“İşğal
altında olan Qarabağı Azərbaycan əsgəri, giziri,
zabiti rəşadətlə azad edib”
Bu Qələbə
Azərbaycan tarixində əbədi qalacaqdır. Bu siyasi qələbənin
qazanılmasında hərbi qələbəmiz müstəsna
rol oynayır.
Birinci Qarabağ
və İkinci Qarabağ müharibələrinin şəhidləri
bizim qəlbimizdə əbədi yaşayacaqlar.
Əsgər,
gizir və zabitlərimiz torpağımızı
işğalçılardan qarış-qarış azad ediblər,
onlar bizim bayrağımızı işğaldan azad
edilmiş torpaqlarda qaldırıblar, bayrağımızı
orada dalğalandırıblar.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Cənnət Qarabağ uğrunda təcavüzkar və işğalçı Ermənistanla 33 ildən bəri başlamış faciəli münaqişənin ikinci qanlı müharibə mərhələsi noyabrın 10-da Azərbaycanın hərbi-siyasi qələbəsi ilə başa çatdı. Bu tarixi əhəmiyyətli sonluq Azərbaycan xalqının sonsuz yurd sevgisini, hədsiz dözümünü, dəmir iradəsini, və ölüm-dirim mübarizəsində yenilməzliyini bütün dünyaya bir daha sübut etdi. Ordumuz bu qələbəni ən yeni tarixə şəhid döyüşçülərimizin qanı ilə həkk etdi. Buvaxtadək sivil xalqı, zəngin ölkəsi, müstəqil dövləti, döyüşkən ordusu ilə tanınan Azərbaycan çatmayan bir dəyərini – pozulmuş ərazi bütövlüyünü hərbi yolla, qəhrəmanlıqla bərpa elədi.
Bu yerdə Xalq yazıçısı Anarın ssenarisi əsasında çəkilmiş “Dədə Qorqud” bədii filminin sonluğu yada düşür. Ulu Qorqud dədə minillərdən gələn milli kimliyimizin əsas dəyərinin – yurd sevgisinin məna və mahiyyətini özündən sonrakı gələcəyə belə anladır: “Torpağı qorumasan – əkib-becərməyə dəyməz, əkib-becərməsən – qorumağa dəyməz”. Xalqımız Vətənini min illər boyu qorumaqla və əkib-becərməklə saysız-hesabsız basqıdan və bir sıra işğaldan qoruyub çağdaş dünya birliyinin bərabərhüquqlu dövləti məqamına çatdırıb.
Başbilənlərinin tarixən uydurduğu yalanlara inanan erməni toplumu isə zəmanəmizin pozulmaz sayılan qadağasına-- özgə torpağına yiyələnməyin mümkünlüyü xülyasına qapılaraq, özünə havadarlar taparaq bütün hiylə, xəyanət və vəhşiliklər hesabına tarixlərdən qoruyub bugünə çatdırdığımız müqəddəs torpaqlarımızın 20 faizini işğal etdi, 1 milyon soydaşımızı öz tarixi yurdunda qaçqın-köçkünə çevirdi. Beynəlxalq hüquq, BMT qətnamələri bu qəsbkarlıq və işğalın yolverilməz olduğunu birmənalı olaraq bəyan etsə də, ağlını və milli ləyaqətini itirib kütləvi quldurlar səviyyəsinə enmiş ermənilər bütün bunları anlamayıb 30 il çal-çağırla özünü qalib saydı, sivil dünyaya hədyanlıq, yavalıq göstərdi. Torpaqlarımızın işğaldan azad edilməsini sülh yolu ilə həll etməli olan ATƏT-in BMT mandatlı Minsk qrupunun bu missiyasi isə fəaliyyətsizlikdən iflasa uğradı.
