Xoş məram və
konstruktiv yanaşma olduqda bütün çətin məsələlər
həll edilir
Regionda yeni, çox ümidverici şərait yaranıb. Əminəm
ki, müsbət meyillər daha da artacaq. Hər
halda, Azərbaycan buna hazırdır və biz bu gün regionun
inkişafı barədə düşündüklərimizi ətraflı
müzakirə edəcəyik. Əlbəttə,
üçtərəfli bəyanat bizim regionda möhkəm və
uzunmüddətli sülhün bərqərar olması
işində mühüm addımdır.
İlham
ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Beynəlxalq hüquqa əsasən, Dağlıq
Qarabağ və ətraf rayonlar Azərbaycan
Respublikasının ayrılmaz tərkib hissəsidir.
Vladimir
PUTİN
Rusiya Federasiyasının
Prezidenti
Bu sətirləri qələmə alarkən Azərbaycan
xalqının böyük şairi Səməd Vurğunun son
60-70 ildə min dəfələrlə təkrar edilmiş
“Qalib gələcəkmi, cahanda kamal?” – sualı
yadıma düşdü. Sən demə, cahanda
kamalın qalib gəldiyi məqamlar gec olsa da, baş
tuturmuş. Bu dəfə kamal, xitabı
normal düşüncə məhz bizim bölgəmizdə
reallaşdı. Azərbaycan dövlətinin,
qətiyyətli Prezidentimizin, peşəkar ordumuzun və rəşadətli
hərbçilərimizin ortaya qoyduğu nəticələrə
yüksək qiymət verildi, bölgəyə sülh, əmin-amanlıq,
tərəqqi gətirilməsi üçün
atdığımız addımların
düzgünlüyü güclü qonşularımız tərəfindən
də təqdir edildi.
Zaman çox sürətlə ötdüyü kimi,
dünyadakı ictimai-siyasi proseslər də durmadan, eyni tempdə
bir-birini əvəz edir. Bizim region bu mənada daha çox diqqətçəkən
ünvana çevrilməkdədir. Cəmi
iki həftə əvvələ qədər Dağlıq
Qarabağa humanitar məqsədli yüklər gətirən
nəqliyyat vasitələri də daxil olmaqla, istənilən
texnikanın göndərilməsinə etiraz edirdik. Çünki həmin ərazilərimizi
işğal etmiş Ermənistan dövləti son otuz ildə
bizim ondan çox şəhərimizi, yüzlərlə
yaşayış məntəqəmizi yer üzündən
tamamilə silib. Həmin Ermənistan bizə
qarşı Xocalı soyqırımını törədib,
Tərtəri darmadağın edib, Gəncəni raket
“yağış”ına tutub. Çünki ermənilər dünya hərb tarixinin
heç bir səhifəsində analoqu olmayan vəhşiliklə
türk xalqlarının maddi-mənəvi abidələrinə,
dini inanc yerlərinə divan tutublar. Onlara göndərilən
humanitar yardım çoxsaylı başlar kəsmiş cəllada
yeni balta hədiyyə etməyə tay
tutulmalıydı.
...Bu
gün isə həmin ərazilərə torpağın həqiqi
sakinləri qayıdırlar. İndi Rusiya
Federasiyasının Fövqəladə Hallar Nazirliyi Şuşa və Xankəndi şəhərlərinə
humanitar yardım göndərəndə həmin avtomobil
karvanı Azərbaycan Respublikasının Fövqəladə
Hallar Nazirliyi tərəfindən qarşılanır və
yolboyu müşayiəti təşkil olunur. Kütləvi
informasiya vasitələri yazırlar ki, noyabrın 22-də
Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi tərəfindən
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə
göndərilmiş 27 yük avtomobilindən ibarət humanitar
yardım karvanı “Samur” sərhəd-keçid məntəqəsində
ölkəmizin ərazisinə daxil olmuşdur. Tikinti
materiallarından ibarət humanitar yardımın
yarısının Şuşa şəhərinə,
digər yarısının isə Xankəndi şəhərinə
çatdırılması nəzərdə tutulur.
