Azərbaycan ədliyyəsi
xalqımızın şanlı qələbəsi ilə qürur dolu günlər
yaşayır
Fikrət MƏMMƏDOV,
Azərbaycan Respublikasının ədliyyə naziri,
Məhkəmə-Hüquq Şurasının sədri,
I dərəcəli dövlət ədliyyə müşaviri
Ümummilli lider Heydər Əliyevin bəxş etdiyi 22 noyabr – Ədliyyə İşçilərinin Peşə Bayramı günü bu il xalqımızın şanlı qələbəsi ilə xüsusilə əlamətdar olmaqla ikiqat sevinc hissi ilə qeyd olunur.
Sentyabrın
27-də Ermənistanın hərbi təxribatlarına
qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin
təslim olması ilə nəticələnən İkinci Qarabağ
müharibəsində Azərbaycan Prezidenti,
Ali Baş Komandan İlham Əliyev
xalqımızın zəfər salnaməsini yazdı.
Dövlətimizin
başçısının qəti iradəsi və müdrik xarici siyasəti,
müzəffər ordumuzun qəhrəmanlığı
və şücaəti, xalqımızın birliyi
və həmrəyliyi nəticəsində erməni
işğalçıları həm hərbi, həm də siyasi meydanda ağır məğlubiyyətə
uğradıldı, böyük qələbə
qazanılaraq tarixi ədalət bərpa olundu, xalqın inamı özünə
qaytarıldı.
30 ildir BMT Təhlükəsizlik
Şurasının işğalçı qüvvələrin
torpaqlarımızdan dərhal, tam və
qeyd-şərtsiz çıxarılmasını tələb
edən qətnamələri ordumuzun
inamlı qələbəsi ilə icra edildi, doğma
torpaqlarının həsrətini çəkən,
qayıdacaqları günü səbirsizliklə gözləyən
insanlarımızın arzuları reallığa çevrildi.
Cəsur Azərbaycan hərbçiləri düşmənin işğal altındakı ərazilərimizdə otuz ilə yaxın müddətdə qurduqları istehkamları, hərbi texnikasını və infrastrukturunu, çoxsaylı canlı qüvvəsini darmadağın edərək torpaqlarımızı qarış-qarış, kəndbəkənd, şəhərbəşəhər əsarətdən xilas etdi. 44 günlük zəfər yürüşündə 300-dən çox şəhər, kənd və qəsəbələrimiz işğaldan azad edildi, silahlı qüvvələrimiz tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərində və digər doğma torpaqlarımızda üçrəngli şanlı bayrağımız ucaldıldı.
Ölkə Prezidentinin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən noyabrın 8-də dahilər ocağı, hər daşı bir tarix olan, Qarabağın tacı Şuşanın işğaldan azad olunması xalqımıza hədsiz qələbə sevinci yaşatdı. “Şuşasız bizim işimiz yarımçıq olar”, – deyən Ali Baş Komandan ulu babalarımızın miras qoyduğu qiymətli əmanəti azad etməklə müasir müstəqil dövlətimizin banisi, ulu öndər Heydər Əliyevin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirdi. Həmin gün Fəxri xiyabanı ziyarət edərək sanki ümummilli liderimizə bu barədə hesabat verən Prezident Vətənimizin azadlığı uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsini Şəhidlər xiyabanında ehtiramla yad etdi və oradan xalqımıza Şuşanın azad olunması müjdəsini verdi.
Nüfuzlu hərbi ekspertlər təsdiq edirlər ki, çətin keçilən relyefə malik olan və üç tərəfdən sıldırım qayalıqla əhatə olunan alınmaz qala Şuşa uğrunda Azərbaycan Ordusunun xüsusi şücaətlə həyata keçirdiyi döyüşlər müstəsna olmaqla dünya hərb tarixinə unikal əməliyyat kimi düşəcək, hərb elminə dair dərsliklərə salınacaq.
