Naxçıvan Azərbaycan Xalq Cümhuriyyəti dövründə

O zaman naxçıvanlılar bu qədim türk yurdunu Azərbaycanın ayrılmaz hissəsi kimi erməni işğalından qəhrəmanlıqla qorumuşlar

 

1918-ci ilin mayında müsəlman Şərqində ilk dəfə yaradılmış yeni suveren dövlət – Azərbaycan Xalq Cümhuriyyəti çətin və mürəkkəb şəraitdə 23 ay fəaliyyət göstərdi. Cümhuriyyətin mövcudluğu dövründə ölkəmiz dünyanın böyük dövlətlərinin təzyiqlərinə qarşı ciddi mübarizə aparmalı oldu. AXC öz suverenliyini qoruyub saxlamaq üçün bütün vasitələrə əl atdı, bu yolda çox mürəkkəb problemlərlə üzləşdi. Böyük dövlətlərin təzyiqi altında 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurası Azərbaycanla Ermənistan arasındakı sərhəd problemini müzakirə edərkən bəzi səbəblər üzündən İrəvanın ermənilərə verilməsinə razılıq verdi.

Xalq Cümhuriyyəti dövründə qonşu ölkələr Azərbaycana qarşı bir sıra ərazi iddiaları irəli sürürdü. Bu zaman onun ərazisi 113,8 min kvadratkilometr idi. Azərbaycan Xalq Cümhuriyyəti ölkənin ərazi bütöv­lüyünüsuverenliyini qoruyub saxlamaq üçün çox çətin şəraitdə mübarizə aparır, bütün imkanlardan istifadə edir, taleyüklü məsələlərin həllinə çalışırdı. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti və par­lamenti öz fəaliyyətində, daxilixarici siyasətində Naxçıvanla bağlı bir sıra məsələlərə də imkan daxilində diqqət yetirmiş, bu əzəli və qədim türk bölgəsinin ermənilər tərəfindən tutulmasına imkan verməmiş və ona bacardığı qədər siyasi, hərbi, maddi və mənəvi köməkliyini göstərmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə əlaqədar Naxçıvan ətrafında yeni konkret tarixi şəraitdə sosialictimai-siyasi qüvvələrin yeni nisbəti yaranmışdı. Cümhuriyyətin fəaliyyət göstərdiyi dövrdə baş vermiş sosialsiyasi proseslər bir-biri ilə çox sıx əlaqəli inkişaf edirdi. Bu proseslər daxilixarici amillərin mürəkkəb qarşılıqlı təsirini əks etdirən bir mənzərə yaratmışdı. Bolşevik Rusi­yası çar imperiyasından miras qalmış millətçilik ideologiyasını hər vəchlə müdafiə və inkişaf etdirərək çox mürəkkəb şəraitdə müsəlman aləmini parçalamaq, bu regionda ona xidmət edəcək xristian dövləti – Ermənistan Respublikası yaratmaq məqsədi ilə səylərini daha da genişləndirirdi. Ru­siyanın yeni rəhbərliyi Türkmənçay müqaviləsi əsasında Azərbaycandan qoparılıb imperiyaya birləşdirilmiş tarixi torpaqlarımızın – İrəvan quberniyasının, həmin əraziyə tabe edilmiş Naxçıvan diyarının, Şərur- Dərələyəz və Ordubad qəzalarının süni surətdə yaradılmış Ermənistana birləşdirilməsini elan etdi.

Həmin illərdə Naxçıvan məsələsi həm daxildə, həm də beynəlxalq aləmdə müxtəlif mənafelərin toqquş­duğu, ziddiyyətlərin kəsişdiyi düyün nöqtələrindən birinə çevrildi. Bu dövr Naxçıvanda faciəvi özbaşınalıqlar, hakimiyyətin tez-tez dəyişilməsi illəri olmuşdur. O zaman Naxçıvan Xüsusi Zaqafqaziya Komitəsi, müsavatçı­lardan və daşnaklardan ibarət Milli Komitələr, Ermənistan Respublikası, ABŞ, İngiltərə, Türkiyə arasında bu diyara yiyələnmək uğrunda ardı-arası kəsilməz mübarizə meydanı olmuş­dur. Ermənistan Respublikasının Naxçıvana hücumları, hakimiyyət çəkişmələri bu bölgəni daha çıxılmaz vəziyyətə salmışdı. Əhalinin xeyli hissəsi qaçqına çevrilmişdi, aclıq hökm sürürdü. Naxçıvan xanlığı ərazisinə 1828--30-cu illərdə köçürül­müşorada məskunlaşmış erməni əhalisi diyarda vəziyyətin daha da mürəkkəbləşməsinə kömək edirdi. Naxçıvandakı ermənilərə, xarici si­lahlı qüvvələrə arxalanan Ermənistan Respublikası torpaqlarımıza yiyələnmək üçün öz fəaliyyətlərini daha da genişləndirirdi.