Zaman keçdikcə şair Qabilin məşhur şeirində əksini tapmış “Ümid sənədir ancaq, Azərbaycan əsgəri!” həqiqəti gündəmə gəldi, nəhayət, aktuallaşdı və qətiləşdi. Bəli, bu gün qazandığımız Qələbəni sentyabrın 27-dən başlanmış 44 günlük İkinci Qarabağ savasında xalqımıza Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bəxş etdi. Xalqımızın mənəviyyat beşiyi, Qarabağın tacı olan Şuşanın işğaldan azad edilməsi ilə ikiqat bayrama çevrilmiş 9 Noyabr Dövlət Bayrağı Gününün səhərisi azğın və qüduzlaşmış işğalçıya Azərbaycan Ordusunun vurduğu son sarsıdıcı zərbə-- daha 72 yaşayış məntəqəsinin işğalçılardan azad edilməsi və quldur yuvası Xankəndinin mühasirəyə alınması ilə xain düşmənin yenilməz hesab etdiyi Ermənistan ordusu müqavimət qabiliyyətini itiririb diz çökdü.
Ermənistan rəhbərliyinin gecəyarısı inadı yerə qoyub ölkəmizin şərtlərini qəbul etməsini və imdad diləməsini, Rusiyanın işğalçı dövləti məhv olmaqdan xilas etmək məramını anlayışla qarşılayan Azərbaycan rəhbərliyi Şimal qonşunun iştirakı ilə düşmənin kapituliyasiyası anlamına gələn üçtərəfli bəyanatı zəfər aktı kimi imzaladı.
Bu tarixi anlarda xalqa müraciət edən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev təntənə ilə bəyan etdi: “Əziz həmvətənlər. Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan--Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm”.
Dövlət başçımız açıqlama verərək bildirdi ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünənki parlaq, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir: “Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur”.
Doğrudan da, Azərbaycan Ordusunun ayyarımlıq zəfər yürüşünün –apardığı ağır və uğurlu döyüş əməliyyatlarının yekunu olan, əsgər və zabitlərimizin canı-qanı bahasına qazanılan böyük Qələbəni tarixə həkk edən bu təslimolma sənədinin imzalanması ilə uzun illər davam edən nisgilli işğal epoxasına son qoyuldu. Prezident İlham Əliyevin dönə-dönə vurğuladığı kimi, bu qələbəni Azərbaycana yurd sevgili, qorxubilməz döyüşçülərimiz bəxş elədilər.
Bu döyüşlərdə canını qurban vermiş şəhidlərimiz xalqımızın mənəvi dünyasında ən yüksək məqamda qərarlaşdı. Qalib Ali Baş Komandanın söylədiyi kimi: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaqlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər. Biz bu Qələbəyə görə onlara borcluyuq. Onlar torpağımızı işğalçılardan qarış-qarış azad ediblər, onlar bizim bayrağımızı işğaldan azad edilmiş torpaqlarda qaldırıblar, bayrağımızı orada dalğalandırıblar”.
Ümummilli lider Heydər Əliyevin yenidən formalaşdırdığı Silahlı Qüvvələrimiz Prezident İlham Əliyevin çoxillik müstəsna səyləri ilə elə bir güc və imkah qazandı ki, Ermənistan ordusunun məğlubedilməzliyi mifini asanlıqla puç etdi, bu quldurxislət, talançı silahlı bandaları qısa müddətdə darmadağın etdi. Ali Baş Komandanın öyünclə söylədiyi kimi: “Onların demək olar ki, bütün texnikasını məhv etmişik, darmadağın etmişik. Bu 30 il ərzində qurulmuş istehkamları keçmişik, əsgərlərimiz aslan kimi keçiblər, əziblər düşməni keçiblər, əcəb də ediblər, öz torpağında. Biz beynəlxalq hüquqa əməl edirik, biz beynəlxalq hüquqa hörmət göstəririk. Biz mülki vətəndaşlardan intiqam almamışıq, heç vaxt almayacağıq və məhz buna görə mülki vətəndaşlar arasında düşmən tərəfdə itkilər çox azdır. Onlar nə etdilər? Onlar döyüş meydanında duruş gətirə bilmədilər, qaçdılar, ondan sonra ballistik raketlərlə mülki vətəndaşlara atəş açdılar. Bu, hərbi cinayətdir. Onlar bu hərbi cinayətə görə cavab verəcəklər”.
