UNESKO Əbdürrəhim bəy
Haqverdiyevin yubileyini qeyd edəcəkdir
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 ili tamam olur. Məlum olduğu kimi bununla əlaqədar Prezident İlham Əliyev yanvarın 31-də sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Əbdürrəhim bəy Haqverdiyev öz məşhur sələflərinin ədəbi ənənələrinin layiqli davamçısı və geniş erudisiyaya malik müasir dünyagörüşlü maarifpərvər ziyalı kimi çoxşaxəli fəaliyyət göstərmiş, Azərbaycan realist ədəbiyyatını və maarifçi-demokratik fikrini yeni mərhələyə qaldıraraq milli düşüncənin inkişafında əhəmiyyətli rol oynamışdır. Ustad sənətkarın dramaturji irsi ölkəmizdə teatr mədəniyyətinin yüksəlişinə yol açmışdır. Onun canlı həyat lövhələri ilə son dərəcə zəngin hekayələri nəsr tariximizin ən qiymətli nümunələri sırasında xüsusi yer tutur. Vətənpərvər ədib sevdiyi və təmənnasız xidmətində dayandığı xalqın arzu və istəklərini əsərlərində dolğun əks etdirmiş, maarifçiliyin alovlu təbliğatçısı olaraq daim mədəni oyanışa və tərəqqiyə səsləmişdir. Əbdürrəhim bəy Haqverdiyev Azərbaycanın ictimai həyatında fəal iştirak etmiş və sosial-mədəni quruculuq işlərində yorulmadan çalışmışdır”.
Onu da qeyd edək ki,
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcəkdir.
UNESKO Baş Konfransının 40-cı
sessiyası çərçivəsində təşkilatın
2020-2021-ci illər üzrə yubileylər siyahısı təsdiq
edilib.
Təşkilatın dəyərlərini,
mədəni müxtəlifliyini və
universallığını əks etdirməsi, ölkəsinin
hüdudlarından kənarda tanınması və regional əhəmiyyət kəsb etməsi kimi meyarlarına cavab verdiyi üçün Azərbaycanın
tanınmış dramaturqu, rejissoru və ictimai xadimi Əbdürrəhim bəy Haqverdiyevin anadan
olmasının 150 illik yubileyi
də UNESKO-nun yubileylər
siyahısına daxil edilib.
Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyi, UNESKO üzrə
Azərbaycan Milli Komissiyası və Azərbaycanın
UNESKO Yanında Daimi Nümayəndəliyinin
birgə hazırladığı sənəd təşkilatın
katibliyi tərəfindən müsbət
qiymətləndirilərək təsdiq olunub.
Azərbaycan ədəbiyyatının, milli mədəniyyətimizin inkişafında
böyük xidmətləri olan Ə. Haqverdiyevin dram əsərləri uzun
illərdir ki, teatrlarımızın
repertuarında əhəmiyyətli yer tutur. Onun “Yeyəsən qaz ətini, görəsən ləzzətini”
və “Dağılan tifaq” kimi
əsərləri Azərbaycanın bütün
teatrlarında uğurla tamaşaya
qoyulmuş və bu gün də repertuarda əsas
yer tutmaqdadır.
Milli teatrımızın inkişafında Ə. Haqverdiyevin xidmətlərindən biri də onun təşəbbüsü
və təşkilatçılığı ilə 1902-ci
ildə Ağdam Dram
Teatrının yaradılmasıdır..Yerli ziyalıların da yaxından köməyi sayəsində teatr ilk
tamaşalarını-M.F.Axundovun”Sərgüzəşti-vəziri-xani-Lənkəran”
və Ə.B.Haqverdiyevin ”Dağılan tifaq” əsərlərini
hazırlamışdır. Sonrakı illərdə ictimai əsaslarla fəaliyyət göstərən
teatr 1937-ci ildən dövlət teatrı
olaraq bir çox maraqlı səhnə əsərləri
ilə tamaşaçılar qarşısında uğurlu çıxışlar etmişdir.
1949-cu ildə ölkənin bir çox başqa teatrları kimi Ağdam teatrının da
fəaliyyəti dayandırılmışdır.1968-ci ildə
Azərbaycan SSR Nazirlər Sovetinin müvafiq qərarı ilə bu
sənət ocağı Ə.B.Haqverdiyev
adına Ağdam Dövlət Dram Teatrı kimi öz fəaliyyətini bərpa etmişdir.
Əbdürrəhim bəyin əsərləri
əsasında filmlər də çəkilib. 1963-cü ildə
“Marallarım” ekranlaşdırılıb. 1983-cü ildə
isə “Evlənmək istəyirəm” filmi
onun iki hekayəsi əsasında
lentə alınıb. 1993-cü ildə isə Ə.Haqverdiyevin əsəri əsasında “Ac həriflər” tammetrajlı
film-tamaşası ekranlaşdırılıb.
Hazırda Ə.Haqverdiyevin əsərləri
tədqiq olunur, onun
haqqında monoqrafiyalar, kitablar
yazılır, dram əsərləri tamaşaya hazırlanır.
Bir məsələni də qed edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə əlaqədar il ərzində bir sıra tədbirlərin keçirilməsini planlaşdırıb.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti 2020.-22 may.- S.7.