ABŞ, İngiltərə, Fransa, Rusiya dövlətləri Ermənistan Respublikasına hərtərəfli yardım göstərirdilər. Naxçıvan erməniləri diyarın təklənməsindən və daxildəki ziddiyyətlər, habelə hakimiyyətsizlik məngənəsində boğulmasından istifadə edərək Naxçıvanın ən yaxın vaxt­larda Ermənistana birləşdiriləcəyi barədə şayiələr yayır, bu yerlərin Ermənistanın bir hissəsi olduğunu iddia edirdilər. Erməni qüvvələri vəziyyətin mürəkkəbliyindən, qarışıqlıqdan istifadə edərək “Böyük Ermənistan” yaratmaq üçün ərazi iddiaları irəli sürürdü. Ermənilər torpaq iddiaları ilə bağlı layihə hazırlamış və onu Osmanlı dövlətinin ali rəhbərlərindən olan Ənvər paşaya təqdim etmişdilər. Bu layihəyə görə Naxçıvan və Ordu­badla birlikdə Sürməli, Axalkələk, Eçmiədzin, İrəvan (qəzası), Borçalı, Qazax, Şərur--Dərələyəz, Qarabağ və Zəngəzur qəzaları Ermənistana verilməli idi.

Ermənilər bu tələblərini onunla əsaslandırırdılar ki, guya, bu qəzaların əhalisinin 70 faizi ermənilərdir. Əslində isə Şərur--Dərələyəz qəzasında əhalinin 72,3 faizini, Nax­çıvan qəzasında 62,5 faizini, İrəvan qəzasında 60,2 faizini, Sürməlidə 70 faizini, Qarayazıda 89 faizini azərbaycanlılar təşkil edirdi. Xalq Cümhuriyyəti yarandığı gündən Nax­çıvanın əhalisi diyarın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bildirsə də, mövcud siyasi və beynəlxalq vəziyyət onların bu arzusunu həyata keçirməyə imkan vermirdi. Naxçıvanı Azərbaycandan ayırmaq meyilləri isə getdikcə güclənirdi.

1918-ci ilin yayında Naxçıvan ikitərəfli təhlükə ilə üzləşdi. Bir tərəfdən, diyarın erməni əhalisi yayılan şayiələrdən ruhlanaraq bölgəyə Ermənistanın bir hissəsi kimi baxır və müxtəlif yerlədə hər cür fitnəkarlıq törədirdilər. Digər tərəfdən isə ingilislərdən geniş yardım alaraq Culfanı öz əlinə keçirmiş daşnakların qaniçən generalı Andranik Ozanyan Naxçıvanın şəhər və kəndlərini talan edir, dinc əhalini kütləvi surətdə qırırdı. Yaycı, Dizə, Düylün, Süst, Çeşməbasar, Tumbul və b. kəndlər tamamilə dağıdılmışdı.

Lakin bu azğınlıqlara baxmayaraq, müttəfiq dövlətlər – İngiltərə və Fransa daşnakların hərbi əməliyyatlarına yardım göstərdiklərini bildirməkdə davam edirdilər. Belə ağır vəziyyətdə Naxçıvan Milli Komitəsi, haqlı olaraq, türklərlə əlaqəni daha da genişləndirməyi lazım bildi. Həmin vaxt türklər Şərur– Dərərləyəz və İrəvan–Culfa dəmir yo­lunu öz əllərinə keçirərək, Naxçıvana doğru irəliləyirdilər. Kazım Qarabəkir paşanın komandanlığı altında olan türk diviziyası Şərur qəzasına daxil olduqdan sonra hücumu müvəqqəti dayandırması Andranikin Naxçıvanı ələ keçirməsi üçün əlverişli imkan yaratmışdı.

Belə bir şəraitdə Naxçıvan Milli Komitəsi daşnakların sayca üstün qüvvələri ilə döyüşə girmədən geri çəkilməyi məqsədəuyğun sayırdı. Bununla belə, bütün xalq öz torpaqla­rının müdafiəsi üçün ayağa qalxmışdı. Nehrəm kəndində qonşu kəndlərin nümayəndələrinin fəal iştirakı ilə xalq qoşun dəstələri yaradılmışdı. Xalq qoşunu 1918-ci il iyunun axırlarında Nehrəm kəndi yaxınlığında Andra­nikin quldur dəstəsi ilə qarşılaşaraq onu əzmişdi. Andranik rüsvayçılıqla Qarabağ dağlarına qaçmağa məcbur olmuşdu.