Ordumuzun sarsıdıcı zərbələrinə davam gətirməyən emənilər silah-sursatı ataraq qaçıb getdilər. “Yenilməz” ordu məhv oldu, fərarilik başladı. Bizdə isə bir nəfər də fərari olmadı. Döyüş qabiliyyətli gənclər axın-axın orduya yazıldı. Mülki vətəndaşlar evi dağılsa da yaxınlarını itirsə də dedi: “Vətən sağ olsun, ordumuz irəli, getsin!”.
Azərbaycan Ordusu bu qələbəni düşməndən on qat aşağı itki ilə qazandı. Çünki bu ordu ədalətli müharibə aparırdı, Vətən sevgisi ilə döyüşürdü, ən müasir texnika və döyüş taktikası ilə vuruşurdu. Xalq isə öz ordusunun arxasında idi. Bütün bunların nəticəsi olaraq xalqa Qələbə müjdəsi verən Prezident İlham Əliyev dedi: “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.
Dövlət başçısı bildirdi ki, döyüşlər şiddətli xarakter almışdı, düşmən müqavimət göstərirdi. Bunu da hər kəs bilsin, bu 44 gün ərzində əldə edilmiş qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb. Düşmən işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmaq istəmirdi. Bu döyüşlərdə fəal iştirak edən insanlar yaxşı bilirlər ki, 30 il ərzində hansı istehkamlar qurmuşdular. O istehkamları yarıb keçmək, o müdafiə xətlərini dəf etmək çox böyük qəhrəmanlıq və hərbi peşəkarlıq tələb edirdi: “Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bu tarixi missiyanı siz icra etmisiniz - Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib. Əlbəttə ki, bizim güclü ordumuz var, texniki təchizat da yüksək səviyyədədir. Bütün dünya gördü ki, biz hansı texniki imkanlardan istifadə edirik”.
Ali Baş Komandanın bugünlərdə yaralı döyüşçülərlə görüşdə bildirdiyi kimi, bu gün bizim əldə etdiyimiz qələbə və apardığımız hərbi əməliyyatlar həm texniki imkanlar baxımından, eyni zamanda, operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur: planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir.
Ancaq bu Qələbəni xalqımıza qazandıran texniki vasitələrin üstünlüyündən daha artıq əsgər və zabitlərimizin peşəkarlığı, Vətənə məhəbbəti və milli qeyrəti oldu. Ali Baş Komandan da bütün bunları yüksək dəyərləndirərək vurğuladı: “Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Biz sübut etdik ki, biz böyük xalqıq”.
Döyüşlərdə düşmənin 252 tankı, 53 tank əleyhinə vasitəsi məhv edilib, 53 tank qənimət götürülüb-- Ermənistan 305 tankdan məhrum edilib; 251 müxtəlif çaplı top məhv edilib, 24-ü qənimət kimi götürülüb; 50 piyadaların döyüş maşını məhv edilib, 29-u qənimət götürülüb; 61 minaatan məhv edilib, 45-i qənimət kimi götürülüb; 82 “Qrad” qurğusu, 2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, 1 “TOS” məhv edilib.
Bu natamam siyahının davamı belədir: 16
komanda-idarəetmə məntəqəsi
dağıdılıb. Zenit-raket
kompleksləri-- 4 “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, 1 “KRUQ”, 2
“S-125” qurğusu məhv edilib. Ən bahalı qurğulardan
olan 6 “S-300” atıcı qurğusu, 1 aşkaretmə stansiyası,
1 lokator məhv edilib. Əməliyyat taktiki raket
kompleksləri – Elbrus, ikisi məhv edilib, “Toçka-U” biri məhv
edilib. Yük avtomobilləri – 231 yük
avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi
götürülüb. Toplam 404 yük
avtomobili. Təxmini məlumata görə,
6 mindən çox canlı qüvvə itirən
işğalçı dövlətin 10-15 min arası
yaralı hərbçisi var.