Xatırladaq
ki, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin ədalətli sonluqla başa
çatmasının əsas səbəbi Azərbaycan
Prezidentinin qətiyyəti olsa da, bu döyüşlərin
dayandırılmasını təmin edən birgə bəyanatın
müəlliflərindən biri məhz Rusiya
Federasiyasının Prezidenti Vladimir Putindir. Həmin
həqiqəti cənab Putin “Rossiya-1” telekanalında
yayımlanan “Moskva. Kreml. Putin”
proqramı üçün verdiyi müsahibəsində bu
şəkildə ifadə edib: “Mətnin özünə gəlincə,
bunu üçümüz hazırladıq – təbii ki, mən,
İlham Əliyev və Nikol Paşinyan”. Rusiya Prezidenti əlavə
edib ki, əslində, bunlar iki tərəf – Azərbaycan və
Ermənistan arasında imzalanan müqavilə idi və Rusiya
yalnız vasitəçi rolunu yerinə yetirdi və bu sənəddə
tərəflərin dinc şəkildə
ayırmasını həyata keçirmək öhdəliklərini
öz üzərinə götürdü: “Və bunu biz
hazırda edirik. Bu səbəbdən bəyanatın
müəllifləri, şübhəsiz ki, üç tərəfdir”.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham
Əliyevin Rusiya Federasiyasının xarici işlər naziri
Sergey Lavrovu qəbul edərkən də bu məsələlərə
kifayət qədər aydınlıq gətirilmişdir. Elə söhbətin əvvəlindəcə
bizim münasibətlərimizin gündəliyi yetərincə
genişdir, bütün sahələri əhatə edir – deyən
dövlət başçımız dərhal əlavə
etdi: “Lakin bu gün, təbii ki, biz, ilk növbədə,
Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın
baş naziri tərəfindən imzalanmış üçtərəfli
Bəyanatın implementasiyası ilə bağlı məsələlər,
həmçinin regionda təhlükəsizlik tədbirlərinin
möhkəmləndirilməsi məsələləri barədə
danışacağıq”.
Dövlət
başçımız xüsusilə vurğuladı ki, Rusiya
Federasiyasının Prezidenti Vladimir Putinin şəxsi rolunu
xüsusi qeyd etmək istərdim: “O, razılaşmanın mətninin
hazırlanmasında çox fəal, səmərəli
iştirak edib və bu razılaşmanın uğurla
reallaşması faktı çox cəhətdən məhz
bu mətnin altında Rusiya Federasiyası Prezidentinin də
imzasının olmasından asılıdır”.
Dövlət
başçımızın Rusiyanın baş diplomatıni
qəbul edərkən səsləndirdiyi bir məqam isə
sadə Azərbaycan vətəndaşlarını kifayət
qədər məmnun etdi: “Regionda təhlükəsizlik tədbirlərinin
möhkəmlənməsi işində Türkiyə Prezidenti
cənab Rəcəb Tayyib Ərdoğanın
oynadığı mühüm rolu da qeyd etmək istərdim. Düşünürəm ki, bütövlükdə
həm sülhməramlı missiya baxımından, həm də
regionda uzunmüddətli əməkdaşlıq
baxımından tərəfdaşlığın formatı
bu gün yeni xüsusiyyətlər kəsb edir. Mənim fikrimcə, bu, region ölkələrinin əsas
mənafelərinə uyğundur, çünki bizim region
ölkələri, təbii ki, təhlükəsizliyin
möhkəmlənməsi məsələlərində də
əsas rol oynamalıdırlar. Üçtərəfli
bəyanatda razılaşdırılmış məqamlar onu
göstərir ki, xoş məram və konstruktiv yanaşma
olduqda əvvəllər həlledilməz hesab olunan məsələləri
həll etmək olar”.
Xüsusilə vurğulanmalı daha bir məqam da diqqətimizi
çəkdi.