Bu hadisələrdən sonra, yeni daşnak talanlarına yol verməmək məqsədilə türk qoşunları Naxçıvana, OrdubadaCulfaya daxil olmuş­dular. Türklərin daşnaklara qarşı döyüşdə kifayət qədər qətiyyətli ol­maması Naxçıvan Milli Komitəsi ilə onların arasında soyuqluq yaratmışdı. Türklər Naxçıvana daxil olan vaxt ilk siyasi tədbir kimi Naxçıvan Milli Komitəsini və milli hissələri burax­mışdılar. Xəlil bəy isə Naxçıvanın general-qubernatoru təyin olunmuşdu. Lakin vəziyyət uzun sürməmişdi. Tezliklə Naxçıvan Milli Komitəsinin və onun silahlı dəstələrinin fəaliyyəti bərpa edilmişdi.

1918-ci ilin ikinci yarısında müharibə cəbhələrində Türkiyənin vəziyyəti çətinləşdikcə o, Naxçı­vanda daha güclüsabit yerli hakimiyyətin yaradılmasına meyl göstərirdi. Elə yerli hakimiyyət ki, daşnakların hücumuna davam gətirsin və diyarı heç vaxt onların tapdağı altına qoymasın. Türkiyə Mudros müqaviləsinin şərtlərinə uy­ğun olaraq qoşunlarını Naxçıvandan çıxarmağa məcbur oldu.

1918-ci ilin noyabrında yerli əhali Qafqazda altıncı olan Araz Res­publikasının müvəqqəti müstəqilliyini elan etdi. Bu respublika bir tərəfdən erməni iddialarını dəf etməyə, digər tərəfdən isə yerli əhalinin həm din, həm də dil cəhətdən bağlı oldu­ğu Azərbaycanla birləşməni başa çatdırmağa cəhd edirdi. Araz Türk Respublikasının, əhalisi 1 milyon nəfər, ərazisi 8,6 min kvadratkilometr olmaqla, tərkibinə Naxçıvan və Şərur- -Dərələyəz qəzaları, Sərdarabad, Uluxanlı, Vedibasar, Kəmərli, Mehris. bölgələr daxil idi. Respublikanın paytaxtı Naxçıvan şəhəri, hökumətin sədri isə Əmir bəy Əkbərzadə idi. Araz Türk Respublikasının silah­lı qüvvələrinin köməyi ilə, yerli əhalinin fəal müqaviməti nəticəsində Ermənistanın daşnak hökumətinin Naxçıvanı ilhaq etmək siyasətinin qarşısı alındı.

Araz Türk Respublikasının yara­dılması ilə türklərin Naxçıvan diyarı ilə əlaqələri tamam kəsilməmişdi. Türk ordusunun polkovniki Xəlil bəy Araz Türk Respublikasında səlahiyyətli nümayəndəliyin başçısı təyin olunmuşdu. Bundan başqa, türklərin Naxçıvanda 5 zabit və 300 əsgəri qalırdı. Araz Türk Respublikası qısa müddət fəaliyyət göstərməsinə (1918 noyabr-- 1919 mart) baxmaya­raq, bölgənin azərbaycanlı əhalisinin qüvvələrinin düşmənlərə qarşı mübarizə üçün birləşdirilməsinə və bölgənin ermənilərə keçməsinə imkan verməməklə onun toxunulmazlığını və bununla da ADR-in ərazi bütövlü­yünü təmin etdi.

Naxçıvan əhalisi bölgənin Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılması üçün inadla mübarizə aparırdı. Onların 1919-cu il yanvarın 4-də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə ünvanlan­mış müraciətində Naxçıvan, Şərur və Ordubad qəzalarında ermənilərin törətdikləri vəhşiliklər haqqında geniş məlumat verilirdi.

