Şəhid balamın
ruhu sevinir: Qarabağ azad edildi
Müharibə başlayandan yuxu bilməyən gözlərim
indi rahatlanıb. Hər günümü
gah qələbə, gah şəhid xəbəri ilə başa vurmuşam. Özüm şəhid anasıyam.
O bayrağı qəbul
edib şəhid tabutu qucaqlamaq nədir, yaxşı bilirəm. Oğlum Vüqar Namazov
birinci Qarabağ müharibəsində şəhid
olub. Orta məktəbi əla qiymətlərlə tamamlayan,
ali təhsilini
sonra davam etməyi qərara alan, auditoriyanı cəbhəyə dəyişən
19 yaşlı balam öncə könüllü,
yaşı tamamlandıqdan
sonra həqiqi hərbi xidmətini müharibədə keçirdi.
Goranboy uğrunda döyüşlərin
iştirakçısı olmuş
övladıma “təhsilinə
davam et” – deyəndə mənə cavabı bu olmuşdu: “Ana, sən özün mənə vətənpərvərlikdən dərs demisən. Babəki, Xətaini, Koroğlunu təbliğ etmisən. Bizi vətənpərvərliyin aliliyinə inandırmısan.
Bəs torpağım əldən
gedir, axı. Mən təhsilimə sonra davam edərəm. Müharibə bitəndən sonra
sən sinfə daxil olub qəhrəmanlığı
təbliğ edəndə,
şagirdlərin sənə
deməyəcəklərmi ki, ay müəllim, qəhrəmanlıq belə
yaxşıdırsa, oğlun
niyə müharibəyə
getməyib?”
Mənim
qəhrəman balam, Vətən sevdalısı
oğlum 27 il
əvvəl, noyabrın
19-da, 19 yaşında şəhid
oldu:
Mən şəhid oldum ki, elim yaşasın,
Bu torpaq ayaqlar altda qalmasın.
Min il yatmışları
səsim oyatsın,
Mən Vətən qurbanı olmuşam ana...
... Naftalandakı yeganə bağça şəhidimin
adını daşıyır,
təhsil aldığı
məktəbdə onun
şərəfinə guşə
düzəldilib, şəhid
adı çəkilən
hər yerdə Vüqar xatırlanır.
Ötən illər ərzində
şəhərdə elə
bir toplantı olmayıb ki, orada şəhidlər anılmasın, şəhid
ailələri unudulsun.
Bütün bunlar çox
müsbət hallar olsa da, balamın
qanının yerdə
qalmağına görə
nə ürəkdən
sevinə bilirdim, nə gülə. Övladlarıma toy edəndə
də gözlərimiz
gülsə də, qəlbimiz qan ağlayırdı...
Sentyabrın 27-dən başlayan əks-hücum
əməliyyatlarından sonra
qəlbimdə bir od közərdi.
44 gün ərzində
tarixi və möhtəşəm qələbəyə
imza atan Azərbaycan Prezidentinə,
Ali Baş Komandana nə qədər təşəkkür etsək,
minnətdar olsaq, yenə azdır...
Ermənistanın məğlub olduğunu
televiziya vasitəsi ilə xalqa çatdıran dövlət
başçımızın çıxışından az sonra yaşadığım binanın
ətrafına toplaşan
şəhər əhalisinin
səsinə boylandım.
Onlar pəncərəmin altında
“Başını dik
tut, şəhid anası!
Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!
Yaşasın Prezidentimiz!”
-- deyə şüarlar səsləndirirdilər.
Aşağı enəndə, bayraqlarla,
plakatlarla çağırış
edənlərin əhatəsində
bir anlığa özümü itirdim.
Onların əksəriyyəti mənim keçmiş şagirdlərim idi. Məni bağrına basan kim, “gözün
aydın” – deyən kim... Anladım ki, balamın
nigaran ruhu indi rahatlıq tapdı. Bu gün
sevindi, -- 27 ildən sonra. Bircə onu deyə bildim:
“Şəhidlərimizin ruhu
sevinir. Onların Qarabağ səmasında
gəzən nigaran ruhları, şadlanır.
Biz nə gözəl
millətik, nə gözəl xalqıq.
Bu gün hamımız
qarabağlıyıq, hamımız
şuşalıyıq!”
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın noyabrın 11-də Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərimizlə görüşü isə məni daha da ruhlandırdı, qürurlandırdı. Yaralı hərbçilərimiz qarşısında çıxış edən dövlət başçımız qürur, fəxarət və səmimiyyətlə ürək sözlərini bölüşdü: “Əziz hərbçilər, Vətən müharibəsi başa çatdı. Azərbaycan bu müharibədə parlaq qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu, işğalçıları torpaqlarımızdan qovmuşuq. Mən gəlmişəm ki, bu parlaq qələbə münasibətilə sizi şəxsən təbrik edim, sizə öz təşəkkürümü bildirim, Azərbaycan xalqının təşəkkürünü bildirim ki, siz qəhrəmancasına döyüşərək, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərmisiniz, yaralanmısınız, öz həyatınızı risk altına atmısınız, böyük şücaət göstərmisiniz”.
O görüşdə iştirak edən 8 hərbçi bütün yaralı hərbçilərimizin hiss və həyəcanını yaşayırdılar. Ali Baş Komandan 8 hərbçimizin timsalında bütün dünya azərbaycanlılarının görüşünə gəlmişdi. Dost sevindi, düşmən xar oldu! “Əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz. ...Siz qayıdırsınız. Biz sizi qaytaracağıq. Bax, burada oturanlar, bizim minlərlə əsgər və zabitlərimiz sizi öz doğma dədə-baba torpaqlarınıza qaytarırlar. Biz Azərbaycan dövləti isə əlimizdən gələni edəcəyik ki, sizi tezliklə qaytaraq”. Cənab Prezidentin bu sözləri minlərlə köçkünə sevinc yaşatdı.
Bu görüş öz səmimiyyəti, məmnuniyyəti ilə bütün xalqımızda tam başqa ovqat yaratdı. İnsanlar inanırlar ki, həqiqətən də Prezident vədinə sadiqdir və tezliklə köçkünlərin səsi doğma yurdlarından gələcək.
...Sən də başını dik tut, şəhid
anası, şəhid atası! Qisas qiyamətə qalmadı!
Tərlan NAMAZOVA,
şəhid
anası
Xalq qəzeti 2020.- 14 noyabr.- S.10.