Şuşanın
işğaldan qurtarılaraq üçrəngli
bayrağımızın sancılması Vətən
müharibəsində dönüş
nöqtəsi oldu, dövlətimizin
başçısı düşməni təslim olmağa məcbur edərək Ermənistanın
kapitulyasiya aktı olan
birgə bəyanatla qalan digər
torpaqlarımızın – Kəlbəcər,
Laçın və Ağdam
rayonlarının qan tökülmədən
Azərbaycana qaytarılmasına, ərazi bütövlüyümüzün
bərpasına nail oldu.
Bununla da dövlətimizin başçısı İlham Əliyev xalqımızın qəlbində milli qəhrəmana çevrilərək, onun adı tariximizə qızıl hərflərlə həkk olundu. Möhtərəm Prezidentimiz görkəmli dövlət xadimi kimi müdrik siyasəti nəticəsində uzun sürən savaşa son qoyaraq sülhü bərqərar etməklə, bəşəriyyətdə sülh naminə mühüm xidmətlər göstərdi.
Danılmaz həqiqətdir
ki, ölkəmizin şanlı qələbə
qazanmasının təməlində Azərbaycan Prezidenti İlham
Əliyevin 17 ildə həyata keçirdiyi
uzaqgörən, düşünülmüş
və müstəqil siyasəti dayanır. Dövlətimizin
başçısı bu illər ərzində
respublikamızın iqtisadiyyatını gücləndirib, ordu quruculuğunu,
müdafiə sənayesini inkişaf etdirərək
Azərbaycan Ordusunu, Vətən
müharibəsində bütün dünyaya nümayiş etdirildiyi kimi, 5-ci nəsil
müasir silah və hərbi
texnika ilə təchiz olunmaqla dünyanın ən güclü
50 ordusundan birinə çevirib.
Ölkənin
bütün ərazisində hərbi vəziyyət
və qismən səfərbərlik elan olunduğu, bütün
xalqımızın böyük həmrəylik
nümayiş etdirdiyi
bu şərəfli dönəmdə Azərbaycan
Prezidenti hər kəsin səbirsizliklə
gözlədiyi və həyəcanla dinlədiyi xalqa müraciətlərində,
dünyanın nüfuzlu medialarına
müsahibələrində diplomatik məharəti
ilə milli maraqlarımızı uğurla müdafiə etdi,
yalan və feyk xəbərlər
üzərində qurulan erməni təbliğatını
tam ifşa etdi.
Bu dövrdə, həmçinin BMT-nin Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı aparılmış müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələrin beynəlxalq hüquq normalarına sadiq qalmaqla Azərbaycanın haqlı mövqeyinin müdafiəsində prinsipiallıq göstərərək dəstəyi ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun və hörmətinin əyani təzahürü oldu.
Ali Baş Komandanın ən sadiq silahdaşı olan respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin ədalətli mübarizəsi barədə həqiqətlərin beynəlxalq birliyə çatdırılması ilə bağlı vətənpərvər çağırışları hər bir azərbaycanlını informasiya platformalarında mübarizəyə səfərbər etdi. Cəbhədə döyüşən igid əsgərlərimizə duaları ilə, yaralılarımıza, həlak olan günahsız dinc insanlarımızın ağrı-acısına şərik olaraq bir ana, bacı kimi doğma və qayğılı münasibəti ilə Birinci vitse-prezident xalqımıza təsəlli oldu.
Prezidentin və birinci xanımın işğaldan
azad olunduqdan sonra Füzuli və Cəbrayıl
şəhərlərinə, Xudafərin körpüsünə
səfəri, Füzuli-Şuşa avtomobil yolunun təməlinin
qoyulması xalqımızın o torpaqlara qayıdışının təntənəsi
oldu. Bayrağımızı
ucaldan dövlətimizin
başçısı erməni vandallarının
torpaqlarımızda törətdikləri vəhşiliklərə,
o cümlədən bu
günlərdə Kəlbəcər və Ağdam
rayonlarının boşaldılması zamanı evlərin və
digər mülki obyektlərin
dağıdılaraq yandırılmasına, törədilən
ekoloji fəlakətə görə Ermənistanın
beynəlxalq müstəvidə cavab verəcəyi
ilə bağlı mühüm mesajlar verdi.
