MDB Hökumət
Başçıları Şurasının videokonfrans
formatında iclası keçirilib
Özbəkistan
Respublikasının təşəbbüsü ilə MDB
Hökumət Başçıları Şurasının
noyabrın 6-da videokonfrans formatında iclası keçirilib.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov
iclasda iştirak edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, MDB hökumət başçıları üzv dövlətlər arasında müxtəlif istiqamətlərdə, xüsusən də iqtisadi və humanitar sahələrdə əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov
iclasda çıxış edib.
Baş nazir
deyib ki, bugünkü iclasın gündəliyi iqtisadi və humanitar əməkdaşlıq
da daxil olmaqla bir çox
məsələlərin müzakirəsini nəzərdə tutur. Bu gün nəzərdən
keçirilən sənədlərdən biri
də iqtisadiyyatın və ticari-iqtisadi əməkdaşlığın
inkişafına, yeni infrastruktur
layihələrinin hazırlanmasına, iqtisadiyyatın rəqəmsallaşdırılmasının
inkişafına, elmi, texniki
və təhsil potensialının reallaşmasına
yönəlmiş 2030-cu ilədək dövr
üçün MDB İqtisadi
İnkişaf Strategiyasının birinci mərhələsinin həyata
keçirilməsinə dair Fəaliyyət
Planıdır. Azərbaycan MDB-yə üzv
dövlətlərlə həm ikitərəfli, həm də
çoxtərəfli formatda əməkdaşlığın
inkişafında maraqlıdır. Ancaq qeyd etmək lazımdır ki,
Birlik çərçivəsində hərtərəfli
əməkdaşlıq Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi həll olunmadan mümkün deyil.
Məlum olduğu
kimi, sentyabrın 27-də Ermənistan Azərbaycana
qarşı növbəti hərbi təxribat törətmişdir.
İşğal olunmuş
ərazilərimizdə yerləşən Ermənistan
silahlı qüvvələri Azərbaycan Ordusunun
bütün cəbhə xətti boyunca mövqelərini və cəbhə
bölgəsində yerləşən yaşayış
məntəqələrimizi ağır artilleriya
qurğularından istifadə etməklə intensiv
atəşə tutmuş, nəticədə
mülki əhali və hərbçilərimiz
arasında itkilərimiz olmuşdur. Beynəlxalq hüquqa, xüsusən
özünümüdafiə hüququna əsaslanaraq
Azərbaycan Ermənistan tərəfindən işğal
olunmuş beynəlxalq səviyyədə
tanınmış ərazilərində əks-hücum əməliyyatına
başlamışdır. Əks-hücum əməliyyatı
nəticəsində bu günədək
4 şəhər, 3 qəsəbə, habelə 200-dən
çox yaşayış məntəqəsi
işğaldan azad edilmişdir.
İşğal olunmuş ərazilər azad edildikcə, işğal altındakı Azərbaycan torpaqlarına qarşı barbar münasibəti sübut edən getdikcə daha çox yeni faktlar üzə çıxır. Beynəlxalq ekspertləri cəlb etməklə foto və video materiallar, həmçinin digər maddi sübutlar əsasında biz işğal olunan ərazilərdə inventarlaşma və zərərin qiymətləndirilməsi işlərini aparacağıq.
Son hadisələr başlamazdan əvvəl Azərbaycan bir neçə dəfə Ermənistanın
Azərbaycana qarşı yeni müharibə
başlamaq niyyəti barədə dünya ictimaiyyətinə xəbərdarlıq
etmişdir. Müxtəlif televiziya
kanallarına verdiyi müsahibələrdə,
həmçinin BMT tribunasından çıxışı
zamanı Azərbaycan Prezidenti təcavüzkar
dövlətin dayandırılmasının zəruriliyini bildirmişdir. MDB Hökumət
Başçıları Şurasının 29 may
tarixində keçirilmiş iclasında
mən münaqişənin təxirəsalınmadan həll
edilməsi üçün müraciət
etmişdim. Ancaq təəssüf
ki, bizim
çağırış və müraciətlərimiz
eşidilmədi.
