Sülhə aparan yol müharibədən keçdi

Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz 44 gün ərzində tariximizin ən şərəfli səhifəsini yazdı. Acı təəssüf hissi ilə qeyd etmək lazımdır ki, son iki əsr ərzində torpaqlarımızı, sadəcə, siyasi proseslər fonunda itirə-itirə gəlmişik. Xalqımızın min illər boyu yaşadığı Qarabağ torpaqlarımızı da super güclər Ermənistana ərmağan etmək üzrə idilər. Bıçaq sümüyə dirənmişdi. Azərbaycan Ordusu ərazilərimizi işğaldan azad etmək, bu güclərin planlarını pozmaq üçün əks-hücuma başladı və ədalətli nəticə əldə olundu.

Azərbaycan Ordusu Qarabağda sözün əsl mənasında qəhrəmanlıq salnaməsi yazdı. Bu ucalığı, bu şərəfi, bu qüru­ru bizə yaşadan, əməliyyat gedişində möhtəşəm qələbələr əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazan şəhid və qazilərimizə, qəhrəman əsgər və zabitlərimizə, təbii ki, bütün bu zəfərlərin memarı olan Ali Baş Komandanımıza əbədi minnətdarıq!

10 noyabrda Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları razılaşdırma sənədi Azərbaycanın böyük qələbəsinin təsdiqidir. Biz ölkəmizin ərazi bütövlüyünü təmin et­dik, düşmən qarşımızda diz çökdü! Bu gün Şuşamızda Azərbaycan bayrağı dalğala­nır! Torpaqlarımızın qalan hissəsindən də düşmən hazırda çəkilməkdədir.

Bu gün yüz minlərlə vətəndaşımız Böyük Qayıdışın həyəcanını yaşayır. Artıq öz doğma yurd-yuvalarından qaçqın düş­müş bütün vətəndaşlarımız azad olunmuş torpaqlarına geri dönəcəklər və həmin ərazilərdə üçrəngli bayrağımız dalğala­nacaq, Azərbaycanın qanunları bütün bu ərazilərdə icra ediləcək. Doğma Qarabağı­mıza heç bir status verilməyəcək. Xüsusi qeyd etmək lazımdır ki, uzun illərdən sonra bu günlər millətimiz ilk dəfə olaraq Şəhidlər xiyabanına başı dik axın edir!

Bu qədər möhtəşəm uğurları eyni vaxtda bizə bəxş edən Tanrımıza, Prezidentimizə və Əsgərlərimizə nə qədər minnətdar olsaq, yenə azdır. Son günlər sosial şəbəkələrdə “qəhrəmana” çevrilmiş, hər uğurda qara ton axtaran, imzalanmış üçtərəfli bəyanatda guya bəzi prinsipial məsələlərə toxunulma­masına görə məyus olanlara isə demək istəyirəm ki, hər bir məsələ Azərbaycan Pre­zidenti tərəfindən ölçülüb-biçilib, narahatlığa heç bir əsas yoxdur.

Eyni zamanda nəzərə almalıyıq ki, Ru­siya 1990-cı illərdəkindən fərqli olaraq bu əməliyyatlar dönəmində səmimiyyətini və digər vasitəçi dövlətlərdən, Ermənistanın aşkar-gizli havadarlarından fərqli olaraq neytrallığını qorumaqla Azərbaycanın səmimi dostu olduğunu və bizimlə stra­teji müttəfiqlik münasibətlərində olmaq istəyini ortaya qoydu. Eyni zamanda, bölgəyə azsaylı sülhyaradıcı rus kontin­gentinin gəlməsi heç bir halda Rusiya­nın Azərbaycanda yenidən hərbi baza yaratması kimi qiymətləndirilməməlidir. Bu, sadəcə olaraq Türkiyə hərbçiləri ilə birlikdə məhdud sayda sülhməramlı hərbçilərdən ibarət olacaq. Bir vacib məqamı da xüsusilə qeyd etməliyik ki, bölgədəki sülhün qarantı təkcə Rusiya deyil, qardaş Türkiyəmiz də olacaq.

 

Unutmamalıyıq ki, dayanıqlı sülhə aparan yol müharibədən daha çətindir. Təmkinimizi və birliyimizi pozmamalıyıq. Pozmaq istəyənlərə qarşı isə mübarizə aparmalıyıq. Biz yumruq kimi birləşmişik! Biz torpaqlarımıza qayıdırıq! Biz Naxçı­vana dəhliz əldə edirik! Biz Kəlbəcərə, “İstisu” bulağına gedəcəyik! Biz Şərurdan öz maşınımızla Şuşaya gəlib, Cıdır düzündə yallı gedəcəyik! Dahaolsun?! Qızıl balıq tutub arzu diləməmişik ki! Əsgərlərimizin qanı bahasına əldə etmi­şik...Bunları dəyərləndirməmək sadəcə nankorluqdur.

 

Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetikaekologiya komitəsinin sədri

Xalq qəzeti  2020.- 18 noyabr.- S.7.