Şübhəsiz ki, Ermənistanın işğalçılıq siyasəti, müharibə və insanlıq əleyhinə cinayətləri onun beynəlxalq hüquqi məsuliyyətini doğurur və qeyd edilən cinayətlərin törədilməsində iştirak etmiş şəxslərin məsuliyyətə cəlb olunmasını zəruri edir. Bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən Ermənistanın ölkəmizə qarşı müharibə cinayətlərinin dünya ictimaiyyətinin diqqətinə dolğun və hərtərəfli çatdırılması istiqamətində məqsədyönlü işlər həyata keçirilib. Belə ki, tərəfimizdən 70-ə yaxın dövlətin ədliyyə nazirlərinə, dünya prokurorlarına, sıx tərəfdaşlıq etdiyimiz nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən, 140 ölkəni birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası, Dünya Bankı, UNICEF, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Ümumdünya Səhiyyə Təşkilatı və digər qurumlara, habelə Beynəlxalq Hakimlər Assosiasiyasına müraciətlər ünvanlanıb, xarici ölkələrin səfirləri ilə görüşlər təşkil olunub, ərazilərimizin 20 faizinin işğal olunaraq azərbaycanlıların etnik təmizləməyə və soyqırımına məruz qalması, dədə-baba yurdlarından didərgin salınması, xalqımıza qarşı törədilmiş müharibə və insanlıq əleyhinə cinayətləri vurğulanıb. Həmçinin bu günlərdə Avropa Şurası ədliyyə nazirlərinin videoformatda keçirilmiş konfransında Ermənistanın qeyri-insani əməlləri və müharibə cinayətlərinin dəhşətləri təfsilatı ilə Avropa Şurası Baş katibinin, Avropa Şurası Parlament Assambleyasının, Avropa İnsan Hüquqları Məhkəməsinin və digər ixtisaslaşmış qurumlarının rəhbərlərinin, habelə Avropa İttifaqı ədliyyə komissarının və bütün üzv dövlətlərin ədliyyə nazirlərinin diqqətinə çatdırılıb.
Müraciətlərdə və tədbirlərdə Ermənistanın münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar yolu ilə həllini dəfələrlə müxtəlif bəhanələrlə pozması, silahlı qüvvələrinin işğal altında olan ərazilərimizdən çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq təşkilatların sənədlərinin icrasına məhəl qoymaması, ona sərf edən status-kvonu davam etdirərək işğal altındakı ərazilərimizin zəngin təbii ehtiyatlarını istismar etməsi və qeyri-qanuni iqtisadi fəaliyyət göstərməsi, qanunsuz məskunlaşdırma həyata keçirməsi, dövlət və xüsusi mülkiyyətin talan edilməsi, tarixi, mədəni və dini abidələrimizin dağıdılması və ya saxtalaşdırılması, məscidlərimizin təhqir olunması xüsusilə vurğulanıb.
Qeyd olunub ki, çoxsaylı dinc insanların, o cümlədən, uşaq, qadın və ahılların həlak olması, yaralanması, minlərlə mülki infrastruktura, həmçinin ədliyyə və məhkəmə binalarına ciddi ziyan dəyməsi ilə nəticələnən Ermənistanın qeyri-insani əməlləri beynəlxalq insan hüquqları və humanitar hüquq normalarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyalarının və onlara əlavə protokollardan irəli gələn öhdəliklərin kobudcasına pozulması deməkdir. Bununla əlaqədar dünya dövlətləri və beynəlxalq təşkilatlar ədalət naminə bu məsələdə prinsipiallıq göstərərək səslərini ucaltmalıdırlar, çünki insanlıq əleyhinə və müharibə cinayətləri törədən Ermənistan beynəlxalq müstəvidə məsuliyyətə cəlb olunaraq cavab verməlidir.
