Doqquz aydır ki,
tövsiyələr verilir, xəbərdarlıq
edilir
Virusun aldığı canların sayı isə gündən-günə
artmaqdadır...
Ölkəmizdə hər gün COVlD – 19- a yoluxma sayı ilə bağlı rəqəmlər yüksəlir, “rekord” göstərici qeydə alınır. Lakin rekordu belə sürətlə yeniləməyimiz heç də yaxşı hal deyil. Bunun nə ilə nəticələnəcəyi barədə düşünmək belə ağırdır. Bu qədər təbliğatın, çağırışların, məlumatların təsiri yoxdurmu ki, xəstələrin sayı bu dərəcədə artır? Əslində, cəmiyyətdə görünən odur ki, ictimai nəqliyyatda, ticarət şəbəkələrində, dayanacaqlarda, ümumiyyətlə, əhalinin sıx toplandığı yerlərdə, hətta küçələrdə belə hamı maskadadır. Amma taxılan bu maskaların qoruyuculuq ehtimalı nə qədərdir? Təcrübələrimizə əsasən deyə bilərik ki, insanlar var ki, qoruma qabiliyyəti 3 – 4 saat olan maskanı günlərlə dəyişmir. Tələb olunur deyə, görüntü xatirinə, gözdən pərdə asmaq üçün maska taxmaq kimə lazımdır? Belə maska ilə avtobusa minənlərin ictimai qlnağa məruz qaldıqlarını da müşahidə etmişik.
Çox təəssüf ki, insanlarımız mütəxəssislərin
çağırışlarına ciddi əhəmiyyət
vermirlər. Onların tövsiyələrinə
diqqət etmir, sanki
gündən-günə artan statistikanı
real olaraq qəbul
etmirlər. Əks halda yoluxma
sayı, daha çox halda, ailədaxili yoluxmalar
bu qədər artmazdı. Vətəndaşlarımız
bilməlidirlər ki, əgər biz bugünkü ciddi vəziyyəti real olaraq qəbul edə bilmiriksə, daha ağır nəticələrlə
üzləşə bilərik. Tək bir
günün statistikasına nəzər salsaq, vəziyyətin nə qədər ciddi olduğunu görərik.
Noyabrın 15-də koronavirus
infeksiyasına 2229 yeni yoluxma
faktı qeydə alınıb. Bu, 13 337 nəfərdən
götürülən test müayinəsinin
nəticəsidir və o deməkdir ki, test edilən hər beş nəfərdən biri
virusa yoluxub. Aktiv xəstə olan 19 571
nəfərdən 1101-i müalicə olunaraq
sağalıb və evə buraxılıb, 21 nəfər isə
vəfat edib. Xəstə sayı da artır, ölüm
halları da...
Biz, vətəndaş olaraq nə gözləyirik? İndiyədək ölkədə, ümumilikdə, 75 min 688 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 55 min 150 nəfər müalicə olunaraq sağalıb, 967 nəfər vəfat edib. Doğrudur, son iki ayda insanların diqqəti cəbhədə baş verənlərə yönəlmişdi. Amma biz açıq düşmənlə müharibəyə diqqət edib, gizli düşmənin daxildən hücumuna laqeyd qala bilməzdik. Qazanılan qələbə ilə bağlı insanların bir yerə toplaşması, çox sıx dayanaraq şüarlar səsləndirməsi, bununla da virusa yoluxma ehtimalının artması şübhəsizdir. Amma unutmaq lazım deyil ki, virusun meydan oxuduğu bir zaman və məkanda qorunmaq vacibdir. Belə bir tendensiyanın davam etməsi isə onu göstərir ki, ölkədə koronavirus baxımından sanitar-epidemioloji vəziyyət nəzarətdən çıxa bilər. Hazırda ölkədə sanitar-epidemioloji vəziyyətə nəzarət edildiyini deyə bilərik. Ancaq yoluxma sayındakı artım belə davam edərsə, vəziyyət çətin olar. Hər kəs bu suala cavab verməyə və vəziyyəti düzəltmək üçün əlindən gələni etməyə çalışmalıdır. Biz dəfələrlə bildirmişik ki, indi ölkəmiz üçün ən həssas dönəmdir. Vətən müharibəsi dönəmində insanlar yalnız özlərini deyil, torpağımız uğrunda döyüşən əsgərlərmizi də nəzərə almalıdırlar. Yoluxma sayının belə sürətlə artması bu virusun cəbhədəki əsgərlərimizə gedib çatması riskini də çoxaldır. Hələ ordu cəbhədədir, bunu heç kim unutmamalıdır. Virusdan qorunmaq üçün hər kəsin üzərinə düşən iş yalnız məsuliyyətli olaraq, qaydalara əməl etməkdir. Biz, eyni zamanda, qaydalara əməl etməyənləri də qınamalıyıq. Bunu hər birimiz edəriksə, qaydalara əməl etməyənlər, onu pozanlar gələn dəfə ona əməl etməyə çalışacaqlar. Beləliklə də cəmiyyətdə virusla bağlı davranış normalarımız daha da təkmilləşəcək. Çünki virusun bizi nə vaxt tərk edəcəyi məlum deyil.