2018-ci ildən başlayaraq Ermənistanın yeni hərbi-siyasi rəhbərliyi məqsədyönlü hərəkətləri ilə danışıqlar prosesini tamamilə məhv etməyə çalışır. Ermənistan baş nazirinin bəyanatları və hərəkətləri, o cümlədən danışıqlar formatını dəyişdirmək cəhdləri, “Qarabağ Ermənistandır və nöqtə” deməsi, Şuşa şəhərində qeyri-qanuni rejiminin rəhbəri üçün dırnaqarası andiçmə mərasiminin keçirilməsi, qondarma “parlamentin” Şuşaya köçürülməsinə dair təhrikedici qərar, hərbi könüllü dəstələrin yaradılması barədə bəyanat, işğal altındakı ərazilərdə hərbi təlimlərin keçirilməsi, eləcə də Yaxın Şərq bölgəsindən, əsasən də Suriya və Livandan olan etnik ermənilərin işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırılması siyasəti buna sübutdur.
ATƏT-in Minsk
qrupunun həmsədr ölkələrinin
dövlət başçılarının işğal
olunmuş ərazilərdə status-kvonun qəbuledilməzliyi barədə bəyanatlarına
baxmayaraq, Ermənistan hökumətinin destruktiv hərəkətlərinin məqsədi
status-kvonun saxlanılmasıdır.
Azərbaycan həmişə münaqişənin danışıqlar masası arxasında həll edilməsinə sadiq olub. Ancaq Ermənistan qeyri-konstruktiv mövqeyi ilə danışıqlar prosesini pozur. Belə ki, Ermənistan son bir ayda ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçilik səyləri nəticəsində əldə olunmuş humanitar əsaslarla atəşkəs rejimini üç dəfə kobud şəkildə pozub. Rusiya Federasiyası Prezidentinin təşəbbüsü ilə xarici işlər nazirlərinin Moskva Bəyannaməsinin qəbul edilməsindən cəmi bir gün sonra – oktyabrın 11-i gecə saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri Gəncədəki yaşayış məntəqələrinə raket hücumu həyata keçirib.
Ermənistan silahlı qüvvələri kaset və fosfor bombaları
kimi qadağan olunmuş silah-sursat
növlərindən istifadə edərək, Azərbaycanın
cəbhə bölgələrini davamlı top
atəşi altında saxlamağa davam edir. Döyüş
bölgəsindən kənarda yerləşən bölgələrə
də raket zərbələri endirilmişdir.
Azərbaycanda minlərlə yaşayış evi və yüzlərlə mülki
infrastruktur obyekti, o cümlədən çox
sayda məktəb və uşaq
bağçası dağıdılmış və zədələnmişdir.
Mingəçevir şəhərində Cənubi Qafqazın ən
böyük istilik elektrik stansiyası Ermənistan silahlı
qüvvələrinin raket
hücumlarına məruz qalmışdır.
Sentyabrın 27-dən başlayaraq Ermənistanın həm öz ərazilərindən, həm də Azərbaycanın işğal olunmuş ərazilərindən “Tochka-U”, “Elbrus” və digər sistemlərdən istifadə etməklə həyata keçirdiyi raket və artilleriya atəşləri yaşlı insanlar, qadınlar və 11 uşaq daxil olmaqla 92 mülki şəxsin həlak olmasına səbəb olmuş, 404 mülki şəxs yaralanmışdır.
Gecə saatlarında Gəncə və Bərdə
şəhərlərinin ballistik raketlərlə
bombalanması nəticəsində 53 mülki
şəxs həlak olmuş, 245 nəfər
yaralanmışdır. Ermənistandan fərqli olaraq, Azərbaycanın silahlı qüvvələri
mülki əhaliyə və mülki obyektlərə hücum
etmir, yalnız legitim
hərbi hədəfləri məhv edir.
Biz MDB-yə üzv dövlətləri Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlər
törədən Ermənistanın hərəkətlərini
qətiyyətlə pisləməyə
çağırırıq.
