Azərbaycan əsgərinin qələbəsi yeni reallıq yaratdı

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı ölkəmizin tam qələbəsi və düşmənin kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində isə artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirən, başıpozuq dəstələrə çevrildi.

Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardıca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi işğalçıdan təmizləməklə, Ermənistanı diz çökdürdükapitulyasiyaya məcbur etdi.

Hazırda düşmən ölkə daxilində gərgin vəziyyət hökm sürür, Nikol Paşinyana qarşı mitinqlər davam edir, bununla müqayisədə isə Ali Baş Komandan, Prezident İlham Əliyevin fəxrlə bəyannaməyə imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirdi.

Beləliklə, 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi gerçəkləşmədi, bu ərazidə yeni erməni dövlətinin yaradılması planları alt-üst oldu.

Burada bir həqiqəti də xatırlatmaq istərdik. Belə ki, 30 illik sülh danışıqları prosesində Ermənistanın maraqlarının təmin edilməsinə hər cür cəhdlər göstərilirdi. Azərbaycan Silahlı Qüvvələrinin keçmiş DQMV-nə, o cümlədən Şuşa şəhərinə daxil olması, ümumiyyətlə, söhbət mövzusu deyildi. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi. Bütün bunların müqabilində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev yeni reallıq yaratdı. Hazırda Şuşa şəhəri də daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsinin Azərbaycan Ordusunun nəzarətində olması məhz bu reallığın bariz ifadəsidir.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziriRusiya Federasiyasının Prezidentinin birgə bəyanatı ilə bağlı bəzi məqamları diqqətə çatdırmaq istərdik. Xatırladaq ki, həmin bəyanat sentryabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranan mövcud reallığa uyğun hazırlanıb və Ermənistanın kapitulyasiya aktı kimi reallaşıb. Ümumiyyətlə, ekspertlərin bildirdiyinə görə, sözügedən sənəd ədalətli olaraq Azərbaycanın maraqlarına uyğun hazırlanaraq, imzalanıb.

Üçtərəfli bəyanat haqqında danışarkən, qeyd edilməlidir ki, Azərbaycan Prezidenti İlham Əliyev hələ bundan əvvəl də bildirib ki, Ermənistan Ağdam, Kəlbəcər və Laçından öz qoşunlarını çıxaracağı təqdirdə, Azərbaycan hərbi əməliyyatları dayandırmağa hazırdır. Bu gün Azərbaycan azad etdiyi bütün mövqeləri saxlayır. Noyabrın 15-i Ağdam, 20-si Kəlbəcər, dekabrın 1-i isə Laçın azad edilir. İşğalçı Ermənistan adları çəkilən rayonlardan öz qoşunlarını Ermənistan istiqamətində çıxarır.

Təhlükəsizlik məqsədilə regiona gələn Rusiyanın məhdud sayda sülhməramlı kontingentinin burada olduğu ilk 5 ilin tamamına 6 ay qalmış tərəflərin hansısa biri tərəfindən fəaliyyətinə xitam verilməsi tələb olunarsa, onun ərazini tərk edəcəyi nəzərdə tutulub.

Sülhməramlıların gəlişi Ermənistan hərbi birləşmələrinin çıxarılması ilə paralel şəkildə həyata keçirilir ki, bu da düşmən ölkə hərbçilərinin regionda qalmasını istisna edir.

Burada bir məsələyə də toxunmağı zəruri sayırıq. Əvvəlcə heç bir şərh vermədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrikinə diqqət yetirək: “İşğal altındakı torpaqlarının və Qarabağın azadlığı münasibətilə dostum İlham Əliyev başda olmaqla, bütün azərbaycanlı qardaşlarımı təbrik edirəm”.

Qardaş ölkənin rəhbəri bu sözlərdən sonra bildirib: “Türkiyə razılaşmanın tətbiqinə nəzarət və monitorinq üçün bölgədə yaradılacaq müştərək sülhməramlı qüvvələrində Rusiya ilə birgə yer alacaq. Atəşkəsə nəzarət və monitorinq üçün yaradacağımız Birgə Türk-Rus Mərkəzi ilə bağlı razılaşma imzalanıb. Bu mərkəz Azərbaycanın işğaldan azad olunmuş torpaqları üzərində qurulacaq. Dağlıq Qarabağdakı atəşkəsin pozulmasının qarşısını almağa dair bütün tədbirlər bu mərkəz tərəfindən görüləcək”.

