbirlər Azərbaycan xalqını zəfərlərə
yaxınlaşdırır. Bu yorulmaz fəaliyyətinizə görə Sizə
və Mehriban xanım Əliyevaya dərin
minnətdarlığımı bildirirəm.
Sizin sayənizdə tezliklə
bu bəlaya qalib gəldikdən
sonra torpaqlarımızı da azad edəcək,
bayrağımızı Qarabağdakı,
Laçındakı zirvələrdə ucaldacağıq. Biz buna
varlığımızla inanırıq.
Hörmətlə, Elçin Zeynalov, Laçın rayonundan məcburi köçkün, Ağsu rayonu
Siz böyük
qətiyyətə və siyasi iradəyə
malik lidersiniz
Möhtərəm
Prezidentimiz!
XXI əsrin
yeni bəlası adlandırılan koronavirusun hökm
sürdüyü çox ağır bir məqamda Azərbaycan
vətəndaşı və ziyalısı olaraq öz millətinin,
xalqının taleyini hər şeydən üstün tutan,
ölkə vətəndaşlarının sevimlisinə
çevrilmiş, uzaqgörən və qətiyyətli
dövlət başçısına müraciət edirəm:
Siz bütün
dəyərlərə yiyələnən, humanizmi,
mərhəmət hissini, ədalət prinsipini, insan amilini öz şəxsiyyətində
cəmləşdirən, intellektual
düşüncəyə, böyük qətiyyətə
və siyasi iradəyə malik
lidersiniz. Yaşadığımız bu günlərdə qabaqlayıcı tədbirləriniz,
tapşırıqlarınız, son dərəcə
mütərəqqi ideyalarınızla bunu
bir daha sübut etdiniz. Siz böyük cəsarətlə
nümayiş etdirdiniz
ki, insan kapitalı
Sizdən ötrü bütün
maddi dəyərlərdən üstündür. Məhz Sizin
azad, demokratik və
müstəqil dövlətimizə ideal rəhbərliyiniz
sayəsində dünyanı cənginə alan,
gözəgörünməz düşmən olan
koronavirus Azərbaycanda kütləviləşə
bilmədi. Xalqla dövlətin monolit, fundamental birliyini inamla ortaya qoya bildiniz.
Ona görə də Siz
ən böyük mükafata,
ən sürəkli alqışlara, ən isti
təşəkkürlərə layiqsiniz.
Ancaq dünyada
xalqın sevgisindən, məhəbbətindən böyük mükafat yoxdur. Siz bu
yüksək mükafata dönə-dönə
layiq görülmüsünüz.
Azərbaycan xalqının bir
sıravi vətəndaşı olaraq, mən
də Sizə öz təşəkkürlərimi
yetirirəm. Fəxr edirəm ki, azərbaycanlıyam
və fəxr edirəm ki, Sizin
kimi Prezidentim var.
Ulu Tanrı Sizi
qorusun! Yaşasın Müstəqil Azərbaycan,
yaşasın Prezident İlham
Əliyev!
Hörmətlə,
Aydın Murovdağlı, Azərbaycan Yazıçılar və
Jurnalistlər birliklərinin üzvü, Prezident
mükafatçısı, Gəncə şəhəri
Şəhid
atasının ürək sözləri
Hörmətli
cənab Prezident!
Mən, şəhid atası Bahadur
Paşayev Sizə təşəkkürümü
bildirmək istəyirəm. Sizə və ailənizə uzun ömür,
cansağlığı arzulayıram.
Şəhid ailəsi olaraq biz dövlətimizin
hərtərəfli qayğısı ilə əhatə olunmuşuq. Şəhidlərin ruhuna böyük ehtiram bəslənilməsi, onların ailələrinə
qayğı ilə yanaşılması indiki
gənc nəslin vətənpərvərlik ruhuna
da müsbət təsir göstərir.
Gənclər, Vətən yolunda
şücaət göstərən şəxslərin heç vaxt
unudulmadığını görür və
bütün bunlardan
ibrət götürürlər.
Sizin göstərişlərinizə
uyğun olaraq, mənim
ailəm üçün hazırda ev tikilir. Şəhid ailəsi
adından bir daha Sizə
minnətdarlığımı bildirirəm. Çox
sağ olun, cənab Prezident. Allah Sizi və Azərbaycanımızı qorusun!
Hörmətlə, Bahadur
Şıxəli oğlu Paşayev,
Kürdəmir şəhəri
İnsanların
sağlamlığını üstün tutdunuz
Əziz
Prezidentimiz!
Dünyanı cənginə almış koronavirus pandemiyasından Azərbaycan
xalqını uzaqgörən siyasətiniz və müdrikliyiniz sayəsində qoruduğunuza
görə Sizə minnətdarıq. Baxmayaraq ki,
bir çox böyük və güclü
ölkələr belə ağır vaxtda
öz xalqının
sağlamlığından çox
dövlətin iqtisadiyyatını fikirləşdilər, Siz isə Vətənin mənafeyini,
insanların sağlamlığını üstün
tutdunuz, bizi bu bəladan qorudunuz.
