Azərbaycan ədaləti
bərpa edir!
Azərbaycan torpaqları 30 il idi ki, təcavüzkar Ermənistanın işğalçılıq siyasəti nəticəsində düşmən tapdağı altında inləyirdi. Yüz minlərlə insan Dağlıq Qarabağ və ətraf rayonlardakı doğma ocaqlarından, yurd-yuvalarından məhrum olaraq qaçqınlıq, məcburi köçkünlük statuslu ağır yükü, məşəqqəti öz üzərində daşıyırdı. 30 il idi ki, Azərbaycan dövləti nüfuzlu beynəlxalq təşkilatlarda ədalətin bərpası, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün çağırışlar edir, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar masasına oturur, müxtəlif təkliflərlə çıxışlar edirdi. Azərbaycan dövləti ötən 30 il ərzində münaqişənin, məhz müharibəsiz, qansız-qadasız həll olunması üçün kifayət qədər böyük səbir, təmkin nümayiş etdirdi. Lakin bütün bu cəhdlərə baxmayaraq, işğalçı ölkə öz iddialarından əl çəkmirdi.
Təəssüf ki, Ermənistan
qeyri-konsruktiv mövqe
tutur, mülki
insanlarımız – qadınlarımız,
uşaqlarımız, yaşlılarımız erməni tərəfinin
silahlı hücumlarına məruz qalırdı, hədəfə
çevrilirdilər. Təkcə, atəşkəs
dövründə həyatlarını itirmiş
Azərbaycan vətəndaşlarının sayı yüzlərlədir,
Ermənistanın baş naziri
Nikol Paşinyan isə
sələflərindən daha irəli gedərək,
hətta yeni torpaqlar uğrunda yeni müharibə
tezisi ilə çıxış etdi, hərbi təxribatların
miqyasını genişləndirdi.
Sentyabrın 27-dən başlayaraq Azərbaycan tərəfi düşmənin təxribatlarına layiqli cavab verməyə başladı. Bunun bir sıra obyektiv səbəbləri var. Bildiyimiz kimi, Azərbaycan Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyev Ermənistan silahlı qüvvələrinin və qondarma “DQR”in quldur hərbi birləşmələrinin əzəli torpaqlarımızdan dərhal, qeyd-şərtsiz çıxarılmaları üçün qarşı tərəfə son şans vermişdi. O, BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsini, habelə Avropa İttifaqının və Avropa Şurasının qərarlarını əsas tutaraq, münaqişənin daha gərgin mərhələyə keçməsinin qarşısını almağa çalışdı. Ancaq göründüyü kimi, qarşı tərəf bu şansdan da istifadə etmədi, yaxud etmək istəmədiyini dinc şəhərlərimizi, mülki obyektlərimizi, vətəndaşlarımızı artilleriya və raket zərbələrinə məruz qoymaqla nümayiş etdirdi. Qondarma və separatçı “DQR”in saxta “prezidenti” ni seçib “andiçmə” mərasimini də qədim Azərbaycan şəhəri Şuşada keçirdi, üstəlik, Ermənistanın baş naziri Nikol Paşinyan da həmin “mərasimə” qatıldı, məclislər təşkil edildi və s. Əlbəttə ki, həmin faktı özündə milli-mənəvi ruh daşıyan heç bir azərbaycanlı qəbul edə bilməzdi və Ali Baş Komandanımız İlham Əliyev cənablarının da vurğuladığı kimi bu cür münasibət Azərbaycan xalqına qarşı düşünülmüş təhqiramiz münasibət idi...
Belə olan halda isə təbii ki, uzun illər formalaşaraq
Cənubi Qafqazın ən güclü
silahlı qüvvələrinə çevrilmiş,
dünyanın 50 ən güclü
orduları sırasında yer alan Azərbaycan Ordusu cənab
Ali Baş
Komandanın əmri əsasında cavab tədbirləri
görməli idi.
Prezident
İlham Əliyev cənabları ulu öndər Heydər
Əliyevin siyasi strategiyasını, inkişaf
konsepsiyasını uğurla davam etdirərək, əvvəllər
həyata keçirilməsi mümkün görünməyən
işləri son 17 ildə reallaşdırmağa müvəffəq
oldu.
