Azərbaycan Ordusu dünya hərb
tarixinə yeni səhifə yazdı
İşğalçı
Ermənistanın davamlı təxribatı nəticəsində
sentyabrın 27-də başlanan Vətən müharibəsi
Azərbaycanın qələbəsi ilə başa
çatdı, 44 günlük savaşın sonunda ölkəmizin
ərazi bütövlüyü gerçəkləşdi. Eyni zamanda, öz
ərazisində beynəlxalq hüququ
reallaşdıran Azərbaycan güc yolu ilə qəsbkarı BMT-nin
qətnamələrini yerinə yetirməyə məcbur etdi.
Xatırladaq ki, hələ
müharibə başlayana kimi,
erməni tərəf cəbhəboyu bütün
istiqamətlərdə təxribatlar törədirdi. Ermənistan xarici işlər naziri Yaxın Şərqə səfəri və
orada diaspor nümayəndələri
ilə görüşlərindən sonra
terror dəstələrinin Qarabağa yerləşdirilməsinə
başlandı. Bununla yanaşı, işğal olunan
torpaqlarımızda qanunsuz məskunlaşma
həyata keçirildi.
Əslində, belə bir vəziyyətdə
Ermənistan-Azərbaycan arasında müharibənin
alovlanacağı gözlənilirdi. Həmçinin erməni
hərbi-siyasi rəhbərliyinin qeyri-konstruktiv
mövqeyi, hərbi ritorika
ilə çıxışı, hədə-qorxu gəlməsi
də artıq danışıqlar prosesinin
tükəndiyindən xəbər verirdi.
Bununla əlaqədar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev düşmənə təxribatların
qarşısının qətiyyətlə
alınacağı barədə bir
neçə dəfə xəbərdarlıq da
etdi.
Polkovnik Şair Ramaldanov söhbət zamanı bildirdi ki, o zaman ermən silahlı birləşmələrinin hər hansı istiqamətdə təxribat törədəcəyi haqqında Azərbaycan Ordusunun dəqiq məlumatı var idi. Belə bir halın şübhə doğurmaması isə onunla bağlı idi ki, işğalçı ordunun təxribatları, həmçinin yerdəyişməsi və bütün hərəkətləri silahlı qüvvələrimizin bölmələri tərəfindən izlənilir və lazımi tədbirlər görülürdü. Bir sözlıə, əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altında idi.
Sentyabrın 27-də Ermənistan
silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə
pozaraq Azərbaycan Ordusunun
cəbhə zonasında yerləşən mövqelərini
iriçaplı silahlar, minaatanlar
və müxtəlif çaplı artilleriya
qurğularından intensiv atəşə
tutmaqla cəbhəyanı ərazilərdə
sıx şəkildə yaşayan mülki insanları, habelə
obyektləri hədəf aldı, nəticədə ölən
və yaralananlar oldu, eyni zamanda,
çoxsaylı evlərə və mülki
obyektlərə ciddi ziyan
dəydi. Şübhəsiz ki, belə
şəraitdə Ali Baş
Komandan İlham
Əliyevin göstərişi ilə ordumuz
düşmənin növbəti hərbi təcavüzünün
qarşısını almağa, əks-həmlə
tədbirlərini həyata keçirməyə başladı.
Hərbi birləşmələrimiz 44 gün ərzində düşmənin komanda məntəqələrinə güclü zərbələr endirməklə onun manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini sıradan çıxardı. Beləliklə, sentyabrın 27-dən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik yağılardan təmizləndi.
Azərbaycan böyük qələbənin
ilk addım səslərini noyabrın 8-də
Qarabağın ürəyi sayılan, incisi
hesab olunan Şuşa şəhərinin işğaldan
azad edildiyi ilk saatlarda eşitdi.
Bəli, bu qədim yurd
yerimizin xilası ilə tam
qələbəmizə yol
açıldı. Düşmənin ağ
bayraq qaldırmaq və kapitulyasiya
etməkdən başqa yolu
qalmadı.
Beləliklə, Azərbaycan Ordusu
ərazi bütövlüyümüzün
bərpasını reallaşdırdı. Bununla
da silahlı qüvvələrimiz dünya hərb tarixinə yeni
bir səhifə yazmaqla
nəyə qadir olduğunu
beynəlxalq aləmə nümayiş etdirdi.
Şübhəsiz ki, 44 günlük möhtəşəm uğur son 17 ildə Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna verdiyi
önəmin məntiqi nəticəsi idi.
Yeri gəlmişkən, hələ
2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Prezident İlham Əliyev demişdi:
“Azərbaycanda ordu quruculuğu
daim mənim diqqət mərkəzimdə
olacaqdır. Azərbaycanın çox güclü ordusu
olmalıdır. O, qarşıda duran
bütün məsələləri həll
etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi
potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə
və qarşıda duran bütün
vəzifələri yerinə yetirməsinə imkan
verəcəkdir”.