Azərbaycanda koronavirusa yoluxma sayının artması həm də onu deməyə əsas verir ki, artıq ölkəmizdə pandemiyanın yeni dalğası müşahidə edilir. Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib ki, ölkəmizdə virusun yayılmasının qarşısını almaq üçün çox ciddi tədbirlər həyata keçirilsə, hətta karantin rejimi tətbiq edilsə də, insanlar qaydalara lazımi qədər əməl etmirlər. Ayın 15-də açıqlanan məlumat pandemiya dövründə qeydə alınan ən yüksək rəqəmdir. Ən təəssüfedici hal odur ki, yoluxma sayı ilə sağalma sayı arasında düzgün mütənasiblik yoxdur. Virusa yoluxanların sayı sağalanların sayını dəfələrlə üstələyir ki, bu da çox pis haldır.
Mütəxəssislər, həmçinin bildirirlər ki, koronavirusu keçirənlər cəmiyyətdə virusu yaymaqda birinci yerdə dayanan ən təhlükəli qrupdur. Rusiyalı pulmonoloq Aleksandr Karabinenko da həmin fikri təsdiq edib. O bildirib ki, koronavirusdan sağalanlar arxayınlıqla taksidə, işdə maska taxmır, “mən artıq xəstəliyi keçirmişəm”, – deyə düşünüb qorunmur və ətraf üçün də təhlükəsiz olduğunu güman edir. Həkim bildirib ki, virus zərrəcikləri tənəffüs yollarında hələ bir müddət qalır və sağalmış xəstələr yoluxdurucu ola bilər. Bunlar daha çox uşaqlar, yeniyetmələr, gənclərdir. Məhz onlar yaşlı insanlarıın ağır formada xəstələnməsinə səbəbkardır. İstər sağlam, istər artıq sağalmış insanlar, harada olsalar da maska taxmağa davam etməli, sağalanlar isə 21 gün sonra yox, ən azı, 40 gün sonra işə çıxmalıdırlar.
Səhiyyə Nazirliyinin baş infeksionisti mövcud durumla bağlı vətəndaşlara müraciət edərək bildirib ki, hazırda kəskin respirator virus infeksiyalarının artdığı dövrdəyik. Yeni koronavirus və digər respirator virus infeksiyalarının klinik əlamətləri ilə o qədər oxşardır ki, bunları ayırd etmək çox çətindir və bəzən isə xüsusi laborator müayinələrsiz mümkün deyil. Buna görə bir daha vətəndaşlarımıza tövsiyə olunur ki, özlərində hərarət, ümumi zəiflik, kataral əlamətlər hiss etdikdə evdə qalmalı, özünü təcrid edərək telefonla sahə həkiminə müraciət etsinlər. Yalnız müvafiq həkim-mütəxəssis sizi müayinə edərək düzgün qərar verə bilər. Yeni koronavirus infeksiyası təsdiqlənmiş və ya güman edilən hallarda özünümüalicə ilə məşğul olmaq çox təhlükəlidir. Doqquz aylıq təcrübə göstərir ki, xəstəxanalara ağır vəziyyətdə daxil olan xəstələrin böyük əksəriyyəti evdə qeyri həkim - mütəxəssislər, tibb bacıları, hətta bəzi hallarda, ümumiyyətlə, tibb təhsili olmayan şəxslər tərəfindən müalicə olunurlar.