İşğalçı
Ermənistanın ölkəmizə qarşı hərbi təxribatlara
başladığı andan qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğan başda olmaqla
türk xalqının Azərbaycanın
yanında olduğu, yüksək səviyyəli
rəsmi şəxslərin ölkəmizə dəstəkverici
səfərlər etdiyi,
ədliyyə naziri Abdulhamit
Gülün telefonla zəng
edərək, həmçinin rəsmi müraciət ünvanlayaraq xalqımızın haqq davasında tərəddüdsüz dəstəyi
və qələbə münasibətilə səmimi təbrik
etməsi, twitter hesabı ilə ürək
sözlərini söyləməsi xüsusilə
vurğulanmalıdır.
Bu dövrdə, həmçinin
ədliyyə işçiləri Birinci vitse-prezidentin
çağırışlarına fəal qoşularaq
sosial şəbəkələrdə vətəndaş
mövqeyindən çıxış etməklə ermənilərin
yalan təbliğatının və
dezinformasiyalarının qarşısının
alınması məqsədilə müxtəlif dillərdə
çoxsaylı məlumatlar və digər materiallar
paylaşıblar.
Bununla
yanaşı, nazirlik tərəfindən
Azərbaycan həqiqətlərinin təbliği və geniş yayılması məqsədilə “Qarabağ Azərbaycandır!” elektron
məlumat platforması (http://justice.gov.az/ categories/1148)
yaradılıb.
Üç dildə (Azərbaycan, ingilis və rus) olan, daim yenilənən və interaktiv rejimdə fəaliyyət göstərən platformada Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri və Ermənistanın işğalçılıq siyasəti, Azərbaycanın dinc əhalisinə qarşı yönələn müharibə cinayətləri ilə bağlı dünyanın nüfuzlu medialarına müsahibələri, Birinci vitse-prezident Mehriban Əliyevanın sosial çağırışları və çıxışları, dövlətimizin başçısının və birinci xanımın azad edilmiş rayonlarımıza səfərləri və digər rəsmi xəbərlər, qanun və fərmanlar, tarixi sənədlər yerləşdirilib. Həmçinin burada zəfərlərimizə, Azərbaycan Bayrağının doğma torpaqlarımızda ucaldılması mərasimlərinə dair video-materiallar, əzəli torpağımız olan Qarabağ və ətraf yeddi rayonun tarixi, mədəni və dini abidələri barədə fotoqalereya, bu sahədə hüquqi maarifləndirməyə dair nazirliyin məlumatları mövcuddur. Digər saytlara da inteqrasiya olunmuş platformadan artıq minlərlə istifadəçi yararlanıb.
Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkilinə dair dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən qarşıda duran vəzifələrin mütəşəkkil və operativ icrasının təmin olunması məqsədilə nazirliyin rəhbərliyindən və aidiyyəti məsul şəxslərindən ibarət qərargah yaradılıb. Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətləri, işğalçılığa və separatçılığa dəstək xarakteri daşıyan iqtisadi və digər qeyri-qanuni fəaliyyəti ilə bağlı milli və beynəlxalq qanunvericiliyin təhlili, işğaldan azad olunmuş ərazilərdə ədliyyə və məhkəmə infrastrukturuna dəymiş ziyanın dəqiqləşdirilməsi və bu orqanların fəaliyyətinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsi, habelə ədliyyə orqanlarının qarşısında duran digər vəzifələr müəyyən edilib və onların mütəşəkkil icrası məqsədilə yeni Qarabağ regional ədliyyə idarəsi təsis olunub.