Hər çıxışınızdan, müraciətinizdən,
atdığınız hər addımınızdan
güc-qüvvət aldıq. Sizin sayənizdə
dünya Azərbaycan Respublikasının
gücünün bir daha şahidi oldu.
Cənab Prezident, Siz ulu öndərimiz Heydər
Əliyevin layiqli davamçısı olaraq, Azərbaycanı çiçəkləndirir,
inkişaf etdirir və
zənginləşdirirsiniz. Əhalinin rahat
və firavan yaşaması üçün əlinizdən gələni edirsiniz. Azərbaycanın hər
yerində gözəl və rahat yollar, fasiləsiz işıq və qaz, təmiz içməli su,
təzə və təmirli məktəblər, sosial infrastruktur obyektləri
və xalqa saymaqla
bitməyən digər xidmət nümunələri
vardır.
Hər zaman bizim
qayğımıza qaldığınıza görə Sizə
və ailənizə sonsuz hörmətimi
və təşəkkürümü bildirirəm. Allah Sizi, ailənizi və
Vətənimizi qorusun!
Hörmətlə, Xanməd Bayraməli oğlu Həşimov, Masallı şəhəri
Çətin
günün ömrü az olar
Hörmətli
cənab Prezident!
Xeyli müddətdir ki, koronavirus adlanan qorxunc düşmən
dünyanın ən nəhəng dövlətlərini belə
diz çökdürüb.
Pandemiya bizim ölkəmizdən
də yan keçməyib. Lakin koronavirusun
dünyaya yayıldığı ilk günlərdən Sizin
səyləriniz nəticəsində ölkəmizdə bu bəlaya qarşı kəskin mübarizə
başlandı. Nazirlər Kabineti
yanında operativ qərargah
yaradıldı. Ümumdünya Səhiyyə
Təşkilatı ilə sıx əməkdaşlıq qurdunuz. Azərbaycan ilk
olaraq ÜST-ə 5 milyon
dollar ianə verdi. Bir müddət sonra
ÜST-ə yenidən 5 milyon dollar maliyyə yardımı etdi.
Ölkə daxilində bütün xəstəxanalar
hazır vəziyyətə gətirildi. Əlavə olaraq, xüsusi təyinatlı
xəstəxanalar tikildi. Bu
iş indi də davam etdirilir. Sizin gördüyünüz
tədbirlər nəticəsində yüzlərlə vətəndaşımız
sağalaraq normal həyata
qayıdıb. Bu günə qədər dünya ölkələri sırasında ən
az itki verən
dövlətlər sırasındayıq.
Xaricdə yaşayan
soydaşlarımızın çoxu dərhal
ölkəmizə gətirildi. Aztəminatlı ailələrə
maddi və ərzaq yardımları edildi. Bu işlər
hazırda da davam etdirilir. Bütün bunlarla yanaşı, ölkə
iqtisadiyyatının ayrı-ayrı sahələri işləyir,
yaşayış üçün heç bir çətinlik
yoxdur.
Cənab
Prezident, məktəblər müvəqqəti bağlansa da,
biz müəllimlər xüsusi proqramlarla dərslərimizi
davam etdiririk və bu işləri axıra kimi görəcəyik.
“Mən hər bir azərbaycanlının
Prezidentiyəm” kəlamınız bu gün də özünü
təsdiq etdi. Biz
ziyalılar, həmişə olduğu kimi, yenə də Sizin
yanınızdayıq. Sizə inanırıq və bilirik ki, bu
düşmənə də qalib gələcəyik.
Pis günün
ömrü az olur. Bu çətinliklər
də tezliklə geridə qalacaq. Sizin rəhbərliyiniz altında
qarşıda bizi gözəl günlər
gözləyir. Ulu Tanrı Sizi qorusun!
Hörmətlə, Sədaqət Həsənova,
Bakı şəhəri, İ.Əfəndiyev adına Elitar Gimnaziyanın müəllimi,Bakı
şəhəri
Sizə
inanırıq, güvənirik
Hörmətli
Prezidentimiz!
Bu məktubumla
Sizin siyasətinizi dəstəklədiyimi,
gördüyünüz işlərdən qürur
duyduğumu bildirmək istəyirəm.
Bu
çətin günlərdə xalqımızı
qoruduğunuza, onun qayğısına
qaldığınıza görə Sizi
alqışlayıram.
Mən Şuşadan məcburi
köçkün olsam
da, Şuşanı görməmişəm.
Bərdə rayonunda məskunlaşmışıq.
Amma əminəm ki, Sizin sayənizdə ata-babalarımın yurdu Şuşanı görəcəyəm və
orada bayrağımızı
dalğalandıranlardan biri olacağam.
Sizə inanırıq, güvənirik, cənab Prezident!
Hörmətlə,
Nəbi Eldar oğlu
Əsədov, Bərdə rayonu
Təqdim etdi: Qüdrət PİRİYEV
Xalq qəzeti 2020.- 22 may.- S.3.