Təbii ki, Azərbaycan dövləti bu gücü-qüdrəti reallaşdırmaq üçün çox uzun yol qət etdi, iqtisadi imkanlarını gerçəkləşdirdi, neft və qeyri-neft sektorunda nəhəng layihələr reallaşdırdı, dünyanın ən böyük şirkət və korporasiyaları ilə müqavilələr imzaladı. İqtisadi gücünü formalaşdıran və artıran Azərbaycan dövlətinin rəhbəri, Prezident İlham Əliyev cənabları ulu öndər Heydər Əliyevin siyasi strategiyasını, inkişaf konsepsiyasını uğurla davam etdirərək, əvvəllər həyata keçirilməsi mümkün görünməyən işləri son 17 ildə reallaşdırmağa müvəffəq oldu. Əldə edilən kapital gəlirləri dövlətin qüdrətlənməsinə, insan resurslarına, vətəndaşlarımızın rifahına xərcləndi. Əbəs deyil ki, cənab Prezident İlham Əliyev iqtisadiyyatdan əldə edilən kapitalın insan kapitalına çevriləcəyini vurğulayırdı və bu gün biz bu uğurlu siyasətin məntiqi nəticələrini görməkdəyik.
Digər tərəfdən, həmin
uğurlar çərçivəsində
mövcud olan
xalq–hakimiyyət birliyi amili
ölkəmizin dövlətçilik maraqlarının
möhkəm təməllərə söykənməsinə
kifayət qədər geniş imkanlar verdi və bu gün həmin birlik sarsılmazdır. Əlbəttə,
xarizmatik,
praqmatik və qətiyyətli lider faktoru da
bu kimi məsələlərdə
öz sözünü
dedi və deməkdədir. Əbəs deyil ki, bu
gün İlham
Əliyev dedikdə, liderliklə yanaşı, həm də
yenilməz, müzəffər sərkərdə obrazı
canlanır. Bu gün
Azərbaycanda olan tükənməz ruh birliyi analoqu
olmayan bir hadisədir
və tarixə yazılan həqiqətdir.
İqtisadi uğurlardan əldə olunan gəlirin əsas hissəsi sosial məsələlərlə yanaşı, həm də ordu quruculuğu prosesinə cəlb olunurdu. Bu gün Azərbaycanın şanlı ordusunun Qarabağ cəbhəsində apardığı əks-hücum əməliyyatları və torpaqlarımızın düşmən işğalından azad olunması yönündə həyata keçirilən tədbirlər qələbə və zəfərlərlə müşayiət olunmaqdadır. Azərbaycan Ordusu ən müasir hərbi döyüş texnologiyaları ilə şəhər və kəndlərimizi, qəsəbələrimizi işğaldan azad edir. Artıq məlumdur ki, dünyanın diqqətində olan Qarabağ cəbhəsində ən unikal hərbi əməliyyatlar keçirən müasir Azərbaycan Silahlı Qüvvələri bir çox hərbi strateqləri sözün həqiqi mənasında heyrətləndirir. Azərbaycan Ordusu dünyanın müasir hərb elminə yenilikləri ilə imza atır və tarix yazır. Dünya artıq Azərbaycanı yeni texnologiyaları, ən müasir siyasi-iqtisadi və hərbi modelləri ilə qəbul edir, nümunələr götürür. Amma onu da unutmamalıyıq ki, hərbi uğurlarımızın təməlində dayanan əsas faktor Azərbaycan əsgəri, Azərbaycan zabiti və qəlbləri onlarla bir döyünən xalqın tükənməz dəstəyidir. Bu gün Azərbaycan əsgəri düşmənlə qarşılaşmağa böyük əzmlə gedir və gözü də arxada qalmır. Çünki bilir ki, arxada onun ailəsinə sahib çıxan Azərbaycan dövləti, qeyrətli Azərbaycan xalqı dayanır. Əgər biz cəbhədə Azərbaycan əsgər və zabitlərinin şücaətlərinə, qəhrəmanlıq salnamələrinə, eyni zamanda şəhidlərimizin valideyinlərinin “Vətən sağ olsun!” kəlmələrini nə qədər qürurla səsləndirdiklərinə nəzər salsaq, zəfərin, qələbənin nə qədər yaxında olduğunu açıq-aydın görərik.