Qeyd edilməlidir ki, böyük inam və əzmlə Ali Baş Komandanın ətrafında sıx birləşərək
həmrəylik nümayiş etdirən ədliyyə
işçiləri və hakimlər müharibənin ilk günlərindən ordumuza
dəstək məqsədilə könüllü
olaraq öz əmək
haqları fondundan Silahlı Qüvvələrə
Yardım Fonduna 1 milyon
600 min manat
köçürüblər. Təbii ki, gündəlik dövlət
qayğısı ilə əhatə olunan
və ən yüksək səviyyədə təchiz edilən
Azərbaycan Ordusu üçün
edilən bu təşəbbüs hərbçilərimizlə
həmrəylik nümayişi kimi mənəvi borc hesab olunub. Peşə
bayramı ərəfəsində işçilərimiz və
hakimlər tərəfindən növbəti dəfə əməkhaqlarından
900 min manatdan çox ianə edilib.
Həmçinin ədliyyə və məhkəmə orqanlarının 100-dək əməkdaşı hərbi xidmətə, o cümlədən, könüllü kimi yollanaraq, yüksək vətənpərvərlik nümunəsi göstəriblər. Döyüşlərdə iştirak edən əməkdaşlarımız arasında təəssüf ki, yaralanan və qəhrəmancasına şəhid olanlar da var. Nazirlik tərəfindən onların hər birinin və ailə üzvlərinin qayğıları ilə maraqlanılaraq zəruri tədbirlər görülür. Eyni zamanda, cəbhəboyu şəhər və rayonlarda təhlükəli və gərgin şəraitdə fəaliyyət göstərən işçilərə əlavə maddi dəstək göstərilib.
Vətən
müharibəsində ordumuzun uğuru, torpaqlarımızın işğaldan azad
olunması ilə bağlı dövlətimizin
başçısının xoş
müjdəli xəbərləri, o
cümlədən, twitter hesabı ilə
xalqa çatdırdığı zəfərlər
ədliyyə orqanlarında sevinc hissi ilə qarşılanıb. Bu münasibətlə
nazirlikdə keçirilən tədbirlərdə
torpaqlarımızın azad edilməsi böyük coşqu ilə
qeyd olunub, ərazi bütövlüyümüzün bərpası
uğrunda şəhid olmuş
Vətən övladlarının əziz xatirəsi ehtiramla anılıb.
Xalqımıza
unudulmaz və hədsiz fəxarət hissləri
yaşatdığı üçün
ölkə rəhbərliyinə minnətdarlıq ifadə olunub, tarixi qələbələrimiz
münasibətilə Azərbaycan Prezidenti,
Ali Baş Komandan İlham Əliyevə
və respublikamızın Birinci vitse-prezidenti Mehriban
Əliyevaya müraciətlər qəbul olunub,
işğaldan azad
olunmuş torpaqlarımızın tezliklə
dirçələcəyinə, bərpa-quruculuq və
abadlıq işləri aparılaraq yenidən orada
həyat qaynayacağına qəti əminlik
vurğulanıb.
Bu il dövlətimiz təkcə döyüş meydanında deyil, həm də arxa cəbhədə digər təhlükəli düşmən-lə – bütün dünyanı bürüyən COVID-19 qlobal pandemiyası ilə mübarizə aparıb. Dövlətimizin başçısının və Birinci vitse-prezidentin rəhbərliyi ilə görülmüş qəti tədbirlər sayəsində Azərbaycan pandemiyanın ilk və olduqca təhlükəli mərhələsini ən az sayda itki ilə başa vurmuş dövlətlər sırasındadır və bu bəla ilə mübarizədə nümunəvi ölkə kimi dəyərləndirilir.
Pandemiyanın
iqtisadi çətinliklərinə baxmayaraq, iqtisadi sabitlik, makroiqtisadi və
maliyyə dayanıqlığının təmin edilməsi, işsizlik probleminin həlli
məqsədilə 2 milyard dollar həcmində iqtisadi-sosial
yardım paketi təqdim edilib,
sosial dəstək tədbirləri ölkə
əhalisinin təqribən yarısını əhatə edib.
Ədliyyə Nazirliyi də pandemiyaya
qarşı mübarizəyə fəal qoşulub.