Belə ki, Azərbaycan Prezidentinin regionda yaranmış vəziyyəti
ümidverici adlandırmasından sonra Sergey Lavrov da sabaha
ümidlə baxdığını dilə gətirdi və
bunun üçün daha “genişmiqyaslı səbəblər”
olduğunu dedi: “Biz ümid edirik ki, Rusiya ilə birlikdə
uzun illər boyu siyasi prosesə rəhbərlik edən
ATƏT-in Minsk qrupunun həmsədrləri 9 noyabr tarixli
razılaşmalar nəzərə alınmaqla və
onların əsasında bu məsələlərin həllinə
qoşulacaqlar. Dəfələrlə Sizin də
vurğuladığınız, Prezident Putinin də dediyi kimi,
bu işlər həmişə ATƏT-in Minsk qrupunun fəaliyyətinin
əsasını təşkil edən prinsiplər məcrasında
gedir”.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın
müdafiə naziri Sergey Şoyqunun başçılıq
etdiyi nümayəndə heyətini qəbul edərkən də
qətiyyətli və ümidverici fikirlər səsləndirdi. “44 günlük hərbi əməliyyatlardan
sonra imzalanan sənəd çoxillik qarşıdurmaya
nöqtə qoyur, ” – deyə əminliklə
bildirən Prezident dost ölkə hərbçilərinin nəzərinə
çatdırdı ki, bizim şəhərlərimiz və kəndlərimiz
hər gün bombardmana məruz qalırdı. Nəticədə
aralarında uşaqların və qadınların da
olduğu 94 dinc Azərbaycan sakini həlak olub, 400-dən
çox adam yaralanıb, 3 mindən
çox ev yararsız vəziyyətə düşüb,
yaxud tamamilə məhv edilib. Hərbi əməliyyatlar
zonasının yaxınlığında yerləşən
şəhərlər praktiki olaraq hər gün atəşlərə,
minaatan və artilleriya atəşlərinə məruz
qalırdı, dinc əhalinin məhv edilməsi
üçün Gəncə, Mingəçevir, Bərdə
və digər şəhərlərə ballistik raketlərlə
məqsədyönlü şəkildə hücum edilirdi.
Azərbaycan–Rusiya
tərəfdaşlığının son günlərdə
daha qabarıq görünən istiqamətləri barədə
qələmə aldığımız sətirləri
qonşu ölkənin xarici işlər naziri Sergey Lavrovun
Bakıda keçirdiyi mətbuat konfransında səsləndirdiyi
fikirlərlə tamamlamaq yerinə düşərdi: “Azərbaycan
Prezidenti səmimiyyətlə buna tərəfdardır ki, nəqliyyat,
iqtisadi, infrastruktur kommunikasiyalarının
açılması ilə bağlı yaranan imkanlar və
layihələr mümkün qədər tezliklə
reallaşsın. Bu regionda həyati əhəmiyyətli
marşrutlar, o cümlədən Şimal- Cənub, Şərq-Qərb
marşrutları kəsişir. Yeri gəlmişkən,
həmin marşrutlarda Azərbaycanın və Ermənistanın
qonşuları olan Türkiyə və İran tərəfləri
də iştirak edirlər. Həqiqətən, burada təqribən,
30 il mövcud olmuş bütün məhdudiyyətlər
götürüləndə çox gözəl perspektivlər
yaranacaq. Bu gün biz bu barədə ətraflı
danışdıq. Bütün bu əlaqələrin
qurulması region iqtisadiyyatına yeni həyat verəcək.
Bu, hər hansı məhdudiyyətlərdən
azad olacaq insanların həyat şəraitinin tezliklə təmin
edilməsi məsələsinə uyğundur, həmçinin
konfessiyalararası, etnoslararası sülhün bərqərar
olması üçün ən mühüm maddi ilkin şərt
olacaq. Beləliklə, bu, həqiqətən,
ən yaxın perspektivdə bizim işimizin əsas istiqamətlərindən
biridir”.
Elə Azərbaycan Prezidenti İlham Əliyev də bu məsələni dəfələrlə qabardaraq söyləmişdir ki, bizim ölkəmizin ərazi bütövlüyünün bərpası və münaqişənin aradan qaldırılması regionun sürətli inkişafını təmin edəcəkdir. Biz bu məqsədə tam yaxınlaşırıq. Çünki Qarabağ Azərbaycandır!
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti 2020.- 24 noyabr.- S.3.