Baş infeksionist müraciətdə bildirib: “Həmin xəstələrin ağırlığının düzgün qiymətləndirilməməsi, müalicənin qüsurlu olması, vaxtında xəstəxanaya yerləşdirilməməsi ağır, bəzi hallarda ölümcül fəsadların inkişafına yol açır. Onu da xüsusilə vurğulamaq lazımdır ki, evdə müalicəsinə icazə verilən yüngül xəstələrə müxtəlif antibiotik və hormonal dərmanların istifadəsi yolverilməzdir. Antibiotik preparatların virusa heç bir təsiri yoxdur, əksinə, bədəndə olan faydalı mikroorqanizmləri məhv etməklə və immun sistemi zəiflətməklə zərər vurur, eyni zamanda, hormonal preparatlar bu halda xəstəliyin əlamətlərini təhrif edərək xəstədə aldadıcı yaxşılaşma təəssüratı yaradır və ağırlaşmalar baş verərsə, çox geç aşkarlanır və gecikmiş hospitalizasiyanın nəticəsi bir çox hallarda faciəvi olur. Bir daha təkidlə tövsiyə edirik ki, həyatınızı riskə atmayın, özünüzü narahat hiss etdikdə gecikmədən yaşayış yeri üzrə poliklinikaya müraciət edin, sağlamlığınızı yalnız müvafiq ixtisaslı peşəkar həkimlərə etibar edin”.
İrlandiyalı tədqiqatçılar bu nəticəyə gəliblər ki, mövsümi ritmlərin
daha dərin öyrənilməsi COVID – 19
kimi bir sıra xəstəliklərin
qarşısının alınmasında və müalicəsində
kömək edəcək. Bu, həmçinin qrip kimi bəzi xəstəliklərin qışda
insana daha tez-tez ziyan verməsi səbəbini
və əksinə, yay
mövsümündə pisləşən skleroz
kimi digər xəstəliklərin əlamətlərini
başa düşməyə imkan verir. Əvvəllər
tədqiqatçılar immun sistemində mövsümi və gündəlik sirkadiyalı ritmlərin
varlığı fərziyyəsinə gəlsələr də,
onlar indi olduğu kimi, böyük insan nümunəsində
təsdiqlənməmişdir. Əsrlərboyu alimlər
insanların qışda müəyyən xəstəliklər
qarşısında daha həssas
olduqlarını fərq edirdilər. Tədqiqatçılar
artıq 10 ildir izlənilən 329 min nəfərdən çox
İngiltərə vətəndaşından qan
testi toplayıblar. Bu
isə, aydın əlaqəni müəyyənləşdirməyə
imkan verib.
Qeyd edək ki,
UNICEF və Panamerika Səhiyyə Təşkilatı
2021-ci ildə COVID–19 əleyhinə 2 milyard
doza vaksin istehsalı üçün tender elan edib. Bildirilir ki,
vaksinlər 186 dövlətin iştirak etdiyi COVAX proqramı çərçivəsində
bölüşdürüləcək. Ən geci
2021-ci ilin sonuna qədər
vaksinin kütləvi istehsalını təmin
edə biləcək istehsalçılar 6 həftə ərzində
öz sifarişlərini təqdim etməlidirlər.
Tenderin məqsədi COVAX proqramında iştirak edən 186 ölkədə keyfiyyətli
vaksini ədalətli bölgü
prinsipi əsasında mümkün
qədər tezliklə təmin etməkdir. Həmin ölkələrdən
82-si gəlir səviyyəsi aşağı olan
ölkələrdir. Onlara vaksin
alınmasında maliyyə dəstəyi göstəriləcək.
Xatırladaq ki, Azərbaycan COVID –19-a qarşı vaksinlə bağlı ikitərəfli və çoxtərəfli COVAX layihələrinin iştirakçısıdır. Hər hansı vaksin bəyəniləcəyi təqdirdə Azərbaycan onu ala biləcək ölkələr sırasında olacaq. O vaxta qədər isə vətəndaşların özlərini qorumaları tövsiyə edilir. Doqquz aydır ki, eyni xəbərdarlıqlar, tövsiyələr edilir, xəstələrin sayı artır, ölüm halları çoxalır. Virusa yaxalanmamaq üçün isə bircə yol var: Üç sadə tələbə əməl etmək. Məsafə saxlamaq – təmasdan qaçmaq, maska taxmaq və gigiyena vasitələrindən düzgün istifadə etmək – tez-tez əlləri sabunla yumaq. Amma maskanı qaydasında, tez-tez dəyişmək şərtilə istifadə etmək lazımdır. Maska insanın virusdan qorunmasında ən asan istifadə edilə bilən və həm də ən etibarlı vasitədir.
Zərifə
BƏŞİRQIZI
Xalq qəzeti 2020.- 18 noyabr.- S.9.