Belə ki, nazirlik
tərəfindən koronavirusun
qarşısının alınması ilə bağlı ədliyyə
qurumlarında və məhkəmələrdə zəruri profilaktik və digər preventiv
işlər aparılıb, pandemiya şəraitində
ədliyyəyə əlçatanlığın təmin
olunması məqsədilə nazirliyin internet saytının və sosial
şəbəkə səhifələrinin
imkanları və interaktivliyi
artırılıb, saytda yeni
– “Vətəndaşlar üçün əlaqə”,
“İnteraktiv əlaqə” və “KİV üçün əlaqə” bölmələri
yaradılıb, innovasiyaların tətbiqi genişləndirilərək
“Mobil notariat”ın funksionallığı
yüksəldilib, bir sıra etibarnamələrin
mobil qaydada verilməsi
təmin edilib.
Vətəndaşların müasir İKT-lərin köməyi ilə nazirlikdə videoqəbulu qaydası müəyyən edilib və müxtəlif bölgələrin, o cümlədən, Vətən müharibəsi dövründə cəbhəyə yaxın rayonların 250-dək sakini videoformatda qəbul edilib. Habelə nazirliyin icra xidməti tərəfindən borclu şəxslərə aliment və digər icra ödənişlərin onlayn qaydada aparılması, uşaqla ünsiyyətin video-əlaqə vasitəsilə həyata keçirilməsi təmin olunub.
Qlobal pandemiya
şəraitində ədalət mühakiməsinin həyata
keçirilməsi məsələləri də diqqətdə
saxlanılıb, məhkəmə proseslərinin videoformatda keçirilməsi məqsədilə
xüsusi proqram modulu hazırlanaraq tətbiqinə
başlanılıb, habelə cinayət işlərinə də
video-əlaqə ilə baxılmasının təmin
edilməsi üçün dövlətimizin
başçısının təşəbbüsü ilə
qanunvericiliyə mühüm dəyişikliklər
edilib.
Məhkumların
və təqsirləndirilən şəxslərin həyat və
sağlamlıqlarının qorunması ciddi
nəzarətdə saxlanılıb, dövlətimizin
başçısının humanist siyasətinin
təzahürü olaraq
imzaladığı əfv Sərəncamı ilə virusa yoluxması daha riskli olan yaşı 65-dən
yuxarı məhkumların əksəriyyəti
azadlığa buraxılıb, 2300-ə yaxın məhkum cəzadan
şərti olaraq vaxtından əvvəl
azad olunub və ya yüngül rejimli müəssisəyə keçirilib,
740 nəfər isə ev
dustaqlığı və digər alternativ
qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən
azad ediliblər.
Cəza siyasətinin humanistləşdirilməsi
ilə bağlı yeni qanunvericiliyə əsasən 2000-dən
çox məhkum cəzadan tamamilə azad edilib, 3200-dən
artıq məhkumun cəza müddəti azaldılıb,
habelə xarici dövlətlərdən olan bir çox məhkumlar
karantin rejiminə əməl edilməklə öz ölkəsinə
təhvil veriliblər.
Fəaliyyətin pandemiya şəraitində təşkilinə baxmayaraq, Azərbaycan ədliyyəsinin inkişafı üzrə tədbirlər də davam etdirilib, hüquq mühafizə orqanlarının və məhkəmələrin fəaliyyəti ilə bağlı dövlətimizin başçısının göstəriş və tövsiyələrindən irəli gələn vəzifələr nazirliyin videoformatda keçirilən kollegiya iclaslarında, ölkənin bütün məhkəmələrini əhatə edən müşavirələrdə geniş müzakirə olunaraq ədliyyə və məhkəmə sahəsində idarəçiliyin müasirləşdirilməsi, şəffaflığın artırılması, korrupsiyanın qarşısının alınması, ictimai iştirakçılığın təşviqi, innovasiyaların tətbiqi ilə bağlı əməli tədbirlər həyata keçirilib, yüksək hazırlıqlı kadrlar rəhbər vəzifələrə irəli çəkilib, o cümlədən, nazirliyin və struktur qurumların, yüksək məhkəmələrin rəhbərliyi möhkəmləndirilib.
