ŞUŞA – 28 illik həsrətə son

 

Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı

 

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə 8 yüksəklik azad olunub.

 

8 noyabr 2020-ci il tariximizə şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik Şuşa şəhərini 28 illik işğaldan azad etdi. Noyabrın 10 – da isə işğaıçı Ermənistan rəsmən təslim oldu. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və ən böyük hərbi qələbə oldu.

Şuşa şəhəri zəngin və şanlı ­tarixi keçmişə malikdir. Azərbaycan xalqının tarixi ənənələrinin simvolu olan Şuşa qədim Xocalı-Gədəbəy mədəniyyətinin (e.ə ikinci minilliyin II yarısı – birinci minilliyin əvvəlləri) əhatə dairəsinə daxil olan ən qədim yaşayış yerlərindən birində yaranıb. Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən məşhur Cıdır düzündəki Şuşa mağarası (Üçmıx dağında) bu ərazinin Azərbaycanda ən qədim yaşayış məskənlərindən biri ­olduğunu sübut edir.

1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra keçmiş Qarabağ bəylərbəyliyinin ərazisində iki müstəqil xanlıq – Gəncə və Qarabağ xanlıqları yarandı. Qarabağ xanlığının əsasının qoyulması və Şuşa şəhərinin onun paytaxtına çevrilməsi Pənahəli xanın (1748-1763) adı ilə bağlıdır. Qarabağ xanı Pənahəli xan Cavanşirlər tayfasının Sarıcanlı oymağından idi. Bu Azərbaycan tayfası Qarabağın qədim sakinlərindən olmuşuzun müddət bölgənin ictimai-siyasi həyatında mühüm rol oynamışdır. Nadir şahın sarayında eşikağası vəzifəsini tutmuş Pənahəli xan 1738-ci ildə Qarabağa qayıtmış, 1748-ci ildə isə müstəqil Qarabağ xanlığının əsasını qoymuşdur.

Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. Şuşa qalasının salınması 1750-1751-ci illərdən hesab edilir. Tarixi mənbələrə görə, 1750-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlandı və 1756-1757-ci illərdə tikilib başa çatdırıldı. Qarabağ xanı Pənahəli xan Şuşanı paytaxt elan edib oranı möhkəmləndirmiş , qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənahəli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” və “Şuşa” adlandırılmışdır.

İngilis səyyah və alimləri C.MoryeR.Burter Şuşanın qədimliyi ilə bağlı dəyərli mülahizələr söyləmişlər. C.Moryenin fikrincə, Şuşa hələ eradan əvvəl insan məskəni olmuşdur. R.Burter isə yazır ki, “Şuşada Qafqazın başqa yerlərində olmayan Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr, qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları vardır”. Bütün bunlar Şuşanın hələ çox qədimdən mövcud olması haqqında fikir söyləməyə əsas verir. Tarixi mənbələrdə Şuşanın hətta XIII əsrdə də Azərbaycanın məşhur şəhərlərindən biri olması haqqında faktlar vardır.

XVIII əsrin ikinci yarısından başlayaraq şəhərin əhalisi sürətlə çoxalmış və Şuşa Azərbaycanın mühüm, strateji əhəmiyyətli şəhərlərindən birinə çevrilmişdi. Hələ Pənahəli xanın dövründə şəhərdə böyük tikinti işləri aparılmış, sonra İbrahimxəlil xanın (1763-1806-cı illər) dövründə isə Qarabağ xanlığı daha da güclənmişdir. Xanlığın ərazisində Əskəran, Ağoğlan qalaları, Şuşa qalasının divarları və s. diqqətəlayiq, strateji əhəmiyyətli qalalar tikilmişdi. Şəhər qısa müddət ərzində xeyli böyümüş, təbii gözəlliyi, hündür binaları və möhtəşəm qala divarları ilə diqqəti cəlb etmişdi.

XVIII əsrin ikinci yarısında Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhəri sayılan Şuşa özünün xalçası, ipəyi, parçası və çini qabları ilə dünya bazarları sırasına çıxmış və bununla da böyük şöhrət qazanmışdı. XVIII əsrin 80-ci illərində şəhərin dövrəsinə möhtəşəm qala divarları çəkilib başa çatdırıldı. Bu dövrdə şəhərdə çoxsaylı sənətkar məhəllələri yaranır, ticarət daha sürətlə inkişaf edirdi. Şuşalı tacirlər Təbriz, Tehran, İsfahan, İstanbul, Bağdad, Səmərqənd, Moskva, Marselbaşqa şəhərlərlə ticarət əlaqələri saxlayırdı. Şəhərdə “Pənahabadi” adlı gümüş sikkələr zərb edilirdi.

Tarixi mənbələrdə XVIII əsrin sonu--XIX əsrin əvvəllərində artıq Şuşada çoxlu sayda manufakturaların və 2 mindən çox sənətkarın fəaliyyət göstərdiyi bildirilir. 1809-cu ilin məlumatına görə, o dövrdə Şuşada 1500 toxucu dəzgahı fəaliyyət göstərirdi. Bu da ən azı 1500 sənətkar demək idi. XIX əsrin 60-cı illərində Şuşada illik ticarət gücü 78 milyon rubla bərabər olan ipəksarıma fabrikləri fəaliyyət göstərirdi ki, çox keçmədən həmin müəssisələrin illik istehsal gücü 117 milyon rubla çatmışdı.

