Pandemiyaya qarşı mübarizənin
səmərəliliyi hər birimizdən asılıdır
Son günlər ölkəmizdə
koronavirusa yoluxma
sayının artması cəmiyyətdə ciddi
narahatlıq doğurur. Odur ki, tibb mütəxəssisləri də istər sosial şəbəkələr, istərsə
də müxtəlif kütləvi informasiya
vasitələrində çıxışlarında əhaliyə
müraciət edərək, bəşəriyyətə qənim
kəsilən koronavirusla mübarizədə
hər kəsi diqqətli olmağa
çağırır. “Leyla”
klinikasının şöbə müdiri
Sahib Cəfərov bununla
bağlı “Xalq qəzeti” vasitəsilə
əhalini müəyyən edilmiş qaydalara əməl etməyə
çağırıb:
– Pandemiya ilə mübarizədə hər birimiz vətəndaş kimi, öz məsuliyyətimizi anlamalı, sağlamlığımızı qorumalıyıq. Dünyanı çənginə almış və ölkəmizdən də yan keçməyən COVID-19 bəlası üzərində qələbə çalmaq üçün bütün qüvvələr səfərbər olunub. Lakin vətəndaş məsuliyyəti də çox vacibdir. Payız dövrüdür, artıq mövsümi xəstəliklər də baş qaldırıb. Odur ki, mütləq şəkildə hər bir vətəndaş öz sağlamlığının qayğısına qalmalıdır. Bu yaxınlarda rəşadətli Azərbaycan Ordusunun qələbə xəbəri, sözsüz ki, hamımızı sevindirdi, qürurlandırdı. İnsanlar küçələrdə bu zəfəri özünəməxsus şəkildə şadyanalıqla qeyd etdilər. Əlbəttə, başadüşüləndir, bu qələbə xalqımızın 30 illik yurd həsrətinə son qoydu. Ancaq unutmaq olmaz ki, gözəgörünməz düşmən olan COVID-19 da bizi addım-addım izləyir. Odur ki, dizenfeksiyaedici vasitələrdən mütəmadi istifadə etmək, ictimai yerlərdə, nəqliyyatda və insanların çox olduğu digər yerlərdə tibbi maskalar taxmaq çox vacibdir.
Azərbaycan dövləti pandemiya ilə mübarizədə ilk günlərdən bütün
zəruri addımları atdı, vətəndaşlarımızın
qayğısına qaldı, yeni tipli modul xəstəxanalar
açıldı və bu zəruri tədbirlər
öz axarı ilə davam
etməkdədir.
Lakin bəzi vətəndaşların
məsuliyyətsizliyi, ictimai nəqliyyatda,
insanların çox olduğu
məkanlarda maska taxmaması, sosial məsafəni qorumaması biz həkimlərin də işini
çətinləşdirir. Nəzərə alsaq ki, Vətənimizin
müdafiəsi və azad edilməsi uğrunda döyüşlərdə
yaralanmış əsgər və hərbi qulluqçular
tibbi müəssisələrdə
müalicələrini davam etdirirlər və
onlara daha çox mənəvi dəstək və tibbi diqqət həmişəkindən daha çox vacibdir.
Qələbəni
xalqımıza və dövlətimizə bəxş etmiş oğullarımızın daha tez sağalması,
dövlətimizin daha da
möhkəm və xalqımızın sağlam
olması naminə müəyyən edilmiş
önləyici tədbirlərə əməl edək.
Unutmayaq ki, özümüzü bu çətin və həssas dövrdə hər cür infeksiya və pandemiyadan qorumaqla, ətrafımızı da qorumuş olarıq. Odur ki, bu bəladan tez bir zamanda xilas olmağın yolu çox sadədir:
maska taxaq, sosial məsafəni qoruyaq, sağlam olaq.
Söhbəti qələmə
aldı:
Ə.ƏLƏSGƏRLİ
Xalq qəzeti 2020.- 18 noyabr.- S.9.