Bu ildə nazirlik
tərəfindən 1600-dən çox qanunvericilik aktı layihəsi
hazırlanıb, 2800-dən artıq normativ
sənəd layihəsinə rəy verilib,
3,4 milyonadək notariat hərəkəti
rəsmiləşdirilib, 230 mindən çox
vətəndaşlıq vəziyyəti aktları dövlət
qeydiyyatına alınıb, bu əməliyyatlarla
bağlı 6,5 milyon manat
vəsait dövlət büdcəsinə köçürülüb.
Məhkəmə qərarlarının
icrası, alternativ, o
cümlədən, özəl icra institutunun tətbiqi üzrə tədbirlər
davam etdirilib, bu sahədə zəruri təhlillər
aparılıb və beynəlxalq təşkilatlarla səmərəli
əlaqələr qurulub. Cari ildə 375 min icra sənədinin
icrası təmin edilib, 610 milyon manat vəsait hüquqi və fiziki şəxslərə,
vergi borcları ilə bağlı
dövlət büdcəsinə ödətdirilib, ədalət
mühakiməsi əleyhinə, o cümlədən,
məhkəmə qərarlarının icra
olunmamasına dair 370-dən çox iş üzrə
ibtidai istintaq
tamamlanıb.
Məhkəmə
ekspertizası mərkəzində 41 ekspert
ixtisası üzrə 24 min rəy və
arayış verilib, bələdiyyələrin
67 mindən çox aktı inzibati nəzarət qaydasında
yoxlanılıb, qanunsuz
ayrılmış 7.600 hektardan artıq torpaq sahələri geri
qaytarılıb, cinayət xarakterli pozuntularla bağlı 24 fakt
üzrə materiallar prokurorluğa
göndərilib.
Beynəlxalq
hüquqi əlaqələrin genişləndirilməsinə
xüsusi önəm verilərək cari ildə Səudiyyə Ərəbistanı,
Bosniya və Herseqovina,
Estoniya, Meksika, Bəhreyn,
Misir və Əlcəzair ilə əməkdaşlığa
dair sənədlərin
razılaşdırılması işi aparılıb.
Tərəfimizdən Vyetnamla
ədliyyə sahəsində Sazişin
implementasiyası üzrə Əməkdaşlıq
Proqramının, habelə Azərbaycan Hökuməti
adından Beynəlxalq Qırımızı Xaç
Komitəsi ilə qurumun azadlıqdan məhrumetmə
yerlərinə, o cümlədən, penitensiar müəssisələrə maneəsiz
baş çəkməsinə
səlahiyyət verən Sazişin
müddətinin uzadılması ilə bağlı protokolun diplomatik kanallar vasitəsilə imzalanması həyata
keçirilib.
Dövlətimizin
başçısının “Məhkəmə-hüquq
sistemində islahatların dərinləşdirilməsi
haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrası
çərçivəsində sahibkarlıq subyektlərinin ədalət
mühakiməsinə əlçatanlığının
asanlaşdırılması məqsədilə yeni kommersiya,
habelə inzibati məhkəmələr yaradılaraq cari ildən
fəaliyyətə başlayıb, yeni ayrılmış 200
hakim ştatının komplektləşdirilməsi üzrə
ardıcıl tədbirlər görülüb.
Məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlər davam etdirilib, dövlətimizin başçısı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin yeni müasir binasının açılışı həyata keçirilib, yüksək texnologiyalı digər binaların, o cümlədən, Masallı Məhkəmə Kompleksinin inşası başa çatdırılıb, Sumqayıt Məhkəmə Kompleksinin və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin tikintisi isə yekunlaşmaq üzrədir.
Dövlətimizin
başçısının tapşırığına əsasən
ədalət mühakiməsinin səmərəliliyinin
artırılmasında mühüm rol oynayan “Elektron
məhkəmə” və “Elektron icra” informasiya sistemlərinin
respublikanın bütün ərazisi
üzrə tətbiqi üçün əməli
tədbirlər görülüb, bu sahədə Dünya
Bankı ilə yeni razılaşma imzalanaraq icrasına başlanılıb.