Bütün sahələrdə olduğu kimi, bu məsələdə
də verdiyi vədə sadiq
qalan dövlətimizin
başçısı ötən dövrdə müasir döyüşlərin
aparılmasında mühüm əhəmiyyət
daşıyan hərbi texnikanın alınmasını, son dərəcə yüksək dəqiqliklə
hədəfi vuran və
qarşısıalınmaz zərbə gücünə malik silahların hərbi arsenala
daxil edilməsini yüksək səviyyədə
gerçəkləşdirmişdi. Bir
sözlə, silahlı qüvvələrimizin döyüş
imkanları tamamilə modernləşdirilmişdi.
Ordu quruculuğunda
reallaşdırılan mühüm tədbirlərin
nəticəsidir ki, 2020-ci ildə Azərbaycan
Ordusu “Qlobal Atəş
Gücü” (“Global Firepower”) indeksi üzrə
64-cü yerdə qərarlaşıb. Ermənistan ordusu isə bu siyahıda
111-ci yeri tutub. Məhz
bu göstəricilər Azərbaycanın
müharibədə qalib gəlməsini
şərtləndirib.
“Global Firepower”ə görə,
aktiv döyüş əməliyyatlarının
başlandığı dövrdə Azərbaycanın hərbi
qüvvələri 426 min nəfər təşkil
edib. Ermənistanda isə bu
göstərici 1,5 dəfə az – 245 min nəfər olub. Hava qüvvələri baxımından da Azərbaycan Ermənistanı 64-ə
qarşı 147 təyyarə və helikopterlə iki dəfədən çox
üstələyib.
Qələbənin
əldə edilməsində isə ən önəmli amil
silahlı qüvvələrimizdəki ruh yüksəkliyi,
xalq-Prezident-ordu vəhdəti olub.
Bu gün tanınmış hərbi ekspertlər də işğal edilən ərazilərimizin azad edilməsi ilə başlanan əks-hücum əməliyyatlarında Azərbaycan Ordusunun XXI əsrdə müharibə aparılması nümunəsini yaratdığını təsdiqləyirlər. Bu barədə danışan tanınmış rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko deyib: “Əminliklə bildirirəm ki, müasir silahlardan – pilotsuz uçuş aparatlarından, hava patrulu xidməti üçün silah-sursatdan, hədəfləri dəf etmək üçün yüksəkdəqiqlikli vasitələrdən istifadə olunmaqla aparılan döyüş əməliyyatlarının miqyası dünyanın aparıcı baş qərargahları tərəfindən çox diqqətlə öyrənilir. Eyni zamanda, Azərbaycan Ordusunun döyüş əməliyyatlarında əsas hədəfin mülki əhali olmaması təqdir edilir.
Ümumiyyətlə, bu
müharibədə Azərbaycanın yüksəkdəqiqlikli
silahdan istifadəsi dinc
insanlar arasında itkilərin
sayını azaldıb. Bu baxımdan, Azərbaycan
həm hərbi uğur qazanıb, həm
də Dağlıq Qarabağda yaşayan mülki vətəndaşların
həyatını xilas edib.
Bütün bunlar isə
Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinə
görə regionda ən yaxşı ordu olması qənaətini artıq
formalaşdırıb”.
Hərbi ekspertin
vurğuladığı kimi, Azərbaycan
döyüş əməliyyatları
zamanı da haqqa, ədalətə
söykənib, beynəlxalq konvensiyalara əsaslanıb.
Belə ki, Ermənistan tərəfinin
uğursuzluqdan isterikaya
düşərək Azərbaycanın döyüş
bölgəsində yerləşməyən rayon
və şəhərlərində dinc əhalini,
qadınları və uşaqları raket
və artilleriya zərbələri ilə
atəşə tutmasına baxmayaraq, Azərbaycan
Ordusu düşmənin yalnız hərbi
obyektlərini hədəfə alıb, hətta mülki əhalinin ziyan
görməməsi üçün
onları bu cür
obyektlərdən uzaq durmağa
çağırıb.
Yeri gəlmişkən, Prezident İlham Əliyev döyüşlərin qızğın vaxtında Xankəndinin erməni sakinlərinə də müraciət ünvanlayaraq bildirdi ki, Azərbaycanın əsas hədəfi yalnız işğalçı ordu və onun döyüşçüləridir. Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə və onun infrastrukturlarına atəş açmayacaq. Mülki erməni əhalinin narahat olmasına heç bir əsas yoxdur. Halbuki, bunun tam əksi olaraq, qeyd etdiyimiz kimi, təcavüzkar dinc əhalimizin yaşayış yerlərini, infrastrukturu ağır artilleriya atəşinə tutmaqdan belə çəkinmədi.
Sonda bir daha xatırladaq ki, Azərbaycan bu müharibədə öz ərazilərinin erməni tapdağı altında olduğu şəraitdə milli maraqlarını müdafiə edib. Təsavüzkar erməni ordusunun davamlı təxribat əməlləri qarşısında, sadəcə, susmaq, təmkinlilik mövqeyi göstərmək mümkün olmadığından, Azərbaycan ona layiqli cavab verib, beynəlxalq hüquq normalarından, özünümüdafiə prinsiplərindən yararlanmaqla, ərazi bütövlüyünü bərpa edib.
Vaqif BAYRAMOV
Xalq qəzeti 2020.- 21 noyabr.- S.5.