Ermənistan ordusu bu itkilərin əvəzini Azərbaycanın
dinc əhalisindən çıxmağa
çalışdı. Bunun nəticəsində 93 mülki şəxs
həlak oldu, 400-dən çox mülki şəxs
yaralandı, 3 mindən çox bina dağıldı. Terrorçu dövlət
işğalçılıqdan əlavə, müharibə
cinayətləri də törətdi.
Hərbi
ekspert Şair Ramaldanov Ordumuzun Qarabağ zəfərini,
döyüşlərdə göstərdyi hünər və
rəşadəti belə dəyərləndirdi:
– Bi tarixi
qələbə Ali Baş Komandan İlham Əliyevin qətiyyətli
mövqeyinin və gerçəkləşdirdiyi mükəmməl
siyasətin nəticəsi oldu. Ermənilər
Qarabağ davasına uzun illərdən hazırlıq
apardıqlarına, onların əli ilə Azərbaycana təzyiq
göstərən dairələrin köməyindən yararlandıqlarına,
ölkəmizdə isə hakimiyyət davası və milli
birliyin olmaması mövqelərimizi zəiflətdiyinə
görə nisbi mənada üstünlük əldə edərək
torpaqlarımızı işğal edə bilmişdilər.
1993-cü ilin fəlakətli günlərində
xalqın tələbi ilə hakimiyyətə qayıdan
ümummilli lider Heydər Əliyev çox ağır nəticələri
aradan qaldırmalı olmuşdu. Ulu öndər
xalqın dəstəyi ilə daxili sabitlik yaratmaqla
yanaşı, məsuliyyətsiz siyasi qüvvələrin əlində
oyuncağa çevrilmiş orduda vahid komandanlıq
yaratmış, xalqa müraciət edərək vətənpərvər
qüvvələri hərbi qulluğa səfərbər
etmişdi.
O zaman həyata
keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində
Ermənistanın irimiqyaslı hücumunun qarşısı
alınmış, Arazqırağı istiqamətdə isə
xeyli irəliləmək mümkün olmuşdu. Düşmən yeni torpaqlar ələ keçirməklə
o zaman Azərbaycanı Qarabağın işğalı ilə
razılaşmağa məcbur etmək istəyirdi. Ali Baş Komandan Heydər Əliyev isə ermənilərin
bu planlarını pozmaqla yanaşı, onlara ilk ciddi məğlubiyyətin
acısını da daddırdı. Bununla
da düşmən tərəfi həqiqi ordu quruculuğu və
hərtərəfli güc toplamaq üçün Azərbaycana
hava-su kimi gərəkli olan atəşkəs sazişini
bağlamağa məcbur edildi.
Aradan
keçən 26 ildə, əvvəla, Azərbaycanın
iqtisadi-sosial inkişafında əldə olunan tərəqqi,
ikincisi, aparılan uğurlu siyasi-diplomatik iş,
üçüncüsü, Silahlı Qüvələrimizin
misilsiz dərəcədə qüvvətləndirilərək
dünyanın ən güclü ordularından biri səviyyəsinə
yüksəldilməsi, nəhayət, Cocuq Mərcanlıdan Lələtəpə
yüksəkliyinə qalxmağımıza və digər
önəmli qələbələrimizə imkan yaratdı. Bu qələbələr atəşkəsdən
sonrakı 22 ildə Ermənistanın yalançı qalib ədası
sərgiləməsinə son qoydu, işğalçı
dövlətin davam etməkdə olan siyasi-hərbi təxribatlarına
zəhmli bir cavab oldu. Ermənistanın
keçmiş və indiki rəhbərliyi belə bir vəziyyətdə
zəruri sülhə getməkdənsə, yeni hərbi təxribatlarla
yalançı güc göstərməyə başladı.
Yayda düşmənin növbəti irimiqyaslı hərbi
təxribatı da Azərbaycan Ordusunun çevik və
güclü həmləsi ilə süpürülüb
atıldı.
Elə bir vəziyyət yarandı ki, erməni
hərbçilər mövqelərini və silah-sursatı ataraq
qaçmağa məcbur oldular. Azərbaycan illərdən
bəri münaqişənin sülh yolu ilə həllinə
tərəfdar olduğundan düşmən tərəfə
sonuncu möhləti də verdi.