Bəs Ermənistanda, düşmən
ordusunda vəziyyət
necədir? Əslində bu sualın
cavabı baş verən hadisələr fonunda aydındır.
Ən adi bir misal
gətirməklə deyə
bilərik ki, bu gün ordumuz
işğalçı düşmənin
ərazilərimizdən çıxarılmasına
nail olursa, demək düşmən qaçır,
düşmən fərarilik
edir. Hazırda Ermənistanda yeridilən
yarıtmaz, uğursuz,
mənfur siyasət xalqın mövcud hakimiyyətə qarşı
narazılığını artırmaqdadır. Xaotik bir
vəziyyətdə başını
itirmiş bir ölkənin və dünya birliyi içində özünəməxsus
yeri və rolu olan Azərbaycan
səfərbərlik faktlarını
müqayisə edək.
Misal üçün, Azərbaycan
qismən səfərbərlik
elan edib və gənclərdən
tutmuş orta yaşı insanlarımıza
qədər hər kəs cəbhəyə, döyüşməyə can atır.
Çünki bilirlər ki,
onlar öz torpaqlarının işğaldan
azad olunmasında iştirak edəcəklər.
Bəs erməni tərəfində
nə baş verir? Polis və
hərbi polis gücləri
küçələrdə insanları zorla avtobuslara yığmaqla cəbhəyə göndərir.
Yaxud, insanlar hərbi komissarlıqlara müxtəlif
vasitələrlə rüşvətlər
təklif edib, övladlarının Qarabağa
yollanmasının qarşısını
almağa çalışırlar.
Eləcə də məlum
olub ki, cəbhəyə getməyən
kişilərin yeni doğulmuş övladlarına
doğum evləri heç bir sənəd vermir, üstəlik həmin uşaqlara doğum haqqında şəhadətnamələrin
də verilməsi yasaqlanıb.
Nikol Paşinyan
hökumətinin yalançı
pafos üzərində
səsləndirdiyi saxta
vətənpərvərlik çağırışları artıq heç bir effekt vermir
və hətta bu pafoslu çağırışların
təsiri altına düşərək cəbhəyə
gedənlər indi fərarilik edir, qaçıb-gizlənirlər. Və bu
həmin Nikol Paşinyandır ki, hakimiyyətə yiyələnəndə
pafoslu, odlu-alovlu çıxışlar edib,
xalqını aldadırdı,
indi isə erməni xalqını uçuruma sürükləyir.
Beləliklə, Azərbaycan dövləti
bu gün ədaləti bərpa edir – BMT-nin, Avropa İttifaqının
və s. beynəlxalq qurumların 30 ildir ki, kağız üzərində qalmış,
həyata keçirilməmiş
qətnamə və qərarlarının icrasını
reallaşdırır. Bu təşkilatlar Azərbaycan
Prezidenti cənab İlham Əliyevin sərgilədiyi iradəsinə,
qətiyyətinə görə
ona minnətdar olmalıdırlar. Çünki Azərbaycan dünyada dondurulmuş münaqişələrin
hərb yolu ilə də həlli yolunun olmasının nümunəsini
yaradır. Həm də
minnətdar olmalıdırlar
ona görə ki, faşizmi, terrorçuluğu dövlət
siyasətinə çevirmiş
Ermənistanı yerinə
oturdur, bu siyasətin regiona və dünyaya təsir göstərmək
şanslarını heçə
endirir. O, müasir
dünyanın tarixini
və gələcək
üçün sərkərdəlik,
liderlik tarixi yazır, özü də qızıl hərflərlə.
Bəhruz QULİYEV,
“SƏS” qəzetinin
baş redaktoru, fəlsəfə üzrə
fəlsəfə doktoru
Xalq qəzeti 2020.- 7 noyabr.- S.3.