Prezident İlham
ƏLİYEV: İndi Ağdam
üçün yeni dövr başlayır
Ağdamlılara mənim daim xüsusi hörmətim və qayğım olubdur. Hələ 70-ci illərdə mənim burada işlədiyim zaman Ağdama nə qədər çox diqqət göstərilmişdir. Ağdamda nə qədər böyük işlər görülmüşdür – həm şəhərin qurulması, yaradılması, həm qəsəbələrin abadlaşdırılması, həm Ağdamın iqtisadiyyatının inkişaf etdirilməsi baxımından. Ağdamın iqtisadiyyatı o illərdə çox yüksək sürətlə inkişaf edirdi. Ağdam rayonu o vaxt bizim ən varlı rayonlarımızdan biri idi. Çünki Ağdamın çox gözəl torpağı var, çox gözəl təbiəti var, çox fədakar, zəhmətkeş insanları var. Ağdam Azərbaycanın inkişafında çox böyük rol oynamışdır. Ağdamdan olan insanlar Azərbaycanın elmini, mədəniyyətini inkişaf etdirmişlər. Azərbaycanın dövlət orqanlarının yaradılmasında, inkişaf etdirilməsində fəal iştirak etmişlər. Bu da həm ağdamlıların sərvətidir, həm də bütün Azərbaycan xalqının sərvətidir.
Heydər ƏLİYEV
Ümummilli lider
Azərbaycan Ordusunun
sentyabrın 27-də işğalçı Ermənistan
silahlı qüvvələrinə qarşı
başladığı əks-hücum əməliyyatı
ölkəmizin tam qələbəsi və
düşmənin kapitulyasiyası ilə nəticələndi.
Bununla da Vətən
müharibəsi başa çatdı. Azərbaycan
bu döyüşdə parlaq
qələbə qazandı, işğal
altındakı torpaqlarımızı yağılardan təmizlədi.
Müzəffər ordumuzun hər
bir əsgəri, hər bir
zabiti müharibədə qəhrəmancasına
döyüşdü, düşmənin
torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər
göstərdi, yaralandı, öz həyatını
riskə atdı, lakin məqsədi uğrunda inadından dönmədi, əzmlə,
cəsarətlə zəfər yürüşünü
son nəticəyə qədər davam etdirdi.
Dövlətimizin
başçısı torpaqlarımız düşməndən
təmizləndiyi müddətdə daim
xalqımızla bir yerdə oldu, insanlara hər kəndin,
hər qəsəbənin, hər şəhərin Silahlı
Qüvvələrimiz tərəfindən azad
edilməsi müjdəsini verdi. Prezident, Müzəffər Ali
Baş Komandan İlham Əliyevin noyabrın 20-də xalqa müraciəti də bunun
bariz ifadəsidir. Dövlətimizin
başçısı bu müraciəti
ilə xalqımıza Ağdam rayonunun yağı tapdağından xilası
ilə bağlı xoş xəbər
çatdırdı. Ölkə rəhbəri
ağdamlıları təbrik edərək, dedi:
“Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz.
Siz doğma dədə-baba
torpağınıza qayıdacaqsınız”.
Prezident daha sonra Ağdam rayonunun işğaldan azad olunmasını noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın nəticəsi olduğunu bildirdi: “Mən dəfələrlə demişdim ki, Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi. Bu hüququ beynəlxalq norma və prinsiplər tanıyır. Bu hüquq bizə BMT Nizamnaməsi tərəfindən verilibdir. Hər bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü müdafiə etmişik”.
Azərbaycan Prezidentinin
vurğuladığı kimi,
Ağdamın işğaldan azad edilməsi şanlı hərbi qələbə
nəticəsində reallaşıb. Belə ki, əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi,
işğalçı öz xoşu ilə torpaqlarımızdan
çıxmayacaqdı. Bunu deməyə əsas
verən bir çox
amillər var. İlk
növbədə, o bölgələrdə
–işğal altındakı torpaqlarda böyük vəsait
hesabına istehkamlar qurulmuşdu.
Bu isə Azərbaycan Ordusunun
həmin ərazini yara bilməməsi məqsədi
daşıyırdı. Amma düşmən
hər zaman olduğu kimi, burada da
yanılırdı, səhv edirdi. Bu, təcavüzkarın Azərbaycanın gücünü düzgün
hesablaya bilməməsi ilə
bağlı idi: “Onlar
bilmirdilər ki, bu gün Azərbaycan Ordusu,
Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o qələbəyə
aparan həm gücümüzdür,
texniki təchizatımızdır, həm
də mənəvi ruhumuzdur. Bilmirdilər
ki, Azərbaycan xalqı bütün
bu illər ərzində bir
arzu ilə yaşayır ki,
öz dədə-baba torpağına
qayıtsın. Bütün bu amillər və digər amillər bu qələbəni şərtləndirdi”.
Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Ağdamın işğaldan azad olunmasını tarixi hadisə kimi dəyərləndirdi, eyni zamanda, yağı tapdağındakı yaşayış sahələri arasında əhalinin sayına görə Ağdamın ən böyük rayon olduğunu, işğaldan əvvəl burada 143 min insan yaşadığını, hazırda isə sakinlərinin sayının 204 min nəfərə çatdığını vurğuladı. Dövlətimizin başçısı, eyni zamanda, son illər ərzində Ağdamın Azərbaycanın nəzarətində olan hissəsində 18 köçkün şəhərciyi salındığını və rayonun ərazisinə 93 min köçkünün yerləşdirildiyini diqqətə çatdırdı.
Bir daha qeyd edək ki, Azərbaycan və Rusiya prezidentləri, eləcə də Ermənistanın baş nazirinin noyabrın 10-da birgə imzaladığı bəyanatda nəzərdə tutulduğu kimi, Ağdam rayonu noyabrın 20-nə işğalçı ölkə tərəfindən tam boşaldılıb və Silahlı Qüvvələrimiz əraziyə daxil olub.
Ölkə rəhbərinin vurğuladığı
kimi, rayon ərazisi
üzrə keçmiş təmas xətti
boyunca Ermənistan ordusu
tərəfindən yaradılan müdafiə istehkamları
mürəkkəbliyi ilə seçilib. Bu, bir neçə
müdafiə xəttindən ibarət olub
və müasir standartlar
tətbiq edilməklə hazırlanıb. Yeri
gəlmişkən, bu səddin
keçilməsi ciddi texnika
və insan itkisi olmadan faktiki mümkün deyildi. Ancaq Azərbaycan Prezidentinin
diplomatik məharəti,
prinsipiallığı və dəmir iradəsi, həmçinin
ordumuzun zəfər yürüşü
nəticəsində ərazilərimizin işğaldan
azad edilməsi Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi.
Silahlı Qüvvələrimiz heç bir itki, şəhid vermədən, qan tökmədən Ağdam
rayonuna daxil oldu. Şübhəsiz ki,
bundan sonrakı qısa zaman
kəsiyində Kəlbəcər və Laçın
rayonlarının boşaldılması, eyni
zamanda, Azərbaycana təhvil verilməsi prosesi də uğurla başa çatacaq.
Beləliklə, dövlətimizin
başçısının gerçəkləşdirdiyi qətiyyətli
müdrik siyasət mürəkkəb
müdafiə sisteminə malik ərazilərin
heç bir itki vermədən, döyüşsüz
azad edilməsinə şərait
yaratdı.
Ulu öndərimiz Heydər
Əliyevin Azərbaycana rəhbərliyinin birinci
dönəmində Ağdam digər
rayonlarımız kimi, daim
qayğı ilə əhatələnib. Burada
sosial-iqtisadi inkişaf
hər zaman diqqətdə
saxlanılıb. Lakin 1993-cü il iyulun 23-də Ermənistan
hərbi qüvvələrinin Ağdama hücumu nəticəsində şəhər
yerlə yeksan edilib.
Ümummilli lider 1996-cı ildə Ağdam ictimaiyyəti ilə görüşündə rayonun işğalına belə münasibət bildirmişdi: “Ağdam şəhəri heç vaxt işğal oluna bilməzdi. 1988-ci ildən Ermənistan tərəfindən Azərbaycana qarşı başlanan təcavüz – ilk atışmalar, ilk qığılcım, təcavüzün ilk addımları məhz Ağdama tərəf yönəldilmişdi. Bu da təbiidir, çünki Dağlıq Qarabağa gedən yolların hamısı Ağdamdan keçir. Eyni zamanda, Dağlıq Qarabağda yaşayan ermənilər Ağdamın nə olduğunu yaxşı bilirdilər. Ağdamın tarixini də, keçmişini də, Ağdamın insanlarının nə qədər dəyanətli, nə qədər cəsarətli olduqlarını da yaxşı bilirdilər. Strateji nöqteyi-nəzərdən isə Ermənistan təcavüzünün qarşısının alınması üçün Ağdam şübhəsiz ki, çox əhəmiyyətli bir nöqtə idi. Ağdam qorunmalı idi, Ağdam saxlanılmalı idi, Ağdam müdafiə olunmalı idi. Ağdamın işğalı yolverilməz idi. 1992-ci ilin sentyabrında Abdal– Gülablı kəndinin işğal olunması, ondan sonra da, rayonun digər kəndlərinə hücumlar, Ağdama qarşı yönəldilmiş təcavüzkar planlar, nəhayət, Ağdam şəhərinin işğalına gətirib çıxardı”.
Dahi şəxsiyyət siyasi hakimiyyətə qayıtdıqdan sonra ağdamlıların, sözün
əsl mənasında, himayədarı oldu.
Ağdamlılarla keçirdiyi
hər bir görüşündə
onların dərdinə şərik çıxdı, dəyərli
fikirlərini bölüşərək, onların gələcəyə
inamla baxmalarını tövsiyə etdi, dəyanətli insanlar
olduqlarını vurğulayaraq, doğma yurdlarına qayıdacaqlarına inam hissi yaratdı.