Ermənistan və onun havadarları münaqişənin
həllini uzatmaqla güman edirdilər ki, Azərbaycan xalqı
tədricən Qarabağı unudacaq, yeni nəsil bu itkiyə
biganə qalacaq. İndiki Qarabağ savaşının
iştirakçıları böyük əksəriyyətlə
münaqişədən sonra doğulub-böyüyən nəslin
nümayəndələridir. Onlar sərrast
həmlələrlə, yüksək peşəkarlıqla, hədsiz
vətənpərvərlik ruhu və psixoloji mətinliklə
vuruşdular. Bu döyüşlər
Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan hərb
tarixinin ən mükəmməl səhifələrindən
biri və zamanın ölçüləri baxımından ən
yüksək səviyyəli müharibə aparmaq nümunəsi
oldu. Xalq – Lider – Ordu birliyinin gücü Qarabağı
geri qaytardı. Bizi vaxtilə məğlub hala gətirən
də məhz bu birliyin yoxluğu olmuşdu.
Azərbaycan
Respublikasının Silahlı Qüvvələrinin Ali Baş
Komandanı, Prezident İlham Əliyev daim
çıxış və bəyanatlarında ordumuzun bundan
sonra da ən müasir silah-sursat və hərbi texnika ilə təmin
ediləcəyini bildirirdi. Hər il artan hərbi
büdcə vəsaitləri hesabına Silahlı Qüvvələrimiz
sürətlə inkişaf edərək ən müasir
orduların tələblərinə cavab verən bir səviyyədə
qərarlaşdı. Azərbaycan Ordusundakı
silah və texnika dördüncü nəsil silahlardır.
Yəni dünyadakı ən müasir silahlar Azərbaycan
ordusunun arsenalındadır.
Hər bir dövlət özünü müdafiə etməyi
bacarmalıdır. Azərbaycan ordusunun da əsas vəzifəsi
Azərbaycanı müdafiə etmək, işğaldakı
torpaqları azad edərək ərazi bütövlüyümüzü
bərpa etməkdir. Əsgər, gizir və
zabitlərimiz bu tarixi missiyanı yüksək peşəkarlıq,
Vətənə sadaqət və ləyaqətlə gerçəkləşdirdi.
Qarabağın azad edilməsi Azərbaycan hərb
tarixinin ən paraq hadisəsidir. Ermənistan
kimi namərd, kəmfürsət bir düşmənin ikinci
Qarabağ savaşında məğlub edilməsi müstəqil
dövlətimizin ərazi bütövlüyünün bərpa
edilməsi ilə yanaşı, həm də dünyada
sülh və əmin-amanlıq işinə ciddi bir töhfədir.
Britaniyalı jurnalist, Qafqaz üzrə ekspert Tomas De Vaal
isə Qarabağla bağlı əldə olunmuş son
razılaşmanı şərh edərək bildirib ki, bu Ermənistan
üçün ağır məğlubiyyətdir. Ekspert Qarabağ
savaşında son durumu Ermənistan tərəfi
üçün alçaldıcı adlandırıb: “Bu
razılaşma ermənilər üçün
alçaldıcıdır. Amma tam
anlaşılmayan bəzi müddəalar var. İstənilən
halda, ermənilər üçün çox ağır məğlubiyyətdir.
Azərbaycan tərəfinin isə imzalanan
sazişdən xoşbəxt qalması üçün bir
çox səbəblər var. Azərbaycan arzu edəcəyindən
çox şey qazandı”.
Azərbaycan
Ordusunun bu qələbəsi erməni politoloq Andranik Miqranyanı
“Moskovski komsomolets” qəzetinə müsahibəsində birgə
bəyanatı şərh edərkən
aşağıdakıları söyləməyə məcbur
edib: “İmzalanan bəyanat razılaşma deyil, Ermənistanın
total təslim olmasını əks etdirən
aşağılayıcı sənəddir. Naxçıvana
Ermənistandan keçən quru yolunun razılaşmaya daxil
edilməsi isə ümumiyyətlə fəlakətdir.