Bizə və ümid
edirəm ki, iclasda iştirak edən hər kəsə
aydındır ki, öz
ərazisindən münaqişə zonasından kənarda yerləşən
Azərbaycan şəhərlərini atəşə tutmaqla, Ermənistan Azərbaycanı Ermənistan
ərazisinə cavab atəşi açmağa, bununla da üçüncü
dövlətləri, xüsusən də KTMT üzvü olan ölkələri
münaqişəyə cəlb etməyə və hərbi əməliyyatlar
coğrafiyasını genişləndirməyə
çalışır.
Bir daha
vurğulamaq istərdim ki,
döyüş əməliyyatları Ermənistan
ərazisində deyil, Azərbaycan
Respublikasının beynəlxalq səviyyədə
tanınmış ərazisində aparılır.
Onu da qeyd etmək istərdim ki,
mülki aviasiyadan istifadə
etməklə Azərbaycanın işğal
olunmuş ərazilərinə
ötürülmək üçün
Ermənistana qaçaqmalçılıq yolu
ilə silah təchizatı həyata keçirilir. Bu cür qanunsuz hərəkətlər
Beynəlxalq Mülki Aviasiya
Təşkilatının məqsəd və prinsiplərinə
ziddir. Bundan əlavə
Azərbaycan ordusuna qarşı
döyüşlərdə iştirak etmək
üçün dünyanın müxtəlif
ölkələrindən muzdlular Ermənistana
aparılır.
Əli Əsədov bildirib
ki, oktyabrın 29-da Beynəlxalq
Qızıl Xaç Komitəsinin xətti
ilə Azərbaycan münaqişə zonasında həlak olmuş 30-a yaxın erməni əsgər və
zabitinin cəsədini birtərəfli qaydada Ermənistana ötürmüşdür.
Bu, Rusiyanın vasitəçilik səyləri
sayəsində mümkün olmuşdur. Bu addım humanizm prinsiplərini rəhbər tutaraq atılmışdır. Baxmayaraq
ki, Ermənistan uzun
müddət həlak olanların cəsədlərini təhvil
almaqdan imtina edirdi.
“Azərbaycan tərəfi ardıcıl olaraq bütün səviyyələrdə gələcəkdə erməni və Azərbaycan icmalarının Dağlıq Qarabağ ərazisində dinc yaşamalı olduqlarını bildirmişdir. Necə ki, minlərlə üzvü olan erməni icması Bakı da daxil olmaqla Azərbaycanın digər yaşayış məntəqələrində, eləcə də Rusiyada və MDB-nin, habelə dünyanın digər ölkələrində dinc yaşayırlar.
Biz erməni xalqına qarşı müharibə aparmırıq, beynəlxalq səviyyədə tanınmış torpaqlarımızı işğaldan azad edirik. Yeganə hədəfimiz Azərbaycanın ərazi bütövlüyünün tam bərpası, Ermənistan tərəfindən işğal olunmuş bütün ərazilərin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə uyğun olaraq azad edilməsi və bölgədə uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar edilməsidir. MDB-yə üzv olan dövlətlər tərəfindən bir-birlərinin ərazi bütövlüyünün və mövcud sərhədlərin toxunulmazlığının tanınması və hörmət edilməsi 1991-ci il Alma-Ata Bəyannaməsi də daxil olmaqla Birliyin təməl sənədlərində təsbit edilmişdir”, - deyə Əli Əsədov qeyd edib.
Baş nazir
vurğulayıb ki, Azərbaycanın heç vaxt bir qarış özgə torpağına
iddiası olmayıb. Eləcə də bir
qarış torpağımızın belə
işğalı ilə heç vaxt barışmayacağıq. Bu, bizim prinsipial
mövqeyimizdir və bu
məsələdə biz sona
qədər gedəcəyik.
Əli Əsədov əminliyini bildirib ki, bugünkü iclasda qəbul olunacaq qərarlar MDB çərçivəsində qarşılıqlı əlaqələrin gücləndirilməsinə və əməkdaşlığımızın səmərəsinin artırılmasına xidmət edəcək.
Xalq qəzeti 2020.- 7 noyabr.- S.4.