Fikrimizcə, burada sülhməramlı məsələsi ilə bağlı əlavə şərhə ehtiyac qalmır.

Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz da vurğulayıb ki, imzalanan atəşkəs razılaşması Azərbaycanın maraqlarına və müəyyənləşdirdiyi “qırmızı xətlərə” xidmət göstərir: “Xüsusilə, digər 3 rayonun alınması, Qazaxda işğal edilən bölgənin azad olunması, işğaldan qurtulan ərazilərə məcburi köçkünlərin geri qayıtmaları, Ermənistanın hərbi mövcudiyyətinə son verilməsi və qondarma rejimin ləğvi, Qarabağın hüquqi statusu ilə bağlı tələbin olmaması, bundan əlavə, Azərbaycanın 100 il sonra Naxçıvanla quru əlaqəsini bərpa etməsi razılaşmanın müsbət tərəfləridir”.

Onun sözlərinə görə, xalqımızı narahat edən məsələ Ermənistan-Dağlıq Qarabağ təmas xəttinə, yəni Zəngilan-Kəlbəcər xətti və 5 kilometrlik Laçın dəhlizinə rus sülhməramlılarının yerləşdirilməsidir: “Lakin rus sülhməramlılarının fiziki olaraq gəlməsinə rəğmən, cənab Ali Baş Komandanın ifadə etdiyi kimi, monitorinq mərkəzində rustürk əsgərləri birgə xidmət edəcəklər. Türkiyə keçmişdə də, bu gün də, gələcəkdə də Azərbaycanın yanında olmağa və hər cür dəstəyi verməyə hazır olacaq”.

 Y.Karauzun fikrincə, meydandamasada əldə olunan böyük qələbə ilə sadəcə 28 illik itkilər geri qaytarılmır, eyni zamanda, 100 illik Naxçıvanla Azərbaycan arasındakı əngəl qaldırılır: “Bununla bütün türk dünyası üçün böyük qələbə əldə edilir. Təbii, bu böyük qələbəni əldə etməyimizə vəsilə olan şəhidlərimizə borcluyuq. Şəhidlərimizin ruhları şad olsun! Mən inanıram ki, şəhidlərimizin ruhları səmada azaddır. Azərbaycan 28 ildə ordu quruculuğuna verdiyi böyük diqqət və qayğı nəticəsində bu qələbəni əldə edib. Cənab Prezident İlham Əliyev də atasının vəsiyyətini yerinə yetirərək, nəinki, Azərbaycan, həm də bütün Türk dünyasının tarixinə adını yazdırıb. Eşq olsun Azərbaycan Ordusuna!”

Deməli, ən vacib məqamlardan biri münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılmasıdır. Türkiyə mərkəzdə təmsil olunur. Qardaş ölkə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq.

Bir daha xatırladaq ki, imzalanan birgə proses çərçivəsində Naxçıvan da blokadadan azad olunur. Hələ 1990-cı illərdə münaqişə başlayandan sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yolla rabitənin olmaması böyük çətinliklər yaradırdı. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi qurulur. Bu yolun təhlükəsizliyi Rusiya FTX-nın Sərhəd Xidməti tərəfindən təmin olunur. Bu da Ermənistanın bütün mənalarda müstəqil olmamasını təsdiqləyir. Hətta işğaldan azad olunan Azərbaycan ərazilərindən keçəcək dəhlizin təhlükəsizliyini Azərbaycan təmin edəcəyi halda, Ermənistan öz ərazisində belə nəyə isə təminat verməkdə gücsüzdür.

Razılaşmaya əsasən, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. Bu da azərbaycanlı məcburi köçkünləin Dağlıq Qarabağ ərazisinə qayıdacaqlarını şərtləndirən əsas amillərdən biridir.

Beləliklə, özü haqqında məğlubedilməzlik sindromu yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi.

Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmır və gec-tez öz amalına qovuşur. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.

Vaqif BAYRAMOV

Xalq qəzeti  2020.- 14 noyabr.- S.10.