1918-ci il noyabrın 4-də İrəvan, dekabrın 22-də Ordubad sakinləri, yanvarın 2-də İrəvanın ictimai xadimləri yaranmış ağır vəziyyətlə bağlı Azərbaycan hökumətinə müraciət etmiş və tədbirlər görülməsini xahiş etmişdilər. 1919-cu il yanvarın 7-də Azərbaycan hökuməti Ermənistan hökumətinə nota göndərməyə məcbur olmuşdu. Notada Azərbaycan xalqına qarşı zorakılığa son qoyulması tələb olunurdu. Yanvarın 8-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti vəziyyəti müzakirə etmişdi, qəbul olunmuş qətnamədə hökumətə ciddi tədbirlər görməyi tapşırmışdı. Yanvarın 25-də Parlament “İrəvan quberniyasındakı hadisələrə dair” məsələni yenidən müzakirə etmişdi. M.Ə. Rəsulzadə bəyanatla çıxış edərək bildirmişdi ki, Naxçıvan qəzasında ermənilər günahsız müsəlmanların qanını tökür. O, hökuməti bir daha kəskin tədbirlər görməyə çağırmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin Naxçıvanda­kı vəhşiliklərinə son qoymaq üçün Müttəfiqlərin Qafqazdakı Ali Komis­sarına müraciət etmişdi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə Naxçıvan bölgəsinin əlaqələrinin yara­dılmasında və əhalinin problemlərinin həllində İrəvan quberniyasından olan ictimai xadimlərin, onların yaratdıq­ları müxtəlif təşkilatların mühüm rolu olmuşdur.

1919-cu il yanvarın 2-də İrəvan quberniyası ictimai xadimlərinin müşavirəsi keçirilmiş, burada Araz Türk Respublikasının yaranma­sı, bölgədəki vəziyyət haqqında məlumat verilmiş və çıxış yolları göstərilmişdir. Yanvarın 5-də Ba­kıda İrəvan quberniyasında yaşa­yan azərbaycanlı nümayəndələrin fövqəladə iclası keçirilmişquber­niya müsəlmanlarının həmyerlilər cəmiyyəti yaradılmışdı. Azərbaycan hökuməti Naxçıvan üçün 900 min manat ayırmışdı. Fevralın 23-də keçirilən yığıncaqda xalq yekdilliklə Azərbaycana birləşmək arzusun­da olduqlarını bildirmişdi. Siyasi, iqtisadi, hərbi, mülki və mədəniyyət məsələlərinə dair maddələrdən ibarət olan akt hökumətin, Milli Şuranın və əhalinin nümayəndələri tərəfindən imzalanmışdı.

1919-cu ildə Naxçıvanın Azərbaycana birləşməsi haqqında akt qəbul etdirmiş “Mirbağırzadə missiyası”nın başçısı M.Mirbağırov Naxçıvanda olduğu müddətdə bölgədəki və ətraf yerlərdəki siyasi-hərbi vəziyyətlə tanış olmuş, əhalinin və ictimai qüvvələrin mövqelərini öyrənmişdi. Bütün bunlardan sonra missiya rəhbəri Azərbaycan hökumətinə 5 bəndlik təkliflər vermişdi.

M. Mirbağırovun Naxçıva­na səfərinin, Azərbaycan Xalq Cümhuriyyəti ilə Naxçıvanın əlaqələrinin artırılması sahəsindəki təkliflərinin çox böyük əhəmiyyəti oldu. Azərbaycan hökuməti Nax­çıvanın problemləri ilə sistematik məşğul olmağa başladı. Azərbaycan hökuməti Naxçıvana kömək göstərilməsində bir sıra addımlar atdı. Regional əlaqələri yaxşılaşdırmaq üçün Ağdam--Karyagin--Naxçıvan poçt-teleqraf xəttinin qaydaya salın­ması və mühafizə edilməsinə diqqət artırıldı. Ticarət və sənaye naziri M. Əsədullayev AXC Nazirlər Şurasına məktubla müraciət edərək Naxçıvan bölgəsinin neft məhsulları ilə təmin edilməsini əsaslandırdı.

Azərbaycan hökuməti M. Mir­bağırovun və Naxçıvanın müvəqqəti hökumətinin işlər müdiri B. Naxçı­vanskinin təklifləri əsasında 1919-cu il fevralın 28-də Naxçıvan general-qubernatorluğunu yaratdı. Bəhram xan Naxçıvanski general-quberna­tor, Kərim xan İrəvanski və Hacı Mehdi Bağırov onun köməkçiləri təyin olundular. General-quberna­torluğun nəzdində şura yaradıldı. Yerli hakimiyyətin təşkili və qoşun hissələrinin saxlanması üçün 500 min manat pul ayrıldı. Bir qədər sonra– 1919-cu il 30 mart tarixli sərəncamla daha 1 milyon manat bölgədə idarəçiliyin təşkilinə ayrıldı. 1919-cu il martın 8-də Araz Türk Respublika­sının xüsusi missiyası Bakıya gəldi. Nümayəndə heyətinin qaldırdığı məsələlər Azərbaycan Parlamentinin 1919-cu il 10 mart tarixli iclasında müzakirə olundu.

 

(ardı var)

 

İsmayıl HACIYEV,

AMEA Naxçıvan Bölməsinin sədri, akademik

Xalq qəzeti  2020.-22 may.- S.6.