Prezident İlham Əliyev də dövlət
başçısı vəzifəsinə seçilən ilk gündən bəyan etdi
ki, Azərbaycanın bir
qarış torpağı belə düşmənə verilməyəcək,
nə qədər ki, sülh
danışıqları davam edir, çadırlarda, dəmir yol vaqonlarında məskunlaşmış vətəndaşların
ev və işlə təmin olunması problemi həllini tapacaq.
Dövlətimizin başçısı verdiyi
sözü – “Azərbaycanda bir çadır şəhərciyi belə, qalmayacaq, onların hamısı ləğv
ediləcək, əvəzində isə yeni,
müasir standartlara cavab verən qəsəbələr
salınacaqdır. Qaçqın və məcburi
köçkünlərin sosial müdafiəsinin
təşkili, onların bütün
problemlərinin həlli fəaliyyətimdə əsas istiqamət
olacaq” – vədini tam həyata
keçirməyə müvəffəq oldu.
Prezident İlham Əliyev 2004-cü ilin fevral ayının 4-də
Ağdamda yeni qəsəbələrin
salınması ilə bağlı sərəncam imzaladı.
Sərəncama əsasən, Bərdə və Ağcabədi
rayonlarındakı çadır düşərgələrində
və yük vaqonlarında müvəqqəti
yerləşdirilən 3860 ailə üçün Ağdam,
Goranboy və Ağcabədi ərazisində
yeni qəsəbələr salındı,
onlara maliyyə yardımı və torpaq sahəsi ayrılaraq məşğulluqları
təmin edildi. Ölkə
başçısının 2004-cü il
iyulun 1-də təsdiq etdiyi
“Qaçqınların və məcburi köçkünlərin
yaşayış şəraitinin yaxşılaşdırılması
və məşğulluğunun artırılması üzrə
Dövlət Proqramı”na əsasən, bu
kateqoriyalı insanların yeni mənzillərlə
təmin olunması istiqamətindəki işlər mərkəzləşdirildi.
Ötən illər ərzində Ağdam sakinlərinin sosial müdafiəsini gücləndirmək məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilib. Dövlət başçısı cəbhə bölgəsinə vaxtaşırı etdiyi səfərlər zamanı ağdamlıların sosial şəraitlərinin daha da yaxşılaşması istiqamətində müvafiq strukturlara müəyyən tapşırıqlar verib və onların icrasını diqqətdə saxlayıb.
Son illərdə Ağdam rayonu ərazisində kilometrlərlə yola asfalt örtük salınıb, subartezian quyular qazılıb, Quzanlı, Təzəkənd, İmamqulubəyli kəndlərində məktəb binaları, Quzanlıda və Xındırıstanda uşaq bağçaları istifadəyə verilib.
Bir sözlə, ərazisinin dörddə üç hissəsi işğal altında olan Ağdam real çətinliklərə baxmayaraq, sosial-iqtisadi inkişafın sürətinə və miqyasına görə, digər rayonlardan heç də geri qalmayıb. Dövlət başçısının təşəbbüsü ilə rayonun Quzanlı qəsəbəsində Avropa standartlarına cavab verən Olimpiya İdman Kompleksi istifadəyə verilib. Quzanlı qəsəbəsi düşmənlə təmas xəttində olsa da, burada mötəbər yarışlar keçirilib və hər bir yarışa insanların böyük ruh yüksəkliyi ilə qatılması bir daha ağdamlıların gələcəyə nikbin baxdıqlarından xəbər verib.
Ağdam özündə çox qədim mədəni-tarixi irsi daşıyır. Xındırıstan kəndində
yårləşən Üzərlik Təpə
abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Sarı Musa oğlu Kümbəzi (1314-cü il), Kəngərli kəndindəki Türbə
və Daş abidələr (XIV əsr),
Papravənd kəndindəki Türbələr, Məscid (XVIII
əsr), Xanoğlu türbəsi (XVII əsr), Qarabağ
xanı Pənahəli xanın Ağdam
şəhərindəki imarəti (XVIII əsr), Natəvan və
onun oğlunun
türbəsi (XIX əsr), Şahbulaq
qalası və s. tarixi
memarlıq abidələri bu ərazinin əzəli
yurd yerlərimiz olduğunu
təsdiqləyir.
Həmin abidələrin əksəriyyəti işğal dövründə
dağıdılıb. Bundan əlavə,
dini ibadətgahlardan rayonun
Papravənd kəndində yerləşən Şeyx
Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər
ziyarətgahlar darmadağın edilmişdir.
Ağdam şəhərinin mərkəzində
yerləşən qədim memarlıq abidəsi sayılan Məscid
və onun minarələri də vəhşicəsinə
dağıdılmışdır.
Ağdamlıların yurda sevgisi, Vətənə məhəbbəti deməyə əsas verir ki, erməni vandalizminin, barbarlığının qurbanı olan rayon tezliklə abadlaşdırılacaq, əvvəlki dönəminə, gülüstan çağına qaytarılacaq, yenə də bəxtəvər günlər yaşanılacaq, yenə də iqtisadi-sosial sahələrdə yüksək göstəricilər əldə ediləcək.
Vaqif BAYRAMOV
Xalq qəzeti 2020.- 21 noyabr.- S.9.