1873-cü ildə Vyana şəhərində açılmış beynəlxalq sərgidə Şuşanı təmsil edən nümayəndələr də iştirak etmiş və onların sərgidə nümayiş etdirdikləri eksponatlar xaricilərdə dərin maraq oyatmışdı. 1903-cü ildə Tiflisdə nəşr olunmuşVestnik Kavkaza” jurnalının 43-cü səhifəsində göstərildi ki, “Şuşanın görünüşü orta əsr Avropa şəhərlərini xatırladır. Bu şəhərin tacirləri ipək-barama alverində üstün mövqeyə malik olub, Tiflis, MoskvaMarsel şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayırlar”.

Bununla yanaşı, Şuşanın gözəl təbiəti, coğrafi mövqeyi, xüsusilə çox mühüm strateji əhəmiyyətli qala olmasını bir sıra tədqiqatçılar dəfələrlə bildirmişlər. Məşhur klimatoloqlar dəniz səthindən 1403 metr hündürlükdə yerləşən mühüm əhəmiyyətli şəhərin iqlim şəraitini, fauna və florasını dəqiq yoxladıqdan sonra mülayim təbiətli Şuşanın böyük müalicəvi əhəmiyyətli bir şəhər olduğunu söyləmişdilər. 1854-cü ildə şəhərdən cənubda, 18 kilometr aralı “Turşsu” deyilən səfalı guşədə mədən suyunun çıxması da alimlərin mülahizəsini doğrultdu. Şuşa havasının təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəri kimi tanınmışdır. Bu baxımdan, nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da Şuşa öz səfalı yerləri, istirahət guşələrinə görə məşhur idi. Şuşa dağlarında xüsusi gözəlliyi ilə seçilən və dünyanın heç bir yerində bitməyən “Xarı bülbülgülü bitir. Bu endemik gül həm gözəl, həm də müalicəvidir.

Artıq XIX əsrin ikinci yarısında şəhər əhalisinin sayı tanınmış alim və sənətkarlar da daxil olmaqla 25 minə çatmışdı. Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə, təkcə XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsxəbənd, 5 astronom, 18 memar, 16 həkim, 42-yə qədər müəllim və s. olmuşdur. Bu böyük ziyalı təbəqəsi, Şuşa şəhərini mədəniyyət mərkəzinə çevirməkdə, burada elmi və mədəniyyəti inkişaf etdirməkdə mühüm rol oynamışlar.

Ümumiyyətlə, tarixi mənbələr sübut edir ki, Şuşa qalası tarixən Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. XIX əsrin əvvəllərində -- 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla Rusiyanın Qafqaz qoşunlarının baş komandanı general Sisianov arasında Kürəkçay müqaviləsi (“Andlı öhdəlik”) imzalandı. Bununla da Qarabağ xanlığı Rusiyanın tərkibinə daxil oldu və dərhal Qarabağda çarizmin mövqeyini möhkəmlətmək üçün ermənilərin bura köçürülməsinə başlandı. Bu fakt onu göstərir ki, ermənilərin Qarabağa dair ərazi iddiaları əsassızdır. Çünki əgər ermənilər Qarabağ xanlığında yaşayıb, vəzifə sahibi olsaydılar, general Sisianovla müqavilə Qarabağ xanı İbrahim xanla imzalanmazdı.

XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair yenidən ərazi iddiaları irəli sürdülər. XX əsrin 80-ci illərinin sonu --90-cı illərinin əvvəllərində SSRİ rəhbərliyinin ermənilərə himayədarlığı sayəsində hadisələr getdikcə daha da mürəkkəbləşdi və Ermənistan Respublikası Azərbaycan ərazilərinə hərbi qüvvə göndərərək açıq təcavüzə başladı. 1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan silahlı qüvvələri bir-birinin ardınca Dağlıq Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi.

1992-ci il mayın 8-də Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhərini ələ keçirməklə Ermənistan ordusu tərəfindən bütün yuxarı Qarabağ zəbt olundu. Nəticədə 289 kvadratkilometr ərazisi, 24 min nəfər əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Şuşa uğrunda döyüşlərdə 195 nəfər şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər isə itkin düşdü.

Şuşanın 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət rəsm qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilmiş, yandırılmış və dağıdılmışdır. Hazırda Şuşa rayonunun 34 min 300 nəfər əhalisi Azərbaycanın 58 rayonunda müvəqqəti məskunlaşıb.

İşğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə var idi. Bunların içərisində son tuncilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, M.P.Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, İkimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri, Xan Şuşinskinin, Tarzən Sadıqcanın evləri, Realni məktəbi binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və s. tarixi mədəniyyət nümunələri erməni işğalçıları tərəfindən talan edilmiş, dağıdılmış və məhv edilmişdir.

Şuşanın abidələr şəhəri olduğunu söyləyən ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”. Bir vaxtlarKiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, bir sıra görkəmli xadimlərin vətəni, eləcə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri artıq işğaldan azad edilmişdir.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibəti ilə xalqa müraciətində demişdir: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”

 

 

 

Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru

 

Xalq qəzeti  2020.- 14 noyabr.- S.7.