Azərbaycan
ədliyyəsinin davamlı inkişafı üzrə
görülən bu və mətbuatda
mütəmadi işıqlandırılan digər məqsədyönlü
tədbirlər, əldə olunan nailiyyətlər
möhtərəm Prezidentimiz İlham Əliyevin güclü
siyasi iradəsi ilə ölkəmizdə
həyata keçirilən genişmiqyaslı islahatların
mühüm tərkib hissəsi olmaqla dövlətimizin
başçısının ədliyyə və məhkəmə
fəaliyyətinə göstərdiyi yüksək diqqət və
qayğının real təzahürüdür.
Peşə
bayramı ilə əlaqədar nazirliyin rəhbərliyi
və kollegiya üzvləri Fəxri
xiyabanı ziyarət edərək müasir
müstəqil Azərbaycan dövlətinin banisi,
dahi öndər Heydər Əliyevə əbədi
ehtiramlarını bildirir, Şəhidlər
xiyabanında Vətənimizin azadlığı uğrunda şəhid olmuş
qəhrəman övladlarımızın əziz xatirəsini
yad edirlər.
Həmçinin
ədliyyə orqanları və məhkəmələrdə
Azərbaycan ədliyyəsinin tarixi inkişaf yoluna,
xalqımızın Vətən müharibəsində zəfər
yürüşünə nəzər salınaraq ədliyyə
işçiləri və hakimlər tərəfindən mətbuatda
çıxışlar edilib, nazirlikdə
və struktur qurumlarda
bu əlamətdar və tarixi
hadisələrə həsr olunmuş
filmlər, foto və video-slaydlar
nümayiş etdirilib,
hərbçilərimizə sovqatlar tədarük
olunub, yaralılara baş
çəkilib, könüllü qanvermə
aksiyası keçirilib.
Eyni zamanda, Azərbaycan ədliyyəsinin tarixinə
dair nəfis şəkildə tərtib olunmuş kitab çap edilib. Kitabda ölkəmizdə
ədliyyənin təşəkkülü, müasir
hüquq sistemimizin banisi, ümummilli lider Heydər Əliyev tərəfindən ədliyyə
sisteminin və məhkəmə hakimiyyətinin
formalaşmasına göstərilən xüsusi
diqqət və qayğı, Azərbaycan Prezidenti
İlham Əliyevin bu
sahədə fəaliyyətin müasirləşdirilməsi və
inkişafı barədə ətraflı məlumatlar əks olunub.
Fürsətdən istifadə edərək,
dövlət bayramları ilə zəngin olan bu ayda qeyd
etdiyimiz Şuşanın azad olunması günü və
tarixi qələbəmiz, habelə peşə
bayramımız münasibətilə bütün ədliyyə
işçilərini ürəkdən təbrik edir, onlara
qanunun aliliyinin və insan hüquqlarının təmin
olunması kimi gərəkli fəaliyyətlərində
yeni-yeni nailiyyətlər arzulayıram.
Peşə bayramlarını qələbə sevinci ilə qeyd edən və bu zəfər günlərini bizlərə yaşatdığına görə Azərbaycan Prezidentinə dərin minnətdarlıq hissi keçirən ədliyyə işçiləri Vətənimizin çiçəklənməsi və hərtərəfli tərəqqisi naminə dövlət başçısının ətrafında sıx birləşərək demokratik hüquqi dövlət quruculuğu, azad olmuş torpaqlarımızın bərpası ilə bağlı üzərlərinə düşən vəzifələri şərəflə yerinə yetirmək əzmindədirlər.
Qoy Vətənimizdə
daim sülh,
firavanlıq və təhlükəsizlik hökm
sürsün! Eşq olsun Ali Baş
Komandana! Qarabağ Azərbaycandır!
Xalq qəzeti
2020.- 21 noyabr.- S.7;8.