Ermənistan
müdafiə naziri David Tonoyan Azərbaycan Ordusunun
gücünü belə etiraf edib: “Ermənistan silahlı
qüvvələri, müdafiə nazirliyinin bütün
sistemi, hökumətin uğur qazanmağımız
üçün əlindən gələni etməsinə
baxmayaraq Qarabağ müharibəsinə son qoymaq barədə
razılığın xəyanət və ya məğlubiyyət
kimi dəyərləndirilməsini təhqiramiz hesab edirəm.
Biz çox böyük bir qüvvəyə –
super silahlı Azərbaycan Ordusuna qarşı vuruşduq.
Məndən bəs siz niyə silahlanmadınız?-- deyə soruşa bilərsiniz. Biz də silahlı idik, ancaq kəmiyyət və
resurslar baxımından imkanlar qeyri-mütənasib idi”.
Rusiyalı
məşhur politoloq və hərbi ekspert İqor
Korotçenko Azərbaycanın Dağlıq Qarabağ
uğrunda Ermənistanla müharibədə qalib gəlməsinin
səbəblərini belə izah edib:
“Azərbaycan
nəyə görə Dağlıq Qarabağ uğrunda Ermənistanla
müharibədə qalib gəldi:
1.
Güclü və iradəli Prezident, Ali Baş Komandan
İlham Əliyev.
2. Effektiv hazırlıqlı, texniki cəhətdən
təchiz edilmiş müasir ordu.
3. Azərbaycan
əsgərlərinin və zabitlərinin ruh yüksəkliyi.
4.
Müharibənin ədalətli xarakteri – işğal
altındakı ərazilərin azad edilməsi.
5. Səriştəli
hərbi planlaşdırma, döyüş əməliyyatlarının
hərtərəfli işlənməsi.
6. Ordu və
xalqın birliyi.
7.
İnkişaf etmiş hərbi-sənaye kompleksi.
8.
Güclü və çoxşaxəli iqtisadiyyat.
9. Ölkə üçün optimal siyasi hakimiyyət
sistemi”.
Dağlıq
Qarabağdakı cinayətkar rejimin başçısı
Araik Arutunyan Ermənistan ordusunun məğlubiyyətinə belə bəraət
qazandırmağa çalışıb: “Ön cəbhədəki
uşaqlarımıza dəstək üçün insan
ehtiyatlarımız yox idi. Ordunun bir hissəsinin
vahiməyə qapıldığına tamamilə əmin
olmuşdum. Yalvardım, ən qabaqda özüm gedəcəyəm
dedim, amma yenə də gəlmədilər.
Hadrut ətrafındakı döyüş
zamanı 1 500 erməni əsgəri onlarla azərbaycanlı əsgərdən
qorxub qaçdı. Hər gün yüzlərlə
itki verirdik. Vaxtında kömək ala bilmədiyimiz
üçün yeni gələnlər döyüşə
getməkdən boyun qaçırırdı. Son gün isə Stepanakertin (Xankəndi – red.) kənarlarında
cəmi 100–200 döyüşçümüz vardı”.
Göründüyü kimi düşməni bu alçaldıcı məğlubiyyətə məhz Azərbaycan Ordusu məhkum etdi. Bu ordunun rəşadəti nəticəsində sentyabrın 27-də Qarabağda başlanan uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub. Ağdam, Kəlbəcər və Laçının döyüşsüz azad edilməsi isə iki həftəlik bir müddətdə gerçəkləşəcək.
Xalqımız illər uzunu inanılmaz görünən bu zəfərə, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, 30 ildən bəri düşmən tapdağında xarabazara çevrilən torpaqlarımızı ölüm-dirim savaşı ilə, qarış-qarış azad etdiyinə görə Azərbaycan Ordusuna borcludur. O orduya ki, bu missiyanı öz şərəfli borcu kimi qəhrəmanlıqla gerçəkləşdirdi.
Tahir AYDINOĞLU
Xalq qəzeti 2020.- 14 noyabr.- S.5.